Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteran.gov.az saytının yeni versiyasının təqdimetmə mərasimi keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında təşkilata məxsus veteran.gov.az saytının yeni versiyasının təqdimetmə mərasimi keçirilib.

 

Müharibə veteranlarının, media təmsilçilərinin, ictimai-siyasi xadimlərin qatıldığı mərasimi giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov, saytın yeni versiyasının hazırlanmasını zəruri edən səbəblərə toxunub. 44 günlük Vətən müharibəsində dövlətimizin düşmənə qarşı həm də informasiya cəbhəsində ciddi mübarizə apardığını bildirən Cəlil Xəlilov, bu mübarizənin bu gün də davam etdiyini bildirib. Polkovnik qeyd edib ki, düşmənlə informasiya müharibəsinin hələ də davam etməsi, o cümlədən müasir dünyamızda çevik informasiya təminatının artan rolu daha təkmil və müasir informasiya vasitələrinə sahib olmağı zəruri edir. Veteran.gov.az saytının yeni versiyasının məhz bu səbəbdən hazırlandığını bildirən polkovnik, yeni saytın kiber hücumlara, kənar müdaxilələrə qarşı daha mükəmməl müdafiə sisteminə malik olduğunu, yeni dizaynla fəaliyyət göstərəcəyini bildirib.

 

Saytın yeni versiyasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları tərəfindən hazırlandığını bildirən polkovnik Cəlil Xəlilov, göstərdiyi dəstəyə görə adıçəkilən qurumun rəhbərliyinə, o cümlədən həmin nazirliyin əməkdaşlarına öz təşəkkürünü bildirib, onları Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Fəxri Fərmanları ilə təltif edib.

 

Veteran.gov.az saytı haqqında tədbir iştirakçılarına məlumat verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Günay Əhmədova, saytın yeni versiyasının müasir tələblər əsasında hazırlandığını bildirib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

 

Tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müasir dövrdə medianın roluna diqqət çəkib, istər cəmiyyətin operativ şəkildə məlumatlandırılmasında, istər düşmənlərəə qarşı informasiya mübarizəsində medianın mühüm platformalardan biri olduğunu bildirib. Dövlətimizin şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, həm də veteranlara yüksək diqqət və qayğı göstərdiyini bildirən Vüqar Rəhimzadə, veteranların məlumatlandırılmasında, habelə onların keçdiyi döyüş yolu, göstərdikləri qəhrəmanlıqlar haqqında gənc nəslin məlumatlandırılmasında medianın müstəsna əhəmiyyət kəsb etdiyini bildirib, veteran.gov.az saytının fəaliyyətinə uğurlar arzulayıb.

 

Tədbirin sonunda xatirə şəkli çəkilib.

2021-08-24 13:26:00
1843 baxış

Digər xəbərlər

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Axar.az xəbər verir ki, Birinci vitse-prezident bu barədə rəsmi İnstaqram səhifəsində paylaşım edib. "Əziz həmvətənlərim! Mübarək Qurban bayramı münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm! Bu əziz bayram günlərində bütün xeyirxah dua və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram!" - təbrikdə qeyd olunub.

Hamısını oxu
"Azpetrol" şirkəti şəhid ailəsini yanacaqla təmin edib

Veteran.gov.az xəbər verir ki, 44 günlük Vətən Müharibəsində şücaəti ilə seçilən şəhid, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) xüsusi əməliyyatlar taborunun döyüş qrupunun hücumçu kəşfiyyatçı giziri Şəhriyar Quliyevin atası Nəsib Quliyev “Azpetrol” şirkətinə müraciət edib. N.Quliyev şirkətdən Qarabağa səfər üçün yanacaqla təmin olunmasını xahiş edib. Şəhid ailəsinin istəyini həyata keçirən “Azpetrol” şirkəti ailəni yanacaqla təmin edib.   Qarabağ Azərbaycandır.   Azpetrol-Daim inkişafa doğru!  

Hamısını oxu
“Azərbaycan regionun sülh və sabitlik adasını xatırladır”

“Azərbaycan “beş od” arasında sürətli inkişaf yolunda qətiyyətlə addımlamaqdadır” Sona Əliyeva: “Azərbaycan sübut edir ki, müstəqil siyasət yürütmək mümkündür” Məlum olduğu kimi, fevralın 28-dən Azərbaycanın cənub qonşusu olan İranda müharibə başlayıb. Hansı ki, şimal qonşumuz olan Rusiya  da 5-ci ildir ki, Ukrayna ilə müharibə aparır. Yerləşdiyimiz coğrafiyada əksər dövlətlərin müharibə və münaqişələrə cəlb olunduğu bir zamanda Azərbaycanın sülh siaysətinə sadiq qalması, öz bitərəfliyini və təhlükəsizliyini qoruyub saxlaması dövlətimizin, Prezidentimizin tarixi uğurlarından biri kimi dəyərləndirilə bilərmi? Moderator.az-a açıqlama verən politoloq Sona Əliyeva Azərbaycanı regionun sülh adası kimi xarakterizə edib və bu reallığın Prezident İlham Əliyevin uzaqgörən siysətindən qaynaqlandığını bildirib: “Hazırda Azərbaycan regionun sülh və sabitlik adasını xatırladır. Şimal qonşumuz Rusiya beş ildir ki, Ukrayna bataqlığından çıxa bilmir. Cənubumuzda İranın durumu göz önündədir. İran dövlətçilik tarixinin ən ağır günlərini yaşayır. Ermənistan və Gürcüstanda da daxili böhran, siyasi hərc-mərclik zaman-zaman baş qaldırır. Amma Azərbaycan cənab prezidentin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində “beş od” arasında sürətli inkişaf yolunda qətiyyətlə addımlayır. Bu siyasət nəticəsində Azərbaycan daxili konfliktlərdən uzaq, sabit inkişaf yolu tutmuş, xalqın birgə iradəsi ilə idarə olunan güclü bir dövlət strukturu qurub. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan iqtisadi, hərbi və siyasi baxımdan möhkəmlənir, əhalinin rifahı yüksəlir. Dövlətimizin nüfuzu beynəlxalq aləmdə durmadan artır. Bu gün Azərbaycan sübut edir ki, müstəqil siyasət yürütmək, öz maraqlarına əsaslanan qərarlar qəbul etmək mümkündür. Dünya miqyasında müharibələrin, qarşıdurmaların artdığı bir dövrdə ölkəmiz sabitlik, inkişaf və təhlükəsizlik məkanı kimi fərqlənir. Bu isə bir daha göstərir ki, cənab Prezidentin ağıllı, məqsədyönlü və sistemli siyasəti Azərbaycanı regionun və dünyanın aparıcı ölkələrindən birinə çevirir. Bu gün Azərbaycan Qərblə münasibətlərində mühüm rol oynayır, eyni zamanda Yaxın Şərqdə, Afrikada və dünyanın müxtəlif bölgələrində fəal diplomatik xətt yürüdür. Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində biz bu qələbələri, bu inkişafı yaşayırıq. Bu gün Qarabağ yenidən qurulur, dirçəlir və daha da inkişaf edir. Azərbaycan möhkəmlənir, güclənir və gələcəyə inamla addımlayır”. Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycanın yəhudi əsilli qəhrəman oğlu: Aqarunov Albert Aqarunoviç!

Tolerant ölkə olan Azərbaycan dilindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq burada yaşayan bütün xalqların doğma Vətənidir. İstər Birinci Qarabağ və 44 günlük Vətən müharibələri, istərsə də antiterror tədbirləri zamanı burada yaşayan bütün xalqların nümayəndələri dəmir yumruq tək birləşərək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda işğalçı düşmənə qarşı canları bahasına mərdliklə vuruşmuş və Böyük Zəfərin qazanılmasında öz layiqli töhfələrini vermişlər. Onlar bu gün də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səylərini əsirgəmirlər. Bu baxımdan hər zaman Azərbaycan vətəndaşı olmasından qürur duymuş, şəhidlik məqamına yüksəldikdən sonra da yəhudi xalqı ilə dostluq və əməkdaşlığımızın möhkəmləndirilməsinin rəmzinə çevrilmiş Milli Qəhrəmanımız, əfsanəvi tankçı Albert Aqarunovun Vətən uğrunda xidmətlərini qeyd etmək istərdim.   Aqarunov Albert Aqarunoviç 1969-cu il aprelin 25-də Bakı şəhərinin Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. Səkkiz qardaşı və iki bacısı olan Albert ailənin sonbeşiyi idi. Əslən dağ yəhudisi olan Aqarunovlar ailəsi Quba rayonunun Qırmızı Qəsəbəsindən idilər, Əmircana isə sonradan köçmüşdülər. Albertin atası Aqarun Aqarunov neftçi olub, uzun illər Suraxanıdakı neft mədənlərində çalışıb. On bir uşaq böyüdüb tərbiyə edən anası Lio Aqarunova isə sovet hökuməti tərəfindən “Qəhrəman Ana” adına layiq görülüb.    Uşaq yaşlarından musiqiyə böyük maraq göstərən Albert, musiqi məktəbində nəfəs aləti olan truba sinfini bitirib. O, Suraxanı rayonundakı 154 saylı tam orta məktəbin səkkizinci sinfini başa vurduqdan sonra, 101 saylı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. Albert 1987-1989-cu illərdə Gürcüstanın Axalkalaki rayonunda hərbi xidmət keçib. Həmin dövrdə starşina rütbəsi alaraq, tank komandiri vəzifəsində xidmət edib. 1989-cu ildə ordu sıralarından tərxis olunduqdan sonra, bir müddət Suraxanı Maşınqayırma Zavodunda işləyib. Mənfur qonşumuz olan Ermənistanın təcavüzü nəticəsində başlayan Birinci Qarabağ müharibəsinin ən qızğın vaxtlarında bir çox qeyrətli Vətən övladı kimi Albert də könüllü olaraq cəbhəyə yollanıb. O dövrdə ailə üzvləri və yəhudi millətindən olan bir çox vətəndaşımız İsrailə, eləcə də digər xarici ölkələrə köçüb getsə də, Albert doğulub boya çatdığı və dogma Vətəni hesab etdiyi Azərbaycanda qalmağı, son nəfəsinədək onun uğrunda savaşmağı üstün tutub. Cəbhə bölgəsində olarkən televiziya kanallarından birinə verdiyi müsahibəsində əfsanəvi tankçı A.Aqarunov məhz bu məqamı xüsusi ilə vurğulayıb. Müxbirin verdiyi “yəhudiləri Azərbaycan torpağını qorumağa nə məcbur edir?” və “bir vətəndaş kimi öz borcunu nədə görürsən?” suallarını cavablandıran cəsur döyüşçü; “Mən bu torpaqda yaşayıram. Doğulmuşam burda, yaşayıram da burda. Ayrı heç nə məcbur eləmir” – deyə cavab vermişdi. Müxbirin verdiyi sonuncu; “Təxminən nə qədər qalmaq niyyətindəsən?” sualına isə Vətənimizin qəhrəman oğlu; “Müharibənin axırına kimi” cavabını verməklə qəti mövqeyini bildirmişdi…   O zaman yenicə yaranmaqda olan Milli Ordumuzun yüksək ixtisaslı peşəkar hərbçilərə, o cümlədən tankçılara böyük ehtiyacı vardı. Albert tank komandiri təyin edilərək, qanlı döyüşlərin getdiyi Şuşa cəbhəsinə göndərilir. Onun tank ekipajı tezliklə bütün cəbhə xəttində böyük hörmət qazanmağa müvəffəq olur. Cəsur tankçı Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşməni dəfələrlə pərən-pərən salır, onlarla canlı qüvvəsini və xeyli hərbi texnikasını məhv edir. Dövri mətbuatda cəsur tankçı haqqında qeyd olunan bir sıra mənbələrdə onun erməni işğalçılarına məxsus iki tankı bir-birinə yaxınlaşan zaman bir mərmi ilə məhv etdiyi, həmçinin sonralar bu metodun silahdaşları tərəfindən “yəhudi buterbrodu” adını aldığı göstərilib. 8 may 1992-ci il.  Şuşa uğrunda gedən qanlı döyüşlər Albertin son döyüşü oldu...   Mühüm hərbi-strateji və coğrafi mövqeyinə görə Şuşanı ələ keçirmək erməni işğalçılarının ən böyük arzusu idi. Hələ may ayının 7-də şəhərin müdafiəsində dayanan azərbaycanlı döyüşçülərin böyük bir qismi buranı tərk etmişdi və düşmən qüvvələri gecə saatlarından etibarən Şuşaya hücum etməyə başlamışdı. Albert son anadək Şuşanın müdafiəsində dayanan azsaylı döyüşçülərimizdən biri idi. Gün ərzində şəhərin müxtəlif istiqamətlərində şiddətli döyüşlər gedirdi. Erməni tank komandiri Qaqik Avşaryan öz T-72 tankını Şuşanın şimal girişinə gedən yolla sürdüyü vaxt, kapitan A.Aqarunovun tankı peyda olur. Hər iki tank 350 metr məsafədən bir-birinə atəş açır. Üç dəqiq zərbədən sonra düşmən tankı alışmağa başlayır. Avşaryan yaralı halda tankın lükünü açıb qaçmağa müvəffəq olsa da, lakin sürücüsü və atıcısı yanaraq cəhənnəmə vasil olur. Albertin göstərdiyi bu qəhrəmanlıq nümunəsi eyni zamanda Birinci Qarabağ müharibəsinin ilk tank döyüşü kimi də tarixə düşür. Müharibədən sonra ermənilər Albertin vurduğu həmin tankı bərpa edib yenidən rəngləyərək onu Xankəndi-Şuşa yolunun üstündəki qayada abidə kimi ucaltmışdılar. Lakin 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda apardığı birgünlük uğurlu antiterror tədbirindən sonra həmin “abidə” oradan yığışdırılmışdır. Albertin vurduğu tank isə Bakı şəhərinə gətirilmiş və hazırda Böyük Zəfərimizin simvolu olan Qənimətlər Parkında nümayiş etdirilməkdədir. A.Aqarunov daha sonra Şuşa-Laçın yoluna doğru irəliləyir. Cəsur döyüşçü burada, tankının sürücüsünə həlak olmuş azərbaycanlı əsgərlərin və mülki vətəndaşların cəsədlərinin üstündən keçməməyi tapşırır və ona yol göstərmək üçün tankdan enməli olur. Bu zaman o, erməni snayperinin açdığı atəş nəticəsində gözlərini əbədi yumaraq əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəlir. Qəhrəman döyüşçü mayın 11-də Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli müvafiq fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Medal 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Albertin bacısı Sofiya Məmmədovaya təqdim edilib. Bundan əlavə, vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır və məktəbin önündə büstü qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə 2019-cu ildə Bakının Nərimanov rayonunun küçələrindən birinə Albert Aqarunovun adı verilib və həmin küçədə onun möhtəşəm heykəli ucaldılıb. Milli Qəhrəmanımız haqqında 2010-cu ildə “Dostuma məktub” filmi, 2017-ci ildə “Yaşadığım torpaq” sənədli filmi və 2024-cü ildə “Tank 533. Albert Aqarunov” adlı qısametrajlı filmi çəkilib. Son olaraq onu deyə bilərik ki, torpaqlarını azad və suverenliyini bərpa etmiş xalqımızın bütün şəhidləri kimi, Azərbaycanın yəhudi əsilli qəhrəman oğlu Albert Aqarunovun da ruhu şaddır. Albertin həyat və qəhrəmanlıqlarla zəngin döyüş yolu yeniyetmə və gənclərimizə örnək olmaqla yanaşı, bu gün onun irsi Azərbaycan və İsrail dövlətlərinin, onların xalqlarının dostluq və qardaşlığının daha da möhkəmlənməsi yolunda öz töhfəsini verir. Necə ki, 44 günlük Vətən müharibəsi zamanı bizi dəstəkləyən, bizimlə həmrəy olan ölkə və xalqlar arasında elə məhz dost İsraili və qardaş yəhudi xalqını da gördük. Təbii ki, bizə göstərilən bu dəstəyi və həmrəyliyi qədirbilən xalq olaraq heç zaman unutmayacağıq.    Allah şəhidlərimizə rəhmət eləsin! Mayor Anar Əhmədov, DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru  

Hamısını oxu