Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında general-mayor Abbasəli Novruzovun anadan olmasının 85 illiyi ilə bağlı tədbir keçirilib

Mayın 24-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Sərhəd Qoşunlarının sabiq komandanı, general-mayor Abbasəli Novruzovun anadan olmasının 85-ci ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə veteranlar, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları iştirak edib.

Tədbiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov açıb, vətən uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova çıxış edərək  yubiley münasibəti ilə general Abbasəli Novruzovu təbrik edib.

Daha sonra söz Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaniyə verilib. Abbasəli Novruzovu 85 illik yubiley münasibəti ilə təbrik edən Abdulla Qurbani, yubileyara Müdafiə Nazirliyinin medalını tədim edib, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təbrik məktubunu oxuyub. Tədbir əsnasında Abbasəli Novruzova zəng edən müdafiə naziri Zakir Həsənov onu təbrik edib, xoş sözlərini çatdırıb.

Daha sonra Abdulla Qurbaninin araşdırmaları əsasında Abbasəli Novruzov haqqında hazırlanan videomaterial təqdim edilib.

Abbasəli Novruzovun müstəqilliyimizin ilk illərində sərhədlərimizin möhkəmlənməsi, yeni kadrların hazırlanmasında böyük əmək srəf etdiyinə diqqət çəkən Abdulla Qurbani, onun bu gün də gənc sərhədçilər üçün əsl məktəb olduğunu vurğulayıb. Vaxti ilə qələmə aldığı “Sərhəd mənim taleyimdir” adlı kitabını Abbasəli Novruzova həsr etdiyini xatırladan Abdulla Qurbani, 85 yaşlı yubileyar haqqında bundan sonra da hələ çox yazılacağını qeyd edib.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil XəlilovAbbasəli Novruzovun ömür yoluna nəzər salıb, onunla bağlı xatirələrini dilə gətirib:

“Hörmətli qonaqlar, bu gün biz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Sərhəd Qoşunlarının formalaşmasında, dövlət sərhədlərimizin möhkəmlənməsində xüsusi xidmətləri olmuş general-mayor Abbasəli Novruzovun anadan olmasının 85 illik yubileyinə toplaşmışıq.  

General-mayor Abbasəli Novruzov sözün əsl mənasında şərəfli bir ömür yaşamışdır. Hər şey əsgərlik illərindən başlayıb. Çağırışçı kimi Sərhəd Qoşunlarına xidmətə çağırılıb və taleyini əbədi olaraq sərhəddə bağlayıb. Əvvəlcə SSRİ DTK Sərhəd məktəbinin hüquq bölməsini, sonra isə Dövlət Təhlükəsizlik Akademiyasını bitirmişdir. SSRİ dövründə sıravi əsgərdən polkovnik rütbəsinə qədər yüksəlib. Hüquqşünas, hərbi tərcüməçi, kəşfiyyatçı Abbasəli Novruzov zastava rəisinin müavini vəzifəsindən Zaqafqaziya Sərhəd Dairəsinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə qədər şərəfli bir yol keçmişdir. Əfqanıstanda Sərhəd Qoşunları üzrə baş müşavir vəzifəsində göstərilən etimadı ləyaqətlə doğrultmuşdur. Səhhətiylə bağlı ehtiyata buraxıldıqdan sonra Azərbaycan Ədliyyə Nazirliyində idarə rəisinin müavini və rəis vəzifələrində çalışmışdır. 1979-cu ildə Lənkəran Sərhəd Dəstəsinin kəşfiyyat rəisi işləyərkən o vaxt Mərkəzi Komitənin 1-ci katibi olan Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın "Əməkdar hüquqşünas"ı fəxri adına və "SSRİ DTK-nın fəxri əməkdaşı" adına layiq görülmüşdür. Abbasəli Novruzov iki dəfə sərhədçi həyatı yaşayıb desək, yanılmarıq. 1984-cü ildə SSRİ Sərhəd Qoşunlarından ehtiyata buraxıldıqdan sonra Azərbaycanda Ədliyyə Nazirliyində məsul vəzifələrdə çalışmışdı. 1993-cü ildə sabiq prezident Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi orduda, o cümlədən sərhəddə də quruculuq işlərinə başlanıldı. 1994-cü il aprelin 8-də Prezident Heydər Əliyev təcrübəsinə yaxşı bələd olduğu Abbasəli Novruzovu   Sərhəd Qoşunlarının Komandanı vəzifəsinə təyin etmişdi. O illərdə sərhəddə vəziyyət gərgin idi. Sovet ordusu Azərbaycanı tərk edərkən texniki qurğuları dağıtmışdılar. Keçmiş hakimiyyətin zəifliyindən istifadə edərək şəxsi mövqelərini dövlət mövqeyindən üstün tutan adamlar Sərhəd Qoşunlarına işə düzəlmişdilər. Yerli əhalidə, eləcə də sərhədyanı dövlətlərin sakinlərində belə bir fikir formalaşmışdı ki, sərhədi nə vaxt istəsələr, harada istəsələr poza bilərlər. Sərhədi nəinki piyada, hətta yük maşınları ilə pozurdular, sərvətlərimiz aramsız olaraq xaricə daşınırdı. Məhz belə bir vaxtda müdrik dövlət başçısının seçimi dəqiq idi. Az sonra A.Novruzov general-mayor hərbi rütbəsinə layiq görüldü, "Azərbaycan bayrağı" ordeni ilə təltif olundu. Qısa müddət ərzində   İranla yanaşı, Rusiya və Gürcüstanla olan sərhədlər də mühafizəyə götürüldü. İqtisadi çətinliklərə baxmayaraq, Xudat, Şəmkir, Zaqatala sərhəd dəstələri yaradıldı. Maddi-texniki bazanın möhkəmləndirilməsinə, sərhəd texniki qurğularının bərpasına diqqət artırıldı.

Sərhəd dəstələrinin fəaliyyətinin gücləndirilməsi sayəsində sərhəd pozucularının sayı minimum həddə endirildi. Azərbaycan MDB ölkələrinin xarici sərhədlərinin birgə qorunması barədə müqaviləyə qoşulmasa da, bütün birlik ölkələrinin mənafeyini nəzərə alan ikitərəfli saziş əsasında əməkdaşlığa üstünlük verildi, Rusiya Federasiyası və Gürcüstanla sərhəd məsələlərini tənzimləyən sazişlər imzalandı. Bütün bunlar dövlət sərhədlərimizin möhkləmlənməsində mühüm rol oynadı”.

Çıxışının sonunda polkovnik Cəlil Xəlilov Abbasəli Novruzova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından Fəxri Fərman və “General Əliağa Şıxlınski” medalını təqdim edib.

Daha sonra vaxtı ilə Abbasəli Novruzovla çiyin-çiyinə çalışan hərbçilər çıxış edib, onunla bağlı xatirələrini danışıblar.

Sonda söz general-mayor Abbasəli Novruzova verilib. O, tədbir iştirakçılarına öz minnətdarlığını bildirib, gənc sərhədçilərə xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

 

2022-05-24 14:56:00
3410 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları 12 dekabr - Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Ümummilli Liderin məzarını ziyarət edib, əbədiyaşar liderin abidəsi önünə əkil və gül dəstələri qoyublar. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərinə diqqət çəkən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Heydər Əliyev ideyalarının hər zaman yaşayacağını, dövlətimizin inkişafına bundan sonra da töhfə verəcəyini bildirib. Polkovnik qeyd edib ki, veteranlar hər zaman olduğu kimi bundan sonra da Heydər Əliyev ideyalarının gənclər arasında təbliğinə xüsusi diqqət yetirməli, bu ideyaları qətiyyətlə həyata keçirən Ulu Öndər Heydər Əliyev akademiyasının yetişdirməsi,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdə davam etməlidirlər. Daha sonra veteranlar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri qoyub, böyük alimin əziz xatirəsini ehtiramla yad ediblər.

Hamısını oxu
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib

Yanvarın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, gündəliyə uyğun olaraq, iclasda Respublika Veteranlar Təşkilatının fəaliyyətinin gücləndirilməsi barədə məsələ müzakirə edilib. İclası giriş sözü ilə təşkilatın sədri, ehtiyatda olan general-polkovnik Tofiq Ağahüseynov açaraq qurumun fəaliyyəti barədə məlumat verib. Prezidentin köməkçisi Hikmət Hacıyev iclasda çıxış edərək Respublika Veteranlar Təşkilatının ölkənin ictimai-siyasi həyatındakı, o cümlədən müharibə, əmək və silahlı qüvvələr veteranlarının problemlərinin həll olunmasındakı rolunu vurğulayıb, bu kateqoriyadan olan insanların dövlət qayğısı ilə əhatə edildiyini bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən veteranlara göstərilən dövlət qayğısının yeni səviyyəyə qalxdığını, Respublika Veteranlar Təşkilatına müasir standartlara tam cavab verən inzibati binanın ayrıldığını, müharibə veteranlarına verilən birdəfəlik maddi yardımın və pensiyaların miqdarının ildən-ilə artırıldığını, veteranların mənzil və digər problemlərinin həll olunduğunu qeyd edib. Hikmət Hacıyev ötən əsrin 90-cı illərinədək veteran ifadəsi dedikdə, ilk növbədə, Böyük Vətən müharibəsində iştirak edən bir qədər yaşlı insanların yada düşdüyünü, lakin həmin ifadənin əvvəlcə Birinci Qarabağ müharibəsində, daha sonra isə 44 günlük Vətən müharibəsində gəncləşdiyini vurğulayıb. O, Respublika Veteranlar Təşkilatının üzərinə yeni vəzifələrin düşdüyünü, Qarabağ uğrunda bütün döyüşlərdə iştirak etmiş şəxslərin də bu qurumun fəaliyyətinə cəlb olunmasının, onları narahat edən məsələlərin həll olunmasının vacibliyini qeyd edib. Prezidentin köməkçisi Respublika Veteranlar Təşkilatının yeni gənc veteranlarla körpü rolu oynayacağına, onlarla daim bağlantı yaradacağına ümid edərək, təşkilatda təmsil olunan ağsaqqal və ağbirçək veteranların məsləhətlərinə hər zaman ehtiyac olduğunu diqqətə çatdırıb. Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının qarşısında ciddi vəzifələrin durduğunu diqqətə çatdırıb, qurumun yerlərdə fəaliyyətinin gücləndirilməsinin, veteranları narahat edən problemlərin öyrənilərək müvafiq qurumların diqqətinə çatdırılmasının, beynəlxalq veteranlar təşkilatları ilə əlaqələrin genişləndirilməsinin, veteranlarla iş sahəsində beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsinin vacibliyini vurğulayıb. O, ölkə başçısının müvafiq Fərmanı ilə bir neçə gün öncə yerli icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradıldığını qeyd edərək, Veteranlar Təşkilatının həmin şöbələrlə əməkdaşlığının əhəmiyyətini bildirib. Rəyasət Heyətinin üzvləri çıxış edərək təşkilatın 2020-ci il üzrə fəaliyyətini yüksək qiymətləndirib, veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, gənclərin hərbi vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsinin təşkili və s. istiqamətlərdə gördükləri işləri qənaətbəxş hesab ediblər. Daha sonra Respublika Veteranlar Təşkilatının sədri T.Ağahüseynovun səhhəti ilə əlaqədar qurumun gündəlik fəaliyyəti ilə bağlı bəzi məsələlərin daha operativ həllində çətinliklərin yarandığı qeyd olunub, onun vəzifəsindən azad olunması məqsədəuyğun hesab edilib. Rəyasət Heyətinin üzvləri tərəfindən təşkilatın sədri vəzifəsinin icrasının İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarovaya həvalə edilməsi təklif olunub. Hər iki təklif səsə qoyularaq yekdilliklə qərar qəbul edilib. Sonda Fatma Səttarova və Rəyasət Heyətinin digər üzvləri Respublika Veteranlar Təşkilatına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi təşəkkürlərini çatdırıb, təmsil olunduqları qurumun ölkə başçısının çağırışlarına cavab verməsi üçün bütün bilik və bacarıqlarını sərf edəcəklərini bildiriblər.

Hamısını oxu
“Xalq-ordu birliyi təhlükəsizliyimizin qarantı, uğurlarımızın təminatçısıdır”

Cəlil Xəlilov: “Hər bir Azərbaycan vətəndaşı bu birliyi qorumaq və gücləndirmək üçün əlindən gələni etməlidir” “Xalq-ordu birliyi təhlükəsizliyimizin qarantı, uğurlarımızın təminatçısıdır”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkiltının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində daim güclənən bu birlik, günümüzdə ön yüksək zirvədə qərarlaşıb: “Bu gün ölkəmizdə xalqla ordu arasındakı birliyin yüksək səviyyədə olduğu hər kəsə məlumdur. 44 günlük Vətən müharibəsi bu birliyin dünya miqyasında təcəssümü oldu. Dünya bu 44 gün ərzində şahid oldu ki, Azərbaycan vətəndaşı öz əsgərinin, öz zabitinin yanındadır və hər zaman da yanında olacaq. Təbii ki, biz bu birliyə görə hər şeydən öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, onun uzaqgörən siyasətinə borcluyuq”. Polkovnik Cəlil Xəlilov bu birliyin hər zaman qorunub saxlanılmasının həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Xalq-ordu birliyinin qorunub saxlanılması həm bu günümüz, həm də gələcəyimiz baxımından son dərəcə vacibdir. Bu birliyi qorumaq üçün hər bir Azərbaycan vətəndaşı səy göstərməli, əmək sərf etməlidir. Məlumat üçün qeyd edək ki, dünən biz Beynəlxalq Muğam Mərkəzində “Ordu xalqın, xalq ordunun dayağıdır” adlı konfrans keçirdik. Konfransda ordu nümayəndələri ilə yanaşı, gənclər və veteranlar, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edirdi. Bu konfrans, orada səslənən fikirlər, edilən çıxışlar bir daha sübut etdi ki, bu gün ölkəmizdə xalq-ordu birliyi həqiqətən də qürurverici səviyyədədir. Mən konfransda iştirak edən hər kəsə - Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyevə, Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqova, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədova, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyevə, gənclərimizə və veteranlarımıza öz təşəkkürümü bildirirəm. İnanıram ki, biz gələcəkdə də bu birliyi qoruyub saxlayacaq, onun daim möhkəmlənməsi üçün bütün imkanlardan istifadə edəcəyik”.    

Hamısını oxu
“IV Şuşa Qlobal Media Forumu Azərbaycanın sülh təcrübəsinin təbliği baxımından mühüm platforma oldu”

“IV Şuşa Qlobal Media Forumu Azərbaycanın sülh təcrübəsinin təbliği baxımından mühüm platforma oldu”.  Bunu Moderator.az-a açıqlamasında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Ulu Öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev haqqında çoxsaylı kitabların müəllifi Zərifə Quliyeva bildirib. Təşkilat sədri qeyd edib ki, iyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin Forumdakı çıxışı bu baxımdan xüsusi əhəmiyyətə malikdir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxış, Azərbaycan və beynəlxalq aləmdə baş verən hadisələrlə bağlı səsləndirdiyi fikirlər bütün dünyada böyük maraqla qarşılanmaqdadır. Müzəffər Ali Baş Komandan öz çıxışında 44 günlük Vətən müharibəsindən, bu müharibə zamanı Azərbaycan xalqının sərgilədiyi fədakarlıqdan, ölkəmizə qarşı olan təzyiq və təhdid siyasətindən ətraflı bəhs etdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı bütün hədə-qorxulara, təzyiqlərə rəğmən öz yolundan dönmədi və regionda sülhü, təhlükəsizliyi qətiyyətlə təmin etdi. Azərbaycan 44 günlük Vətən müharibəsində yalnız Ermənistaı məğlub etmədi. Ölkəmiz həm də Ermənistanın işğalçılıq siyasətinə dəstək verən, müharibəni dayandırmaq üçün Azərbaycaan təzyiq göstərən böyük dövlətləri də diplomatik arenada məğlub etdi. Xalqımız sübut etdi ki, o, həqiqətən də azad iradəyə malikdir və bu iradə qarşısında hər cür güc acizdir. Vətən müharibəsindən sonra Azərbaycan regionda sülh və təhlükəsizliyin daha da möhkəmlənməsi üçün ciddi səylər göstərdi ki, bu səylər 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh mətninin paraflanması ilə nəticələndi. Bu gün Cənubi Qafqazda de-fakto sülh mövcuddur. Biz buna görə hər şeydən öncə Müzəffər Ali Baş Komandanımıza, onun uzaqgörən və sülhpərvər siyasətinə borcluyuq. Bu baxımdan hesab edirəm ki, IV Şuşa Qlobal Media Forumu Azərbaycanın sülh təcrübəsinin beynəlxalq miqyasda təbliği baxımdan mühn əhəmiyyətə malikdir. Bu platfor madünya dövlətlərinə ölkəmizin sülh təcrbəsini dərindən öyrənməyə, bu təcrübəni öz coğrafiyalarında tətbiq etməyə, problemləri zorakılıqla deyil, dialoq və qarşılıqlı etimad yolu ilə həll etməyə imkan yaradacaq, qlobal sülhə töhfə verəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu