Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Musa Bağırovun vəfatı ilə bağlı başsağlığı verib

Yazıçı, ssenarist, rejissor, Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Musa Bağırov vəfat edib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Musa Bağırovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir.

Allah rəhmət eləsin!

 

2022-05-13 11:15:00
1057 baxış

Digər xəbərlər

Müstəqil Azərbaycan Ordusunun generalı Dadaş Rzayev

Adı hərb tariximizə qızıl hərflərlə həkk olunan generallarımız olub. Bu gün də var. Onlardan biri də “Zabit olmaq üçün ilk növbədə xalqını, torpağını sevməlisən. Əgər sevmirsənsə, səndən zabit çıxmayacaq. Dünyada zabit adından şöhrətli, ağır vəzifə yoxdur. Çünki yeganə insandır ki, torpağı, xalqı qoruyur. Şərəfli işdir. Buna görə qanında, canında torpağı qorumaq, dövləti, xalqı, vətəni sevmək istəyi olmayan gənclər özlərinə başqa iş seçsinlər. Zabit 25 il xalqa qulluq etməli və nə qədər ağır iş varsa, icra edib əsgərlərə nümunə olmalıdır. Bir də unutmamalıdır ki, əgər zabit əsgərə doğma övladı kimi baxmırsa, əsgər onu sevməyəcək!” nidası ilə tarix yaradan general Dadaş Rzayevdir.  O, Azərbaycan milli ordusunun formalaşmasında fəal iştirak edib. Dadaş Rzayev müstəqil Azərbaycanın hərbi tarixində və veteranların hüquqlarının qorunmasında əhəmiyyətli bir şəxsiyyət, xeyirxah insan olaraq tanınırdı. General Dadaş Rzayevin Veteranlar Şurasının sədri və Müdafiə Naziri kimi fəaliyyəti və ölkənin müstəqilliyi uğrunda apardığı mübarizə, həmçinin uzun illər boyu göstərdiyi hərbi xidmətlər və Azərbaycan ordusunun inkişafı üçün verdiyi töhfələr bu gün də gənc nəslə örnəkdir. Dadaş Rzayev 1935-ci ildə Qərbi Azərbaycanın Dərəçiçək mahalının Axta rayonunda yerləşən Axundov kəndində sadə bir ailədə dünyaya göz açıb. Atası komsomol işində çalışıb, anası məktəbdə müəllimə işləyib. Uşaqlığı müharibə illərinə təsadüf etdiyindən o illərin məhrumiyyətləri  onun   həyatında dərin iz buraxıb. Müharibənin qızğın vaxtında, 1943-cü ildə birinci sinfə gedib. Atası müharibədə olduğundan ailənin böyük oğlu kimi onun da üzərinə məsuliyyət düşüb. Həm məktəbə gedib, həm də anasına çörək qazanmaqda yardım edib. Anasına ailəni saxlamaqda kömək etməsinə baxmayaraq, dərslərini də yaxşı oxuyub. Orta məktəbdə oxuyarkən çevik hərəkəti, hazırcavablığı, çalışqanlığı ilə yoldaşlarından fərqlənib. Anası oxumaq məsələsində onlara qarşı tələbkar olub.Atasının  işi ilə əlaqədar  olaraq 1949-cu ildə Goranboyun Dəliməmmədli qəsəbəsinə köçüblər. Kəndlərindən 3 km aralıda təyyarə aeredromunun olması 6-7-ci sinif şagirdi olan Dadaş Rzayevi  təyyarəçi olmağa həvəsləndirib. O öz xatirələrində bu barədə deyirdi: “Orada müharibədən qalan təyyarələr çox uçurdular. Uşaqlarla gedib həmişə təyyarələrə baxardıq. Çox maraqlı idi. Minlərlə təyyarə yanmışdı. Hamısını yığıb Rusiyaya göndərirdilər. Normal olanı ilə isə təlim keçirdilər. Bəzən təyyarə elə gözümüzün önündəcə qəzaya uğrayırdı. Bütün bunlar mənim və mənimlə yanaşı, bir neçə uşaq üçün çox maraqlı idi və biz gələcəkdə hərbçi, təyyarəçi olmağı xəyal edirdik”. Amma orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olan Dadaş Rzayev 1954-cü ildə Sovet Ordusunda əsgər kimi hərbi xidmətə çağırılıb. Daha sonra Hərbi Hava Desantçıları Məktəbinə göndərilib. İkinci kursda taqım komandirinin müavini təyin edilib. "Qızıl Ulduz" ordeni ilə təltif olunub. O, Hərbi Hava Desantçıları Məktəbini bitirdikdən sonra leytenant rütbəsi alaraq Yefremov şəhərinə taqım komandiri vəzifəsinə göndərilib. Bir il keçdikdən sonra Orta Asiyaya köçürülən Dadaş Rzayev polklarını yoxlamağa gələn komandana Azərbaycanda qulluq etmək istədiyini bildirib.  Dadaş Rzayev Zaqafqaziya Hərbi Dairəsində, Gəncə şəhərində olan 104-cü diviziyada xidmət edib. İlk gündən taleyini desant qoşunları hissələrinə bağlayan Dadaş Rzayev 1970-ci ildə Moskvada M.F.Frunze adına Ali Hərbi Akademiyaya daxil olaraq bu sahədə təhsilini davam etdirib. 1973-cü ildə buranı əla qiymətlərlə bitirən general Dadaş Rzayev Sovet Ordusunda 5 min nəfər şəxsi heyəti, 120-yə yaxın vertolyotu olan əlahiddə qırıcı hərbi-hava desantçıları briqadasının komandiri kimi yüksək hərbi vəzifədə xidmət edib. Dadaş Rzayev yeganə azərbaycanlıdır ki, əlahiddə desant-paraşüt briqadasının komandiri olarkən general rütbəsində çalışıb. Azərbaycan hökumətinin çağırışı ilə Dadaş Rzayev 1991-ci ilə qədər Qarabağa Xalq Yardımı Komitəsində çalışıb və həmin dövrdə ermənilərdən xeyli sayda silah-sursatın götürülməsinə nail olub. Elə həmin illərdə Dadaş Rzayev Milli Ordunun yaradılması ilə də məşğul olub. 1991-ci ildə, Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə əlaqədar ordu quruculuğu xüsusilə vacib idi. Dadaş Rzayev bu prosesə böyük töhfələr vermiş, Milli Ordunun yaradılması üçün zəmin hazırlamışdır. O, ordu strukturunun təşkilində, kadr hazırlığında və hərbi təlimlərin aparılmasında fəal iştirak etmişdir. Bu fəaliyyətlər, müstəqil Azərbaycanın güclü hərbi qüvvələrinin formalaşmasına kömək etmişdir.1991-ci ildə, Dadaş Rzayev müdafiə nazirinin müavini təyin edilmişdir. Bu təyinat, onun hərbi sahədəki bilik və təcrübəsinin etirafı idi. Müdafiə nazirinin müavini kimi, general Dadaş Rzayev müharibə şəraitində olan Azərbaycanın təhlükəsizlik məsələlərini həll etməyə, ordu quruculuğu və müdafiə qabiliyyətini gücləndirməyə çalışmışdır. Onun bu dövrdəki fəaliyyəti, Dağlıq Qarabağ müharibəsindəki hazırlıqların və qələbələrin təməlini qoymuşdur. Dadaş Rzayevin həmin illərdəki fəaliyyəti, onun Azərbaycan Silahlı Qüvvələrinin qurulmasında və ölkənin müstəqilliyini müdafiə etmək üçün apardığı mübarizədəki vacib rolunu nümayiş etdirir. Bu fəaliyyətlər onun hərbi sahədəki bacarıqlarını və Azərbaycanın müdafiə qabiliyyətini artırmaq məqsədilə göstərdiyi fədakarlığı göstərir. 1991-ci ildə müdafiə nazirinin müavini təyin olunan general Dadaş Rzayevin Birinci ordu korpusunun komandiri kimi Başkəndi ermənilərdən xilas etmək qətiyyətinə o zamanlar heç kim inanmırdı. Hətta ona mane olmaq istəyən qüvvələr vardı. Avqustun 8-də, general Dadaş Rzayevin rəhbərliyi altında Azərbaycan Ordusu ermənilərin əsas mövqelərinə hücum edərək, möhkəm şəkildə müdafiə olunan Başkəndi işğaldan azad etmişdi. General Dadaş Rzayevin bu uğuru, yalnız hərbi baxımdan deyil, həm də siyasi və psixoloji baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan Ordusunun döyüş qabiliyyətini nümayiş etdirən bu əməliyyat, həm də Qarabağ müharibəsinin gedişatına müsbət təsir göstərmişdi. Başkənd əməliyyatı uğurla başa çatdıqdan sonra, Dadaş Rzayevin hərbi qabiliyyəti və liderlik bacarığı daha çox tanındı. Lakin, onun müdafiə naziri təyin edilməsi, o dövrdəki bəzi etirazlara səbəb oldu. Bəzi şəxslər, xüsusilə bu əməliyyata qarşı çıxanlar, onun müdafiə naziri təyin olunmasına mane oldular. Buna baxmayaraq, general Dadaş Rzayev 1993-cü ilin fevralında Azərbaycan Respublikasının Müdafiə Naziri vəzifəsinə təyin edildi. Onun bu təyinatı, Dağlıq Qarabağ müharibəsinin ağır şəraitində və ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində mühüm bir addım idi.Başkənd əməliyyatı və general Dadaş Rzayevin bu döyüşdəki liderliyi, onun hərbi karyerasında və Azərbaycanın müstəqillik mübarizəsindəki rolunu ön plana çıxaran hadisələrdən biri olmuşdur.O, Prezident Əbülfəz Elçibəy tərəfindən Gəncə üsyanı zamanı atışmalarda iştirak etdiyi üçün vəzifəsindən azad edildi. Üsyan, 1993-cü ilin iyun ayında Gəncə şəhərində baş vermişdi və əslində, həmin dövrün siyasi və hərbi gərginliyi çox yüksək idi.Prezident Əbülfəz Elçibəyin rəhbərlik etdiyi dövrdə, Gəncə üsyanı ciddi bir hadisə olaraq qiymətləndirildi. Üsyan, əsasən, ordu içindəki dislokasiya və siyasətə qarşı yaranan etirazlardan qaynaqlanmışdı. Dadaş Rzayevin həmin dövrdəki roluna dair mübahisələr vardı və o, bu hadisələrlə bağlı olaraq Prezident Elçibəy tərəfindən vəzifəsindən azad edilmişdi. Onun vəzifəsindən azad olunması, Azərbaycanın hərbi və siyasi həyatında müəyyən bir dəyişiklik yaratmışdı və ölkənin təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirmişdi. Ancaq onun hərbi xidmətləri və gələcək fəaliyyətləri, xüsusilə müharibə veteranlarının hüquqlarının qorunması sahəsindəki uğurları, onun şəxsiyyətinə və xidmətlərinə dərin hörmət qazandırmışdır. 28 yanvar 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilən Dadaş Rzayev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri vəzifəsini də icra etmişdir. 21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə" "Şöhrət" ordeni ilə təltif edilmişdir. Bu mükafat, onun Azərbaycanın ictimai və hərbi həyatına verdiyi töhfələrə, o cümlədən gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsindəki xidmətlərinə görə verilmişdir. General Dadaş Rzayevin həm veteranlar hərəkatına, həm də ordunun gücləndirilməsi və müstəqil Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi sahəsindəki fədakar xidmətləri, onun bu ordenlə təltif olunmasında mühüm rol oynamışdır. General Dadaş Rzayevin rəhbərliyi altında, veteranlar həmçinin gənc nəslə vətənpərvərlik ruhunun aşılanması məqsədilə bir çox layihələrdə iştirak etmişdir. Veteranların təcrübəsi, mübarizə ruhu, gənc nəsilə örnək olmuşdur. Onlarda Azərbaycan Ordusunun qüdrətinə, tarixi Zəfərə inam hissini artırmışdır. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri kimi Dadaş Rzayev  davamlı olaraq veteranlarla görüşlər keçirmiş, onların problemlərini dinləmiş, ın ödənilməsi üçün əlindən gələni əsirgəməmişdir. 2024-cü il mayın 27-də Bakı şəhərində dünyasını dəyişən  general Dadaş Rzayev İkinci Şəhidlər Xiyabanında torpaq müqəddəsliyinə qovuşmuşdur. Bütün həyatını ölkənin hərbi qüdrətinin güclənməsinə, peşəkar hərbiçi kadrların yetişdirilməsinə həsr edən  general-mayor Dadaş Rzayevin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq, mənalı ömür yolu tədqiq və təbliğ edilərək gəns nəslə çatdırılacaqdır.                                                                                  Cəlil Xəlilov                                            Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları                                                                              Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Azərbaycanda veteranlar üçün nəzərdə tutulan güzəştlər – SİYAHI

Hazırda ölkə üzrə 14 nəfər İkinci Dünya müharibəsi iştirakçısı var. Dövlət Sosial Müdafiə Fondundan Bizim.Media-ya verilən məlumata görə, İkinci Dünya müharibəsi iştirakçıları aylıq pensiya və təqaüdlə təmin edilirlər.Pensiyalarının üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanaraq ödənilir. Həmçinin, hər il 9 May-Qələbə günündə Prezidentin sərəncamı ilə veteranlara, onların dul arvadlarına birdəfəlik yardım verilir.Bəs qanunvericilikdə veteranlar üçün daha hansı güzəştlər nəzərdə tutulub?Bizim.Media xəbər verir ki, veteranların hüquqları qanunvericilkə tənzimlənir.  Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi “Veteranlar haqqında” Qanun və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Qanuna görə veteranlar müharibə, əmək və Silahlı Qüvvələrin veteranlarına bölünür.Müharibə veteranlarına Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərlə yanaşı, İkinci dünya müharibəsi illərində Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak edənlər, 1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular daxil edilir.Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranlara pensiyalar "Əmək pensiyaları haqqında" Qanun əsasında təyin edilir.Veteranlar pensiyasını almaqla əvvəllər işlədikləri müəssisədə, təşkilatda, idarədə, yaxud mülkiyyət formasından asılı olmayaraq başqa müəssisədə əmək fəaliyyətini davam etdirmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hər hansı təsərrüfatçılıq formasına əsaslanan müəssisə yaratmaq hüququna malikdirlər. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, veteranların əmək, sahibkarlıq və başqa ictimai faydalı fəaliyyətinin məhdudlaşdırılmasına yol verilmir.  Bu Qanunla müəyyən edilmiş güzəştlərlə yanaşı, veteranlar pensiyaya çıxdıqdan sonra əmək kollektivinin qərarı ilə mövcud qanunvericiliyə əsasən həmin müəssisədə, təşkilatda, idarədə mənzil şəraitinin yaxşılaşdırılması, tibbi yardım göstərilməsi, sanatoriya-kurort xidməti və mədəni xidmət sahəsində müəyyənləşdirilmiş güzəştlərdən istifadə edə bilərlər. Bundan başqa, veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir.Həmçinin, İkinci Dünya müharibəsi iştirakçıların və həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir.  İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibb müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi alırlar. Onlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dərman və müalicə vasitələri almaq üçün müavinət verilir. İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada protez-ortopediya məmulatları ilə (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) təmin edilir və diş protezləri düzəltdirirlər. İkinci Dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə ölkədaxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir. Müvafiq icra hakimiyyəti orqanları, müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən müəssisələr öz vəsaitləri hesabına veteranların maddi təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirə bilərlər, müalicə olunmaqda, veteranların həyat və fəaliyyətini asanlaşdıran texniki vasitələr almaqda, mənzilləri təmir etdirməkdə, başqa ehtiyacları ödəməkdə veteranlara yardım göstərə bilərlər. Bundan ötrü müvafiq fondlar yaradıla bilər.  Müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün lazımi şərait yaratmaq məqsədi ilə sosial xidmət müəssisələri, habelə veteranlara sosial xidmətin göstərilməsini təşkil edirlər. Veteranlara “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilir. Veteranların respublika təşkilatlarına dövlət büdcəsindən vəsait ayrılır. Dövlət orqanları veteran təşkilatlarına xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq etməkdə hərtərəfli yardım göstərə bilərlər.Vəfat etmiş veteranlara mərasim xidməti qüvvədə olan qanunvericiliyə müvafiq surətdə göstərilir. Veteranın əvvəl işlədiyi əmək kollektivləri, hərbi komissarlıqlar vəfat etmiş veteranın dəfnində qohumlarına zəruri yardım göstərməlidirlər. Vəfat etmiş tənha veteranları müvafiq icra hakimiyyəti orqanları dövlət büdcəsinin vəsaiti hesabına dəfn edirlər.

Hamısını oxu
“Bu tədbir bayrağımızın böyüklüyünü bütün əzəməti ilə gənc nəslin diqqətinə çatdırdı

Xəbər verdiyimiz kimi, 15 iyun "Milli Qurtuluş günü”nün 26-cı ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidmətində (DSX) "Vətənə xidmət-andımız, amalımızdır!” şüarlı möhtəşəm bayraq yürüşü təşkil edilib. Bu əlamətdar gün münasibəti ilə DSX-nın zabit və əsgərləri 5 km 100 metr uzunluğundakı Dövlət Bayrağını çiyinlərində daşıyıb, ümummili liderə, eləcə də Azərbaycan Bayrağına sevgi və sadiqliklərini bununla bir kəs daha nümayiş etdiriblər. Lakin təəssüflər olsun ki, DSX tərəfindən atılan bu addım sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən birmənalı qarşılanmayıb, bununla bağlı müsbət fikirlərlə yanaşı bəzi əsassız iddialar da səsləndirilib. Məsələ ilə bağlı Moderator.az-ın sualını cavablandıran Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov DSX-nin keçirdiyi bayraq yürüşünü təqdir etdiyini, bunun gənc nəsil üçün mənəvi-psixoloji baxımdan da faydalı addım olduğunu bildirib: “DSX-nın 5000 nəfərlik heyəti tərəfindən Azərbaycan Bayrağının bunca qürur və əzəmətlə daşınmasını müsbət qiymətləndirir, bunu sərhədçilərimizin, general və əsgərlərimizin bayrağımıza olan sevgisi kimi dəyərləndirirəm. DSX-nın bayraq yürüşü vətənə, bayrağa və ümummilli liderə sevginin təzahürüdür . Hesab edirəm ki, yüksək vətənpərvərlik nümunəsi sayılacaq bu və bu kimi addımların gənclərimizin vətənə və bayrağa sədaqət ruhunda yetişdirilməsi, onlara bayraq sevgisinin aşılanması baxımından da önəmlidir. Belə tədbirlər gənclərimizin mənəvi-psixoloji baxımdan vətənə məhəbbət ruhunda formalaşmasına kömək edir, bayrağın böyüklüyünü, ucalığını, onun dövlətimizin və millətimizin həyatındakı rolunu bütün əzəməti ilə diqqətə çatdırır.  Bu səbəbdən də DSX-nin keçirdiyi bayraq yürüşünü alqışlayır və bunu yüksək vətənpərvərlik sevgisinin növbəti təzahürü hesab edirəm. Əminəm ki, sərhədçilərimiz çiyinlərində daşıdıqları bu bayrağın keşiyində hər zaman olduğu kimi bundan sonra da əzmlə dayanacaq və onu daim yüksəklərdə dalğalandıracaqlar”.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının başsağlığı

Azərbaycandan Türkiyəyə istiqamətlənən və qardaş Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtmışdır. Bu ağır faciə nəticəsində həlak olan hərbi qulluqçulara Uca Allahdan rəhmət, onların ailələrinə və yaxınlarına səbir və dözüm diləyirik. Azərbaycan veteranları adından qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı bildirir, bu ağır itkinin kədərini ürəkdən paylaşırıq. Azərbaycan hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyənin yanındadır.   Allah rəhmət eləsin.

Hamısını oxu