Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Kürdəmirdə şəhidin xatirəsi anılıb, adına tikilən bulağın açılışı olub

Kürdəmir rayonunun Sığırlı kəndində Vətən müharibəsi şəhidi Ziya Zabil oğlu Nurməmmədovun uyuduğu kənd qəbiristanlığındakı məzarı ehtiramla yad edilib, adına tikilən bulağın açılışı olub. Yaşasaydı bu gün Ziyanın 20 yaşı tamam olardı.

 

Veteran.gov.az Azərtac-a istinadən xəbər verir ki, mərasimdə iştirak edən rayon rəhbərləri, Azərbaycan Respublikası Müharibə, Silahlı Qüvvələr və Əmək Veteranları təşkilatının sədr müavini Cəlil Xəlilov, kənd sakinləri, təhsil aldığı məktəbin müəllim və şagirdləri, yaxın dostları, ailə üzvləri kənd qəbiristanlığına gələrək şəhid Ziya Nurməmmədovun məzarını ziyarət edib, üzərinə çiçəklər düzüblər.

 

Sonra Sığırlı kəndinin girəcəyində, Bakı-Qazax magistral yolunun kənarında inşa olunan xatirə bulağının açılışı olub. Rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Ağali Kərimli, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov və başqaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb, Ziya və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını söyləyiblər. Vurğulanıb ki, otuz ildən bəri işğal altında olan torpaqlarımızın azad edilməsində şəhid olan vətən oğullarının xatirəsi hər birimiz üçün, eləcə də gələcək nəsillər üçün daim əziz olacaq.

 

Mərasimdə şəhid Ziya Nurməmmədovun qısa, şərəfli ömür yolundan xatirələr söylənilib. Qeyd olunub ki, o, 2001-ci ildə Sığırlı kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə gedib. İki bacının bir qardaşı olan Ziya 3 ay idi ki, müddətli hərbi xidmətə çağrılmışdı. Vətən müharibəsi başlandı və o, cəbhənin Füzuli istiqamətində döyüşlərə qatıldı, igidliklə vuruşdu. Təəssüf ki, oktyabrın 13-də şəhid oldu. Bu gün doğulub boya-başa çatdığı kənd qəbiristanlığında uyuyur. Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Mərasimdə şəhidin atası Zabil Nurməmmədov oğluna, ailəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Sonra bulağın üstündəki örtük qaldırılıb, iştirakçılar şəhid Ziyanın xatirəsinə tikilən çeşmədən su içiblər. Sonda qonaqlar şəhidin ailəsində olub, qayğıları ilə maraqlanıblar.

 

2021-08-30 11:55:00
816 baxış

Digər xəbərlər

Mehriban Əliyevanın Rusiya səfəri dövlətlərarası münasibətləri yeni mərhələyə yüksəldəcək

Müsahibimiz Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovdur - Cəlil müəllim, ölkəmizin I vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiyaya səfəri, burada keçirdiyi görüşlər Azərbaycanla yanaşı, Rusiya ictimaiyyətində və mediasında da böyük marağa səbəb oldu. Sizcə bu səfər iki dövlət arasındakı münasibətlərin inkişafı baxımından nə dərəcədə önəmlidir? -Öncə onu qeyd edək ki, Rusiya Azərbaycana qonşu olan bir dövlətdir. Təbii ki, əlaqələrimiz sıx, mehriban, qonşuluq, strateji əməkdaşlığa söykənir. Rusiya ilə siyasi, iqtisadi, mədəni, humanitar və hərbi sahədə əlaqələrimiz yüksələn xətt üzrə inkişaf etməkdədir. Birinci vitse-prezident Mehriban Əliyevadan öncə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya rəhbərliyi ilə faydalı görüşlər keçirdi. Bu görüşlərdə Qarabağ problemi də müzakirə olundu və hesab edirəm ki, bu məsələdə də irəliləyiş olacaq. Bu baxımdan Mehriban xanımın Rusiya səfərini, orada keçirdiyi yüksək səviyyəli görüşləri olduqca əhəmiyyətli hesab edirəm. Əminəm ki, bu görüş dövlətlərimiz arasındakı ikitərəfli münasibətlərin inkişafını genişləndirəcək və onu mahiyyət etibarı ilə yeni mərhələyə yüksəldəcək. Mehriban xanım Əliyevanın Rusiyada yüksək səviyyədə qarşılanması, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Mehriban xanımı “Dostluq”” ordeni ilə təltif etməsi təqdirəlayiqdir. Bütün bunlar göstərdi ki, Rusiya iki dövlət arasında dostluq və əməkdaşlığın inkişafına böyük töhfə verən Mehriban xanımın fəaliyyətini yüksək qiymətləndirir. - Qarabağ probleminin həllinə Rusiyanın təsir imkanının böyük olduğu Azərbaycan ictimai-siyasi məkanında hər zaman səslənən fikirlərdən biridir. Sizcə Qarabağ konfliktinin həllinə Kremlin təsir imkanı hansı səviyyədədir və Rusiyanın bu məsələdə Ermənistana göstərəcəyi təzyiq nəyi dəyişə bilər? - Rusiya qonşu dövlət, həm də Minsk qrupunun həmsədrlərindən biridir. Rusiya Ermənistanı məcbur edə bilər ki, Azərbaycan torpaqlarını işğaldan azad etsin. Buna Rusiyanın diplomatik, iqtisadi və hərbi gücü imkan verir. Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətdədir. Rusiya Ermənistandan əlini çəksə, Ermənistan bir dövlət kimi tamamilə çökər. Rusiya Ermənistanı düz yola dəvət etməli və onu başa salmalıdır ki, bir dövlət kimi onun inkişafı Qarabağ probleminin həllindən keçir. Rusiya da Ermənistanın təcavüzkarlığından xəbərdardır. Onu da qeyd edim ki, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı Ermənistanda böyük narahatlığa səbəb olmaqdadır. Bu səbəbdən də, Ermənistan zaman-zaman Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirməyə çalışıb. Bu məqsədlə bəzən Ermənistan ortaya yalan məlumatlar yayıb, bununla da bu münasibətlərə xələl gətirməyə çalışıblar. Amma heç nəyə nail ola bilməyiblər. Çünki Rusiyada yaxşı başa düşürlər ki, Azərbaycan qonşu dövlət olmaqla yanaşı həmdə etibarlı tərəfdaşdır, o cümlədən və Rusiya ilə mehriban qonşuluq siyasətinin qorunub saxlanılmasında maraqlıdır. Rusiya hərbi-iqtisadi və siyasi gücünə görə dünyanın aparıcı ölkələrindən biridir. Onun qlobal proseslərə, xüsusilə də MDB məkanındakı proseslərə təsir gücü çox böyükdür. Bizim Rusiya ilə 200 illik tarixi dostluq əlaqələrimiz var. Biz bu əlaqələri daha da inkişaf etdirməliyik. Rusiya xalqı və rəhbərliyi də Azərbaycan həqiqətlərini bilməli, haqqın-ədalətin öz yerini almasına dəstək verməlidir. Azərbaycanın məqsədi sadəcə, öz ərazi bütövlüyünü təmin etməkdir. Bizim heç bir dövlətin ərazisində gözümüz yoxdur və Ermənistandan fərqli olaraq qonşu dövlətlərin ərazisini işğal etmək niyyəti ilə yaşamırıq. - Rusiya ilə əlaqələrin inkişafı ölkəmizə iqtisadi-mədəni baxımdan nə vəd edir? -Rusiya ilə əlaqələrin inkişafı, ölkəmiz üçün iqtisadi-siyasi və hərbi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Rusiya Azərbaycan üçün həm də böyük bir bazardır. Azərbaycanda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsulları daha çox Rusiya bazarında satılır. Bizim orada 3 milyondan çox vətəndaşımız yaşayır. Dövlət rəhbərləri arasında münasibətlər nə qədər isti olsa, oradakı soydaşlarımızın vəziyyəti daha yaxşı olar. Azərbaycanda rus dili, rus ədəbiyyatı, rus mədəniyyətinə böyük maraq var. Ölkəmizdə rus dilində məktəblər fəaliyyət göstərir. Azərbaycanda Rusiyanın Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında həm rus, həm də azərbaycanlı tələbələr oxuyurlar. Eyni zamanda, azərbaycanlılar Rusiyanın ali təhsil müəssisələrində təhsil alırlar. Hansı ki, bu məqam hörmətli Mehriban xanımın Rusiya səfərində də vurğulandı və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən təqdir edildi. - Cəlil müəllim, aldığımız məlumata görə, siz özünüz də Moskvadan yeni qayıtmısınız. Mümkünsə, Moskva səfərinin məqsəd və mahiyyəti ilə bağlı məlumat almaq istərdik. -Moskvada bu günlərdə MDB Dövlətləri Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirildi. Tədbirlərdə mənim də çıxışım oldu. Qeyd etdim ki, MDB Veteranlar Təşkilatı ilə əlaqələrin daha da genişləndirilməsi, II Dünya Müharibəsində iştirak edən ölkələrdə döyüşən Azərbaycan döyüşçüləri haqqında məlumatların toplanması, altı döyüş diviziyamızın hansı ölkələrin ərazisindən keçdiyi, hansı dövlətlərdə döyüşməsinin bir daha dəqiqləşdirilməsi, itkin düşən, döyüşlərdə qəhrəmanlıqlar göstərən şəxslərin müəyyən edilməsi, qəhrəmanlarımızın abidəsinin döyüşdükləri şəhərlərdə ucaldılması və s. məsələləri diqqətə çatdırdım. Bundan əlavə “1941-1945-cı illərdə Böyük Vətən müharibəsində sovet xalqının faşizm üzərində Qələbənin dünyəvi-tarixi əhəmiyyəti, Qələbənin mənbələri, müasir zaman üçün dərslər və nəticələr”” mövzusunda konfrans da keçirildi. Konfransda faşizm ideologiyası, XXI əsrdə faşizmin təsiri, 1941-1945-ci illərdə antifaşist koalisiyasında iki siyasət və iki strategiya, II Dünya müharibəsində SSRİ-nin azadlıq missiyası, ordu və xalqın birliyi, sovet xalqının ön və arxa cəbhədəki mübarizəsi, müharibə illərində sovet xalqının dostluğu əsas müzakirə istiqamətləri oldu. Çıxışımda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Respublikamızda veteranlara göstərdikləri qayğı və diqqətin yüksək səviyyədə olmasını konfrans iştirakçılarının diqqətinə çatdırdım. Azərbaycanda İkinci Dünya müharibəsi ilə bağlı abidələrin qorunub saxlanılması, o cümlədən, tarixi saxtalaşdırmaq cəhdləri ilə bağlı mövqeyimizi də ortaya qoydum. Faşistlərlə əlbir olub sovet döyüşçülərinə qarşı vuruşan erməni satqını Nidjeyə abidə qoyulmasını pisləməklə yanaşı, bunun müharibə qurbanlarının əziz xatirəsinə təhqir kimi qiymətləndirdim. Biz müharibədə qəhrəmanlıq göstərən insanlarımızın xatirəsini hər zaman uca tutmuşuq, onları xalqımıza tanıtmağa çalışmışıq. Onların dünyaya tanıdılması, onların haqqında filmlərin çəkilməsi, kitabların yazılması, itkin düşənlər haqqında məlumatların əldə edilməsinə çalışırıq. Azərbaycanlıların döyüşdüyü ərazilərdə bununla bağlı tabloların, abidələrin yaradılmasında maraqlıyıq. Çalışırq ki, bu ölkələrin həm veteran təşkilatları, həm dövlət orqanları ilə daim əlaqə yaradaq və bu işləri həyata keçirək. Bunun çoxuna nail olmuşuq. Serbiyada, Sloveniyada, Ukraynada, Moldovada, Sevestopolda, Taqanroqda, Volqoqradda, Moskvada və Moskva ətrafındakı döyüşlərdə vuruşan döyüşçülərimizlə bağlı müxtəlif abidələr qoyulub və bu, bizim üçün qürurvericidir. - Konfransda Qarabağ problemi, onun həlli zərurəti ilə bağlı müzakirə aparıldımı? -Mən konfransda bir təkliflə çıxış etdim. Xatırlatdım ki, gələn il faşizm üzərində qələbənin 75 illiyini qeyd edəcəyik. Arzu edərdik ki, müharibə dövrünün dostluq mühitini qaytarmaq üçün MDB dövlətləri bir-birlərinə həmin dövrün dostluq münasibəti ilə yanaşsın. Azərbaycanla yanaşı, bəzi ölkələrdə də SSRİ-nin süqutundan sonra müharibə ocaqları yaranıb. İstərdik ki, MDB ölkələrinin başçıları bununla bağlı xüsusi tədbirlər keçirsinlər. Faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində bu konfliktlərə son qoysunlar. Mən MDB Veteranlar Təşkilatına bununla bağlı təklif vermişəm. İstəyirəm ki, MDB Veteranlar Təşkilatı adından MDB dövlətləri başçılarına müraciət edək. Ümid edirəm ki, belə bir müraciət baş tutacaq, işğalçı Ermənistanın təcavüzkar siyasəti bir daha ifşa olunacaq. Ümid edirəm ki, MDB dövlətləri qaldırdığımız problemə diqqət yetirəcək, onun həlli istiqamətində müvafiq addımlar atacaqlar. Hesab edirəm ki, bu, MDB məkanındakı konflikt və qarşıdurmaların həlli baxımından faydalı olar. Şəmsiyyə Əliqızı, “İki sahil”

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyini 27-ci ildönümləri münasibətilə təbrik edib

  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov Təşkilatın Rəyasət Heyəti adından Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyini 27-ci ildönümləri münasibətilə təbrik edib. Birliyin sədri Füzuli Rzaquliyevə ünvanlanan təbrik mətnində deyilir:   “Hörmətli Füzuli müəllim.    AVMVİB-nin yaradılmasının 27-ci il dönümü münasibətilə təşkilatınızın çoxminli üzvlərini səmimi qəlbdən təbrik edir, vətənimizin müdafiəsi naminə gördüyünüz işlərdə Sizə yeni-yeni uğurlar arzulayırıq.Təşkilatınız yarandığı  günlərdən dövlətimizin və Ali Baş Komandanımızın siyasi kursunu daim  dəstəkləmiş, etibar  və   sədaqət  nümayiş etdirmişdir. 44 günlük müharibə dövründə də veteran həmrəyliyinin şahidi olduq. Respublika Prezidenti ətrafında yumruq kimi birləşmiş veteranların öncülləri sırasında   AVMVİB üzvlərini də qeyd edə bilərik. Sizə bir daha bundan sonrakı fəaliyyətinizdə uğur və müvəffəqqiyyətlər  arzulayırıq”.  

Hamısını oxu
Bu gün vətənpərvər zabitimizə böhtan, yalan, hədiyan yazmaqla görəsən “nəyə” nail olmaq istəyirlər?..

  Son günlər cumhuriyyet.az saytı Əfqanıstan, Qarabağ müharibəsinin və Azərbaycan Silahlı Qüvvələrinin veteran zabiti, Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilova qarşı yazılmış qərəzli, ədalətsiz, böhtan xarakterli yazılara münasibət bildirirəm ki, belə təxribat xarakterli yazılar, həqiqəti əks etdirmir, müharibə şəraitində olan ölkəmizdə gənclərin hərbi vətənpərvərlik ruhunun aşılanmasına mənfi təsir göstərir. Xüsusi ilə vurğulamaq istəyirəm ki, bu gün böhtan xarakterli yazılarla ittiham edilən ehtiyatda olan polkovnik Cəlil Xəlilovun Azərbaycan Silahlı Qüvvələrinin və xüsusi ilə də Azərbaycan Sərhəd qoşunlarının formalaşmasında böyük əməyi olan və 1993-cü ildə özünü Talış-Muğan Respublikasının  rəhbəri elan edərək qiyam qaldırmış Əlikram Hümbətovun dəstəsinin və özünün tərkisilah edilməsində  həbs edilməsində Lənkəran Sərhəd Dəstəsinin qərərgah rəisi kimi xüsusi xidmətləri olmuşdur. Cəlil Xəlilov 2014-cü ildə  Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini vəzifəsinə seçildikdən sonra o,sədr müavini kimi rəhbərlik etdiyi təşkilatın adına uyğun struktur və nizam-intizam yaratmışdır.          Bu gün Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri  Ehtiyatda olan hörmətli, əziz generalımız Dadaş Rzayevin və ehtiyatda olan polkovnik Cəlil Xəlilovun əməyi sayəsində nəyinki Azərbaycanda, hətta MDB-olan ölkələrdə analoqu olmayan Veteran Təşkilatına çevrilmişdir. Adı fərəhlə çəkilən veteranlar təşkilatına əməyi olmuş, silahlı qüvvələrində döyüşmüş veteranlar kifayət qədərdir. Təşkilat Azərbaycanda fəaliyyət göstərən bütün veteran və vətənpərvər Qeyri Hökumət Təşkilatları ilə yaxından əməkdaşlıq edərək keçirdiyi bütün tədbirlərə həmin təşkilatları dəvət edir və onların təşkil etdiyi tədbirlərə qatılaraq dəstəyinin onlardan əsirgəmir. O, Azəbaycanın müstəqilliyi və torpaqlarının bütövlüyü uğrunda döyüşərək şəhid olmuş şəhid ailələrinə, müharibə əlillərinə,  Əfqanıstan, Qarabağ müharibəsinin və Azərbaycan Silahlı Qüvvələrinin veteranına diqqət və qayğı ilə göstərərək onlara hörmətlə yanaşmışdır. Cəlil Xəlilov dəfələrlə beynəxalq tədbirlərdə Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini kimi iştirak edərək erməni separatçılarına qarşı çəkinmədən çıxış edərək onları real faktlarla əks etdirən sənəd-sübutla susdurmuşdur. Mən bir Əfqanıştan və Qarabağ müharibəsi veteranı və Azərbaycan Respublikası Beynəlminəçi Əlil Döyüşçülər Fondunun prezidenti kimi Cəlil Xəlilovu Azərbaycan Dövlət siyasətinin həyata keçirilməsində, Azərbaycanda Vətəndaş Cəmiyətinin inkişafında yaxından iştirak edərək gənclər arasında hərbi vətənpərvərlik ruhunun aşılamasındakı və Əfqanıstan, Qarabağ müharibəsində sağlamlıqlarını itirmiş əlillərə, veteranlara, Şəhid alələrinə diqqət və qayğı göstərən şəxs kimi tanıyıram. Bu gün mən başa düşə bilmirəm ki, belə bir vətənpərvər ehtiyatda olan zabitimizə çəkinmədən böhtan, yalan, hədiyan yazılarla görəsən bunlar “kimlərə” xidmət edərək, “nəyə” nail olmaq istəyirlər?..   Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun Prezidenti,  Əfqanıstan, Qarabağ müharibəsi iştirakçısı Sərraf Orucov

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsi veteranı Anna Xarkovskayanı 8 Mart münasibətilə təbrik edib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov və Nərimanov Bələdiyyəsinin sədri Təhmiraz Tağıyev İkinci Dünya müharibəsi veteranı Anna Xarkovskayanı evində ziyarət edib. Müharibə veteranını 8 mart münasibətilə təbrik edən Cəlil Xəlilov və Təhmiraz Tağıyev ona gül dəstəsi və hədiyyə verib, ən xoş arzularını bildirib.  Anna Xarkovskaya göstərdiyi diqqətə görə qonaqlara təşəkkür edib, minnətdarlığını bildirib. Xatırladaq ki, polkovnik Cəlil Xəlilov bir müddət öncə  Anna Xarkovskayanı xəstəxanada da ziyarət etmiş, onun müalicəsi ilə maraqlanmışdı. (https://veteran.gov.az/az/news/2382-polkovnik-celil-xelilov-baki-saglamliq-merkezinde-mualice-alan-ikinci-dunya-muharibesi-veterani-anna-xarkovskaya-bas-cekib ).

Hamısını oxu