Координационный совет Международного союза Содружество общественных организаций ветеранов и пенсионеров независимых государств


“Əməklə ucalar insan” atalarımızın bizə miras qoyduğu bu dərin və hikmətli sözün altında insan həyatında ən böyük dəyərlərin yalnız fiziki və ya maddi mükafatlarla deyil, göstərdiyi zəhmət, fədakarlıq və əzmkarlıqlara dayandığı anlamı yatmaqdadır. Həsən Quliyev kimi şəxsiyyətlər də öz əməkləri ilə ucalmış, öz fədakarlığı və göstərdiyi xidmətlərlə cəmiyyətin yaddaşında silinməz izlər buraxmışdır. Onun müharibə dövründəki cəsarəti və müharibə sonrası jurnalistika sahəsindəki fəaliyyəti təkcə peşəkar işini deyil, həm də insanlığa verdiyi töhfəni nümayiş etdirmişdir. Həsən Quliyev bu yolla əməyi ilə böyük bir qiymət qazandı və əsl qəhrəman kimi tarixə adını yazmış oldu. “Sovet döyüşçüsü” qəzetinin redaktoru, podpolkovnik Həsən Quliyev sözün əsl mənasıda tarixi bir şəxsiyyətdir. O, Böyük Vətən Müharibəsi illərində göstərdiyi fədakarlıq və müharibə sonrası jurnalistika fəaliyyəti ilə yadda qalmışdır. Həsən Quliyev müharibənin dəhşətlərini və qəhrəmanlarını təbliğ edərək cəmiyyətin müharibə və qəhrəmanlıq haqqında məlumatlanmasını təmin etmişdir. Onun "Sovet döyüşçüsü" qəzetindəki redaktorluğu dövründə müharibə veteranlarının, döyüşçülərinin və qəhrəmanlarının fəaliyyətinin təbliği və onların mübarizələrinin əhəmiyyəti ön plana çıxarılmışdır. Həsən Quliyevin redaktorluğu ilə nəşr olunan yazılar həmçinin müharibə və döyüş sahəsindəki böyük fədakarlıqları, igidlikləri və vətənpərvərliyi vurğulayan əsərlər olmuşdur. Onun xidmətləri həmçinin müharibə xatirələrinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından da çox qiymətlidir. Həsən Quliyev həmçinin "Sovet Vətəni üçün" diviziya qəzetinin redaktoru kimi də tanınıb. Bu qəzetdə sovet ordusunun döyüşçülərinin əzmkarlığını, qəhrəmanlıqlarını və fədakarlıqlarını işıqlandırmışdır. "Sovet Vətəni üçün" qəzetində nəşr olunan məqalələr, döyüş meydanlarında igidlik göstərən hərbçilərin və müharibə iştirakçılarının şücaətini təbliğ etməyə, cəmiyyətin və ordunun ruhunu yüksəltməyə xidmət etmişdir. O, cəmiyyətin hər bir fərdini bu qəhrəmanlıqlara dəyər verməyə dəvət etmişdir. Həsən Quliyev həm döyüşçülərin həyatları və mübarizələrini təbliğ edir, həm də müharibənin insanlara və ailələrə gətirdiyi faciələri diqqətə çatdırmışdır. Qəzet həm də ordunun döyüşçüləri ilə əlaqə qurmaq və onların motivasiyalarını gücləndirmək baxımından da mühüm rol oynamışdır. Həsən Quliyevin döyüşdəki fədakarlığı, həm də jurnalistika sahəsindəki xidmətləri, onun adını Azərbaycanın müharibə qəhrəmanları sırasında əbədi yazmışdır. Azərbaycanın dövlət xadimi, publisist kimi nüfuzu olan Həsən Quliyev 20 may 1904-cü ildə Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində dünyaya göz açıb. Şuşa Müəllimlər Seminariyasını bitirdikdən sonra Ağstafa şəhərində orta məktəb direktoru vəzifəsində çalışmışdır. Bunun ardınca Azərbaycan Dövlət Universitetinin fəlsəfə fakültəsində təhsil almışdır. 1932-ci ildə Bakı şəhəri Elmi-Tədqiqat İnstitunun aspiranturasını və Azərbaycan Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirmişdir. Həmçinin Həsən Quliyev ali siyasi kursları bitirib hərbi təhsil almış, Azərbaycan SSR Maarifləndirmə üzrə Xalq Komissarlığının sistemində rəhbər vəzifələrində fəaliyyət göstərmişdir. O, Naxçıvan SSR Naxçıvan şəhərinin maarifləndirmə üzrə xalq komisarı, Azərbaycan SSR MXK Bakı şəhərinin orta və ibtidai məktəblərinin kadrların idarə olunması, Azərbaycan SSR MXK Siyasi maarifləndirmə idarəsini, Bakı şəhəri İcraçı Komitəsinin Siyasi Maarifləndirmə İdarələrinin rəisi olmuşdur. 1940-1941-ci illərdə Azərbaycan SSR ibtidai və orta məktəblərin mədəniyyət şöbəsinin rəhbərlik etmişdir. 1941-ci ildən Böyük Vətən Müharibəsinin iştirakçısı olan Həsən Quliyev Sevastopolda, Şimali Qafqazda, Ukraynada yerləşən ordularda partiya fəaliyyəti ilə məşğul olmuşdur. 233-cü atıcı diviziyasının (44-cü Ordu) "Sovet Vətəni üçün" diviziya qəzetinin redaktoru olmuş və Sevastopolda batalyon komissarı vəzifəsində işləmişdir. Aldığı güllə yarası nəticəsində ürək və ağ ciyərlərinin hər ikisi xəsarət almışdır və xəstəxanaya yerləşdirilmişdir. Buna baxmayaraq sağalandan sonra orduya qayıtmışdır. 1943–1944-cü illərdə 44-cü Ordunun 223-cü atıcı diviziyasının partiya komissiyasında işləmiş, əvvəlcə partiya komissiyasının üzvü, daha sonra 223-cü atıcı diviziyasının partiya bürosunda katib vəzifəsində çalışmışdır. 1943-cü ildə 3-cü Ukrayna cəbhəsində Azərbaycan dilində "Sovet döyüşçüsü" qəzetinin redaktoru təyin edilmişdir. 1943-cü ildə isə Həsən Quliyev Silahlı Qüvvələrinin Baş Siyasi İdarəsinin SSRİ xalqlarının dillərində Moskva şəhərində çap olunan qəzetlərin şöbə rəisi vəzifəsinə təyin olunmuş və bu vəzifədə 1947-ci ildə Sovet ordusundan tərxis olunana kimi çalışmışdır. Bu vəzifədə işləyərkən yeni qəzetlər təsis etmiş, o cümlədən Sovet Ordusunun İranda olduğu müddətdə SSRİ Silahlı Qüvvələrinin siyasi orqanlarına əsgərləri yetişdirməkdə kömək etmişdir. Bu iş Həsən Quliyevin "İkinci Dünya müharibəsi günlərində möhür", "Dostluq Cəbhəsi" və digər broşürlannda ümumiləşdirilmişdir. Bu tarixi xidmətlərinə görə o, siyasi şöbənin təlimatçısı, "siyasi rəhbər", "kapitan” hərbi "mayor” rütbəsindən "podpolkovnok” rütbəsinə yüksəlmişdir. Həsən Quliyev 1946-cı ildə "Qızıl Ordu" qəzetinin fəaliyyətini yoxlamaq üçün Almaniyaya ezam edilmişdir. Almaniyada müharibə sonrası vəziyyətin qiymətləndirilməsi və Sovet ordusunun hərbi əzmkarlığının dünya ictimaiyyətinə doğru təqdim edilməsi məqsədini qarşıya qoymuşdur. Bu ezamiyyət həmçinin onun peşəkar bacarıqlarının və müharibə illərindəki təcrübəsinin genişləndirilməsi, hərbi jurnalistika sahəsindəki nüfuzunun artırılması baxımından mühüm addım olmuşdur. Həsən Quliyevin Almaniyaya ezam olunması həm də onun Azərbaycan və Sovet İttifaqı tarixindəki xidmətlərinin təbliğinə, müharibənin nəticələri və Qələbənin əhəmiyyəti barədə geniş məlumatın yayılmasına böyük töhfə vermişdir. O, 1947-ci ildə Sovet Ordusundan tərxis edilmiş və Bakıya köçmüşdür. 1947-1952-ci illərdə Azərbaycan Ədliyyə Nazirliyinin kadrlar üzrə ədliyyə nazirinin müavini, 1952-ci ildə Birləşmiş Nəşriyyatın və "Azərbaycan KP MIC Aparatın Mətbəəsi"nin direktoru təyin olmuşdur. Birləşmiş Nəşriyyatda Həsən Quliyev 10 ildən artıq işləmişdir. O, respublika qəzetlərində və jurnalarında cəbhə nəşriyatının tarixi barəsində məqalələri ilə çıxış etmişdir. Azərbaycan gənclərinin bayramının keçirilməsində fəal iştirakına görə Həsən Quliyev Azərbaycan MK LGKB fəxri fərmanı ilə təltif olunmuşdur. 1955-ci ildə Şəhər şurasının deputatı, 1961-ci ilin Bakı seçki dairəsinə deputat seçilmişdir. 1963-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində "Azərbaycan cəbhə qəzetləri 1941–1945-ci illərdə" mövzusu üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. Həsən Quliyevin “Cəbhə dostluğu”, “Unudulmaz günlər”, “SSR Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyət”, “Ölməz qəhrəmanlar” kimi məhşur kitabları Böyük Vətən Müharibəsində həlak olanların qəhrəmanlıqları və onların həyat hekayələriylə bağlıdır. Bu əsərlər müharibə zamanı canlarını fəda edən, öz vətənini müdafiə edərək şəhid olan insanların igidliklərini və fədakarlıqlarını gələcək nəsillərə çatdırmaqda mühüm mənbələr kimi bu gün də maraqla oxunur. Həsən Quliyev 1943-cü ildə "Qırmızı Ulduz" ordeni, 1946-cı ildə sinəsindən aldığı ağır yaraya görə SSRİ Müdafiə Nazirliyi tərəfindən I dərəcəli "Vətən Müharibəsi Orden"i ilə təltif olunmuşdu. 1943-cü ildə SSRİ Ali Şurasının Rəyasət Heyətinin fərmanı ilə komandanlığın tapşırıqlarını nümunəvi icrasına görə "Za oboronu Sevastopola", "Za oboronu Kavkaza", "Almaniya üzərində qələbəyə görə", "Yaponiya üzərində qələbəyə görə" medalları ilə təltif olunmuşdur. 4 may 1956-ci ildə Azərbaycan Respublikası Ali Şurasının Rəyasət Heyəti tərəfindən "Bakı fəhləsi" qəzetinin birinci nömrəsinin nəşr olunmasından 50 il ötməsi ilə bağlı mətbəədəki uzunmüddətli və məhsuldar işinə görə Həsən Quliyev fəxri fərmanla təltif olunmuşdur. Azərbaycan SSR Nazirlər Şurasının 30 noyabr 1963-cü il qətnaməsinə əsasən Həsən Quliyev respublika səviyyəsində fərdi təqaüd təyin edilmişdir. 27 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanına əsasən 1940-1945 illərdə Böyük Vətən Müharibəsi Qələbəsinin 60-cı ildönümü ilə əlaqədar olaraq Həsən Quliyev ölümündən sonra “İldönümü medalı” ilə təltif edilib. Bu mükafat onun müharibədə göstərdiyi igidlik və fədakarlığa, həmçinin Vətənə olan xidmətinə yüksək qiymət olaraq verilmişdir. Həsən Quliyev müharibə illərində Azərbaycan xalqının qəhrəmanlıq tarixində öz layiqli yerini tutmuş bir şəxsiyyətdir. Onun göstərdiyi döyüşlərdəki cəsarət və fədakarlığı xalqın vətənə bağlılıq hissinin artırılmasında mühüm rol oynamışdır. Həsən Quliyevin adı müharibə dövründəki fədakarlığı, cəsarəti və müharibə sonrası jurnalistikada göstərdiyi fəaliyyətlə Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaqdır. Onun həm döyüşçü, həm də jurnalist kimi göstərdiyi xidmətlər gənc nəsillər üçün bir örnək olacaqdır. Həsən Quliyevin müharibə qəhrəmanlarının, döyüşçülərin və müharibə veteranlarının həyatını və mübarizələrini təbliğ etməsi gənclərə həm vətənpərvərlik, həm də insanlıq dəyərləri haqqında dərs verir. Faşizm üzərindəki qələbənin 80 illik yubileyinə hazırlaşdığımız bu günlərdə bir daha Həsən Quliyev kimi qələmini süngüyə çevirən tarixi şəxsiyyətlərin qəhrəman vətənpərvər insanların ruhunu ehtiramla anırıq. Gənc nəsil onun kimi şəxsiyyətlərdən ilham alaraq daha çox insanlıq və cəmiyyətə xidmət etmək yolunda irəliləyəcəkdir. Belə şəxsiyyətlərin xatirəsi zaman keçdikcə daha da dəyərli olur və gələcək nəsillərə unudulmaz irs olaraq qalır. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Cəlil Xəlilov: “Rəsmi İrəvanın bu siyasəti bütün region üçün təhdiddir” “Ermənistan mina xəritələrindən siyasi şantaj elementi kimi istifadə edir. Rəsmi İrəvanın bu siyasəti bütün region üçün təhdiddir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi, onun terrorçu, təcavüzkar xarakterinin təcəssümüdür: “Bildiyiniz kimi, Ermənistan bəzi rayonlarla bağlı mina xəritələrini Azərbaycana versə də, bu xəritələrin yetərincə dəqiq olmadığı, oradakı məlumatların sadəcə 25%-nin öz təsdiqini tapdığı məlum oldu. Başqa sözlə desək, Ermənistan bu rayonlarda basdırdığı minaların dəqiq xəritəsini ölkəmizə vermədi. Təbii ki, bunda məqsəd Azərbaycanın minalarla mübarizəsini zəiflətmək, bu mübarizənin sürət və tempini aşağı salmaqdır. Bu, bir daha göstərir ki, Ermənistan tərəfi regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlı deyil. Bu siyasət həm də Ermənistanın terorçu xarakterini bir kəs daha ortaya qoyur. Baş verənlər göstərir ki, Ermənistan bu gün də mina terrorunu davam etdirir və bu terroru dayandırmaq niyyətində deyil”. Cəlil Xəlilovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinin uzanması, vaxtiylə bu torpaqlardan didərgin salınmış insanların doğma torpaqlarına qayıtması yolunda başlıca əngəldir: “Məlumdur ki, işğaldan azad edilən ərazilərə qayıdışın başlıca şərti vətəndaşlarımızın təhlükəsizliyinin tam təmin edilməsi, ərazilərin minalardan təmizlənməsi ilə bağlıdır. Vətən müharibəsindən dərhal sonra dövlətimiz bu istiqamətdə mühüm addımlar atıb və bu gün də atmaqdadır. Bu baxımdan ANAMA-nın fəaliyyəti xüsusilə qeyd edilməlidir. Məhz ANAMA-nın səyi nəticəsində hektarlarla ərazi minalardan təmizlənib, orada quruculuq işlərinin həyata keçirilməsi üçün gərəkli olan təhlükəsizlik təmin edilib. Lakin Azərbaycan tərəfinin əlində minalanmış ərazilərin dəqiq xəritəsi olmadığı üçün bu prosesi maksimum sürətlə həyata keçirmək mümkün deyil. Bu isə 30 il bundan öncə həmin torpaqlardan didərgin salınan vətəndaşlarımızın öz dədə-baba torpaqlarına qayıdışına mane olur, bu prosesi uzadır. Yəni Ermənistan Vətən müharibəsində məğlub olmasına, hərbi müstəvidə rüsvayçı məğlubiyətə uğramasına baxmayaraq, hələ də vətəndaşlarımızın geri qayıdışına mane olmağa çalışır. Əslində, Ermənistan dövləti Azərbaycana qarşı terror siyasəti aparmaqla bilavasitə Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş addımlar atmağa çalışır. Bunun özü beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Təbii ki, Azərbaycan dövləti istənilən halda işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesini uğurla başa çatdıracaq, vətəndaşlarımızın bu torpaqlara qayıdışını təmin edəcək. Lakin Ermənistanın mina terroru siyasəti tarixin yaddaşında erməni faşizminin qorxunc təzahürlərindən biri kimi daim nifrət və ikrah hissi ilə xatırlanacaq”.
Hamısını oxu
Şakir Nadirov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ağsu Rayon Şöbəsinin sədri seçilib 30 iyun 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ədliyyə polkovniki İmran Əhmədov Ağsuda veteranlarla görüşüb. Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan tədbirdə rayon icra başçısının I müavini Füzuli Kərimli, rayon ziyalıları, müxtəlif kateqoriyadan olan veteranlar iştirak edib. Tədbirdə çıxış edən polkovnik İmran Əhmədov gənc nəslin milli-mənəvi dəyərlərə bağlı şəkildə, vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyinə toxunub, bu məsələdə veteranların üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Veteranları maraqlandıran suallara cavab verən sədr müavini, dövlətin şəhid ailələri və veteranlara olan qayğısına diqqət çəkib, veteranların hər zaman olduğu kimi bundan sonra da Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməkdə davam edəcəyinə əminliyini ifadə edib. Tədbirdə Nadirov Şakir Bəxtiyar oğlu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ağsu Rayon Şöbəsinin sədri seçilib. Polkovnik İmran Əhmədov Şakir Nadirovu Rayon Veteranlar Təşkilatının sədri seçilməsi münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb. Seymur ƏLİYEV
Hamısını oxu
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal edilib, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyi halda, Ermənistan buna məhəl qoymur. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər.İyulun 7-si Azərbaycanın Tərtər rayonunun tərkibinə daxil olan Ağdərənin və ətraf kəndlərin işğalından 27 il ötür. Ağdərə rayonu, Dağlıq Qarabağdakı bir çox ərazilər kimi, Qarabağ müharibəsinin başlanğıcında erməni silahlı qüvvələrinin nəzarəti altına keçib. 1992-ci ildə Azərbaycan Ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. Bir il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedib. 1993-cü il 7 iyul tarixində Ağdərə şəhərini və rayonun bir çox kəndlərini ermənilər yenidən işğal edir. Hal-hazırda Ağdərə rayonunun bir neçə kəndi Azərbaycanın nəzarətində olsa da, Ağdərə şəhəri də daxil olmaqla, bir çox əraziləri ermənilərin nəzarəti altındadır.Qeyd edək ki, 1989-cu ildə SSRİ tərəfindən aparılmış əhalinin son siyahıya alınmasına görə, rayonun 14 kəndində 14 min azərbaycanlı əhali yaşayırdı. Bu göstərici üzrə Ağdərə azərbaycanlı əhalinin sayına görə, Şuşadan sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri idi. Ağdərənin köklü Azərbaycan əhalisinin tam etnik təmizləməsi ilə müşayiət olunan işğalı nəticəsində, Azərbaycan xalqına məxsus mədəni irs talan edilib və infrastrukturu dağıdılıb. Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərində törədilmiş vandalizm əməllərinin nəticəsi olaraq, evlər talan edilərək sökülüb, yandırılıb, tarixi abidələr, xüsusilə, qəbiristanlıqlar dağıdılıb. Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə, mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyasına ziddir. Bu, faktdır ki, Qarabağda yerləşən abidələr də ermənilər tərəfindən kütləvi surətdə dağıdılıb və erməniləşdirilib.Ağdərə ərazisində olan memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər Alban məbədi, Xanabert qalası, Herabert qəsəbəsində Hermuk qalası, kilsə, Kolatağ kəndində müqəddəs İako məbədi var idi. Talış kəndi yaxınlığında, Urek məbədi (XII əsr), Tərtər çayının yuxarı axarında məbəd (XIII əsr), Qasapert kəndində Hatəm Məlik qalası, Madagiz kəndində Yegiş Arakel məbədi (XII əsr) və qədim körpülər dağıdılıb.İşğal edilmiş ərazidə 75059 hektar meşə sahələri var idi ki, bu da ərazinin 44%-ni təşkil edirdi. Ağdərə rayonunda, Tərtər çayı vadisində Şərq çinarı meşəliyi xüsusi olaraq qorunurdu. Ağdərə rayonunda zəngin faydalı qazıntı yataqları var idi: Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 milyon ton mis, Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yatağı vardı. Onu da qeyd edək ki, işğal olunmuş ərazilərimizin qızıl yataqları, bir qayda olaraq, ABŞ-ın, Kanadanın, İsveçrənin və Fransanın iş adamları tərəfindən talan olunur.Ermənistan və işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejim, ötən 27 il ərzində, Ağdərənin sərvətlərinin talan edilməsi üçün qeyri-qanuni əməlləri həyata keçirir.Azərbaycanın işğal altında olan torpaqlarının, azad edəcəyi gün yaxındadır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan heç vaxt işğalla barışmayacaq və nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarına qayıdacaq və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək.Bu gün böyük gücə malik olan Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan ordudur və belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizləməyə və üçrəngli bayrağımızı Qarabağda dalğalandırmağa qadirdir.
Hamısını oxu