Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Unudulan deputatlar: Azərbaycanın bütün prezidentlərilə işləyən, Moskvanın yüksək vəzifələrindən imtina edən GENERAL

Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.

Rubrikamızda haqqında danışacağımız növbəti sabiq deputat Vladimir Timoşenkodur. 
 

General-mayor Vladimir Timoşenko vaxtilə bitərəf deputat kimi iki çağırış Azərbaycan Milli Məclisinin üzvü olub. Amma daha əvvəl də Ali Sovetin deputatı seçilmişdi...

O, həm I çağırış (1995-2000), həm də II çağırış (2000-2005) parlamentdə Bakının Nəsimi rayonunu təmsil edib.

Vladimir Vasilyeviç Timoşenko 1942-ci il noyabrın 25-də Ukraynada – Atom Elektrik Stansiyasının qəzaya uğradığı məşhur Çernobıl vilayətində anadan olub. O, Vladiqafqazda Ali Hərbi Zenit-Raket Məktəbini və Moskvada Hərbi-Siyasi Akademiyanı bitirib.

1962-1990-cı illərdə SSRİ Silahlı Qüvvələrininin müxtəlif hərbi hissələrində xidmətdə olub. Hərbi xidmətə Bakıda kursant kimi başlayan Timoşenko 20 yaşında Hövsan qəsəbəsində təcrübə keçib. Sonralar Rusiyada, Ukraynada qulluq edib, general-mayor rütbəsinədək yüksəlib.

V.Timoşenko hərbi xidmətin son illərini Zaqafqaziya Hərbi Dairəsində korpusun siyasi şöbə rəisi vəzifəsində, ordu Hərbi Şurasının üzvü kimi başa vurub... və 1990-cı ildə ehtiyata buraxılıb.

O, “Qırmızı ulduz”, II və III dərəcəli “SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə” ordenləri və medallarla təltif olunub.

Vladimir Timoşenko 1990-cı illərdə hərbi xidmətini başa vurandan sonra ömürünün geridə qalan hissəsini Azərbaycanla bağlamaq qərarı verib.


General V.Timoşenko 1990-cı illərdə Azərbaycanda yeni yaradılmış “dövlət başçısının hərbi müşaviri” postuna dəvət olunanda, bunu tərəddüdsüz qəbul edərək işə başlamışdı. Daha sonra onun yolu parlamentdən keçdi...

Ukraynalı general müstəqil Azərbaycanın bütün 4 prezidentinin dövründə parlamentimizdə təmsil olunub.

Belə ki, o, hələ 1990-cı il sentyabrın 30-da - keçmiş SSRİ-nin süquta uğradığı ərəfədə Azərbaycan SSR-in XII çağırış Ali Sovetinə keçirilən seçkilərə qatılaraq deputat seçilib. O zaman Ali Sovetə 340 deputat mandat almışdı.

XII çağırış Ali Sovetin ilk iclası 5 fevral 1991-ci il tarixində prezident Ayaz Mütəllibovun iştirakı ilə keçirilmişdi.
Bu iclasda parlament ölkə üçün çox vacib bir məsələni müzakirə etmişdi. Və həmin müzakirənin sonunda Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul edilmişdi.

1990-ci ildə formalaşdırılan həmin Ali Sovet Azərbaycanın keçmiş SSRİ tərkibindəki son, müstəqil Azərbaycanın isə ilk qanunverici orqanı oldu. Belə ki, Ali Sovetin 1991-ci ilin fevral ayında fəaliyyətə başlamasından bir müddət sonra - 1991-ci ilin avqustunda Sovet İttifaqı dağıldı. Həmin il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası reallaşdı.

1991-ci il noyabrın 26-da isə müxalifət və müstəqil deputatların təkidi ilə Ali Sovet 50 nəfərlik Milli Şura ilə əvəzləndi.

Beləliklə, Azərbaycan Ali Sovetinin nəzdində Milli Şuranın yaradılması barədə qərar qəbul edildi. Ali Sovetin 340 deputatı arasından 50 nəfər seçilməklə Milli Şura yaradıldı. Həmin 50 deputatdan 25-i parlamentdəki kommunistlərin ("komblok"), 25-i isə demokratların ("demblok") nümayəndəsi idi.


O zaman general Vladimir Timoşenko da Milli Şuranın 50 üzvündən biri oldu.

1992-ci il Xocalı soyqırımından sonra istefa verən prezident Ayaz Mütəllibovun ardınca Milli Şuranın sədri Elmira Qafarova da postunu tərk etdi (1992-ci ilin martında).


Milli Şura 1992-ci ilin may ayının 18-də Azərbaycan Respublikasının Milli Məclisi adlandırıldı.

1992-ci ilin 8 iyununda Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri Əbülfəz Elçibəyin qələbəsilə başa çatdı.

Vladimir Timoşenko Milli Məclisin deputatı kimi həm Əbülfəz Elçibəyin hakimiyyətdə olduğu 1 ilə, həm də 1993-cü ildə Heydər Əliyevin iqtidara gəlişinə şahidlik etdi....

Nəhayət 1995-ci ilin noyabr ayında Azərbaycanın Milli Məclisinə ilk seçkilər keçirildi. Həmin seçkilərdə Bakının Nəsimi rayonundakı 27 saylı İkinci seçki dairəsindən deputatlığa namizəd olan general Timoşenko bu marafonda qalib gələrək mandat aldı.

O, I çağırış Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının üzvü idi.


General 2000-ci ildə yenidən eyni seçki dairəsindən deputat seçildi. V.Timoşenko II çağırış Milli Məclisdə Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü kimi fəaliyyət göstərdi.


Deputatlığının növbəti 5 il ərzində o, mərhum prezident Heydər Əliyevin vəfat etməsinə (2003-cü il) və İlham Əliyevin yeni dövlət başçısı seçilməsinə şahid oldu.

Vladimir Timoşenko 2005-ci ildə deputatlıq səlahiyyətlərini başa vuraraq təqaüdə çıxıb.


V.Timoşenko ilə dost olan Əməkdar jurnalist Rəhman Orxan onu əslən ukraynalı, qəlbən isə azərbaycanlı adlandırır.

Rəhman Orxan deyir ki, 1990-cı ilin yanvarında Bakıda törədilmiş qanlı faciədən xeyli əvvəl SSRİ müdafiə naziri Dmitri Yazov Vladimir Timoşenkoya Rusiyadakı hərbi dairələrin birində prestijli yüksək vəzifə təklif etmişdi:

“Lakin Timoşenko bu təklifdən qəti imtina etmiş, həm özü, həm də övladları üçün sadəcə doğma ev yox, sözün həqiqi mənasında Vətən hesab etdiyi Azərbaycanda həmişəlik qalmağı qərara almışdı.

O, hələ daha əvvəl də Leninqrad Hərbi Dairəsində yüksək vəzifə vəd edən mərkəzin – Moskvanın təklifindən imtina edərək, o vaxt İttifaqın müdafiə naziri olan Yevgeni Şapoşnikova müraciətlə Azərbaycanda işləmək üçün ezam olunmasını istəmişdi.

Vladimir Vasilyeviçin öz tarixi vətəni Ukraynaya – Çernobıla qayıtması məsələsinə gəldikdə isə nə qədər istəsə də, bu artıq mümkün deyildi. Oraya qayıtmaq həddən artıq təhlükəli idi və yəqin ki, 100 ildən sonra da belə olacaqdır, çünki generalın ata yurdu olan doğma kəndi Çernobılın radiasiya zonasında yerləşir. Onun ata evində keçirdiyi qayğısız uşaqlıq və yeniyetməlik illəri həmişəlik təhlükəli zonada qalıb”.
 

V.Timoşenkonun özü uşaqlıq illəri ilə bağlı xatirələrində deyir:


“Hələ də gözlərimin önündədir, ailəmizdə həmişə qarşılıqlı hörmət və məhəbbət ab-havası hökm sürürdü. Atam heç vaxt anamın üstünə səsini qaldırmazdı. Anam bizim hamımız üçün əziz, sevimli insan idi. Ailəmiz mənim üçün ilk və ömürlük həyat məktəbi olmuşdur - mənəvi tərbiyə, humanizm və sevgi məktəbi. Xoşbəxtəm ki, həyat yoldaşım Qalina Mixaylovna da ailəmizin ən yaxşı ənənələrinə sadiq olmuş, oğlanlarımızı bu ruhda tərbiyə etmişdir”.


Əməkdar jurnalist Rəhman Orxanın sözlərinə görə, Vladimir Timoşenko fəaliyyəti boyu həmişə Azərbaycanın düşmənlərinin əsassız hücumlarına kəskin münasibət bildirib:

“O, həmişə bizimlədir, bizim adamdır, bizim generaldır. Belə olmasaydı, yüksək səviyyəli görüşlərdəki uca tribunalardan çıxışlarında “bizim ölkə”, “bizim Azərbaycan xalqı” sözlərini səmimiyyətlə deyə bilməzdi”.
 

Timoşenko ilə dostluq münasibətlərini bu gün də davam etdirən jurnalist deyir ki, əslən ukraynalı general Azərbaycana ürəkdən yanır və demək olar ki, azərbaycanlılarla çoxdan qaynayıb-qarışıb:
 

“Ermənistanın Azərbaycana qarşı açıq təcavüzündən, Qarabağ probleminin həllində keçmiş Sovet İttifaqının və Qərb ölkələrinin şərəfsiz mövqe tutmasından hiddətlənmiş general Timoşenko vaxtilə respublikadakı döyüş texnikasının buradan çıxarılaraq Rusiyaya aparılmasına hər vasitə ilə - özünün gələcək karyerasını və hətta həyatını da riskə məruz qoyaraq müqavimət göstərmişdi. O, bədnam 366-cı motoatıcı alayın Xankəndidən çıxarılmasını birincilər sırasında tələb etmiş, İrəvandan mütəmadi “mükafat” almaq müqabilində erməni daşnakların işğalçılıq ideyalarını dəstəkləyənlərə - Vilnüs hadisələrində “ad çıxarmış” qəddar general Açalov, xalqımızın qatı düşməni Starovoytova və başqalarına qarşı açıq mübarizə aparmışdı. Buna görə də təsadüfü deyildi ki, 1993-cü ildə “Moskovski komsomolets” qəzetində ermənilərin əli ilə təşkil edilmiş “General kim idi və indi kimdir?” sərlövhəli materialda Vladimir Timoşenko satqınlıqda, bir sıra başabəla “sərkərdə”lərdən fərqli olaraq, Ermənistanı deyil, Azərbaycanı dəstəkləməkdə ittiham edilirdi.


Rusiyada müəyyən dairələr 1 milyard dollar dəyərində ən müasir hərbi texnikanı Ermənistana müftə verəndə general Timoşenko məxsusi bu məsələ ilə əlaqədar iki dəfə Moskvada olmuş, orada çıxış edərək bu qanunsuz aksiyanı kəskin tənqid etmiş, Rusiyanın dövlət və hərbi strukturlarını inandırmağa çalışmışdı ki, işğalçı siyasət yeridən Ermənistanın hərbiləşdirilməsi yolverilməzdir. Bu hadisədən az sonra “Qolos Armenii” qəzetində dərc olunmuş “General Timoşenko kimin adından danışır?” sərlövhəli məqalədə Azərbaycan parlamentinin üzvünün ünvanına iyrənc hücumlar edilmişdi”.


2013-cü ildə “Rusiya-Ermənistan strateji və ictimai təşəbbüslərinə dəstək mərkəzi”nin russia-armenia.info saytında dərc edilən “Vladimir Timoşenko: qəhrəman yoxsa satqın?” adlı geniş məqalədə də o zaman 70 illik yubileyini qeyd edən generalın ünvanına hədyanlar yazılmışdı. Məqalədə Timoşenko SSRİ-nin varisi olan Rusiya ordusuna dönük çıxmaqda ittiham olunaraq, haqqında “O, faktiki olaraq ordusunu atıb Azərbaycan tərəfinə keçdi”, - deyə vurğulanmışdı.


Rəhman Orxan deyir ki, V.Timoşenko bir general və Milli Məclisin deputatı kimi Azərbaycan Milli Ordusunun yaradılmasında da fəal iştirak edib.


“Respublikamızın ən ağır günlərində general Timoşenko özü kimi Azərbaycanın təəssübünü çəkən Vladimir Malinovun təşəbbüsü ilə yaradılmış beynəlmiləl batalyonun formalaşmasında iştirak etmiş və Qarabağ cəbhəsində bir sıra uğurlu döyüş əməliyyatları aparmışdı. Bu beynəlmiləl batalyonun cəsur döyüşçülərindən biri öz vətəni Azərbaycanı alovlu məhəbbətlə sevən bakılı yəhudi, şəhid Milli Qəhrəman Albert Aqarunov idi...

…90-cı illərin əvvəlində Timoşenkonun Qarabağ münaqişəsinin tarixi və onun acı nəticələri haqqında Ukrayna televiziyası ilə açıq, cəsarətli çıxışı Kiyevin, bütün Ukraynanın sakinlərini son dərəcə heyrətləndirmişdi. Onlar Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında, Qarabağ müharibəsi və onun həqiqi səbəbləri barədə, erməni faşistlərin məkrli işğalçılıq məqsədləri və vəhşilikləri barədə həqiqəti ilk dəfə öz məşhur həmyerlilərinin dilindən eşitdilər. Bu çıxış o qədər güclü əks-səda doğurmuşdu ki, Ukrayna Dövlət televiziyası həmin çıxışı dəfələrlə təkrarən efirə verməli olmuşdu.


Azərbaycan ətrafında yaradılmış informasiya blokadasının aradan qaldırılması işinə general Timoşenkonun bir töhfəsi də ondan ibarətdir ki, o, keçmiş İttifaqın müxtəlif guşələrində yaşayan dostlarını vaxtaşırı respublikamıza dəvət edirdi”.
 


Jurnalistin sözlərinə görə, general Timoşenko vaxtilə Ukraynanın Azərbaycandakı səfiri işləmək təklifindən də imtina edərək, Milli Məclisin deputatı olmağı üstün tutub...

Azərbaycanı doğma vətəni kimi sevdiyini deyən general V.Timoşenkonun burada özünü çox rahat hiss etdiyini söyləyir:

“Rusiyanın, Ukraynanın müxtəlif yerlərində xidmət keçmişəm, amma heç bir yerdə Azərbaycandakı qədər rahat olmamışam. Bu yer möhtəşəm təbiəti ilə yanaşı, xalqın qeyri-adi xarakteri və gözəlliyilə cənnətdir”.

Vaxtilə Rusiyadan gələn vəzifə təkliflərindən imtina etdiyini xatırladan Timoşenko “Mənim üçün ən yüksək vəzifə Azərbaycan vətəndaşı olmaqdır” deyir.

Əvəllər hərbi ekspert kimi açıqlamalar verən general Timoşenko 44 günlük Vətən müharibəsindən hələ xeyli öncə demişdi: “Qarabağ problemi heç vaxt sülh yolu ilə həll edilməyəcək... Biz genişmiqyaslı hərbi əməliyyatlara hazır olmalıyıq ki, torpaqlarımızı azad edək”.

Zaman istefada olan generalın proqnozlarını doğrultdu...


Sabiq deputat Vladimir Timoşenko hazırda ailəsilə birgə Bakıda yaşayır. Təqüdçü eks-deputat bəzən dəvət olunduğu rəsmi və qeyri-rəsmi tədbirlərdə iştirak edir.

Qeyd edək ki, generalın üç oğlu və bir qızı var. Böyük oğlu İqor atasının yolu ilə gedib. Ali Hərbi Məktəbi bitirib, hərbçidir – Ukrayna Ordusunun generalıdır. İkinci oğlu Oleq iqtisadçıdır, Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb. Onların hər ikisi hazırda Ukraynada yaşayır.

İqor və Oleq sabiq deputatın ilk həyat yoldaşı Qalina Mixaylovna ilə nikahından dünyaya gəlib. Qalina Mixaylovna çoxdan dünyasını dəyişib.

İlk həyat yoldaşının vəfatından illər keçəndən sonra yenidən evlənən Vladimir Timoşenkonun ikinci xanımından daha bir oğul və bir qız övladı doğulub. Maraqlıdır ki, general ikinci evlilikdən doğulan oğluna da İqor adı qoyub. Onun hazırda 16 yaşı var. Qızı Maşa isə 18 yaşındadır.


İkinci evliliyini nəzərdə tutaraq “Mən hələ də güc və enerji ilə doluyam” deyən Timoşenko zarafat etməyi, ürəkdən gülməyi, tost söyləməyi sevir:

“Tez-tez ziyafətlərdə dostlarımın xahişi ilə tamada rolunu ifa edirəm. Deyirlər ki, bu məndə pis alınmır. Tamadalıq zamanı vəziyyət imkan versə, bir-iki lətifə də deyə bilərəm. Yeri gəlmişkən, mənim lətifələrdən ibarət 4 mindən çox kolleksiyam var”.

Bu gün Bakıda yaşayan general Vladimir Timoşenkonun bir gözü gülsə də, bir gözü ağlayır... Bu da səbəbsiz deyil. Generalın gözü-qulağı tarixi vətəni Ukrayna ilə bağlı xəbərlərdədir.

Hələ Rusiyanın Ukraynada başladığı işğalçılıq müharibəsindən xeyli əvvəl Modern.az-a verdiyi müsahibədə o, tarixi vətəni ətrafında cərəyan edən hadisələrdən bərk narahat olduğunu bildirmiş, “mənim iki oğlum Kiyevdə, qardaşım Dnepropetrovskda, bacım Kiyev yaxınlığında yaşayır. Oradakı qohumlarım saysız-hesabsızdır” deyərək, ukraynalıların başına gətirilən müsibətlərə görə rəsmi Moskvanı lənətləmişdi.

“Putin özünü şortikdə gəzən küçə uşağı kimi aparır. O düşünür ki, Krımı Rusiyaya birləşdirməklə reytinqini qaldırıb. Bəs dünyada nə qazanıb? Bütün dünya ictimaiyyəti Putinə nifrət edir. O öz simasını bir daha göstərdi”,- deyə V.Timoşenko müsahibə zamanı Rusiya prezidentinə yönəlik qəzəbini ifadə etmişdi.

Milli Məclisin keçmiş üzvü, istefada olan general-mayor Vladimir Timoşenko bu ilin noyabrında 80 illik yubileyini qeyd edəcək. İndi onun ən böyük arzusu Ukraynanın müharibəni qələbə ilə başa vurmasıdır.


Əfqan Qafarlı

2022-08-18 10:04:00
953 baxış

Digər xəbərlər

"Xankəndidə Azərbaycan bayrağının ucaldılması “Heydər Əliyev İli”ndə xalqımıza ən böyük töhfədir"

"Xankəndidə Azərbaycan bayrağının ucaldılması “Heydər Əliyev İli”ndə xalqımıza ən böyük töhfədir".  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu fakt həm də Azərbaycan xalqının, onun liderinin iradəsinin yenilməz olduğunu bir daha bütün dünyaya göstərdi: “Xankəndi, habelə Ağdərə, Əsgəran və Xocalıda Azərbaycan bayrağının ucaldılması bütün türk dünyasında qürur və sevinc doğuran tarixi hadisədir. Bu, 44 günlük Vətən müharibəsindən sonra xalqımıza bəxş edilən ən böyük sevinc və səadətdir. Mən buna görə bütün veteranlar adından Prezident İlham Əliyevə təşəkkür edir, ona sonsuz minnətdarlığımızı bildiririk”. Onun sözlərinə görə, Azərbaycan bayrağının Xankəndi və digər yaşayış məntəqələrində qaldırılması uzun illər erməni işğalı altında qalan torpaqlarımız üzərində dövlətimizin nəzarətinin tam şəkildə, de-fakto təmin edilməsi deməkdir. Hətta Vətən müharibəsindən sonra bəzi qüvvələr Xankəndi, Xocalı, Ağdərə və sair ərazilərimizin aqibəti ilə bağlı pessimist fikirlər səsləndirir, 44 günlük Vətən müharibəsinin nəticələrinə kölgə salmağa çalışırdı. Lakin oktyabrın 15-də Prezidentimizin bu torpaqlara səfəri, üçrəngli bayrağımızı tarixi torpaqlarımızda yüksəltməsi bir daha göstərdi ki, Azərbaycanın, onun Müzəffər Ali Baş Komandanının zəfəri tam və mübahisəsizdir. Baş verənlər bir daha sübut etdi ki, Prezident İlham Əliyev həqiqətən də nəyi, nə zaman etmək lazım gəldiyini yaxşı bilir və xalqın iradəsini çox böyük əzmlə, qətiyyətlə həyata keçirir. “Dövlətimizin başçısının gördüyü işlər göstərir ki, İlham Əliyev Azərbaycanın milli dövlətçilik tarixində müstəsna yerə və rola malik əvəzsiz liderdir. Veteranlarımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı yeni-yeni zəfərlərə imza atacaq, öz arzu və xəyallarını inamla gerçəkləşdirəcək”, - deyə təşkilatın sədr müavini fikrini yekunlaşdırıb.  

Hamısını oxu
Zabitimizin şeirləri Özbəkistan mətbuatında dərc olundu

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru mayor Anar Əhmədovun Azərbaycan və Özbəkistan xalqlarının əbədi dostluq və qardaşlığına həsr etdiyi “Azərbaycan-Özbəkistan” və “Şəhərlər şəhəri, gözəl Səmərqənd” şeirləri özbək dilinə tərcümə olunaraq Özbəkistan Müdafiə Nazirliyinin mətbu orqanı olan “Vətənpərvər” qəzetinin 28 fevral 2025-ci il tarixli sayında dərc olunub. Veteran.gov.az xəbər verir ki, müəllifin iki ölkənin əbədi dostluq və qardaşlığına həsr etdiyi, eləcə də Gülzira Şaripova və Rahmat Babajanov tərəfindən özbək dilinə tərcümə olunmuş şeirləri bundan öncə Özbəkistanın “Marifat va Yoşlar” qəzetində, Özbəkistan Yazıçılar Birliyinin saytında və digər internet şəbəkələrində işıqlandırılıb. Məlumat üçün qeyd edək ki, zabitimizin müəllifi olduğu “Azərbaycan-Özbəkistan”, “Şəhərlər şəhəri, gözəl Səmərqənd”, “Özbəkistan tarixi” və “Mən bir gün gedəcəyəm Özbəkistana” şeirləri, həmçinin hərbi-vətənpərvərlik mövzusunda yazdığı məqalələri ölkəmizdə fəaliyyət göstərən bir çox jurnal, qəzet və saytlarda da geniş yayımlanıb.  

Hamısını oxu
Gənc Vətənpərvərlər “İctimai Birliyi “Gənclər arasında Azərbaycanın qazi və qəhrəmanlarının təbliğ olunması "istiqamətində tədbirləri davam etdirilir

Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər “İctimai Birliyi (GVİB) “Gənclər arasında Azərbaycanın qazi və qəhrəmanlarının təbliğ olunması “adlı layihə çərçivəsində , növbəti təşəbbüs Azərbaycan Dövlət Pedoqoji Universtetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində gerçəkləşib . 23 noyabr -da keçirilən tədbir Gənclər Fondun maliyyə yardımı ilə baş tutub.   Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   İctimai Birliyin bu tədbiri gənclər arasında Aprel və İkinci Qarabağ – Vətən Müharibəsi döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında məlumatlandırma, şəhid olmuş hərbçilərin, həmçinin qazi və qəhrəmanlarının və vətənpərvərlik hisslərinin gücləndirilməsinə yönəlmişdi. Tədbiri giriş sözü ilə acqan Azərbaycan Dövlət Pedaqoji Kollecin Sosial məsələlər və İctimai Əlaqələr üzrə müdir müavini Sevda Axundova tədbir iştirakcıları salamladı və qeyd etdi ki, müstəqil Azərbaycanın inkişafı ilk növbədə gənc nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır.   “Vətəndaş tərbiyə etmək mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari və perspektiv işlərində iştirak edən insan yetişdirmək deməkdir.   Layihənin rəhbəri ,İctimai xadim Müqamət Əliyev tədbir iştirakcılarını salamlayandan sonra layihənin mahiyyətindən və bu layihəyə qoşulan könülülərin fəailiyyətindən bacarığından söhbət acıb.   Sonra o,qeyd etdi ki, Gənclərin vətənpərvər ruhda böyümələrində, Qarabağı azad edən qəhrəman zabit və əsgərlərimizin üzərində müəllimlərin də böyük zəhməti var.   M.Əliyev xüsusi olaraq qeyd etdi ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində çox saylı könüllü tələbə gənclər düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib.   Azərbaycan Dövlət Pedaqoji Kollecin direktoru İsrail İskəndərov bildirib ki, ADPU-nun, onun filaları və tərkibindəki Pedoqoji Kollecin tələbə və məzunları olmuş ümumilikdə 42 nəfər Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarlıqla döyüşmüş 3 nəfər Milli Qəhrəman,1 nəfəri”Zəfər”Ordeni ilə,4 nəfəri”Azərbaycan Bayrağı”Ordeni ilə təltif edilmiş,29 nəfəri(onlardan 7 nəfəri ADPU nəzrində ADPK-nin tələbə və məzunlarıdır Birinci Qarabağ müharibəsi şəhidi ,12 nəfərdir deyə direktor müavini vurğulayıb.   Tədbidə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Kollecin şöbə müdiri Hacıyeva Sevinc bildirib ki, Ermənistan kimi işğalçı ölkə ilə yanaşı yaşamağa məcbur olan Azərbaycanda vətənpərlik hisslərinin gənclər arasında təbliğ olunmasına hər zaman böyük ehtiyac var.   “Vətənpərliyin təbliğatı təhsillə yanaşı getməlidir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir.   Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarının ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir”,-deyə o, üzünü gənclərə tutaraq bildirib. “Azərbaycan Dövlət Pedaqoji Kollecin şöbə müdiri İsnayılova Mətanət qeyd edib ki, Vətəni layiqincə qorumaq və yaşatmaq bu gün bizlər üçün əhəmiyyətli bir vəzifədir. İkinci Qarabağ – Vətən Müharibəsi qazisi Abdulayev Kamal qeyd etdi ki,Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarının ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir”,-deyə o, üzünü gənclərə tutaraq bildirib İkinci Qarabağ – Vətən Müharibəsi qaziləri ,Yaqublu Anar və Məmmədzadə Zöhrab bildirdilər ki,Vətənpərvər olmayan gənclik cəmiyyətin idarə olunmasında heç bir rol oynaya bilməz. Bu baxımdan regionlarda gənclər və yeniyetmələr arasında bu mövzuda təbliğat xarakterli maarifləndirmə işləri davam etdirlməlidir”.   Tədbirdə “ Milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində yüksək təşkilatçılıq fəaliyyətinə və əməkdaşlığına görə Azərbaycan Dövlət Pedoqoji Universtetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci fəxri Fərmanla təltif edildi.   Sonda Azərbaycanın qazi və qəhrəmanların döyüş yolunu əks etdirən videoçarx və fotoslaydar nümayiş olunuş suallar cavablandırılmışdr.   Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub. Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində Gənclər Fondunun və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş buklet,təsvirli köynək və sertifikatlar paylanılıb.   Tədbirdə,Azərbaycan Dövlət Pedaqoji Universitetin bir qrup tələbələri, Universitetin müvafiq struktur rəhbərləri , GVİB-n İdarə Heyəti,Qarabağ qaziləri və QHT –n nümayəndələri iştirak ediblər. Qeyd edək ki, layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.   GVİB-n mətubat və informasiya şöbəsi  

Hamısını oxu
Azərbaycanda veteranlar üçün nəzərdə tutulan güzəştlər – SİYAHI

Hazırda ölkə üzrə 14 nəfər İkinci Dünya müharibəsi iştirakçısı var. Dövlət Sosial Müdafiə Fondundan Bizim.Media-ya verilən məlumata görə, İkinci Dünya müharibəsi iştirakçıları aylıq pensiya və təqaüdlə təmin edilirlər.Pensiyalarının üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanaraq ödənilir. Həmçinin, hər il 9 May-Qələbə günündə Prezidentin sərəncamı ilə veteranlara, onların dul arvadlarına birdəfəlik yardım verilir.Bəs qanunvericilikdə veteranlar üçün daha hansı güzəştlər nəzərdə tutulub?Bizim.Media xəbər verir ki, veteranların hüquqları qanunvericilkə tənzimlənir.  Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi “Veteranlar haqqında” Qanun və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Qanuna görə veteranlar müharibə, əmək və Silahlı Qüvvələrin veteranlarına bölünür.Müharibə veteranlarına Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərlə yanaşı, İkinci dünya müharibəsi illərində Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak edənlər, 1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular daxil edilir.Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranlara pensiyalar "Əmək pensiyaları haqqında" Qanun əsasında təyin edilir.Veteranlar pensiyasını almaqla əvvəllər işlədikləri müəssisədə, təşkilatda, idarədə, yaxud mülkiyyət formasından asılı olmayaraq başqa müəssisədə əmək fəaliyyətini davam etdirmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hər hansı təsərrüfatçılıq formasına əsaslanan müəssisə yaratmaq hüququna malikdirlər. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, veteranların əmək, sahibkarlıq və başqa ictimai faydalı fəaliyyətinin məhdudlaşdırılmasına yol verilmir.  Bu Qanunla müəyyən edilmiş güzəştlərlə yanaşı, veteranlar pensiyaya çıxdıqdan sonra əmək kollektivinin qərarı ilə mövcud qanunvericiliyə əsasən həmin müəssisədə, təşkilatda, idarədə mənzil şəraitinin yaxşılaşdırılması, tibbi yardım göstərilməsi, sanatoriya-kurort xidməti və mədəni xidmət sahəsində müəyyənləşdirilmiş güzəştlərdən istifadə edə bilərlər. Bundan başqa, veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir.Həmçinin, İkinci Dünya müharibəsi iştirakçıların və həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir.  İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibb müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi alırlar. Onlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dərman və müalicə vasitələri almaq üçün müavinət verilir. İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada protez-ortopediya məmulatları ilə (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) təmin edilir və diş protezləri düzəltdirirlər. İkinci Dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə ölkədaxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir. Müvafiq icra hakimiyyəti orqanları, müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən müəssisələr öz vəsaitləri hesabına veteranların maddi təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirə bilərlər, müalicə olunmaqda, veteranların həyat və fəaliyyətini asanlaşdıran texniki vasitələr almaqda, mənzilləri təmir etdirməkdə, başqa ehtiyacları ödəməkdə veteranlara yardım göstərə bilərlər. Bundan ötrü müvafiq fondlar yaradıla bilər.  Müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün lazımi şərait yaratmaq məqsədi ilə sosial xidmət müəssisələri, habelə veteranlara sosial xidmətin göstərilməsini təşkil edirlər. Veteranlara “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilir. Veteranların respublika təşkilatlarına dövlət büdcəsindən vəsait ayrılır. Dövlət orqanları veteran təşkilatlarına xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq etməkdə hərtərəfli yardım göstərə bilərlər.Vəfat etmiş veteranlara mərasim xidməti qüvvədə olan qanunvericiliyə müvafiq surətdə göstərilir. Veteranın əvvəl işlədiyi əmək kollektivləri, hərbi komissarlıqlar vəfat etmiş veteranın dəfnində qohumlarına zəruri yardım göstərməlidirlər. Vəfat etmiş tənha veteranları müvafiq icra hakimiyyəti orqanları dövlət büdcəsinin vəsaiti hesabına dəfn edirlər.

Hamısını oxu