Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Prezident İlham Əliyevin Özbəkistana səfəri ikitərəfli əməkdaşlığın inkişafında yeni səhifə açdı”

Samir Abbasov: “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın genişlənməsi regionda sülh və sabitliyin güclənməsinə töhfə verəcək”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistana səfər edib. Səfər əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi keçirilib, mühümü müqavilələrə imza atılıb.

Moderator.az olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasovla söhbətimizdə Prezident ilham Əliyevin Özbəkistana səfəri, bu səfərin Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına təsiri, iki dost xalq arasındakı mədəni əlaqələrin dünəni və bugünü kimi məqamları şərh etməyə çalışdıq.

-Samir müəllim, ilk öncə Prezident İlham Əliyevin Özbəkistana səfərinin əhəmiyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik. Sizcə bu səfər Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin gələcəyinə nə vəd edir?

 -Prezident İlham Əliyevin Özbəkistana səfərinin əhəmiyyətini anlamaq üçün səfər zamanı imzalanan sənədlərə, o cümlədən, iki dövlət başçısının verdiyi birgə bəyanata nəzər salmaq kifayətdir. Əminliklə bildirirəm ki, bu səfər türk dünyasının iki qardaş dövləti olan Azərbaycan və Özbəkistan arasındakı dostluq münasibətlərinin, eləcə də ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcək, bu əməkdaşlığı mahiyyət etibarı ilə yeni mərhələyə yüksəldəcəkdir. Çünki imzalanan sazişlər çoxsahəli əməkdaşlığı nəzərdə tutur ki, bura həm iqtisadi, həm hərbi, həm də digər sahələrdə əməkdaşlıq daxildir.

Təbii ki, Azərbaycanın dövlət başçısının bu səfəri Özbəkistanla ölkəmiz arasında mədəni əlaqələrin inkişafına da ciddi təkan verəcək. Biz yaxın gələcəkdə genişlənməkdə olan iqtisadi-siyasi əlaqələr fonunda Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin daha da inkişaf etdiyinə, miqyas və mahiyyət etibarı ilə yeni dönəmə daxil olduğuna şahid olacağıq. Hansı ki, iki dövlət arasında iqtisadi-ticari əlaqələrin inkişafı ilə bağlı konkret məqsəd və hədəflər müəyyən edilib. Nümunə üçün qeyd edim ki, yaxın gələcəkdə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin yarım milyard dollara qədər qaldırılması nəzərdə tutulur ki, bu da indiki rəqəmdən beş dəfə çoxdur. Kənd təsərrüfatı, turizm və s. kimi sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi də planlaşdırılır.

İşin ən önəmli tərəflərindən biri də ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələsinin bilavasitə prezidentlərin nəzarəti altında olması ilə bağlıdır. Xatırladım ki, media üçün birgə bəyanat zamanı Prezident İlham Əliyev bu amili xüsusi ilə vurğuladı. Bildirdi ki, əməkdaşlığın genişləndirilməsi ilə bağlı addımların nəticə verəcəyinə əmindir, çünki proses prezidentlərin nəzarəti altındadır. Bu fakt bir daha onu göstərir ki, iki dövlət arasında imzalanan sazişlər formallıqdan uzaqdır və konkret nəticələrə hesablanıb.

 -Prezident İlham Əliyevin Özbəkistan səfərinin regional əhəmiyyəti nədən ibarətdir?

 -Şübhəsiz, bu səfərin regional əhəmiyyəti də olduqca böyükdür. Çünki bu səfərdə müzakirə edilən məsələlər arasında iqtisadi-ticari əlaqələrin inkişafı ilə yanaşı, həm də regionda sülh və sabitliyin qorunub saxlanılması, sülh naminə hərbi əməkdaşlıq, dövlətlərin ərazi bütövlüyü və xalqların suverenliyinə hörmətlə yanaşılması kimi mühüm məqamlar da oldu, bu nüasnları özündə əks etdirən bir sıra sazişlər imzalandı. Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Xəzər regionunda, Cənubi Qafqazda, o cümədən Mərkəzi Asiyada sülh və sabitliyə ehtiyac var. Bu isə o deməkdir ki, Azərbaycanla Özbəkistan arasında dostluq əlaqələrinin genişlənməsi, çoxşaxəli əməkdaşlığın gücləndirilməsi bütün regionda sülhün, sabitliyin etibarlı şəkildə qorunmasına töhfə verəcək. Çünki həm Azərbaycan, həm də Özbəkistan sülh dövlətidir və bunu öz siyasətlərində hər zaman açıq şəkildə ortaya qoyub.

 Bir sözlə, hesab edirəm ki, Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın güclənməsi bütün regionun təhlükəsizliyinə, rifahına və inkişafına kömək edəcək.

 -Azərbaycan və Özbəkistan arasındakı mədəni əlaqələrin tarixi haqqında nə deyə bilərsiniz?

 -Azərbaycanla özbək xalqı arasında əlaqələrin tarixi kifayət qədər qədimdir. Böyük İpək Yolu bu əlaqələrin daha da inkişafına təkan vermişdir. Orta əsrlər dövründə bu əlaqələr daha da inkişaf etmiş, xalqlar arasında iqtisadi-ticari-mədəni münasibətlər genişlənmişdir. Xüsusilə də, Özbəkistanın böyük sənətkarlıq və ticarət şəhərləri olan Səmərqənd, Buxara, Xivə, Azərbaycan şəhərlərindən Bakı, Şamaxı, Gəncə, Naxçıvan, Təbriz şəhərləri arasında əlaqələr mövcud olmuş, sənətkarlıq və kənd təsərrüfatı məhsullarının ticarəti xüsusilə üstünlük təşkil etmişdir.

 Orta əsrlərdə böyük özbək şairi olan Əlşir Nəvai Nizami Gəncəyə böyük rəğbət bəsləmiş, öz əsərlərində böyük Azərbaycan şairinə nəzirələr yazmışdır. O, hətta Nizamini öz ustadı elan etmişdi. Nəvai “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilham alaraq yaratmışdır. Azərbaycanın böyük şairi Məhəmməd Füzuli isə öz növbəsində Nəvai yaradıcılığından bəhrələnmiş, onun yaradıcılığını yüksək qiymətləndirmişdir.

 Ümumiyyətlə, ötən əsrin əvvəllərində Mərkəzi Asiyanın həyatında  azərbaycanlılar aktiv iştirak etmişlər. Azərbaycan mədəniyyəti indiki Özbəkistan ərazisi olan Türküstanda daha geniş yayılmışdır. Azərbaycan maarifçiləri Türküstanda cədid məktəblərinin inkişafında xüsusi rol oynamışlar. Bizim “Molla Nəsrəddin” jurnalı Mərkəzi Asiyada geniş yayılmış və burada sözügedən jurnalın xüsusi nömrələri dərc olunmuşdur. “Arşın mal alan”, “Leyli və Məcnun” kimi operalarımız dəfələrlə Türkistanda, Özbəkistan səhnəsinə qoyulmuşdur.

Ötən əsrin əvvəllərində Azərbaycan və özbək xalqları arasında dil baxımından yaxınlıq daha çox idi. Sovet dönəmində dilimizə xeyli sayda əcnəbi sözlər daxil olmuşdur. Bu səbəbdən də Azərbaycan və özbək xalqlarının dilində az da olsa fərqlilik yaranmışdır. Ümumilikdə isə, hər kəsə məlum olduğu kimi,  xalqlarımızın dili, dini, mədəniyyəti, adətləri, kökü olduqca yaxındır.

 -Samir müəllim, sovet dönəmində, xüsusilə də Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda hakimiyyətdə olduğu dönəmdə Özbəkistanla mədəni əlaqələrin vəziyyəti hansı səviyyədə idi?

 -Sovet dövründə iki xalq arasında əlaqələr bir qədər də genişlənmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə hər iki ölkədə mədəniyyət günləri keçirilmişdir. Mədəniyyət günlərində hər iki xalqın məşhur mədəniyyət nümayəndələri iştirak etmişdir. Azərbaycanın xalq artisti Zeynəb Xanlarova Özbəkistanın Xalq artisti adına lqyiq görülmüşdür. Özbəkistan mədəniyyət dekadası çərçivəsində özbək qonaqlar Lənkəran şəhərinə səfər etmiş və Özbək şairi Zülfiyyəyə Lənkəran şəhərinin fəxri vətəndaşı adı verilmişdir. Azərbaycanın böyük şairi Səməd Vurğunla özbək şairi Qafur  Qulam arasında dostluq əlaqələri mövcud olmuşdur. Azərbaycanda hər zaman özbək ədəbiyyatına böyük sevgi olmuşdur və bu gün də var.

 -Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Rəhbəri olduğunuz Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu əlaqələrin inkişafı istiqamətində hansı addımları atıb?

 -Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən son illər iki ölkə arasında tarixi dostluğun, mədəni-ədəbi əlaqələrin genişlənməsi istiqamətində sistemli işlər görülür.

Mədəniyyət Mərkəzinin layihəsi əsasında 97 adda Azərbaycan klassiklərinin əsərləri özbək dilinə tərcümə edilmiş və nəşr olunmuşdur. Dahi Nizami Gəncəvinin “Xəmsə”si ilk dəfə olaraq Özbəkistanın Xalq şairi Camal Kamal tərəfindən özbək dilinə tərcümə olunmuş və nəşr edilmişdir. Hər iki ölkənin dilçilik institutlarının, Nizami adına Ədəbiyyat İnstitutunun iştirakı ilə Azərbaycan-Özbək və Özbək-Azərbaycan lüğəti nəşr edilmişdir. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif kimi şairlərin əsərləri, müasir dövr Azərbaycan şairlərinin antologiyası Daşkənddə nəşr olunmuşdur.

Azərbaycanda Özbəkistanla mədəni əlaqələrin inkişafı baxımından xeyli layihələr həyata keçirilmişdir. Bakıda özbək şairi Əlişir Nəvainin hyekəli ucaldılmış, paytaxtımızdakı küçələrdən birinə özbək mütəfəkkiri Mirzə Uluqbəyin adı verilmişdir. Bakıda “Özbəkistan” adında küçə mövcuddur.

Özbəkistanda da Maqsud Şeyixzadənin heykəli ucaldılmışdır. Hələ ötən əsrin 40-cı illərində  Daşkənddə Nizami Gəncəvinin adını daşıyan Dövlət Pedaqoji Universiteti yaradılmışdır. Bu universitet bu gün də Özbəkistanın ədəbi həyatında kifayət qədər fəaldır. Daşkənd Dövlət Pedaqoji Universitetinin bazasında isə Özbəkistan –Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərir ki, həmin Cəmiyyət Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir.

Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində ardıcıl addımlar atılır. Hər il Özbəkistanın şəhərlərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilir. Ötən il Özbəkistanın Xivə şəhərində keçirilən TÜRKSOY üzv ölkələrin mədəniyyət nazirlərinin sesiyasında da iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsinə dair görüş və danışıqlar aparıldı və bu istiqamətdə bir sıra razılıqlar əldə edildi.

Qarakalpakıstan Respublikasının Nukus şəhərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilmişdir. Xarəzm vilayətində, Termes şəhərində, Fərqanə və Sırdərya vilayətində hər il Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilir ki, Mədəniyyət Mərkəzimizin təşkilatçılığı ilə Azərbaycanın məşhur mədəniyyət xadiləri ilə yanaşı alimlərimiz, ziyalılarımız da bu konfranslarda iştirak edirlər. Azərbaycanda keçirilən Beynəlxalq Muğam Festivalında özbək musiqiçiləri də iştirak etmişdir. Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalında Özbəkistanın məşhur “Bahar” rəqs ansamblı iştirak etmişdir. Azərbaycan Dövlət Rəqs Kollektivi isə Xarəzmdə keçirilən beynəlxalq rəqs festivalında iştirak etmiş və qalib gəlmişdir.

 Iki ildən bir keçirilən “Şərq təranələri” musiqi festivalında Azərbaycan musiqiçiləri, sənətçiləri iştirak edirlər. Bu festivalın 1997-ci ildə ilk qalibi də Azərbaycan Respublikasının Xalq artisti Simarə İmanova olmuşdur. Bu festivalda Azərbaycanın muğam ustadı Alim Qasımov, əməkdar artistimiz, tarzən Sahib Paşazadə Festivalın qran-pri mükafatına layiq görülmüşlər. 

 Bir sözlə, iki dövlət, iki xalq arasında mədəni əməkdaşlıq dərin köklərə malikdir və dinamik surətdə inkişaf edir.

 Prezident İlham Əliyevin Özbəkistana səfərindən sonra bütün sahələrdə olduğu kimi mədəniyyətimizə dair də qarşımızda yeni vəzifələr, çağırışlar yarandı. Biz hamımız ümumilikdə çalışmalı bu dostluğa daha çox töhfələr verməliyik.

Mən inanıram ki, dövlət başçılarımızın səyi nəticəsində əlaqələrimiz gələcəkdə daha da inkişaf edəcək və dərinləşəkdir.

Eyniylə, cənab Prezidentimizin söylədiyi kimi, Özbək və Azərbaycan xalqları hər zaman bir yumruq kimi birlikdə olacaqdır.

 Seymur ƏLİYEV

2022-06-23 09:53:00
1148 baxış

Digər xəbərlər

Milli Qəhrəman Riad Əhmədov dəfn edilib.

“Report” xəbər verir ki, vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində təşkil olunub. Mərasimdə DTX-nin rəhbərliyi, şəhidin döyüş yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirblər. Vida mərasimindən sonra Riad Əhmədovun nəşi İkinci Fəxri Xiyabanda dəfn edilib. Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin ötən ay meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də Milli Qəhrəman Riad Əhmədovdur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmuş Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışıb. 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb.        

Hamısını oxu
“8 Noyabr zəfəri Azərbaycanın hərb tarixində ən şanlı qələbədir”

Cəlil Xəlilov: “Bu zəfərin memarı isə Azərbaycan Prezidenti, Azərbaycan əsgəri, Azərbaycan xalqıdır”   “8 Noyabr zəfəri Azərbaycanın hərb tarixində ən şanlı qələbədir. Bu zəfərin memarı isə Azərbaycan Prezidenti, Azərbaycan əsgəri, Azərbaycan xalqıdır”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 8 Noyabr zəfəri öz böyüklüyü, prinsipiallığı, regional və qlobal hadisələrə təsir gücünə görə unikaldır:   “8 Noyabr zəfəri Azərbaycanın hərb və dövlətçilik tarixində müstəsna yeri olan bir hadisədir. Bu qələbə dövlətçilik tariximizdəki bugünəqədərki zəfərləri bir çox parametrlərinə görə üstələməkdədir. Bu amillərdən biri 8 Noyabr zəfərinin 200 illik erməni həyasızlığına, soyqırım və təcavüz siyasətinə ən effektiv cavab olmasıdır. Azərbaycan 8 Noyabr zəfəri ilə erməni faşizminə ölümcül zərbə endirdi, onun dayaqlarını sarsıtdı.   30 ildir ki, davam edən erməni işğalı Azərbaycanın ərazi bütövlyünü pozmaqla yanaşı, həm də dövlətimizin inkişafını əngəlləyən, onun tərəqqisinə mane olan başlıca amil idi. Azərbaycanın öz  torpaqlarının 20%-i üzərində faktiki olaraq nəzarəti yox idi. Ermənistan bu ərazilərdə böyük talanlar həyata keçirir, təbii sərvətlərimizi vəhşicəsinə istismar edir, bu ərazilərdə narkotik plantasiyaları salırdı. Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün içində düşməni işğaldakı torpaqlarımızdan çıxarmaqla ərazi bütövlüyümüzü bərpa etdi, 30 illik işğala son qoydu. Azərbaycan 8 Noyabr zəfəri ilə bütün türk dünyasına zəfər qüruru, qələbə sevinci yaşatdı. Azərbaycan bununla sübut etdi ki, o, həqiqətən də məğlubedilməzdir və onunla güc dili ilə danışmaq istəyənlərin aqibəti hər zaman acınacaqlı olur”.   Polkovnik bildirib ki, işğaldakı torpaqların azad edilməsi Azərbaycana köçkün probleminə son qoymağa, bu ərzilərin iqtisadi potensialından yararlanmağa imkan verdi:   “İşğaldakı torpaqların azad edilməsi ilə Azərbaycan bu ərazilərin mina və digər döyüş sursatların təmizlənməsinə start verdi. Bu gün də davam edən məlum prosesə paralel olaraq, həmin ərazilərdə geniş quruculuq işləri həyata keçirməyə başadı. Məhz bütün bu işlərin nəticəsidir ki, artıq yüzlərlə ailə işğaldan azad edilən ərazilərdə məskumlaşdırılıb, onların məşğulluq problemi, sosial təminatı və s. kimi məsələlər dövlətimiz təəfindən öz həllini tapıb.   Bu gün Azərbaycan işğaldan azad edilən ərazilərin iqtsiadi potensialından geniş istifadə edərək xalqımızın rifaının daha da yaxşılaşmasına çalışır. Artıq Qarabağda onlarla müəsissisə fəaliyyət göstərməkdə, kənd təsərrüfatı və sənaye ilə bağlı yeni-yeni istehsalat sahələri yaradılmaqdadır.  Görülən və görülməkdə olan bu işlər dövlətimizin iqtisadi gücünü artırmağa imkan verir.   Müasir Azərbaycan türk dünyası ailəsinin bir üzvü kimi sürətlə inkişaf etməkdə, böyük uğurlara imza atmaqdadır. Və bundan illər, əsrlər sonra da 8 Noyabr zəfəri bizim üçün yeni mübarizələr baxımından mənəvi sitimul olmaqda davam edəcək, bizi yeni qələbələrə, yeni uğurlara ruhlandıracaq”.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında müstəqilliyimizin bərpasının 30 illiyinə həsr olunan tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün 30 illiyinə həsr olunan tədbir keçirilib.   Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Fatma Səttarova bu tarixi günün əhəmiyyətinə diqqət çəkib, müstəqilliyin hər bir xalq üçün qürur mənbəyi olduğunu vurğulayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov xalqımızın Azərbaycan Xalq Cümhuriyyəti dönəmində müstəqillik qazandığını, lakin bu müstəqilliyin cəmi 23 ay davam etdiyini bildirib. polkovnik qeyd edib ki, yalnız 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etdi.   Müstəqilliyyimizin möhkəmlənməsində, dövlətimizin hərbi, iqtisadi, siyasi və digər müstəvilərdə güclənməsində ümummilli lider Heydər Əliyevin roluna diqqət çəkən polkovnik Cəlil Xəlilov, Prezident İlham Əliyevin sayəsində bu prosesin yeni mərhələyə qədəm qoyduğunu, uğurla inkişaf etdirildiyini söyləyib.   Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru, dosent Firdosiyyə Əhmədova AXC və 90-cı illərin əvvəllərində əldə edilən dövlət müstəqilliyimizlə bağlı tarixi məqamları şərh edib. Tarixçi alim qeyd edib ki, AXC dönəmindən fərqli olaraq, xalqımız son 30 ildə öz müstəqilliyini nəinki qoruyub saxladı, onu regionun ən güclü dövlətinə çevirməyə nail oldu.   Bəzi dövlət və güclərin bu gün də Azərbaycanla bağlı siyasətində ciddi ədalətsizliyə yol verdiyinə diqqət çəkən tarixçi alim, bütün bu təzyiqlərə tab gətirmək, dövlətimizin maraqlarını qətiyyətlə müdafiə etmək üçün xalqın dövlətimiz, dövlət başçımız ətrafında sıx birləşməsinin vacibliyini qeyd edib.   F.Əhmədova həmçinin qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindəki qalibiyyəti əvvəlki dönəmlərədən fərqli olaraq, builki 18 oktyabr tarixinin daha yüksək əhval-ruhiyyədə qeyd edilməsinə səbəb olub.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Hüquq və kadrlar şöbəsinin müdiri Bəhram Zahidov bəzi qonşu dövlətlrin ölkəmizə təzyiq göstərmək cəhdlərinə diqqət çəkib, hazırkı həssas məqamda bütün veteranları dövlət başçısının ətrafında sıx birləşməyə çağırıb. Professor qeyd edib ki, eyniylə Vətən müharibəsində olduğu kimi vətəndaşlarımız bu gün də Prezident İlham Əliyevin hər bir çağırışını dəstəkləməli, milli maraqlarımızın müdafiəsində ciddi aktivlik və ayıq-sayıqlıq sərgiləməlidir.   Tədbir maraqlı müzakirələrlə davam edib.      

Hamısını oxu
Həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır

Dünya azərbaycanlıları həmrəylik gününü qeyd etməyə hazırlaşır. Dünyanın hər yerinə səpələnən 50 milyondan çox azərbaycanlını bir araya gətirən  bu möhtəşəm bayram Ulu öndər Heydər Əliyevin adı ilə, zəhməti ilə bağlıdır. Ona görə də hər il 31 dekabrda nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da dünya azərbaycanlılarını bir araya gətirən Ünummilli lider Heydər Əliyev ehtiramla xatırlanır. İllər əvvələ qayıdaq. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. İllər öncə Ulu Öndər Heydər Əliyevin verdiyi qərar milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərar idi. Dünya azərbaycanlılarının həmrəyliyini, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Ulu Öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş sözlərini xatırlayaq: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Dünya azərbaycanlılarının həmrəylik günü bayramı dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Sevindirici haldır ki, həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər. Fəxrlə deyə bilərik ki, Azərbaycan bu gün Dünya azərbaycanlılarını birləşdirən dövlətdir. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Hazırda əsas məqsəd xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi siyasəti prioritetdir. Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır. Elə bu səbəbdən Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur” - deyə, cənab İlham Əliyevin təbrikində bildirib. Məşhur Məmmədov Milli Məclisin deputatı  

Hamısını oxu