Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

ƏƏSMN: Bu il 1300 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” yeni Sərəncamı bu kateqoriyadan olan şəxslərə dövlət başçısı tərəfindən daha bir yüksək qayğının təzahürüdür.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) APA-ya verilən xəbərə görə, Sərəncama əsasən, Nazirlik “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxsləri və ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərini mənzillə təmin edəcək.

 

““Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” 26 noyabr 2020-ci il tarixli Qanuna əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi kimi müəyyən olunub.

 

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Silahlı Qüvvələrimizin bir qrup hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

 

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, habelə ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Dövlət başçısının 30 dekabr 2020-ci il tarixli Fərmanına əsasən Vətən Müharibəsi Qəhrəmanlarına (ölümündən sonra bu ad verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, həmin şəxsin ailə üzvlərinə) dövlət qayğısını artırmaq məqsədilə onlar üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.

Təqaüdün aylıq məbləği 2 000 manat müəyyən olunub.

 

Şəhidlərimizin ailə üzvlərinin, müharibə qazilərinin çevik və genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olunması dövlətimizin sosial siyasətinin prioritetlərindən biridir. Dəstək istiqamətlərindən biri kimi, şəhid ailələrinin, müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı sahəsində mühüm addımlar atılır. Ötən dövrdə 10 500 şəhid ailəsi və müharibə əlilli mənzil və fərdi evlə təmin edilib. 2021-ci ildə də 3 minədək mənzil və fərdi evin bu kateqoriyalardan olan vətəndaşlara verilməsi nəzərdə tutulub ki, onlardan artıq 1300 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.

 

Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin mənzillə təmin edilməsi barədə yeni Sərəncamla həmin kateqoriyadan olan vətəndaşlar da dövlətin mənzillə təminat proqramına daxil edilir və bu proqramın əhatə dairəsi daha da genişlənir”, - deyə qeyd olunub.

 

2021-08-25 16:03:00
1162 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 26 iyun – Silahlı Qüvvələr günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib.  

Hamısını oxu
Təxribatların davam etməsi İrəvanın sülhlə bağlı ciddi tərəddüdlərinin olduğunu göstərir

Təxribatların davam etməsi İrəvanın sülhlə bağlı ciddi tərəddüdlərə malik olduğunu göstərir. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, ermənilərin ordumuzun mövqelərini mütəmadi surətdə atəşə tutması, separatçıların yeni təxribatlara hazırlaşması göstərir ki, İrəvanda sülhlə bağlı vahid, konkret mövqe mövcud deyil: “Post-müharibə dövründə Ermənistan dəfələrlə ordumuzun mövqelərini atəşə tutub, müxtəlif təxribatlar həyata keçirib. Bütün bu təxribatların qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınıb. Ancaq buna baxmayaraq, Ermənistan bu gün də təxribatlardan, məkrli niyyətlərindən əl çəkmək istəmir. Mina terrorunun davam etməsi, ermənilərin ordumuzla üzbəüz mövqelərdə mühəndis işləri həyata keçirməyə cəhd göstərməsi, revanşist iddiaların bu gün də ara verməməsi buna nümunədir. “Bütün bunlar onu göstərir ki, Ermənistan hakimiyyətində Azərbaycanla münasibətlərin gələcəyi, sülhlə bağlı aydın mövqe yoxdur. Buna görə də İrəvan bir tərəfdən sülhdən danışsa da, digər tərəfdən təxribatlara əl atır, mövcud status-kvonu dəyişməyə səy göstərir. Lakin rəsmi İrəvan, o cümlədən Ermənistandakı bütün revanşist qüvvələr, habelə onların havadarları bilməlidirlər ki, onlar gec-tez Azərbaycanın sülh səylərini dəstəkləməyə, onun şərtlərini qəbul etməyə məcbur olacaqlar. Çünki Ermənistan üçün ikinci bir yol, alternativ variant mövcud deyil”, - deyə Respublika Veteranları Təşkilatının sədr müavini vurğulayıb. Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən iyunun 6-sı saat 11:40-dan saat 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, saat 16:25 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətindəki mövqelərini də atəşə tutub. Bölmələrimiz qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görüblər. Eyni zamanda, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa, Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələrinin gördükləri təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Şərəfli Yolun Sonu Zirvədir Şəhid polkovnik Babək Səmidlinin həyat və qəhrəmanlıq dastanı

Bəzən bir insanın ömrü bütöv bir xalqın taleyini, iradəsini və ruhunu özündə cəmləyir. Şəhid polkovnik Babək Səmidli məhz belə insanlardan idi. Onun həyatı xidmət, yolu mübarizə idi, sonu isə zirvə - şəhidlik oldu. Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavini, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ müharibəsinin şəhidi Babək Səmidli Vətən müharibəsində qazanılan tarixi Zəfərin memarlarından biri, fədakarlığı və sərkərdə qətiyyəti ilə Azərbaycan hərb tarixində silinməz iz qoymuş qəhrəmanlardan biridir. Onun adı bu gün də xalqımızın yaddaşında dərin ehtiram və qürur hissi ilə yaşadılır. 1974-cü ilin yanvarında Göyçayda dünyaya göz açan Babək Səmidli uşaq yaşlarından hərbi nizam-intizamın, Vətən sevgisinin nə demək olduğunu bilirdi. Üç uşaqlı ailənin ən kiçik övladı olan Babək, orta təhsilini başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oldu. Bu seçim onun taleyinin istiqamətini müəyyənləşdirdi. Daha sonra 1993–1997-ci illərdə Ankarada Quru Qoşunları Məktəbində təhsil aldı, Türkiyə Silahlı Qüvvələrinin tərkibində təcrübə keçdi. 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı protokolda nəzərdə tutulmayan, lakin tarixə düşən bir hadisə baş verdi. Heydər Əliyev Kara Harp Okuluna gedərək azərbaycanlı kursantlarla görüşdü. Görüş zamanı gənc kursant Babək Səmidli cəsarətlə söz alaraq məktəbdən xaric edilən azərbaycanlı hərbiyəlilərin taleyini gündəmə gətirdi. O, təkcə özünü deyil, silahdaşlarını düşündü. Bu, onun xarakterinin, liderliyinin ilk açıq təzahürü idi. Heydər Əliyevin həmin məsələyə dərhal müdaxiləsi nəticəsində kursantların təhsili davam etdirildi. İllər sonra Bakıda Ali Hərbi Məktəbin buraxılış mərasimində Heydər Əliyevin Babək Səmidlini tanıyaraq qucaqlaması və “Mənim Türkiyəyə oxumağa göndərdiyim gənclər bu gün ordumuzda xidmətdədirlər” deməsi onun həyat yoluna verilən ən böyük mənəvi qiymət idi.             Babək Səmidli 1997-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. 25 yaşında tağım komandiri kimi fəaliyyət göstərdi, 2000 - 2003-cü illərdə Ali Hərbi Məktəbdə tağım və bölük komandiri oldu. Tovuzda tağım komandirinin müavini, hərbi polisin xüsusi təyinatlı bölməsində komandir vəzifələrində çalışdı. Xidməti yolu onu müxtəlif hərbi hissələrdən keçirərək daha böyük məsuliyyətlərə apardı. 2005-ci ildə Almaniyada Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində kurs keçdi. Elə həmin il Hərbi Polisin xüsusi təyinatlı taborunda komandir müavini təyin olundu. 2015-ci ildə 1-ci Ordu Korpusunun əməliyyat bölməsinin rəisi, iki il sonra isə korpus komandirinin müavini vəzifəsinə yüksəldi. 2016-cı ilin Aprel döyüşlərində Talış istiqamətində gedən ağır savaşlar Babək Səmidlinin döyüş ruhunu bir daha nümayiş etdirdi. O, təkbaşına 39 yaralı əsgərimizi döyüş meydanından çıxararaq əsl komandir nümunəsi göstərdi. 2018-ci ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olundu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Babək Səmidlinin həyat missiyasını tamamladı. Suqovuşan  illərlə düşmən tapdağında qalan strateji ərazi onun rəhbərliyi altında azad edildi. O, qələbə qazanan komandir idi, lakin qələbədən dərhal sonra həyatın bərpasını düşündü. Təhlükəyə baxmayaraq mühəndisləri əraziyə apararaq su verilişinin bərpasına nail oldu. Onun əsgərləri qarşısında söylədiyi sözlər bu gün də yaddaşlarda yaşayır: “Bir canımızmı var? Allah nə yazıbsa, o da olacaq. Ya qalib, ya qazi, ya da şəhid…” Bu sözlər pafos deyildi, bu, onun həyat fəlsəfəsi idi. Babək Səmidli müharibədən sonra da borc yolunu seçdi. Mina təhlükəsi olan ərazilərdə şəhidlərin nəşinin çıxarılması üçün yaradılan beynəlxalq qrupun tərkibində yer aldı. 23 noyabr 2020-ci ildə Suqovuşan qəsəbəsi ərazisində mina partlayışı nəticəsində şəhid oldu. Noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn edildi. Şəhid polkovnik Babək Səmidli ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olundu. Lakin onun ən böyük təltifi azad torpaqlarda dalğalanan bayraqlar, rahat nəfəs alan bir millətin gələcəyidir. O, iki övladın atası, minlərlə əsgərin komandiri, bütöv bir xalqın qürur mənbəyi idi. Babək Səmidli sübut etdi ki, şəhidlik ölüm deyil - zirvədir. Və bu zirvəyə yalnız şərəfli yolu seçənlər çata bilir. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik        

Hamısını oxu
İgid qazimiz keçdiyi döyüş yolundan danışdır

Könüllü olaraq cəbhəyə yollanan Kənan Kazımov Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanıb. Başından qəlpə yarası alan qazinin nitqində qüsurlar yaranıb. Qazimiz döyüş zamanı mühasirəyə düşdüklərini bildirir. O deyir ki, çətinliklə də olsa, mühasirədən çıxıblar. Hətta elə şərait yaradılıb ki, ermənilər öz qazdıqları quyuya özləri düşüb.   Qazinin atası Çinar Kazımov övladı ilə fəxr etdiyini bildirir. Torpaqlarımızın işğaldan azad olunmasını uzun illərdir gözlədiyini deyir. Ana ürəyi daha həssas olurmuş. Nə qədər balasından uzaqda olsa da, Kənan Cəbrayılda yaralananda anası Səltənət xanım bunu hiss etdiyini deyir. Ətraflı Baku TV-nin süjetində:

Hamısını oxu