Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ali Baş Komandanın Şuşada qaladığı Novruz tonqalı ordumuzun tarixi zəfərinin təntənəsidir”

Cəlil Xəlilov: “Bu tonqal xalqımızın sabaha olan inamını, mübarizə və qalibiyyətini əks etdirir”   Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşada, Cıdır düzündə Novruz bayramı münasibəti ilə yandırdığı tonqal, ölkəmizin mədəniyyət paytaxtından verdiyi yeni mesajlar Azərbaycan xalqı tərəfindən böyük sevinc və məmnunluq hissi ilə qarşılanıb.   Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu tarixi hadisə ilə bağlı maraqlı fikirlər səsləndirib:   “Cənab prezidentin Şuşa şəhərinə səfəri, bu səfər əsnasında səsləndirdiyi bəyanatlar Azərbaycan xalqının hər bir nümayəndəsində böyük fəxr və qürur hissi doğurmaqdadır. 28 ildən sonra Şuşada, Cıdır düzündə qalanan Novruz tonqalı xalqımıza sonsuz sevinc hissi bəxş etdi. Çünki biz uzun illərdir ki, məhz bu günü, bu anı gözləmişik. Uzun illərdir ki, Novruz bayramını Şuşada, Laçında, Kəlbəcərdə keçirmək bizim ən böyük arzumuz olub. Sevindiricidir ki, biz 28 ildən sonra bu böyük, tarixi günə şahidlik edirik. Bu baxımdan Ali Baş Komandanın Cıdır düzündə qaladığı tonqal sadəcə Novruz tonqalı deyil. Bu, həm də xalqımızın tarixi qələbə tonqalı, şanlı Azərbaycan ordusunun zəfər tonqalıdır. Bu tonqal Azərbaycan xalqının tarixi zəfərinin təntənəsidir. Bizim builki Novruz bayramını əvvəlki bayramlarımızdan fərqləndirən ən başlıca amil məhz budur.   Məlum olduğu kimi, istər ulu öndər Heydər Əliyev, istər prezident İlham Əliyev hər zaman erməni işğalında qalan topaqlarımızın azad ediləcəyinə dərin inamlarını ifadə edib, bunun üçün həm hərbi, həm diplomatik, həm də digər sahələrdə mühüm işlər həyata keçiriblər. Azərbaycan xalqı da işğal altındakı torpaqlarımızın azad ediləcəyinə inanıb, heç vaxt buna inamını itirməyib. Prezident İlham Əliyevin Novruz bayramı günlərində Şuşada qaladığı tonqal ölkə başçısının və eləcə də Azərbaycan xalqının ordumuzun gücünə, onun qəhrəmanlığına olan inamının təntənəsidir.   Mən bu bayram günlərində bizə bu böyük sevinci bəxş edən şəhidlərimizi də ehtiram hissi ilə yad edir, onların ruhu qarşısında baş əyirəm. Hər kəs əmin ola bilər ki, Azərbaycan xalqı əsrlər sonra da ordumuzun, şəhid və qazilərimizin qəhrəmanlığını unutmayacaq, hər zaman onları dərin minnətdarlıq hissi ilə yad edəcək”.   Seymur ƏLİYEV  

2021-03-21 00:00:00
3476 baxış

Digər xəbərlər

“Sizdəki yaranın özü bizdədir...” Türkiyə-Azərbaycan qardaşlığı Kahramanmaraşda bir daha tarix yazdı

2023-cü ilin fevral ayının 6-da baş verən dəhşətli zəlzələnin acısını hələ də unutmayan Kahramanmaraş xalqı üçün 2025-ci ilin iyun ayının 19-u həm təsəlli, həm də rəmzi bir yenidən doğuluş günü oldu. Məhz həmin gün bu qədim türk yurdunda “Azərbaycan” məhəlləsinin təntənəli açılış mərasimi keçirildi. Ən mühüm məqam isə mərasimdə iki qardaş dövlətin liderlərinin - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çiyin-çiyinə dayanması idi. Bu mərasim təkcə bina və evlərin təqdimatı deyil, eyni zamanda insanların sevincinə, mənəvi birliyin möhkəmlənməsinə xidmət edən hadisə idi. Prezident Ərdoğan çıxışının əvvəlindən etibarən Azərbaycan xalqına səmimi təşəkkürlərini çatdıraraq vurğuladı ki, zəlzələnin ilk saatlarından başlayaraq Can Azərbaycan yardım əli uzatdı. Yardım karvanları, səhra hospitalları, axtarış-xilasetmə dəstələri, könüllülər və həkimlər  Azərbaycanın həm dövlət, həm xalq səviyyəsində göstərdiyi bu həmrəylik türkiyəlilərin yaddaşında silinməz izlər buraxdı. “Hər addımda türkün alın təri, duası, ürəyi var” deyən Prezident Ərdoğan bildirdi ki, Azərbaycanın bu dəstəyi sadəcə maddi deyil, mənəvi dirənişin də bir hissəsidir. Bu yardım bir millətin digərinə göstərdiyi mərhəmət, sevgidir. Bu həm də “bir millət, iki dövlət” fəlsəfəsinin yaşadıldığının və real həyatın içində tətbiq olunduğunun bariz nümunəsidir. Prezident Ərdoğanın çıxışının ən emosional anı isə mərhum türk şairi Abdülrahim Karakoçun Xocalıya və Qarabağa həsr etdiyi poetik misraları səsləndirdiyi məqam idi: “Sizdəki yaranın özü bizdədir...Güllələr sizdədir, ağrı bizdədir...” Bu misralar sanki 30 illik Qarabağ həsrətini, Xocalı soyqırımının acısını, 2023-cü il zəlzələsinin dağıntısını tək cümlədə birləşdirən mənəvi körpü oldu. Ərdoğanın gözlərindəki dolğunluq, salondakı sükut, dinləyicilərin bəzən göz yaşlarına hakim ola bilməməsi həmin anın tarixi və emosional gücünü təsdiqləyirdi. Bu misralar bir millətin başqa bir millətin dərdinə necə şərik olduğunu, bir millətin digərinin acısına necə öz acısı kimi yanaşdığını göstərən qardaşlıq andı idi. Prezident İlham Əliyev mərasimdəki çıxışında bildirdi ki, Azərbaycan xalqı zəlzələni öz faciəsi kimi yaşadı. Zəlzələnin ilk günlərində on minlərlə azərbaycanlı yardım məntəqələrinə axışaraq Türkiyəyə dəstək nümayiş etdirdi. Azərbaycan yüzlərlə xilasedici, həkim, könüllü göndərdi. Təkcə Azərbaycan həkimləri tərəfindən 3200-dən çox insana tibbi yardım göstərildi, 53 nəfər dağıntılar altından sağ çıxarıldı.  Tədbirdə hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi, “Azərbaycan” məhəlləsinə həsr olunmuş videoçarxın nümayişi və mədəniyyət mərkəzinin təməlqoyma mərasimi yeni bir dövrün başlandığını göstərirdi. Prezidentlər simvolik lenti kəsərək mənzillərlə tanış oldular, mülkiyyətçilərə açarların təqdim edilməsi isə bərpanın konkret nəticəyə çevrildiyinin sübutu idi. Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, bu günə qədər zəlzələ bölgəsində 250 minə yaxın mənzil, obyekt və iş yeri istifadəyə verilib. Kahramanmaraşda isə 2778 yeni mənzil və obyektin inşası davam edir, bunların 1200-ü “Azərbaycan” məhəlləsindədir. Burada məktəb, uşaq bağçası, parklar və Heydər Əliyev adına orta məktəb də fəaliyyət göstərəcək. Prezidentlər çıxışlarında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinə də toxunaraq bu sənədin Türkiyə-Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə qaldırdığını vurğuladılar. Bu həm siyasi, həm də mənəvi müttəfiqlikdir. Ərdoğan ümidvar olduğunu bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması bu bölgədə dirçəliş prosesinə yeni nəfəs verəcək və Qarabağda, Laçında, Zəngilanda, Füzulidə baş verən inkişaf dalğası daha geniş coğrafiyaya yayılacaq. Sonda Prezident Ərdoğanın dərin mənalı sözləri və Azərbaycan - Türkiyə qardaşlığının təntənəli ifadəsi mərasimi daha da mənalı etdi: “Burada atılan hər mismarda, vurulan hər daşda türkün alın tərini, qardaşlıq duasını görürsünüz. Kahramanmaraşın qəlbində Azərbaycan möhürü var. Allah bu birliyi əbədi etsin!” Daha sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsində inşa olunacaq mədəniyyət mərkəzinin təməlini onlayn formatda qoydular. Prezidentlər məhəlləni gəzərək burada inşa edilmiş mənzillərə və Heydər Əliyev adına ibtidai məktəb ilə uşaq bağçasına baxdılar. Balacalar böyük sevinc və təmənna ilə onları qarşıladı, məktəbin müəllim və şagirdlərinin ifasında “Çırpınırdı Qara dəniz” mahnısı səsləndi.  Prezidentlər şagirdlərə qiymət cədvəllərini və məktəbli çantalarını təqdim etdilər. Üçmərtəbəli müasir məktəb və uşaq bağçası binasında 20 ibtidai sinif otağı, 3 uşaq bağçası otağı, tədris materialları ilə tam təchiz olunmuş fənn otaqları, musiqi, rəsm, əmək dərsləri üçün xüsusi otaqlar, həmçinin texnologiya, riyaziyyat və mühəndislik sahələrində bacarıqların inkişaf etdirilməsi üçün emalatxanalar yaradılıb. Bu, gələcəyin vəhdətinə, bilikli və bacarıqlı nəsillərin yetişməsinə verilən ən gözəl töhfədir. Bu məhəllə və məktəb təkcə binalar deyil, həm də Azərbaycan-Türkiyə qardaşlığının yaşayış nümunəsi, yenidən doğuşun, bərpa və ümidi simvoludur. Burada hər daşda, hər otaqda iki xalqın qəlbinin bir ritmi çalır  birlik, həmrəylik və gələcəyə inam.Bu dostluq və həmrəylik ruhu ilə gələcəkdə də bütün çətinlikləri birlikdə dəf edəcəyimizə, daha parlaq və firavan sabahlar quracağımıza əminik. Azərbaycan və Türkiyə  bir millət, iki dövlət, sonsuz qardaşlıq yolunda! Cəlil Xəlilov:   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Baş prokuror həmvətənlərimizə qarşı erməni vandalizmi ilə bağlı xarici ölkələrdəki həmkarlarına müraciət etdi

Məlum olduğu kimi, son bir həftə ərzində Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı, eləcə də, Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixindən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatla bağlı xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən təxribat xarakterli qanunsuz hərəkətlər törədilib. Baş vermiş hadisələrlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev tərəfindən Amerika Birləşmiş Ştatlarının Baş Prokuroru Vilyam Barr, Kaliforniya Ştatının Baş prokuroru Xavier Beccerra, Fransanın Paris şəhərinin Baş prokuroru Remy Heitz və Belçika krallığının Brüssel şəhərinin Baş prokuroru Johan Delmulleye həm birbaşa, həm də diplomatik kanallarla rəsmi müraciət edilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Həmin müraciətlərdə qeyd edilib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş təcavüzkar mövqeyi ilə BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etməyərək münaqişənin sülh yolu ilə həll olunmasına süni əngəllər törədir: “Habelə terrorçu siyasətinin təzahürü kimi bu ilin iyulun 12-də ermənilər Azərbaycanla Ermənistanın sərhədində yerləşən Tovuzda təxribat törətmiş, o cümlədən beynəlxalq hüququn əsas norma və prinsiplərinə zidd olaraq mülki dinc əhalinin sıx yaşadığı əraziləri atəşə tutublar.   Eyni zamanda iyulun 21 və 22-si erməni icmasının çox saylı üzvləri, erməni lobbisinin radikalları, Daşnaksütun partiyasının üzvləri, habelə beynəlxalq aləmdə terror qrupu kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə, o cümlədən, həmvətənlilərimizə qarşı müxtəlif vandalizm aktları törətmişlər, nəticədə azərbaycanlı dinc nümayişçilər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar”. Baş Prokuror diplomatik nümayəndələrimizin və həmsoydaşlarımızın təhlükəsizliklərinin təmin edilməsini xahiş etməklə, baş vermiş hadisələrlə bağlı qeyd edilən ölkələrin hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli, tam və obyektiv araşdırmalar aparılacağına və təqsirkar şəxslərin dairəsinin müəyyən edilməklə məsuliyyətə cəlb olunacaqlarına ümidvar olduğunu bildirib.

Hamısını oxu
“2025-ci il Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üçün uğurlu olub”

Cəlil Xəlilov: “Cari ildə daha böyük hədəflərə nail olmaq əzmindəyik” 2025-ci il başa çatıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovla söhbətimizdə 2025-ci ildə görülən işlərə qısa da olsa nəzər salmağa çalışdıq: -Сəlil müəllim, 2025-ci il başa çatdı. Ötən il rəhbəri olduğunuz təşkilat üçün  hansı hadisələrlə əlamədar oldu? -Bildiyiniz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 28 dekabr  2024-cü il tarixli sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilmişdir. Bu il, 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və Vətən müharibəsində tarixi Zəfərin 5-ci, dövlətimizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyinin tam bərpa edilməsinin 2-ci ildönümü təntənəli qeyd olundu. 2025-ci ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ-ın iştirakı ilə Azərbaycanla Ermənistan arasıdna sülh müqaviləsimətninin paraflanması da bu ilin ən mühüm hadisələrindən biri oldu. İşğaldan azad edilmiş ərazilərdə abadlıq-quruculuq işləri bu il də tam vüsətlə davam etdirildi, onlarla müəssisəsnin, yaşayış binasının, yol və körpünün açılışı reallaşdı. Amnistiya aktı ilə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunan veteranlar istisna olmaqla, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər cəzalarından tam azad edildilər. Elan edilmiş bu amnistiya tərəfimizdən Prezident İlham Əliyevin bütün vətəndaşlara, eləcə də qazilərə olan humanist münasibəti, onlara verdiyi yüksək dəyər kimi xarakterizə edilir və bu hər şeydən öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin humanizminin göstəricisidir. Bu amnistiya bir daha sübut etdi ki, Azərbaycan dövləti öz vətəndaşlarına qarşı son dərəcədə humanistdir və onların rahatlığı, sevinc və xoşbəxtliyi üçün hər bir imkandan istifadə edir. Bir sözlə, 2025-ci ildə dövlətimizin və xalqımızın maraqları baxımından kifayət qədər uğurlu oldu. -2025-ci ili rəhbəri olduğunuz Təşkilatın fəaliyyəti baxımından nə dərəcədə uğurlu hesab edirsiniz? -2025-ci il Təşkilatımız üçün də uğurlu il olmuşdur. Hesabat ilində Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikası Konstitusiyasını,  beynəlxalq aktları, “Veteranlar haqqında”, “Qeyri-hökumət təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunlarını, qüvvədə olan digər normativ hüquqi aktları və Təşkilatın Nizamnaməsini rəhbər tutaraq müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlarla birgə veteran hərəkatının genişlənməsində, şəhid ailələrinin, Təşkilatımızda təmsil olunan veteranların həyat və məişəti üçün lazımi şəraitin yaradılmasında və onların ölkənin ictimai həyatında fəallığının artırılması istiqamətində işlərini uğurla davam etdirmişdir. Hesabat ilində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar vaxtilə sovet dövründə və müstəqilliyin bərpasından sonra onunla birgə, bilavasitə rəhbərliyi altında işləmiş rəhbər işçilərin, Birliyin əməkdaşlarının, şəhər (rayon) veteranlar təşkilatı sədrlərinin və müxtəlif kateqoriyadan olan üzvlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilmiş, Fəxri Xiyaban ziyarət edilərək Ulu öndərin xatirəsi ehtiramla yad edilmişdir. Hər il olduğu kimi 2025-ci ildə də Təşkilatın inzibati binasında veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə  20 Yanvar - Ümumxalq Hüzn günü, Xocalı soyqırımının ildönümü, 31 Mart - Azərbaycanlıların soyqırımı günü, 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü, 27 sentyabr Anım Günü, 8 Noyabr - Azərbaycan Respublikasında Zəfər Günü və digər dövlət bayramlarına həsr olunmuş tədbirlər keçirilmiş, həmçinin dövlət səviyyəsində keçirilən tədbirlərdə Respublika Veteranlar Təşkilatının nümayəndələri fəal iştirak etmişlər. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Təşkilatımız tərəfindən xüsusi Tədbirlər Planı hazırlanmış, İctimai Birliyin Rəyasət Heyətinin 2025-ci il 11 mart tarixli iclasında təsdiq edilmişdir. Həmin plan üzrə respublikanın şəhər və rayonlarında Təşkilatımız tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində  bir sıra tədbirlər təşkil edilmişdir. Belə ki, mart ayının 18-də Təşkilatın inzibati binasında “Konstitusiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” mövzusunda, aprel ayının 23-də Şəki şəhərində Təşkilatımızın və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfərdən zəfərə gedən yol”, aprel ayının 24-də Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Təşkilatımızın və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Zəfərdən zəfərə gedən yol”, may ayının 19-da Naxçıvan şəhərində Təşkilatımızın və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, iyun ayının 19-da isə Laçın rayonunda Təşkilatımızın və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzularında konfranslar keçirilmişdir. Naxçıvan səfəri zamanı Muxtar Respublikanın rəhbərliyi ilə görüş keçirilmiş, konfransın mövzusunun mahiyyəti və əhəmiyyəti barədə fikir mübadiləsi aparılmışdır. -Təşkilatınıza yeni üzvlərin qəbulu ilə bağlı vəziyyət necədir? -Ötən dövrdə Təşkilata müraciət etmiş 76 nəfər - Qarabağ müharibəsi veteranı,  40 nəfər - Əmək veteranı, 26 nəfər - 44 günlük Vətən müharibəsi iştirakçısı, 131 nəfər - veteran hərəkatının fəal üzvü, 5 nəfər - Əfqanıstan müharibəsi veteranı, 2 nəfər - şəhid ailəsi üzvü,  6 nəfər - Silahlı Qüvvələr veteranı, 1 nəfər - Çernobl əlili, 1 nəfər – hərbi xidmət əlili olmaqla ümümilikdə 286 nəfər müxtəlif kateqoriyadan olan veteranların sənədləri öyrənildikdən sonra Təşkilatımıza üzvlüyə qəbul edilmiş, məlumat bazasına yerləşdirilmişdir. Ad günləri və yubileylərlə əlaqədar Təşkilatın sədri adından veteranlara təbrik məktubları, Fəxri Fərmanlar hazırlanmış və ünvanlara göndərilmişdir. -2025-ci ildə gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində hansı işlər görülüb? -Hesabat ilində gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı istiqaməti üzrə işlər davam etdirilmişdir. Belə ki, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənc nəslin Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda hazırlanmaları məqsədi ilə keçirilən tədbirlər ölkənin bütün rayon və şəhərlərini əhatə etmişdir. Bu tədbirlərdə Təşkilatın rəhbərliyi və əməkdaşları, rayon veteranlar təşkilatının sədrləri, tədbirin təşkil oluduğu ərazidə yaşayan fəal veteranlar, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Ümumiyyətlə, tədbirlərimiz mövzu və auditoriya baxımından kifayət qədər zəngin olmuşdur. Bakı şəhəri üzrə  Nərimanov, Nəsimi, Yasamal, Nizami, Suraxanı, Səbaıl, Xəzər, Xətai, Binəqədi, Sabunçu və Pirallahı rayonlarında yerləşən orta məktəb, gimnaziya və liseylərdə, Azərbaycan Dillər və Slavyan universitetlərində, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində İkinci Dünya müharibəsində 416, 402, 77, 396, 223-cü  Azərbaycan Diviziyalarının keçdikləri döyüş yolları   haqqında, ordu quruculuğuna və 2016-cı ilin aprel döyüşlərinə aid mövzularda, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə, “8 noyabr - Zəfər Günü” və s. mövzulara həsr edilmiş tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərdə başlıca diqqət gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmaları ilə yanaşı, yeniyetmə və gənclərin hərbi xidmətə, vətəni qorumağa daim hazır olmalarına yönəldilmişdir. -Veteranların müalicəsi və istirahətinin təmini istiqamətində necə hansısa addımlar atıldımı? -Şübhəsiz. 2025-ci il ərzində Mərdəkan Veteranlar Xəstəxanasında müxtəlif kateqoriyalardan olan 1520  nəfər veteran və təqaüdçü müalicə kursu keçmişdir. Onlardan 9 nəfərinə Respublika Veteranlar Təşkilatı tərəfindən göndəriş verilmiş, 2 nəfər veteranın sanatoriya-kurort vərəqələri ilə təmin edilməsinə köməklik göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Herontoloji mərkəzi RVT-nin yaşlı veteranlarını təmənnasız tibbi müayinə və müalicə olunmalarını öz himayələrinə götürərək 5 illik müqavilə bağlanmış, il ərzində mərkəzin həkimlər briqadası tərəfindən 62 nəfər veteran tibbi müayinədən keçirilmişdir. Bundan əlavə Bakı səhəri Herontoloji Mərkəzi RVT ilə birgə 50 nəfərdən artıq veteranlarla  “Veteranların Tibbi maarifləndirilməsi” mövzusunda tədbir keçirmişdir. Müalicəyə ehtiyacı olan bir çox veteranla bağlı isə əlaqədar tibbi müəssisələrinə müraciətlər edilmiş, onların müalicəsi istiqamətində konkret addımlar atılmışdır. Hesabat ili ərzində Təşkilata daxil olmuş müxtəlif məzmunlu 267 sənəd, 158 ərizə, elektron poçt vasitəsi ilə daxil olmuş 276 müraciət müvafiq qaydada cavablandırılmış, digər təşkilatlara 234 sənəd göndərilmişdir.    -Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının beynəlxalq müstəvidə də aktiv fəaliyyət göstərdiyi məlumdur. Maraqlıdır, Təşkilatınız  beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı bu il hansı yeniliklərə imza atıb? -2025-ci ildə İctimai Birliyin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilmişdir. Respublika Veteranlar Təşkilatının Türk Dövlətləri Təşkilatı, MDB və Avropa ölkələrinin müvafiq veteranlar təşkilatları ilə ikitərəfli, beynəlxalq veteranlar təşkilatları ilə çoxtərəfli əlaqələrin gücləndirilməsi, onların qabaqcıl təcrübələrinin öyrənilməsi, eyni zamanda II Dünya Müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etmiş 416-cı, 402-ci, 77-ci, 396-cı və 223-cü Azərbaycan diviziyalarının döyüş yolu haqqında əlavə məlumatların əldə edilməsi, həmçinin, Türkiyənın, Qazaxıstanın, Özbəkistanın, Qırğızstanın, Rusiyanın, Belarusun, Gürcüstanın, Tacikistanın, Moldovanın, Almaniyanın, Avstriyanın, Macarıstanın, Serbiyanın, Sloveniyanın, Polşanın, Cexiyanın, Slovakiyanın, İtaliyanın veteranlar təşkilatları haqqında məlumatların toplanması məqsədilə və qarşılıqlı səfərlərin təşkili ilə əlaqədar Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə müvafiq müraciətlər göndərilmişdir.   II Dünya Müharibəsində qələbənin 80 illik yubileyi ilə əlaqədar "Müstəqil Dövlətlərin veteranlarının (pensiyaçıların) İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurasının cari ilin 30 aprel - 1 may tarixlərində Moskva şəhərində keçirilən növbəti plenumunda və “Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi veteran təşkilatlarının, komitələrin, nəsillərin davamlılığını qoruması veteran şuralarının, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsidir” mövzusunda keçirilən beynəlxalq konfransda, Moskva şəhərində "Müstəqil Dövlətlərin veteranlarının (pensiyaçıların) İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurasının Rəyasət Heyətinin “Müstəqil dövlətlərin Beynəlxalq Veteranlar Birliyinin növbəti IX qurultayına hazırlığının son mərhəsində Birliyin (MDB) veteranlar təşkilatlarının fəaliyyətinin aktivləşdirilməsi üzrə vəzifələri” və “Koordinasiya Şurasının Rəyasət Heyətinin növbəti Plenumu haqqında” iclaslarında Təşkilatımızın iştirakı təmin edilmiş, müzakirələr zamanı aidiyyəti üzrə tərəfimizdən konkret təkliflər irəli sürülmüşdür.. Hesabat ilində  Belarus Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Pineviç Dmitriy Leonidoviçlə Təşkilatımızda görüş keçirilmişdir.  Görüş zamanı ikitərəfli əlaqələrin daha da genişləndirilməsi müzakirə edilmişdir. Bundan əlavə cari ilin mart ayında Rusiya Federasiyası Dağıstan Respublikasının Bakı şəhərindəki Nümayəndəsi Abdullayev Əliyar Tanrıverdi oğlunun xahişi ilə Təşkilatımızda görüş təşkil edilmişdir. Görüşdə Ümumrusiya veteranlar ictimai təşkilatlarının Dağıstan regional bölməsi tərəfindən cari ilin 17 aprel tarixində keçiriləcək II Dünya Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş Dağıstan və Azərbaycan Respublikalarının veteranlarının birgə forumunda iştirakı ilə əlaqədar dəvətnamə təqdim olunmuş və nümayəndə heyətimizin həmin forumda iştirakı təmin edilmişdir. Ötən dövr ərzində Respublikanın Mərkəzi Arxivindən II Dünya Müharibəsində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Azərbaycanlılar haqqında əlavə məlumatlar toplanaraq Təşkilatın məlumat bazasına daxil edilmişdir. MDB dövlətləri və Avropa ölkələri ərazisində qardaşlıq və hərbi məzarlıqlarda dəfn olunmuş həmvətənlərimizin məzarlarının aşkarlanması və qo­runub saxlanılması istiqamətində işlər həmin şəhərlərdə fəaliyyət göstərən səfirlik və diaspor təşkilatları ilə birgə davam etdirilmişdir. Yeni il ərəfəsində müvafiq səfirliklərə, MDB Veteranlar Şurasına və Dünya Veteranlar Federasiyasına təbrik məktubları göndərilmişdir.  -Cəlil müəllim, mümkünsə bir qədər də Təşkilatın media ilə əməkdaşlığı, informasiya təminatındakı fəaliyyəti haqqında məlumat verərdiniz.  -2025-ci ildə İctimai Birliyin “veteran.gov.az” saytının texniki və təhlükəsizlik baxımından funksionallığı təmin edilib, saytın təkmilləşdirilməsi üzrə işlər davam etdirilib. Təşkilatın İnformasiya Təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq dövlət orqanları ilə (Xüsusi Dövlət Mühafizə Xidməti) əlaqələr yaradılmış, sistem və tətbiqi proqram təminatları, texniki avadanlıqların və internet şəbəkəsinin fasiləsiz işlək vəziyyətdə olması təmin edilmişdir. Təbliğati işin qurulmasında Təşkilatın “veteran.gov.az” saytının mühüm yeri var. İl ərzində Təşkilatın keçirdiyi tədbirlər barədə internet saytına ümumilikdə 480-dən artıq məlumat və məqalənin,   foto-video qalereya bölməsinə 1549 fotonun, 46 video materialın, facebook və twitter sosial şəbəkələrdəki səhifələrin hər birində 58 məlumatın hazırlanaraq yerləşdirilməsi təmin edilmişdir. Eləcə də ötən müddət ərzində əməkdaşlarımızın  “ Az TV ”,  “ Real TV ”-də,  “ Yeni TV” youtube kanalında, “ AzərTac ”, “ Moderator.az”,  “ AzadMedia.az ”,  “ İki sahil ”,  “ Trend ”,  “Redaktor.az ” , “ 24 informedia.az ”saytlarında, həmçinin “Xalq qəzeti”, “525-ci qəzet” və s. qəzetlərdə məqalələrinin, müsahibələrinin dərci təmin edilmişdir. 2026-cı ildə bütün digər müstəvilərdə olduğu kimi, informasiya sahəsində də fəaliyyətinizimi genişləndirməyi hədəfləyirik. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
“Prezidentin İkinci Dünya müharibəsi iştirakçıları ilə bağlı Sərəncamı böyük tarixi-mənəvi əhəmiyyətə malikdir”

“Prezident İlham Əliyevin 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqındakı Sərəncamı böyük tarixi-mənəvi əhəmiyyətə malikdir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, İkinci Dünya müharibəsi və bu müharibədə iştirak edən yüz minlərlə soydaşımızın göstərdiyi qəhrəmanlıqlar tariximizin bir hissəsidir və biz bu tarixə daim ehtiram göstərməyə, öz qəhrəmanlarımızın xatirəsini yad etməyə borcluyuq: “İkinci Dünya müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ayrılmaz bir parçasıdır. Bu müharibədə 700 mindən çox azərbaycanlı iştirak etmiş, 300 mindən çox soydaşımız faşizmə qarşı mübarizədə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanlılardan ibarət 6 diviziya Avropa qitəsinin faşist işğalından azad edilməsində iştirak etmiş, bu müharibədə əsl igidlik və fədakarlıq nümunələri sərgiləmişdir. Yüzlərlə soydaşımızın faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Avropa dövlətlərinin ən ali  hərbi medalları ilə təltif edilməsi bu həqiqətin isbatıdır. Azərbaycan İkinci Dünya müharibəsində öz təbii resursları, iqtisadi potensialı ilə də yaxından iştirak etmişdir.  Məhz Bakı nefti faşizm üzərində qələbənin əldə edilməsinə həlledici təsir göstərmiş, bu həqiqət zaman-zaman dünyanın ən görkəmli hərbi-siyasi ldierləri tərəfindən etiraf edilmişdir. Xalqımızın qəhrəman övladları müharibə dönəmində ön xətlə yanaşı, arxa cəbhədə də böyük fədakarlıqlar sərgiləmişdilər. Bu baxımdan cənab Prezidentin İkinci Dünya müharibəsində ön xətlə yanaşı, həm də arxa cəbhədə böyük əmək sərf edən, faşizm üzərində tarixi qələbəyə töhfə verən insanlara maddi yardımın verilməsi ilə bağlı Sərəncamı göstərir ki, dövlət başçısı İkinci Dünya müharibəsində hansı formada iştirak etməsindən asılı olmayaraq, hər kəsin xidmətinə ehtiramla yanaşı, onların sosial rifahını daim diqqət mərkəzində saxlayır. Biz buna görə Prezident İlham Əliyevə təşəkkür edir, minətdarlığımızı bildiririk. Onu da qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq İkinci Dünya müharibəsində böyük qəhrəmanlıqlara imza atan azərbaycanlıların ictimaiyyətə tanıdılması, onların qəhrəmanlığının təbliğ edilməsi, bu müharibədə itkin düşən soydaşlarımızın aqibətinə aydınlıq gətirilməsi və s. istiqamətdə daim ciddi iş aparırıq. Məhz Təşkilatımızın apardığı ardıcıl və koordinasiyalı fəaliyyət nəticvəsində bugünə qədər xeyli sayda itkin soydaşımızla bağl məlumatların aydınlaşdırılmasına, onların xatirəsinin müxtəlif ölkələrdə əbədiləşdirilməsinə nail olmuşuq. İkinci Dünya müharibəsində soydaşlarımızın göstərdiyi qəhrəmanlıqların gənclər, yeniyetmələr arasında təbliği də əsas məqsədlərimizdən biridir. Bizim üçün qürurvericidir ki, İkinci Dünya müharibəsində soydaşlarımızın göstərdiyi qəhrəmanlıqlar onların nəvələri, nəticələri tərəfindən 2020-ci ildə 44 günlük Vətən müharibəsində Qarabağda yenidən təkrarlandı.  Nəticədə, dövlətimizin ərazi bütövlüyü təmin edildi. Bu fakt bir daha göstərir ki, Azərbaycan xalqı hər zaman-tarixin bütün həlledici məqamlarında böyük qəhrəmanlıqlar göstərməyə qadirdir və bundan sonra da öz qəhrəmanlığı ilə bütün dünyanı heyrətləndirməkdə davam edəcək”.  

Hamısını oxu