Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Hər bir əsgər döyüşə Mübariz kimi, Fərid kimi köklənməlidir”

“Hər bir əsgər döyüşə Mübariz kimi, Fərid kimi köklənməlidir”  “Ordumuz aprel döyüşlərindəki qəhrəmanlığı təkrarlamağa hazırdır”  Cəlil Xəlilov: “Xarici dövlətlərdən hərbi-texniki təchizat baxımından asılılığımız sürətlə azalmaqdadır”  “Müdafiə Sənayesi Nazirliyinin yaradılması strateji uğurlarımızdan biridir”  “SHXÇDX-nin hərbi vətənpərvərliklə bağlı keçirdiyi tədbirlər təqdirlayiqdir”   Ordumuzun güclənməsi, onun döyüş qabiliyyətinin, peşəkarlıq səviyyəsinin yüksəldilməsi ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biridir. Hansı ki, 2016-cı ilin aprel döyüşlərini bu uğurun paraktiki isbatı hesab etmək olar. Lakin torpaqlarımızın hələ də işğal altında qalması, erməni təxribatının bu gün də davam etməsi ordumuzun hazırlıq səviyyəsini artırmaq səylərinin davam etdirilməsini zəruri edir. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovla söhbətimizdə ordumuzun mövcud hazırlıq səviyyəsi, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin önəmi, milli hərbi-sənaye kompleksinin durumu və s. kimi məsələlərə aydınlıq gətirməyə çalışdıq.   -Cəlil müəllim, ordumuz 2016-cı ildə olduğu kimi, 2017-ci ildə də cəbhəboyu təşəbbüsü əldə saxladı. Bilmək istərdik ki, bunun qarşıda bizi gözləyən böyük qələbənin ilkin şərtlərindən biri hesab etmək mümkündürmü?   -Təbii ki, bu, qələbə üçün vacib amillərdən biridir. Hazırkı vəziyyət bizə ordunun hər an müahribəyə hazır olmasının vacibliyini diktə edir. Biz torpaqlarımızı erməni separatçlarından azad etməyə hazır olmalıyıq. Ordumuz yüksək döyüş, eləcə də mənəvi-psixoloji hazırlığa malik olmalıdır. Ordu düşmən üzərində qələbəyə nail olmaq üçün xüsusi hazırlığını mütəmadi artırmalıdır. Təsadüfü deyl ki, Silahlı Qüvvələrimiz həm Ali Baş komandan, həm də ordu rəhbərliyi tərəfindən xüsusi diqqət var. Xarici ölkələrdən ən müasir hərbi texnikanın alınması, mütəmadi hərbi təlimlərin keçirilməsi, peşəkarlığın artırılması, düşmən mövqelərinə dəqiq və ölümcül zərbələrin endirilməsinə hazırlıq bu diqqətin göstəricisidir. Ordu yüksək döyüş hazırlığına malik olmaqla daim düşmən mövqelərini izləməli, onları nəzarətdə saxlamalıdır. Ordumuzun qonşu dövlətlərlə - Rusiya, Türkiyə, Gürcüstanla da birgə həyata keçirdiyi təlimlər də bu məqsədə xidmət edir. Bütün bunlar döyüş hazırlığının yüksəlməsinə təsir edən amillərdir. Biz hər an Ali Baş komandanın “hücum” əmrinə hazır olmalıyıq. Bunun üçün isə peşəkarlığın artırılması vacibdir.   -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) mütəmadi surətdə “Vətənin müdafiəsinə hazıram” mövzusunda tədbirlər keçirir. Hansı ki, həmin tədbirlərdə Qarabağ müharibəsi veteranları da iştirak edir, yeniyetmələrə və gənc nəslin nümayəndələrinə öz xatirə və tövsiyyələrini dilə gətirir. Sizcə bu cür tədbirlər gənc nəsildə vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəldilməsi baxımından nə dərəcədə zəruridir?   -Hərbi vətənpərvərlik tərbiyəsi uşaq bağçalarından, orta məktəblərədn başlamalıdır. Mən SHXÇDX-nin keçirdiyi bu cür tədbirləri təqdirlayiq hesab edirəm. Respublika Veteranlar Təşkilatının həm Gənclər və İdman Nazirliyi, həm Hərbi Prokurorluqla birlikdə həyata keçirdiyi Tədbirlər Planı mövcuddur. Təhsil Nazirliyi ilə də birgə tədbirlər keçirmək niyyətindəyik. Bunda əsas məqsəd gənc nəslin nümayəndələrində orduya marağı artırmaq, hərbi-vətənpərvərlik tərbiyəsini yüksəltməkdir. Biz istəyirik ki, gənclərimiz həqiqi hərbi xidmətə, bir məcburiyyət olaraq yanaşmasınlar. Buna sevgi ilə, qəlbən can atsınlar. Gəncləri elə hazırlamaq lazımdır ki, onlar vətən borcunu ləyaqətlə yerinə yetirsinlər. Elə etmək lazımdır ki,mənəvi-psixoloji hazırlıq baxımından bizim əsgəri gücə bərabər güc olmasın. İstəyirik ki, hər bir əsgərimiz döyüşə Mübariz kimi, Fərid kimi köklənsin. Hər bir gənc torpaqları işğaldan azad etməyə hər an hazır olmalıdır.   -Necə hesab edirsiniz, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində milli tariximizə müraciət etməyə, tarixi qəhrəmanlarımızın təbliğinə yer ayırmağa ehtiyac varmı?   -Təbii ki, buna böyük ehtiyac var. Biz gənc nəsildə vətənpərvərlik ruhunu yüksəltmək üçün tarixi faktlardan istifadə etməliyik. Hansı ki, tariximiz bu baxımdan xüsusilə zəngindir. Hazırda 100 illiyini qeyd etməyə hazırlaşdığımız Xalq Cümhuriyyəti dövründəAzərbaycan Ordusu Qarabağda erməni separatçılarını məğlubiyyətə uğratdı. II Dünya Müharibəsində 124 nəfər Azərbaycan döyüşçüsü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Minlərlə azərbaycanlı mühribədə göstərdiyi şücaətə görə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. Aprel döyüşlərində də əsgər və zabitlərimiz böyük qəhrəmanlıqlar ortaya qoydular. Bu gün ordumuz bu qəhrəmanlıqları təkrarlamağa hazırdır.   -Azərbaycanda hərbi sənayenin inkişafı istiqamətində ciddi addımlar atılır. Necə hesab edirsiniz, müharibə şəraitində olan bir ölkə üçün hərbi sənayenin inkişafı nə dərəcədə vacibdir?   -Prezidentimizin strateji addımlarından biri Müdafiə Sənayesi Nazirliyinin yaradılması oldu. Bu, çox vacib bir məsələdir. Elə dövlətlər var ki, onlar müharibə aparan dövlətlərə silah-surat satışına qadağa qoyub. Bu gün ölkəmiz bu məsələdə digər dövlətlərdən çox da asılı vəziyyətdə deyil. Təbii ki, güclü dövlətlərdən müəyyən silah-sursat alırıq. Ancaq bu gün silahların çoxu ölkəmizin özündə istehsal edilir. Milli hərbi sənayenin inkişafı ölkəmizə həm hərbi, həm də iqtisadi maraqlar baxımından zəruridir. Bizim istehsal etdiyimiz bi çox silah növləri var ki, bu silahlar beynəlxalq sərgilərdə nümayiş olunur, onlara xarici dövlətlərin marağı böyükdür. Bu baxımdan ölkəmizdə milli hərbi sənayenin inişafı müstəsna önəmə malikdir.   -Bəzən bu cür fikirlər səslənir ki, müharibə başlayacağı təqdirdə I Qarabağ müharibəsinin iştirakçılarının təcrübəsinə ciddi ehtiyac olacaq. Sizcə Qarabağ uğrunda yeni bir müharibə başlayacağı təqdirdə I Qarabağ müharibəsinin iştirakçılarının təcrübəsinə doğrudan da böyük ehtiyac yaranaqmı? Əvvəla mən bitməmiş Qarabağ müharibəsi deyərdim. Çünki Qarabağ uğrunda 100 ildən çoxdur ki aparılır, bu gündə davam edir. -Təbii ki, təcrübəyə hər zaman ehtiyac var. Keçmişin dərslərinə  hər zaman müraciət etmək lazımdır. Həm Qarabağ, həm də Əfqanıstan müharibəsinin iştirakçılarının təcrübəsi bu baxımdan önəmlidir. 2016-cı ilin aprel döyüşləri zamanı yüzlərlə müharibə veteranı müraciət edərək ön xətdə getmək istəklərini bildirdilər. Ancaq onlara elə  bir ehtiyac olmadı. Bu gün ordumuz düşmənin öhdəsindən layiqincə gəlməyə qadirdir. Ordudakı zabitlərimiz yüksək təhsilli zabitlərdir. Əsgərlərimizin də döyüş hazırlığı, peşəkarlığı yüksək səviyyədədir. Ancaq şübhəsiz ki, veteranların ordumuzla birliyi də həmişəki kimi məqsədəuyğun olardı. Bunu hər şeydən öncə veteranların özü arzulayır. Unutmayaq ki, bu vətən hamımızındır və onun işğal altında olan ərazilərinin azadlığı üçün hər birimiz əlimizdən gələn fədakarlığı əsirgəməməliyik.   Seymur Əliyev      

2018-01-10 00:00:00
3915 baxış

Digər xəbərlər

Azərbaycan-Vyetnam əlaqələri: Dostluq və əməkdaşlıq nümunəsi

Prezident İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə iki ölkə arasında mövcud əməkdaşlığın miqyasını və perspektivlərini aydın şəkildə ortaya qoydu. Əminliklə demək olar ki, Azərbaycan-Vyetnam əlaqələri strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyur. İki ölkə arasında münasibətlər dərin tarixi köklərə və qarşılıqlı hörmətə əsaslanır. Ölkə rəhbərinin müsahibəsi həm də strateji tərəfdaşlığa doğru yeni mərhələnin başlanğıcını simvolizə edir. Dövlət başçısı Azərbaycanın və Vyetnamın yarım əsrdən artıq dostluq ənənəsinə malik olduğunu vurğuladı, yaxın keçmişi yada saldı. 1959-cu ildə Prezident Ho Şi Minin Azərbaycana tarixi səfəri və 1983-cü ildə ümummilli lider Heydər Əliyevin Vyetnama səfəri bu əlaqələrin təməl sütunları olmuşdur. Bu səfərlər zaman-zaman dərinləşən ikitərəfli münasibətlərin başlanğıcı sayılır.Xüsusilə 2014–2015-ci illərdə baş tutmuş qarşılıqlı dövlət səfərləri Azərbaycan–Vyetnam əlaqələrində yeni səhifə açdı. Həmin illərdə keçirilmiş Birinci Azərbaycan–Vyetnam biznes forumu, Hökumətlərarası Komissiyanın yaradılması, parlamentlərarası əməkdaşlıq və siyasi məsləhətləşmələr iki ölkənin münasibətlərinin institusional bazasını gücləndirdi.Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın Vyetnamla neft, energetika, sənaye, turizm, təhsil və mədəniyyət sahələrində geniş əməkdaşlıq potensialına malik olduğunu qeyd etdi. 2019-cu ildə SOCAR ilə “Binh Son Refinery and Petrochemical Company” arasında imzalanmış müqavilə, Azərbaycan mütəxəssislərinin Vyetnam neft sənayesinin formalaşmasındakı rolu tarixi əməkdaşlığın mühüm göstəriciləridir.Azərbaycan–Vyetnam mədəni əlaqələri də mühüm önəm daşıyır. Azərbaycanlı bəstəkar Qara Qarayevin “Vyetnam süitası” əsəri, rejissor Əjdər İbrahimovun Vyetnamda kino məktəbinin qurulmasında rolu, Bakıda “Əfsanə yaradanlar” filminin nümayişi və Vyetnam Günləri kimi təşəbbüslər ortaq humanitar dəyərlərin təcəssümüdür.Təhsil sahəsində də uzunmüddətli əməkdaşlıq mövcuddur. Sovet dövründə 5 minə yaxın vyetnamlı gəncin Azərbaycanda təhsil alması və onların bu gün yüksək dövlət vəzifələrində çalışması iki xalq arasında səmimi münasibətlərin nümunəsidir. Vyetnamda fəaliyyət göstərən Azərbaycan məzunları assosiasiyası bu əlaqələrin yaşamasına xidmət edir. Xeyirxah əməlləri illərdir ölkə hüdudlarını aşan Heydər Əliyev Fondunun Vyetnamda məktəb tikintisi və digər sosial layihələri ölkəmizin humanitar diplomatiyasının mühüm göstəricisidir. Fondun vitse-prezidenti Leyla Əliyevanın bu ölkəyə son səfəri əməkdaşlığın humanitar aspektlərini daha da dərinləşdirir.Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab Lamın ölkəmizə rəsmi səfəri ikitərəfli əlaqələrdə yeni mərhələnin başlanğıcıdır. Bu səfər siyasi dialoqdan tutmuş iqtisadi və mədəni mübadiləyə qədər bir çox istiqamətdə əməkdaşlığın gücləndirilməsinə təkan verəcək.Xüsusilə turizm, birbaşa aviareyslərin açılması, müştərək mədəni layihələr, ekologiya və səhiyyə üzrə təşəbbüslər qarşılıqlı maraq doğuran sahələr kimi ön plana çıxır. Ölkə rəhbərinin vurğuladığı kimi, vyetnamlı tələbələr üçün ayrılmış təqaüd proqramları və akademik mübadilə təşəbbüsləri də ikitərəfli münasibətlərin gələcəyinə sərmayədir.Nəticə etibarilə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Vyetnam münasibətlərinin yalnız keçmişə deyil, eyni zamanda gələcəyə də möhkəm əsaslandığını sübut edir. Bu münasibətlər dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq üzərində qurulub və proseslər göstərir ki, dostluq və strateji tərəfdaşlıq yeni dövrdə daha da inkişaf edəcək.Prezidenti İlham Əliyevin Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə mətbuata bəyanatında söylədiyi fikirləri bir daha xatırlarmaq yerinə düşər: “Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək”. Məşhur Məmmədov,Milli Məclisin deputatı

Hamısını oxu
"20 Yanvar – qanlı və şanlı tariximiz"

Cəlilabad rayon Veteranlar Təşkilatı 20 Yanvar Hüzn Günü ilə əlaqədar "20 Yanvar – qanlı və şanlı tariximiz” mövzusunda  tədbir keçirib. Tədbirdə Əmək və Müharibə veteranları, şəhid ataları və tanınmış ziyalılar iştirak ediblər. Tədbirdən öncə Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan rayon Veteranlar Təşkilatının sədri  Ədalət Salman  çıxış edərək 1990-cı ilin yanvarında SSRİ qoşun hissələrinin Bakıya yeridilməsi nəticəsində ölkəmizin azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı törədilmiş   dəhşətli cinayətlər haqqında ətraflı məlumat verib. O, 20 Yanvar hadisələrinin  qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizə həkk olunduğunu bildirib və  yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində  siyasi-hüquqi qiymət verildiyini xüsusi vurğulayıb. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 20 Yanvar – Azadlığın qanla həkk olunan tarixi,  müstəqilliyimizin qanımız bahasına alındığını göstərən qəhrəmanlıq və qürur səhifəsidir. 20 Yanvar, Azərbaycan xalqının milli azadlıq hərəkatında, həm də mühüm bir mərhələdir. Məhz həmin gün yurdumuzun azadlığı uğrunda canını qurban vermiş insanlar  müstəqil Azərbaycanımızın bünövrəsini qanları ilə yazdılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Hamısını oxu
Azərbaycanın Xarici İşlər Nazirliyi Faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı bəyanat yayıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi Faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı bəyanat yayıb. "Report" bəyanatın mətnini təqdim edir: "Bu gün 1941-45-ci illər faşizm üzərində qələbənin 76-cı ildönümüdür. Bu əlamətdar gündə, bəşər tarixinin ən dəhşətli savaşlarından olan müharibədə qələbənin əldə olunmasında misilsiz xidmətləri olan, şücaət və qəhrəmanlıq göstərən bütün əsgərlərin, zabitlərin, adi vətəndaşların hər birinin xatirəsini dərin hörmətlə anırıq. Bu qələbənin əldə edilməsinə Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə önəmli töhfəsi olub. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızları iştirak edib, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak olub və itkin düşüb. Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər, bir çox ölkələrin faşizm əsarətindən azad olunmasında yaxından iştirak ediblər. Qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub. Müharibənin 1941-1945-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilib. Qələbə üçün çox zəruri olan müxtəlif silah növləri Azərbaycan müəssisələrində fasiləsiz rejimdə istehsal edilib. Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib. Azərbaycan İkinci Dünya müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmə bəraət qazandırmaq və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyir. Biz xüsusilə bölgəmizdə nasist hərəkatının və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin hər hansı bir formada qəhrəmanlaşdırılması hallarını qınayırıq. Azərbaycan BMT Baş Assambleyasının “Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün müasir formalarının yayılmasına təkan verən digər hallara qarşı mübarizə” qətnaməsini daim dəstəkləyir və hesab edirik ki, belə narahatlıq doğuran meyllərin aradan qaldırılmasında birgə səylərimiz mühüm rol oynaya bilər. Bu il Azərbaycan xalqı ilk dəfədir ki, 1941-45-ci illər faşizm üzərində qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin sevinc hissi ilə birgə ikiqat fəxarətlə qeyd edir. Əcdadlarımızın uğrunda mübarizə apardığı ədalət, nəhayət qələbə çaldı və Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda canından keçmiş bütün oğul və qızlarımız, eləcə də 1941-45-ci illər müharibəsinin veteranları xalqımızın fəxridir. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq".

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında 9 May faşizm üzərində Qələbənin 74-cü ildönümü qeyd edildi

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İkinci Dünya müharibəsi veteranları üçün təntənəli bayram tədbiri təşkil olunmuşdur. Respublika Veteranlar Təşkilatının inzibati binasının həyətində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən quraşdırılmış 150 nəfərə xidmət üçün nəzərdə tutulan səyyar mətbəx və Böyük Vətən müharibəsi dövrünün hərbi geyimində olan əsgər, zabitlər veteranlara nostalji hisslər yaşadaraq, Qələbə bayramının sevincinə əlavə rəng qatmışlar. Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında səslənən müharibə, Vətən, qəhrəmanlıq, sevgi haqqında o illərin mahnıları bu ovqatı daha da artırmışdır.   Tədbirdə Müdafiə Nazirliyinin, Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar, ziyalılar, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Seçenov adına Tibb Universitetinin Bakı filalının  tələbələri, gənclər və media nümayəndələri iştirak etmişdirlər. Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov çıxış etdi, hər kəsi 9 May faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibəti ilə səmimiqəlbdən təbrik etdi.  Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında əlamətdar gün münasibətilə bütün veteranları təbik etdi, Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığından, əvəzsiz xidmətlərindən danışdı. C.Xəlilov:  “İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Qələbə Gününün canlı yaddaşı isə veteranlardır. Veteranlar bu Qələbənin yükünü çiyinlərində daşıyıblar. Bu tarixin ən əlamətdar anı isə 1945–ci il mayın 9-u Qələbə Günüdür. Xalqımız veteranları ilə hər zaman fəxr edir.” Digər çıxış edən veteranlar onlara göstərilən diqqətə və qayğıya görə minnətdarlıq edib, keçdikləri döyüş yolu, həyatlarının ən kəşməkəşli dövrü olan Böyük Vətən müharibəsi haqqında xatirələrini bölüşüblər. Onlar üçün hazırlanmış İkinci Dünya müharibəsini xatırladan ab-hava veteranların ürəyincə oldu. Veteranlar hər kəsə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Qələbə Bayramını tezliklə işğal altında olan torpaqlarımıza da qeyd ediləcəklərinə əminlik ifadə etdilər. Hərbi orkestrin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin və “Cənab leytenant” patriot qrupunun ifasında səsləndirilən musiqi proqramı proqramı, veteranların bayram əhval-ruhiyyəsini daha da artırdı.

Hamısını oxu