Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

General sözü – Mustafa Nəsirovun 100 illiyinə!

Yadımdadır, bir neçə il əvvəl qışın oğlan çağında Neftçala təlim-tədris mərkəzində ezamiy-
yətdə olarkən vaxtsız gəlişimizlə Ramazan Müslümovu çıxılmaz vəziyyətdə qoymuşduq. Mehmanxanaya getmək, yer tapmaq çətin idi. Onda Ramazan müəllim qeyd etdi ki, dünən Mustafa Nəsirov burada idi. Nə qədər etdim, nə evə getdi, nə də mehmanxanaya. Kabinetə əsgər çarpayısıqoydurdu və burada da gecələdi.

 

O sözdən sonra bizim gecələmək üçün başqa yerə getməyimiz insafdan olardımı?

Mustafa Nəsirov yeganə azərbaycanlıdır ki, keçmiş SSRİ Sərhəd Qoşunlarında general rütbəsinədək yüksəl­mişdir. Onun haqqında çox yazıblar. Yazıçılarla, jurnalist­lərlə maraqlı həmsöhbət olan Mustafa Cəfər oğlunun zəngin tərcümeyi-halı hələ çox-çox məqalənin, kitabın mövzusu olacaq. Taleyini sərhədə bağlayan gənc zabitlər bu maraqlı şəxsiyyətin keçdiyi yolu izləməli və ondan çox şey öyrənməlidirlər.

 

1921-ci ildə qədim Dərbənddə dünyaya göz açan M.Nəsirov doğma yurdu böyük ürək sevgisi ilə anır, Dərbəndin qədim tarixi, Azərbaycan xalqına verdiyi böyük şəxsiyyətləri, tarixi abidələri və adamları haqqında məhəb­bətlə danışır. Valideynlərini qeyri-adi yeniyetmə sevgisi, övlad yanğısıyla xatırlayan ağsaçlı Mustafa müəllim deyir: “Atam qulluqçu idi, halal zəhməti ilə ailəmizi dolandırırdı. Anam isə dindar qadın kimi mehrini övladlarına-ailəsinə salmışdı və bizləri savadlı görmək istəyirdi. Atam “Hümmət” təşkilatının fəal üzvü və ideya adamı idi. Çox təəssüf ki, həyatdan erkən köçdü. Həyat bizi sındıra bilmədi. Anamın arzusu məni müəllim görmək idi. Mənə elə gəlir ki, məhz onun xeyir-duası, verdiyi halallıq ilə bu mərtəbəyə yetişmişəm”...

 

Dərbənddə ilk pedaqoji təhsil alan Mustafa Nəsirov bir müddət işlədikdən sonra təhsilini davam etdirmək üçün Mahaçqalaya gedir. 1938-ci ildə təhsilini bitirən gənc Mustafa pedaqoq kimi çalışır. Daim Azərbaycan tarixini, ədəbiyya­tını öyrənir. Zəngin və qədim tarixi olan Oğuz yurdu, Dəmir qapı - Dərbənd haqqmda çox şey öyrənməyə çalışır. İkinci cahan savaşı zamanı Mustafa Nəsirov səfərbərliyə alınıb Moskva ətrafında düşmənlə üz-üzə gəlir. Fiziki cəhətdən hazırlığı, geniş dünyagörüşü diqqəti cəlb etdiyi üçün 1942- ci ildə Mustafa Nəsirovu Saratov Sərhəd İnstitutuna göndərirlər. Ölkədə müharibə getdiyi üçün üç illik kursu doqquz aya başa vurur. Gərgin şəraitdə keçirilən proqramı mənimsəmək asan deyildi. Mustafa Cəfəroğlu bu imtahan­dan əla və üzüağ çıxır. Onu Orta Asiya Sərhəd Dairəsinin sərəncamına göndərirlər. Pedaqoq-müəllim, döyüşçü Mustafa Nəsirov sərhədçi zabit olur. General xatırlayır: “Oş şəhərində qulluq edərkən şəxsi heyətimiz dörd nəfərdən ibarət idi. Burada bir müddət xidmət etdikdən sonra Frunze şəhərində yerləşən XDİK Qoşunlarının komendantı oldum. O dövr üçün bu çox məsul vəzifə idi. Nədənsə oxumaq, öyrənmək həvəsi məni rahat buraxmırdı. Odur ki, Qırğızıs­tan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil oldum. Heç bilmirdim ki, nəyə görə müəllimlik məni özünə bu qədər çəkir? Müharibədən sonra ordudan tərxis olunmaq istəyirdim. Deyirdim ki, Vətən qarşısında borcumu yerinə yetirmişəm. Ən böyük arzum Dərbəndə qayıdıb müəllim işləmək idi. Xatirimdədir, müharibədən sonra keçmiş SSRİ Ali Sovetinin müəllimləri ehtiyata buraxmaq haqqında fərmanı da çıxmışdı. Sərhədçi kadrların azlığından mənim
tərxis olunmağım problemə çevrilmişdi. Müraciət etməyimə baxmayaraq, səyim nəticəsiz
qaldı. Bir zabit kimi rəhbərlik mənim işlərimdən çox razı idi. O zaman polkovnik Yeqorov mənə məsləhət bildi ki, sənədlərimi Frunze adına Akademiyaya verim.
Əgər imtahanlardan
qeyri-müvəffəq qiymət
alsam, məni ehtiyata buraxacaqdılar. Odur ki, deyilən kimi
etdim. Tarixdən, coğrafiyadan “əla” aldım. Ali təhsilli bir müəllim kimi bu fənlərdən aşağı qiymət almağı şənimə sığışdırmadım. İmtahan götürən müəllimlər çox razı qalmışdılar. Onda taktikadan kəsilmək lazım idi. Bu da alınmadı. Heç taktikadan əməlli-başlı soruşmadılar da.
Qeyd etdilər ki, ali təhsilli gənc əvvəlki imtahanlardan müvəffəq qiymət alıb. Taktikanı Akademiyada dörd il oxuyan zaman öyrənəcək. Beləliklə, istəmədən, “zorən” ilk
azərbaycanlı sərhədçi zabit kimi Frunze adına Akademiyanın müdavimi oldum. Geriyə yol yox idi. Təhsil illərində çalışırdım ki, hərb elminin sirlərinə yiyələnim. Odur ki, taleyimi bağladığım bu sahədən bir daha ayrılmayacağıma söz verdim”…

 

Mustafa Nəsirov Frunze adma Akademiyanı bitirən ilk azərbaycanlıdır. Akademiyanı bitirdikdən sonra M.Nəsirov Zaqafqaziya Sərhəd Dairəsinə göndərilir. O zaman Azərbaycan Sərhəd Dairəsi indiki “Cənub” mehman­xanasında yerləşirdi. Burada Mustafa Nəsirovdan başqa ali hərbi təhsilli Çerkasenko familyalı bir polkovnik də var idi. Azərbaycan Sərhəd Dairəsində nizam-intizam məsələsinə çox ciddi fikir verilirdi. Əsl məqam yetişmişdi. Akademiya təhsilli M.Nəsirov təşəbbüsü ələ alaraq mühazirələr oxuyur, xidməti işin təşkilində yüksək peşəkarlıq nümayiş etdirirdi. Bütün çıxışlar zabitlər tərəfindən rəğbətlə qar­şılanırdı. Bununla yanaşı, qərargahın işində, təşkilində dönüş yaratmaq, yaradıcı əhval-ruhiyyəni yüksəldib, nəzərəçarpacaq nöqsanları aradan qaldırmaq lazım idi.

 

Azərbaycan Sərhəd Dairəsi Sədərəkdən Krasnovodskiyə qədər böyük bir sahəni mühafizə edirdi. Burada xidmət işinə yeni aspektlərlə yanaşmaq lazım idi. Sərhəd Qoşunlarına xas olan bütün keyfiyyətlər sanki unudulmuşdu. Sovet ordusunun quru qoşunlarına aid bütün taktiki gedişlər eyni ilə Sərhəd Qoşunlarına tətbiq olunurdu. General deyir: “Axı, sərhəd naryadının, “Axtarış” və “Həyəcan” qrupunun tapşırıqları başqadır! Sərhəd naryadı - baxış zamanı bir- birinin ləpiri ilə addımlamalı, sakitcə hərəkət etməli, dərindən müşahidə aparmalıdır. ”.

 

Odur ki, müəyyən mülahizələri işləyib qoşun rəisinə məruzə edən M.Nəsirovun ilk cəhdi alınmadı. Azərbaycan Sərhəd Dairəsinin qoşun rəisi general M.A.Eysmond “Bu mülahizələri Moskvaya yazası olsan gərək bütün təfsilatı ilə izah edəsən, inandırasan” - dedi. M.Nəsirovun müştərək müəlliflik ideyası da qəbul edilmədi, amma material yenidən işləndikdən sonra “Poqraniçnik” jurnalında dərc olundu. Yalnız 1956-cı ildən sonra M.Nəsirovun irəli sürdüyü ideyalar öz müsbət həllini tapdı.

 

1950-60-cı illərdə keçmiş SSRİ Sərhəd Qoşunlarının qar­şısında çox mühüm vəzifələr dururdu. İkinci cahan savaşından qalibiyyətlə çıxan sovetlər ölkəsi sosializm düşərgəsi yaradaraq sərhədlərinin təhlükəsizliyini xeyli yaxşılaşdırmışdı. Sovet hökuməti özünü kapitalist ölkələrindən mühafizə etmək üçün sərhədlərdə mühəndis- istehkam qurğularım təkmilləşdirir, əməliyyat-axtarış, kəşfiy­yat, əks-kəşfiyyat işinə xüsusi diqqət yetirirdi. Qərbdən - sosializm birliyi ölkələrindən qorxu hiss etməyən SSRİ Finlandiya ilə quru, Norveçlə dəniz sərhədini güclü mühafizə edirdi. Uzaq Şərqdə - Yaponiya və Çin Xalq Respublikası ilə sərhədə də elə bir təhlükə görmürdülər. Əfqanıstan sərhədində də ciddi narahatçılıq keçirməyə elə bir əsas yox idi. Əsas cənub istiqamətində İran və Türkiyə ilə sərhədləri hərtərəfli qorumağa üstünlük verilirdi. Bu barədə general Mustafa Nəsirov qısaca şərh verir: “İran və Türkiyə ilə sərhəddəki vəziyyət əməliyyat baxımından çox mürəkkəb idi. İranın şimalında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılardır. Elə kəndlər var ki, sərhəd onları yan bölüb. Qohum-qardaş yan cənubda, yan şimaldadır. Üstəlik 1946-cı il İranda baş verən Pişəvari hərəkatından sonra çoxlu cənublu şimala üz tutub. İstər İran, istərsə sovet hökuməti bunu ciddi nəzarətə götürmüşdü. Sərhədboyu tikanlı məftil­lər, əlavə qoruyucu qurğular yerləşdirilmişdi. Əməliyyat şəraiti gücləndirildiyindən ən xırda detal da nəzarətdə idi. Bir də ki, üçüncü dövlətin casus-təxribatçı qüvvələri bu sahələr­dən sovet ittifaqına qarşı istifadə edə bilərdilər. İran SENTO- nun, Türkiyə NATO-nun üzvü idi. Üstəlik, Amerikamn və digər inkişaf etmiş Qərb ölkələrinin İranla, Türkiyə ilə əla­qəsi möhkəm olduğundan cənub cinahında güclü ordu saxlayan keçmiş sovet dövləti sərhəd xidmətində azərbaycanlılara o qədər də etibar etmirdi. Düzdür, o zamana qədər sərhəddə az-çox azərbaycanlı gözə dəyirdi, amma 60- cı illərdən sonra vəziyyət xeyli dəyişdi. Yavaş-yavaş azərbaycanlıları həkim, mühəndis, baytar, maliyyə, texnik vəzifəsinə qəbul etməyə başladılar. Bu kadrlar ehtiyatda olan zabitlər idilər”.

 

Mustafa Nəsirov 1964-cü ildə polkovnik hərbi rütbəsi alıb. Generallığa doğru gedən yol on ilə qədər çəkib. Həmişə xidməti ilə sayılıb-seçilən Mustafa Cəfər oğlunun ürəyi xalqı ilə bir olub. General M.Nəsirov Zaqafqaziya Sərhəd Dairəsi komandanının müavini təyin olunub. Bu məsul vəzifəni vicdanla, şərəflə yerinə yetirən Mustafa Nəsirov Sərhəd Qoşunlarında yüksək nizam-intizam, əməliyyat-döyüş hazırlığının təkmilləşməsinə çalışıb. Araz çayı üzərində tikilən su elektrik stansiyası və bəndin inşası zamanı səlahiyyətli və xüsusi imtiyaza malik sərhəd nümayəndəsi kimi ortaya çıxan problemlərin aradan qaldırılması üçün çox iş görüb.

Söhbət əsnasında general onu da bildirdi ki, daim çalışıb ki, istedadlı, hərb işinə can yandıran azərbaycanlılar bütün çətinliklərə baxmayaraq sərhəddə xidmət etsinlər. General deyir: “Hər dəfə gənc zabitləri qəbul edərkən onlara məsləhətlə bildirirdim ki, yeni xidmət sahəsində tələsməsinlər. Azərbaycanlıları daha çox əməliyyat işlərinə cəlb edirdilər. Amma şəxsi heyətlə işləyənlərin akademiyaya qəbul olunmaq şansları çox olur. Mən xalqımızın əsgər və zabitlərə göstərdiyi diqqət və qayğını həmişə görmüşəm. Lakin gənclər hərbi xidmət zamanı əsasən inşaat işlərinə, nə bilim, yüngül sahələrə meylli olurdular. Bu narahatçılıq doğururdu”.

 

1969-cu ildə respublika rəhbərliyinə Heydər Əliyevin gəlişi ilə həyatın bütün sahələrində olduğu kimi hərb işində də keyfiyyət dəyişikliyi baş verdi. C.Naxçıvanski adına hərbi məktəbin yaradılması, azərbaycanlı gənclərin seçilib ölkənin ali hərbi məktəblərinə göndərilməsi çox mühüm əhəmiyyət, böyük siyasi məna daşıyırdı. Təhsil almağa gedən gənclərin hamısı imtahanlardan çox uğurla çıxırdılar. İndiki yüksək çinli zabitlər o dövrün yetirmələridir. Sərhədçi zabitlərin bütün problemləri həmişə Heydər Əliyevin diqqətində olub. İstər Naxçıvan, istərsə də Göytəpə Sərhəd Dəstəsində tikilən inzibati və yaşayış binaları sərhədçilərə və onların ailələrinə gözəl hədiyyə olub.

 

Azərbaycan özünün müstəqilliyini əldə edəndən sonra qarşıda Sərhəd Qoşunlarının yaradılması kimi çox mühüm bir vəzifə dururdu. Rusiya Federasiyasının sərhədçiləri əlverişli şəraiti, hər cür rahatlığı olan bir diyardan getmək istəmirdilər. Amma sərhədi də mühafizə etmirdilər. Azərbaycanın strateji xammalı, varı-yoxu dağıdılırdı. Qaçaqmalçılıq baş alıb gedir, bir sözlə, anarxiya hökm sürürdü. Bu vəziyyətlə bağlı generalın fikrini bilmək olduqca maraqlı idi. Mustafa Cəfər oğlu siqaret yandınb tüstüsünü sinəsinə çəkdi. Bir xeyli fikrə getdi. Onun gözlərinin dərin­liyində acı bir kədər, təəssüf hissi vardı. Sanki ağrılı yerə toxunduğum üçün özüm də narahatçılıq hissi keçirməyə başladım. “Qoşun yaratmaq asan məsələ deyildi. Xüsusən Sərhəd Qoşunları özünün spesifik cəhətlərinə görə seçilir. Odur ki, sərhədlərə toxunmadan, mühəndis-istehkam qurğularını, rabitə sistemini dağıtmadan da Sərhəd Qoşunla­rım yaratmaq olardı. 1988-ci ildən başlayaraq sərhədlərdə baş alıb gedən özbaşınalıq Azərbaycan üçün baha başa gəldi. Sərhədi mühafizə qurğularına qətiyyən toxunmaq lazım deyildi. Bununla mərkəz o zaman azərbaycanlıları təxribata çəkirdi. Bizim fikrimizi nəzərə almırdılar. Sərhəddə xidmət edən bir şəxs kimi mən onun acı nəticəsini görürdüm. Hər şey dəqiq mexanizm ilə qurulmuşdu, bu qurğuların qiyməti ölçüyə gəlməz idi. Bəziləri məni qmaya bilərlər. Amma hər şey bizə - Azərbaycan xalqına, yeni qurulan Sərhəd Qoşun­larına qalırdı. Mən çox şadam ki, indi yavaş-yavaş o qur­ğuları bərpa edirlər. Qonşu dövlətlərlə dostluq əlaqələrinin qurulmasının tərəfdarıyam. Gediş-gəliş üçün nəzarət-bura­xılış məntəqələri var. Sağlam niyyətli adam dövlət sərhədini pozub keçməz. Tez-tez sərhəd dəstələrində oluram. Sərhəd Qoşunlarımızın günü-gündən formalaşdığını görəndə qürur duyuram.

 

Bu gün Sərhəd Qoşunlarında xidmət edən, onun yaran­masında rolu olan şəxslər prezident Heydər Əliyevin yarat­dığı məktəbin yetirmələridir. Tarixə həmişə nəzər yetirmək, ondan ibrət götürmək, öyrənmək lazımdır. Bilik­ləri daim artırmaq, öz üzərində çalışmaq hər bir sərhədçinin vəzifəsidir. Sərhəd Qoşunlarında adı hörmətlə çəkilən generallar - A.Novruzovun, İ.Allahverdiyevin, polkovniklər A.Əliyarovun, N.Qasımovun, F.Seyfullayevin, R.Canməmmədovun keçdiyi yolu gənclər öyrənməlidirlər”.

General M.Nəsirov haqqında çəkilən sənədli filmlərdən, yazılan kitablardan danışmadıq. Eləcə, keçilən yollardan bəzi epizodları, xatirələr dolu kitablardan bir neçə yarpağı vərəqlədik: “Bir dəfə “Bakı-Astara” qatarında pasportsuz bir qadını saxlamışdılar. Altmış yaşı olardı. Lənkərana qızının evinə qonaq gedirdi. Sərhəd naryadına göstəriş verə bilmədim ki, onu buraxsınlar. Bir arayış gətiriləndən sonra qadmı yola saldılar. Mərkəzi Komitədə işləyən vəzifəli şəxsin sərhəd zonasma gəlməyə icazəsi yox idi. Oğul atanın yanına gəlmək üçün mütləq arayış gətirməli idi. Bax bir azərbaycanlı kimi bu mənim qəlbimi ağrıdırdı. Bu insanları məngənədə saxlamaq idi. Təhqir idi... Allaha şükür, həmin illər artıq keçmişdə qalıb. Bu gününsə qədrini bilməliyik”.

 

Mustafa Nəsirov istefaya çıxdıqdan sonra 1987-ci ilin mart ayında Azərbaycan Respublikası Müharibə, Əmək və Hərbi Qüvvələr Veteranları Şurasının ilk sədri seçilmişdir. Bu təşkilatın fəaliyyətinin daha da canlanması üçün var qüvvəsi ilə çalışmışdır.

 

Hər dəfə mötəbər tədbirlərdə Mustafa Nəsirovun çox fəal iştirakının şahidi olmuşuq. Ömrünün 45 ilini hərb işini elm bilib ona bağlanan general Mustafa Nəsirovun həyat yolu daim gənclərə örnək olacaqdır.

 

Bakı-1996

 

İlqar Quliyev

 

P.S. Ermənistanın xaincəsinə torpaqlarımızı işğal etməsi bütün xalqımızı üzdüyü kimi general-mayor Mustafa Nəsirova da ağır təsir etmişdi. Bir hərbçi kimi Mustafa müəllim torpaqlarımızın və sərhədlərimizin işğal altında olmasını heç cür qəbul etmirdi.

 

2020-ci ilin sentyabr ayının 27-dən başlayaraq müzəffər Ali Baş Komandan

Cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz 44 gün ərzində erməni işğalçılarını darmadağın etdi.

 

Şanlı Azərbaycan ordusu xalqımıza qələbə sevincini yaşatdı. İndi işğaldan azad olan sərhədlərimizdə Sərhəd Qoşunlarımızın şəxsi heyəti öz xidmətlərini aparırlar. İkinci Qarabağ savaşında igid sərhədçilərimiz düşmənə layiqli, sarsıdıcı zərbələr endirdilər.

 

Bu gün xalqımızın ləyaqətli oğlu general-mayor Mustafa Nəsirovun ruhu çox şaddır. Çünki Qarabağımız azaddır, çünki işğaldan azad olan sərhədlərimizdə Azərbaycan bayrağı dalğalanmaqdadır.

 

 

2021-09-21 09:54:00
1675 baxış

Digər xəbərlər

Avropanın siyasi paytaxtında Azərbaycanın növbəti diplomatik qələbəsi

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə işgüzar səfəri bir çox mühüm məqamlarla yadda qaldı. Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycanın həm NATO, həm də Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğu, ölkəmizin yaratdığı reallıqların regional və beynəlxalq əhəmiyyət daşıdığı bir daha bəyan edildi.  Bununla yanaşı, yeni geostrateji şəraitdə şərtləri diktə edən Azərbaycanın postmüharibə dövründə proseslərin tənzimlənməsi ilə əlaqədar mövqeyinin dəyişməz olduğu növbəti dəfə öz təsdiqini tapdı.   Tarixi Qələbədən sonra ən mühüm görüş   Şübhəsiz ki, Azərbaycanın tarixi Qələbəsindən sonra Brüssel danışıqları ən mühüm – diqqətçəkən görüş kimi tarixə düşdü. Xüsusilə də, indiyə qədər əldə olunmuş razılıqlar bir daha təsdiqləndi, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası, sərhədlərin delimitasiyası və demarkasiyası  kimi məsələlərdə Azərbaycanın üstün mövqeyi növbəti dəfə əks olundu.   Regional nəqliyyat əlaqələrinin inteqrasiyası ilə bağlı çox mühüm fikirlər ifadə edildi. Dövlət başçısının diqqət yetirdiyi vacib məsələlərdən biri də Zəngəzur dəhlizi və onun hüquqi rejimi ilə bağlıdır. Sirr deyil ki, Azərbaycan Asiya ilə Avropa arasında mühüm nəqliyyat-tranzit xətti olacaq bu dəhlizin açılmasında güclü siyasi iradə nümayiş etdirir və müvafiq addımlar atır. Ümumiyyətlə, Zəngəzur dəhlizinin yaradılması məsələsi təkcə Azərbaycanın deyil, bütövlükdə, regionun siyasi gündəliyinin mühüm tərkib hissəsidir. Bu da təsadüfi deyil, çünki dəhlizin reallaşması həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Bu ərazidən keçən nəqliyyat xətti bir çox dövlətin əməkdaşlıq imkanlarını genişləndirəcək. Ən vacib məqamlardan biri yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə Muxtar Respublika arasında birbaşa quru əlaqəsinin yaranmasıdır. Təbii ki, bu, sosial-iqtisadi cəhətdən çox önəmlidir. Bütövlükdə, yeni infrastrukturun yaranması nəticəsində Azərbaycanın tranzit əhəmiyyətinin artması, iqtisadi inkişafının sürətlənməsidir. Təbii ki, Orta Asiya ilə Avropanı birləşdirən bu infrastruktur layihəsi digər region ölkələri üçün də iqtisadi fayda əldə etmək üçün perspektivlidir. Bu dəhlizin yaradılması elə Ermənistan üçün də tarixi şansdır. Ermənistan bu imkandan istifadə edərək dəmir yolu ilə həm İranla, həm də Rusiya ilə əlaqə yarada bilər ki, bu da iqtisadi mənfəət qazanmaq deməkdir. Azərbaycan Prezidenti qeyd etdi ki, biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik. Lakin magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb. Bu, gələcək müzakirələrin mövzusudur.   Azərbaycanın dəhlizə dair haqlı mövqeyi bir daha təsdiqləndi   Ümumiyyətlə, Avropanın siyasi paytaxtında Zəngəzur dəhlizi boyunca dəmir yol xəttinin çəkilişi ilə bağlı konkret mövqeyin ifadə olunması  çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan Prezidentinin bu məsələ ilə əlaqədar yanaşması aydın idi, dövlətimizin başçısı bir daha mövqeyini konkret ifadə etdi. Ermənistan baş naziri Nikol Paşinyan isə üçtərəfli görüşdə Azərbaycan Prezidenti ilə dəmir yolunun bərpa olunması barədə razılığı təsdiqlədiklərini bildirdi. Öz növbəsində Aİ Şurasının Prezidenti Şarl Mişelin yaydığı bəyanatda dəmir yol xəttinin çəkilişi xüsusi olaraq qeyd olunub. Həmçinin dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlıq prinsipi əsasında təşkil olunacağı vurğulanıb. Bununla da Azərbaycanın dəhlizə dair haqlı mövqeyi bir daha təsdiqlənib.   Laçın dəhlizində gömrük yoxdursa, Zəngəzur dəhlizində də olmamalıdır   Dövlət başçısının toxunduğu çox mühüm məsələlərdən biri Zəngəzur dəhlizinin hüquqi rejimidir. Ermənistan tərəfi bu məsələni spekulyasiya edərək fərqli beynəlxalq ictimai rəy formalaşdırmağa, təmasların əhəmiyyətini azaltmağa, dəhlizin inşası və istifadəyə verilməsi prosesini gecikdirməyə çalışır. Təbii ki, proses geriyədönməz xarakter daşıyır, şərtləri diktə edən Azərbaycanın üstün mövqeyi və həm regional, həm də regiondankənar bir sıra dövlətlərin yanaşması fonunda Zəngəzur dəhlizinin açılması labüddür. Ermənistan istəsə də, istəməsə də, dəhliz məsələsi reallaşacaq. Elə dəhlizin hüquq rejiminin müəyyən olunması da Azərbaycanın prinsipial yanaşması və beynəlxalq normalar əsasında olacaq. Prezident İlham Əliyev bu məsələdə ölkəmizin prinsipial mövqeyini birmənalı şəkildə ifadə etdi: “Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”.   Sülh, sabitlik və inkişaf naminə   Bunlarla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın sülhyaratma prosesində və təhlükəsizliyin təmin olunmasında qətiyyətli mövqeyini – prinsipial yanaşmasını ortaya qoydu. O, Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiq olduğunu bəyan etdi. “Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik”,-deyə Azərbaycan Prezidenti vurğuladı. Bu, o deməkdir ki, Ermənistan ərazi iddiasından əl çəkməli, ölkəmizin ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsini imzalamalıdır. Belə olan halda, Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik mühitini təmin etmək mümkün olacaq. Bu, Ermənistan da daxil olmaqla regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir.   Nəticə etibarilə, Brüsseldə baş tutan görüşlər postmüharibə mərhələsində Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirildiyini göstərir. Bu isə onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli mövqeyi qarşıda duran bütün strateji hədəflərə çatmağa imkan verəcək.   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu
İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısı ildən-ilə artır

9 May - Qələbə günü münasibətilə bir qrup İkinci Dünya müharibəsi iştirakçısı ilə görüş olub. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov tədbirdə İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi misilsiz xidmətləri qeyd edib. Nazir müavini vurğulayıb ki, İkinci Dünya müharibəsi iştirakçılarına ümummilli liderimiz Heydər Əliyev tərəfindən daim yüksək diqqət və qayğı göstərilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısının da ildən-ilə artmasına səbəb olub. Bu barədə AZƏRTAC-a nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. A.Kərimov dövlət başçısının sosial islahatlar paketinin uğurlu nəticələri kimi, cari ilin ötən dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. O, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını, İkinci Dünya müharibəsi iştirakçılarına da yönələn sosial ödənişlərdə də əhəmiyyətli artımların edildiyini deyib. Nazir müavini müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşların dövlət hesabına mənzil və minik avtomobili ilə təminatı və digər sahələrdə görülən işləri də diqqətə çatdırıb. Qeyd olunub ki, hər il 9 May - Qələbə günü ərəfəsində Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımlar da verilir. Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində İkinci Dünya müharibəsi veteranlarının fəal iştirakı vurğulanıb, bu sahədə öz töhfələrini verdiklərinə görə onlara minnətdarlıq ifadə olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycanın daim inkişaf edən və güclü orduya malik olan, beynəlxalq nüfuzu artan bir ölkə olmasından qürur hissi keçirdiklərini vurğulayıb. O və digər İkinci Dünya müharibəsi iştirakçıları sosial təminatlarının daim artırılmasından, eləcə də növbəti dəfə birdəfəlik maddi yardımla təmin edilmələrindən razılıqla söz açıb, Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Tədbirdə müharibə veteranları döyüş xatirələrini bölüşüb, incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.

Hamısını oxu
Azərbaycana hərbi təcavüz Ermənistanı uzun onilliklər geri atdı

Bakı, 21 may, AZƏRTAC Ermənistanın otuz il ərzində səhv yolla gedərək işğal faktına görə Azərbaycanla əməkdaşlıqdan, regional layihələrdən məhrum oldu. Azərbaycana hərbi təcavüz Ermənistanı uzun onilliklər geri atdı. İşğal və terror siyasəti hərbi, siyasi, iqtisadi və digər müstəvilərdə ağır böhran yaşayan Ermənistanın indiki acınacaqlı durumuna səbəb olan əsas amillərdir. Bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında deyib. Polkovnik bildirib ki, işğal siyasəti nəinki Ermənistanın inkişafının qarşısını alıb, hətta onu illərlə geriyə salıb. Bu ölkə son 30 ildə həyata keçirdiyi işğalçılıq siyasətinin region üçün ağır fəsadlara səbəb olduğu, özündən sonra ciddi problemlər qoyduğu birmənalıdır. Lakin bu bir həqiqətdir ki, işğal və terrorçuluq siyasətinin ən acınacaqlı duruma saldığı ölkə elə Ermənistanın özüdür. Baxın, son otuz il ərzində işğal faktına, bir milyondan çox qaçqın və məcburi köçkün probleminə baxmayaraq, ölkəmiz bütün sahələrdə çox böyük inkişafa nail olub. İqtisadiyyatını sürətlə inkişaf etdirən Azərbaycan çoxsaylı regional və qlobal layihələr həyata keçirib, bölgənin ən inkişaf etmiş ölkəsinə çevrilib. Ermənistan isə Qarabağdakı təbii sərvətlərimizi vəhşicəsinə istismar etməsinə baxmayaraq, ağır iqtisadi böhranla üzləşib. Kütləvi işsizlik, həyat səviyyəsinin sürətlə aşağı düşməsi, xarici borcun kəskin şəkildə artması, rüşvət və korrupsiyanın çiçəklənməsi, regional layihələrdən kənarda qalmaq Ermənistan üçün son otuz ildə xarakterik olan başlıca amillərdir. Bütün bu faktlar onu göstərir ki, bu ölkə işğalçılıq siyasəti həyata keçirməklə ən böyük ziyanı məhz özünə vurub. Polkovnik qeyd edib ki, Vətən müharibəsindən dərhal sonra Azərbaycan regionda yeni sülh və quruculuq mərhələsinin başlandığını elan etdi. Lakin görünən odur ki, Ermənistan hazırda Azərbaycanın əməkdaşlıq səylərini dəstəkləmək istəmir. Halbuki, Azərbaycanın əməkdaşlıq səylərini cavabsız qoymaq, torpaq iddialarını davam etdirmək, müxtəlif təxribatlara əl atmaq Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altında qoya bilər. Çünki Azərbaycanın mövqeyi bəlli və birmənalıdır. Azərbaycan açıq şəkildə bəyan edib ki, o, hər cür terror və təxribatçılıq cəhdinə sərt reaksiya verəcək, bu kimi hallarda “Dəmir yumruq” özünü bütün əzəməti və sərtliyi ilə göstərəcək. “Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi onun məkrli niyyətindən xəbər verir. 2020-ci ilin 10 noyabr bəyanatı ilə hərbi əməliyyatlar dayandırılıb. Lakin buna baxmayaraq Ermənistan indiyədək minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir. Bu isə mülki şəxslər və hərbçilərimiz arasında tələfatlara səbəb olur. Bu, faktiki olaraq mina terrorunun davam etdirilməsi deməkdir. Azərbaycan tərəfi haqlı olaraq Ermənistanın bu təxribatını davamlı şəkildə ifşa etməkdə və qınamaqdadır. Lakin beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri də bu məsələdə Ermənistana təzyiq göstərməli, minalanmış ərazilərin xəritəsini verməyə məcbur etməlidir. Çünki Ermənistanın Azərbaycanın sülh və əməkdaşlıq səylərini dəstəkləməməsi, bədxah əməllərini davam etdirməsi bütün regionda sülh və sabitliyin bərqərar olmasına mane ola, bölgədə yeni bir gərginliyin meydana gəlməsinə səbəb ola bilər. Bunun olmaması üçün Ermənistana dünya birliyi, beynəlxalq ictimaiyyət tərəfindən təzyiqlərin göstərilməsi vacibdir”, - deyə Respublika Veteranlar Təşkilatının sədr müavini vurğulayıb.

Hamısını oxu
Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, şair-publisist Ədalət Salmanla görüş keçirilib

17 iyun 2025-ci ildə ADPU-nun Cəlilabad filialı və Rayon Ağsaqqallar Şurasının  birgə təşkilatçılığı ilə   Rayon Veteranlar təşkilatının sədri, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin  üzvü, şair-publisist   Ədalət Salmana Prezident  Təqaüdünün verilməsi münasibətilə görüş keçirilib. Tədbirdə ilk olaraq Ulu  Öndərin və Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib .  Tədbirdə Qarabağ Qaziləri İctimai Nirliyinin,  Rayon Ağsaqqallar Şurasının, Cəlilabad RİH yanında İctimai Şuranın üzvləri, Əmək və Müharibə veteranları, şair və yazıçılar, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri, filialın professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan filialın direktoru X. Sultanlı Ədalət Salmanı  Prezident  Təqaüdünə layiq görülməsi münasibətilə təbrik edib. Onun  "Açın bu dünyanın qapılarını", "Bu dünyada yaxşılıqlar qalacaq", "Məni tənha buraxın", "Gəl dərdləşək", "Gedək,bəxtim əlini ver" və "İlahi,sən bizi sözə bağışla" şeir kitablarının, "Şərəfli ömür yolu" və "Şəhidlik zirvəsinə ucalanlar" publisistik kitablarının müəllifi olduğunu vurğulayaraq yaradıcılıq fəaliyyətində uğurlar arzu edib. Sonra tədbir iştirakçıları Ədalət Salmanın həyat və yaradıcılığı haqqında hazırlanmış video-çarxa baxıblar. Daha sonra Qarabağ Qaziləri ictimai birliyi Cəlilabad filialının sədri Maşalla Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri  Ədalət Əsgərov, Cəlilabad RİH yanında İctimai Şuranın  sədr müavini  Rza Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Gülbala Teymur, Zülfi Vellidağ, Veteran müəllimlərdən Kəramət Həsənov, Adıgözəl Nuriyev, qonşu rayonlardan gəlmiş  şairlərdən  Əhməd Qala, Salamat Biləsuvarlı və başqaları çıxış edərək Prezident Təqaüdçüsü  Ədalət Salmanın eyni zamanda  Cəlilabad RİH-nin Fəxri Fərmanı, Respublika Mətbuat Şurasının "Təşəkkürnamə"si, Azərbaycan Jurnalistlər Birliyinin "Diplom"u ilə təltif   olunduğunu qeyd ediblər və ona uğurlarının davamlı olmasını arzulayıblar. Tədbirin davamında Prezident Təqaüdçüsü Ədalət Salman tədbirin təşkilatçılarına və iştirakçılara xoş sözlərinə,  təbriklərə görə öz təşəkkürünü bildirib və yeni şeirlərini oxuyub. Sonda isə tədbir iştirakçıları ilə  xatirə şəkli çəkilib.

Hamısını oxu