Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Milli təqvimin daha bir tarixi günü

Qalib Azərbaycan xalqı milli təqvimə daha bir tarixi günü qürurla və əzəmətlə yazmağa müvəffəq oldu. "Qarabağ" təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi. Bu, 30 ilə yaxın müddətdə həsrətlə gözlədiyimiz Böyük Qayıdışın daha bir rəmzi - simvolik ifadəsidir.

 

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri həmin ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Təqdirəlayiq haldır ki, Prezident İlham Əliyevin rəhbərliyi və müvafiq tapşırıqları əsasında bəhs olunan torpaqlarda zəruri infrastrukturun yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Böyük Qayıdışın təmin edilməsində çox mühüm humanitar missiya həyata keçirir. Onun rəhbərliyi ilə görülən işlər - atılan addımlar işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparılmasında çox böyük əhəmiyyət daşıyır.

 

Bütövlükdə, Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanı ilə yanaşı, Laçın və Zəngilan rayonlarında da beynəlxalq hava limanlarının tikintisi həm sosial-iqtisadi, həm də strateji cəhətdən olduqca önəmlidir. Azərbaycan dövləti bütün bu imkanlardan və üstünlüklərdən istifadə edərək öz qüdrətini daha da artıracaq!

 

 

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

 

 

2021-09-06 08:07:00
1502 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Mahaçqala şəhərində mərhum dövlət xadimi Əziz Əliyevin heykəl-kompleksini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 18 aprel 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasına səfəri çərçivəsində mərhum dövlət xadimi Əziz Əliyevin heykəl-kompleksini  ziyarət edib, xatirə kompleksinin önünə gül dəstələri qoyub. Şəhər veteranları, ictimai-siyasi fəallar, məktəblilər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov, Əziz Əliyevin 1942-1948-ci illərdə Dağıstanın ictimai-siyasi və iqtisadi-sosial inkişafına verdiyi töhfədən danışıb. Polkovnik qeyd edib ki, Əziz Əliyev Azərbaycanla Dağıstan xalqları arasındakı tarixi dostluq münasibətlərinin inkişafında mühüm rol oynayıb: “Böyük dövlət xadimi Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərlik etsə də, onun fəaliyyətinin miqyas və önəmi Dağıstanın hüdudlarından kənarda da aydın hiss olunub, bütün regionda milli-mədəni münasibətlərin, xalqlararası dostluq əlaqələrinin inkişafına təkan verib. Məhz Əziz Əliyevin hakimiyyəti dönəmində Dağıstan müharibə dövrünün özü ilə gətirdiyi çoxsaylı çətinliklərə rəğmən, iqtisadi-sosial baxımdan inkişaf edib, Dağıstan xalqının Azərbaycan xalqı ilə münasibətləri, dostluq-qardaşlıq əlaqələri daha da güclənib. Sonralar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən bu siyasət müvəffəqiyyətlə davam etdirilib, Azərbaycan-Dağıstan münasibətləri yüksək səviyyəyə çatdırılıb. Bizim üçün qürurvericidir ki, mərhum dövlət xadimlərimizin bu siysəti hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Bu gün bizim Dağıstana səfər etməyimiz, bu səfər əsnasında buradakı veteranlar, ictimai-siyasi fəallar, məktəblilərlə göğrüşməyimiz məhz bu siyasətin nəticəsidir. Unutmamalıyıq ki, Azəbaycan və Dağıstan xalqı İkinci dünya müharibəsində faşizmə qarşı da bir yerdə - çiyin-çiyinə mübarizə aparmış, “qəhvəyi taun” üzərində zəfərə birgə imza atmışdır. Bu faktın özü tarixi-mədəni baxımdan oxşar yol keçən xalqlarımızın tarixi dostluğuna nümunədir”. Polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlığa da diqqət çəkib: “2020-ci ildə 30 ilik işğalın ardınca Azərbaycan Silahlı Qüvvələr Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizmini darmadağın etmiş, cəmi 44 gün ərzində ərazi bütövlüyümüzü təmin etmişdir. Bu gün Prezident İlham Əliyev liderlik etdiyi Azərbaycan Respublikası bütün Cənubi Qafqazda sülhün və təhlükəsizliyin ən böyük, ən etibarlı təminatçısıdır. Əminəm ki, Prezidentimizin rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri həyata keçirən Azərbaycan dövləti yaxın gələcəkdə daha da çiçəklənəcək, Dağıstan xalqı ilə Azərbaycan xalqı arasındakı tarixi dostluq, qardaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edəcək”. Polkovnik Cəlil Xəlilov çıxışında Dağıstan və Azərbaycan veteranları ilə sıx əlaqə saxlayan, xalqlararası dostluq münasibətlərinin inkişafına töhfə verən Dağıstan Respublikasının ölkəmizdəki nümayəndəsi general-mayor Əliyar Abdullayevə də öz təşəkkürünü bildirib. Tədbirdə Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və  Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsinin sədri Alicanov Maharam Ramaldanoviç və Dərbənd Şəhər Veteranlar Şurasının sədri Hacımuradov Yacımurad İbramoviç də iştirak edib.  Çıxışında polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətini salamlayan Alicanov Maharam Ramaldanoviç, Azərbaycan-Dağıstan dostluq münasibətlərinin digər xalqlar üçün də örnək olduğunu bildirib, dostluq münasibətlərinin bundan sonra da qorunub saxlanılmasının zəruriliyini vurğulayıb. Seymur ƏLİYEV

Hamısını oxu
Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi qulluqçuları Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsən 28 may – Müstəqilik günü münasibətilə hərbi qulluqçuları təbrik edib. Təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər! Sizi dövlətçilik tariximizin ən şanlı səhifələrindən sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümü, 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Vətənə müqəddəs və şərəfli xidmətinizdə uğurlar arzulayıram. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dönəmlərində ölkəmizin dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsi yüksək tutulmuş, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında və dövlətçilik ənənələrimizin möhkəmlənməsində müstəsna xidmətləri olmuşdur. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın iqtisadi dayaqları daha da güclənərək demokratik dövlət quruculuğu prosesində beynəlxalq nüfuzu artmaqda davam edir və bu gün Azərbaycan regionda dayanıqlı sülhün və sabitliyin qorunmasının əsas təminatçısına çevrilmişdir. Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun gücləndirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması, keçirilmiş təlimlər şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə Azərbaycan Ordusunun tarixində yeni qəhrəmanlıq səhifələrinin açılmasına təkan vermişdir. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu döyüşlər, həmçinin antiterror əməliyyatı nəticəsində işğalda olmuş torpaqlarımız azad olundu. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü və peşəkarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edildi, bütün ölkə ərazisində konstitusiya quruluşu tam bərpa olundu. Ötən il Bakı şəhərində keçirilən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş təntənəli hərbi parad ölkəmizin müdafiə qüdrətinin gündən-günə artırılmasının göstəricisidir. Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və abadlıq işlərinin aparılmasına böyük töhfədir. Bu gün qüdrətli Azərbaycan Ordusunun bölmələri Vətənimizin keşiyində əzmlə dayanaraq, Böyük Qayıdış proqramı çərçivəsində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə öz layiqli töhfələrini verir. İnanıram ki, ordumuz Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalaraq Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcəkdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva Vətən uğrunda gedən döyüş əməliyyatları zamanı yaralanmış hərbi qulluqçulara, o cümlədən şəhid ailələrinə və müharibə veteranlarına hər zaman xüsusi diqqət və qayğı göstərmişdir. Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, sağlamlığını itirən döyüşçülərimizi, veteranları Müstəqillik Günü münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram. Bir daha 28 May – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram. 28 May – Müstəqillik Gününüz mübarək olsun!"

Hamısını oxu
Şəhid ailələri, müharibə əlilləri və qazilərə qayğı azərbaycançılıq ideologiyasının təzahüri kimi...

Məlum olduğu kimi, azərbaycançılıq ideologiyasının təməl sütunlarından biri də vətənpərvərlikdir. Vətəni sevmək, onun inkişafına, təhlükəsizliyinə və rifahına töhfə vermək, ümumxalq marağı naminə şəxsi maraqlarından imtina etmək bacarığı azərbaycançılıq ideologiyasının diktə etdiyi əsas prinsiplərdən birini təşkil edir. Heç şübhəsiz, vətənə xidmətin əsas göstəricilərindən biri də vətən uğrunda həlak olan şəhidlərin ailəsinə, müharibə əlilləri və qazilərə diqqət və qayğı göstərmək, onlarla həmrəylik sərgiləməkdir. Bu baxımdan ölkəmizdə istər qeyri-hökumət təşkilatları (QHT), istər dövlət qurumları, istərsə də vətəndaşlar arasında vəziyyət nəinki qənaətbəxş, hətta qürurvericidir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından xalqa xidmətin özünəməxsus nümunəsi... QHT-lər arasında vətənpərvərlik təbliğatı, habelə şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə diqqət və qayğının yüksək səviyyədə olması Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının timsalında özünü xüsusilə aydın şəkildə büruzə verir. Yarandığı gündən bugünə qədər şəhid ailələrinin, müharibə əlillərinin  və veteranların problemlərini diqqətdə saxlayan, dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olan, düşmənlə mübarizədə böyük şücaətlər göstərən qəhrəmanlarımızın təbliği istiqamətində mühüm layihələrə imza atan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, 44 günlük Vətən müharibəsində də aktivliyi ilə yadda qaldı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Təşkilatın sədri Fatma Səttarovaya 100 illik yubileyi münasibəti ilə ünvanladığı 24 yanvar 2022-ci il tarixli məktubda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Vətən müharibəsi dönəmindəki fəaliyyətini yüksək qiymətləndirərək demişdir:   “...Cəbhəyə könüllü yollanaraq Leninqrad şəhərinin mühasirəsi zamanı və Moskva ətrafında gedən döyüşlərdə fəal iştirakınız fədakarlıq və şücaətin bariz nümunəsi idi. Xalqımızın məhz Sizin kimi yüz minlərlə mərd övladlarının cəsarəti, igidliyi, əzmkarlığı sayəsində Azərbaycanın adı faşizmə qarşı mübarizənin ön cərgəsində yer almış dövlətlər sırasındadır. Sonrakı dövrlərdə Siz ölkəmizin ictimai həyatında yaxından iştirak etmiş, gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə, layiqli vətəndaşlar kimi yetişməsinə töhfə vermisiniz. 44 günlük Vətən müharibəsi zamanı təmsil etdiyiniz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dövlətimizin, ordumuzun yanında olmuş, qazilərimizə, şəhid ailələrimizə mənəvi dəstək vermiş, diqqət və qayğı göstərmişdir”. (//president.az/az/articles/view/55295 ). Təşkilatın sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov istər müharibədən öncə, istər müharibə, istərsə də post-müharibə dönəmində yerli və xarici mətbuatda çoxsaylı çıxışlar etmiş, beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətlərinin çatdırılması, dünyanın erməni faşizminin vəhşiliklərindən xəbərdar olması, xalqımızın haqq işini dəstəkləməsi baxımından mühüm işlər görmüşdür. Xaricdəki soydaşlarımızın Azərbaycanın maraqları naminə səfərbər edilməsi, ölkəmizdəki xarici səfirliklərin Qarabağ həqiqətləri haqqında məlumatlandırılması, anti-milli və təxribatçı qüvvələrin qazilərdən şəxsi ambisiyaları naminə istifadə cəhdlərinin qarşısının alınması və s. kimi məsələlərdə polkovnik Cəlil Xəlilovun müsahibələri, apardığı təbliğati iş maarifləndirici faktor kimi böyük əhəmiyyət kəsb etmişdir. Şübhəsiz, ümumilikdə QHT sektorunun azərbaycançılıq ideologiyasının təbliği, milli maraqların müdafiəsindəki aktivliyində Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, o cümlədən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın əməyinin mühüm rol oynadığı birmənalıdır. Onu da qeyd edək ki, həm Vüsal Quliyev, həm də Aygün Əliyeva sadəcə paytaxt və ətraf rayonlarda deyil, ucqarlardakı QHT-lərin fəaliyyətinin stimullaşdırılması, onların səmərəli və optimal fəaliyyətinin təmin edilməsi istiqamətində də ardıcıl və koordinasiyalı fəaliyyət ortaya qoymaqda, respublikanın müxtəlif rayon və şəhərlərində QHT-lərin iştirakı ilə şəhid ailələri, müharibə əlilləri və qazilərə həsr edilən tədbirlər, forum və konfranslar keçirməkdədir. Hansı ki, bütün bu tədbirlər bölgələrdə insanların maariflənməsi, milli maraqlar ətrafında səfərbər edilməsi, problemlərin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından son dərəcədə əhəmiyyətlidir. Dövlətin yerlərdəki təmsilçiləri: İcra hakimiyyətləri şəhid ailələri və qazilərin xidmətində... Şəhid ailələri, müharibə əlilləri və qazilərə qayğı Prezident İlham Əliyevin hər kəs, eləcə də icra hakimiyyətləri qarşısında qoyduğu ən ümdə vəzifələrdən biridir. Sevindiricidir ki, bu gün media və sosial mediada yer alan məlumatlar ölkəmzidəki icra hakimiyyətlərinin böyük əksəriyyətinin Prezidentin tapşırıqlarını vicdanla yerinə yetirdiyini, şəhid ailələrinin, qazilərin problemlərinə son dərəcədə həssaslıqla yanaşdığını göstərir. Bu baxımdan Şirvan Şəhər İcra Hakimiyyəti ilə Səbail Rayon İcra Hakimiyyətinin fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Təkcə bir faktı qeyd edək ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən təkca cari ilin iyun ayı ərzində 4 səyyar göğrüş keçirilmiş, bu görüşlərin hər birində vətəndaşların, xüsusilə də həssas kateqoriyaya aid olan şəhid ailələrinin, müharibə əlillərinin, qazilərin müraciətləri dinlənmiş, onların qaldırdığı məsələlərin həlli istqiamətində çevik addımlar atılmışdır. 1 iyun 2022-ci il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı ilə şəhid ailələri arasında ayrıca görüş keçirilmişdir. (//azertag.az/xeber/Sirvanda_sehid_aileleri_ile_gorus_teskil_olunub-2199908?fbclid=IwAR09RlS3QuWzabOEEdRIw23zlDPr5iuZEZ775cPrR-VIj6WOgiCOpprT8QI ). Görüşdə dövlətimizin şəhid ailələrinə, qazilərə olan diqqət və qayğısı qeyd edilməklə yanaşı, qarşıya çıxan çətinliklərin həlli ilə bağlı da icra başçısı tərəfindən əlaqədar qurumların rəhbərlərinə göstərişlər verilmişdir. Səbail Rayon İcra Hakimiyyəti  tərəfindən də şəhid ailələri, müharibə əlilləri və qazilərə mütəmadi surətdə qayğı göstərilməkdə, onların qaldırdığı hər bir məsələyə operativ reaksiya verilməkdədir. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov və digər səlahiyyətli şəxslər tərəfindən şəhid ailələri evlərindəcə ziyarət olunmaqdadır. Artıq bəlli bir müddətdir ki,  bu cür ziyarətlər ənənə halını alıb. Nümunə üçünq eyd edək ki, 25 iyul 2022-ci il tarixində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri və RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidi Şükürlü Nicat  Ayaz oğlunun ailə üzvlərinə baş çəkmiş, şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında Nicat Şükürlünün əziz xatirəsinə quraşdırılan barelyefi ehtiramla ziyarət etmişdilər. ( //sabail-ih.gov.az/az/news/nicat-sukurlunun-aile-uzvleri-ziyaret-olundu.html?fbclid=IwAR3-g7OE42JV4x81eWKL-TFZ7nd9WUy1aTkeEULYF_JkDHub4H3KJ9ekJ88) Səbail Rayon İcra Hakimiyyəti  tərəfindən Badamdar qəsəbəsində “Şəhidlər” abidə kompleksində yenidənqurma işlərinə start verilmiş, vətənpərvərlşik təbliğatının gücləndirilməsi istiqamətində çoxsaylı işlər görülmüşdür. Hər bir azərbaycanlının məsul olduğu vəzifə: Prezidentdən daha bir xatırlatma... Heç kimə sirr deyil ki, şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə diqqət və qayğı sadəcə QHT və dövlət qurumlarının deyil, kimliyindən, sosial statusundan və siyasi baxışından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının borcudur və hər kəs bu borcu layiqincə yerinə yetirməyə səy göstərməlidir. Təsadüfi deyil ki, bu həqiqət dövlət başçısı tərəfindən də zaman-zaman xatırlanmaqda, cəmiyyətin diqqətinə çatdırılmaqdadır. Prezident İlham Əliyev 25 iyul 2022-ci il tarixində Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən də bu gerçəyi bir daha yada salmış, şəhidlərə, qazilərə olan borcun tükənməz olduğunu vurğulamışdır: “Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik. Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”. (//president.az/az/articles/view/56740 ). Göründüyü kimi, dövlət başçısı şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə diqqət və qayğını hər bir kəsin borcu hesab edir, onları bu kateqoriyadan olan vətəndaşlarımıza arxa olmağa səsləyir. Bu səsləniş onu göstərir ki, Azərbaycan dövlət və xalq olaraq ana ideologiyasına – azərbaycançılıq ideologiyasına sadiqdir və bu ideologiyanın təbliği və inkişafında qərarlıdır. Seymur ƏLİYEV Moderator.az Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.9. istiqaməti üzrə (azərbaycançılıq ideyasının təbliği) hazırlanmışdır. 

Hamısını oxu
“30 noyabr şəhidləri xalqımızın qəlbində hər zaman ehtiramla anılacaq”

Cəlil Xəlilov: “Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirəm”   “30 noyabr şəhidləri xalqımızın qəlbində hər zaman ehtiramla anılacaq”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.   Polkovnik qeyd edib ki, Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helekopterin qəzaya uğraması nəticəsində 14 nəfərin şəhid olması, iki hərbçinin isə yaralanması faktı bütün Azərbaycan xalqı tərəfindən üzüntü ilə qarşılanıb:   “Baş verən bu faciə xalqımız tərəfindən dərin kədər və üzüntü ilə qarşılanıb, bütün cəmiyyətdə böyük təəssüf hissi doğurub. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Xalqımız bütün şəhidləri kimi 30 noyabr şəhidlərini də hər zaman sevgi və minnətdarlıq hissi ilə yad ediləcək, onların işıqlı xatirəsinin unudulmasına imkan verməyəcək”.   Daha sonra media və sosial media nümayəndələrinə səslənən sədr müavini, baş verən faciə ilə bağlı qeyri-rəsmi məlumatlar yaymamağa, yalnız rəsmi informasiyalara istinad etməyə çağırıb:   “Mən bütün media və sosial media istifadəçilərini dövlət orqanlarının rəsmi məlumatlarına istinad etməyə, şaiyə və ehtimalları bir kənara qoymağa səsləyirəm. Baş verən olayla bağlı əlaqədar qurumlar rəsmi açıqlamalar yayıb və hadisə ilə bağlı araşdırma davam edir. Istintaqın gedişatı ilə bağlı rəsmi qurumlar bundan sonra mütəmadi surətdə ictimaiyyəti məlumatlandıracaq və müvafiq yeniliklərlə tanış edəcəklər. Odur ki, indiki həssas məqamda subyektiv fikir və ehtimalların işıqlandırılması yolverilməzdir və bu, cəmiyyətdə çaşqınlıq yarada bilər.   Bunu da qeyd edim ki, nə qədər arzuedilməz olsa da, bu cür qəzalar dünyanın ən müasir ordularında da zaman-zaman baş verir və təəssüf ki, heç bir dövlət bu kimi hallardan sığortalanmayıb.   Mən bir daha baş verən faciə ilə əlaqədar şəhid olan hərbi qulluqçuların yaxınlarına dərin hüzünlə başsağlığı verir, yaralılara şəfa diləyirəm”.   Seymur ƏLİYEV  

Hamısını oxu