Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanda veteranlara göstərilən qayğı digər dövlətlər üçün nümunədir

Cəlil Xəlilov: “İndiki şəraitdə məktəblərdə hərbi dərslərin tədrisi bizim üçün ikiqat önəm kəsb edir”
“Ehtiyata buraxılan zabitlərin əməyindən mülki həyatda geniş istifadə edilməldir” “Hər bir cəmiyyətdə dövlətlə yanaşı, fərdlərin də humanizminə ehtiyac var”  Uzun illərdir ki, ölkəmizin müharibə şəraitində yaşaması veteranlara göstərilən diqqət və qayğı, əhali arasında vətənpərvərlik əhval-ruhiyyəsinin güclənməsi, işğalçıya qarşı bütün sahə və müstəvilərdə mübarizə aparmağın zəruriliyi, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının və döyüş hazırlığının mütəmadi surətdə yüksəldilməsi və s. kimi məsələləri daim diqqət mərkəzində saxlamağı zəruri edir. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, peşəkar həbi mütəxəssis Cəlil Xəlilovla söhbətimizdə son illər bu istiqamətdə görülən işləri, həyata keçirilən layihələri şərh etməyə çalışdıq:   -Cəlil müəllim, ölkə başçısının veteranlara, müharibə iştirakçılarına hər zaman böyük qayğı göstərdiyi, onların problemlərinin həlli istiqamətində çoxsaylı layihələr həyata keçirdiyi məlumdur. Necə hesab edirsiniz, bu və digər amilləri nəzərə alıb söyləmək olarmı ki, ölkə başçısı qarşıdakı seçkilərdə veteranların dəstəyini təmin edib?   -Şübhəsiz. Ölkə başçısı Azərbaycan veteranları üçün çox böyük işlər görüb. Həm Böyük Vətən Müharibəsi, həm Əfqanıstan, həm də Qarabağ müharibəsi veteranlarının mənzil və avtomobillərlə təmin edilməsi, sanatoriyalara göndərilməsi, onların müalicə olunması və s. kimi məsələlər daim ölkə başçısının diqqət mərkəzində olub. Müharibə veteranlarının ev, torpaq və s. məsələlərlə bağlı xüsusi imtiyazları var. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. İlk növbədə isə I və II dərəcəli əlilliyi olan şəxslərin təminatına diqqət yetirilir. Sonrakı mərhələdə isə digər müharibə əlilləri və veteranların problemləri növbəlilik prinsipi əsasında öz həllini tapır. Əlillərin Bərpa Mərkəzləri var ki, orada müharibə əlilləri lazımi protezlər, arabalar, texniki vasitələrlə təmin edilir. Bəzi hallarda isə biz özümüz müyyən problemi olan veteranlarla bağlı əlaqədar dövlət qurumlarına müraciət edir, onlara köməklik göstərilməsinə nail oluruq. Müqayisə üçün qeyd edim ki, Azərbaycanda veteranara verilən müavinət digər ölkələrdəkindən heç də az deyil. Bundan başqa, bir çox ölkələrdə müharibə veteranlarına ümumiyyətlə ev və avtomobil verilmədiyi halda, ölkəmizdə veteranların həm mənzil, həm də avtomobil təminatı yüksək səviyyədə təşkil olunur. Bütün bunlar ölkə başçısının veteranlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.   -Silahlı Qüvvələrdən tərxis olunan hərbi qulluqçuların mülki həyatda işlə təmin edilməsi, onların məşğulluq probleminin həlli də rəhbərliyində təmsil olunduğunuz təşkilatın daim diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Sizcə ehtiyata buraxılan zabitlərin əməyindən, bilik və bacarığından mülki həyatda yetərincə faydalanırıqmı?   -Bildiyiniz kimi, hərbi qulluqda olan zabitlərimiz bəlli bir müddətdən sonra yüksək pensiya ilə ehtiyata buraxılır. Təbii ki, yaxşı olar ki, onların təcrübəsindən, bilik və bacarığından mülki həyatda da istifadə edilsin. Mən böyük müəssisə və şirkət rəhbərlərinə təklif edərdim ki, belə insanların təcrübəsindən faydalansınlar. Bu insanların enerjisindən, dünyagörüşündən, təşkilatçılıq bacarığından mülki həyatda da istifadə etmək lazımdır. Lakin təəssüf ki, bu məsələdə vəziyyət arzuedilən səviyyədə deyil. Zabitləri ehtiyata buraxan dövlət qurumları da, həmin zabitlərin sonrakı məşğulluğu haqqında düşünməlidir. Yaxşı olardı ki, bu qurumlar ehtiyata buraxılan zabitlərin hansı sahələrdə çalışmasının daha məqsədəuyğun ola biləcəyi ilə bağlı əlaqədar qurumlar qarşısında təkliflərlə çıxış etsinlər. Onların mənzil, iş və s. ilə təmini ilə bağlı aidiyyati dövlət qurumlarına müraciət ünvanlasınlar. Bir çox ölkələrdə ordudan tərxis edilənlərin mülki həyata uyğunlaşmasını təmin etmək üçün xüsusi kurslar fəaliyyət göstərir. Bu cür şəxslərlə 3-5 aylıq kurslar keçir, onları yeni işləyəcəkləri sahəyə hazırlayırlar. Yaxşı olardı ki, ölkəmizdə də bu sahədə sistemli iş aparılsın. Biz bununla bağlı bir sıra təkliflər vermişik. Yəqin ki, gələcəkdə bu təkliflər nəzərə alınacaq.   -Sizcə ehtiyata buraxılan hərbi mütəxəssislər mülki həyatda hansı sahələrdə daha çox faydalı ola bilər?   -Onlar bir çox sahələrdə fəaliyyət göstərə, əmək prosesində ciddi nəticələr, ciddi uğurlar ortaya qoya bilərlər. Zabitlər hər şeydən öncə ali və orta məktəblərdə müəllim kimi fəaliyyət göstərə bilər. Biz Təhsil Nazirliyi ilə sıx əlaqədəyik. Çalışırıq ki, yüksək təcrübəyə malik zabitlərimiz ordudan tərxis olunandan sonra orta məktəblərdə hərbi hazırlıq fənnindən dərs desinlər. Onlar hərbçi olduqları üçün bu dərsləri mülki şəxslərdən daha yaxşı, daha yüksək səviyyədə keçə bilərlər. Hərbi dərslərin önəmi bizim üçün olduqca vacibdir. Azərbaycan gəncinin hərbi anlayışı geniş olmalıdır. Nə qədər ki, biz müharibə şəraitində yaşayırıq, nə qədər ki, Qarabağ problemi həll olunmayıb, həm orta məktəb şagirdlərimiz, həm də ali məktəb tələbələrimiz hərb elmi haqqında zəngin məlumata malik olmalıdır. Biz onların hərbi hazırlığına xüsusi diqqət yetirməliyik ki, gələcəkdə onlar orduda qulluq edəndə komandirlərin də işini asanlaşdıra bilərlər.     -Bu günlərdə hərbi vətənpərvərliklə bağlı yeni medalın təsis edilməsi gözlənilir. Hansı ki, bu medal vətənpərvərlik tərbiyəsində, vətənpərvərlik təbliğatında fəallıq  göstərən şəxslərə veriləcək. Sizcə belə bir medalın təsis edilməsi, təltif siyasəti insanları vətənpərvərlik təbliğatındakı fəaliyyətə daha da həvəsləndirə, onlar üçün mənəvi sitimul ola bilərmi?   -Bu, çox vacib məsələdir. Nəzərinizə çatdırım ki, bizim təşkilatımızın özü bir neçə medal təsis edib. Məsələn, Cümhuriyyət generalı, Azərbaycanın müdafiə naziri Səməd bəy Mehmandarovun adına medal təsis etmişik. Qərargah rəisi olan general Əliağa Şıxlınski, Naxşıvanski, Həzi Aslanov adına da medallarımız var. Bundan başqa, “Veteranların qayğıkeşi” diplomu təsis etmişik. Məsələ bundadır ki, insanlaırn əməyinə qiymət vermək lazımdır. Əgər kimsə bu sahədə çalışırsa, ortaya böyük zəhmət qoyursa, iş qoyursa, minlərlə insana vətənpərvərlik ideyası aşılayırsa, onların hərbi dünyagörüşünün artmasına səy göstərirsə, niyə də onlar mükafatlandırılmasın? Biz dövlət qurumlarını, habelə həkimləri, digər peşə sahiblərini də təltif edirik. Hansı ki, onlar veteranların müalicəsində yaxından iştirak edir. Elə veteranlarımız var ki, onların yaxın qohumları yoxdur. Hər hansı bir tələbə onları himayəyə götürüb, onlara qayğı göstərir. Elə şəxslər var ki, onlarla veteranın təminatını üzərlərinə götürür, onların dərmana və s-yə olan ehtiyacını qarşılayır. Biz həmin insanlara öz təşəkkürümüzü bildiririk. Sevinirik ki, bu cür humanist insanlarımız var. Xatırladım ki, Azərbaycan Respublikasının Prezidentinin xüsusi təltif  diplomu var. Hansı ki, vətənpərvərlik sahəsində xidmətləri olan şəxslər bu diplomla təltif edilir. Bizim təşkilatımızdan artıq üç üzvü bu yaxınlarda prezident İlham Əliyev tərəfindən vətənpərvərlik sahəsində yüksək nailiyyətlər əldə etdiyi üçün fəxri diplom ilə təltif olunublar. Bunlar sədrimiz general Tofiq Ağahüseynov, Fatma xanım Səttarova və I dərəcəli kapitan Qritçenko Aleksandr Aleksandroviçdir. Bu fakt onu göstərir ki, dövlət və xalq qarşısında xidmətləri olan şəxslərə prezidentimiz də hörmətlə yanaşaraq, onları təltif edir. İnsanları əməkləri müqabilində təltif etmək onları daha da həvəsləndirir, onlar üçün sitimul rolunu oynayır.   -Ancaq elə insanlar da var ki, onlar hər şeyə görə dövləti məsul tutur, hər cür qayğı və diqqəti yalnız dövlətdən tələb edirlər. Sizcə bütün ümid və gözləntilərin dövlətə ünvanlanması, hər şeyə görə dövlətin cavabdeh tutulması nə dərəcədə doğrudur?   -Təəssüf ki, qeyd etdiyiniz xüsusiyyətləri özündə əks etdirən insanlar da var. Onlar anlamalıdırlar ki, biz hər şeyi dövlətin üstünə ata, hər şeyi dövlətdən tələb edə bilmərik. İnsanların özündə də humanistlik, qayğıkeşlik olmalıdır. İnsanlar yaxşı ilə pisi seçməyi, imkansız adamlara əl tutmağı bacarmalıdırlar. Bu cür xeyirxah addımlar cəmiyyətin psixologiyasına da müsbət təsir edir, bu sahədə bir ənənə artıq formalaşdırır. Xeyirxahlıq, böyüyə hörmət bizim xalqın milli mental xüsusiyyətlərindədir. Hansı ki, biz bu ənənəni davam və inkişaf etdirməliyik.   Seymur Əliyev

2018-02-14 00:00:00
9908 baxış

Digər xəbərlər

Peşə təhsil müəssisələrində 27 sentyabr “Anım Günü”nə həsr olunan silsilə tədbirlər həyata keçirilib

Veteran.gov.az xəbər verir ki, 27 sentyabr tarixində Bakı və regionlarda yerləşən peşə təhsil müəssisələrində  İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinə həsr olunan “Anım Günü” ilə bağlı silsilə tədbirlər keçirilib.   Tədbirlər çərçivəsində peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti tərəfindən Bakı şəhəri və regionlarda yerləşən Şəhidlər Xiyabanı ziyarət edilib, şəhid ailələri və məzun qazilərlə görüşlər təşkil olunub. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində nəzərdə tutulan tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və qazilər iştirak edib, 44 günlük Vətən müharibəsinə həsr olunmuş videotəqdimat nümayiş etdirilib. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rəsmi anım tədbirindən sonra II Şəhidlər Xiyabını ziyarət edilib və Mərkəzin ərazisində ağacəkmə kampaniyası həyata keçirilib. Həmçinin Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin girişində şəhidlərin fotostendləri hazırlanıb və onların mübarizə yolunu əks etdirən videoçarxlar, işğaldan azad edilmiş bölgələrdə quruculuq işlərini əks etdirən video materiallar nümayiş etdirilib. Lənkəran Peşə Liseyi də “Anım Günü” ilə əlaqədar şəhid ailələrinə verilən yeni yaşayış binasının həyətinə Lisey tərəfindən istehsal olunan masalar, oturacaqlar, tullantı qutuları, güldanlar yerləşdirilib. Bununla yanaşı Liseyin həyətində şəhidlərin əziz xatirəsinə ağaclar əkilib. Müəssisələr arasında Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tarixi günlə əlaqədar geniş tədbir keçirib, həmçinin Mərkəz kollektivi tərəfindən Şəhidlər Xiyabanı ziyarət olunub.   Azərbaycan Respublikasında “Anım Günü”nün təsis edilməsi 2020-ci il dekabrın 2-də İlham Əliyevin Sərəncamına əsasən qeyd olunur. “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşən, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən əsgər və zabitlərimizə, şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Peşə təhsil müəssisələrinin pedaqoji kollektivi, tələbə və məzunları arasından II Qarabağ müharibəsində iştirak etmiş 54 nəfər vətənin azadlığı uğrunda göstərdikləri şücaətə görə ölkə başçısı tərəfindən müxtəlif medallarla təltif ediliblər. 44 günlük Vətən müharibəsində ümumilikdə 760 təhsil işçisi düşmənə qarşı vuruşub. 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. (vet.edu.gov.az)

Hamısını oxu
Xalq Ali Baş Komandanı qızıl qəlbli rəhbər adlandırır

Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda, xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər. Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı hərbi əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur. Xalq bildirir ki, Ali Baş Komandan bütün dünyaya bizim xalqın, millətin gücünü və qüdrətini bir daha sübut etdi. Onlar Prezidenti qızıl qəlbli rəhbər adlandırıb.   Prezidentə müraciət edənlər qeyd edir ki, Ali Baş Komandan müdrik və uzaqgörən siyasəti ilə Azərbaycan xalqına şərəfli bir tarix yaşatdı. Azərbaycan xalqının bu günü və xoşbəxt gələcəyi naminə yorulmadan çalışdı. Bu yolda həmvətənlərimiz daim Prezidentimizi dəstəkləyir. Zəfərin Azərbaycan xalqının yanında olduğuna inanırlar.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının və Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşəbbüsü ilə 44 günlük Vətən müharibəşi iştirakçılarının görüşü keçirilib

Respublika Veteranlar Təşkilatının və Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşəbbüsü ilə bir grup 44 günlük Vətən müharibəsi iştirakçılarının görüşü keçirilib. Görüşdə Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəliov çıxış etdi. C.Xəlilov: “Möhtəşəm zəfərləri ilə tarix yazan yenilməz Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurdu və düşməni ağır məğlubiyyətə uğradaraq kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Bu 44 günlük müharibə Azərbaycan xalqının şanını-şöhrətini özünə qaytardı. müharibə xalq olaraq qürurumuzu, vüqarımızı, özümüzə inamımızı qaytardı. Bu 44 günlük müharibədə igid Azərbaycan oğulları öz qəhrəmanlıqları ilə nəinki bugünkü nəsil üçün, eyni zamanda gələcək nəsillər üçün daim fəxr edib, qürur duyacağımız şanlı tarix yazdılar. Elə bir tarix ki, qərinələr, əsrlər keçəcək, nəsillər dəyişəcək, ancaq bu 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qan yaddaşında və tarixində qızıl hərflərlə həkk olunub əbədi yaşayacaq. Bizlər – bugünkü nəsil xoşbəxt nəsilik ki, bu şanlı tarixin yazılmasına şahidlik etdik. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu müharibədə qəhrəman oğullarımız şəhadətə qovuşaraq, ölümləri ilə ölümsüzlük qazandılar. Sizlərin timsalında minlərlə qəhrəmanımız  Azərbaycan xalqının ən yeni tarixinə adlarını yazdırdılar, onlar hər zaman iftixarla xatırlanacaqlar. Bundan sonrada vətənimizin ərazi bütövlüyünü, dövlətimizin müstəqilliyini qoruyacaqlarına yekdilliklə əminik. Əfqanıstan Veteranlar İctimai birliyinin sədri leytenant Nəsirov Orxan və əsgərlər Qasımlı Kamran və Alızadə Tamerlan və onlar kimi minlərlə Azərbaycan oğlunun qürürumuz olduğunu dilə gətirdi. Azərbaycan xalqının birliyinin yenilməzliyinin simvolu olan Vətən müharibəsindəki şanlı qələbəninin gələcəyimizi işıqlandıracağını bildirdi. Respublika Veteranlar Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Fəxri Fərmanları, Əfqanıstan Veteranları İctiami Birliyinin sədri  Məhəmməd Vəliyev  isə öz növbəsində rəhbərlik etdiyi Təşkilatın təsis etdiyi medalı və mükafatlarını 44 günlük Qarabağ müharibəsi qəhrəmanlarına təqdim edilər.

Hamısını oxu
Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha bir neçə kəndini işğaldan azad edib

Bakı, 2 noyabr, AZƏRTAC  Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında bildirib.a

Hamısını oxu