Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ən son xəbərlər

“Məktəblərdə vahid geyim formasının tətbiqi mütərəqqi qərardır və dini etiqad azadlığı ilə  ziddiyyət təşkil etmir”
“Məktəblərdə vahid geyim formasının tətbiqi mütərəqqi qərardır və dini etiqad azadlığı ilə ziddiyyət təşkil etmir”

“Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” haqqında qərarları mütərəqqi qərarlardır və dini etiqad azadlığı ilə ziddiyyət təşkil etmir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Nazirlər Kabinetinin məlum qərarları tədris mühitini yaxşılaşdırmaq, nizam-intizamı gücləndirmək, şagirdlərin məsuliyyət hissini artırmaq məqsədi daşıyır: “Şübhəsiz ki, Nazirlər Kabineti tərəfindən vahid geyim forması ilə bağlı qəbul edilən qərarlar təhsil müəssisələrində tədirisin keyfiyyətini yaxşılaşdırmaq məqsədinə xidmət edir. Vahid geyim forması tədris mühitinə öz müsbət təsirini göstərməklə yanaşı, məktəbərdə nizam-intizamın möhkəmlənməsinə, şagirdlərin məsuliyyət hissinin artırılmasına kömək edəcək. Bu baxımdan, təhsil müəssisələrində vahid geyim formasının tətbiqi ilə bağlı qərarı dini etiqad azadlığının, yaxud hansısa konstitusyon hüququn məhdudlaşdırılması kimi şərh etmək yanlışdır. Azərbaycan xalqı özünün bütün milli-mənəvi dəyərləri kimi dini dəyərlərinə də sahib çıxır və bu dəyərləri qoruyur. Azərbaycan dövləti xalqın bu dəyərlərinin ən ali təminatçısı qismində çıxış edir. Bunu dövlətimiz təərfindən qəbul edilən qanunlar, ölkəmizdə həyata keçiriən dini maarifləndirmənin miqyası, habelə, bütün təhsil müəssisələri kimi dini təhsil ocaqlarına göstərilən diqqət və qayğı da sübut edir. Ölkəmizdə həm kollec, həm də universitet səviyyəsində dini biliklər tədris edən müəssisələr, çoxsaylı dini ibadət yerləri var ki, bütün bunlar dövlətimizin dinimizə olan qayğı və ehtiramının göstəricisidir. Odur ki, vətəndaşlarımız dövlətimizin qəbul etdiyi qərarlara hörmət etməli, onun icrasına həssaslıqla yanaşmalıdır”. Polkovnik bəzi qüvvələrin baş verənlərdən bədxah məqsədlərlə istifadəyə can atdığını da vurğulayb, xalqı milli birlik və həmrəyliyə sadiq qalmağa səsləyib: “Təəssüf hissi ilə qeyd edək ki, mövcud situasiydan istifadə edən bəzi qüvvələr vətəndaşları dövlətlə üz-üzə qoymağa cəhd edir, bununla da milli birliyimizi zəiflətməyə, ölkə daxilində sabitliyi pozmağa çalışırlar. Vətəndaşlarımız bu cür hallara qarşı son dərəcə diqqətli olmalı, hər hansı qanunazidd əmələ yol verməməlidir. Unutmaq olmaz ki, bu gün bir çox qüvvələr Azərbaycanın inkişafını əngəlləməkdə, ölkəmizdəki əmin-amanlığa son qoymaqda maraqlıdır. Ona görə də biz indiki həssas məqamda milli həmrəyliyi qorumalı, dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşməli, bütün anti-milli qüvvələrə qətiyyətli cavab verməliyik. Biz öz nümunəvi vətəndaş davranışımızla bütün dünyaya göstərməliyik ki, Azərbaycan xalqı öz dövlətinin, öz Prezidentinin yanındadır və onun qəbul etdiyi bütün qərarları alqışlayır, bu qərarların onun mənafeyinə, inkişaf və tərəqqisinə xidmət etdiyini dərk edir”. Seymur ƏLİYEV

Hamısını oxu
Hərbi Prokurorluğun rəhbərliyi qadın hərbi kursantlarla görüşüb
Hərbi Prokurorluğun rəhbərliyi qadın hərbi kursantlarla görüşüb

Hərbi Prokurorluğun rəhbərliyi Müdafiə Nazirliyinin Heydər Əliyev adına Hərbi İnstitutunda təhsil alan qadın hərbi kursantlarla görüşüb.  Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar, Silahlı Qüvvələrin formalaşması, Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə, o cümlədən hərbçilərə göstərilən diqqət və qayğı barədə geniş məlumat verilib. Həmçinin, hərbi intizamın qorunmasının, qanunçuluq prinsiplərinə riayət edilməsinin, hərbi qulluqçuların hüquq və vəzifələrini dərindən bilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, hərbi sahədə peşəkarlıq, məsuliyyət, vətənpərvərlik və yüksək mənəvi keyfiyyətlər gələcək zabitlərin formalaşmasında mühüm rol oynayır. Qadın kursantların hərbi təhsil alması Azərbaycan Ordusunda qadınların rolunun genişlənməsi və onların hərbi sahədə peşəkar inkişafı baxımından əhəmiyyətlidir. Bu istiqamətdə gənc kursantların bilik və bacarıqlarının artırılması, onların dövlətə və Vətənə sədaqət ruhunda yetişdirilməsi xüsusi önəm daşıyır. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, kursantları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. Belə görüşlər hərbi qulluqçuların hüquqi maarifləndirilməsinə, qanunçuluq və intizamın möhkəmləndirilməsinə, eləcə də gələcək zabitlərin peşəkar inkişafına mühüm töhfə verir.

Hamısını oxu
Tovuzda Vətən Müharibəsi şəhidi Eltac Əlizadənin atasının dəfn mərasimi keçirilib
Tovuzda Vətən Müharibəsi şəhidi Eltac Əlizadənin atasının dəfn mərasimi keçirilib

Tovuz rayonunun Çatax kəndində 44 günlük Vətən müharibəsi şəhidi Əlizadə Eltac İsmayıl oğlunun atası Abdıyev İsmayılın dəfn mərasimi keçirilib. Dəfn mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib, onlara səbir diləyiblər. Qeyd edək ki, Əlizadə Eltac İsmayıl oğlu 1996-cı il oktyabrın 15-də Tovuz rayonunun Çatax kəndində anadan olub. X. Cəfərov adına Çatax kənd tam orta məktəbində və Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. Eltac Əlizadə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində könüllü olaraq iştirak edib, Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. O, 2020-ci il oktyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu Çatax kəndində dəfn edilib. Şəhid Eltac Əlizadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları, həmçinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Allah rəhmət eləsin.    

Hamısını oxu
İlham Əliyevin Xəzərlə bağlı səsləndirdiyi faktlar bütün dünya üçün həyəcan təbilidir -TƏHLİL!
İlham Əliyevin Xəzərlə bağlı səsləndirdiyi faktlar bütün dünya üçün həyəcan təbilidir -TƏHLİL!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasındakı çıxışı böyük marağa səbəb olub. Son illər Xəzərin sürətlə dayazlaşdığına diqqət çəkən dövlət başçısı, problemin davam edəcəyi təqdirdə, fəlakətli nəticələrin ortaya çıxacağını bildirib.  Xəzərin dayazlaşma miqyasını iştirakçıların diqqətinə çatdırmaq üçün konkret rəqəmlər səsləndirən dövlət başçısı qeyd edib ki, dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadrat kilometrdən çox azalıb. Prezident vurğulayıb ki, “Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi səbəbindən təkcə Xəzərin Azərbaycan hissəsində təxminən 30 min hektar torpaq sahəsi əmələ gəlib”. Azərbaycan Prezidentinin səsləndiriyi hər iki fakt Xəzər dənizinin sürətlə dayazlaşdığını, bu prosesin günümüzdə də eyni templə davam etdiyini göstərir. Bu isə Xəzərlə bağlı mövcud ekoloji problemin sürətlə böyüdüyü deməkdir. Hansı ki, böyüyən problemin fəsadlarının da böyük olacağı birmənalıdır. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən daha bir nüans Xəzərdə yaşanan ekoloji böhranın digər sahələrə - insanların gündəlik yaşamına, ticarət və nəqliyyata, iqtisadiyyatın bir çox sahəsinə bilavasitə təsir göstərməsi gerçəyidir. Dövlət başçısı vurğulayıb ki, ekosistemin dəyişməsi bir sıra problemlər, xüsusilə də iqtisadiyyat və infrastruktur problmləri ilə yanaşı müşahidə edilir: “Dəniz səviyyəsinin azalması ölkələrimizin maraqlarına birbaşa təsir göstərir, sahil ərazilərində insanların həyatına, iqtisadiyyata və nəqliyyata təsir edir. Sahil xəttinin gerilədiyini, ekosistemin dəyişdiyini, limanlar və digər sahil infrastrukturu ilə bağlı problemlərin olduğunu görürük”. Prezidentin məlum fikirləri ekoloji problemlərin ekoloji problem olaraq qalmadığını, öz növbəsində yeni, zəncirvari problemlər doğurduğunu göstərir. Buna görə də ekoloji problemlərə “lokal”, ekoloji faktorlarla sərhədlənən problem kimi yanaşmaq yanlışdır və bu cür yanaşma məlum problemin nəticələrini yalnız və yalnız ağırlaşdırır. Bu baxımdan Prezident İlham Əliyevin Xəzərlə bağlı səsləndirdiyi faktlar yalnız Xəzərsahili dövlətlər üçün deyil,  bütün dünya üçün ciddi həyəcan təbili sayıla bilər. Çünki ekologiya sərhəd tanımır və Xəzərin quruması Azərbaycanı nə qədər narahat edirsə, hansı qitə və coğrafiyada yerləşməsindən asılı olmayaraq, hər bir dövləti eyni dərəcədə narahat etməlidir. Məhz belə yanaşı, eləcə də səmimi birlik, həmrəylik və əməkdaşlıq həyatımıza, yaşam və sağlamlığımıza birbaşa təsir göstərən ekoloji problemlərin etibarlı həllini təmin edə bilər. Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının bütün şəhər və rayon Təşkilatlarının sədrlərinə
Respublika Veteranlar Təşkilatının bütün şəhər və rayon Təşkilatlarının sədrlərinə

Hamısını oxu
“Bakıda itkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans qlobal əhəmiyyətə malikdir”
“Bakıda itkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans qlobal əhəmiyyətə malikdir”

Cəlil Xəlilov: “Məlum konfrans itkin problemi və bu problemin bəşəriyyət üçün əhəmiyyətini bir kəs daha gündəmə gətirdi” “Oktyabrın 7-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV beynəlxalq konfrans qlobal əhəmiyyətə malikdir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Pokovnik qeyd edib ki, konfransda itkin probleminin həlli istiqamətində Azərbaycan dövlətinin atdığı addımlara diqqət çəkilib, habelə, bu istiqamətdə görülməsi gərəkən işlər vurğulanıb: “İtkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans sözügedən problemin həlli istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin həyata keçirdiyi tədbirlərə, əldə etdiyi uğurlara diqqət çəkməklə yanaşı, mövcud problem və çətinlikləri də aktuallaşdırdı. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının  sədri hörmətli Əli Nağıyev  öz çıxışında itkin problemi ilə bağlı konfrans iştirakçılarına ətraflı məlumat verdi, konkret rəqəmlər, statistik məlumatlar əsasında problemlə bağlı mövcud mənzərəyə aydınlıq gətirdi. Dövlət Komissiyasının sədri vurğuladı ki, hazırda 4010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, 11566 donordan isə bioloji nümunə toplanılıb. Ümumilikdə şəxsiyyəti eyniləşdirilmiş 273 nəfərin qalıqları ailələrinə təhvil verilib və bu istiqamətdə səylər günümüzdə də davam etdirilir. Lakin itkin probleminin həlli ilə bağlı Azərbaycanın səylərinin daha ciddi nəticə verməsi üçün Ermənistanın da bu səyləri dəstəkləməsi, itkinlər və onların aqibəti haqqında dövlətimizə məlumat verməsi vacibdir. Ancaq təəssüflər olsun ki, hələ ki, bu istiqamətdə Ermənistan tərəfindən heç bir real, praktiki addım atılmayıb. Halbuki, 8 avqust 2025-ci ildə Vaşinqton şəhərində paraflanmış sülh sazişi layihəsində itkin şəxslər və məcburi yoxaçıxma halları üzrə Azərbaycala Ermənistan arasında əməkdaşlıq nəzərdə tutulub. Hesab edirəm ki, itkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans bütün dünyada adıçəkilən problemin həllinə öz müsbət təsirini göstərəcək, bu sahədə həmrəylik və əməkdaşlıq üçün yeni zəmin formalaşdıracaq”. Seymur ƏLİYEV

Hamısını oxu
Heydər Əliyev irsinin təbliği ən böyük ideoloji iş və əsl vətənpərvərlik tərbiyəsidir -TƏHLİL!
Heydər Əliyev irsinin təbliği ən böyük ideoloji iş və əsl vətənpərvərlik tərbiyəsidir -TƏHLİL!

Hərbi Prokurorluğun bu sahədəkı fəaliyyəti mənəvi dəyər və milli maraqlarımızın müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir 2 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edən Prezident İlham Əliyev ölkəmizdə müasir ideoloji işlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. İdeoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər mühüm əhəmiyyət kəsb etdiyini bildirən dövlət başçısı, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin də böyük əhəmiyyətə malik olduğunu bildirib: “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. Özü də yenə də deyirəm, təkbaşına”. (https://president.az/az/articles/view/73619 ). Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xarici təxribatlara qarşı effektiv mübarizə, Azərbaycan həqiqətlərinin bütün dünyada təbliği, milli-mənəvi dəyərlərimizin və milli maraqlarımızın müdafiəsi baxımından ideoloji işin yüksək səviyyədə təşkili, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi mühüm önəm kəsb edir. Azərbaycanın üzləşdiyi mövcud situasiya belə bir təbliğatın zəruriliyini daha da artırır, ona həyati əhəmiyyət qazandırır. Əminliklə demək olar ki, ən böyük ideoloji iş, vətənpərvərlk tərbiyəsi sahəsində ən effektiv fəaliyyət Ümummilli Lider Heydər Əliyev irsinin təbliği ilə bağlıdır. Çünki məhz Heydər Əliyev  irsində mill-mənəvi dəyərlərimiz, eləcə də, milli maraq və mənafeyimiz, tərəqi və təhlükəsizliyimiz dolğun şəkildə öz əksini tapıb. Azərbaycançılıq ideyası, vətənə sədaqət, milli tarixi və ana dilini göz bəbəyi kimi qorumq, milli həmrəyliyin təmini, Azərbaycan həqiqətlərinin dünyada təbliği, dövlətimizin tərəqqisi və təhlükəsizliyi üçün hər bir fədakarlığa hazır olmaq, ruhən və qəlbən vətənlə bütövləşmək, onun ağrısını və sevincini şəxsi ağrı və sevinc kimi hiss etmək Heydər Əliyev irsinin təməlini təşkil edir. Bu baxımdan Heydər Əliyev irsinin təbliği əslində ideoloji iş və vətənpərvərlik tərbiyəsinin ən ali səviyyədə təşkili deməkdir ki, Hərbi Prokurorluğun timsalında bu həqiqəti aydın şəkildə müşahidə etmək mümkündür. Qeyd edək ki, Hərbi Prokurorluq Azərbaycan Silahlı Qüvvələrində mütəmadi şəkildə tədbirlər həyata keçirir ki, bu tədbirlərdə Heydər Əliyev irsi, Ümummilli Liderin dövlətçilik siyasəti, milli-mənəvi dəyərlərə münasibəti, ordu quruculuğu haqqında hərbçilərə ətraflı məlumat verilir. Buna nümunə olaraq 4 may 2026-cı il tarixində Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin “N” saylı hərbi hissəsində “Ulu Öndər irsi – dövlətçilik və ordu quruculuğunun təməli” mövzusunda keçirilən tədbiri göstərmək olar. Hərbi prokuror Bəhruz Əhmədov və Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirak etdiyi tədbirdə Ulu Öndərin ordu quruculuğu sahəsindəki fəaliyyəti ilə yanaşı, onun milli-mənəvi dəyərlərə verdiyi önəm haqqında da hərbçilərə ətraflı məlumat verilib. Hərbi Prokurorluq hərbi hissələrlə yanaşı, hərbi təhsil müəssisələrində də Heydər Əliyev irsinin təbliği istiqmətində mütəmadi addımlar atmaqda, çoxsaylı tədbirlər həyata keçirməkdədir. Bu cür tədbirlərdən biri 9 may 2026-cı il tarixində Cəmşid Naxçıvanski adına hərbi liseydə gerçəkləşdirilib.  Ümummilli Lider Heydər Əliyev anadan olmasının 103-cü ildönümünə həsr olunan “Ulu Öndər irsi və milli hərbi təhsilin inkişaf yolu” adlı tədbirdə Hərbi prokuror Bəhruz Əhmədov və Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rəhbər vəzifəli şəxsləri Ulu Öndər irsinin önəmindən bəhs edib, bu irsə sadiqliyin dövlətimizin və xalqımızın tərəqqisi və təhlükəsizliyi baxımından böyük önəm kəsb etdiyini vurğulayıblar. Sevindiricidir ki, Hərbi Prokurorluğun Heydər Əliyev ideyalarının təbliği istiqamətindəki fəaliyyəti günümüzdə də uğurla davam etməkdə, bu fəaliyyət Prezident İlham Əliyevin çağırış və tələbləri ilə həmahəng şəkildə uzlaşmaqdadır. Qətiyyətlə demək olar ki, hərbçilərimizin Heydər Əliyev ideyaları ilə silahlanması onların mənəvi-psixoloji gücünü və ideoloji hazırlıq səviyyəsini daim yüksək səviyyədə saxlayacaq, əsgər və zabitlərimizin bundan sonra da vətənə sevgi və sadəqətlə xidmət etməsini təmin edəcək. Seymur ƏLİYEV  

Hamısını oxu
Şəhid Məqsəd Həsənovun anım günü qeyd olunub
Şəhid Məqsəd Həsənovun anım günü qeyd olunub

7 oktyabr 2026-cı il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında şəhid Həsənov Məqsəd Mahir oğlunun anım günün qeyd olunub. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri, Ağdam Veteranlar Təşkilatının üzvüləri, şəhid ailələri, qazilər, 1-ci və 2-ci Baharlı qəsəbələrindəki məktəblərin şagird-müəllim kollektivi, Ağdam məscidinin axundu və s. iştirak edib. Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi ugrunda canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən natiqlə şəhid Məqsəd Həsənovun döyüş yolundan danışıb, onun qəhrəmanlıqlarından bəhs ediblər. Tədbirin sonunda Ağdam məscidinin axundu tərəfindən şəhidlərin ruhuna ayələr oxunub, dualar səsləndirilib.

Hamısını oxu
Yeni dünya düzəni: hərbi güc ön plana çıxır
Yeni dünya düzəni: hərbi güc ön plana çıxır

Hamısını oxu
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib

Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə nitq söyləyib.  Prezident İlham Əliyevin nitqi  -Hörmətli qurultay iştirakçıları. Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Deyə bilərəm ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var. Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. VII qurultayımız da o vaxt üçün yeni mühitdə keçirilmişdir. Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Halbuki bu, asan başa gəlmədi. Bu illər ərzində çox ciddi müqavimətlə üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi. Ancaq bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır. Çünki birinci növbədə yeni bir presedent yaranmışdır və biz bu qələbələri böyük güclərin müqaviməti fonunda əldə etmişik. Sirr deyil ki, 1992-ci ildə yaradılmış Minsk qrupunun əsas məqsədi münaqişəni dondurmaq idi, Azərbaycanın ərazi bütövlüyünün bərpasına kömək göstərmək yox. İkinci Qarabağ müharibəsi başlanan gündən 44 gün ərzində bizə qarşı böyük təzyiqlər göstərilmiş, hədə-qorxular səsləndirilmişdir - həm açıq müstəvidə, eyni zamanda, bağlı qapılar arxasında. Ancaq heç kim bizi yolumuzdan döndərə bilmədi. Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb edirdi və Azərbaycan iqtidarı da bu şərəfli missiyanı yerinə yetirdi. Azərbaycan ciddi bir geosiyasi dəyişikliklərə yol açdı. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyənlər artıq “Qarabağ Azərbaycandır!” deyirlər. Bunu məcburən deyirlər. Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması, sadəcə olaraq, xoş niyyətin təzahürü deyil və belə sayıla bilməz. Bütün günahları Ermənistanın əvvəlki rəhbərliyinin üzərinə yıxmaq da olmaz. Halbuki Ermənistanın əvvəlki rəhbərləri - onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər. Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi, Azərbaycan xalqını təhqir etməyə çalışırdı, yersiz və mədəniyyətsiz açıqlamalarla Azərbaycan xalqının heysiyyətinə toxunurdu. Yəni bütün bunları biz heç vaxt unutmamalıyıq. Bu gün bəzi xarici dairələr Ermənistanın indiki rəhbərliyindən sülh göyərçini düzəltmək istəyəndə biz hər dəfə bax, bu tarixi onlara xatırladırıq. 2018–2020-ci illərin tarixini xatırladırıq ki, tarix təhrif edilməsin və yalan tezislər real tarixi pozmasın. Bizim şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi. Biz bir gün belə ara vermədik, bu şərəfli missiyamızın həyata keçirilməsində biz bir gün də istirahət etmədik. Nəticə etibarilə İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövr ərzində biz bir neçə cəbhədə fəaliyyət göstərmişik. Həm siyasi müstəvidə ki, bizə qarşı olan ermənipərəst ölkələr öz çirkin əməllərinə nail olmasınlar, beynəlxalq təşkilatlarda çox ciddi beynəlxalq maarifləndirmə kampaniyası aparmışdıq və torpaqda. Həm Qarabağ bölgəsində öz strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırdıq və bir neçə uğurlu hərbi əməliyyat keçirilmişdir. Bu əməliyyatlar çox qısamüddətli idi, belə də olmalı idi, sadəcə olaraq, 20 Sentyabrı şərtləndirmək və az itkilərlə istədiyimizə nail olmaq üçün lazımi addımlar atılmışdır. O cümlədən Azərbaycan–Ermənistan şərti sərhədində gedən proseslər də faktiki olaraq Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam tanıması üçün əsas zəmin yaratdı. Bunun nəticəsində 2022-ci ilin oktyabrında Ermənistan rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıdı və beləliklə, özü bəlkə də bilməyərək etiraf etdi ki, o vaxt Qarabağda yerləşən erməni silahlı birləşmələri işğalçı qüvvələrdir. Ondan sonra o bölgəni tam nəzarətə götürmək, qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək və tərk-silah etmək üçün artıq hüquqi zəmin daha da möhkəmləndi. Halbuki bu, həmişə var idi. Bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyırdı. Ancaq biz hamımız onu da bilirik ki, sözdə bir şey deyilir, amma arxa qapılar arasında başqa şeylər edilir. Ona görə biz bu riyakarlıqla 30 il üz-üzə qalmışdıq, amma bu riyakarlığa Azərbaycan əsgərinin yumruğu son qoymuşdur. Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi. O vaxt cəmiyyətimizin cəsarətli insanları, mütərəqqi insanlar, Azərbaycan dövlətinin taleyini düşünən insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmişdilər. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açmışdır. Bu, bir ictimai sifariş idi. Çünki o vaxt Azərbaycan artıq idarəolunmaz vəziyyətə düşmüşdü. Müstəqillik bərpa ediləndən sonra, hətta ona qədər biz böyük itkilərlə üzləşmişdik. Həm torpaq itkisi, eyni zamanda, ölkəmizdə gedən xoşagəlməz proseslər faktiki olaraq Azərbaycanı uğursuz dövlətə çevirirdi. Bir-birini əvəzləyən dırnaqarası liderlər faktiki olaraq iflic vəziyyətdə idi, öz vəzifə borclarını yerinə yetirə bilmirdilər və beləliklə, torpaqlarımız hissə-hissə işğal edilməyə başlamışdır. İlk növbədə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycanın nəzarəti tam itirilmişdir. Ondan sonra Şuşa və Laçın rayonları 1992-ci ilin may ayında işğal altına düşmüşdür və ondan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmişdi. Yəni birbaşa onların cinayətidir. Hakimiyyətə gəlmək üçün, ovaxtkı hakimiyyəti devirmək üçün məhz bu təxribata əl atdılar, faktiki olaraq torpağı Ermənistana təhvil verdilər və ondan sonra bizim itkilərimiz daha da böyüdü. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı faktiki olaraq Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında böyük bir coğrafi əlaqə yaratmışdı. Beləliklə, Ermənistandan daha böyük həcmdə həm canlı qüvvə, həm silah-sursat, texnika gətirilirdi. Faktiki olaraq ölkəmizin Birinci Qarabağ müharibəsindəki məğlubiyyəti məhz o vaxt baş vermişdir. Əslində, Heydər Əliyevdən sonrakı dövrə nəzər saldıqda, - mən 1980-ci illəri nəzərdə tuturam, - hər kəs açıq-aydın görür ki, ondan sonrakı Azərbaycan rəhbərləri öz vəzifə borclarını dərk edə bilməmişdilər, zəiflik, qorxaqlıq, fərarilik göstərmişdilər. Təkcə onu demək kifayətdir ki, Heydər Əliyevdən sonra həm sovet dövründə, həm müstəqillik dövründə Azərbaycana rəhbərlik etmiş 4 rəhbərdən 3-ü Bakıdan qaçmışdır. Faktiki olaraq müharibə şəraitində olan, yaxud da ki, artıq erməni aqressiyasına düçar olan ölkəni, xalqı başlı-başına buraxıb Bakıdan qaçmışdılar - ikisi Moskvaya, biri Kələkiyə. Dördüncüsü isə, sadəcə olaraq, hələ Ermənistan–Azərbaycan münaqişəsi başlamadan sovet rəhbərliyi tərəfindən vəzifəsindən azad edilmişdir, yəqin ki, buna görə Bakıda qalmışdır. Bax bu, utancverici tarixdir. Məncə, biz bu tarixi heç vaxt silə bilmərik, bunu biz bilirik, gənc nəsil də bilməlidir. Kimlər Azərbaycanı idarə edib və xalqımız hansı fəlakətlərlə üzləşmişdi. Ona görə Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi. Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi. Çünki xalq çox yaxşı bilirdi ki, məhz Heydər Əliyev Politbürodan, sovet hakimiyyətindən uzaqlaşdırılandan sonra iki həftə keçməmiş - 1987-ci ilin noyabrında erməni millətçilər Qarabağı Ermənistana birləşdirmək üçün məsələ qaldırmışdılar. Bu təklif sovet rəhbərliyi və Bakı cəlladı Qorbaçov tərəfindən dəstəklənmişdir. Faktiki olaraq sovet rəhbərliyi o vaxt öz qərarını vermişdi. Azərbaycanda isə hakimiyyətdə oturan satqın rəhbərlər və bütövlükdə satqın rəhbərlik, sadəcə olaraq, onların əlində bir alət idi. Təsəvvür edin, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın. Heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın. Ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı və həmişə olduğu kimi müdriklik göstərmişdir, 1993-cü ilin oktyabr ayında Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ancaq o vaxta qədər artıq biz böyük itkilərlə üzləşmişdik - torpaq itkisi, iqtisadiyyat tamamilə çökmüşdür. Neftlə, qazla zəngin olan ölkədə qaz qıtlığı, elektrik enerjisi qıtlığı yaranmışdır. İnflyasiya 1000 faizdən çox idi, xəzinə boş idi. AXC–Müsavat cütlüyü Ermənistan torpaqlarımızı işğal edən zaman vətəndaş müharibəsini də başlamışdır, qardaş qanı tökmüşdür. Sonra da qorxaqcasına hərəsi bir yerə qaçaraq fərarilik etmişdilər. Bax, belə bir şəraitdə Azərbaycan xalqı öz taleyini öz liderinə əmanət etdi. Ondan sonrakı dövr də çox çətin idi və sınaqlarla dolu idi. Ancaq Heydər Əliyev kimi qətiyyətli, cəsarətli dahi şəxsiyyət bütün bunların qabağında dura bilmişdi və Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, Azərbaycanın parçalanmaqdan xilas edilməsində onun amili aparıcı rol oynamışdır. Həm separatçılıq, həm parçalanma təhlükələri, dövlət çevrilişinə iki cəhd, iqtisadi çətinliklər - bütün bunlar o vaxt reallıq idi. Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda. Bu bir humanitar fəlakət idi və biz təkbaşına qalmışdıq. Heç kim bizə kömək etmirdi, 1990-cı illərdə müharibədə də heç kim kömək etmirdi. Müharibədən sonra da heç kim kömək etmirdi. Biz bu çətinlikləri təkbaşına arxada qoyduq və bu gün ayaqda möhkəm dayanmışıq. Azərbaycan xalqının iradəsi, Ulu Öndərə olan inamı, onun siyasi xətti bax, bütün bu uğurlu addımlara səbəb oldu. Ona görə bizim qələbələrimizin başlanğıcı məhz Yeni Azərbaycan Partiyasının təsis qurultayı və ondan sonrakı dövr idi. Bəli, Azərbaycan 1993-2003-cü illər ərzində faktiki olaraq beynəlxalq təcriddən çıxdı. Çünki o vaxt işğala məruz qala-qala bizə qarşı sanksiyalar tətbiq edilirdi. Məhz AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti, o cümlədən xarici siyasəti nəticəsində. 907-ci maddəyə düzəliş o vaxt qəbul edilmişdi və bu günə qədər tam aradan qaldırılmayıb. Biz faktiki olaraq dünyada təcavüzkar kimi təqdim olunurduq. O səviyyəsiz AXC-Müsavat hakimiyyəti əlini ağdan-qaraya vurmadı ki, bunu dəyişdirsin. Yəni biz beynəlxalq təcriddən çıxmalı idik, öz mövqeyimizi bildirməli idik, haqlı olduğumuzu sübut etməli idik. Buna nə qədər vaxt lazım oldu. Nəhayət biz buna nail olduq. Beynəlxalq təşkilatlar bir-birindən sonra Azərbaycanın mövqeyini, yəni reallıqları əks etdirən qərar və qətnamələr qəbul etməyə başlamışdır - həm BMT-nin Baş Assambleyası, həm İslam Əməkdaşlıq Təşkilatı, həm ATƏT. Hətta bu gün bizə düşmənçilik edən Avropa Parlamenti - məcburən. Yəni bu, beynəlxalq təcriddən çıxış idi. İqtisadi vəziyyəti düzəltmək üçün xarici sərmayə lazım idi. Çünki xəzinə boş idi. Sərmayə olmadan heç bir ölkədə heç bir inkişaf mümkün deyil. Buna da nail oldu Ulu Öndər. O vaxt atəşkəs hələ təzə elan edilmişdi. Ondan bir neçə ay sonra "Əsrin kontraktı" imzalandı və böyük investisiya axını gəlməyə başladı. Bütün bu dövr ərzində, eyni zamanda, dövlətçiliyin əsasları qoyuldu. Azərbaycanın ümumi inkişaf strategiyası müəyyən olundu ki, bu gün də bu strategiya bizə yol göstərir. Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır. Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları. Yəni yığcam formada bunu təsvir etmək üçün dediyim amillər, məncə, kifayətdir. Bu siyasət 2003-cü ildən bu yana davam etdirilirdi, bu gün də davam etdirilir və bundan sonra da davam etdiriləcək. Bu barədə çox danışmaq istəməzdim, hər şey göz önündədir. Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir. Bir çox tanınmış ekspertlər və təhlilçilər Azərbaycanı artıq orta güc dövləti sırasına daxil edirlər. Bunun da bir çox parametrləri var. Biz iqtisadi müstəqilliyi tam təmin etmişik. Bu gün beynəlxalq aləmin çox dəyərli üzvüyük, öz taleyimiz öz əlimizdədir. Bu illər ərzində qarşımıza qoyduğumuz istənilən vəzifə həyata keçdi. İlk növbədə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası. 2003-cü ildə mən ilk dəfə Prezident seçiləndə onu bəyan etmişdim ki, bu, əsas vəzifə olacaq. Biz o şərəfli missiyaya nail olmaq üçün hər gün, hər saat addımlayırdıq və istədiyimizə nail olduq. Şanlı qələbələrimizdən sonra Ermənistanla sülhü də dünyanın ən mötəbər məkanında, Ağ Evdə möhürlədik. Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var. İlk növbədə, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır. Sual oluna bilər, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır. Bu nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib. Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib. Yəni onların şirin sözlərini, sağlığımıza qaldırılan badələri, Azərbaycan dilində sərbəst danışmalarını, hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır. Amma nəticədə nə oldu? Gördülər ki, biz bir az laxlayırıq, gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular. Yəni birinci dəfə deyil onların tarixində. Eynisini bir əsr ondan əvvəl başqa yerdə də törətmişdilər. Ona görə biz bunu heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq və hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq. Necə ki, bu gün belədir, sabah da belə olacaq. Ona görə bu, birinci amildir. İkinci amil dünyada gedən proseslər, müharibələrin çoxalması və geniş vüsət almasıdır. Bizim ətrafımızda məkanlar alovlanıb, qaynayır. Müharibələr bitmir, əksinə, yeni müharibə, münaqişə ocaqları yaranır - həm Şimalda, həm Cənubda, həm də Yaxın Şərqdə. Yəni perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq. Çünki beynəlxalq hüquq tamamilə sıradan çıxıb. Ona əhəmiyyət verənlərin sayı kəskin azalır. Ona görə biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur. Təbii ki, bizim başqa ehtiyaclarımız da var - ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpası, insanların sosial vəziyyətinin yaxşılaşdırılması. Biz bunu da edirik və müzakirə olunan büdcədə bütün bunlar nəzərdə tutulur. Ancaq əgər biz özümüzü qoruya bilməsək, onda bizim başqa hər hansı bir layihə tamamilə əhəmiyyətsiz olacaq. Təhlükəsizlik tədbirləri. Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır. Ona görə təhlükəsizlik tədbirləri daim gündəlikdə olmalıdır. Ölkə daxilində hər hansı risklər mövcud deyil - nə fiziki risklər, nə ideoloji risklər, nə hansısa başqa. Bütün risklər hüdudlarımızın kənarında formalaşır. Azərbaycan gücləndikcə, daha fəal və açıq müstəqil siyasət apardıqca, bizə tuşlanan hər bir oxa 10 ox geriyə buraxdıqca, bizə qarşı təzyiqlər daha da çoxalacaq. Bax, biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq. Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın. Bu gün Azərbaycan reallıqları belədir ki, biz bir çox ölkələr üçün örnək olmuşuq. Ona görə risklərlə bağlı, - həm fiziki, həm ideoloji risklərlə bağlı, - ciddi tədbirlər görülür və görüləcək. İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. Özü də yenə də deyirəm, təkbaşına. Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kimə qarşı müharibə aparmışıq. Ermənistanın arxasında onlar dayanmışdılar və bu gün də dayanırlar, hərə öz bildiyi formada. Ona görə biz həm Qələbəmizlə fəxr edirik, həm cəsarətimizlə fəxr edirik, iradəmizlə fəxr edirik, xalqımızla fəxr edirik, dövlətimizlə fəxr edirik. Ona görə bu da ideoloji təxribatlara qarşı ciddi bir maneədir. Əlbəttə ki, bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır. Xarici siyasəti biz elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər. Mən sizə tam məsuliyyətlə deyirəm, Ali Baş Komandan kimi, bütün bu məsələlərə rəhbərlik edən şəxs kimi. Bilirsiniz ki, 2003-cü ildən bu yana Azərbaycan nə qədər silahlanıb, həm yerli istehsalı yaradıb, həm xaricdən alıb. Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar. Biz də məcbur olub buna göz yummuşuq. Ona görə bu, çox ciddi bir məsələdir. İdeoloji işimiz, o cümlədən partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun. Bu gün Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki, bilmirəm hansı ölkədə buna bənzər quruculuq işləri var. Mən təkcə Qarabağı, Şərqi Zəngəzuru nəzərdə tutmuram, halbuki orada da misli görünməmiş inkişaf var, hər bir bölgədə. Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq istəyirlər, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın - bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində. Buna da fikir vermək lazımdır. Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ya da ki, Qərb ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb. Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd. Ona görə bu, fiziki təhlükəsizlik qədər önəmli sahədir və burada kim olmalıdır bu işin mərkəzində? Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının üzvləri. Dediyim kimi, bizim xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır. Nüfuzumuz artır. Biz bir çox yeni formatlara qoşuluruq. Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə, deyə bilərəm ki, bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın, bəlkə də var. Amma hər halda bu bir nadir təcrübədir. Təkcə son ayın hadisələrini xatırlatmaq kifayətdir ki, hər kəs görsün, bir-birinə, deməli, düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanda görüşürlər. O cümlədən Azərbaycanda müəyyən beynəlxalq risklərin azaldılması üçün görüşlər, tədbirlər keçirilir. Nə üçün Azərbaycan seçilir? Çünki birincisi, bizə inam var. Çünki bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır. İkincisi, indi bir çox ölkələr müxtəlif düşərgələrə üzv olublar, yaxud da ki, olmaq istəyirlər. Biz isə heç bir düşərgəyə qoşulmuruq və qoşulmayacağıq, bu bizə lazım deyil. Ərazisi və əhalisi o qədər də böyük olmayan ölkə üçün müstəqil bir amil kimi dünya miqyasında dayanmaq və hörmət qazanmaq, əlbəttə ki, asan deyil. Bunun bir çox səbəbləri var, bu barədə çox danışmaq istəməzdim. Sadəcə olaraq, bundan sonra da vəzifələr sırasında xarici siyasətimizin müdafiəyönümlü yox, həm aktiv, daha çox fəalyönümlü olması lazımdır. Əlbəttə ki, ölkəmizin beynəlxalq təşkilatlardakı rolu da danılmazdır. İndi bunu hər kəs yaxşı xatırlayır, BMT-dən sonra ikinci ən böyük təsisata biz 4 il rəhbərlik etmişik, özü də yekdil qərarla seçilmişik. Keçən ilin noyabr ayında artıq çox əlamətdar hadisə baş vermişdi. Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edildi. Biz Mərkəzi Asiyada yerləşmirik, biz Cənubi Qafqazda yerləşirik. Amma görün, Azərbaycan bu ölkələrə nə qədər yaxındır ki, nə qədər ciddi siyasi, iqtisadi, nəqliyyat, enerji və digər layihələr önəmlidir ki, bax, presedenti olmayan bu hadisə də baş verdi. Başqa bir misal gətirə bilərəm, 30 ildir ki, D-8 adlı bir təşkilat fəaliyyət göstərir. Orada 8 üzv var idi. Müsəlman aləminin əhali nöqteyi-nəzərindən ən böyük ölkələri orada birləşir. Bu 30 il ərzində ora bir dənə də olsun yeni üzv qəbul edilməmişdir. Tək Azərbaycan, necə deyərlər, bu şərəfli məsələyə nail oldu və biz artıq D-8-in üzvüyük. İslam Əməkdaşlıq Təşkilatı ilə bizim çox sıx əlaqələrimiz var. Gələn il Azərbaycanda Zirvə Görüşü keçirilməlidir. Bu Zirvə Görüşü sıradan Zirvə Görüşü olmayacaq, çünki bu gün əfsuslar ki, İslam ölkələri bir-biri ilə müharibə aparırlar. Bu bizi çox narahat edir, çox məyus edir, bu olmamalı idi heç vaxt. Hamı yaxşı bilir ki, biz İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstəririk və burada da birləşdirici rol oynayırıq. Buna həm bizim tariximiz və bu günümüz, siyasi addımlarımız və imkanlarımız şərait yaradır. Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var. Azərbaycanın 10 üzv ölkə ilə belə formatı var. Deyə bilərəm ki, son müddət ərzində iki tarixi hadisə baş vermişdir. Çin və Amerika ilə strateji tərəfdaşlıq münasibətləri qurduq. Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi imzalanmışdır, Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur. O da həqiqətdir, bu ölkələr arasında təbii ki, məsələlər müzakirə edilir və müəyyən rəqabət də var. Bu ölkələrin vahid anlaşma əsasında qaydaların müəyyən edilməsi bütün dünya üçün çox önəmli amil ola bilər. Bax, bu iki supergüclə Azərbaycan strateji tərəfdaşdır. Yəni bizim əhalimiz, ərazimiz o qədər də böyük deyil. Nədir bu? Bax, bizə olan inam, bizə olan münasibət, bizim sözümüzə olan inam. Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir. Nəyi deyiriksə, onun üstündə dururuq. Heç vaxt ikibaşlı oyun oynamamışıq. Heç vaxt hansısa ölkəyə qarşı ikiüzlülük, riyakarlıq göstərməmişik. Halbuki belə münasibətlərlə dəfələrlə üzləşmişdik, bu gün də üzləşirik. Amma biz heç vaxt onlar kimi ola bilmərik. Biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq. Bizim timsalımızda hər kəs görə bilər ki, bu mümkündür. Təkbaşına düşməni məğlubiyyətə uğratmaq, düşmənə öz şərtlərini diktə etmək, onu kapitulyasiya aktına imza atmağa məcbur etmək, baxmayaraq ki, sənə 30 il əzablar verib, ondan sonra lazımi vaxtda dayanmaq, sülhə nail olmaq ki, daha qan tökülməsin. Çünki bizə əbədi müharibə lazım deyil, bu bizim seçimimiz olmayıb. İkinci Qarabağ müharibəsində biz lazımi vaxtda dayandıq və 2023-cü ildə sentyabr ayında da lazımi vaxtda dayandıq. Halbuki müxtəlif variantlar var idi. Amma uzaqgörənlik, strateji düşüncə və xalqımızın əsas maraqlarının nəzərə alınması amilləri bax, bu siyasəti diktə edir. Siyasətdə emosiyalara yer yoxdur. Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı. Bir neçə kəlmə iqtisadi-sosial məsələlərlə bağlı demək istərdim. Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq. Biz bu siyasəti müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın. Amma təbii ki, bunun üçün iqtisadi inkişaf lazımdır. Düzdür, ümumi daxili məhsulun artımı o qədər də böyük rəqəmlərlə ölçülmür, amma bizim ümumi iqtisadi potensialımız kifayət qədər güclüdür. Azərbaycanda cəmi iki dəfə Beynəlxalq İnvestisiya Forumu keçirilib - bu il və keçən il sentyabr aylarında. Hər iki forumda imzalanmış investisiya kontraktlarının ümumi həcmi 20 milyard dollardan çoxdur. Yəni investisiya olmadan heç bir iqtisadiyyat inkişaf edə bilməz. Burada təkcə dövlət investisiyaları kifayət etməyəcək. Bizə xaricdən investisiyalar lazımdır - həm neft-qaz sektoruna, həm qeyri-neft-qaz sektoruna. Ona görə bu, faktiki olaraq, Azərbaycanın iqtisadiyyatına olan inamdır. Bax, sentyabrın sonunda keçirilmiş İkinci İnvestisiya Forumunda dünyanın aparıcı investisiya qurumları iştirak edib. Onların idarəçiliyində olan vəsait 30 trilyon dollardan çoxdur. Yəni təsəvvür etmək çətin deyil ki, hansı səviyyəli, - özü də bu şirkətlərin, bu investisiya fondlarının rəhbər şəxsləri gəlmişdilər, - insanlar Azərbaycanla əməkdaşlıq edirlər və bundan sonra da əməkdaşlıq etmək istəyirlər. Biz uzun illər xarici borcumuzu azalda-azalda gedirdik. Vaxtilə mən qarşıya məsələ qoymuşdum ki, ümumi daxili məhsulun 10 faizinə bərabər olsun. Bu gün xarici borcumuz ümumi daxili məhsulumuzun 5,6 faizini təşkil edir. Bu da dünya miqyasında ən aşağı göstəricilərdən biridir. Onu deyə bilərəm ki, inkişaf etmiş bütün ölkələrdə bu ya 100, ya 110, ya da 120 faizdir. Mən də investisiya forumunda çıxış edərkən bildirdim ki, biz istəsək 24 saat ərzində borcumuzu sıfırlaya bilərik. Bu nə deməkdir? O deməkdir ki, gələcək nəsillərə biz borc qoymayacağıq. İqtisadi inkişafımızın daha da sürətlə getməsi üçün biz investisiya layihələrini daha da fəal icra edəcəyik. Ona görə iqtisadi sabitlik və maliyyə sabitliyi bu gün bizim çox ciddi uğur amilimizdir. Baxmayaraq ki, böyük xərclər gedir, - hərbi məsələlərə, ordu quruculuğuna, sərhədlərin mühafizəsinə, Qarabağın bərpasına, - biz öz valyuta rezervlərimizi ildən-ilə artırırıq və artıq bizim valyuta ehtiyatlarımız 90 milyard dollara çatıb, xarici borcumuzdan təxminən 20 dəfə çoxdur. Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim. Yeni geosiyasi və iqtisadi reallıq ondan ibarətdir ki, bu gün bir çox ölkələr enerji resurslarını əvvəlki kimi əldə edə bilmirlər. Burada yenə də Azərbaycan nadir ölkələrdəndir ki, dünya miqyasında bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir – xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr. Bunların da istehsalı üçün əsas mənbə enerjidir. Bu gün xüsusilə neft məhsulları ilə bağlı yaşanan böhran əfsuslar olsun ki, yəqin daha da dərinləşəcək. Çünki bu böhranın iki mənbəyi var, biri bizim Şimalımızda, ikincisi isə Körfəz bölgələrində - Cənubda. Artıq ənənəvi təchizatçılar bəziləri daxili tələbatı ödəmək üçün məcburən ixracı dayandırırlar. Burada onu da deyə bilərəm ki, Azərbaycana bir çox ölkələrdən müraciətlər daxil olur, xahişlər gəlir ki, biz istehsal etdiyimiz neft məhsullarını o ölkələrə ixrac edək. Biz isə bütün işləri vaxtında görmüşük. Bizim bu gün potensialımız, - mən təkcə neft məhsullarını nəzərdə tuturam, - 30 milyon tondur. Bunun 7 milyon tonu Azərbaycanda neftayırma zavodunda emal olunur, 23 milyon tonu isə xaricdə. Bax, bunu biz vaxtında etdik. Bir zavodu sıfırdan qurduq, iki zavod aldıq. Bu gün 30 milyon ton neft məhsullarına sahib olan, - özü də tək yerdə yox, üç yerdə, - ölkələr də çox deyil. Ona görə nəzərə alsaq ki, bir daha deyirəm, əfsuslar olsun, bizim ətrafımızda gedən müharibələr dayanmır, - biz çox istərdik ki, dayansın, amma dayanmır, - ona görə bizim məhsullarımıza, qazımıza tələbat daha da artacaq. Bu “yaşıl gündəlik”lə bütün dünyanı bezdirən aktivistlər də artıq başa düşüblər ki, yəni neftsiz, qazsız, yanacaqsız heç bir iqtisadiyyat inkişaf edə bilməz. Siz yaxşı xatırlayırsınız ki, COP29 dövründə və onun ərəfəsində bizə qarşı nə qədər əsassız ittihamlar səsləndirilmişdir ki, neft ölkəsində iqlim konfransı keçirilməməlidir. Yaxşı, bəs Kanada bizdən 10 dəfə daha çox neft hasil edir. Orada keçirilə bilər, bizdə keçirilə bilməz?! Yəni yenə də qərəzli yanaşma idi. Amma onu demək istəyirəm ki, bu gün "yaşıl keçid"lə bağlı tezisi ortaya atanlar arasında da artıq ciddi müzakirələr gedir. Yaxşı, qoy almasınlar bizim qazımızı, neftimizi, neft məhsullarımızı. Onların iqtisadiyyatı necə inkişaf edəcək? Ona görə enerji resursları ilə zəngin olan Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik amilinə çevrilir. Çünki enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi deməkdir və bizim rolumuz daha da artacaq. Bax, investisiya forumları çərçivəsində imzalanmış kontraktların da bəziləri məhz qaz, neft hasilatının artırılmasına gətirib çıxaracaq. Bizim ən böyük neft yatağımız – “Azəri-Çıraq-Günəşli” artıq 30 ildən çoxdur ki, istismardadır və orada təbii düşmə prosesi gedir. Ona görə imzalanmış yeni kontraktlar, o cümlədən bizim xarici ölkələrdə əldə etdiyimiz neft mədənləri bizə təkcə hasilatı sabitləşdirmək üçün yox, artırmaq üçün də imkan verəcək. O cümlədən keçən ay imzalanmış qaz kontraktı da bizə, - təkcə bir kontrakt, - əlavə 5 milyard kubmetr qaz verəcək. Yəni bu, uzunmüddətli strategiyadır, ölkəmizin önəmi getdikcə daha da artacaq. Buraya əgər biz nəqliyyat sektorunu əlavə etsək, - bu barədə də çox danışmaq istəmirəm, - sadəcə olaraq deyə bilərəm ki, bu il Azərbaycan ərazisindən keçən gözlənilən tranzit yüklərin həcmi 16 milyon tona çatacaq. Yəni bu, böyük bir artımdır. Vaxtilə biz 3-4 milyon tonu arzulayırdıq. İnfrastruktur yaratdıq, təmaslar qurduq, o cümlədən lazımi inzibati tədbirləri gördük və bu dəhlizləri - Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik. Ancaq biz yarı yoldayıq. Mən qarşıya hədəf qoymuşam ki, Azərbaycan ərazisindən keçən tranzit yüklər orta müddətdə 30 milyon tona çatacaq. Gör nə qədər bizə əlavə vəsait gələcək, minlərlə iş yerləri yaradılacaq və ölkəmizin önəmi daha da artacaq. Təbii ki, əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Dünən mənə verilən son məlumata görə, Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Biz bu günə qədər bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayırmışıq. Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib, onların böyük hissəsi başa çatıb. Eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb və bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlə gedəcək. Vəzifələr, əlbəttə ki, mən bəhs etdiyimdən daha da çoxdur. Sadəcə olaraq vaxtınızı çox almaq istəmirəm. Mən bu gün əsas, yəni strateji əhəmiyyət daşıyan istiqamətləri dilə gətirdim, bu fikirləri sizinlə bölüşmək istədim. Əmin olduğumu bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının fəalları, bütün üzvləri bu tarixi vəzifələrin icrasında fəal iştirak edəcəklər. Partiyamıza yeni qələbələr arzulayıram. Sağ olun. https://president.az/az/articles/view/73619  

Hamısını oxu
“Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı gələcək inkişafımızın yol xəritəsidir”
“Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı gələcək inkişafımızın yol xəritəsidir”

“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı gələcək inkişafımızın yol xəritəsidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, qurultay iştiakçısı, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, qurultayda YAP-ın son bir ildəki fəaliyyəti yüksək qiymətləndirilib, eləcə də dövlət başçısı tərəfindən Azərbaycanın gələcək inkişaf istiqamətləri, bu sahədə görülən və görülməsi nəzərdə tutulan işlər haqqında qurultay iştirakçılarına ətraflı məlumat verilib: “Qurultay iştirakçısı olaraq ilk növbədə qeyd etməliyəm ki, YAP-ın VIII Qurultayı öz möhtəşəmliyi və məhsuldarlığı ilə yadda qaldı. Qurultayda YAP-ın ötən dövrlərdəki fəaliyyəti və əldə edilən uğurlara toxunuldu, partiyanın fəaliyyəti iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. Qurultaya damğa vuran əsas məqam isə heç şübhəsiz Prezident İlham Əliyevin çıxışı, səsləndirdiyi fikirlər oldu. Müstəqil Azərbaycanın tarixi inkişaf yoluna diqqət çəkən dövlət başçısı, Ümummilli Lider Heydər Əliyevin xidmətlərini yada saldı. Heydər Əliyevin tarixi xilaskarlıq missiyasına toxunan Müzəffər Ali Baş Komandan vurğuladı ki, əgər o zaman Ulu Öndər hakimiyyətdə olsaydı, Qarabağda separatizm meyillərinin qarşısını alar, problemin dərinləşməsinə imkan verməzdi. Hansı ki, Azərbaycan xalqı separatizm və işğal faktoru fonunda Heydər Əliyevin siyasi dühasına arxalandığı, onun səriştəsinə bələd olduğu üçün 1993-cü ildə onu yenidən hakimiyyətə dəvət etdi və Ümummilli Lider həmin il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da Azərbaycan xalqı öz dövlətçiliyini qorudu, vətəndaş müharibəsinin baş verməsinə, erməni işğalının genişlənməsinə imkan vermədi”. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, dövlət başçısı hərbi gücümüzün artırılması, vətənpərvərlik tərbiyəsinin gücləndirlməsi, ideoloji işin aparılması ilə bağlı da vacib çağırışlar səsləndirib: “Prezident İlham Əliyev Qurultaydakı çıxışında Azərbaycanın hərbi gücünün artırılmasının vacibliyinə də toxundu. Müzəffər Ali Baş Komandan vurğuladı ki, hərbi gücün artırılması hər bir dövlət, hər bir xalq üçün vacibdir. Çünki dövlətin təhlükəsizliyi, öz ərazi bütövlüyü və suverenliyini qoruması bu amildən bilavasitə asılıdır. Dövlət başçısı Azərbaycanın yaşadığı faciələrə də diqqət çəkdi və bildirdi ki, bu kimi halların bir daha baş verməməsi üçün hərbi gücün artırılması zəruridir. Beynəlxalq hüquq və beynəlxalq təşkilatların rolunun azaldığı müasir dünyamızda hərbi güc təhlükəsizlik bxımından ikiqat önəm kəsb edir. Prezident çıxışnda müasir ideoloji işlərin aparılmasının önəmini də qeyd etdi. Dövlət başçısı vurğuladı ki, bu işlər formal xarakter daşımamalı, real və praktiki olmalıdır. Müzəffər Ali Baş Komandan bunun üçün gərəkli zəminin mövcud olduğunu da söylədi. Dövlət başçısı qeyd etdi ki, “bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil”. Həqiqətən də istər 2020-ci ilin 44 günlük Vətən müharibəsi, istərsə də 2023-cü ilin lokal anti-terror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələri öz qəhrəmanlığı ilə bütün dünyanı heyrətə gətirdi və ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etməklə yanaşı, vətənpərvərlik tərbiyəsinin təbliği və ideoloji iş baxımından da böyük perspektiv formalaşdırdı. Bu gün bütün əlaqədar qurumlar – QHT-lərdən tutmuş təhsil ocaqlarına, nazirliklərdən tutmuş ən xıra müəssisələrə qədər hər bir qurum bu məsələni diqqət mərkəzində saxlamalı, ideoloji müstəvidə fəaliyyətini gücləndirməlidir. Məlumat üçün qeyd edək ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq hər zaman ideoloji işə xüsusi həssaslıqla yanaşmış, yeniyetmə və gənclər arasında akiv iş aparmışıq. Təşkilatımız tərəfindən cari ilin sonuna kimi bu istiqamətdə daha bir neçə tədbirin keçirilməsi nəzərdə tutulur ki, bütün bu tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından son dərəcə əhəmiyyətlidir. Mən başda cənab Prezident olmaqla YAP-ın VIII qurultayının bütün iştirakçılarını Qurultayın uğurlu təşkili münasibətilə təbrik edir, Müzəffər Ali Baş Komandanımıza, hakim partiyaya, dövlətimizə və xalqımıza uğurlar arzulayıram”. Seymur ƏLİYEV  

Hamısını oxu
AQEM Media Forumunun iştirakçılarına
AQEM Media Forumunun iştirakçılarına

Hörmətli Forum iştirakçıları! Sizi səmimi-qəlbdən salamlayır və AQEM Media Forumunun Bakı şəhərində işə başlaması münasibətilə təbrik edirəm. Azərbaycana xoş gəlmisiniz! Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli və unikal dialoq platformasıdır. Son iki il ərzində bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin olunması yolunda qətiyyət və ardıcıllıq nümayiş etdirərək AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməmişdir. AQEM-ə sədrliyimiz dövründə müxtəlif istiqamətlər üzrə Bakıda keçirilən yüksək səviyyəli görüşlər, beyin mərkəzləri, ekspertlər, biznes dairələri və gənclər arasında təşkil edilən tədbirlər təşkilat çərçivəsində qarşılıqlı əlaqələrin intensivləşməsinə töhfə verərək Azərbaycanın dialoq və çoxtərəfli əməkdaşlıq məkanı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etmişdir. Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərlə birgə həyata keçirdiyimiz fəaliyyətə diqqətin cəlb edilməsi baxımından xüsusi önəm kəsb edir. “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusuna həsr edilmiş bugünkü Forum informasiya və kommunikasiya sahəsinin etimad quruculuğunun vacib tərkib hissəsi olduğunu nümayiş etdirmək üçün əlverişli fürsətdir. Media artıq yalnız informasiya mübadiləsi vasitəsi kimi deyil, ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti kimi nəzərdən keçirilir. Azərbaycan AQEM çərçivəsində media və kommunikasiya sahəsinin inkişaf etdirilməsinə, üzv dövlətlər ilə media sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə və informasiya mübadiləsi mexanizmlərinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırır. Son illər ərzində müxtəlif media qurumları arasında formalaşmış tərəfdaşlıq əlaqələri, eləcə də AQEM üzv dövlətlərindən olan media nümayəndələrinin Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq media tədbirlərində iştirakı bu istiqamətdə praktiki əməkdaşlıq üçün şərait yaratmışdır. Hazırda dünya sürətlə dəyişən geosiyasi reallıqlar, artan təhlükəsizlik çağırışları, media sahəsində baş verən köklü transformasiyalar ilə səciyyələnən mürəkkəb bir dövr yaşayır. Fərqli maraqların və baxışların toqquşduğu rəqəmsal əsrdə yayılan istənilən məlumat cəmiyyətlərarası və dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir. Baş verən prosesləri işıqlandıran və cəmiyyətə çatdıran media ictimai rəyin formalaşmasına, qarşılıqlı etimad və anlaşmaya, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir. Dezinformasiyanın geniş yayılması, süni intellekt texnologiyalarından sui-istifadə etməklə saxta informasiya və materialların hazırlanması ictimai etimada birbaşa təsir göstərir. Xüsusilə sosial media və rəqəmsal platformaların informasiya məkanında rolunun sürətlə böyüdüyü bir zamanda medianın hesabatlılığı və üzərinə düşən məsuliyyəti daha da artır. Bütün bunlar media institutlarının peşəkarlığına və obyektivliyinə olan tələbləri daha da yüksəldir, ortaq informasiya məsuliyyətinin formalaşdırılmasını zəruri edir. Etibarlı məlumat yalnız peşəkar jurnalistikanın deyil, bütövlükdə informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir. Dövlət qurumları, media subyektləri, rəqəmsal platformalar, jurnalistlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Media savadlılığının artırılması və yeni texnologiyaların məsuliyyətli tətbiqi də etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir. Bu xüsusda AQEM Media Forumunun keçirilməsi media sahəsində əməkdaşlığın yeni məzmun və istiqamətlərlə zənginləşdirilməsi baxımından əlamətdar hadisədir. Əminəm ki, dost ölkələrin nüfuzlu media nümayəndələrinin iştirak etdiyi hazırkı Forum AQEM məkanında media sahəsində işbirliyinin inkişafına, birgə layihələrin reallaşmasına, dürüst, effektiv və çevik kommunikasiyanın həyata keçirilməsi ilə bağlı təcrübə mübadiləsinin aparılmasına töhfə verəcəkdir. Forumun işinə uğurlar və səmərəli müzakirələr arzulayıram. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 30 sentyabr 2026-cı il https://president.az/az/articles/view/73617  

Hamısını oxu