Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan şəhidlərini andı

Azərbaycan xalqı Vətən Müharibəsində həyatlarını ərazi bütövlüyümüz yolunda qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Bu münasibətlə bütün ölkə ərazisində hərəkət dayanıb, maşınlar siqnal, hərbi gəmilər fit verib. Allah şəhidlərimizə rəhmət eləsin!

 
12:00 Azərbaycan canlarını ərazi bütövlüyümüz uğrunda fəda etmiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edir. Anım Prezident, Ali Baş Komandan İlham Əliyevin Vətən Müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında sərəncamı çərçivəsində baş tutur. Qeyd edək ki, 44 günlük Vətən Müharibəsinin ölkəmizin tarixindəki misilsiz yerini bir daha təsbit edən bir sıra sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü, Qarabağın incisi Şuşanın düşmən tapdağından azad edildiyi gün – noyabrın 8-i isə Zəfər günü kimi qeyd olunacaq. Bundan başqa, Prezident İlham Əliyev Bakı şəhərində Vətən Müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılacaq. Xatırlatmaq yerinə düşər ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin, Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçiblər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad olunub. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edib. Dünən Müdafiə Nazirliyi Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb. 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir. Allah şəhidlərimizə rəhmət eləsin! Yaralılarımıza şəfa versin! Zəfər onların əsəridir!

2020-12-04 00:00:00
925 baxış

Digər xəbərlər

Tibb işçilərinin əməyinə verilən dəyər səhiyyənin gələcəyinə verilən dəyərdir

Səhiyyə sahəsində çalışan insanların əməyinin qiymətləndirilməsi hər zaman xüsusi əhəmiyyət daşıyır. Çünki həkimlər, tibb bacıları və digər səhiyyə əməkdaşları insanların sağlamlığı və həyatı ilə bağlı ən məsuliyyətli sahələrdən birində çalışırlar. Onların gündəlik fəaliyyəti yüksək peşəkarlıq, diqqət, səbr və böyük məsuliyyət tələb edir. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsünü xüsusi qeyd etmək lazımdır. 72 mindən çox tibb işçisini əhatə edən bu təşəbbüs səhiyyə sahəsində çalışan insanların əməyinə və sosial rifahına göstərilən diqqətin mühüm göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sisteminin müasirləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Tibb müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, müasir avadanlıqlarla təchiz olunması, yeni tibbi xidmət imkanlarının yaradılması və kadr potensialının gücləndirilməsi bu siyasətin mühüm tərkib hissəsidir. Səhiyyənin inkişafı yalnız bu günün deyil, həm də gələcəyin məsələsidir. Xüsusilə gələcəyimiz olan uşaqların sağlamlığının qorunması bu istiqamətdə xüsusi diqqət tələb edir. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsi məqsədilə TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzinin yaradılması da bu baxımdan əhəmiyyətli addımlardan olub. Tibb işçisinin fəaliyyətini yalnız iş saatları ilə ölçmək mümkün deyil. Həkimlər və digər səhiyyə əməkdaşları daim biliklərini yeniləyir, yeni müalicə üsullarını öyrənir, mürəkkəb vəziyyətlərdə düzgün qərarlar qəbul edir və hər gün insanların sağlamlığı üçün böyük məsuliyyət daşıyırlar. Bu əməyin arxasında illərlə davam edən təhsil, zəhmət, təcrübə və fədakarlıq dayanır. Məhz buna görə bu addımlar onların əməyinə verilən dəyərin, dövlət tərəfindən səhiyyə əməkdaşlarına göstərilən diqqət və qayğının ifadəsidir. Tibb işçisinin əməyinin layiqincə qiymətləndirilməsi onun sosial rifahına təsir etməklə yanaşı, peşəsinə olan motivasiyasını da gücləndirir. Biz Azərbaycan həkimlərinin yalnız ölkə daxilində deyil, dünya miqyasında da daim yüksək mövqelərdə olmasını, peşəkarlığı və nailiyyətləri ilə beynəlxalq səviyyədə tanınmasını arzulayırıq. Müasir tibb müəssisələri, yeni avadanlıqlar, inkişaf edən tibbi texnologiyalar və peşəkar kadrların hazırlanmasına göstərilən diqqət Azərbaycan səhiyyəsinin gələcəkdə daha böyük uğurlar qazanacağına inam yaradır. Səhiyyənin inkişafından danışarkən yalnız yeni xəstəxanalar, müasir avadanlıqlar və texnologiyalar haqqında danışmaq kifayət deyil. Bütün bu imkanlardan istifadə edən, xəstənin yanında olan, onun sağlamlığı və həyatı üçün məsuliyyət daşıyan tibb işçisinin də daim diqqətdə saxlanılması təqdirəlayiqdir. Bu baxımdan onların sosial rifahının yaxşılaşdırılması səhiyyə siyasətinin mühüm istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. “Sağlamlığın Qorunması” İctimai Birliyi olaraq tibb sahəsində həyata keçirilən yenilikləri hər zaman alqışlayır, bu sahədə çalışan ictimai birliklərə və səhiyyə əməkdaşlarına göstərdikləri dəstəyə görə təşəkkürümüzü bildiririk. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı bu təşəbbüsünə və səhiyyə əməkdaşlarına göstərilən diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk. Yazgül Abdiyeva “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Fatma xanım Səttarovanın anadan olmasının 95 illiyi tamam olması münasibəti ilə keçirilmiş tədbir

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açmışdır. O qeyd etmişdir ki , Fatma xanım Səttarovanın anadan olmasının 95 illiyi tamam olur. Fatma xanımı bütün Azərbaycan ictimaiyyəti, mən deyərdim Azərbaycan xalqı yaxşı tanıyır. O, həm İkinci Dünya müharibəsi veteranı, həm ziyalı, həm də fəal bir insan kimi ölkənin həyatında yaxından iştirak edir. Necə deyərlər, Fatma xanım həmişə sıradadır, həmişə ön cəbhədədir. Qısaca məlumat verim ki, Səttarova Fatma Hüseyn qızı 1922-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə könüllü surətdə cəbhəyə getmiş, müxtəlif cəbhələrdə, o cümlədən Moskva ətrafı döyüşlərdə və Leninqrad blokadasında iştirak etmişdir. Onun alman faşizminə qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar, şücayətlər barədə çox yazılıb, çox danışılıb. Elə bizim Təşkilatın qəzetinin son saylarından birində maraqlananlar bir daha bu barədə oxuya bilərlər.    Fatma Səttarova Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat və Moskvada Plexanov adına Universitetin Ticarətin idarəedilməsi fakültələrini bitirmişdir. O, yüksək təhsili, geniş dünyagörüşü ilə də farqlənən bir insandır. Uzun illər dövlət idarələrində müxtəlif vəzifələrdə çalışdığı dövrlərdə o, əməli fəaliyyəti ilə bunu dəfələrlə sübuta yetirmişdir. Fatma Səttarova bu gün də ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir. O, müharibə və əmək veteranı kimi Respublika Veteranlar  Təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak etməklə, gənclərin Vətənə, dövlətə sədaqət, hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında təcrübəsini və biliyini əsirgəmir. Azərbaycanı MDB ölkələrində, o cümlədən Rusiya Federasiyası, Belarus, Ukraynada İkinci Dünya müharibəsi ilə bağlı keçirilən tədbirlərdə layiqincə təmsil etmişdir. Səttarova Fatma Hüseyn qızının həyatı bu gün gənc nəslin tərbiyəsində, Azərbaycanın ən layiqli insanları kimi yetişmələrində dəyərli nümunələrdən biridir. Biz ona bundan sonra da səmərəli fəaliyyət, cansağlığı və nəvə-nəticələri ilə birlikdə sevinc dolu neçə-neçə illər arzulayırıq.    Tədbirdə çıxış edən Respublika Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Fərzəliyev Abdin, Millət vəkili Adil Əliyev, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri, Nərimanov Rayon Veteranlar Təşkilatının sədri Alı Hüseynov və digərləri yubliyarı təbrik edib ona öz xoş arzularını çatdırdılar.  Fatma xanım Səttarovanın keçdiyi həyat yolu hər bir Azərbaycan gəncinə nümunə olduğu vurğulandı. Onun həyat və təcrübəsinindən daim istifadə edilməsinin vacibliyi bildirildi.   Yubliyar Fatma Səttarova çıxışında başda Prezident İlham Əliyev olmaqla ölkə rəhbərliyinə və tədbirdə iştirak edən hər kəsə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq etdi. Hər zaman Azərbaycan xalqını layiqincə təmsil etdiyini və bundan qürur duyduğunu ifadə etdi. Sonda Yubliyara Respublika Veteranlar Təşkilatının təsis etdiyi “Veteran Həmrəyliyi”  medalı Təşkilatın rəyasət heyətinin qərarı ilə yubliyara təqdim edildi. Həmçinin Respublika Veteranlar Təşkilatı tərəfindən yubliyara maddi yardım edildi, xatirə şəkli çəkdirildi.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Sabirabadda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva, rayon Veteranlar Təşkilatının sədri Faiq Hüseynov Sabirabad rayonunda İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Sabirabad rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Ceyran Xəlilova ilk öncə qonaqları salamlayıb ,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Ərzaq məhsullarından ibarət sovqatlar   Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Ibrahimov Əzim Əlisgəndər oğlu vəfat edib.  1926-cı ildə anadan olan Əzim İbrahimov İkinci Dünya müahribəsində Ukrayna və Polşanın faşist işğalından azad edilməsində yaxından iştirak edib, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə bir sıra orden və medallarla mükafatlandırılıb. Əzim İbrahimovun döyüş yolu Almaniyaya qədər davam edib. Müharibə, Əmək və Silahlı Qüvvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Əzim İbrahimovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu