Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Zəfər dastanı” adlı respublika şeir və mahnı müsabiqəsi keçiriləcək

Veteran.gov.az xəbər verir ki, Sentyabrın 20-dən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilir.

 

Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm qələbənin tarixi əhəmiyyətini uşaq və gənclərə aşılamaq, böyüməkdə olan gənc nəsildə hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, təhsilalanların nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, incəsənətə olan marağını daha da artırmaq və onların yaradıcılıq bacarıqlarının inkişaf etməsinə dəstək olmaqdan ibarətdir. 

 

Müsabiqə şeir və mahnı nominasiyaları üzrə 2 yaş (7-14, 15-20) qrupunda və 2 mərhələdə keçirilir.

 

   Müsabiqə üzrə tələblər aşağıdakılardır:

-  Müsabiqəyə iştirakçılar yalnız bir nominasiya üzrə qatıla bilər;

- İştirakçı seçdiyi nominasiya üzrə bir ifadan ibarət videogörüntünü müsabiqəyə təqdim etməlidir;

- Müsabiqəyə vətənpərvərlik mövzusunda yazılmış şeirlə yanaşı iştirakçının öz yazdığı şeir də təqdim oluna bilər;

- Mahnı nominasiyası üzrə müsabiqəyə xalq və bəstəkar mahnıları təqdim olunmalıdır;

- Təqdim olunan mahnı və şeirin ifa müddəti 3-4 dəqiqədən çox olmamalıdır;

- Müsabiqəyə təqdim olunan mahnı minusla və ya akopella oxuna bilər;

- Müsabiqəyə fonoqram qəbul olunmur;

- Hər iki nominasiya üzrə iştirakçının videogörüntüsü telefon, planşet və ya kamera ilə çəkilə bilər;

- Videogörüntülər aydın və keyfiyyətli olmalıdır;

-Təqdim olunan ifadan öncə iştirakçı özü barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, şəhər və rayon,  təhsil aldığı müəssisə, nominasiya üzrə ifa etdiyi mahnı və ya şeirin adını) hazırladığı videogörüntü ilə birgə təqdim etməlidir;

- İfa zamanı səhnə mədəniyyəti, aydın intonasiya, düzgün tələffüz, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, təqdim etmə bacarığı kimi meyarlar nəzərə alınacaq.

 

 I mərhələ - 20 sentyabr – 28 oktyabr 2021-ci il. İlkin mərhələdə iştirakçılar tərəfindən hazırlanan şeir və mahnıların qəbulu aparılır. Hazırlanan mahnılar video formatda grbye@mk.edu.az elektron poçt ünvanına və ya (+994) 55  539 55 22 telefon nömrəsinə “Whatsapp” vasitəsi ilə göndərilməlidir.

 

II mərhələ - 29 oktyabr – 6 noyabr 2021-ci il. Münsiflər heyəti tərəfindən işlər qiymətləndirilir və qaliblər müəyyənləşdirilir.

 

Müsabiqənin qalibləri və fəal iştirakçılar Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplom və sertifikatları ilə təltif olunacaqlar. 

 

Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 568 42 19 və (+994)  55 539 55 22 telefon nömrələri ilə əlaqə yarada bilərlər.

 

973 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatında veteranlarla görüş

Respublika Veteranlar Təşkilatı Dünya Azərbaycanlılarının Həmrəyliyi  günü və Yeni il münasibəti ilə veteranlarla görüş keçirdi. Veteranları hər iki Bayram münasibəti ilə təbrik edib onlara hədiyyələr təqdim olundu. 2016-cı il ərzində fəallıq nümaiş etdirən bir qrup II Dünya müharibəsi veteranı Fəxri Fərmanlarla təltif edildilər.   II Dünya müharibəsi veteranı Bahadur Hüseynovla görüş isə onun yaşadığı evdə baş tutdu. Təşkilatın sədr müavini e.o polkovnik Cəlil Xəlilov veteranın səhhəti ilə maraqlandı, 95 illik yubileyi ilə və yeni il münasibəti ilə təbrik edib, hədiyyə təqdim etdi. Həmçinin Bahadur Hüseynov təltif edildiyi medalı veterana təltif edildi. Sosialist əməyi qəhrəmanı, əmək veteranı Ömər Ağayevə də hədiyyə təqdim olundu. 2016 - ci ildə veteran hərəkatında göstərdiyi xidmələrə görə “Veteran Həmrəyliyi” medalı ilə təqdim olundu. Veteranlar onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı cənab ilham Əliyevə, eləcə də, Respublika Veteranlar Təşkilatına və onun kollektivinə minnətdarlıqlarını bildirdilər.

Hamısını oxu
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür. AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla andılar, məzarı üzərinə gül dəstələri qoydular. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında “Üçüncü ən qədim “T” İdarəsinin İsveç qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimatı olub

Avqustun 21-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının binasında “Üçüncü ən qədim “T” İdarəsinin İsveç qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimat mərasimi keçirilib. “Üçüncü ən qədim “T” İdarəsinin İsveç qambiti” kitabının həmmüəllifləri Şamil Süleymanov və Vladimir Mişindir. “Fədakarlar gərəkdir” kitabının həmmüəllifləri isə Şamil Süleymanov və Şövkət Kərəmovadır. AZƏRTAC xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov təqdimat mərasimində çıxış edərək hər iki kitabın Azərbaycan oğullarının xüsusi xidmət orqanlarındakı fədakar əməyindən bəhs etdiyini bildirib. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qeyd edib ki, Azərbaycanda gənclərin vətənpərvərlik, tariximizə, milli adət-ənənələrimizə, maddi-mənəvi dəyərlərimizə hörmət, dövlətə, xalqa sədaqət ruhunda yetişdirilməsi və tərbiyə edilməsi istiqamətində aparılan uğurlu və məqsədyönlü siyasətin həyata keçirilməsində digər aidiyyəti orqanlar və təşkilatlarla yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) də fəallığı ilə seçilir. Bu işdə DTX-nin veteranlarının, xüsusilə Şamil Süleymanovun rəhbərlik etdiyi “Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları” İctimai Birliyinin əməyi danılmaz və təqdirəlayiqdir. Sonra hər iki nəşr haqqında məlumat verilib. Bildirilib ki, “Fədakarlar gərəkdir” kitabında kəşfiyyat və əks-kəşfiyyat sahəsində zəngin təcrübəsi olan, əqidəsinə sadiqliyi ilə seçilən xüsusi xidmət orqanı veteranı, dəyərli ziyalı Şamil Süleymanovun mənəvi keyfiyyətlərindən, şərəfli xidmət yolundan bəhs olunur. Nəşrdə Ş.Süleymanovun ulu öndər Heydər Əliyev ilə ilk tanışlığı, dahi şəxsiyyətin rəhbərliyi altında bu çətin xidmətdə yüksək keyfiyyətlərə yiyələnməsi, onun kəşfiyyatçı kimi iştirak etdiyi əməliyyatlar, habelə hazırkı ictimai fəaliyyəti və rəhbərlik etdiyi veteranlar təşkilatının gördüyü işlər barədə söhbət açılır. Qeyd olunub ki, “Üçüncü ən qədim “T” İdarəsinin İsveç qambiti” romanı 1980-ci illərdə inkişaf etmiş Avropa ölkələrindən birində cərəyan edən real hadisələr əsasında yazılıb. Romanın Azərbaycan dilində nəşrinin redaktoru və rus dilindən tərcüməçisi yazıçı Azər Hacıbəylidir. Rus dilində variantı 2013-cü ildə işıq üzü görən romanın “Ön söz”ünün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadədir. Kitabda Ş.Süleymanovun bilavasitə iştirakçısı olduğu real hadisələr yüksək dəqiqliklə oxuculara çatdırılır. Əsərin qəhrəmanının müvəffəqiyyət qazanmasının əsasında onun peşəkarlığı ilə yanaşı, yüksək istedadı da durur. Tədbirdə “Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları” İctimai Birliyinin sədr müavini Azər Qarayev, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Mircəfər Həsənov, yazıçı Azər Hacıbəyli, uzun müddət milli təhlükəsizlik sistemində xidmət etmiş ehtiyatda olan polkovniklər Əliheydər Dadaşov, Sücəddin Abdullayev, polis orqanları veteranı, yazıçı Georgi Zapletin, veteranlar və başqaları çıxış edərək böyük və şərəfli həyat yolu keçən, zəngin bilik və təcrübəsini gənc nəslə öyrətmək işində yorulmadan çalışan Şamil Süleymanovun fəaliyyəti haqqında ətraflı məlumat verib, Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinə görə ona minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər bu sanballı əsərlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, hərbi qulluqçuların ruh yüksəkliyinin artırılmasında önəmini xüsusi vurğulayıblar. Bu kitabların gələcəkdə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında tədris vəsaiti kimi istifadəsinin əhəmiyyəti qeyd olunub. Şamil Süleymanov çıxış edərək Respublika Veteranlar Təşkilatına və tədbir iştirakçılarına təşəkkürünü bildirib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə çalışdığı illərlə bağlı xatirələrini bölüşən Şamil Süleymanov Ümummilli Liderin uzaqgörən siyasətinin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə ictimai-siyasi sabitliyin dönməz xarakter aldığını, Azərbaycanın mühüm uğurlar qazanaraq regionun lider dövlətinə çevrildiyini vurğulayıb. Veteranlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edən Şamil Süleymanov Azərbaycanın təhlükəsizliyinin qorunmasının gözəgörünməz cəbhədə çalışan hər bir əməkdaşın müqəddəs vəzifəsi olduğunu deyib və bu sahədə fəaliyyət göstərən hər bir şəxsə uğurlar arzulayıb.

Hamısını oxu
Kəlbəcər Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

Aprel ayının 14-də Kəlbəcər Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalıları, eləcə də Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər. Tədbirdən əvvəl konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Kəlbəcər Rayon İcra Hakimiyyətinin baş tutan tədbirdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərimizin, həmçinin Rayon Ağsaqqallar Şurasının dünyasını dəyişən sədri Vəliyəddin İsmayılovun  xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı giriş sözü ilə açan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qonaqları və  tədbir iştirakçılarını salamlayaraq respublika ağsaqqallarının, eləcə də Kəlbəcər rayonunun ağsaqqal və ziyalılarının ölkəmizin ictimai-siyasi və sosial-mədəni həyatındakı rolundan, səmərəli fəaliyyətindən danışıb. Vurğulayıb ki, 30 ildən artıq davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma el-obalarından didərgin düşən Kəlbəcər  sakinləri, o cümlədən ağsaqqallar haqqın, ədalətin qalib gələcəyinə heç zaman ümidlərini itirməyiblər, daim dövlətin, xalqın yanında olublar. Harada məskunlaşmalarından asılı olmayaraq, hər zaman dövlətçiliyə xidmət ediblər. Natiq, həmçinin, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad edilən Kəlbəcər rayonunda aparılan geniş vüsətli quruculuq işlərindən də ətraflı söhbət açaraq, artıq kəlbəcərlilərin yaxın zamanlarda öz doğma yurdlarına qayıdacaqlarını bildirib. Rayon Ağsaqqallar Şurasının növbəti tədbirlərinin doğma Kəlbəcərdə keçirilməsi arzusunu dilə gətirən  Azər Qocayev çıxışının sonunda yeni sədrin seçilməsi məqsədilə keçirilən konfransın işinə uğurlar diləyib. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov konfrans iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq kəlbəcərli ağsaqqallarla növbəti görüşdən məmnun olduğunu bildirib. Ağsaqqallıq institutunun tarixindən, keçdiyi inkişaf yolundan söz açan natiq Azərbaycanın hər bölgəsində olduğu kimi, ölkəmizin sazlı-sözlü dilbər guşəsi olan Kəlbəcərdə də ağsaqqal sözünün, ağsaqqal xeyir-duasının hər zaman böyük əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Şəmşir ruhunun daşıyıcısı, tanınmış ziyalı, mərhum el ağsaqqalı Qənbər Qurbanovun da uzun müddət Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi təşkilatın fəaliyyətinə böyük töhfələr verdiyini qeyd edib. Bayram Yusifov, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə Şurada həyata keçirilən işlərdən də ətraflı bəhs edib. Bildirib ki,  ağsaqqallar hər zaman olduğu kimi bu gün də şəhər və rayonlarda öz fəaliyyətlərini icra hakimiyyətləri, YAP və digər təşkilatlarla birgə səmərəli əməkdaşlıq şəklində quraraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləməli, öz ağsaqqallıq missiyalarını daim yüksək səviyyədə həyata keçirməlidirlər. Natiq, həmçinin, müasir texnologiyalar, süni intellekt dövründə gənclərimizin milli adət-ənənələrə, dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman ciddi ehtiyacın olduğunu, onların üzərinə böyük   məsuliyyətin düşdüyünü vurğulayıb. Çıxışının sonunda Bayram Yusifov bütün ağsaqqallara möhkəm cansağlığı və işlərində uğurlar diləyib. Sonra təşkilati məsələlər müzakirə edilib. Tədbir iştirakçıları tərəfindən səmərəli fəaliyyətindən bəhs edilən və namizədliyi irəli sürülən Kəlbəcər Rayon İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş millət vəkili Aqil Məmmədov açıq səsvermə yolu ilə yekdilliklə Şuranın sədri seçilib. Aqil Məmmədov ona göstərilən etimada görə Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyinə, həmçinin rayon ağsaqqallarına minnətdarlığını bildirərək vurğulayıb ki, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının fəaliyyətinin daha da aktivləşdirilməsi və inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəkdir. Konfransın sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və digər tədbir iştirakçıları yeni seçilən sədri təbrik edərək, ona gələcək fəaliyyətində davamlı uğurlar arzulayıblar.

Hamısını oxu