Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“100-cü ilində Azərbaycan Cümhuriyyəti” Əskişəhərdə beynəlxalq konfrans

May ayının 26-27-də Türkiyənin Əskişəhər şəhərində yerləşən Anadolu Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibəti ilə “100-cü ilində Azərbaycan Cümhuriyyəti” adlı beynəlxalq konfrans keçirilmişdir. Beynəlxalq konfrans Əskişəhər Azərbaycanlılar Dərnəyi və Anadolu Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin (TÜDAM) təşkilatçılığı, Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) və Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin (INDEX) dəstəyi ilə baş tutmuşdur. Tədbir başlamazdan Xalq Cümhuriyyətinin qurucularının və vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilmişdir. Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından bəhs edən, həmçinin Türkiyədə təhsil alan müxtəlif türk xalqları gənclərinin nümayəndələrinin Cümhuriyyətin 100-cü ildönümü münasibətilə təbriklərindən ibarət videoçarxlar nümayiş etdirilmişdir. Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın və Dərnəyin Nəzarət Komitəsinin rəhbəri Rza Məmmədov beynəlxalq konfransa qatılanlara təşəkkür edərək konfransda Cümhuriyyətin qurulmasından ötən 100 illik tarixin dövlət quruculuğu, daxili və xarici siyasət, iqtisadi, sosial və mədəni sahələr üzrə mövzular əsasında müzakirə olunacağını bildirmişlər. Tarixi yaddaşın diri saxlanması məqsədi güdən layihə barədə məlumat verən R.Məmmədov beynəlxalq konfransda iştirak üçün göndərilən elmi məqalələrin seçilməsinin iki mərhələdə aparıldığını, ilk mərhələdə 13 ölkədən 542 məqalə xülasəsinin daxil olduğunu, onlardan 217-sinin ikinci mərhələyə keçdiyini, qiymətləndirmə nəticəsində 60 məqalənin konfransın proqramına daxil edildiyini bildirmişdir. Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyətinin 39 universitet və iki ictimai təşkilatının nümayəndələrinin göndərdiyi elmi məqalələr yalnız Xalq Cümhuriyyəti illərini deyil, Azərbaycan tarixinin 100 illik dövrünü əhatə etmişdir. Konfransın açılışında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Anadolu Universitetinin rektoru Naci Gündoğan, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Dünya Azərbaycanlıları Konqresinin sədri Asif Qurban çıxış edərək Xalq Cümhuriyyəti qurulmasının Azərbaycan xalqının həyatında böyük və çox əhəmiyyətli hadisə olduğunu qeyd etmiş, bu dövlətin öz üzərinə götürdüyü çətin tarixi vəzifələri qısa müddətdə ləyaqətlə yerinə yetirdiyini bildirmişlər. Çıxış edənlər Türkiyə-Azərbaycan münasibətlərinin bütün dönəmlərdə qardaşlıq əsaslarına dayandığını, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bunun bir daha təsdiq olunduğunu tarixi faktlarla diqqətə çatdırmışlar. Cümhuriyyətin 100 illiyi ilə əlaqədar beynəlxalq elmi konfransın məhz Əskişəhərdə keçirilməsindən qürur duyduğunu, böyük Atatatürkün dediyi kimi “Azərbaycanın sevincini Türkiyənin sevinci, kədərini Türkiyənin kədəri” saydıqlarını bildirən Əskişəhər valisi Özdemir Çakacak Azərbaycanın 1991-ci ildə müstəqilliyin bərpasından sonra hər bir sahədə böyük uğurlara imza atdığını, qardaş ölkənin qazandığı uğurlarda 100 il əvvəl təməli qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin də böyük payı olduğunu qeyd etmişdir. Açılışdan sonra öz işini panellərlə davam etdirən konfransda iki gün ərzində “1918-dən 1920-yə Azərbaycan”, “Turizm”, “Tarixi şəxsiyyətlər”, “Mədəniyyət və siyasət”, “Cəmiyyət və mədəniyyət”, “Təhsil”, “Tarix və ədəbiyyat”, “Fəlsəfə”, “Dil və ədəbiyyat”, “Türklük”, “Siyasət və idarəçilik”, “Tarix və mədəniyyət”, “Mətbuat” və “İqtisadiyyat” panellərində ümumilikdə 60 elmi məruzə dinlənilmişdir. Elmi məruzələr arasında Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin “Cümhuriyyətin üçlü formulu: Türkləşmək. Müasirləşmək. İslamlaşmaq”, Türk dili və Ədəbiyyatı bölüm başqanı dosent Nazim Muradovun “Məhəmməd Əmin Rəsulzadənin “İnsanlara hürriyət, Millətlərə İstiqlal” deyimi üzərinə notlar”, tarix üzrə fəlsəfə doktoru Lətif Babayevin “Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət quruculuğu (ikinci və üçüncü hökumətlərin təcrübəsi əsasında), Tükiyənin universitetinin professoru Toğrul İsmayılın Azərbaycan Cümhuriyyətinin (1918-1920) quruluş dönəmində sərhəd problemləri”, Xəzər universitetinin dosenti Vurğun Əyyubun “Cümhuriyyət dövrü yazarlarımızdan Hüseyn Cavid yaradıcılığı və Sərvəti-Fünun”, professor Səlcuk Dumanın “Güney Azərbaycan milli oyanış hərəkatı (GAMOH)”, professor Mehman Dəmirlinin “Azərbaycan Xalq Cümhuriyyəti: Demokratiya və insan hüquq və azadlıqları” adlı məruzələri xüsusi maraq doğurmuşdur. Mayın 28-də Respublika günündə beynəlxalq konfransın iştirakçıları Əskişəhər Azərbaycanlılar Dərnəyinin üzvləri ilə birlikdə Ankara şəhərində Məhəmməd Əmin Rəsulzadənin və Mustafa Kamal Atatatürkün məzarlarını ziyarət etmiş, hər iki Cümhuriyyətin qurucularının məzarlarına gül çələngi qoymuşlar

2018-06-21 00:00:00
3981 baxış

Digər xəbərlər

Qəhrəmanlar unudulmur! Şəhidlərimizin vətən uğrunda göstərdikləri fədakarlıq xalqımızın tarixində unudulmaz yer tutur

Səfa  Axundov: Vətəndən, millətdən, qeyrətdən danışan hər bir vətəndaş özü şəxsi nümunə göstərməlidir.                                            Şəhidlərin al qanı ilə tarix yazılır! Bu, yalnız bir ifadə deyil, xalqımızın qəhrəmanlıq və fədakarlıq ruhunun əksidir. Hər bir şəhid, öz həyatını fəda edərək, müstəqillik və azadlıq uğrunda iz qoymış olur. Onların qanı, yalnız torpağa düşmür, xalqın ürəyinə, yaddaşına köçən və gələcək nəsillərə miras qalan yadigardır. Azərbaycanın müstəqilliyinin qorunması və azadlığının əldə edilməsi, heç vaxt asan olmamışdır. Bu yolu qət edən, xalqımızın birliyi və əzmi ilə döyüşən şəhidlərimizin fədakarlığı, heç vaxt yaddan çıxmayacaq. Onlar yalnız döyüş meydanlarında deyil, həm də hər birimizin qəlbində əbədi olaraq yaşayırlar. Onların qanı, Azərbaycanın hər qarış torpağının müstəqil və azad qalması üçün dökülüb, həmin torpaqlarda yeni tarixlər yazılıb. Azərbaycanın Zəfər tarixində Azərbaycanın Milli Qəhrəmanı  Səfa Axundovun da adı qızıl həriflərlə yazıldı.1958-ci ildə dünyaya göz açan Səfa Fətulla oğlu Axundov hələ uşaqlıq çağlarında orta məktəbdə təhsil aldığı illərdə təyyarəçi olmaq arzusu ilə yaşayırdı. Bu arzusu onu 1975-ci ildə Bakı aeroportuna gətirmiş və burada əmək fəaliyyətinə başlamışdı. Bir ildən sonra Orenburq şəhərində Mülki Aviasiya Məktəbinə qəbul olunmuşdu. Məktəbi bitirərək, təyyarəçi ixtisasını qazanmışdı. Vətənə qayıtdıqdan sonra, Bakıda 3 saylı Birləşmiş Aviadəstəsinin AN-2 təyyarəsində pilot köməkçisi kimi əmək fəaliyyətini davam etdirmişdi.Səfa Axundov 1982-ci ilin noyabr ayında Riqa şəhərinə köçmüş və 39 saylı Orta Texniki Peşə Məktəbində müəllim işləməyə başlamışdı. O, buraya bir müddət işlədikdən sonra Ali Mülki Təyyarəçilər məktəbinə daxil olmaq, ixtisasını artırmaq məqsədilə gəlmişdi. Həmin il Mülki Təyyarəçilik İnstitutunun qiyabi mexanika fakültəsinə qəbul olunmuşdu.Qarabağ hadisələri başlananda Səfa Axundov hədsiz dərəcədə hiddətləndirirdi. Gecə-gündüz Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, azadlığı barədə düşünürdü. Bilirdi ki,  gec-tez SSRİ dağılacaq. Doğma Azərbaycanı qorumaq lazımdır. Əsgərlərimiz sovet ordusu sıralarında xidmətdən boyun qaçırıb, Vətənə qayıtmalıdırlar. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar birləşməli, doğma torpaqlarımızı qorumalı, ölkəmizin suveren, demokratik bir respublikaya çevrilməsi naminə var qüvvə ilə çalışmalıdırlar. Bu məqsədlə ilk növbədə informasiya mühasirəsindən çıxmalı, ermənilərin yalan məlumatlarını alt-üst etməli, dünyanın hər yerində Azərbaycan barəsində həqiqətin geniş yayılmasına nail olmalıyıq. Bu məqsədlədə Səfa Axundov Latviyanı qarış-qarış gəzib dolaşdı, burada yaşayan azərbaycanlılarla görüşüb, onlara öz məqsədini bildirdi. Qərib eldə yaşayan azərbaycanlılar Səfanın nəcib təşəbbüsünü bəyəndilər, yumruq kimi birləşdilər. 1988-ci ilin noyabr ayında Riqada “Dostluq” Azərbaycan Mədəniyyət Cəmiyyəti yaradıldı. Səfa Axundov cəmiyyətin ilk sədri seçildi. Cəmiyyət Azərbaycanı dünyada tanıtmaq, Dağlıq Qarabağ barəsində həqiqəti yaymaq, erməniləri ifşa etmək sahəsində böyük işlər görürdü. Səfa Axundov o vaxtlar tez-tez Bakıya gəlir, kütləvi informasiya vasitələrində çıxış edir, Latviyadakı cəmiyyətlə Azərbaycanın əlaqələrini möhkəmləndirirdi. Təəssüf ki, bəzi partiya-sovet rəhbərləri cəmiyyətin sədrinə köməklik göstərmir, əksinə, “millətlər arasına ədavət toxumu səpmə” deyə onun işlərinə mane olurdular. Lakin Səfa Axundov ruhdan düşmür, Azərbaycanın qeyrətli övladları ilə sıx əlaqə saxlayırdı. Sonralar vahid Azərbaycan ideyasını nümayiş etdirmək məqsədilə cəmiyyətin adı dəyişdirilib, Latviya-Azərbaycan Əlaqələr Cəmiyyəti adlandırıldı. Cəmiyyətdə aparılan struktur dəyişikliyi onun fəaliyyət dairəsinin daha da genişlənməsinə səbəb oldu. Sovet imperiyasının ikiüzlü siyasəti Azərbaycanın vəziyyətini günbəgün ağırlaşdırırdı. Ermənilərin tərəfini açıq-aşkar saxlayan Qorbaçov hökuməti 1990-cı il yanvarın 20-də Bakı qırğınını törətdi. Bununla da bütün dünyaya, bilməyənlərə də bəyan oldu ki, Moskva ermənilərin arxasında durub. Dünya miqyasında erməni diasporuna, onların güclü tərəfdarlarına, qorbaçovlara, sovet imperiyasına arxalanan ermənilər Dağlıq Qarabağda və sərhəd bölgələrində Azərbaycanın yaşayış məntəqələrinə tez-tez basqınlar edir, kəndləri, evləri yandırır, talan edir, günahsız adamları qətlə yetirir, girov aparırdılar. Erməni təcavüzünün getdikcə genişlənməsi, düşmənin azğın hərəkətləri Azəbycan xalqının qeyrətli oğllarının səbrini tükəndirmişdi. Səfanın Axundov 1990-cı ilin iyun ayında cəmiyyətin keçirilən yığıncağında Azərbaycanın içtimai-siyasi vəziyyəti barədə geniş nitq söyləyib, axırda belə bir nəticəyə gəldi: “Vətən ağır vəziyyətdədir. Onun heç bir arxası yoxdur. SSRİ-nin bütün yerlərində ordu arasında aparılan iş genişləndirilməli, azərbaycanlı əsgərlərin Vətənə qayıtması təmin edilməlidir. Damarlarında azərbaycanlı qanı axan, ürəyi Vətən eşqi ilə döyünən bütün soydaşlarımız ayağa qalxmalı, öz sözlərini deməlidirlər. Heç kəs əlindən gələni əsirgəməməlidir. Vətəndən, millətdən, qeyrətdən danışan hər bir vətəndaş özü şəxsi nümunə göstərməlidir. Məsələn, mənim özümdən danışaq. İndi Vətənin mənim kimi təyyarəçilərə böyük ehtiyacı var. Vicdanım məni rahat buraxmır. Günü sabahdan mən Vətənə yola düşməliyəm. Siz də yaxşı-yaxşı fikirləşin, mənim əzizlərim! Kimin hərbi təcrübəsi, biliyi, baçarığı vardısa, doğma Azərbaycana kömək əli uzatsın. Başqaları isə cəmiyətimizin işini davam etdirsin”. Səfa Axundov 1990-cı il də Vətənə qayıtdı. O, əvvəlcə AN-2 təyyarəsində işə qəbul edildi. Lakin bu iş onun ürəyincə deyildi. Müdafiə Nazirliyinə üz tutaraq onun kömək məqsədilə mühüm işə qəbul olunmasını xahiş etdi. Çox keçmədən Səfa Axundov Zabratdakı “Azalaxti” şirkətinə məxsus Mİ-8 vertolyotunda ikinci pilot vəzifəsinə təyin olundu. Səfa Axundov Bakı-Ağdam marşrutu üzrə fəaliyyət göstərirdi. Lakin bu iş də onun ürəyini açmırdı. Səfa son dərəcə təhlükəli hesab edilən Dağlıq Qarabağ səmasında uçmaq, burada ağır vəziyyətdə yaşayan soydaşlarımıza köməklik göstərmək istəyirdi. Xalqımızın vətənpərvər oğlunun bu arzusu da nəzərə alındı. Səfa Axundov 1992-ci il yanvarın 27-də Ağdam-Şuşa marşrutu üzrə Mİ-8 vertolyotunun ikinci pilotu vəzifəsinə təyin edildi. Onun ürəyi düşmənə nifrət, doğma xalqına məhəbbət və sədaqət hissi ilə döyünürdü. O, 1992-ci il yanvarın 28-də Şuşaya iki uğurlu uçuş etdi.Yorğun olmasına baxmayaraq “Mən Şuşa sakinlərinə söz vermişəm, bizi gözləyirlər” deyərək yenidən səmaya qalxdı. Artıq Şuşaya yaxınlaşırdı bu zaman Xankəndi istiqamətindən atılan raket vertolyotu parçaladı. Vertolyotu idarə edən üç heyət üzvü və 47 nəfər sərnişin faciəli surətdə həlak oldu.Bu, 1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında baş verən hadisədən sonra ikinci böyük səma faciəsi idi. 1992-ci il yanvarın 30-da xalqımızın qəhrəman oğlu Səfa Axundov iş yoldaşları Viktor Seryogin və Ərəstun Mahmudovla birlikdə Bakıda “Şəhidlər xiyabanında torpağa tapşırıldı. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Səfa Fətulla oğlu Axundova göstərdiyi şəxsi şücaətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi. Hər bir şəhidin apardığı mübarizə, yalnız bir torpağın müdafiəsi deyil, həm də azadlıq və müstəqillik uğrunda döyüşdür. Bu qəhrəmanlar, yalnız döyüş meydanında deyil, xalqın ürəyində də əbədi iz buraxırlar. Bu cür fədakar və qəhrəmanlıq nümunələri, həm də Azərbaycanın müstəqil dövlət olaraq dünyada mövqeyinin möhkəmlənməsinə, xalqın özünə güvəninə və torpaqların yenidən azad edilərək, qorunmasına böyük töhfə vermişdir. 44 günlük tarixi Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi azad edərək, millətimizə böyük sevinc bəxş etdi. Şəhidlərimiz qanı yerdə qalmadı, çünki hər bir şəhidin qəlbi, onun mübarizəsi və döyüşü əsasında Azərbaycan torpaqları əbədi olaraq azad oldu. Göstərdikləri qəhrəmanlıq və fədakarlıq, Azərbaycanın müstəqil və güclü dövlət kimi gələcəyini təmin etməyə yönəlmiş əbədi bir addım oldu. Ərazi bütövlüyümüz uğrunda canını fəda edən qəhrəmanların arzusunu gerçəyə çevirdi. Şəhidlərimiz bizim qəlbimizdə, tariximizdə yaşayacaq və biz onların xatirəsini daima uca tutacağıq.                                                               Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri                                                              polkovnik    Cəlil Xəlilov

Hamısını oxu
Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr olunmuş tədbir

25 may 2017-ci il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir” tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın sədr müavini, e/o polkovnik Cəlil Xəlilov açmış və tədbirin Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasının 99-cu ildönümünə həsr edildiyini vurğulamışdır: “Sizə də məlum olduğu kimi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev may ayının 16-da sərəncam imzalamışdır. Bu sərəncam ölkə rəybərliyi tərəfindən ümumən Azərbaycanın dövlətçilik ənənlərinə, xüsusilə Şərqdə ilk demokratik respublika olan  Azərbaycan Xalq Cümhuriyyətinə necə yüksək dəyər verilməsinin növbəti sübutudur”. Çıxışlara başlamazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə, Azərbaycan Respublikası Prezi­dent Adminstrasiyası İctimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Respublikası Prezi­denti yanında Dövlət İdarəçilik Akademiyası Tarix kafedra­sının müdiri, dosent Firdovsiyə Əhmədova, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitunun şöbə müdiri, filologiya elmlər doktoru, professor Bədirxan Əhmədov, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər təşkilatının və KİV-in nümayəndələri iştirak etmişlər.

Hamısını oxu
Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyasının birliyinə töhfə verir

Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin hazırkı mərhələsini və qarşıdakı inkişaf istiqamətlərini dəyərləndirmək baxımından mühüm siyasi və iqtisadi mesajlarla zəngindir. Bu səfər yüksək səviyyəli siyasi dialoqun davamı ilə yanaşı, Azərbaycan–Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıqdan daha dərin və çoxşaxəli iqtisadi inteqrasiyaya doğru irəlilədiyini nümayiş etdirən mühüm hadisədir.Səfər çərçivəsində Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi, çoxsaylı sənədlərin imzalanması, qarşılıqlı investisiya layihələrinin açılış və təməlqoyma mərasimlərinin təşkil olunması, prezidentlərin ali dövlət təltifləri ilə təltif edilməsi münasibətlərin siyasi, hüquqi, iqtisadi və humanitar əsaslarının paralel şəkildə möhkəmləndiyini göstərir. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Əbədi Dostluq haqqında Müqavilə”nin imzalanması isə münasibətlərin gələcək perspektivinə verilən siyasi əhəmiyyətin göstəricisidir.Səfər zamanı həmçinin 2027–2028-ci illəri əhatə edən bir sıra əməkdaşlıq proqramları, sosial təminat, dövlət xidmətləri və şəhərlərarası qardaşlaşma münasibətləri üzrə sənədlər imzalandı. Prezident İlham Əliyevin “Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır” fikri təsadüfi qiymətləndirmə deyil. Bu, Özbəkistanın son illərdə keçdiyi iqtisadi və sosial transformasiyanın Azərbaycan tərəfindən yüksək səviyyədə müşahidə və təqdir edildiyini göstərir.Azərbaycan–Özbəkistan iqtisadi münasibətlərinin qarşıdakı dövr üçün ən mühüm göstəricilərindən biri ikitərəfli ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılmasıdır. Prezident İlham Əliyevin bu hədəfi “uzaq bir xəyal” kimi deyil, bir neçə ildən sonra əldə olunacaq real nəticə kimi təqdim etməsi xüsusilə diqqət çəkir. Bu yanaşmanın arxasında konkret iqtisadi layihələr və artan qarşılıqlı investisiyalar dayanır. Əslində, 1 milyard dollarlıq ticarət dövriyyəsi məqsədlə yanaşı, daha böyük iqtisadi inteqrasiyanın başlanğıc mərhələsi kimi qiymətləndirilməlidir. Azərbaycan üçün burada əsas məsələ ticarətin yalnız həcmini deyil, strukturunu da dəyişməkdir.Ölkəmizin qeyri-neft-qaz sektorunun inkişafı, ixracın şaxələndirilməsi və yüksək əlavə dəyər yaradan məhsulların dünya bazarlarına çıxarılması dövlət iqtisadi siyasətinin mühüm istiqamətlərindəndir. Özbəkistan bazarı isə bu baxımdan Azərbaycan sahibkarları üçün böyük perspektivlər yaradır. Eyni zamanda Özbəkistanın Azərbaycan üzərindən digər beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi iki ölkənin ticarət əlaqələrini ikitərəfli çərçivədən çıxararaq regional xarakterə gətirə bilər.Azərbaycan–Özbəkistan əlaqələrinin əsas xüsusiyyətlərindən biri ticarət münasibətlərinin sürətlə investisiya əməkdaşlığı ilə tamamlanmasıdır. 23 avqust səfəri zamanı Özbəkistanda Azərbaycan sərmayəsi ilə həyata keçirilən müxtəlif layihələrin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi bunun əyani göstəricisidir. Rəsmi məlumatlara əsasən, həmin gün enerji, tikinti materialları, bankçılıq, turizm, şəhərsalma, yanacaq infrastrukturu, dağ-mədən və kənd təsərrüfatı daxil olmaqla müxtəlif istiqamətlərdə layihələr təqdim edilib. Bu layihələrin müxtəlifliyi təsadüfi deyil. Əksinə, bu, Azərbaycan kapitalının artıq Özbəkistan iqtisadiyyatının müxtəlif sektorlarında iştirak etməyə başladığını göstərir.İnvestisiya münasibətlərinin dərinləşməsi hər iki ölkənin iqtisadiyyatını bir-birinə daha sıx bağlayır. Lakin burada mühüm məsələ investisiyanın sadəcə maliyyə qoyuluşu kimi deyil, istehsal, məşğulluq, texnologiya transferi, ixrac və yeni dəyər yaratmaq vasitəsi kimi qiymətləndirilməsidir. Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi layihələrin artması ölkəmizin kapital ixrac edən və regional iqtisadi layihələrdə iştirak edən dövlət kimi mövqeyini də gücləndirir. Azərbaycan-Özbəkistan münasibətlərinin digər mühüm xüsusiyyəti iqtisadi tərəfdaşlığın yüksək mənəvi və siyasi etimadla tamamlanmasıdır. Özbəkistanın Qarabağın bərpasına verdiyi dəstək bu münasibətlərin xüsusi nümunəsidir. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikilməsi və Xankəndidə tikiş fabrikinə investisiya qoyulması Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi prosesində iştirakının konkret nümunələridir. Bu əməkdaşlıq sadəcə investisiya layihəsi deyil. Bu, qardaş ölkənin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonrakı inkişaf prosesinə verdiyi siyasi və mənəvi dəstəyin ifadəsidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, ilk yardımın, ilk böyük sənaye layihələrindən birinin Özbəkistanla əlaqəli olması münasibətlərin xüsusi xarakterini göstərir. Bu əməkdaşlığın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda daha geniş investisiya layihələri ilə davam etdirilməsi həm regionun iqtisadi inkişafına, həm də Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin yeni mərhələsinə töhfə verə bilər.Prezident İlham Əliyevin bəyanatındakı ən mühüm strateji tezislərdən biri Azərbaycanla Mərkəzi Asiyanın böyük potensiala malik vahid geosiyasi və geoiqtisadi region kimi təqdim edilməsidir. Bu yanaşma Azərbaycanın xarici iqtisadi siyasətində Mərkəzi Asiyanın artan rolunu aydın şəkildə göstərir. Azərbaycanın Xəzər dənizi üzərində yerləşməsi, inkişaf etmiş liman və nəqliyyat infrastrukturu, Avropa istiqamətində formalaşan logistika imkanları ölkəmizi Mərkəzi Asiyanın Qərbə çıxışı baxımından mühüm tərəfdaşa çevirir. Özbəkistanın böyük əhali və istehsal potensialı isə bu əməkdaşlığa əlavə iqtisadi məzmun gətirir. Bu baxımdan Orta Dəhliz sadəcə nəqliyyat marşrutu deyil. Onu gələcəkdə istehsal, logistika, ticarət, investisiya və xidmətlərin birləşdiyi böyük iqtisadi platformaya çevirmək mümkündür.Azərbaycanın burada strateji marağı aydındır: ölkəmiz nəqliyyat dəhlizinin yalnız tranzit ölkəsi deyil, həmin dəhliz üzərində əlavə dəyər yaradan iqtisadi mərkəzlərdən biri olmalıdır. Özbəkistan üçün isə Azərbaycan üzərindən Avropa bazarlarına çıxışın genişlənməsi mühüm üstünlük yaradır. Beləliklə, iki ölkənin maraqları bir nöqtədə kəsişir. Sənaye kooperasiyası yeni iqtisadi mərhələnin əsasını qoya bilər, çünki Azərbaycan və Özbəkistanın iqtisadi potensialları bir-birini tamamlayan xüsusiyyətlərə malikdir.Özbəkistan geniş daxili bazara, böyük əmək resurslarına və sənaye potensialına malikdir. Azərbaycan isə enerji, nəqliyyat, logistika, maliyyə və regional əlaqələr baxımından mühüm üstünlüklərə sahibdir. Bu potensialların birləşdirilməsi avtomobil sənayesindən kənd təsərrüfatına, qida emalından tikinti materiallarına, kimya sənayesindən dağ-mədən sektoruna qədər müxtəlif sahələrdə birgə istehsal imkanları yaradır.Əsas məsələ birgə müəssisələrin sayını artırmaqla kifayətlənməməkdir. Bu müəssisələrin məhsuldarlığı, ixrac imkanları, texnologiya səviyyəsi və yerli iqtisadiyyata təsiri də əsas göstəricilər olmalıdır. Bu yanaşma Azərbaycan üçün xüsusilə vacibdir. Çünki iqtisadiyyatın şaxələndirilməsi yalnız yeni müəssisələrin yaradılması ilə deyil, yüksək əlavə dəyərli istehsalın və ixracın artırılması ilə mümkündür.Azərbaycan-Özbəkistan münasibətlərində energetika ənənəvi və strateji istiqamətlərdən biridir. SOCAR-ın Özbəkistanın pərakəndə yanacaq bazarına daxil olması, neft-qaz kəşfiyyatı ilə bağlı layihələrin irəliləməsi bu sahədə əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Prezident İlham Əliyevin bildirdiyi kimi, neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə artıq son mərhələyə yaxınlaşılır və gələn il istismar quyularının qazılmasına başlanılması gözlənilir. Azərbaycanın enerji sektorunda topladığı təcrübənin Özbəkistanda tətbiqi ölkəmizin enerji şirkətlərinin beynəlxalq fəaliyyətinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bununla yanaşı, gələcək əməkdaşlıq yalnız neft və qazla məhdudlaşmamalıdır. Bərpaolunan enerji, enerji səmərəliliyi, elektrik enerjisi, yaşıl texnologiyalar və yeni enerji infrastrukturu da Azərbaycan-Özbəkistan tərəfdaşlığının perspektiv istiqamətlərinə çevrilə bilər.İqtisadi əməkdaşlığın davamlı inkişafı üçün maliyyə sektorunun rolu da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bankının Özbəkistan bazarına daxil olması iki ölkə arasında iqtisadi münasibətlərin yalnız real sektorla məhdudlaşmadığını göstərir. Bankçılıq sahəsində əməkdaşlığın genişlənməsi şirkətlər üçün ödəniş, kreditləşmə, investisiya və maliyyə xidmətlərinə çıxışı asanlaşdıra bilər. Ticarət dövriyyəsi artdıqca maliyyə infrastrukturunun da buna uyğun inkişaf etdirilməsi zəruridir. Bu baxımdan qarşılıqlı bank iştirakının genişləndirilməsi Azərbaycan və Özbəkistan arasında iqtisadi inteqrasiyanın institusional əsaslarını möhkəmləndirə bilər.Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələnin digər xüsusiyyəti əməkdaşlığın paytaxtlarla məhdudlaşmamasıdır. Regionlararası əməkdaşlıq forumlarının keçirilməsi, şəhərlər arasında qardaşlaşma münasibətlərinin qurulması və müxtəlif bölgələrdə layihələrin həyata keçirilməsi iqtisadi əlaqələrin daha geniş sosial bazaya malik olmasına imkan verir. Səfər çərçivəsində Xankəndi ilə Urgənc, Naxçıvan ilə Urgənc, Laçın ilə Buxara arasında qardaşlaşma münasibətlərinin yaradılması barədə protokolların imzalanması bu baxımdan mühüm addımdır. Xüsusilə Laçın–Buxara və Xankəndi–Urgənc kimi əlaqələr gələcəkdə yalnız mədəni-humanitar layihələrlə deyil, turizm, şəhərsalma, təhsil, sahibkarlıq və investisiya layihələri ilə də tamamlanmalıdır.Dövlətlərarası münasibətlər birbaşa olaraq şəhərlər, regionlar, sahibkarlar və vətəndaşlar səviyyəsində də hiss olunan əməkdaşlığa çevrilə bilər. 23 avqust səfərinin ən mühüm siyasi nəticələrindən biri Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən “Əbədi Dostluq haqqında Müqavilə”nin imzalanmasıdır. Bu sənəd iki ölkənin münasibətlərinin gələcək inkişafına dair siyasi iradəni daha aydın şəkildə ifadə edir.Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi də təsadüfi deyil. Bu mexanizm iki ölkənin qarşılıqlı münasibətlərinin inkişaf strategiyasını müəyyənləşdirmək baxımından xüsusi rol oynayır. Şuranın yaradılması və ardıcıl iclaslarının keçirilməsi münasibətlərin şəxsi liderlər arasındakı yüksək səviyyəli dialoqdan institusional mexanizmlərə keçdiyini göstərir. Bu, dövlətlərarası münasibətlərin davamlılığı baxımından mühüm üstünlükdür.Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı səviyyəsində əsas məsələ artıq yeni sənədlərin və yeni niyyətlərin elan olunması deyil. Əsas məsələ əldə olunan razılaşmaların konkret nəticələrə çevrilməsidir. İmzalanan hər bir sənəd yeni investisiyaya, yaradılan müəssisəyə, yeni iş yerinə, artan ixraca, genişlənən nəqliyyat imkanlarına və əhalinin rifahına xidmət etməlidir.Bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfi bu baxımdan yalnız statistik göstərici kimi qəbul edilməməlidir. Bu rəqəmin arxasında daha çox Azərbaycan məhsulunun xarici bazara çıxması, daha çox Özbəkistan sərmayəsinin Azərbaycana gəlməsi, daha çox Azərbaycan şirkətinin Mərkəzi Asiyada fəaliyyət göstərməsi və daha çox birgə istehsal müəssisəsinin yaradılması dayanmalıdır. Eyni zamanda Azərbaycan üçün iqtisadi əməkdaşlıqda milli maraqların qorunması əsas prinsip olaraq qalmalıdır. Qarşılıqlı investisiyalar ölkəmizin iqtisadi inkişaf prioritetlərinə, qeyri-neft sektorunun gücləndirilməsinə, ixrac potensialının artırılmasına, regionların inkişafına və yeni texnologiyaların cəlbinə xidmət etməlidir. Hesab edirəm ki, Prezident İlham Əliyevin Daşkənddə səsləndirdiyi fikirlərin əsas mahiyyəti bundan ibarətdir: Azərbaycan və Özbəkistan artıq bir-birinin inkişafını tamamlayan, regional proseslərə təsir göstərən iki mühüm dövlətə çevriliblər.Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar, Özbəkistanın Mərkəzi Asiyada həyata keçirdiyi iqtisadi və sosial transformasiya ilə birləşdikdə daha böyük geoiqtisadi imkanlar ortaya çıxır. Bu əməkdaşlıq Azərbaycan üçün Mərkəzi Asiyada iqtisadi mövqelərin möhkəmləndirilməsi, Özbəkistan üçün isə Qərbə və Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi baxımından qarşılıqlı faydalıdır.Ən mühüm məqam isə odur ki, bu münasibətlər yalnız dövlətlərarası siyasi iradəyə deyil, artıq real iqtisadi layihələrə söykənir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Özbəkistan münasibətlərinin həm mənəvi, həm də maddi təməli möhkəmdir. Dünya siyasətində belə sintezə həqiqətən də nadir hallarda rast gəlinir. Bu üstünlükdən maksimum istifadə etmək üçün qarşıdakı dövrdə siyasi iradə konkret iqtisadi nəticələrlə tamamlanmalıdır. Məşhur MəmmədovMilli Məclisin deputatı

Hamısını oxu
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Jurnalist: Xoş gördük, cənab Prezident. Əvvəlcə sıx qrafikinizə rəğmən, müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür etmək istərdim. İcazənizlə, suallara keçərdik. Prezident İlham Əliyev: Buyurun. Jurnalist: Bu Sizin Naxçıvana 17-ci səfərinizdir və bu səfər çərçivəsində də olduqca mühüm tədbirlərə şahidlik etdik. Ümumilikdə səfərin təfərrüatlarını, yekunlarını və nəticələrini necə qiymətləndirmək olar? Prezident İlham Əliyev: Əslində, səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Qeyd etdiyiniz kimi, mən Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır. Bu illər ərzində bir çox önəmli layihələr icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək. Bu illər ərzində, əlbəttə ki, ilk növbədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsi prioritet məsələlər sırasında idi. Bu istiqamətdə də böyük işlər görüldü və bu gün bayrağın təqdimetmə mərasimində bir daha Naxçıvanın hərbi gücü özünü göstərdi, həm texnika ilə təchizat, - özü də ən müasir texnika ilə, – həm də yeni komando qüvvələrinin yaradılması. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir. Bildiyiniz kimi, Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın - muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir. Bu gün qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək. Digər tədbirlərə gəldikdə, əlbəttə ki, burada xüsusilə iş yerlərinin yaradılması ilə bağlı görülən və görüləcək işləri qeyd edə bilərəm. Bu gün Naxçıvan Sənaye Parkının təməli qoyuldu. Azərbaycanda mənim göstərişimlə bir çox sənaye parkları yaradılmışdır və onların arasında ərazi nöqteyi-nəzərindən Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra ikincidir. Dediyim kimi, təməl daşı qoyuldu və əminəm ki, tezliklə bu Sənaye Parkında artıq praktiki işlər başlanacaqdır. Eyni zamanda, bu Parkın tərkib hissəsi olaraq 300 meqavat gücündə istilik elektrik stansiyası inşa ediləcək. Onu bildirməliyəm ki, bu gün Naxçıvanın generasiya gücü təqribən 200 meqavatdır. Təkcə bir stansiya bunu 1,5 dəfə artıracaq. Təbii ki, bu stansiyanın iki məqsədi var: birincisi, Naxçıvan Muxtar Respublikasını dayanıqlı enerji ilə təmin etmək, ikincisi, ixrac məsələləridir. Bu gün yerləşdiyimiz regionda əgər elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr varsa, Azərbaycan onların sırasında birincidir. Çünki bu və ya digər səbəblər üzündən bölgəmizdə enerji böhranı yaşanmaqdadır və bu böhran dərinləşə bilər. Həm bölgəmizdə gedən müharibələr, həm artan risklər, enerji daşıyıcılarının nəqli ilə bağlı nəqliyyat zəncirlərinin qırılması və digər amillər. İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin. Ona görə burada Azərbaycanın xüsusi rolu danılmazdır. Biz elə etməliyik ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı heç vaxt pozulmasın. Bu məqsədlər üçün vaxtilə yenə də mənim təşəbbüsümlə biz İran İslam Respublikası ilə qaz mübadiləsi sazişini imzaladıq. Bu sazişə əsasən, İrandan Azərbaycana qaz kəməri çəkilmişdir və eyni zamanda, Azərbaycanın Astara rayonundan İran ərazisinə qaz nəqli təmin edilmişdir. Yəni biz Naxçıvanı mübadilə yolu ilə 100 faiz qazla təmin etdik. Bununla paralel olaraq, qazlaşmanı apardıq. Artıq neçə ildir ki, - təqribən deyə bilərəm, bəlkə 15 il, bəlkə ondan da çox, - Naxçıvanda qazlaşma 100 faizdir. Azərbaycanda ümumilikdə qazlaşmanın səviyyəsi 96 faizdir, bu da çox böyük rəqəmdir. Ancaq Naxçıvanda bu, artıq 100 faizdir. Yəni bu da enerji təhlükəsizliyinə yönəlmiş bir addım idi. Burada bir çox su və Günəş elektrik stansiyaları, modul tipli elektrik stansiyası inşa edilmişdir. Yəni enerji təhlükəsizliyi fiziki təhlükəsizlikdən sonra ikinci vacib amildir. Bu gün dediyim kimi, həm 300 meqavat gücündə istilik elektrik stansiyasının təməli qoyuldu və 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının tikintisi ilə tanış oldum. Naxçıvanda Günəş enerjisinin potensialı çox böyükdür. Aparılan monitorinq və dəqiq təhlil əsasında Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır. Buna görə artıq 600 hektardan çox ərazi müəyyən edildi və orada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyaları inşa ediləcək. Sevindirici hal ondan ibarətdir ki, bizdə bərpaolunan enerji növlərinin yaradılması ilə bir qayda olaraq, özəl sektor məşğuldur. Mənə bu gün təqdim edilən məlumat onu göstərir ki, bu layihələr iqtisadi cəhətdən, yəni gəlirlilik nöqteyi-nəzərindən investorlar üçün cəlbedicidir. Yəni burada həm Azərbaycanda investisiya iqliminin müsbət olması, eyni zamanda, bərpaolunan enerji növlərinin inkişafına dövlət dəstəyi və bütövlükdə bizim artan potensialımız, o cümlədən ixrac imkanlarımız mühüm rol oynayır. Çünki qeyd etdiyim kimi, bu gün Naxçıvan elektrik enerjisi ilə təminat baxımından tam sığortalıdır. Dediyim 200 meqavat generasiya gücü Naxçıvanın bugünkü tələbatından artıqdır. Amma biz gələcəyə baxmalıyıq. Naxçıvanın sürətli inkişafı davam etdiriləcək, o cümlədən Dövlət Proqramının icrası nəticəsində. Bu Proqram da mənim Sərəncamımla qəbul edilmişdir. Naxçıvandan çox böyük həcmdə elektrik enerjisinin ixracı da nəzərdə tutulacaq. Digər vacib sahə, – yəni o sahə də bu gün səfərimin proqramında öz əksini tapmışdır, – Naxçıvanın tarixi-mədəni abidələrinin qorunmasıdır. Bildiyiniz kimi, Naxçıvan çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malikdir. Naxçıvan qədim Atabəylər dövlətinin paytaxtı olub və o dövrə, ondan sonrakı dövrə aid olan bir çox abidələr dünya əhəmiyyətli abidələrdir. Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər bu gün mənə təqdim edildi. Eyni zamanda, digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpası nəzərdə tutulur. Möminə xatun məqbərəsinin müəllifi məşhur naxçıvanlı memar Əcəmi Naxçıvaninin şərəfinə abidə ucaldıldı. O abidənin arxasında onun ölməz əsəri Möminə xatun məqbərəsi yerləşir. Bütün bu məsələlər böyük əhəmiyyət daşıyır. Çünki təbii ki, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi vacib məsələlərdir. Ancaq bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır. Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik. Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir. Məsələn, əgər biz nəqliyyat dəhlizlərindən danışırıqsa, bu gün təbii ki, Naxçıvanın timsalında yeni nəqliyyat damarlarını görürük. Biz bunu yaradırıq. Bunu yaratmaq üçün bir çox işlər görülüb və görüləcək. Ona görə bu məsələlərə daim diqqət göstərilir və göstəriləcək. Bu gün, eyni zamanda, sosial təminatla əlaqədar DOST Mərkəzinin açılışını qeyd edə bilərəm. Onun yanında “ASAN xidmət” mərkəzi dayanır. O da vaxtilə mənim göstərişimlə yaradılmışdır ki, insanlara daha gözəl xidmət göstərilsin. Yəni proqramın tərkib hissəsinə baxmaq kifayətdir ki, burada hər kəs görsün ki, Naxçıvanın inkişafı reallıqdır. Onu da əlavə edə bilərəm ki, bu yaxınlarda - bir neçə ay bundan əvvəl qəbul edilmiş kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında da Naxçıvanın xüsusi yeri var, payı var, lazımi vəsait nəzərdə tutulub. O cümlədən kənd təsərrüfatının inkişafı üçün vacib olan amil – suvarma layihələri icra edilir. Bir çox artezian quyuları qazılacaq, müasir suvarma sistemləri quraşdırılacaq. Bu gün suvarılmayan torpaqlara su veriləcək. Beləliklə, muxtar respublikanın inkişafı daha sürətli və hərtərəfli olacaq.   Jurnalist: Cənab Prezident, budəfəki səfər həm də yeni reallıqlar şəraitində baş tutur. Bu reallıqlardan ən ümdəsi yəqin ki, Zəngəzur dəhlizi ilə bağlıdır. Hansı ki, müharibədən dərhal sonra Siz onun mütləq açılacağını bəyan etmişdiniz, kimin onu istəyib-istəməməsindən asılı olmayaraq. İndi Naxçıvanın dəmir yolunun və Zəngəzur dəhlizinin bərpası və açılması ilə bağlı işlər hansı mərhələdədir?   Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq. Təbii ki, yadınızdadır, İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar üçtərəfli bəyanat imzalanmışdır - Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri. Əslində, bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu. O vaxt hələ işğal altında olan, - müharibə yolu ilə hələ biz o bölgələri azad etməmişdik, – Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Təbii ki, Ermənistan bunu könüllü etməmişdir, biz onu məcbur etdik. Kimisə müharibə şəraitində məcbur edirsənsə, deməli, həmin o tərəf kapitulyasiyaya uğrayır. Yəni bu termində hər hansı bir alçaldıcı, yaxud da ki, təhqiramiz bir məna axtarmaq lazım deyil. Bu, sadəcə olaraq, reallıqdır. Biz tarixi həm olduğu kimi bilməliyik, həm unutmamalıyıq və tarixin təhrifinə, o cəhdlərə heç vaxt imkan verməməliyik. O vaxt - noyabrın 9-da Şuşa işğaldan azad olunandan sonra Rusiya Prezidentinin vasitəsilə üçtərəfli danışıqlar gedirdi. Mən qəti təkid edirdim ki, imzalanacaq bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhliz mütləq öz əksini tapmalıdır. Ermənistan tərəfi buna razılıq vermək istəmirdi. Ancaq onun o qədər də böyük alternativləri də yox idi. Müharibə davam etdirilsəydi, əlbəttə, biz də itkilər verəcəkdik, amma Ermənistan daha çox itki verəcəkdi. Çünki onların qoşunları demək olar ki, mühasirədə idi və onları məhv etmək faktiki olaraq tam mümkün idi. Ona görə bunu istəməsələr belə Ermənistan buna razılıq verdi və o bəyanat hamıya bəllidir, orada xüsusi bir bənd var. Ancaq İkinci Qarabağ müharibəsindən keçən 5 il ərzində Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki addım atılmamışdır. Dəfələrlə biz bu məsələni həm Rusiyaya, həm Ermənistana çatdırırdıq ki, vaxt gedir, bu bəyanat, onun vacib hissəsi icra edilmir və bu, dözülməz haldır. Müxtəlif vaxtlarda müxtəlif cavablar alırdıq, bu barədə çox danışmaq istəmirəm. Fakt odur ki, Ermənistan bunu hər cür uzatmağa çalışırdı. Rusiya tərəfi isə ya bunu təmin edə bilmirdi, ya da ki, hansısa başqa səbəblər var idi. Yəni fakt o idi ki, keçən ilin avqust ayına qədər məsələ dondurulmuş vəziyyətdə idi. Amerika Birləşmiş Ştatlarında bu məsələyə yaxınlaşmağa başlayanda, - təqribən keçən ilin yaz aylarından, yazın əvvəlində başlanmış təmaslar nəticəsində artıq bu prosesə start verilmişdir, - təbii ki, Ermənistan-Azərbaycan normallaşma prosesinə öz töhfələrini verməyə çalışırdılar, buna hazır olduqlarını bildirirdilər. Təbii ki, bizim bir neçə önəmli şərtimiz var idi, o cümlədən Zəngəzur dəhlizi. Nəticə etibarilə 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapdı. TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Bu yaxınlarda, üç gün bundan qabaq - avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək. Yəni bu, məsələnin tarixçəsidir. Eyni zamanda, İkinci Qarabağ müharibəsi başa çatar-çatmaz biz dərhal həm dəmir yollarının, həm də avtomobil yollarının bərpasına başladıq, o cümlədən Naxçıvana doğru gedən yolların tikintisinə. Bu gün Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Bir sıra xırda məsələlər qalıb. Dəmir yolunun tikintisi də sürətlə gedir. Biz bu layihəni hər an sürətləndirə bilərik. Sadəcə olaraq, Ermənistan hissəsi hazır olmadığı üçün buna lüzum görmürük. Çünki investisiyaları, sərmayələri daha vacib və təcili məsələlərin həllinə yönəltmək üçün. Ancaq istənilən halda gələn il dəmir yolu da Ermənistan sərhədinə gəlib çatacaq. O ki qaldı, Naxçıvan dəmir yolunun tikintisinə, hazırda işlər gedir. Mənim göstərişimlə Nəqliyyat Nazirliyi bu işlə məşğuldur. Azərbaycan Dəmir Yolları Ordubad istiqamətində inşa işlərinə başlamışdır və olmayan hissələr yenidən tikiləcək. İki hissə mövcud deyildi, hər ikisi də Ermənistan sərhədinə yaxındır - biri Ordubad, ikincisi isə Sədərək rayonlarının ərazisindədir. Hər iki hissənin uzunluğu o qədər də böyük deyil, təqribən 3-5-7 kilometrdir. Qalan dəmir yolu isə prinsipcə işlək vəziyyətdədir və bu gün də ondan istifadə edilir və edilə bilər. Sadəcə olaraq, bu gün mövcud olan dəmir yolunun yükaşırma qabiliyyəti 1,5 milyon tondur. İlkin mərhələ üçün Zəngəzur dəhlizinin və ümumiyyətlə, Şərq-Qərb dəhlizinin bir qolu olan bu yolun fəaliyyətə başlaması kifayətdir. Amma bizim istəyimiz ondan ibarətdir ki, bu nəqliyyat dəhlizindən ən azı 15 milyon ton yük keçsin. Onun üçün bu gün mövcud olan dəmir yolu yenidən qurulmalıdır, reabilitasiya edilməlidir. Bu gün mənə verilən məlumat və təqdimat çox vacib idi. Mənim də göstərişlərim ondan ibarət idi ki, vaxt itirmək lazım deyil, Azərbaycan öz vəsaiti hesabına bu dəmir yolunu tam işlək və 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan vəziyyətə çatdıra bilər və çatdırmalıdır. Onu da bildirməliyəm ki, bir çox beynəlxalq qurum, bəzi ölkələr bu yola maraq göstərir, xüsusilə Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə. Onlardan biri Avropa İttifaqıdır. Avropa İttifaqının nümayəndələri Naxçıvana ezam edilmişdir. Burada yerlərdə vəziyyətlə tanış olmuşlar və onlar da bu dəhlizin iştirakçıları olmaq istəyirlər. Biz prinsip etibarilə buna etiraz etmirik. Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın əsas hissəsində yerləşən ərazilərdə Azərbaycan Dəmir Yolları artıq bütün işləri yekunlaşdırır və burada hər hansı bir xarici iştiraka ehtiyac yoxdur. O ki qaldı, Naxçıvan dəmir yolunun reabilitasiyasına, burada prinsip etibarilə beynəlxalq konsorsium yaradıla bilər. Təbii ki, nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə beynəlxalq konsorsium investorlardan ibarət ola bilər və biz buna açığıq. Olmasa da, biz özümüz bu yolu çəkəcəyik. Bizim indi hansısa maliyyə problemlərimiz yoxdur. Olsaydı belə bu önəmli layihəyə hər zaman biz vəsait tapardıq. Amma biz hesab edirik ki, bu yolu beynəlxalq aktorlar və potensial yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə Naxçıvan dəmir yolu layihəsi məhz dediyim kimi, bir neçə şirkətdən ibarət konsorsium tərəfindən inşa edilə bilər. Bu məsələ ilə bağlı bir neçə ölkədən bizə müəyyən mesajlar daxil olub. Hələ ki, bu barədə danışmaq istəmirəm. Sadəcə olaraq, konseptual nöqteyi-nəzərindən bu mümkündür. Ancaq onu da mən bu gün nəqliyyat nazirinə və Dəmir Yolu İdarəsinin rəisinə dedim, biz əlbəttə ki, buna açığıq, amma vaxt itirmək istəmirik. Çünki cənab Prezident Trampla son söhbət zamanı aydın oldu ki, Ermənistan ərazisində dəmir yolunun tikintisi bu il başlanmalıdır, orada cəmi 42 kilometr yoldur. Naxçıvan ərazisində isə yeni texniki-iqtisadi əsaslandırma əsasında, - çünki tamamilə yeni texniki-iqtisadi əsaslandırma işlənilib, - yolun uzunluğu 194 kilometr olacaq. Əvvəllər daha qısa idi. Nə üçün daha uzundur? Çünki əvvəllər döngələr daha qısa idi və o xətti biz əsas götürsək, əgər tam necə var idi elə bərpa etsək, bu, 15 milyon ton yükü qaldıra bilməz. Ona görə yol daha uzun olacaq - 194 kilometr. Biz vaxt itirə bilmərik. Bizim vəsaitimiz də var bu il və gələn il. Ona görə yəqin ki, mənim sözlərim müxtəlif ünvanlara da çatacaq. Əgər kimsə bu layihədə iştirak etmək istəyirsə, vaxt itirməsin və tezliklə bizimlə artıq razılaşmaya gəlsin. Çünki bəzi bürokratik əngəllər, məsələlərin uzadılması, yəni bu bizim, Azərbaycanın üsuli-idarəsi deyil. Biz məsələləri müəyyənləşdiririk, qərar qəbul edirik, dərhal bunun icrasına başlayırıq. Bu yolun əhəmiyyəti dediyim kimi, təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Çünki qeyd etdiyim kimi, bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq. Çünki bu gün Şimal-Cənub nəqliyyat dəhlizi deyəndə adətən Rusiya-Azərbaycan-İran, yəni Astaraya keçid, Astara-Rəşt İran ərazisində layihə nəzərdə tutulur. Layihənin icrası bildiyimə görə, ya başlayıb, ya da ki, başlayacaq. Hər halda Azərbaycan ərazisində bu layihə hazırdır. Amma Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır. Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır. Ona görə bu gün strateji nöqteyi-nəzərindən, bundan əvvəl dediyim amillərlə yanaşı, bu amil də çox önəmli rol oynayır. Əlbəttə ki, buradan keçən tutaq ki, 15 milyon ton, bəlkə daha çox yük daha böyük canlanmaya gətirib çıxaracaq. Daha çox iş yerləri açılacaq, iqtisadi fəallıq artacaq və Naxçıvan deyə bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir. Bu, tam mümkündür. Hamımız yaxşı bilirik, dəfələrlə bu barədə danışmışıq, ölkəmizin açıq dənizlərə çıxışı yoxdur, okeanlara çıxışı yoxdur. Amma bu gün Avrasiya nəqliyyat dəhlizlərinin icrası məsələləri müzakirə olunanda bizi “bypass” etmək, bizdən yan keçmək mümkün deyil. Bax, Naxçıvanın da eyni gələcəyi olacaqdır və əlbəttə ki, bu bizə həm iqtisadi, həm başqa dividendlər gətirəcək. Jurnalist: Cənab Prezident, bu məsələyə artıq qismən toxundunuz. Naxçıvanın enerji təminatı və enerji təhlükəsizliyi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Ötən il İğdır-Naxçıvan qaz boru xəttinin istismara verilməsi, həmçinin Naxçıvanın yaşıl enerji potensialının reallaşdırılması istiqamətində addımları xüsusilə qeyd edə bilərik. Ümumilikdə cari vəziyyəti və perspektivləri necə qiymətləndirmək olar? Biz Naxçıvanda da xarici investisiyaları görə bilərikmi? Bu istiqamətdə. Prezident İlham Əliyev: Bəli, mütləq, mütləq, bu olacaq. Artıq bizə bir çox yerlərdən belə təkliflər daxil olur. Həm Azərbaycanın əsas hissəsində, həm Xəzər dənizində, eyni zamanda, bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə artıq konkret layihələrə start verildi. Bəziləri artıq istismara da verilmişdir, bəziləri icra edilir. O cümlədən Naxçıvan Muxtar Respublikasının Günəş potensialını və xüsusilə su potensialını nəzərə alaraq burada daha böyük işlər də görüləcəkdir. Misal üçün, gündəlikdə olan məsələlərdən biri Ordubad rayonunun Tivi kəndindəki 15 meqavatdan bir qədər çox gücdə su elektrik stansiyasının layihəsidir. Bu stansiyanın davam etdirilməsi üçün də biz vəsait ayıracağıq. Yerli investorlar qeyd etdiyim kimi, 50 meqavatlıq Günəş elektrik stansiyaları inşa edirlər. Xarici investorlar da maraq göstərirlər. Mən hesab edirəm ki, təkcə Günəş elektrik enerjisinin istehsalı Naxçıvanda təqribən ən azı 500 meqavat ola bilər, ən azı. Ola bilər 1000 meqavat da olsun. Burada əsas məsələ bunun ixrac imkanlarıdır. Bunun üçün, əlbəttə ki, aidiyyəti ölkələrin qurumları ilə danışıqlar aparılmalıdır və aparılır. Eyni zamanda, ötürücü xətlərin imkanlarını genişləndirməliyik. Çünki təbii ki, bu gün həm İrana, həm Türkiyəyə Naxçıvandan da elektrik xətləri var, ancaq onların imkanı bir qədər məhduddur. Yəni 500 meqavat, hətta 1000 meqavat elektrik enerjisini ixrac etmək üçün burada təbii ki, hələlik iki istiqamət var: biri Türkiyə, biri İran. Amma gələcəkdə bu, Avropa da ola bilər. Ona görə Zəngəzur dəhlizini konkret layihələrlə təmin etməyimiz daha geniş məna daşıyır. Təbii ki, Zəngəzur dəhlizini - bu ideyanı və bu təşəbbüsü biz irəli sürəndə, ilk növbədə nəqliyyat seqmenti nəzərdə tutulurdu. Amma biz bu gün buna daha geniş baxırıq. Misal üçün, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi bizdə hazırdır. İşğaldan azad edilmiş Cəbrayıl rayonunda çox böyük yarımstansiya inşa olunmuşdur. O yarımstansiyanın əsas funksiyası ötürücü fəaliyyətdir. Yəni belə yarımstansiyalara çevirici yarımstansiyalar deyirlər. Bu, daxili təminat üçün yox, yəni böyük enerji həcmlərinin ötürülməsi üçün tikilib. O hazırdır. O, məhz Zəngəzur elektrik dəhlizi üçün tikilmişdir. Ermənistan ərazisində bizim mütəxəssislər tərəfindən aparılan təhlil nəticəsində hətta yerlər də müəyyən edildi - harada elektrik dirəkləri quraşdırılmalıdır. Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Çünki bu, birinci onların özlərinə lazım ola bilər. Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər. Məsələn, bu gün bizim enerji xətlərimiz Rusiya ilə, İranla, Gürcüstanla, Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirilib. Ona görə Ermənistan ərazisindən Naxçıvana, ondan sonra Türkiyəyə və Avropaya uzanacaq enerji dəhlizi, eyni zamanda, Ermənistanın enerjisisteminin ayaqda qalmasına, - əgər böhran yaranarsa, - imkan yaradacaq. Ona görə biz bunu nə qədər tez icra etsək, o qədər yaxşıdır. Təbii ki, indi siz də yaxşı bilirsiniz, biz bu son beş ildə Kəlbəcər dağlarında, 3500 metr yüksəkliklərdə qarın içində dirəklər quraşdırmışıq. Yəni əgər biz bu layihəni icra etməli olsaq, bu, maksimum 6 ay çəkər. Amma Ermənistan təbii ki, özü bunu etməlidir. Ona görə hesab edirəm ki, bu məsələyə tezliklə aydınlıq gətirilməlidir. Bu, Zəngəzur dəhlizinin, TRIPP-in ayrılmaz hissəsi olacaq. Çünki bu layihə təkcə dəmir yolu, avtomobil yolu deyil. Hətta buradan fiber-optik kabel, ondan sonra elektrik xətləri, gələcəkdə əgər ehtiyac olarsa, neft-qaz kəmərləri də keçə bilər. Çünki nə qədər çox alternativlər olsa, hamı üçün o qədər də yaxşıdır. Ona görə Naxçıvanın enerji təhlükəsizliyi ilə əlaqədar suala cavab verərək, həm də əvvəl dediyim sözlərə qayıtmaq istəyirəm ki, burada tam dayanıqlı və sığortalı enerji sistemi yaradılır, faktiki olaraq yaradılıb, amma biz bunu daha da təkmilləşdiririk. Biz, əlbəttə ki, ixrac imkanlarını, o cümlədən Naxçıvan ərazisindən genişləndirməliyik. Yenə də deyirəm, yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur. Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik. Bu gün yeganə marşrut Gürcüstan, Türkiyə, ondan sonra Avropa marşrutudur. Bunu biz genişləndirməliyik. O cümlədən Qara dəniz enerji kabelinin layihəsinin texniki-iqtisadi əsaslandırılması hazırdır. Amma ikinci xətt olsa, bu ancaq bizim gücümüzü artıracaq. Özü də yəqin ki, siz də xatırlayırsınız, hələ 2024-cü ilin noyabrında COP29 zamanı Qazaxıstan, Özbəkistan prezidentləri və mən Xəzərin dibi ilə elektrik kabelinin çəkilişini razılaşdırdıq, saziş imzaladıq. Yəni ona da biz hazır olmalıyıq. Azərbaycan həm elektrik enerjisini istehsal edən, qəbul edən, ötürən və ixrac edən ölkə kimi özünü göstərəcək. Yəni bizim strateji baxışlarımız və planlarımız bundan ibarətdir. Yenə də deyirəm, bu planlar bizim bütün həndəvərimizdə yerləşən ölkələrin maraqlarına cavab verir. Sadəcə olaraq, burada koordinasiya işləri düzgün səviyyədə, lazımi səviyyədə aparılmalıdır və danışıqlar sürətləndirilməlidir. Deyə bilərəm ki, bu gün həm Türkiyə ilə, həm İranla bu barədə danışıqlar aparılır. Hələ ki, bir şey demək tezdir. O ki qaldı, Ermənistana, yenə də demək istəyirəm, Ermənistan ərazisində enerji dəhlizi nə qədər tez yaranarsa, o qədər də TRIPP üçün və bütün bölgə üçün yaxşı olar. Jurnalist: Cənab Prezident, ayrı-ayrı istiqamətlər üzrə görülən və görüləcək işlərə toxundunuz. Ümumilikdə bilmək istərdik, Naxçıvanın inkişafı ilə bağlı, - yəqin ki, bu sualın cavabını Naxçıvanda da böyük maraqla gözləyirlər, - yanaşma, strateji baxış və planlar nədən ibarətdir? Prezident İlham Əliyev: Qeyd etdiyim kimi, vacib olan məsələlər təhlükəsizlik məsələləri idi, bu həll olundu. Enerji təhlükəsizliyi idi, Naxçıvan Muxtar Respublikası üçün bu, həll olundu. İndi söhbət gedir ki, artıq Naxçıvan enerjinin ixracı ilə məşğul olacaq. İşsizliklə bağlı görülən tədbirlər. Xüsusilə qeyd etdiyim kimi, Naxçıvan Sənaye Parkının yaradılması buna böyük təkan verəcək. Naxçıvanda müasir sənaye komplekslərinin yaradılması nəzərdə tutulur. Sosial infrastrukturun yaradılması, bərpası nəzərdə tutulur. Mənə verilən məlumata görə, uşaq bağçalarının tikintisinə, təmirinə ehtiyac var, bunu biz edəcəyik. Naxçıvan şəhərinin nəqliyyat problemləri həll olundu. Bu gün yeni elektrik avtobuslarının təqdimatı oldu və artıq onlar, yəqin ki, sabahdan xəttə buraxılacaq. Köhnə avtobuslar tamamilə sıradan çıxarılıb və bu yaşıl rəngli avtobusları biz Bakı küçələrində də tez-tez görürük. Daha çox görəcəyik, çünki onların faiz nisbəti dizel avtobuslarla müqayisədə daha da artır. Naxçıvan şəhəri üçün bu məsələ həll olundu. Bilirəm ki, şəhərlərarası, rayonlararası nəqliyyatda problem var. Göstəriş verildi ki, 217 müasir rayonlararası avtobus alınsın, bu il və gələn il marşruta buraxılsın. Naxçıvan Muxtar Respublikasının yol infrastrukturuna da vaxtilə böyük vəsait qoyulmuşdur. Yolları siz də gördünüz, yaxşı vəziyyətdədir. Amma kənd yolları var, yenə də hələ nasaz vəziyyətdə yollar var və hesablamalar aparılıb, təqribən 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların həm çəkilişi, həm əsaslı təmiri nəzərdə tutulur. Bu 26 yaşayış məntəqəsindəki əhalinin sayı təxminən 160 min nəfərdir. Bu məsələ öz həllini tapacaq. Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Bildiyiniz kimi, bu yaxınlarda bütövlükdə Naxçıvanın inkişafına dair Dövlət Proqramı qəbul edilmişdir, ondan sonra suvarma ilə bağlı tədbirlər planı tərtib olunmuşdur. Mən buraya böyük heyət ezam etdim, bütün məsələlər təhlil olundu və işlərə başlanıldı. Bu ilin may ayında kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramında Naxçıvana aid xüsusi bir hissə var və bu göstərişlər verildi. Yəni bununla yanaşı, əlavə tədbirlərin görülməsi üçün sabah mənim tərəfimdən növbəti Sərəncam imzalanacaq. Bu, çox böyük maliyyətutumlu Sərəncam olacaq, orada konkret layihələr göstəriləcək. Əlbəttə, lazımi nəzarət də təmin ediləcək ki, burada işlər daha da sürətlə getsin. Bütövlükdə bunu mən artıq həm bəyan etmişdim və həm də biz bunu artıq strukturlaşdırdıq ki, Naxçıvan, azad olunmuş ərazilər - Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir. Məsələn, azad edilmiş bütün ərazilərdə şəhərlərin Baş planları təsdiqləndi. Mən göstəriş verdim ki, Naxçıvan şəhərinin də Baş planı işlənilsin, hazırlansın, - bu gün mənə təqdim edilmişdir, - şəhərin inkişafı, müasir infrastrukturun yaradılması ilə bağlı əlavə tədbirlər görülsün. Naxçıvanın turizm potensialı çox zəngindir: həm tarixi abidələri, həm gözəl təbiəti, təmiz havası və mənzərəli yerləri var. Ancaq əfsuslar olsun ki, mehmanxanaların az olması və o qədər də səviyyəli olmaması turizmin inkişafını əngəlləyir. Bu gün şəhərin mərkəzində beşulduzlu yeni mehmanxananın təməli qoyuldu və yəqin ki, təqribən 2028-ci ildə hazır olacaq. Yəni dövlət tərəfindən Naxçıvan Muxtar Respublikasının inkişafına nə lazımdırsa, o da bu günə qədər edilib və ediləcək. Naxçıvanda son 20 il ərzində bütün tikintilər dövlət büdcəsindən maliyyələşdirilib. Hər il Azərbaycan dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə yüz milyonlarla manat vəsait ayrılır. Yəni bu olmasaydı, təbii ki, biz bugünkü inkişaf edən və abad Naxçıvanı da görə bilməzdik. Ancaq biz hər zaman daha yaxşısını arzulayırıq, daha yaxşısını istəyirik. Nəzərə alsaq ki, Qarabağ, Şərqi Zəngəzur demək olar ki, sıfırdan qurulur və Zəngilan rayonu ilə Ordubad rayonu arasında məsafə cəmi 42 kilometrdir. Bu, faktiki olaraq vahid bir məkandır, tarixən də belə olub. Zəngəzur, Naxçıvan, Qarabağ vahid məkan olub və insanların da miqrasiyası əsrlər boyu olub. Ona görə bu böyük coğrafiyada qohum-əqrəbalar da çoxdur. Ona görə biz bunu vahid, nümunəvi bir inkişaf diyarı kimi nəzərdə tuturuq. Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib, Naxçıvan da yaşıl enerji zonasıdır. Bu gün burada istehsal olunan enerjinin əksəriyyəti bərpaolunan enerji hesabınadır. Biz artıq 250 meqavatlıq iki batareya saxlanc qurğusunu yaratmışıq. Mən göstəriş verdim ki, Naxçıvanda da birinci mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusu qurulsun. Çünki burada da bərpaolunan enerji - Günəş və su elektrik stansiyaları işləyir. Ona görə bu enerjiləri yığmaq üçün gərək bu müasir texnologiyalardan istifadə edək. Bütün bu işlər artıq sistemli şəkildə davam edir. Əgər biz ölkəmizin coğrafi yerləşməsini götürsək görərik ki, hər bir bölgə üçün xüsusi bir inkişaf planı var. Hər bir iqtisadi bölgəmiz uğurla inkişaf edir və bu, ölkəmizin ümumi inkişafını təmin edir. Ona görə planlar böyükdür və bu planların icrası ilə bağlı məndə heç bir şübhə yoxdur. Çünki güclü iradə var, maliyyə resurslarımız da var, heç kimdən də asılı deyilik. Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdiririk. Təbii ki, Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydaları təkmilləşməlidir. Biz Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük. Əminəm ki, artıq orada yaşayan 90 mindən çox insan da bunu görür. Eyni idarəetmə - Prezidentin xüsusi nümayəndəliyi Naxçıvanda da tətbiq olundu. Beləliklə, kadr islahatları ilə paralel olaraq, bu struktur islahatları da, əlbəttə, əsas hədəfə istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar. Jurnalist: Vaxt ayırdığınız üçün çox minnətdaram. Prezident İlham Əliyev: Sağ olun. 

Hamısını oxu