Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İsmayıl Əli oğlu İbrahimov

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış alimi və ictimai xadimi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar Elm Xadimi, texnika elmləri doktoru, professor İsmayıl Əli oğlu İbrahimov 2016-cı il iyulun 16-da ömrünün 101-ci ilində vəfat etmişdir.  İsmayıl İbrahimov 1915-ci il dekabr ayının 31-də Azərbaycanın Ordubad şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1930–1935-ci illərdə Bakı şəhərində Sənaye Politexnik Texnikumunun mexanika fakültəsində oxumuş, 1935–1941-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində ali təhsil almışdır. 1941-ci ildə Azərbaycan Baş Energetika İdarəsində əmək fəaliyyətinə böyük mühəndis olaraq başlayan İsmayıl İbrahimov elə həmin il ordu sıralarına çağırılaraq 1942-ci ilədək Budyonnı adına Hərbi-Elektrotexniki Rabitə Akademiyasında təhsil almışdır. O, döyüşən ordu sıralarına göndərilmiş və cəbhədə bacarıqlı hərbi mütəxəssis kimi fərqlənərək batalyon komandirliyinə qədər yüksəlmişdir. İsmayıl İbrahimov İkinci Dünya müharibəsindən qayıtdıqdan sonra 1946–1988-ci illərdə Azərbaycan Sənaye İnstitutunda baş laborant, assistent, baş müəllim, dosent, professor və kafedra müdiri işləmişdir. O, 1960–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun rektoru vəzifəsini tutmuşdur. 1970-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilən İsmayıl İbrahimov 1978-ci ildə yenidən Azərbaycan Neft və Kimya İnstitutunun rektoru təyin olunmuş və 1988-ci ilədək həmin vəzifədə çalışmışdır. O, 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. İsmayıl İbrahimov 1952-ci ildə texniki elmlər üzrə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1968-ci ildə isə professor adını almışdır. O, elə həmin ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. Akademik İsmayıl İbrahimov uzun illər ərzində səmərəli elmi fəaliyyəti sayəsində Azərbaycanda kibernetika, idarəetmə sistemləri, avtomatlaşdırma və informasiya texnologiyalarının inkişafında mühüm xidmətlər göstərmişdir. Alim özünün çoxillik elmi yaradıcılığı ilə ölkədə neftayırma, neft-kimya emal qurğu və proseslərinin kompleks avtomatlaşdırılması üzrə sxemlərin işlənib hazırlanaraq sənayedə tətbiqi işinə töhfələr vermişdir. Bu tədqiqatlar istehsalatın səmərəliliyinin yüksəldilməsi üçün lazımi zəmin yaratmışdır. İsmayıl İbrahimov 140-dan artıq elmi əsərin, o cümlədən 20-dək monoqrafiyanın, elmi-metodiki vəsait və dərsliklərin müəllifi idi. Alimin rəhbərliyi altında 40-dan çox fəlsəfə və elmlər doktorları hazırlanmışdır. O, bir sıra mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə ölkə elmini layiqincə təmsil etmişdir. İsmayıl İbrahimov elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə ahəngdar şəkildə əlaqələndirmişdir. Alim respublikada və onun hüdudlarından kənarda tanınan mötəbər bir ali təhsil ocağına rəhbərlik etdiyi illər ərzində neftçi kadrların yetişdirilməsi və Azərbaycanın “neft akademiyası” kimi şöhrətinin artırılmasında böyük xidmətlər göstərmişdir. İsmayıl İbrahimovun ictimai fəaliyyəti də zəngin və təqdirə layiqdir. O, bir neçə çağırış Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilmiş, uzun müddət Azərbaycan Uşaq Fondunun İdarə Heyətinin sədri olmuşdur. Alimin fədakar əməyi yüksək qiymətləndirilmişdir. O, müxtəlif orden və medallar almış, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan “Şərəf” ordeninə layiq görülmüşdür. Tanınmış ictimai xadim, alim və pedaqoq İsmayıl Əli oğlu İbrahimovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin!   İlham Əliyev Artur Rasizadə Oqtay Əsədov Ramiz Mehdiyev Elçin Əfəndiyev Hacıbala Abutalıbov Fatma Abdullazadə Akif Əlizadə Mikayıl Cabbarov Arif Mehdiyev Arif Paşayev İsa Həbibbəyli Tofiq Nağıyev İbrahim Quliyev Rasim Əliquliyev Telman Əliyev Maqsud Əliyev Çingiz Qacar Mustafa Babanlı

2016-07-18 00:00:00
2656 baxış

Digər xəbərlər

Biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir – bizim ölkəmizdə və bütün dünyada

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva koronavirus infeksiyası ilə bağlı xalqımıza növbəti dəfə müraciət edib. AZƏRTAC müraciəti təqdim edir: “Hörmətli həmvətənlər! Sizinlə ölkəmizdə COVID-19 epidemiyasının hazırkı vəziyyəti ilə bağlı fikirlərimlə bölüşmək istəyirəm. Keçdiyimiz yolu dəyərləndirərək, bu gün artıq deyə bilərik ki, bu şiddətli virus hücumu başlayanda onun real miqyasını, təhlükə dərəcəsini və törədə biləcəyi fəsadları qiymətləndirmək və dərk etmək üçün çox az məlumat var idi. Bir şey aydın idi – bütün imkanları səfərbər etmək və qəti tədbirlər görmək lazım idi. Əminliklə təsdiqləyə bilərik ki, ölkəmiz bu vəzifənin öhdəsindən şərəflə gəldi. Həm azərbaycanlı, həm də beynəlxalq ekspertlərin fikrincə, Azərbaycan epidemiyanın ilk və olduqca təhlükəli mərhələsindən ən az sayda itkilərlə çıxan dövlətlər sırasında yer alıb. Biz ən əsas məsələlərə – virusun sürətli yayılmasının qarşısını almağa, epidemiya ilə mübarizənin bütün aspektlərini əlaqələndirən peşəkar komanda yaratmağa, lazımi texniki və insan resurslarını birləşdirməyə müvəffəq olduq. Sərt karantin tədbirləri sayəsində koronavirusun yayılma sürətini azaltmağı bacardıq. Səhiyyə sistemi qısa müddət ərzində təhlükəli epidemiyaya qarşı effektiv müqavimət strategiyası işləyib hazırladı. Şəhərlərin və kəndlərin həyat təminatı obyektlərinin işçiləri təxirəsalınmaz məsələləri həll edirdilər. Kiçik və orta biznesə dəstək, habelə əhaliyə sosial yardım məqsədilə dövlət tərəfindən dəyəri 3 milyard manatdan çox olan proqram paketləri hazırlanıb həyata keçirilir. Bir sözlə, vaxtında görülmüş və düşünülmüş tədbirlər sayəsində ölkəmiz özünü həqiqətən də faciəli ssenaridən qurtara bildi. Əməyi uğurlarımızın qarantı olan hamıya və hər kəsə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çətin sınaq günlərində xalqımız bir daha ən yaxşı xüsusiyyətlərini nümayiş etdirdi və bu, sonsuz təşəkkürə layiqdir. Biz öz Vətənimizin təhlükəsizliyinin qayğısına qalırdıq və qalırıq, təhlükəyə qarşı yenilməz birlik nümayiş etdiririk. Əziz həmvətənlərim, biz birlikdə xəstəliyin məhvedici dərəcədə tez yayılmasından öz evimizi qoruya bildik. Buna görə çox sağ olun! Bizim cəsarətli tibb işçilərimizə – həkimlərə, tibb bacıları və qardaşlarına, laborantlara, xəstəxana və klinikaların texniki heyətinə, gecə-gündüz insanların həyatı və sağlamlığı naminə mübarizə aparmağa davam edən hər kəsə bir daha səmimi və sonsuz təşəkkürümü ünvanlayıram. Polislərə və daxili qoşunların hərbi qulluqçularına dərin təşəkkürümü bildirirəm. Axı, bu çətin günlərdə asayişi, təhlükəsizliyi və karantin tədbirlərinə əməl olunmasını məhz onlar təmin edirlər. Heydər Əliyev Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin bütün əməkdaşlarına, sosial işçilərə və könüllülərə təşəkkür edirəm. Bu məsələyə laqeyd yanaşmayan bütün insanlara, yaxınlarına kömək göstərən, xeyirxahlıq edən hamıya minnətdaram. Uca Tanrı yaxşı əməl sahiblərinin savabını artıracaqdır! Əziz dostlar! Müsbət nəticələr sayəsində biz təcrid rejiminin müəyyən dərəcədə yumşaldılmasına imkan verə bilərik. Bir sıra dövlət qurumlarının və özəl biznes sektorunun fəaliyyəti bərpa olunur. Daha əvvəl tətbiq olunan bəzi karantin tədbirləri ləğv edilir. Bu, o deməkdirmi ki, hər şey arxada qaldı və biz gündəlik həyatımıza geri dönə bilərik? Əfsuslar olsun ki, həmin vaxt hələ gəlib çatmayıb. Bəli, biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir – bizim ölkəmizdə və bütün dünyada. Bütün ölkələrə və xalqlara bu qədər bəla və əzablar yaşadan virus hələ məğlub olmayıb. O, əvvəlkitək hamı üçün ciddi təhlükə olaraq qalır və əvvəlkitək bizim aramızdadır. COVID-19-a qarşı vaksinin nə zaman hazırlanacağını və xəstəliyin tez və effektiv müalicə üsulunun nə vaxt yaranacağını bu gün dəqiqliklə heç kim deyə bilmir. Hələ ki, bu, baş verməyib, hamımız dərk etməli və qəbul etməliyik ki, biz bu yeni reallıqla yaşamalıyıq. Biz heç bir halda sayıqlığımızı itirməməli, ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik. Belə əziyyətlə nail olduğumuz nəticələri sıfıra endirərək itirmək yolverilməzdir. Laqeydlik hər birimizə, bizim yaxınlarımıza, bizim ölkəmizə real təhlükə törədəcəkdir. Biz hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik. Əslində bu qaydalar elə də çətin deyil – məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq. Tərəzinin digər gözündəki həyat və sağlamlığımızdır. Yeni acı həqiqət budur və bununla Prezidentdən başlayaraq sıravi vətəndaşlaradək hamı hesablaşmaq məcburiyyətindədir. Əziz həmvətənlər! Şübhəsiz ki, COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək. Çox ümidvaram ki, həmin gün uzaqda deyil. Amma hələ ki, o gün gəlməyib, hörmətli qardaşlar və bacılar, xahiş edirəm, sayıq və intizamlı olun, yeni qayda və tələblərə tam ciddiyyətlə yanaşın. Özünüzdən və yaxınlarınızdan muğayat olun! Bizim sevimli Vətənimizi, bizim Azərbaycanımızı qoruyun! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.

Hamısını oxu
Ulu Öndərin anım günü ilə bağlı tədbir keçirilib

Cəlilabad rayon Veteranlar Təşkilatı Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirib. Tədbir başlamazdan öncə Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbiri  rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması, inkişafı və möhkəmləndirilməsindəki müstəsna xidmətlərini xüsusi vurğulayıb. O, qeyd edib ki, bu gün Ümummilli Liderin arzuları reallaşmışdır. Azərbaycan öz tarixi torpaqlarına qovuşmuş, Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz Ermənistanın əsarətdə saxladığı  torpaqlarımızı işğaldan azad edilmişdir.  Tədbirdə Beynəlxalq Heydər ata mükafatı laureatı Gülbala Teymur, şəhid atası Mehman Əliyev, Qarabağ qaziləri İctimai Birliyi Cəlilabad filialının sədri Maşalla Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Cənub bölgəsi üzrə nümayəndəsi  Cavidan Rəşidov, tanınmış qələm adamları Əfrahim Abbas, İman Abdulla, Əlövsət Tahirli, şəhid qardaşı Sakit Üçtəpəli və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevə olan ehtiramlarını bildirmiş,  əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən düzgün siyasi kursun nəticəsi olaraq qazanılmış  böyük zəfərdən, doğma Qarabağımızda gedən quruculuq işlərindən danışıblar.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün 104-cü ildönümü ilə bağlı tədbir keçirilib.   Təşkilatın Rəyasət Heyətinin və veteranların iştirak etdiyi tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov 31 Mart soyqırımı və bu soyqırımının anti-insani mahiyyətindən danışıb:   “31 Mart soyqırımı miqyas və mahiyyətini görə XX əsrin ən dəhşətli soyqırımlarından biridir. Təəssüf hissi ilə qeyd etməliyik ki, erməni faşizmi XX əsrdə bir deyil, bir neçə dəfə xalaqımıza qarşı soyqırım və qətliamlar törədib. XX əsrin sonlarında  -1992-ci ildə baş verən Xocalı soyqırımı buna nümunədir. Bütün bu faktlar onu göstərir ki, erməni faşizmi Azərbaycan xalqına qarşı əsrlər uzunudur ki, sistemli şəkildə soyqırımları həyata keçirməkdə, genosid törətməkdədir. Bizim üçün qürurvericidir ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizminə ağır zərbə vurdu, işğaldakı torpaqlarımızın azadlığını təmin etdi. İşğalçı Ermənistan  xalqımıza qarşı törətdiyi cinayətlərə görə layiqli şəkildə cəzalandırıldı. Bununla yanaşı ,erməni faşizminin xalqımıza qarşı törətdiyi soyqırımlarına görə beynəlxalq hüquq müstəvisində də öz layiqli cəzasını alması vacibdir və əminəm ki, Azərbaycan xalqı gec-tez buna nail olacaqdır.   Onu  da untumaq olmaz ki, bütün bu soyqırımları mahiyyət etibari ilə həm bütün bəşəriyyətə, bütün insanlığa qarşı törədilib. Bu baxımdan erməni faşizminin tarixin müxtəlif dönəmlərində xalqımıza qarşı törətdiyi qətliamlara görə beynəlxalq hüquq müstəvisində məsuliyyətə cəlb edilməsi sadəcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin mənafeyi və təhlükəsizliyi baxımından zəruridir”.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov da çıxışında 31 Mart soyqırımı və erməni faşizminin beynəlxalq müstəvidə ifşasının önəmindən danışıb. Professor qeyd edib ki, erməni cinayətkarlarının cəzalandırılması üçün hərbi tribunalın yaradılması, xalqımıza qarşı qətliamlar, soyqırımları törədənlərin bu tribunal qarşısında cavab verməsi vacibdir.

Hamısını oxu
Dövlətçiliyin keşiyində əzmkar xidmət nümunəsi

Artıq 31 ildir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Bu gün Daxili Qoşunlar, sözün əsl mənasında, xalqımızın əmin-amanlığı, dövlət və dövlətçiliyin daha da gücləndirilməsi naminə fədakar xidmətini davam etdirməkdədir. Ötən illərdə Daxili Qoşunlar qarşısına qoyulmuş tapşırıqların yerinə yetirilməsinə hər zaman böyük məsuliyyətlə yanaşıb və ona göstərilən bu yüksək etimadı doğrultmağa çalışıb. Yarandığı gündən daim dövlətin və dövlətçiliyin keşiyində yenilməz əzmkarlıqla dayanan Daxili Qoşunların inkişaf və yüksəliş yolu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Daxili Qoşunlar Ulu Öndərin xüsusi diqqət və qayğısı nəticəsində formalaşıb, inkişaf edib, yüksək döyüş hazırlığına malik hərbi quruma çevrilib. Daxili Qoşunlar yarandığı gündən ölkə daxilində ictimai təhlükəsizliyin təmin olunması ilə yanaşı, Vətənin müdafiəsində də iştirak edib. Birinci Qarabağ müharibəsi dövründə hərbi qulluqçularımızın döyüşlərdə göstərdikləri şücaət və fədakarlıq nümunələri xalqımızın yaddaşında silinməz iz qoyub. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-ci il martın 9-da imzalanmış Fərmana uyğun olaraq, 12 mart tarixi Daxili Qoşunlar Günü elan olunub. Bu da təsadüfi deyildi. Məhz müstəqil Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüş əməliyyatlarına ilk dəfə olaraq 1992-ci il mart ayının 12-də başlayıb. Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, uzunmüddətli atəşkəs dövründə qoşunların xidməti fəaliyyəti yeni mərhələyə qədəm qoyub, onun təyinatından irəli gələn vəzifələrin icrasında zəngin təcrübə qazanılıb, geniş quruculuq işləri aparılıb, maddi-texniki baza yenilənib, beynəlxalq hərbi əməkdaşlıq əlaqələri qurulub, Daxili Qoşunlar döyüş hazırlığına, hərtərəfli təchizatına, müasir silah-sursatına, texnikasına görə Avropanın qabaqcıl ölkələrinin müvafiq qurumları ilə müqayisə edilə bilən səviyyəyə yüksəlib. 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi zamanı Daxili Qoşunların hərbi qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq, erməni işğalçıları üzərində möhtəşəm qələbənin qazanılmasına öz layiqli töhfələrini veriblər. Ön cəbhənin müxtəlif istiqamətlərində Daxili Qoşunların şəxsi heyəti düşmənə qarşı igidliklə vuruşaraq, torpaqlarımızın azad olunması üzrə döyüş tapşırıqlarını öz canı və qanı bahasına yerinə yetirib.  Daxili Qoşunların xidməti-döyüş fəaliyyəti Azərbaycan Respublikasının Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun və Daxili Qoşunların komandanlığının daim nəzarətindədir. İstər cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, istərsə də mühüm dövlət obyektlərinin mühafizəsində şəxsi heyət müsbət nəticələr əldə edib. Əlbəttə ki, bu uğurlar bilikli və bacarıqlı komandir heyətinin rəhbərliyi altında idarəçiliyin, yüksək döyüş hazırlığının və təlimlərin hesabına ərsəyə gəlib. Daxili Qoşunlarda bu gün ciddi nizam-intizam hökm sürür, şəxsi heyətin mənəvi-psixoloji durumu qənaətbəxşdir. Şəxsi heyət Prezidentə, dövlətə, xalqa məhəbbət və sədaqət ruhunda tərbiyə olunur. Hərbi hissələrin döyüş qabiliyyəti və döyüş ruhu kifayət qədər yüksəkdir. Daxili Qoşunların keçdiyi yol bir daha sübut edir ki, şəxsi heyət həmişə xalqın əmin-amanlığının, ölkədaxili sabitliyin sadiq keşikçisi olaraq, respublikamızın ərazi bütövlüyünün bərpasında layiqincə iştirak edib. Hərbi qulluqçularımız işğalına son qoyulan torpaqlarımızın müdafiəsində qətiyyətlə dayanaraq, həmin bölgələrdə polis əməkdaşları ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində yüksək peşəkarlıq göstərərək, dövlət əhəmiyyətli, mürəkkəb xidməti-döyüş tapşırıqlarının öhdəsindən cəsarətlə gəlirlər. Bu da Daxili Qoşunların cəmiyyətdə nüfuzunu artırır və vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır.   Mayor Anar Əhmədov DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru  

Hamısını oxu