Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycanda sosial dövlət modelinin banisi Heydər Əliyevdir”

Səmyar Abdullayev: “Bu model Prezident İlham Əliyev tərəfindən uğurla genişləndirilib və inkişaf etdirilib”

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə Ulu öndərin fəaliyyətinə, xüsusilə də sosial sahədə həyata keçirdiyi islashatlara toxunmağa çalışdıq:

-Səmyar bəy, ölkəmizdə sosial dövlət modelinin mövcudluğu, bu modelin böyük uğurla vətəndaşlara xidmət göstərdiyi göz önündədir. Bu modelin formalaşma dönəmi,  tarixi inkişaf yolu haqında nə deyə bilərsiniz?

-Birmənalı şəkildə qeyd etməliyik ki, Azərbaycanda sosial dövlət modelinin banisi xalqımızın Ümummilli lideri Heydər Əliyevdir. Məhz onun səyi və rəhbərliyi altında müstəqilliyimizin ilk illərindən etibarən bu modelin formalaşdırılması istiqamətində mühüm addımlar atılmağa başlayıb. Vətəndaşların sosial rifahının yüksəldilməsini dövlət başçısı kimi əsas məqsədlərindən biri hesab edən Heydər Əliyev, həssas kateqoriyadan olan şəxslərə - sağlamlıq imkanı məhdud şəxslərə, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara xüsusi qayğı göstərib. Onların problemlərinin həlli istiqamətində sistemli addımlar atıb.

Bir məqamı da qeyd edim ki, Heydər Əliyev cəmiyyətin həssas kateqoriyasına mənsub insanlara bu qayğını çox çətin hərbi-siyasi dönəmdə - maddi imkanalrın kəskin məhdudluğu şəraitində həyata keçirirdi. Bir tərəfədn Ermənistanın işğalçılıq siyasətinə qarşı hərbi və siyasi cəbhədə mübarizə aparan, digər tərəfdən müstəqilliyimizi möhkəmləndirmək üçün çevik diplomatiya həyata keçirən Heydər Əliyev, eyni zamanda sosial dövlət modelini formalaşdırır, vətəındaşların daha yaxşı yaşaması üçün bütün imkanlardan maksimum istifadə edirdi. Bu, milli tariximizin böyük və qürurverici həqiqətlərindən biridir.

-Heydər Əliyevin sosial dövlət modeli vətəndaşların rifahını yaxşılaşdırmaqla yanaşı, xalqın mənəviyyatına, cəmiyyətin psixologiyasına necə təsir göstərdi?

-Təbii ki, Ulu öndərin əlillər, şəhid ailələri, qayğıya möhtac vətəndaşlarla bağlı yürütdüyü siyasət, onlara olan humanist yanaşması cəmiyyət üçün mənəvi və psixoloji baxımdan da ciddi mesaj idi. Heydər Əliyev ortaya qoyduğu dövlət siyasəti ilə cəmiyyətə, bu cəmiyyətin hər bir fərdinə belə bir mesaj verirdi ki, həssas kateqoriyadan olan vətəndaşlara qayğıkeş münasibət, onların problemlərinin həllinə yardım hər bir vətəndaşın mənəvi borcudur.

Heydər Əliyevin bu yanaşması Azərbaycan xalqının çoxəsrlik milli-mənəvi dəyərlər sistemi ilə də tam uzlaşır, o cümlədən, bu dəyərlərin qorunmasına xidmət edirdi. Xalqımızın xarakterində kök salan köməyə ehtiyacı olan insanlara yardım, darda qalana kömək etmək, çətin məqamda həmrəylik srəgiləmək kimi dəyərlər Heydər Əliyev siyasətinin ana xəttini təşkil edir, cəmiyyəti də bu ruhda kökləyirdi. Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əliyevin sosial siyasəti həm də mənəvi baxımdan mühüm əhəmiyyət kəsb edirdi.

 

-Azərbaycandakı sosial dövlət modelinin bugünkü vəziyyəti haqqında nə deyə bilərsiniz?

-Hesab edirəm ki, Azərbaycandakı müasir sosial dövlət modeli sadəcə region dövlətləri deyil, bütün dünya üçün nümunədir. Çünki bu model sadəcə cəmiyyətin müəyyən kateqoriyalarının deyil, onun hər bir fərdinin sosial rifahının yaxşılaşdırılmasına yönələn əlahiddə bir modeldir. Bu modelin nə qədər effektiv və səmərəli olduğunu anlamaq üçün bəzi rəqəmlərə nəzər salmaq kifayətdir. Nümunə üçün qeyd edək ki, Prezidenmt İlham Əliyevin rəhbərliyi dönəmində

ölkəmizdə yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Bu rəqəmin özü ölkəmizdəki sosial siyasət modelinin rassionallığından xəbər verir. Bundan başqa, müavinət və təqaüdlərin məbləği

orta hesabla 92 faiz, əmək pensiyasının minimum məbləği 72 faiz, büdcə təşkilatlarında çalışanların əməkhaqqı orta hesabla 50 faiz artırılıb. 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqı 39 faiz, əmək pensiyalarının orta məbləğində 60 faiz, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün orta məbləğində isə artıb 2,2 dəfə artım olub. Bütün bunlar Azərbaycan dövlətinin vətəndaşların sosial rifahını yaxşılaşdırmaq istiqamətində gördüyü mühüm işlərdən, əldə edilən böyük nəticələrdən xəbər verir.

-Səmyar bəy, ölkəmizdəki sosial dövlət modelinin yaxın gələcəklə bağlı perspektivlərini necə qiymətləndirirsiniz?

-Mövcud sosial model yaxın gələcək üçün də böyük perspektivlər, böyük nəticələr vəd edir. Bunu görülən işlərin miqyası, dövlətimizin bu sahədəki prinsipiallığı da təsdiq edir. Konkret desək, 2022-ci ilin sosial islahatları dövlət başçısının 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq həyata keçirilir. Bi isə o deməkdir ki, həyata keçiriləcək islahatlara illik əlavə 1,5 milyard manat vəsait ayrılacaq. İslahatlar ümumilikdə 2,1 milyondan çox şəxsi əhatə edəcək. Bu rəqəmin özü həyata keçiriləcək islahatların miqyasını göstərir.

Bir  məqamı da qeyd edim ki, müavinət və təqaüdlərin miqdarında da ciddi artımlar baş verib və bu artım əlilliyi olan şəxsləri də əhatə edib. 2022-ci ilin əvvəlindən etibarən əlilliyə görə müavinətlər I dərəcə üzrə — 150 manatdan 220 manata, II dərəcə üzrə — 130 manatdan 180 manata, III dərəcə üzrə — 110 manatdan 120 manata çatıb. Bildirək ki, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə I dərəcə üzrə müavinətlər 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə isə 2,3 dəfə artırılıb. Ümumi səbəbdən birinci dərəcəli əlilliyi olanlara müavinətlərlə yanaşı, 130 manat məbləğində Prezidentin aylıq təqaüdü də verilir.

Müharibə əlilləri də dövlətimizin daim diqqət mərkəzindədir və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Müharibə, hərbi xidmət və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara I dərəcəyə görə 400 manat, II dərəcəyə görə 350 manat, III dərəcəyə görə 300 manat məbləğində Prezidentin aylıq təqaüdü ödənilir. Əlillərlə yanaşı, onlara qulluq edən şəxslərin də təqaüdündə artım baş verib. Belə ki, birinci qrup əlillərə qulluq üçün Prezidentin aylıq təqaüdü gələn ilin əvvəlindən 60% artırılaraq 80 manata çatdırılıb.

Bir sözlə, bütün bu rəqəmlər, sadaladığımız faktlar ölkəmizdəıki sosial dövlət modelinin bugünü ilə yanaşı, gələcək perspektivlərindən xəbər verir.

Təbii ki, biz bütün bunlara görə həm sosial dövlət modelimizin qurucusu olan Ümummilli liderimiz Heydər Əliyevə və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.

Əminik ki, işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən layihələr, bu torpaqlarda gerçəkləşdirilən böyük quruculuq işləri, dövlətimizin artan iqtisadi gücü və maliyyə imkanları sosial dövlət modelimizin bundan sonra da qüsursuz şəkildə işləməsini təmin edəcək, vətəndaşlarımızın sosial rifahının yaxşılaşmasına öz töhfəsini verəcəkdir.

-Səmyar bəy, həssas kateqoriyaya məxsus vətəndaşlarla birbaşa təmasda olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini necə dəyərləndirirsiniz?

-Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət başçısının tapşırıq və tövsiyyəsindən irəli gələn məsələlərin həlli istiqamətində həqiqətən də ciddi addımlar atır və bu tapşırıqların icrasına həssaslıqla yanaşır. Buna nümunə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu müstəvidə həyata keçirdiyi bəzi layihələrə qısa nəzər salmaq kifayətdir. Məlumat üçün qeyd edim ki, təkcə cari il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi xüsusi qayğıya ehtiyac duyan şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı üzrə 150-dən çox layihə həyata keçirməyi planlaşdırır.

Layihələr qayğı və icma əsaslı reabilitasiya mərkəzlərinin də yaradılması, müvafiq kateqoriyalardan olan şəxslərə sosial-psixoloji, nevroloji, pedaqoji və s. xidmətlər, habelə ailələrinə hüquqi məsləhət xidmətləri göstərilməsi kimi məsələləri əhatə edir. Sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi, onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması, autizm eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara reabilitasiya xidmətlərinin göstərilməsi, övladlığagötürmə, insan alverinə qarşı mübarizə və s. ilə bağlı təbliğat məqsədli layihələrin icrası da nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluq xidmətlərinin icrasında həssas əhali qruplarına, o cümlədən, gözdən əlil vətəndaşlara üstünlük verilir. Qeyd edək ki,  2021-ci ildə 1348 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub. Agentlik tərəfindən ötən il 2850 əlilliyi olan şəxs əmək müqaviləsi əsasında münasib işlərlə təmin edilib. 6 mindən çox işsiz şəxs layihə üzrə biznes təlimlərə cəlb edilib ki, onla­rın 1033-ü şəhid ailəsi üzvü və müharibə iştirakçısıdır. Vətəndaş müraciətlərinin çevik şəkildə cavablandırılması, hər bir müraciətin ətraflı şəkildə araşdırılması da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinə xas mühüm xüsusiyyətlərdən biridir. Bu baxımdan əminliklə söyləmək olar ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaxın gələcəkdə də vətəndaş məmnunluğunun təmini istiqamətində mühüm addımlar atacaq, dövlət başçısının tapşırıqlarını bugünə qədər olduğu kimi, bundan sonra da çox böyük dəqiqlik və məsuliyyət hissi ilə icra edəcəkdir.

 

Seymur ƏLİYEV

 

2022-05-10 10:12:00
1175 baxış

Digər xəbərlər

“Bu gün biz Şuşanın dünyaya yenidən göz açmasına, həyatı yenidən salamlamasına şahid oluruq”

Tamam Cəfərova: “Şuşanın tarixi simasının bərpası, tarixi ruhunun dirçəlişi prezidentimizin adı ilə bağlıdır”   Məlum olduğu kimi, prezident İlham Əliyev 2021-ci ilin 30 avqust tarixində Şuşaya səfər edib, ölkəmizin mədəniyyət paytaxtında Vaqif Poeziya Günlərinin açılış mərasiminda iştirak edib.   Moderator.az olaraq millət vəkili Tamam Cəfərova ilə söhbətimizdə dövlət başçısının Şuşa səfəri, səfər əsnasında səsləndirdiyi fikirlər, Şuşada həyata keçirilən işlər və s. kimi məsələləri şərh etməyə çalışdıq.   -Tamam xanım, avqustun 30-da Şuşada Molla Pənah Vaqifin məqbərəsi önündə Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi. Sizcə uzun fasilədən sonra bu ənənənin yenidən bərpası necə dəyərləndirilə bilər?   -Şuşada Vaqif Poeziya Günlərinin uzun fasilədən sonra yenidən təşkili çox mühüm hadisədir. Bu hadisə həm ədəbi, həm mənəvi, həm də siyasi baxımdan mühüm əhəmiyyətə malikdir.   Bildiyiniz kimi, 1992-ci ildə Şuşanın Ermənistan ordusu tərəfindən işğalından sonra Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşa da işğal altındakı digər rayonlarımız kimi erməni vandalizminə məruz qaldı. Lakin 44 günlük Vətən müharibəsinin gedişində - 2020-ci ilin noyabrın 8-də Şuşa erməni işğalından azad edildi və Prezident İlham Əliyev bu tarixi müjdəni Azərbaycan xalqına çox böyük həyəcan və qürurla xəbər verdi.   Vaqif Poeziya Günlərinin keçirilməsi gözəl bir ənənəyə söykənir. Bildiyiniz kimi, Şuşada Vaqifin məqbərəsi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ilin 14 yanvar tarixində açılıb, ölkə həyatında böyük ədəbi-mədəni hadisə kimi qeyd edilib. Və 1982-ci ildən etibarən Şuşada Vaqif Poeziya Günləri böyük bir təntənə ilə keçirilib, ölkəmizin hər yerindən çoxsaylı ziyalılar, şairlər, yazıçılar, mədəniyyət xadimləri bu tədbirdə iştirak edib, hər belə tədbir respublikamızda ədəbi proseslərə böyük təkan verib. 2021-ci il avqustun 30-da yenidən Vaqif Poeziya Günlərinin keçirilməsi həmin ənənənin bərpası deməkdir. Biz buna görə ölkə başçısına, o cümlədən hörmətli Birinci vitse-prezident Mehriban xanıma minnətdarıq. Onu da xatırladım ki, Molla Pənah Vaqifin məqbərəsinin bərpası məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Bu fakt bir daha Heydər Əliyev Fondunun ölkəmizin sadəcə sosial həyatında deyil, həm də mədəni həyatında nə qədər mühüm rol oynadığını göstərir.   Vaqif Poeziya Günlərinin keçirilməsinin həm də siyasi əhəmiyyəti mövcuddur. Çünki Vaqif XVIII əsr Qarabağının siyasi həyatında İbrahim xanın vəziri kimi böyük rol oynayıb, xanlığın xarici düşmənlərdən qorunmasında, onun müdafiəsinin təşkilində yaxından iştirak edib. Bu baxımdan Molla Pənah Vaqif sadəcə şair kimi deyil, həm də siyasi xadim kimi xarakterizə oluna bilər.   Vaqif Poeziya Günlərinin keçirilməsi başda Ermənistan olmaqla onların havadarlarına həm də siyasi mesajdır. Bu mesajın mahiyyəti bundan ibarətdir ki, heç bir qüvvə Azərbaycanın iradəsinə qarşı gələ, onu öz ərazisinin bir qarışından belə imtina etməyə məcbur edə bilməz. Azərbaycan öz torpaqlarının şəriksiz sahibidir və bu torpaqlarda bundan sonra da böyük ədəbi-mədəni tədbirlər keçirməklə öz zəngin mədəniyyətini bütün dünyaya nümayiş etdirəcək.   -Tamam xanım Şuşada cari ilin may ayında keçirilən “Xarıbülbül” festivalı da böyük mədəniyyət hadisəsinə çevrildi, xalq tərəfindən coşğu ilə qarşılandı. Bu festival və onun əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz?   -Bu ilin may ayında Şuşada keçirilən “Xarıbülbül” festivalı ölkəmizin mədəni həyatında böyük hadisə olmaqla yanaşı, həm də yeni bir dönəmin başlanması demək oldu. Azərbaycanın böyük sənət adamlarının, mədəniyyət xadimlərinin iştirak etdiyi festival mahiyyət etibarı ilə həm də ölkəmizin 44 günlük Vətən müharibəsindəki şanlı qalibiyyətinə həsr edilmişdi. Bu festivalda səsləndirilən vətənpərvərlik mahnıları, muğamlarımız xalqımızın tarixi qəhrəmanlığından, vətənpərvərliyindən xəbər verən, öz elinə, yurduna, torpağına, bayrağına sadiqlikdən bəhs edən müqəddəs nəğmələr idi. Başqa sözlə desək, bu festival tarixi qələbəmizin musiqi dili ilə vəsfi idi. Elə bu səbəbdən də “Xarıbülbül” festivalı ikiqat bayram kimi qeyd olundu və bundan sonra da hər il müntəzəm şəkildə  qeyd olunacaq.   -Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri əsasında Şuşada çox böyük quruculuq işləri həyata keçirilməkdədir. Bugünə qədər gerçəkləşən layihələri, görülən işləri Şuşanın dirçəlişi baxımından necə dəyərləndirirsiniz?   -Şuşanın bərpası prosesinə 2021-ci ilin 14 yanvar tarixindən start verilib və bu müddət ərzində mədəniyyət paytaxtımızda həqiqətən də mühüm işlər görülüb.   Azərbaycan Şuşanın bərpası prosesinə yol-nəqliyyat infrastrukturunun yaradılması ilə start verdi. İlk növbədə, Vətən müharibəsindəki qələbəmizin rəmzinə çevrilən Zəfər yolunun çəkilişinə başlanıldı. Şəhərin içindəki bir sıra yollar təmir edildi, istismara yararlı vəziyyətə gətirildi. Şəhərin elektrik enerjisi və su təminatı reallaşdırıldı. Hansı ki, bütün bunlar ilkin və zəruri vasitələr olmaqla yanaşı, digər layihələrin reallaşması üçün də təməl rolunu oynadı.   Şuşada eyni zamanda tarixi abidələrin bərpası prosesinə start verildi ki, bu da dövlətimizin, xalqımızın öz tarixinə, mədəniyyətinə verdiyi dəyəri göstərir.   İlk gündən təmir prosesinə cəlb edilən sosial obyektlərdən biri də məscidlər oldu. Artıq Yuxarı Gövhərağa məscidində işlər başa çatmaq üzrədir. Daha iki məscidin -  Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri də nəzərdə tutuklub ki, bu işlər də Heydər Əliyev Fondu tərəfindən gerçəkləşdiriləcək. “Xarıbülbül” hotelinin istifadəyə verilməsi, şəhərdə ticarət mərkəzlərinin, inzibati binaların fəaliyyəti qısa zamanda Şuşada həyata keçirilən işlərin miqyasıdnan xəbər verir.   -Tamam xanım, Şuşa və işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən bütün bu işlər dövlətimizin iqtisadi gücünün böyük, xalqımızın qurub-yaratmaq əzminin nəhayətsiz olmasının növbəti təsdiqi sayıla bilərmi?   -Şübhəsiz. Azərbaycan uzun illərdir ki,  öz iqtisadi gücünə görə bütün regionda birinci yerdə qərarlaşıb. Xatırlayırsınızsa, hələ müharibədən öncə Prezident İlham Əliyev dəfələrlə Ermənistana müraciət etmiş, onu işğaldan əl çəkməyə çağırmışdı. Ölkə başçısı bəyan etmişdi ki, əgər Ermənistan işğalçılıq siyasətindən, torpaq iddialarından, xəstə düşüncələrdən əl çəksə, o zaman Azərbaycanın moderatorluğu altında reallaşan regional və beynəlxalq layihələrdə iştirak edə, bundan iqtisadi baxımdan yararlana bilər. Ölkə başçımız bildirirdi ki, işğaldakı torpaqları azad etməyə Azərbaycanın kifayət qədər gücü var. Lakin Azərbaycan sülhpərvər dövlət olduğu üçün problemin hərbi yolla həllini istəmir. Ancaq təəssüflər olsun ki, “Böyük Ermənistan” xülyasına qapılan rəsmi İrəvan bu çağırışlardan heç bir nəticə çıxarmadı.  Nəticədə, Azərbaycan ordusu qısa zamanda – cəmi 44 gün ərzində işğal edilmiş əraziləri azad etdi, Ermənistanın hərbi potensialının 80%-ni sıradan çıxardı. Bu, ölkəmizin hərbi qüdrətinin təcəssümü idi.   İşğaldan azad edilən rayonlarımızda, o cümlədən Şuşa şəhərində həyata keçirilən böyük layihələr isə həm də dövlətimizin iqtisadi gücünü, maliyyə potensialını, eyni zamanda xalqımızın qurub yaratmaq əzmini göstərir. Baş verənlər əyani şəkildə göstərir ki, Azərbaycan hərbi müstəvidə, diplomatik müstəvidə olduğu kimi, iqtisadi müstəvidə də aparıcı gücdür və onunla regionun heç bir dövləti bu baxımdan müqayisə oluna bilməz.   Azərbaycan xalqının işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq prosesi sadəcə qurub-yaratmağa xidmət etmir. Bu proses həm də Ermənistanı, onun dağıdıcı siyasətini, barbar obrazını ifşa edir. Ermənistanın törətdiyi dağıntılar fonunda gerçəkləşən bu quruculuq prosesi bütün dünyaya göstərir ki, ermənilərdən fərqli olaraq, Azərbaycan xalqı yaradıcı xalqdır. Azərbaycan xalqı hər zaman sivilizasiyanın inkişafına, onun yeni dəyərlər əsasında daha da zənginləşməsinə töhfələr verib və bu gün də verməkdədir. Və ən əsası Azərbaycan xalqı öz əzmi, zəhmətkeşliyi, yaratmaq bacarığı ilə bütün bəşəriyyətə sübut edir ki, dünyanın bu məsələdə ondan öyrənməli olduğu hələ çox şeylər var...   Seymur ƏLİYEV  

Hamısını oxu
“Xalqımız ordumuzun yanındadır və erməni təxribatını lənətləyir”

Cəlil Xəlilov: “Dövlətimiz və xalqımız üçün təhdid yaradan hər bir halın qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq”   Xəbər verdiyimiz kimi, 12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusu düşmən təxribatının qarşısını almaq üçün  zəruri cavab tədbirləri həyata keçirib.   Veteran.gov.az-a açıqlamasında Azərbaycan-Ermənistan sərhəddindəki qarşıdurmaya münasibət bildirən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov, Azərbaycan xalqının ordusunun yanında olduğunu bildirib, onu qətiyyətlə dəstəklədiyini bilidirb:   “Ermənistan post-müharibə dönəmində Azərbaycana qarşı çoxsaylı təxribatlar törədib ki, sentyabrın 12-dəki irimiqyaslı təxribat bu təxribatların məntiqi davamıdır. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi bilməlidir ki, onlar bu kimi təxribatlarla heç nəyə nail ola bilməyəcəklər. Əksinə, belə təxribatlar Ermənistanın özü üçün acı nəticələrə səbəb olacaq. Artıq rəsmi məlumatlardan da göründüyü kimi, Azərbaycan ordusu düşmən təxribatına elə ilk dəqiqələrdən layiqli cavab verib, bu təxribatların qarşısının alınması üçün qətiyyətli addımlar atıb.   Azərbaycan xalqı erməni təxribatını lənətləyir və bu təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusunun atdığı cavab addımlarını dəstəkləyir. 44 günlük Vətən müharibəsində olduğu kimi, Azərbaycan xalqı bu gün də öz şanlı ordusunun, onun Müzəffər Ali Baş Komandanının yanındadır. Heç bir təhdid, heç bir təxribat 44 günlük Vətən müharibəsinin gətirdiyi status-kvonu dəyişə, Azərbaycanı geri çəkilməyə, güzəştə getməyə vadar edə bilməz. Ordumuz  tərəfindən dövlətimiz və xalqımız üçün təhdid yaradan hər bir halın qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaqdır. Yaşasın Azərbaycan Ordusu!”.   Seymur ƏLİYEV

Hamısını oxu
“Dəmir yumruğ”un şanlı təntənəsi - Müzəffər ordunun Zəfər yürüşündən FOTOREPORTAJ

Bu gün Bakının Azadlıq meydanında Vətən Müharibəsində Azərbaycanın şanlı qələbəsinə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər. “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən Müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradından AZƏRTAC-ın fotoreportajını təqdim edirik:                                                            

Hamısını oxu
Akademik Sudeyf İmamverdiyev Respublika Veteranlar Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin sədri,  YAP Veteranlar Şurasının üzvü, akademik Sudeyf İmamverdiyev və adıçəkilən təşkilatın bir qrup nümayəndəsi Respublika Veteranlar Təşkilatının qonağı olub.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilarının sədri polkovnik Cəlil Xəlilov qonaqlara Təşkilatın fəaliyyəti, həyata keçirdiyi vətənpərvərlik layihələri haqqında ətraflı məlumat verilib. 44 günlük Vətən müharibəsində hərbçilərlə yanaşı, Azərbaycan həkimlərinin də böyük fədakarlıq göstərdiyini bildirən polkovnik Cəlil Xəlilov, türk xalqları arasında əlaqələrin daha da genişlənməsinin vacibliyinə toxunub. Cəlil Xəlilov qeyd edib ki, bu məsələdə “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin fəaliyyəti xüsusilə təqdirəlayiqdir və bu fəaliyyət türk dünyası daxilində mənəvi birliyin möhkəmlənməsinə töhfə verir. Görüşə görə polkovnik Cəlil Xəlilova təşəkkür edən akademik Sudeyf İmamverdiyev, Respublika Veteranlar Təşkilatının qonağı olmaqdan məmnunluq duyduğunu vurğulayıb, Təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Respublika Veteranlar Təşkilatı ilə “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyi arasında əməkdaşlığın gücləndirilməsi məsələsi də müzakirə olunub, bir sıra məsələlərlə bağlı səmərəli fikir mübadiləsi aparılıb. Seymur ƏLİYEV  

Hamısını oxu