Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyaşöhrətli müğənni Müslüm Maqomayevin xatirə gecəsi keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

Avqustun 17-də “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Xatirə gecəsində ulu öndər Heydər Əliyevin Müslüm Maqomayev haqqındakı fikirlərini əks etdirən fraqmentlər nümayiş olundu.

Sonra Müslüm Maqomayevin “Odlar Yurdu Azərbaycan” mahnısı səsləndirildi.

Daha sonra Azərbaycan Respublikasının Xalq artistləri Azər Zeynalov, Dinarə Əliyeva, Elçin Əzizov, Emin Ağalarov, Samir Cəfərov, Əməkdar artist Azər Rza, Başqırdıstan Respublikasının Xalq artisti Askar Abdrazakov, Gürcüstanın Xalq artistləri Nani Breqvadze, Vaxtanq Kikabidze, italiyalı tenor, dünyaşöhrətli müğənni Alessandro Safina, Nürnberq Opera Teatrının solisti, vokalçıların Müslüm Maqomayev adına birinci beynəlxalq müsabiqəsinin laureatı Cavid Səmədov, Rusiyanın Əməkdar artisti Yana Melikayeva və digər ifaçılar Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa etdilər. Eləcə də Müslüm Maqomayevin repertuarından əsərlər səsləndirildi, görkəmli müğənni haqqında videoçarxlar nümayiş olundu.

Konsertdən sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və unudulmaz sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya səhnəyə gələrək ifaçılarla görüşdülər.

Xatirə gecəsində çıxış edən Prezident İlham Əliyev dedi:

- Bu gün unudulmaz bir gündür. Bu gün səhər əziz Müslümün şəhərimizin ən gözəl yerlərindən birində - bulvarda abidəsini açdıq. Onu da bildirməliyəm ki, bu günə qədər bulvarda heç bir abidə olmamışdır. Birinci abidə Müslümün şərəfinə qoyulub və bu, təbiidir. Çünki bulvar şəhərimizin gözüdür. Bulvar Müslümün də ən sevimli yeri olmuşdur. Bu gün bu abidə bir daha onu göstərir ki, Azərbaycan xalqı Müslümü nə qədər sevirdi və o, bu sevgiyə nə qədər layiq idi.

Bu gün bizim incəsənət ustaları bizə gözəl bir hədiyyə bəxş etmişlər. Mən əminəm ki, bu konserti dinləyən hər kəs böyük zövq almışdır. Müslümün unudulmaz siması bir daha gözümüzün önündən keçdi. Onu yaxından tanıyanlar bir daha gördülər ki, o, nə qədər böyük sənətkar, nə qədər gözəl insan idi.

Bugünkü konsertin bütün iştirakçılarına təşəkkür etmək istərdim. Biz bu gün səhərdən Müslümün gününü qeyd edirik. Şəhərin ən gözəl yerində, Dənizkənarı Bulvarda, unudulmaz “Mavi əbədiyyət” mahnısında tərənnüm etdiyi, hamımızın çox sevdiyi Xəzər dənizinin fonunda Müslümün möhtəşəm abidəsi ucalır, onun gözəlliyini, istedadını, qamətini, məğrur simasını, ləyaqətini təcəssüm etdirir. Bu gün biz abidəni açarkən mən dedim ki, indi səslənən “Əlvida, Bakı” mahnısı vəfatından az öncə onun tərəfindən yazılıb və mən onu ilk dəfə Bakıda, Filarmoniyanın binasında keçirilən Müslümlə vidalaşma mərasimində dinlədim, o, mənə çox təsir etdi. Çünki o, şəhərlə, dostları ilə, həyatı ilə vidalaşırdı. Bu mahnını yazmağın ona necə çətin olduğunu, onun hansı hisslər keçirdiyini yalnız təxmin etmək olar. Əlbəttə, bu barədə danışarkən mən dedim, burada ucalan bu abidə onu göstərir ki, Bakı onunla heç vaxt vidalaşmayıb və heç bir zaman vidalaşmayacaq. O, bizimlədir.

Mən bizim ifaçılara təşəkkür etmək istəyirəm. Əminəm ki, bu gün Azərbaycan ifaçılarının gözəl səsləri hamımızı heyran etdi. Bu, bizim fəxrimizdir. Bu, onu göstərir ki, Müslümün yaradıcılığı yaşayır və xalqımızın nəsil-nəsil nümayəndələri yaradıcılıqda zirvəyə ucalır. Bu gün biz Müslümlə onun bütün həyatı boyu fəxr etdiyimiz kimi, bugünkü gözəl ifaçılarımızla da fəxr edirik.

Əlbəttə, mən dost ölkələrdən gələn bizim əziz, sevimli qonaqlarımıza xüsusi təşəkkür etmək istərdim. Bu gün bizimlə olduğunuza, Müslümə olan sevginizə, onun haqqında xatirələrinizə, ona münasibətinizə görə sizə təşəkkür edirəm. Bu gün unudulmaz gündür. Biz əziz dostumuzu, qardaşımızı, Azərbaycan xalqının böyük oğlunu bir daha xatırlayaraq deyirik ki, Müslüm həmişə bizimlədir. Bu gün Nani xanım bu barədə mahnı oxudu. Hörmətli Vaxtanq ölkəmizə həsr edilən gözəl mahnı və ecazkar popurri ifa etdi. Bu gün çıxış edən bütün ifaçılarımız Müslüm obrazından ruhlanmışdı.

Hamıya Allahdan cansağlığı, bütün ölkələrə, xalqlara firavanlıq arzu edirəm. Yaşasın Azərbaycan. Sağ olun.

x x x

Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. O, ilk dəfə səhnəyə 14 yaşında çıxıb. 1960-70-ci illərdə Müslüm Maqomayevin şöhrəti artıq bütün dünyaya yayılmışdı. Həmin dövrdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, İtaliyanın dünyaşöhrətli “La Skala” teatrında təcrübə keçib. 31 yaşında SSRİ Xalq artisti adına layiq görülüb. Onun repertuarında 600-dək əsər var. Müslüm Maqomayev həm də gözəl mahnılar müəllifidir. Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı isə ölkəmizə ithaf edilmiş ən gözəl əsərlərdən biridir. Müslüm Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri hər zaman yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları – "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.

Qeyd edək ki, avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında unudulmaz sənətkar Müslüm Maqomayevin abidəsinin açılışı olub.

2022-08-18 10:28:00
772 baxış

Digər xəbərlər

Azərbaycan-Özbəkistan sənədləri imzalanıb

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzaladılar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı”nı qəbul etdilər. “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Özbəkistan Respublikasının Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliyi Nazirliyi yanında Turizm Komitəsi arasında 2024-2026-cı illər üzrə turizm sahəsində Fəaliyyət Planı”nı Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Özbəkistan Respublikasının Turizm Komitəsinin sədri Umid Şadiyev imzaladılar. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi arasında 2024-2026-cı illər üçün mədəni-humanitar əməkdaşlıq üzrə Yol xəritəsi”ni Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov imzaladılar. “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikasının Məktəbəqədər və Ümumi Təhsil Nazirliyi arasında məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil naziri xanım Xilola Umarova imzaladılar. “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikasının Ali təhsil, Elm və İnnovasiyalar Nazirliyi arasında peşə təhsili, orta ixtisas, ali təhsil və elm sahəsində əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar naziri Konqratbay Şaripov imzaladılar. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2024-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”nı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Özbəkistan Respublikasının ədliyyə naziri Akbar Taşkulov imzaladılar. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin yanında Hüquqşünasların İxtisasının Artırılması Mərkəzi arasında əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının ədliyyə naziri Akbar Taşkulov imzaladılar. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında H.Sulaymanova adına Respublika Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının ədliyyə naziri Akbar Taşkulov imzaladılar. “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev və Özbəkistan Respublikasının Milli Qvardiyasının komandanı Rustam Curayev imzaladılar. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş”i Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Özbəkistan Respublikasının məşğulluq və yoxsulluğun azaldılması naziri Bexzod Musayev imzaladılar. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı”nı (“Yol xəritəsi”) Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Laziz Kudratov imzaladılar. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”nı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov imzaladılar. Səfər çərçivəsində, həmçinin Bakı (Azərbaycan) ilə Daşkənd (Özbəkistan), Beyləqan (Azərbaycan) ilə Şəhrisəbz (Özbəkistan), Quba (Azərbaycan) ilə Cizak (Özbəkistan) şəhərləri arasında regionlararası əməkdaşlıq haqqında sənədlər və “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Uzbekneftegaz” SC arasında Əsas Şərtlər Sazişi” imzalanıb.

Hamısını oxu
BİZ ÖZ VƏZİFƏMİZİ YERİNƏ YETİRMİŞİK!

 Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu 10-il müddətində  416 iri miqyaslı hərbi əməliyyatlar keçirib15 fevral 1989-ci il tarixi, Sovet ordusunun sonuncu əsgərinin Əfqanstandan çıxması günüdür. Artıq həmin tarixdən 28  il keçir. Həmin vaxt Əfqanstandan sovet qoşunlarının tərkibində çıxmış, Əfqanstan və Qarabağ müharibəsinin veteran,  Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti, Sərraf Orucov  Əfqanıstan müharibəsi barədəsində ətraflı məlumat verərək bildirib ki,  25 dekabr 1979-cu il tarixindən 15 fevral 1989-cu il tarixinə kimi SSRİ-nin 40-cı ordusu Əfqanıstan ərazisində olub, 10 il müddətində beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 irimiqyaslı hərbi əməliyyatlar keçirib. İlk hərbi əməliyyat “ALFA”- dəstəsi tərəfindən həyata kemirilmiş“Ştorm-333” (Əfqanıstan rəhbərliyinin qırğınsız–təlfatsız devirmək və sarayı tutmaq) əməliyatı uğurla yerinə yetirilmişdir. Ən böyük əməliyyatlardan biri isə “Maqistral” əməliyyatı 1987-1988-ci illərdə kənd təsərı mallarını manesiz daşımağa mane olan qruplaşmaları dəf etmək üçün keçirilib. 10 il müddətində SSRİ-nin tərkibində olan keçmiş müttəfiq respublikalardan 68 millətin nümayəndəsindən ibarət 620 min hərbçi əməliyatlarda iştirak edib. Bundan əlavə 525 min əməkdaş SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən, 5 min nəfərə yaxını isə SSRİ DİN-dən xidmət edib! Bunlardan 547 min nəfər döyüş əməliyyatlarında iştirak edib, 21 min nəfər işçi və qulluqçu əmək fəaliyyəti ilə məşqul olublar.        Əfqanıstanda döyüşlərdə və hərbi əməliyatlarda Sovet ordusunun 14453 nəfəri həlak olub, 292 nəfəri itkin düşüb, 5753 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq yaralanıb. İtkilər bununla da bitməyib. Əfqanıstandan qayıtdıqdan sonra da 3203 nəfər hərbçi aldıqları yaralar nəticəsində sonralar dünyasını dəyişib. Əfqanıstanda ümumi döyüşlərdə və keçirilmiş hərbi əməliyatlarda Sovet Ordusunun 86 əsgər və zabiti Sovet İttifaqı Qəhramanı adına layiq görülüb (bunlardan 25 nəfəri ölümündən sonra) 200 minə yaxını isə müxtəlif döyüş orden və medallarla təltif olunub.        Sovet İttifaqı Əfqanıstan Demokratik Respublikasına dəstək olaraq 10 il müddətində təxminən 800 milyon ABŞ dolları yardım göstərib. Sovet İttifaqı Əfqanıstanda 40-cı ordunun saxlanması və hərbi əməliyyat xərcləri isə 3 miliyard ABŞ dollarından çox olub.  Sovet ordusunun Əfqanıstan müharibəsində 147 tank, 1314 zrehli transpartyor, 433 artileriya sistemi, 118 təyarə və 333 vertolyot itkisi olub.                                                                                                   Məlum Cenevrə razılaşmasına əsasən 40–cı ordunun Əfqanıstandan çıxarılmasına 1988-ci il 15 mayda başlanılıb və bu proses 15 fevral 1989-cu ildə başa çatıb. Məhz bu gün münasibəti ilə MDB-yə üzv olan dövlərtlərdə, eləcə də Azərbaycanda keçmiş Əfqanıstan döyüşçüləri hər il bu günü müxtəlif tədbirlər təşkil edərək təntənəli surətdə yad edirlər       Xatırlatmaq istəyirik ki, Azərbaycandan 7500 nəfər azərbaycanlı döyüşçü Əfqanıstan müharibəsində iştirak edib.   Onlardan 208 nəfəri hərbi əməliyatlarda həlak olub, 450 nəfəri əlil olub, 7 nəfəri isə itkin düşüb. Bundan əlavə 1400 nəfər Azərbaycan vətəndaşı müxtəlif vəzifələrdə  mülkü işlərdə xidmət edib.        Əfqanstan müharibəsi biz əfqan veteranlarını üçün cəsurluq, qorxmazlıq, mərdlik, fədakarlıq və igidlik  ali məktəbi olmuşdur. Məhs bu məktəbin sayəsində,  Azərbaycanın Əfqanstan veteranları, Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək təcrübəli keçmiş doyüşçü kimi, Azərbaycanın Milli Ordusunun yaranmasında xususi fəallıq göstərmişlər.        Xususi ilə qeyd edərək xatırladmaq istəyirəm ki, 2 noyabr 1993-cü il tarixində Ümummilli Lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonara həmrəylik nümayiş edib televiziya vasitəsi ilə xalqa müraciət edərək,  Azərbaycan Respublikasının bütün vətəndaşlarını həmrəyliyə, birliyə dəvət edən vaxt, Əfqanstan döyüşçülərinin 4500 nəfəri Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək, təcrübəli keçmiş doyüşçü kimi Ulu Öndərin çağırışına kütləvi şəkildə səs verib, Azərbaycanın Milli Ordusunda ilk xüsusi təyinatlı döyüş batalyonu təşkil edərək, Qarabağda torpaqlarımızın yadelli erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşmüşdür. Onlardan 76 nəfəri şəhid, 45 nəfəri əlil olub, 6 nəfəri isə itkin düşüb.       Əfqanıstan döyüşçülərindən 7 nəfəri Qarabağda erməni işğalçılarına qarşı gedən qızğın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 37 nəfər Azərbaycan Bayrağı Ordeni, onlarla əfqan döyüşçüsü isə müxtəlif döyüş medalları ilə təltif olunublar. Hal- hazırda da keçmiş Əfqanıstan döyüşçüləri Azərbaycanın Silahlı Qüvvələrində yüksək rütbəli müxtəlif vəzifələrdə xidmət edirlər.       Yadelli işğalçılar və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərin Azərəbaycanı deyil. Onun iqtisadiyyatı, hərbi potensialı və qüdrəti günü-gündən güclənməkdədir. Artıq Azərbaycanın Ordusu da 1992-1993-cü illərdəki ordu deyil. Azərbaycanın NATO standartlarına uyğun, qüdrətli ordusu formalaşmışdır. Əgər birinci Qarabağ savaşında Azərbaycan Ordusunda azsaylı hərbçi mütəxəsislər döyüşürdülərsə, indi onların sayı 10 minlərlədir.        Əgər işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan  sülh danışıqları nəticə verməzsə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev hərb variantından istifadə edib müharibə əmrini verərsə, onda biz-keçmiş Əfqanstan müharibəsinin döyüşçüləri Qarabağda işğal olunmuş torpaqlarımızın ermənilərdən təmizləyib azad etmək üçün yenidən döyüşməyə hazırıq!       Biz bu ağır yükü və problemi gənc nəsilə saxlamamalıyıq! Fursətdən istifadə edərək, Azərbaycanın dövlət müstəqilliyi, torpaqlarının ərazi bütövlüyü uğrunda şəhid olmuş və Əfqansdanda beynəlmiləlçilik borcunu yerinə yetirərkən həlak olmuş döyüşçülərə Allahdan rəhmət diləyərək, veteran həmkarlarımı Əfqanstandan sağ-salamat doğma vətənə döndükləri üçün təbrik edir, onlara həyatda uzun ömur can sağlığı arzu edirəm.   VƏLİ  VƏLİYEV

Hamısını oxu
Prezident və xanımı şəhid ailələrinə mənzil verilməsi mərasimində

İyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib.     AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat mərasimində iştirak ediblər.

Hamısını oxu
“Sizdəki yaranın özü bizdədir...” Türkiyə-Azərbaycan qardaşlığı Kahramanmaraşda bir daha tarix yazdı

2023-cü ilin fevral ayının 6-da baş verən dəhşətli zəlzələnin acısını hələ də unutmayan Kahramanmaraş xalqı üçün 2025-ci ilin iyun ayının 19-u həm təsəlli, həm də rəmzi bir yenidən doğuluş günü oldu. Məhz həmin gün bu qədim türk yurdunda “Azərbaycan” məhəlləsinin təntənəli açılış mərasimi keçirildi. Ən mühüm məqam isə mərasimdə iki qardaş dövlətin liderlərinin - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çiyin-çiyinə dayanması idi. Bu mərasim təkcə bina və evlərin təqdimatı deyil, eyni zamanda insanların sevincinə, mənəvi birliyin möhkəmlənməsinə xidmət edən hadisə idi. Prezident Ərdoğan çıxışının əvvəlindən etibarən Azərbaycan xalqına səmimi təşəkkürlərini çatdıraraq vurğuladı ki, zəlzələnin ilk saatlarından başlayaraq Can Azərbaycan yardım əli uzatdı. Yardım karvanları, səhra hospitalları, axtarış-xilasetmə dəstələri, könüllülər və həkimlər  Azərbaycanın həm dövlət, həm xalq səviyyəsində göstərdiyi bu həmrəylik türkiyəlilərin yaddaşında silinməz izlər buraxdı. “Hər addımda türkün alın təri, duası, ürəyi var” deyən Prezident Ərdoğan bildirdi ki, Azərbaycanın bu dəstəyi sadəcə maddi deyil, mənəvi dirənişin də bir hissəsidir. Bu yardım bir millətin digərinə göstərdiyi mərhəmət, sevgidir. Bu həm də “bir millət, iki dövlət” fəlsəfəsinin yaşadıldığının və real həyatın içində tətbiq olunduğunun bariz nümunəsidir. Prezident Ərdoğanın çıxışının ən emosional anı isə mərhum türk şairi Abdülrahim Karakoçun Xocalıya və Qarabağa həsr etdiyi poetik misraları səsləndirdiyi məqam idi: “Sizdəki yaranın özü bizdədir...Güllələr sizdədir, ağrı bizdədir...” Bu misralar sanki 30 illik Qarabağ həsrətini, Xocalı soyqırımının acısını, 2023-cü il zəlzələsinin dağıntısını tək cümlədə birləşdirən mənəvi körpü oldu. Ərdoğanın gözlərindəki dolğunluq, salondakı sükut, dinləyicilərin bəzən göz yaşlarına hakim ola bilməməsi həmin anın tarixi və emosional gücünü təsdiqləyirdi. Bu misralar bir millətin başqa bir millətin dərdinə necə şərik olduğunu, bir millətin digərinin acısına necə öz acısı kimi yanaşdığını göstərən qardaşlıq andı idi. Prezident İlham Əliyev mərasimdəki çıxışında bildirdi ki, Azərbaycan xalqı zəlzələni öz faciəsi kimi yaşadı. Zəlzələnin ilk günlərində on minlərlə azərbaycanlı yardım məntəqələrinə axışaraq Türkiyəyə dəstək nümayiş etdirdi. Azərbaycan yüzlərlə xilasedici, həkim, könüllü göndərdi. Təkcə Azərbaycan həkimləri tərəfindən 3200-dən çox insana tibbi yardım göstərildi, 53 nəfər dağıntılar altından sağ çıxarıldı.  Tədbirdə hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi, “Azərbaycan” məhəlləsinə həsr olunmuş videoçarxın nümayişi və mədəniyyət mərkəzinin təməlqoyma mərasimi yeni bir dövrün başlandığını göstərirdi. Prezidentlər simvolik lenti kəsərək mənzillərlə tanış oldular, mülkiyyətçilərə açarların təqdim edilməsi isə bərpanın konkret nəticəyə çevrildiyinin sübutu idi. Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, bu günə qədər zəlzələ bölgəsində 250 minə yaxın mənzil, obyekt və iş yeri istifadəyə verilib. Kahramanmaraşda isə 2778 yeni mənzil və obyektin inşası davam edir, bunların 1200-ü “Azərbaycan” məhəlləsindədir. Burada məktəb, uşaq bağçası, parklar və Heydər Əliyev adına orta məktəb də fəaliyyət göstərəcək. Prezidentlər çıxışlarında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinə də toxunaraq bu sənədin Türkiyə-Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə qaldırdığını vurğuladılar. Bu həm siyasi, həm də mənəvi müttəfiqlikdir. Ərdoğan ümidvar olduğunu bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması bu bölgədə dirçəliş prosesinə yeni nəfəs verəcək və Qarabağda, Laçında, Zəngilanda, Füzulidə baş verən inkişaf dalğası daha geniş coğrafiyaya yayılacaq. Sonda Prezident Ərdoğanın dərin mənalı sözləri və Azərbaycan - Türkiyə qardaşlığının təntənəli ifadəsi mərasimi daha da mənalı etdi: “Burada atılan hər mismarda, vurulan hər daşda türkün alın tərini, qardaşlıq duasını görürsünüz. Kahramanmaraşın qəlbində Azərbaycan möhürü var. Allah bu birliyi əbədi etsin!” Daha sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsində inşa olunacaq mədəniyyət mərkəzinin təməlini onlayn formatda qoydular. Prezidentlər məhəlləni gəzərək burada inşa edilmiş mənzillərə və Heydər Əliyev adına ibtidai məktəb ilə uşaq bağçasına baxdılar. Balacalar böyük sevinc və təmənna ilə onları qarşıladı, məktəbin müəllim və şagirdlərinin ifasında “Çırpınırdı Qara dəniz” mahnısı səsləndi.  Prezidentlər şagirdlərə qiymət cədvəllərini və məktəbli çantalarını təqdim etdilər. Üçmərtəbəli müasir məktəb və uşaq bağçası binasında 20 ibtidai sinif otağı, 3 uşaq bağçası otağı, tədris materialları ilə tam təchiz olunmuş fənn otaqları, musiqi, rəsm, əmək dərsləri üçün xüsusi otaqlar, həmçinin texnologiya, riyaziyyat və mühəndislik sahələrində bacarıqların inkişaf etdirilməsi üçün emalatxanalar yaradılıb. Bu, gələcəyin vəhdətinə, bilikli və bacarıqlı nəsillərin yetişməsinə verilən ən gözəl töhfədir. Bu məhəllə və məktəb təkcə binalar deyil, həm də Azərbaycan-Türkiyə qardaşlığının yaşayış nümunəsi, yenidən doğuşun, bərpa və ümidi simvoludur. Burada hər daşda, hər otaqda iki xalqın qəlbinin bir ritmi çalır  birlik, həmrəylik və gələcəyə inam.Bu dostluq və həmrəylik ruhu ilə gələcəkdə də bütün çətinlikləri birlikdə dəf edəcəyimizə, daha parlaq və firavan sabahlar quracağımıza əminik. Azərbaycan və Türkiyə  bir millət, iki dövlət, sonsuz qardaşlıq yolunda! Cəlil Xəlilov:   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu