Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Avropanın siyasi paytaxtında Azərbaycanın növbəti diplomatik qələbəsi

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə işgüzar səfəri bir çox mühüm məqamlarla yadda qaldı. Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycanın həm NATO, həm də Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğu, ölkəmizin yaratdığı reallıqların regional və beynəlxalq əhəmiyyət daşıdığı bir daha bəyan edildi.  Bununla yanaşı, yeni geostrateji şəraitdə şərtləri diktə edən Azərbaycanın postmüharibə dövründə proseslərin tənzimlənməsi ilə əlaqədar mövqeyinin dəyişməz olduğu növbəti dəfə öz təsdiqini tapdı.

 

Tarixi Qələbədən sonra ən mühüm görüş

 

Şübhəsiz ki, Azərbaycanın tarixi Qələbəsindən sonra Brüssel danışıqları ən mühüm – diqqətçəkən görüş kimi tarixə düşdü. Xüsusilə də, indiyə qədər əldə olunmuş razılıqlar bir daha təsdiqləndi, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası, sərhədlərin delimitasiyası və demarkasiyası  kimi məsələlərdə Azərbaycanın üstün mövqeyi növbəti dəfə əks olundu.

 

Regional nəqliyyat əlaqələrinin inteqrasiyası ilə bağlı çox mühüm fikirlər ifadə edildi. Dövlət başçısının diqqət yetirdiyi vacib məsələlərdən biri də Zəngəzur dəhlizi və onun hüquqi rejimi ilə bağlıdır. Sirr deyil ki, Azərbaycan Asiya ilə Avropa arasında mühüm nəqliyyat-tranzit xətti olacaq bu dəhlizin açılmasında güclü siyasi iradə nümayiş etdirir və müvafiq addımlar atır. Ümumiyyətlə, Zəngəzur dəhlizinin yaradılması məsələsi təkcə Azərbaycanın deyil, bütövlükdə, regionun siyasi gündəliyinin mühüm tərkib hissəsidir. Bu da təsadüfi deyil, çünki dəhlizin reallaşması həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Bu ərazidən keçən nəqliyyat xətti bir çox dövlətin əməkdaşlıq imkanlarını genişləndirəcək. Ən vacib məqamlardan biri yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə Muxtar Respublika arasında birbaşa quru əlaqəsinin yaranmasıdır. Təbii ki, bu, sosial-iqtisadi cəhətdən çox önəmlidir. Bütövlükdə, yeni infrastrukturun yaranması nəticəsində Azərbaycanın tranzit əhəmiyyətinin artması, iqtisadi inkişafının sürətlənməsidir. Təbii ki, Orta Asiya ilə Avropanı birləşdirən bu infrastruktur layihəsi digər region ölkələri üçün də iqtisadi fayda əldə etmək üçün perspektivlidir. Bu dəhlizin yaradılması elə Ermənistan üçün də tarixi şansdır. Ermənistan bu imkandan istifadə edərək dəmir yolu ilə həm İranla, həm də Rusiya ilə əlaqə yarada bilər ki, bu da iqtisadi mənfəət qazanmaq deməkdir. Azərbaycan Prezidenti qeyd etdi ki, biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik. Lakin magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb. Bu, gələcək müzakirələrin mövzusudur.

 

Azərbaycanın dəhlizə dair haqlı mövqeyi bir daha təsdiqləndi

 

Ümumiyyətlə, Avropanın siyasi paytaxtında Zəngəzur dəhlizi boyunca dəmir yol xəttinin çəkilişi ilə bağlı konkret mövqeyin ifadə olunması  çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan Prezidentinin bu məsələ ilə əlaqədar yanaşması aydın idi, dövlətimizin başçısı bir daha mövqeyini konkret ifadə etdi. Ermənistan baş naziri Nikol Paşinyan isə üçtərəfli görüşdə Azərbaycan Prezidenti ilə dəmir yolunun bərpa olunması barədə razılığı təsdiqlədiklərini bildirdi. Öz növbəsində Aİ Şurasının Prezidenti Şarl Mişelin yaydığı bəyanatda dəmir yol xəttinin çəkilişi xüsusi olaraq qeyd olunub. Həmçinin dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlıq prinsipi əsasında təşkil olunacağı vurğulanıb. Bununla da Azərbaycanın dəhlizə dair haqlı mövqeyi bir daha təsdiqlənib.

 

Laçın dəhlizində gömrük yoxdursa, Zəngəzur dəhlizində də olmamalıdır

 

Dövlət başçısının toxunduğu çox mühüm məsələlərdən biri Zəngəzur dəhlizinin hüquqi rejimidir. Ermənistan tərəfi bu məsələni spekulyasiya edərək fərqli beynəlxalq ictimai rəy formalaşdırmağa, təmasların əhəmiyyətini azaltmağa, dəhlizin inşası və istifadəyə verilməsi prosesini gecikdirməyə çalışır. Təbii ki, proses geriyədönməz xarakter daşıyır, şərtləri diktə edən Azərbaycanın üstün mövqeyi və həm regional, həm də regiondankənar bir sıra dövlətlərin yanaşması fonunda Zəngəzur dəhlizinin açılması labüddür. Ermənistan istəsə də, istəməsə də, dəhliz məsələsi reallaşacaq. Elə dəhlizin hüquq rejiminin müəyyən olunması da Azərbaycanın prinsipial yanaşması və beynəlxalq normalar əsasında olacaq. Prezident İlham Əliyev bu məsələdə ölkəmizin prinsipial mövqeyini birmənalı şəkildə ifadə etdi: “Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”.

 

Sülh, sabitlik və inkişaf naminə

 

Bunlarla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın sülhyaratma prosesində və təhlükəsizliyin təmin olunmasında qətiyyətli mövqeyini – prinsipial yanaşmasını ortaya qoydu. O, Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiq olduğunu bəyan etdi. “Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik”,-deyə Azərbaycan Prezidenti vurğuladı. Bu, o deməkdir ki, Ermənistan ərazi iddiasından əl çəkməli, ölkəmizin ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsini imzalamalıdır. Belə olan halda, Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik mühitini təmin etmək mümkün olacaq. Bu, Ermənistan da daxil olmaqla regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir.  

Nəticə etibarilə, Brüsseldə baş tutan görüşlər postmüharibə mərhələsində Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirildiyini göstərir. Bu isə onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli mövqeyi qarşıda duran bütün strateji hədəflərə çatmağa imkan verəcək.

 

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

2021-12-15 14:49:00
1427 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov İsmayıllıda şəhid Ramil Musayevin ailəsini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 2 iyul 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov və  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi polkovnik Xaqani Fərzəliyev şəhid Ramil Musayevin ailəsini ziyarət ediblər. Azərbaycan dövlətinin şəhid ailələrinə hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını bildirən polkovnik Cəlil Xəilov, bu yanaşmanın cəmiyyətin hər bir fərdi üçün nümunə olduğunu bildirib. 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının taleyində və dövlətçilik tariximizdə yeni bir səhifə açdığını vurğulayan Təşkilat sədri, bu tarixi uğura məhz şəhidlərimizin və veteranlarımızın qəhrəmanlığı sayəsində nail olduğumuzu deyib. Görüş zamanı şəhid ailəsinə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına maddi yardım göstərilib. Şəhid anası gəlişinə görə polkovnik Cəlil Xəlilov və polkovnik Xaqani Fərzəliyevə təşəkkür edib, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını ifadə edib. Seymur ƏLİYEV    

Hamısını oxu
Prezident və xanımı Uşaq İncəsənət Məktəbinin açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 3-də Bakının Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışında iştirak ediblər. Publika.az xəbər verir ki, dövlət başçısı və birinci xanım əsaslı təmirdən sonra binada yaradılan şəraitlə tanış oldular. Məlumat verildi ki, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin yerləşdiyi bina 1904-cü ildə inşa edilib. Bina 2020-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. Hazırda məktəbdə fortepiano, skripka, gitara, klarnet, saksofon, vokal, xanəndə, tar, kamança, qarmon, nağara, rəssamlıq, xoreoqrafiya, nəzəriyyə və tədris köməkçi fənləri ixtisasları üzrə 385 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 78 müəllim məşğul olur. Məktəbin bütün tədris otaqları əyani vəsaitlərlə təmin olunub. İncəsənət məktəbinin ikimərtəbəli binasında 15 fərdi tədris otağı, nəzəriyyə otaqları, kitabxana, dərzi otağı, konfrans zalı, rəssamlıq otaqları, xoreoqrafiya zalı, yeməkxana və səsyazma studiyası fəaliyyət göstərir. Məktəbdə Vaqif Mustafazadə guşəsi yaradılıb. Qeyd edək ki, dünya şöhrətli caz ustası Vaqif Mustafazadə 1949-1956-cı illərdə burada fortepiano ixtisası üzrə təhsil alıb. Azərbaycanın bir sıra görkəmli bəstəkarları və incəsənət xadimləri bu məktəbin yetirmələri olublar.

Hamısını oxu
İlham Əliyev Naxçıvan şəhərindəki “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərindəki “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər. Abidənin müəlliflərindən biri Xalq rəssamı Salxab Məmmədov dövlətimizin başçısına və birinci xanıma abidə barədə məlumat verdi. Qeyd edək ki, bu il Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi tamam olur. Prezident İlham Əliyev Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi, həmçinin onun abidəsinin ucaldılması barədə ötən il Sərəncam imzalayıb. Abidə kompleksi böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin zəngin memarlıq irsini daha müasir yanaşma əsasında təqdim etmək məqsədilə yaradılıb. Müəllifləri Xalq rəssamları Salxab Məmmədov, Əli İbadullayev və Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov olan heykəlin hündürlüyü 270, postamentin hündürlüyü 90, ümumilikdə abidənin hündürlüyü isə 385 santimetrdir. Heykəl bürüncdən, postament qranitdən hazırlanıb. Kompleksin ərazisində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Orta əsrlər Azərbaycan memarlığının inkişafında mühüm rol oynayan memar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi ilk növbədə Azərbaycan dövlətinin tarixi şəxsiyyətlərimizin parlaq irsinə göstərdiyi diqqətin təzahürüdür. Bu layihənin icrası, eyni zamanda, onların fəaliyyətinin gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biridir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Əcəmi Naxçıvaninin 850 illik yubileyi 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə qeyd olunub. Hazırda isə onun 900 illiyinin UNESCO çərçivəsində qeyd edilən yubileylər siyahısına daxil edilməsi bütövlükdə çoxəsrlik mədəni zənginliklərimizin beynəlxalq səviyyədə daha geniş təbliğində vacib rol oynayır. President.az    

Hamısını oxu
İctimai Birliklər arasında əlaqələr genişlənir

26 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma xanım Səttarova ilə “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun Prezidenti, Azərbaycan Respublikasi Veteranlar Təşkilatın Səbail rayon şöbəsinin üzvü, Əfqanstan və Qarabağ müharibəsi veteranı Sərraf Orucov arasında görüş keçirilmişdir. Sərraf Orucov  Fatma xanım Səttarovanı bu vəzifəyə seçilməsi münasibətilə təbrik edərək təmsil etdiyi ictimai birliyin kollektivi adından Azərbaycan Dövlət siyasətinin həyata keçirilməsində, Azərbaycan Veteran hərakatının inkişafında, Gənclərin hərbi vətənpərvərlik ruhunun aşılaması istiqamətində, Şəhid ailələrinə, müharibə Qazilərinə, Veteranlarına göstərdiyi diqqət-qayğıya və Vətən Müharibəsində arxa cəbhədə göstərdiyiniz xidmətlərinizə görə “Döyüş Səlnaməsi” Fəxri Fərmanı və “Xeyirxaq və Mərhəmətli” medalı ilə təltif edərək, ona həyatda uzun ömür, can sağlığı və gələcək fəaliyyətində yeni-yeni müvəfəqqiyətlər arzulamışdır. Görüş zamanı hər iki ictimai birlik arasında əməkdaşlığın gələcək perspektivləri, əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.

Hamısını oxu