Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xankəndi, sülhməramlı və 3 VACİB MESAJ

Ermənistanın kapitulyasiyası ilə nəticələnən üçtərəfli razılaşmadan (10 noyabr) iki ay vaxt keçir. Razılaşmanın müəyyən müddəaları yerinə yetirilib (Ağdam, Kəlbəcər və Laçının təhvil verilməsi). Lakin ən vacib müddəalardan biri və ən çox müzakirəyə səbəb olan məsələ hələ də problem olaraq qalmaqdadır: erməni silahlı birləşmələrinin bölgədən çıxarılması.

Bu, razılaşmanın 4-cü müddəasında əks olunur və qeyd olunur ki, silahlı ermənilər sülhməramlıların bölgəyə yerləşdirilməsinə paralel olaraq çıxarılmalıdır.

Bu prosesin həyata keçirilməsindən məsuliyyəti sülhməramlılar daşıyır, hərçənd, iki ay müddət keçməsinə baxmayaraq, yerinə yetirilməyib və sülhməramlıların 10 noyabr bəyanatında təsbit olunmuş funksiyasından kənar fəaliyyəti müşahidə olunur. Söhbət erməni əhalisinin bölgəyə gətirilməsindən gedir.

Bunun fonunda Ermənistan rəsmiləri və Fransadan olan nümayəndə heyətinin Qarabağa qanunsuz səfər etməsi sülhməramlıların missiyasına uyğun işləmədiyinin növbəti sübutu oldu. Ermənistan xarici işlər nazirinin Xankəndinə səfəri isə sonuncu təxribatlardan biridir.

Bütün bunların fonunda cəmiyyətdə suallar yaranır:

- Ermənistanın XİN rəhbəri Xankəndinə necə gələ bilir?
- Sülhməramlılar onu, eləcə də Fransa nümayəndə heyəti və digərlərini bölgəyə necə buraxır?
- Sülhməramlılar razılaşmada nəzərdə tutulan funksiyadan kənar addımlar niyə atır?


Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bu suallara aydınlıq gətirdi və dəqiq mesajlar verdi.

Birinci mesaj: Xankəndi Azərbaycan torpağıdır və xarici vətəndaşlar ora yalnız rəsmi Bakının icazəsi ilə gedə bilər...

Prezident Ermənistanın xarici işlər nazirinin Xankəndinə qanunsuz səfəri haqda danışarkən bildirdi ki, Azərbaycandan xəbərsiz edilən bu səfərlərə son qoyulmalıdır: “Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq”.

Dövlət başçısı Ermənistana 44 gün davam edən və düşmənin darmadağın edildiyi “Dəmir Yumruq” əməliyyatını xatırlatdı. Qeyd etdi ki, “unutmasınlar, dəmir yumruq yerindədir”.

“Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla, - oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində”, - dövlət başçısı qeyd etdi.

Və burada hər şey açıq mətnlə ifadə olunur:

1. Qarabağda ermənilərin yaşaması üçün ayrılan bölgə – Xankəndi, Xocavənd və Xocalı Azərbaycan torpağıdır;
2. Bu bölgələrə səfər edən istənilən xarici vətəndaş – Ermənistan rəsmiləri, beynəlxalq təşkilatlar (Beynəlxalq Qırmızı Xaç Komitəsi istisna olmaqla), istənilən ölkənin nümayəndə heyəti Azərbaycandan icazə almalıdır;
3. Azərbaycan qanunsuz səfərlərə səssiz qalmayacaq: Fransa nümayəndə heyətinin qanunsuz səfərindən sonra bu ölkənin Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub və nota verilib;
3. Azərbaycan Ermənistanın istənilən təxribata qarşı dəmir yumruqla cavab verəcək;


İkinci mesaj: sülhməramlılara xatırlatma...

Prezident İlham Əliyev çıxışında sülhməramlıların fəaliyyətinə toxundu və bildirdi ki, sülhməramlı qüvvələrin Fransa nümayəndə heyətinin Qarabağa getməsinə icazə verməsi anlaşılmazdır.

Biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz”, - dövlət başçısı qeyd edib.

Dövlət başçısı vurğuladı ki, sülhməramlı qüvvələrin Qarabağda funksiyası var: “Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış Bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik”.

1. Sülhməqamlı qüvvələrin funksiyası 10 noyabr razılaşmasında təsbit olunub, lakin bu funksiya yerinə yetirilmir;
2. Rəsmi Bakı sülhməramlıların funksiyasından kənar fəaliyyətindən məlumatlıdır, lakin indiki hava şəraitində ermənilərin yaşaması üçün problemin olmaması üçün buna göz yumur;
3. Çünki Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşıdır və Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar. Sülhməramlıların funksiyasından kənar fəaliyyətinə Azərbaycanın göz yumması da bunun isbatıdır;


Prezidentin bu mesajlarında həm də iki məqam diqqət çəkir:

a) Qarabağdakı ermənilərə heç bir idarəçilik verilmir, onlar yalnız Azərbaycanın idarəçiliyi altında yaşaya bilərlər və bu halda onlara daha yaxşı şərait yaradılacaq;
b) Sülhməramlılar funksiyasını xatırlamalı və silahlı erməniləri bölgədən çıxarmalıdır;


Dövlət başçısının “Noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb” sözləri də məhz bu deməkdir: hər kəs, sülhməramlılar da, Ermənistanda bəyanata uyğun fəaliyyət göstərməlidir.

Üçüncü mesaj: Azərbaycanın öz ərazisinə anti-terror əməliyyat keçirmək hüququ...

Prezident İlham Əliyev çıxışında Xocavənddə təxribat törədən erməni silahlıları məsələsinə aydınlıq gətirdi: “...Biz bizim azad edilmiş ərazilərdə diversiya ilə məşğul olanları əsir götürdük. Məhv etmədik. Dedim ki, əsir götürün, daha müharibə başa çatıb, daha qan tökmək lazım deyil. Bu, yenə də bizim humanist mahiyyətimizi göstərir. Bu, bizim ərazimizdə yerləşib və oradan çıxmaq istəməyən bir qüvvədir və bizə qarşı təxribatlar törədib, hərbi təxribatlar. Bunun nəticəsində hərbçilərimiz həlak olub. Biz isə yenə humanistlik göstərmişik. Onları əsir götürmüşük. Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə ayın 10-da qurtarıb, Bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə burada heç kim bizi ittiham edə bilməz”.

1. Müharibə başa çatandan sonra Qarabağa gələn və ordumuz tərəfindən əsir götürülən erməni silahlı qruplaşmalarının üzvləri hərbi əsir yox, terrorçudur;
2. Bundan sonra bölgədə təxribata əl atan erməni silahlılara qarşı Xocavənddə olduğu kimi, anti-terror əməliyyatı keçiriləcək, bu Azərbaycanın beynəklxalq hüquqa əsasən haqqıdır;
3. Müharibə başa çatandan sonra erməni silahlı qruplaşmaları Qarabağa gələ və Azərbaycan hərbçilərinə qarşı təxribat hücumları edə bilirsə, deməli, sülhməramlılar öz vəzifələrini tam yerinə yetirə bilmir;


Prezident mesajlarını açıq mətnlə Ermənistana və bölgədə sülhü təmin etmək missiyasını daşıyan qüvvələrə çatdırdı:

Ermənistana: Azərbaycan kifayət qədər humanistlik göstərib, erməni tərəfi bunu qiymətləndirməlidir;
Sülməramlı qüvvələrə: 10 noyabr razılaşmasına uyğun fəaliyyət göstərmək və razılaşmada təsbit olunmuş erməni silahlı qruplaşmalarının bölgədən çıxarılması təcili sürətdə təmin edilməlidir;

Bütün bunlar 10 noyabrdan sonra Xankəndi məsələsi və sülhməramlılarla bağlı Azərbaycanın ən yüksək səviyyədə verdiyi konkret mesajlar hesab oluna bilər.

Asif Nərimanlı

2021-01-09 00:00:00
3094 baxış

Digər xəbərlər

Heç bir qüvvə zamanın sınaqlarından çıxmış Azərbaycan xalqının birliyini sarsıda bilməz

Bu gün Azərbaycan Respublikası demokratik dəyərlərə əsaslanan inkişaf yolu ilə gələcəyə doğru inamla addımlayır. Azərbaycanın dini və milli tolerantlıq sahəsində həyata keçirdiyi siyasət xalqımızın tarixi ənənələrinə əsaslanmaqla, digər dövlətlərə nümunə olacaq səviyyədədir. Sağlam cəmiyyətin, güclü dövlətin təməli kimi şəxsiyyət yönümlü siyasəti özünün başlıca hədəfi elan edən Azərbaycan dövləti hər bir vətəndaşına yüksək dəyər verir. Əlbəttə, müharibələrin, terror aktlarının, təlatüm və çaxnaşmaların tüğyan etdiyi müasir dövrdə insani dəyərlərə əsaslanan siyasətin ardıcıl şəkildə, dönmədən həyata keçirilməsi böyük qüvvə və ən başlıcası siyasi iradə tələb edir. Bu fikri iyulun 10-da Gəncədə törədilən iğtişaşlarla bağlı şərhində Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. C.Xəlilov bildirib ki, Azərbaycanın uğurları uzun illər boyu müxtəlif dini-siyasi ideologiyaların basqısı altında olan xalqlara ümid verir, onları elmə, təhsilə, mədəniyyətə, innovativ inkişafa, tərəqqiyə səsləyir. Bu gün Azərbaycanın dünyəviliyə, insani dəyərlərə, humanizmə əsaslanan siyasi kursu inamla davam etdirilir. Bütün bunlar başda ölkə rəhbərliyinin və hər bir azərbaycanlının yorulmaz əməyinin nəticəsidir. Ölkədə sabitliyin, əmin-amanlığın qorunub saxlanılmasında bu siyasətin əvəzsiz rolu var. Əlbəttə, bu sahədə ölkənin güc strukturlarının səmərəli fəaliyyəti də xüsusi qeyd edilməlidir. Milli təhlükəsizliyin əsas komponenti olan daxili təhlükəsizliyin etibarlı təmin edilməsində hüquq mühafizə orqanları, o cümlədən Azərbaycan polisi bütün lazımi tədbirləri görür. Vətənə, xalqa sədaqəti ilə fərqlənən Azərbaycan polisi Gəncədə baş verən iğtişaşların qarşısının alınmasında bunu bir daha göstərdi. Hamılıqla bir daha şahidi olduq ki, daxili sabitliyin və rifahın təmin edilməsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının xidməti əvəzsizdir. Vəzifə borcuna sadiq qalan polislərimiz konstitusion dövlət quruluşunun dəyişdirilməsinə yönəlmiş cəhdlərin qarşısını öz canları bahasına qətiyyətlə aldılar. “Təəssüf ki, ölkəmizin inkişafını istəməyən müəyyən qüvvələrin Azərbaycanda çirkin niyyətlərinin təmin olunmasına xidmət edən bu cəhdlərə bəzi daxili qüvvələr də cəlb olunublar. Ölkənin dünyəvi, demokratik konstitusion dövlət quruluşunu dəyişməyə, dövlət idarəçiliyi modelini sarsıtmağa yönəlmiş belə cəhdlərlə Azərbaycan müstəqilliyin bərpasının ilk illərində də qarşılaşmışdı. Ancaq xalqımızın iradəsi, mərdliyi, eləcə də, ulu öndər Heydər Əliyevin yürütdüyü düzgün, uzaqgörən və qətiyyətli siyasət sayəsində bu cəhdlərin hamısı uğursuzluqla nəticələndi. Həmin qüvvələri həmişə eyni tale gözləyir. Çünki Azərbaycan indi əvvəlki illərdə müqayisə olunmayacaq dərəcədə güclü və inkişaf etmiş dövlətdir və heç bir qüvvə ölkəmizi inkişaf yolundan döndərə bilməz”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin yüksək səviyyədə qeyd edilməsi, ordumuzun möhtəşəm hərbi paradı bizi istəməyən bəzi məkrli qüvvələrdə qısqanclıq və paxıllıq hissini artırıb. Bütün bunlar din pərdəsi arxasında gizlənən və dindən öz məqsədləri üçün istifadə edən simasız və mənfəət güdən qüvvələrin riyakar fəaliyyətindən başqa bir şey deyil. “Veteranlar xalqımızı cəmiyyətdə nifaq yaradacaq fəaliyyətlərə qarşı olmağa, dözümlülük nümayiş etdirməyə səsləyir, hər zaman olduğu kimi, bu hadisələrin səbəbkarlarının tezliklə layiq olduqları cəzaları alacaqlarına inanırlar. Azərbaycan Ordusu, polisi və digər güc strukturları sabitliyin təmin edilməsinin qarantıdır. Azərbaycanın dünyəvi və modern dövlət quruluşu radikalizmin, terrorizmin dövlət ideologiyasına çevrildiyi, din pərdəsi altında insanların azad yaşamaq haqlarının əlindən alındığı, feodalizm qaranlığının hökm sürdüyü, insan həyatının və hüquqlarının dəyər verilmədiyi ölkələrin vətəndaşları üçün işığın, inkişafın, azadlığın ünvanıdır. Heç bir qüvvə zamanın sınaqlarından çıxmış Azərbaycan xalqının birliyini sarsıda bilməz”, - deyə C.Xəlilov vurğulayıb.   Respublika Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Baş prokuror Kamran Əliyevə başsağlığı verib

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin anası Flora Əliyeva vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov anasının vəfatı səbəbilə bütün veteranlar adından Baş prokuror Kamran Əliyevə dərin hüzünlə başsağlığı verib, ona və mərhumun bütün doğmalarına səbr diləyib. Allah rəhmət eləsin!

Hamısını oxu
Millət vəkili Sumqayıt şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, millət vəkili Mehriban Vəliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt Şəhər Təşkilatını ziyarət edib, veteranlarla görüşüb. Bu barədə millət vəkili facebook hesabında paylaşım edib. Paylaşımda deyilir: “Bu gün Sumqayıt şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Sovet Şükürovu və təşkilatın bir qrup fəal üzvünü qərargahlarında ziyarət etdik. Görüş zamanı veteranlarımızla səmimi söhbət etdik, onların fəaliyyəti və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində gördükləri işlər barədə fikir mübadiləsi apardıq. Veteranlarımızın zəngin həyat yolu və təcrübəsinin gənclər üçün əsl örnək olduğu vurğulandı. Veteranlarımızı qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə təbrik etdik, onlara möhkəm cansağlığı və xoş arzular dilədik”.  Məlumat üçün qeyd edək ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri tanınmış hərbi-siyasi ekspert, peşəkar hərbçi polkovnik Cəlil Xəlilovdur.  Seymur ƏLİYEV

Hamısını oxu
Nəsimi rayonu 111 sayli tam orta məktəbdə Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 22 fevral 2024-cü il tarixində Nəsimi rayonunda tədbir təşkil ediblər. Tədbir  Nəsimi rayonunda yerləşən 111 saylı tam orta məktəbdə baş tutub. Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbirdə  Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva, əmək veteranı, Xocalı soyqırımının şahidi Taryel Eyvazov, məktəbin direktoru Jalə Hacıyeva, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açıb. O, qonaqları tədbir iştirakçılarına təqdim edib. Sonra Dövlət Himni səslənib. Xocalı qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlərin çıxışlarında Xocalı faciəsini, şəhidləri, vətənimizi tərənnüm edən mahnılar, şerlər dinlənilib. Tədbirdə çıxış edən ehtiyatda olan polkovnik Adil Haqverdiyev ilk öncəTəşkilatın sədri Fatma Xanım Səttarovanın və sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb: “Erməni cəlladları Aərbaycan xalqının uşaqlarına, qocalarına, qadınlarına  qarşı işgəncələr verərək qırğınlar törətmişlər. Onların  dinc soydaşlarımıza qarşı  törətdikləri qırğının layiqli  cavabını Azərbaycanın Müzəffər Ordusu  döyüş meydanında verdi.  Artıq Qarabağda quruculuq işləri gedir. Tezliklə Xocalıyada dönüş başlayacaq. Mənim siz şagirdlərə tövsiyəm odur ki, müəllimlərinizin verdiyi tapşırıqları yerinə yetirib ən yüksək  elm ocaqlarında oxuyub, Azərbaycanın daha da uğurla irəliləməsinə  kömək edəsiniz”. Daha sonra Taryel Eyvazov, Nəbi Hacıyev və Validə Vəliyeva çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.                                      

Hamısını oxu