Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 18 ildə əsrə bərabər inkişaf yolu keçib

Görkəmli dövlət xadimi, yeni əsrin yeni Lideri olan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 18 il keçir. 2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.

1993-cü ildə Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna çıxdı. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə yeni Prezident seçdi. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.

AZƏRTAC Prezident İlham Əliyevin 18 illik hakimiyyəti dövründə Azərbaycanın keçdiyi misilsiz inkişaf yolunun bəzi məqamlarına nəzər salır.

Əsrə bərabər 18 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.

Tarixə nəzər salsaq görərik ki, ötən 18 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.

Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı İlham Əliyev xarici KİV-ə 30-dan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.

Əlbəttə, Vətən müharibəsində qazanılmış Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi və Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Ötən on səkkiz ilə nəzər salsaq görərik ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. İqtisadi və sosial sahədə qazanılmış bir neçə göstəricini diqqətə çatdırmaq kifayətdir. Ötən 18 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə artıb, yoxsulluq 49 faizdən təxminən 5 faizə enib, 2 milyondan çox yeni iş yerləri yaradılıb, əməkhaqları, pensiyalar dəfələrlə artırılıb.

Siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib.

Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır. “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peykləri orbitdə uğurla fəaliyyət göstərir.

Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində bir çox layihələrin, inqilabi islahatların müəllifidir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini - “ASAN xidmət” mərkəzlərini buna misal göstərmək olar.

Son 18 il ərzində Azərbaycan dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb. Bakı “Eurovision” mahnı müsabiqəsinə, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, “Formula 1” yarışlarına, futbol üzrə Avropa çempionatının final mərhələsinin bir neçə oyununa ev sahibliyi edib.

Ötən dövr Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçib. Təşkilata sədrlik müddətinin daha bir il artırılması Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.

Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Füzuli aeroportu artıq təyyarələri qəbul etməyə hazırdır, Şuşaya gedən Zəfər yolunun tikintisi tamamlanmaq üzrədir. Ağdam və Cəbrayıl şəhərlərinin bərpasının təməli qoyulub. Prezidentimiz deyir ki, Qarabağ tezliklə cənnətə çevriləcək, keçmiş məcburi köçkünlər maksimum qısa müddətdə doğma yurdlarına qayıdacaqlar.

Ötən 18 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.

2021-10-15 10:30:00
1191 baxış

Digər xəbərlər

“Təlimlər bölgədə sülhün və təhlükəsizliyin təmininə yönəlib”

Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan və Türkiyə birgə taktiki təlimləri Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığını, yüksək döyüş hazırlığını göstərir". Bu sözləri SİA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.     Polkovnik qeyd edib ki, məhz Azərbaycanla Türkiyənin birgə səyləri bu gün regionda dayanıqlı sülh və sabitliyin əsas qarantı rolunda çıxış edir: “Bildiyiniz kimi, Azərbaycan 44 günlük Vətən müharibəsində erməni işğalçılarını məğlub etməklə bütövlükdə erməni faşizminə böyük zərbə vurdu, onun bölgədə möhkəmlənmək, özünə yeni dayaqlar tapmaq cəhdlərini darmadağın etdi. Bu, dövlətimizin, Ali Baş Komandanımızın bütövlükdə region və dünya qarşısındakı mühüm xidmətlərindən biridir. Məhz Azərbaycanın Vətən müharibəsindəki qalibiyyətindən sonra bölgədə sabitlik bərpa olundu. Erməni vandalizminin, davamlı terror cəhdlərinin qarşısı alındı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.   Qardaş Türkiyə Respublikası Vətən müharibəsi gedişində də öz mövqeyini açıq şəkildə ortaya qoydu və Azərbaycanı həm mənəvi, həm də diplomatik platformada qəti şəkildə dəstəklədi. Bu gün də Azərbaycan və Türkiyənin birgə səyləri regionda sabitliyin, stabilliyin, inkişafın qarantı, bazisi rolunda çıxış edir. Bunu bütün region dövlətləri, qlobal güclər və beynəlxalq təşkilatlar da anlamalı, Azərbaycan və Trükiyənin sülhpərvər siyasətini dəstəkləməlidirlər”.   Sədr müavini bu təlimlərin ordularımızın yüksək döyüş hazırlığının qorunub saxlanılması baxımından önəminə də diqqət çəkdi: “Şübhəsiz, bu cür təlimlər həm Azərbaycan, həm də Türkiyə ordusunun döyüş hazırlığının qorunub saxlanılması, onun peşəkarlığının daha da artırılması baxımından da mühüm əhəmiyyətə malikdir. Bu təlimlər hər iki ordunun yüksək döyüş hazırlığına malik olduğunu göstərir. Naxçıvandakı hərbi təlimlər sübut edir ki, Azərbaycan ordusu Vətən müharibəsində sərgilədiyi yüksək döyüş hazırlığını qoruyub saxlamaqda və uğurla inkişaf etdirməkdədir.   Onu da qeyd edim ki, hər zaman olduğu kimi bu dəfə də Azərbaycan-Türkiyə brigə təlimləri hər hansı üçüncü bir dövlətə qarşı yönəlməyib və heç kim üçün təhdid təşkil etmir. Ancaq buna baxmayaraq, Azərbaycan və Türkiyəyə düşmən olan məkrili qüvvələr bu təlimlərdən nəticə çıxarmalı və anlamalıdırlar ki, həm Azərbaycan, həm də Türkiyə onlara yönəlik istənilən təhlükəni neytrallaşdırmağa qadirdir və şanlı Vətən müharibəsi bu gerçəyin ən böyük isbatıdır”.   Ayşən Vəli  

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rəsmi sosial şəbəkə səhifələrində paylaşım edib. Paylaşımda deyilir: “Əziz həmvətənlər! Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Tanrı öz mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar! Sizə və ailələrinizə möhkəm cansağlığı, xoş ovqat, sevinc və xoşbəxtlik arzulayıram! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.

Hamısını oxu
Şuşa şəhərində Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası Şuşa şəhərində keçirilib. İclası Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev açaraq gündəliyə daxil olan məsələlər barədə məlumat verib. V. Quliyev "Şuşa ili"nə həsr edilmiş xüsusi qrant müsabiqəsi və 2022-ci il üçün kiçik qrant müsabiqələrinin mövzuları barədə fikirlərini bildirərək QHT-lərin hər iki müsabiqəyə ictimai əhəmiyyət kəsb edən layihələr təqdim edəcəyinə əmin olduğunu vurğulayıb. İclasda qonaq qismində iştirak edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək Agentliyin “Şuşa ili"nə həsr edilmiş qrant müsabiqəsi keçirməsindən məmnun olduğunu vurğulamış, bu məqsədlə birgə müzakirənin təşkil edilməsinin səmərəli olduğunu bildirmişdir. Müşahidə Şurasının üzvləri müsabiqə mövzuları ətrafında müzakirələr aparıblar və müvafiq qərarlar qəbul ediblər. Qeyd edək ki, Agentlik yaxın günlərdə hər iki müsabiqəyə layihələrin qəbulunu elan edəcək.  

Hamısını oxu
Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyi polkovnik Cəlil Xəlilovu ad günü münsibətilə təbrik edib

Veteran.gov.az xəbər verir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert,  polkovnik Cəlil Xəlilovu ad günü münasibətilə təbrik edib.     

Hamısını oxu