Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov BSU-da Silahlı Qüvvələri Gününə həsr olunmuş dəyirmi masada iştirak edib

Veteran.gov.az bsu-uni.edu.az-a istinadən xəbər verir ki, iyunun 24-də Bakı Slavyan Universitetində (BSU) 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirin əvvəlində Azərbaycanın Dövlət himni səsləndirilib, sonra Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev qalib ölkənin Silahlı Qüvvələr Gününü öz ölkəsinin ərazi bütövlüyünü təmin etmiş xalqın nümayəndələri kimi qeyd etmənin qürur olduğunu deyib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı canlarından keçərək azad etdiyini bildirib.

Vətən uğrunda canından keçən şəhidlərin sırasında BSU məzunlarının da olduğunu vurğulayan rektor BSU-nun öz qəhrəman məzunları ilə hər zaman fəxr etdiyini və həmişə də fəxr edəcəyini deyib.

Anar Nağıyev həmçinin qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda, şanlı Silahlı Qüvvələrin qələbəsinin təmin olunması işində universitetin professor-müəllim heyəti, əməkdaşları, tələbələri hər biri öz sahəsində elmi və akademik çərçivədə də müxtəlif dillərdə ölkəmizin haqq səsinin dünyanın fərqli coğrafiyalarında eşidilmələri üçün əllərindən gələni ediblər.

Anar Nağıyev deyib ki, Azərbaycanın Silahlı Qüvvələrinin uğurlu formalaşması məhz vaxtilə Ulu öndər Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətin, onun milli zabit kadrların hazırlanmasına göstərdiyi xüsusi diqqətin davamı olaraq, Prezident Ilham Əliyevin ölkəmizdə ordu quruculuğu sahəsində apardığı islahatların nəticəsidir.

Anar Nağıyev gənclərin Vətəni, onun tarixini, azərbaycançılıq ideyasını anlamaq, onu başa düşmək, təbliğ etmək və daha da inkişaf etdirmək kimi bir missiya daşıdığını bildirib. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətinə toxunan rektor geniş kontekstdə BSU-nun və bütövlükdə gənclərlə çalışan insanların üzərinə də böyük məsuliyyət düşdüyünû qeyd edib. "Bizim işimiz təkcə yaxşı kadr yetişdirmək deyil, ilk növbədə, vətəndaşlarımızın Vətənə, dövlətə, tarixinə, dövlətçiliyinə sadiq insanlar kimi formalaşmasıdır" - deyə o, vurğulayıb.

Sonra Azərbaycan Ordusunun yaranması tarixi ilə bağlı videoçarx nümayiş olunub.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov BSU-nun yetişdirdiyi mütəxəssislərin Azərbaycan ordusunda qəhrəmanlıq göstərərək, Azərbaycanın ən ali oden və medallarına layiq görüldüklərini diqqətə çatdırıb. O, Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, həmin dövrdə baş verən ictimai-siyasi proseslərdən söz açıb.

BSU ETLL-nın rəhbəri Sadir Məmmədov “Azərbaycan Respublikası Silahlı Qüvvələri xalqımızın Vətən müharibəsində parlaq qələbəsini təmin etdi”, Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müəllimi Ərzuman Əmirov “Müasir dövr hərb tarixi”, Tələbələrlə iş şöbəsinin müdiri Əli İsmayılov “Ordumuzun 44 günlük müharibədə zəfəri” mövzularında məruzələrlə çıxış ediblər.

Dəyirmi masa “Zəfər soraqlı Azərbaycan Ordusu” videoçarxının nümayişi ilə yekunlaşıb.

 

2022-06-24 23:10:00
1605 baxış

Digər xəbərlər

Baş nazir karantin rejiminə görə Operativ Qərargahı TOPLADI

Bu gün Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın videokonfrans formatında iclası keçirilib. Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, Baş nazir sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl olunmasının vacibliyini bildirib. Qeyd olunub ki, Prezident və Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycan ilk peyvənd əldə edən ölkələrdən biri olacaqdır. Səhiyyə müəssisələrində vaksinləmə prosedurlarının müəyyən olunmuş normalara uyğun həyata keçirilməsi və müvafiq protokolların tərtib edilməsi ilə bağlı tapşırıqlar verilib. İclasda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar görülən işlər barədə məlumat verilib, müvafiq nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı məsələlər geniş müzakirə olunub. Sərtləşdirilmiş karantin rejiminin tələblərinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıq verilib.

Hamısını oxu
Zakir Fərəcov yüksək bal toplayan məzunlarla görüşüb

Veteran.gov.az xəbər verir ki, Sumqayıtda ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib.   Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gəncləri əldə etdikləri uğurlar münasibəti ilə təbrik edib, onlara xoş arzularını çatdırıb, gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.   Zakir Fərəcov son illər ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb və bu sahənin dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Şəhər rəhbəri bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Sumqayıt şəhərində təhsil infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülüb. Yeni təhsil müəssisələri tikilərək istifadəyə verilib. Eyni zamanda mövcud təhsil müəssisələrində əsaslı təmir işləri aparılıb. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır.   Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə məruzə ilə çıxış edərək Sumqayıt təhsilinin, abituriyentlərin əldə etdiyi uğurlardan danışıb.   Vurğulanıb ki, 2020-2021-ci dərs ilində Sumqayıt şəhəri ümumtəhsil məktəblərinin XI siniflərini 2920 nəfər məzun başa vurub. Məktəblərdə alınan ilkin məlumatlara əsasən onlardan 2475 nəfəri ali məktəblərə sənəd verib. Qəbul imtahanlarında iştirak edən məzunların 1794 nəfəri, yəni abituriyentlərin 72%-i ali məktəblərə qəbul olunub.Onlardan 150 nəfəri 600-dən çox bal toplamışdır ki, bu da ötən ilki göstəricidən 31 nəfər çoxdur. O cümlədən, 650-dən çox bal toplayanların sayı 40 nəfər olmuşdur.   Arzu Alızadə bildirib ki, 21 nömrəli məktəbin məzunu Quliyev Fuad Anar oğlu III ixtisas qrupunda ölkə üzrə ən yüksək nəticə – 680 bal toplayıb. 11 nömrəli məktəbin məzunu Şəfiyev Əbil Üzeyir oğlu isə I ixtisas qrupunda ölkə üzrə ən yüksək nəticə göstərərək 697 bal toplayıb. Təbiət elmləri təmayüllü gimnaziya və Texniki və təbiət elmləri liseyinin məktəbi başa vurmuş bütün məzunları ali məktəbə qəbul olunub və qəbul faizi 100% təşkil edib.   Qeyd olundu ki, ötən illə müqayisədə bu il ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuraraq nişanla təltif olunan məzunlarımızın sayı da xeyli artıb. Belə ki, builki məzunlarımızın 22 nəfəri nişanla təltif olunub, onlardan 17 nəfəri qızıl, 5 nəfəri isə gümüş nişana layiq görülüb. Müqayisə üçün qeyd etmək lazımdır ki, ötən il nişanla təltif olunan məzunların sayı cəmi 12 nəfər olub, onlardan 9 nəfəri qızıl, 3 nəfəri isə gümüş nişan alıb. Göründüyü kimi, ötən illə müqayisədə nişanla təltif olunanların sayı 10 nəfər, o cümlədən qızıl nişan alanların sayı 8 nəfər artıb. Sonda ali məktəblərə yüksək balla qəbul olunan tələbələrə qiymətli hədiyyələr təqdim olunub.  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov veteranlar adından dövlət başçısına təşəkkür etdi

“Bu Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür”   Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2 may 2024-cü il tarixində 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam İkinci Dünya müharibəsində həm ön xətdə döyüşən, həm də arxa cəbhədə fədakar əməyi ilə diqqət çəkən şəxslərə maddi yardımın göstərilməsini nəzərdə tutur.   Bununla bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Prezidentin məlum Sərəncamını alqışlayıb, bunu bütün veteranlara göstərilən qayğı kimi xarakterizə edib:   “Prezidentin 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərlə bağlı sözügedən Sərəncamı sadəcə həmin müharibədə iştirak edən şəxslərə deyil, ümumilikdə bütün veteranlara göstərilən diqqət və qayğı kimi xarakterizə edilməlidir. Dövlət başçısı bu Sərəncamla bir daha göstərdi ki, o, hansı dönəmdə, hansı tarixi şəraitdə müharibədə iştirak etməsindən asılı olmayaraq, heç bir veteranı unutmur, dövlətimizin, xalqımızın təhlükəsizliyi uğrunda çalışan insanları daim yada salır, onlara dəstək olur.   Dövlət başçısı İkinci Dünya müharibəsində yalnız ön cəbhədə deyil, arxa cəbhədə çalışan, fədakar əməyinə görə orden və medallarla təltif olunan şəxsləri də diqqətdən kənarda qoymur, onların da əməyini, qəhrəmanlığını yüksək qiymətləndirir. Elə bu səbəbdən də məlum Sərəncamda arxa cəbhədə fədakar əməyi ilə diqqət çəkən şəxslərə də maddi yardımın  göstərilməsi nəzərdə tutulub. Hansı ki, bu maddi dəstəyin veteranlarımız üçün mənəvi əhəmiyyəti də olduqca böyükdür. Dövlət başçısının bu qayğısı nəticəsində İkinci Dünya müharibəsi veteranları bu gün də unudulmadıqlarını, əksinə, dövlətimizin davamlı diqqət və qayğısı ilə əhatə olunduqlarını hiss edir. Bu isə onlara mənəvi güc, böyük ruh yüksəkliyi bəxş edir”.   Polkovnik Cəlil Xəlilov veteranlara göstərdiyi qayğıya görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, eləcə də bütün veteranlar adından ölkə başçısına təşəkkür edib, minnətdarlığını bildirib:   “Mən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, eləcə də bütün veteranlar adından Prezident İlham Əliyevə təşəkkür edir, ona öz minnətdarlığımızı bildiririk. Bir daha bəyan edirik ki, veteranlarımız hər zaman olduğu kimi bunan sonra da dövlətçiliyimizə sədaqətlə xidmət edəcək, Müzəffər Ali Baş Komandanın hər bir çağırışını dəstəkləyəcək, bu tapşırıqların icrasında ön səfdə yer alacaqlar”.

Hamısını oxu
Respublik Veteranlar Təşkilatının VII Plenumu

Tədbir Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başlanmış, daha sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin, eləcə də ötən plenumdan sonra dünyasını dəyişmiş Rəyasət Heyəti üzvlərinin və veteranlarımızın xatirəsini 1 dəqiqəlik sükutla yad edilmişdir.   Plenumun işini giriş sözü ilə sədri, general-polkovnik Tofiq Ağahüseynov açaraq qeyd etmişdir ki, Respublika Veteranlar Təşkilatının VII Plenumunda RVT Rəyasət Hüyətinin üzvləri, Mərkəzi aparatın işçiləri, bütün şəhər və rayon təşkilatlarından, İkinci Dünya, Qarabağ müharibələri və Silahlı Qüvvələr veteranları olmaqla 120 nəfər üzv seçilmişdir. Plenumda Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının 2017-ci il üzrə Tədbirlər Planına və Rəyasət  Heyətinin qərarlarına uyğun olaraq fəaliyyətini təhlil edərək demişdir: “Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Azərbaycan Respublikası Prezidentinin uğurla davam etdirdiyi veteranlara qayğı siyasətinin başlıca məqsədi vətənpərvər insanların xidmətlərinin qiymətləndirilməsi, cəmiyyətdəki mövqeyinin, sosial müdafiəsinin gücləndirilməsidir. Azərbaycanda veteranların problemlərinin həlli dövlətin həyata keçirdiyi ardıcıl və məqsədyönlü xətdir. Hər il İkinci dünya müharibəsi iştirakçılarına, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövürdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə verilən birdəfəlik maddi yardımın həcminin artırılması, eləcə də veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində imzalanan fərman və sərəncamlar bu qayğının əyani sübutlarıdır. Hazırda ölkəmizdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 13,5 min nəfərə əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri verilir. Bundan əlavə, qeyd edilən şəxslərin, eləcə də şəhid ailələrinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin isə minik avtomobilləri ilə təmin edilməsi üzrə mühüm sosial proqramlar icra edilir. Müharibə əlilləri və şəhid ailələrinə son 20 il ərzində 3646 şəxsə mənzil və fərdi ev verilib. Təkcə ötən il 450 nəfər müharibə əlili sanatoriya-kurort putyovkası ilə təmin olunub və digər tədbirlər görülüb. Respublika Veteranlar Təşkilatı bu qayğı və diqqəti yüksək qiymətləndirir və ona layiqincə cavab vermək üçün fəaliyyətinin səmərəliliyini ildən-ilə artırır. Bunu 2017-ci il üzrə Tədbirlər Planına və Rəyasət  Heyətinin qərarlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə Təşkilatın hesabat dövründəki fəaliyyəti də aydın göstərir. Bu dövrdə həyata keçirilən tədbirlər əsasən bir neçə istiqamət üzrə təşkil olunmuşdur. Bunlardan ən başlıcası İkinci dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 72 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin müharibənin iştirakçıları ilə görüşünün təşkili və 72 illiyə hazırlıq istiqamətində həyata keçirilən tədbirlərlə bağlı olmuşdur.”. Məruzəçi RVT-nin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda hazırlanmaları, veteranların sosial müdafiəsinin gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, təşkilati və təbliğati iş istiqamətləri üzrə fəaliyyətindən bəhs etmiş, Bakı şəhərində və ölkənin bütün rayonlarında keçirilmiş tədbirlər barədə Plenum iştirakçılarına qısa məlumat vermişdir. O, 2017-ci ilin oktyabr ayınadək ölkədə 602 nəfər ikinci dünya  müharibəsi iştirakçısı olduğunu, onlardan 16 nəfərinin yaşının 100-ü keçdiyini bildirmişdir. Həmçinin, 6683 nəfər ikinci dünya  müharibəsi veteranların dul qadınları, 4742 nəfər məhəlli döyüş iştirakçıları, 3340 nəfər arxa cəbhə veteranları, 21954 nəfər Silahlı Qüvvələr veteranları, 133.624 nəfər əmək veteranı olduğu vurğulanmışdır. C.Xəlilov il ərzində RVT-yə veteran və veteran ailələri nümayəndələrindən daxil olmuş 150-dən çox məktub, ərizə və müraciətlər əsasında veteranların sosial-hüquqi müdafiəsinin təmin olunması, problemlərinin həlli məqsədi ilə Azərbaycan Respublikası müxtəlif dövlət  orqanlarına rəsmi məktublar, sorğular göndərildiyini bildirmişdir. Eləcə də, il ərzində telefon vasitəsi ilə 100-ə yaxın müxtəlif zümrədən olan veteranın müraciət və xahişi araşdırılmış, zəruri hallarda onlar Təşkilatda qəbul edilmişlər. Həmin müraciətlər mənzillə təminat, mənzil təmiri, xüsusi avtomaşın alınmasından başlamış, şəhid statusunun bərpası, pensiyanın yenidən hesablanması, müharibə veteranı vəsiqəsinin verilməsi, məhkəmə qərarlarının icrasına qədər ən müxtəlif sahələri əhatə etmişdir. C.Xəlilov Təşkilatın keçirdiyi ən mühüm tədbirlər sırasında “Azərbaycan Respublikası “Xatirə” kitabı”nın 15-ci cildinin təqdimatını, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 99-cu ildönümünü, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Hüseyn Rəsulbəyovun, görkəmli alim və hərbi xadim Kərim Kərimovun yubileylərini, İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində Respublika Veteranlar Təşkilatı “Qələbənin Varisləri” Beynəlxalq İttifaqı ilə birlikdə Bakı şəhərinin Səbayil rayonu ərazisində yerləşən 160 saylı orta məktəbdə və Nəsimi rayonu ərazisindəki İlyas Əfəndiyev adına Elitar Gimnaziyada “Beynəlxalq sülh” günündə dünyanın 70-ə yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə  çağrış və s. tədbirləri qeyd etmişdir. O, Azərbaycan Respublikası Veteranlar Təşkilatı, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Azərbaycan nümayəndəliyi və Cənclər və İdman Nazirliyinin birgə təşkil etdikləri, dünyanın 20 ölkəsindən yüksək səviyyəli qonaqların iştirak etdiyi “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfransı xüsusi vurğulamış, bu tədbirin ölkə ictimaiyyəti, həm də xarici ölkə nümayəndələri tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir. Məruzə ətrafında çıxış edən ikinci dünya müharibəsi veteranı Fatma Səfərova, Preziden Admistrasiyası İcyimai-siyasi məsələlər şöbəsinin müdir müavinin Ərəstun Mehdiyev, Respublika Veteranlar Təşkilatının Nəzarət-Təvtiş Komissiyasının sədri Cahangir Nəsirov, Zəngilan rayon Veteranlar Təşkilatının sədri Əşrəf Şükürov, Şamaxı rayon Veteranlar Təşkilatının sədri Ağarza Bayramov, Gəncə şəhər Veteranlar Təşkilatının sədri Yusif Məmmədov, Ağdam rayon Veteranlar Təşkilatının sədri Hümmət Sadıqov, Sabunçu rayon Veteranlar Təşkilatının sədri Elxan Mirzəyev RVT-nin 2017-ci ildəki fəaliyyətin yüksək qiymətləndirmiş, veteranlara göstərilən qayğıdan və qarşıda duran vəzifələrdən danışmışlar. VII Plenum müzakirə olunan məsələlərlə bağlı, o cümlədən Respublika Veteranlar Təşkilatının 2018-ci il üzrə tədbirlər planının təsdiqi barədə müvafiq qərarlar qəbul etmişdir. RVT-nin VII Plenumunda dövlət orqanlarının nümayəndələri, RVT-nin şəhər və rayon təşkilatlarının sədrləri, İkinci dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, media təmsilçiləri iştirak etmişlər.

Hamısını oxu