Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ulu Öndər Heydər Əliyev - Müasir Azərbaycanın yeni inkişaf tarixinin müəllifi

Bəşər tarixində liderlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən onların fəaliyyətinin gələcəyin axarına təsiri, əks-sədaları ilə müəyyənləşir. Dərin fəlsəfəyə əsaslanan, daim zamanın nəbzini tutmağı, hadisələrə müdrik qiymət verməyi, siyasi po­tensialını çevik dəyərləndirməyi bacaran şəxsiyyətlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir.

1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”

Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bildi, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi.

"Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən Ulu Öndər 1994-cü ildə Gənclər və İdman Nazirliyinin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı.1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.

Azərbaycanın digər mühüm sahələrlə yanaşı, həm də bir idman ölkəsi olaraq beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Dövlət idman siyasətinin həyata keçirilməsində əvəzsiz xidmətləri olan Ulu öndərin diqqət və qayğısı sayəsində 1997-ci ildə Azərbaycan idmanı özünün ən mühüm mərhələsinə qədəm qoydu. Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkəmizdə idmanın daha böyükmiqyaslı tərəqqisinə, Azərbaycanın dünya idman ailəsinin üzvü olmasına, idmançılara dövlət qayğısının artırılmasına, maddi-texniki bazanın möhkəmlənməsinə geniş üfüqlər açdı”.

Ulu Öndər beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülmüşdür.

Bu gün müstəqil Azərbaycan dövlətində təhlükəsiz və firavan şəraitdə yaşadığımıza görə məhz ümummilli lider Heydər Əliyevə borcluyuq.Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edib, regionun lider dövlətinə çevrilib, beynəlxalq aləmdə mövqeyini xeyli möhkəmləndirib. Məqalə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub.

Həmid Nəsirov

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, 1-ci dərəcə dövlət qulluqçusu, YAP ərazi partiya təşkilatının sədri

 

2022-05-08 19:37:00
820 baxış

Digər xəbərlər

Abşeronda növbəti dəfə şəhid övladları sevindirildi

Veteran.gov.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon ərazisində yaşayan şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir, onların övladlarına fərdi yanaşılaraq istək və arzuları dinlənilir. Bununla bağlı RİH tərəfindən həyata keçirilən “Hərəyə bir şəhid övladı sevindirək” layihəsi uğurla davam etdirilir. Layihə çərçivəsində şəhid Musayev Sahib Musa oğlunun həyat yoldaşı Pərvin Musayeva ilə əlaqə saxlanılıb, övladlarıının istəkləri öyrənilib. Qəhrəmanımızın qızının otağı üçün xalçaya, oğlunun isə “stolüstü futbol oyunu”na ehtiyacı olduğu müəyyən edilib.   Xırdalan şəhər 15 saylı körpələr evi-uşaq bağçasının müdirəsi Mətanət Novruzova və adıçəkilən bağçanın kollektivi tərəfindən xalça və “stolüstü futbol oyun”u ailəyə təqdim edilib və beləliklə də şəhid övladlarının arzuları yerinə yetirilib.   Şəhidin həyat yoldaşı Pərvin Musayeva göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Bu layihə ilə uşaqların sevindirildiyini qeyd edərək həyata keçirilən müsbət əməlin əhəmiyyətindən danışıb.   Qeyd edək ki, Musayev Sahib Musa oğlu 1984-cü ildə Qax rayonunun Şotavar kəndində anadan olub. 1991-ci ildə Şotavar kənd orta məktəbinin 1-ci sinfinə gedib. 8-ci sinifdən sonra təhsilini Qax rayonu Qorağan kənd orta məktəbində davam etdirib. 2001-ci ildə Qorağan kənd orta məktəbini bitirib. Həmin il Bakı Maliyyə İqtisad kollecinin Gömrük İşinin Təşkili fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə hərbi xidmətə çağırılmışdır. Təhsilini donduraraq hərbi xidmətə yollanıb. Hərbi xidmətini Gəncə Şəhərində yerləşən N saylı hərbi hissədə keçib. 2004 cü il aprelin 5-də hərbi xidmətini başa vurub yenidən təhsilini davam etdirib. Təhsilini başa vurduqdan sonra hərbiyə, vətənə olan sevgisinə görə hərbiçi olmaq qərarına gəlib. 2005-ci il sentyabrın 9-da Bakıda yerləşən Təlim Tədris Mərkəzinə qəbul olunub. Burada Taqım komandirinin müavini ixtisasına yiyələnib. Amma ən böyük arzusu XTQ-də xidmət etmək olub. Həmin ilin dekabr ayında XTQ-nin kursuna qəbul olunub, 6 aydan sonra həmin kursu müvəffəqiyyətlə bitirib. XTQ-nin Xızı rayonunda yerləşən Yaşma adlanan “N” saylı hərbi hissəsində işə başlayıb. 16 il XTQ də xidmət edib. Bir çox tapşırıqlarda, Aprel döyüşlərində iştirak edib. Xidmətdə olduğu müddətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90, 95 və 100 illiyi yubiley medalı, Qüsursuz xidmətə görə 3-cü dərəcəli medallarla təltif olunub. Bir çox fəxri fərmanlara layiq görülüb. Vətən müharibəsi başlayan gündən müharibəyə gedərək Füzuli, Hadrud, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının düşməndən azad edilməsində iştirak edib. Yaralı olmasına baxmayaraq Şuşa uğrunda gedən döyüşlərə qatılıb və böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Bayrağı ordeni, Cəbrayılın azadlığı uğrunda, Vətən uğrunda, Şücaətə görə, Şuşa uğrunda medalları ilə təltif olunub. Allah rəhmət eləsin.

Hamısını oxu
“Qərbi Azərbaycana qayıdış tarixi ədalətin və mənəvi bütövlüyümüzün təmini olacaq”

“Vaxtiylə erməni faşizmi tərəfindən dədə-baba yurdundan didərgin salınan soydaşlarımızın yenidən Qərbi Azərbaycana qayıdışı tarixi ədalət və xalqımızın mənəvi bütövlüyünün təmini baxımından zəruridir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciət, bu müraciətdə yer alan fikirlər mühüm əhəmiyyətə malikdir: “Qərbi Azərbaycana qayıdış, yüz minlərlə haqqı pozulan soydaşlarımızın hüququnun illər, əsrlər sonra bərpa edilməsi hər zaman Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Dövlət başçısı dəfələrlə Qərbi Azərbaycana qayıdışın vacibliyi ilə bağlı açıqlamalar verib, bu qayıdışın həm beynəlxalq hüquq, həm də tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də dövlət başçısının bu qayıdışı xalqımızın mənəvi bütövlüyünün təmini baxımından da vacib hesab etməsidir. Müzəffər Ali Komandan haqlı olaraq hesab edir ki, bu qayıdış xalqımızı öz mədəni irsini, tarixi yaddaşını bərpa etməyə, mənən və ruhən bütövləşməyə kömək edəcək. Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Qərbi Azərbaycana qayıdış məsələsi öz aktuallığını əhəmiyyətli dərəcədə artırıb. Vətən müharibəsi nəticəsində erməni faşizmini darmadağın edərək ərazi bütövlüyünü təmin edən Azərbaycanın qarşısında dayanan iki mühüm hədəf var ki, bunlardan biri işğaldan azad edilən ərazilərdə həyatı dirçəltmək, bu coğrafiyanı bütün regionun əsas iqtisadi güc mərkəzlərindən birinə çevirməkdir. Hansı ki, dövlətimiz Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında bu istiqamətdə heyrətamiz layihələr həyata keçirməkdədir.  Digər bir məqsəd isə Qərbi Azərbaycana qayıdışı təmin etmək, bu ərazilərdə silinən tarixi irsimizi bərpa etməkdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Qərbi Azərbaycandan didərgin salınan vətəndaşların tarxi yurduna qayıdışını təmin edəcək və bu məqsədinə sülh yolu ilə nail olacaq. Prezidentin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bu məsələyə bir daha diqqət çəkməsi dövlətimiz üçün bu məqsədin bundan sonra da öz prioritetliyini qoruyub saxlayacağını  göstərir”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
Hərbi-siyasi ekspert: “Hər bir vətəndaşımızın seçkilərdə fəal iştirak etməsini arzulayıram”

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov secki-2024.az saytına müsahibəsində fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri barədə fikrini bildirib.      - Sizcə, prezident seçkiləri bir ölkə üçün hansı əhəmiyyəti daşıyır? Xüsusilə Azərbaycan üçün, ölkənin gələcəyi və iqtisadi inkişafı üçün bu seçkilərin əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik.      -Təbii ki, prezident seçkiləri hər bir demokratik dövlət üçün həyati əhəmiyyətə malikdir. Çünki dövlətin gələcək inkişafı, bu inkişafın əsas istiqamətləri məhz seçkilərin nəticəsində müəyyənləşir. Xalq bu seçkilərdə onun maraqlarını, arzu və istəklərini ifadə edən namizədə səs verərək, dövlətin gələcək inkişafında bilavasitə iştirak edir. Bu baxımdan, prezident seçkiləri Azərbaycan üçün də mühüm əhəmiyyətə malikdir. Biz bu seçkilərə qatılmaq və öz namizədimizə səs verməklə öz taleyimizə sahib çıxır, gələcəyimizi inşa edirik. Ölkəmizin gələcək siyasi nüfuzu, hərbi qüdrəti, eləcə də iqtisadi inkişafı ciddi şəkildə bu seçkilərdən, seçkilərin nəticəsindən asılıdır. Çünki prezident dövləti təmsil edən, onun inkişafına yön verən əsas simadır.      -Azərbaycan ilk dəfədir ki, prezident seçkilərinə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi gedir. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir. Məhz bu cəhətdən sizə görə, Azərbaycan üçün bu seçkilər hansı vacib mənanı daşıya bilər?      -Bəli, bu seçkilərin ən böyük özünəməxsusluğu və unikallığı prosesin Azərbaycanın ərazi bütövlüyü və tam suverenliyi çərçivəsində baş tutacağı ilə bağlıdır. Bu, Azərbaycanın müstəqillik tarixində bir ilkdir. Şübhəsiz ki, 7 fevral prezident seçkilərinin ərazi bütövlüyümüz çərçivəsində reallaşması dövlətimizin qüdrətini əks etdirir. Bu tarixi fakt sübut edir ki, Azərbaycan xalqı 30 illik işğal faktoru fonunda öz mənəvi gücünü, qələbəyə olan inamını, tarixi torpaqlarına sahiblik əzmini itirmədi və öz gücü ilə işğal faktorunu aradan qaldırdı. Şuşa, Laçın, Kəlbəcər, Xankəndi, Əsgəran və yüzlərlə yaşayış məntəqəsini işğaldan azad etməklə öz ərazi bütövlüyünü təmin etdi. Fevralın 7-də işğaldan azad edilən torpaqlarda veriləcək hər bir səs dövlətimizin, xalqımızın böyüklüyünün, qüdrətinin və yenilməzliyinin təcəssümü olacaq.      -Növbədənkənar prezident seçkiləri keçirəcək Azərbaycana, Azərbaycan xalqına hansı arzularınızı ünvanlamaq istərdiniz?      -Mənim seçkilərlə bağlı ən böyük arzum bu seçkilərin bundan əvvəlki analoji proseslər kimi xalqın yüksək fəallığı şəraitində keçməsi, yenə öncəki illərdə olduğu kimi seçkilərdə demokratik və şəffaflığın yüksək səviyyədə təmin olunmasıdır. Xatırladım ki, Azərbaycan bundan öncə keçirilən prezident seçkilərində də seçki prosesinin şəffaf və demokratik şəkildə təşkilinə mühüm diqqət verib, bu amil xarici ekspertlər, müşahidəçilər və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məhz ona görə arzum budur ki, Azərbaycan xalqı bu seçkilərdə fəal iştirak edərək, ölkəmizin inkişafı və tərəqqisinə, nəticədə xoşbəxt gələcəyinə səs vermiş olsun və qalib xalq kimi yaxın gələcəkdə yeni-yeni tarixi uğurlara imza atsın.

Hamısını oxu
Novxanıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi təşkil edilib

12 dekabr 2025-ci il tarixində Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisindəki mərasim evində Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı şəhid ailələrinin, veteranların, kənd ağsaqalları və ziyalıların iştirakı ilə ehsan süfrəsi təşkil edilib. İş adamı Cəlil Nağıyev tərəfindən təşkil edilən ehsan süfrəsində 210 nəfərə qədər şəxs iştirak edib. Tədbiri giriş sözü ilə açan məscidin axundu Hacı Ələsgər Mikayılzadə Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı tarixi xidmətlərinə toxunub, onun xilaskarlıq missiyasından bəhs edib. Ehsan süfrəsində iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, BDU-nun tələbəsi Nüsrət Mirzəyev, tanınmış ziyalı Hacı Natiq Nağıyev, kənd ağsaqqalı Nuhbala Ağayev Ulu Öndərin Azərbaycanın dövlətçilik tarixində müstəsna yer tutduğunu, müasir Azərbaycanın məhz Ümummilli Liderin siyasi kursu, işıqlı ideyaları sayəsində öz inkişaf və əzəmətinin zirvəsində qərarlaşdığını vurğulayıblar. Sonda çıxış edən iş adamı Cəlil Nağıyev Heydər Əliyev ideyalarının bundan sonra da təbliğinin zəruri olduğunu vurğulayıb, Ulu Öndərin güclü, müstəqil Azərbaycan naminə gördüyü böyük işlərdən danışıb: “Ümummilli Lider Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısındakı xidmətləri, bu xidmətlərin Azərbaycanın müstəqil bir dövlət kimi yaşamasında, gücünə güc qatmasındakı önəmi hər kəs məlumdur. Heydər Əliyev yadelli işğala məruz qalan,  daxili qarşıdurmalardan əziyyət çəkən, sosial-iqtisdi vəziyyəti sürətlə ağırlaşan, milli-mənəvi dəyərlər sistemi aşınmaya məruz qalan Azərbaycanı yalnız bu bəlalardan xilas etməklə qalmadı. Xalqımızın böyük oğlunun bənzərsiz siyasi dühası sayəsində ölkəmiz tarixi və qarşısıalınmaz yüksəliş dövrünə qədəm qoydu. Qısa zamanda nizami ordunun formalaşması, daxili parçalanmalara son qoyulması, mərkəzi hakimiyyətin gücləndirilməsi, idarəetmənin bütün istqiamətləri üzrə gənc kadrların yetişdirilməsi, iqtisadiyyatın dirçəldilməsi və onun beynəlxalq tələblər səviyyəsində yenidən qurulması həyata keçirildi. Bütün bu addımlar Azərbaycan xaqlının və dövlətçiliyinin gələcəyini xilas etdi, onun təməllərini gücləndirməklə yanaşı, beynəlxalq arenadakı nüfuzunu da artıtdı. Bizim üçün qürurvericidir ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün Müzəffər Ali Baş Komandanımızın tərəfindən böyük uğur və qətiyyətlə davam etdirilir. Biz də bir fərd, bir vətəndaş olaraq Prezidentimizin ətrafında sıx birləşməklə yanaşı, Heydər Əliyev ideyalarının təbliğində də fəal iştirak etməli, gənc nəslin bu ideyaları dərindən mənimsəməsini təmin etməliyik. Bu, həm milli kimliyimizin və tariximizin qorunub saxlanılması, həm də gələcək uğurlarımızın təminatı baxımından həyati əhəmiyyətə malikdir”. Ehsan süfrəsində Ümummilli Lider Heydər Əliyevin ruhuna dualar oxunub, Prezident İlham Əliyev siyasətinə dəstək ifadə olunub. Seymur ƏLİYEV  

Hamısını oxu