Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: Dövlətimizin veteranlara göstərdiyi diqqət bütün dünya üçün nümunədir

 

İkisahil.TV-nin bugünkü qonağı Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovdur

- Cəlil müəllim, döyüş meydanında əldə etdiyimiz tarixi Qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir. Ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir. Bununla bağlı nə deyərdiniz?

- Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. Bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlət başçısının müvafiq Fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu gün veteranlarımız dövlət başçısının hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Qətiyyətlə deyərdim ki, dövlətimizin veteranlara göstərdiyi diqqət bütün dünya üçün nümunədir. Məhz dövlətimizin bizə verdiyi bu dəstək qarşıya qoyduğumuz vəzifələrin öhdəsindən gəlməyə imkan verir.

- Uzun müddət bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq, təcavüzlə bağlı qəbul edilmiş sənədlərdə işğalçının kim olduğunu göstərmək istəmirdilər. Təəssüf ki, ikili standartlar bu gün də davam edir…

- Elədir. Hələ bugünədək biz bir dəfə də rast gəlmədik ki, Minsk qrupunun həmsədri olan ölkələr tələb etsinlər ki, bu problemin həlli yolu BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdən keçir və heç olmasa Ermənistanı çağırırıq ki, bu qətnamələrin tələblərini yerinə yetirsin. Bu günə qədər hərbi təcavüzün ortada olmasına, torpaqlarımızın bir hissəsinin işğal olunmasına, 1 milyon insanın öz vətənində məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Minsk qrupu təcavüzkarın adını indiyə kimi çəkməmişdir. Zaman göstərdi ki, onların fəaliyyəti bəzi Avropa ölkələri, təşkilatları kimi, ikili standartlara söykənib. Onların səriştəsiz fəaliyyəti nəticəsində torpaqlarımız uzun illər işğal altında qaldı. Artıq məlum olduğu kimi onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Bunun əksinə olaraq isə Azərbaycan dövləti hərbi-siyasi yolla öz torpaqlarını işğaldan azad etdi, Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə məcbur etdik. Reallıq bundan ibarətdir.

- Bildiyimiz kimi, sülhməramlı qüvvələrin qarşısına qoyulan məqsəd münaqişə tərəfldərinin lokal və böyük qarşıdurmasının qarşısını almaqdır. Bu gün Rusiya sülhməramlıları üzərlərinə götürdükləri vəzifələri yerinə yetirə bilirlərmi?

- 2020-ci ilin 10 noyabr Bəyanatında açıq şəkildə qeyd olunub ki, Rusiya sülhməramlıları yerləşdikləri ərazidə bu cür təxribatlara yol verməməli, onların qarşısını qətiyyətlə almalıdırlar. Lakin təəssüflər olsun ki, biz hələ də Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdən ermənilərin mövqelərimizə atəş açmasına, yeni təxribatlara cəhd etməsinə şahid oluruq. Üçtərəfli Bəyanatın şərtləri yerinə yetirilməyib, bu günə qədər də Qarabağdan erməni silahlıları çıxarılmayıb. Sülhməramlıların əsas yerinə yetirməli olduğu missiya bu idi. Əksinə, Ermənistandan Qarabağ ərazisinə silahlıların keçməsi faktı təsdiqləndi. Bundan başqa, digər ölkə vətəndaşları və maşınları yüklə birlikdə Azərbaycanın icazəsi olmadan Qarabağ ərazisinə daxil olurdu. Bunların hamısı faktlardır. Amma zamanla da yoluna qoyulur. İstər 44 günlük Vətən müharibəsi, istərsə də savaşdan sonra erməni təxribatlarının qarşısının qətiyyətlə alınması göstərir ki, Azərbaycan bundan sonra da öz ərazi bütövlüyünü, mülki və hərbi vətəndaşlarının təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək. Bu məsələdə hər zaman olduğu kimi ciddi, prinsipiallıq sərgiləyəcək. Başqa sözlə desək, erməni hərbçilərinin həyata keçirməyə çalışdıqları təxribatlar bundan sonra da Ermənistanın özü üçün üzücü və faciəvi sonluqla bitəcək”.

- Cəlil müəllim, sizcə, bu gün informasiya müharibəsində qələbə qazanmaq üçün nə etmək lazımdır?

- Kütləvi informasiya vasitələrinin vəzifəsi baş verən proseslərin mahiyyətini əhalinin geniş təbəqəsinə çatdırmaqdır. Bununla yanaşı, ölkənin informasiya siyasəti onun daxili və xarici təhlükəsizlik maraqlarına cavab verməlidir. Şübhəsiz hər ölkənin şirkətlərinin və kommunikasiya sistemlərinin informasiya siyasəti jurnalistikanın bu əsas qaydalarına uyğun olmalıdır. Düşmənin informasiya təhlükəsizliyinə zərbə vurmaq üçün onun mətbuatını gündəlik oxumaq və təhlil etmək, işləmə prinsiplərini, yaydığı informasiyaların davamlılığını və xarakterini öyrənmək, onun psixologiyasını, milli xüsusiyyətlərini dərindən tanımaq lazımdır. Yeri gəlmişkən, ermənilər bu taktikadan geniş istifadə edirlər. Onlar müxtəlif domenlərdən istifadə etməklə, Azərbaycan rayonlarının adlarından ibarət, Azərbaycan dilində saytlar yaradırlar. Onlar bu saytları elə şəkildə təqdim edirlər ki, heç kəsdə şübhə yaranmır ki, bu erməni saytıdır. Ona görə də bu gün gənclərimizdən daha ayıq-sayıq olmaq tələb olunur. İnformasiya cəbhəsində də öndə olmağımız mütləqdir. Müstəqil dövlətdə yaşayan hər bir gənc ilk növbədə bu dövlətin müstəqilliyinin təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Bu mənada gənclərin çiyinlərinə böyük yük düşür, çünki gənclər dövlətin həm bu günü, həm də onun gələcəyidir.

- Koronavirus pandemiyası ilə mübarizə gözəgörünməz düşmənlə müharibədir. Ordumuz bu problemdən necə qorunur?

- Təəssüflər olsun ki, bu gün demək olar hər kəs ailə üzvləri arasında virusa yoluxma halını müşahidə edir. Əksər hallarda COVID-19-a yoluxan insanlar özlərində heç bir klinik əlamət hiss etmirlər. Bu baxımdan da həmin şəxslərin ictimai yerlərdə, əhalinin sıx toplaşdığı digər məkanlarda sağlam insanları yoluxdurması qaçılmazdır. Orduda əsgərlərimiz tez-tez həkim nəzarətində olurlar. Hərbi hosbitallarda müalicə alırlar. Həkimlərimizə minnətdarlıq etmək istəyirəm ki, onlar bu müddətdə çox əziyyətlər çəkdilər. İnsan həyatının vacib şərtlərindən biri sağlamlıqdır. Azərbaycan vətəndaşının sağlam və xoşbəxt yaşamasının təmin olunması, tibbi xidmətin keyfiyyəti və bu xidmətlərə pasiyentlərin əlçatanlığı cənab Prezident İlham Əliyevin daim diqqətdə saxladığı məsələlərdən biridir.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, «İki sahil»

2021-09-16 09:45:00
1518 baxış

Digər xəbərlər

Ermənistanda gərgin gecə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 43 dəfə pozub. Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Hamısını oxu
Bayburt Universitetində Türkiyə, Azərbaycan, Qırğızıstan və Özbəkistandan olan mütəxəssislərin iştirakı ilə tədbir keçirilib

Tədbir Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyi tərəfindən təşkil olunub Veteran.gov.az xəbər verir ki, 6 iyul 2024-cü il tarixində Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyi tərəfindən (TCOD) Bayburt Universitetində Türkiyə, Azərbaycan, Qırğızıstan və Özbəkistandan olan mütəxəssislərin iştirakı ilə tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd Türkiyə Cümhuriyyəti ölkələrinin oftalmologiya sahəsində nailiyyətləri, tədqiqat nəticələrini və innovasiyaları müzakirə etmək olub. Tədbiri giriş nitqləri ilə TCOD-un genel başkanı Öner Gelişken, TCOD-un onursal başkanı Sunay Duman, TCOD-un baş katibi Züleyha Yalnız Akkaya, tədbirin ev sahibi millət vəkili Orhan Ateş, TOD-un baş katibi Kıvanç Güngör və Bayburt Universitetinin rektor köməkçisi Əli Savaş Bülbül açıq elan ediblər.  Tədbirin moderatorluğunu Dr. Yazgül Abdıyeva, Prof. Dr. Süleyman Kaynak və Dr. Bekir Sitki aparıb. Tədbirdə Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “Elmi-məlumat, tədris və təşkilati-metodiki” bölməsinin müdiri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, TCOD-un fəxri üzvü Yazgül Abdıyeva tərəfindən məruzə səsləndirilib. Y. Abdıyeva ilk olaraq çıxışına ulu öndər Heydər Əliyevin “Biz bir millət iki dövlətik” deyərək qardaşlığımızı bütün dünyaya çatdırmasından, həmçinin prezident İlham Əliyevin “biz birlikdə güclüyük” şüarlarını səsləndirməklə başlayıb. O, bu şüarlara istinad edərək bildirib: - Türkiyə ilə Azərbaycanı birləşdirən qardaşlıq və onlar arasındakı möhkəm bağlar danılmazdır, güclüdür. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! Daha sonra o, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin inkişaf tarixi, dünəni və bu günü mövzusunda çıxışına davam edib. Y. Abdıyeva akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin fəaliyyətini vurğulayaraq Mərkəz və Səyyar Klinikanın fəaliyyətindən geniş şəkildə bəhs edib. Beynəlxalq və yerli konfranslardan, tibbi aksiyalardan, kurslar və s. kimi müxtəlif aspektlərdən ətraflı məlumat verib. Y. Abdiyevanın çıxışında Mərkəzin gözə qulluq sahəsində mükəmməlliyə doğru inkişafı və regionda oftalmoloji fəaliyyətin inkişaf etdirilməsi istiqamətində beynəlxalq, xüsusilə Türkiyə ilə əməkdaşlığın olduğu daimi konfransların keçirildiyini qeyd edib. Sonda Y. Abdıyeva tədbirin Dədə Qorqudun yurdu Bayburtda yüksək səviyyədə keçirilməsində iştirak edən, ev sahibi olaraq millət vəkili Prof. Orhan Ateşə, TCOD-un onursal başkanı Sunay Duman və TCOD-un genel başkanı Öner Gelişkenə mühüm rollarına görə təşəkkür edib. Tədbirdə eyni zamanda Azərbaycandan Tural Qəlbinur, Türkiyədən - Ayşe Burcu, Umay Güvenç, Züleyha Yalnız Akkaya, Fatih Mehmet Mutlu, Bekir Sıtkı Aslan, Süleyman Kaynak, Oya Dönmez, Ilgaz Yalvaç, Nurten Ünlü, Betül Önal Günay, Levent Karabaş, Ecem Önder Tokuc, Qırğızıstandan - Azizbek Eshmambetov, Özbəkistandan - Nazım Zaynutidinov, Şimali Kipr Türk Respublikasından - Şerife Özhuy məruzələri ilə çıxış edib. Həmçinin Azərbaycandan Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən dr. Aynur Nəbiyeva tədbirdə iştirak edib. Tədbirdən sonra iştrakçılara sertifikat təqdim olunub və Bayburt şəhərində Baksi muzeyinə proqram təşkil edilib.  

Hamısını oxu
“Vətən müharibəsində ölkəmizdəki bütün xalqlarının sərgilədiyi həmrəylik Heydər Əliyevin azərbaycançılıq ideologiyasının qələbəsidir”

Cəlil Xəlilov: “Bu ideologiya bu gün də davam və inkişaf etdirilməkdədir”   44 gün davam edən Vətən müharibəsində ökəmizdə yaşayan və Azərbaycan vətəndaşı olan bütün xalqların yaxından iştirak etdiyi, qələbəyə öz töhfəsini verdiyi hər kəsə məlumdur. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu həmrəyliyin arxasında duran məqamlara diqqət çəkib, Azərbaycanın burada məskunlaşan bütün xalqların vətəni olduğunu qeyd edib:   “44 günlük Vətən müharibəsində sadəcə azərbaycanlıların deyil, Azərbaycan vətəndaşı olan digər xalqların nümayəndərləinin də erməni faşizminə qarşı mübarizədə yaxından iştirak etdiyi, düşmən üzərində qələbəyə ciddi töhfə verdiyi hər kəsə məlumdur. Müharibənin ilk günündən etibarən dövlətimizin həyata keçiridyi qismən səfərbərlik çağırışına səs verən, könüllü şəkildə ordu sıralarına qatılaraq cəbhədə düşmənə qan udduran bütün vətəndaşlarımız vahid amal üçün – işğaldakı torpaqlarımızı azad etmək uğrunda qəhrəmancasına mübarizə aparıb. Təkcə bir faktı qeyd edim ki, müharibədə Azərbaycan vətəndaşlığı daşıyan rus millətindən olan xeyli sayda insan iştirak edib ki, onların 3-ü şəhid olub, 10 nəfərə qədəri isə yaralanıb. Onların arasında Şuşaya qədər gedib çıxan, Şuşa uğrunda mübarizə aparan rus millətindən olan vətəndaşlarımız olub. Azərbaycan Respublikasının Milli Qəhrəmanları arasında Yuri Kovalyov, Sergey Murtuzalıyev, Sergey Senyuşkin kimi cəsur hərbçilər mövcuddur. Yəhudi əsilli Albert Aqarunovun Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlar bütün dünyaya məlumdur. Ukrayna millətindən olan Ruslan Polovinko, Belarus əsilli vətəndaşımız Anatoli Davidoviç, Gürcüstanda anadan olan Viktor Seryogin və bu qəbildən olan digər qəhrəmanlarımız bütün Azərbaycanın fəxri və qürurudur. Dövlətimiz bütün bu qəhrəmanların adının əbədiləşdirilməsi istiqamətində ciddi addımlar atıb, onların abidə və büstləri ucaldılıb, keçə və meydanlara onların adı verilib.   Bu faktın özü göstərir ki, ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri Azərbaycanı öz ana vətənləri hesab edir və bu vətənin keşiyində durmağı, onu düşməndən müdafiə etməyi özlərinə şərəf bilirlər.   Cənab prezident öz çıxışlarında dəfələrlə qeyd edib ki, düşmən üzərində zəfərimizi təmin edən başlıca amil bizim həmrəyliyimiz olub. Bu həmrəyliyi təmin edən əsas amillərdən biri, bəlkə də birincisi isə azərbaycançılıq ideologiyasıdır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ideologiya ölkəmizdə yaşayan bütün xalqların birliyini, həmrəyliyini, qardaşlığını nəzərdə tutur. Bu ideologiyanın mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs hansı xalqa mənsub olmasından asılı olmayaraq, vətəni Azərbaycanı sevməli, onun maraq və mənafeyini qorumalıdır.   Ümummilli lider tərəfindən irəli sürülən və cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu ideologiya xalqımızın birliyini, bərabərliyini, gücünü təçmin edən başlıca faktordur. Hansı ki, məhz bu faktor bizi 44 günlük Vətən müharibəsindən qalib çıxardı, düşmən üzərində həlledici qələbəmizi təmin etdi. Bu baxımdan əslində ordumuzun 8 noyabr zəfərini həm də ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının qələbəsi kimi də qiymətləndirmək mümkündür.   İnanıram ki, xalqımızın bu birlik və bütövlüyü bundan sonra da qorunacaq, Azərbaycan xalqı gələcəkdə də düşmənlərə sözünü öz birliyi, həmrəyliyi ilə deyəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
Səmasında sülh göyərçini uçuran Ermənistan anbarlarını silahla niyə doldurur? – TƏHLİL!

Ermənistan Baş naziri Nikol Paşinyanın Varşavaya rəsmi səfəri çərçivəsində Ermənistan və Polşa arasında hərbi-texniki əməkdaşlıq üzrə saziş imzalanıb. Ermənistanın xarici işlər Naziri Ararat Mirzoyan və Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış arasında imzalanan sənəd iki dövlət arasında hərbi-texniki sahədə əməkdaşlığı nəzərdə tutur. Siyasi dönüklük, yaxud, İrəvan yenə bir əldə iki qarpız tutmaqda davam edir... Erənistanla Polşa arasında imzalanan hərbi-texniki sazişlə bağlı xeyli sayda qəribə və şübhəli məqam mövcuddur. Bu məqamlardan biri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olduğu halda NATO üzvü olan Polşa ilə açıq hərbi əməkdaşlıq etməsidir.   Fərqli və bir-birinə aşkar zidd olan hərbi qurumlardan birinin üzvü olduğu halda, digər quruma üzv olan ölkə ilə əməkdaşlıq İrəvanın bir əldə iki qarpız tutmaq mərəzi kimi dəyərləndirilə bilər. Hansı ki, bundan öncə də Ermənistanın Rusiya ilə Qərb arasında kəskin manevrlər və dönüşlər etdiyi, bəzi hallarda isə özündə hər iki qütbə aid hərbi qüvvələri cəmlədiyi müşahidə olunub. Buna nümunə olaraq Ermənistanda illər uzunudur ki, Rusiyaın 102 nömrəli hərbi hissəsinin mövcudluğu fonunda, həm də Avropa İttifaqının hərbçilərdən ibarət monitorinq missiyasının fəaliyyətini göstərmək olar. Ermənistanın KTMT üzvü olmasına baxmayaraq, bir neçə dəfə ABŞ-la birgə hərbi təlimlər keçirməsi də rəsmi İrəvanın siyasi dönüklüyünün, qeyri-səmimiliyinin təzahürüdür. İrəvanın davranışları sülhdən daha çox müharibədən xəbər verir! 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi istiqamətində aparılan danışıqlar, xüsusilə də 2025-ci ilin 8 avqust tarixində Vaşiqntonda sülh mətninin paraflanması iki dövlət arasında de-fakto sülhü təmin etdi. Ermənistan rəsmiləri post-müharibə dönəmində sülhlə bağlı yüzlərlə bəyanat verib ki, bu açıqlamaların hər birində sülhün etibarlı və uzunmüddətli olmasının vacibliyi qeyd olunub, İrəvan isə az qala sülh carçısı elan edilib. Lakin post-müharibə dönəmində İrəvanın atdığı əməli-praktiki addımlar Ermənistanın sülhdən daha çox müharibəyə hazırlaşdığını göstərir. 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın Fransa və Hindistandan çoxlu sayda silah-sursat və hərbi texnika alması, habelə, ABŞ, Yunanıstan və digər ölkələrlə hərbi əməkdaşlığı genişləndirməyə cəhd göstərməsi və nəhayət Polşa ilə imzalanan məlum hərbi-texniki əməkdaşlıq sazişi buna nümunədir. Bütün bu faktlar onu deməyə əsas verir ki, Ermənistanın sözü ilə əməli arasında dərin bir uçurum, böyük bir fərq mövcuddur və bu fərq hər ötən gün sürətlə artmaqdadır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Azərbaycandakı Hərbi Qənimətlər Parkının Ermənistan hesabına daha da zənginləşməsi ehtimalı var və bu ehtimalın reallaşmasına görə bütün məsuliyyət İrəvanın üzərinə düşəcək. Seymur ƏLİYEV  

Hamısını oxu