Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Kəlbəcər Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

Veteran.gov.az xəbər verir ki, sentyabrın 30-da Kəlbəcər Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin akt zalında baş tutan tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalıları, Kəlbəcər RİH-in məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk öncə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının və ötən dövr ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, öz sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurasında son illərdə millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi altında ciddi canlanma hiss edilir. Ağsaqqallar cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirirlər. Azərbaycan Ağsaqqallar Şurasının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə qurduğunu vurğulayan Həbib Misirov qeyd edib ki, təşkilatda təmsil olunan bütün respublika ağsaqqalları kimi, Kəlbəcər rayonunun ağsaqqalları ulu öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər.  

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, regionun kuratoru Bayram Yusifov konfrans  iştirakçılarına Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını çatdırıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Kəlbəcərin düşmən tapdağından azad edilməsi münasibətilə kəlbəcərliləri ürəkdən təbrik edərək növbəti tədbirlərin Azərbaycanın o sazlı-sozlü cənnət guşəsində keçirilməsini arzulayıb. O, 44 günlük Vətən müharibəsindəki möhtəşəm Qələbəmizdən, əsgər və zabitlərimizin şücaətindən, müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz hərbi və siyasi istedadından bəhs edib. Vurğulayıb ki, Azərbaycanın qəhrəman övladları könüllü olaraq Vətən müharibəsində iştirak etmək üçün böyük ruh yüksəkliyi ilə səfərbəlik məntəqələrinə axışırdılar. O, Kəlbəcərin mərd oğullarının da cəbhənin ön sıralarında vuruşduqlarını bildirib.

Çıxışında ağsaqqal sözünün, ağsaqqal xeyir-duasının xalqımız üçün hər zaman böyük əhəmiyyət daşıdığını qeyd edən natiq ulu öndər Heydər Əliyevin ağsaqqallar haqqındakı tarixi “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” fikrini bir daha xatırladıb. Bayram Yusifov daha sonra ağsaqqalların səmərəli fəaliyyətindən, ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, həmçinin onlara göstərilən dövlət qayğısından da danışaraq, bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib. Həmçinin gənclərimizin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu, onların üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıb.

Sonra təşkilati məsələlər müzakirə olunub. Kəlbəcər Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Ziyalı, şair-publisist, el ağsaqqalı Vəliyəddin İsmayılov Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri seçilib. İclasda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyəti və Təftiş Komissiyası da formalaşdırılıb.

Konfransda rayon ağsaqqalları, ziyalılar və digər natiqlər də çıxış edərək yeni seçilmiş sədrə və heyətə uğurlar arzulayıblar, onların ölkəmizin, o cümlədən rayonun ictimai-mədəni həyatında yaxından iştirak edərək səmərəli fəaliyyət göstərəcəklərinə əmin olduqlarını vurğulayıblar. Belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə, habelə ağsaqqallara ayrılan diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.

Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədri Vəliyəddin İsmayılov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Konfransdan sonra Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Azərbaycan Ağsaqqallar Şurasının rəsmi şəxslərini və rayon ağsaqqallarını qəbul edib. Kəlbəcər Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara gələcək  fəaliyyətlərində uğurlar arzulayıb. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayan icra başçısı rəhbər təyin olunduğu ilk gündən mütəmadi olaraq ağsaqqallarla görüşdüyünü, hər zaman onların xeyir-duasını aldığını, ağsaqqal məsləhətinə, tövsiyəsinə əməl etdiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  cəmiyyətimizdə ağsaqqalların roluna çox böyük önəm verdiyini,  onların tariximizin bütün dövrlərində öz sözlərini dediklərini qeyd edib.

 

2022-10-01 14:07:00
1165 baxış

Digər xəbərlər

Azərbaycan Respublikası prezidenti seçkiləri ilə bağlı Respublika Veteranlar Təşkilatının ümumi yığıncağı keçirilmişdir

Fevralın 14-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı ümumi yığıncaq təşkil edilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov ölkəmizdə keçirilən bütün seçkilərdə veteranların fəal iştirak etdiklərini bildirib. O, aprelin 11-də keçiriləcək prezident seçkilərində də bu fəallığın yüksək səviyyədə olacağına əminliyini ifadə edib. Tofiq Ağahüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan uğurlardan danışıb, Azərbaycanın dünyanın iqtisadi cəhətdən sürətlə inkişaf edən, mütərəqqi, sivil dəyərlərə malik ölkə kimi tanındığını vurğulayıb. Bütün sahələrdə ildən-ilə inkişaf edən Azərbaycanın hərbi qüdrəti də artır, ordumuz güclənir və bu, bizdə erməni işğalında olan torpaqlarımızın azad ediləcəyinə böyük inam yaradır. Xalqın rifahının və sosial vəziyyətinin yaxşılaşması, o cümlədən veteranlara göstərilən qayğı və diqqətin getdikcə yüksəlməsi, eləcə də digər istiqamətlərdə qazanılan nailiyyətlər bizi növbəti seçkilərdə yenə də İlham Əliyevə səs verməyə sövq edir. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov seçkilərlə əlaqədar qurumun qarşısında duran vəzifələrdən, veteranların bu işdə daha yüksək fəallıq göstərmələrinin əhəmiyyətindən danışıb. O, seçkilərdə iştirak və təbliğat işinin təşkili ilə bağlı məsələlərdə yerli təşkilatlara lazımi köməyin göstərilməsinin, hamını səsvermə günü seçki məntəqələrinə gedərək vətəndaşlıq borcunu yerinə yetirməsinin vacibliyini qeyd edib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev veteranlara dövlət qayğısı siyasətinin müasir mərhələdə inkişafı üçün çox böyük işlər görüb. Onun imzaladığı dövlət proqramları və sərəncamlar əsasında xüsusilə müharibə veteranları hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Veteranlara prezident təqaüdünün verilməsi, hər il 9 May - Qələbə Günü ərəfəsində MDB məkanında ən yüksək birdəfəlik yardım edilməsi, fəal veteranların orden və medallara layiq görülməsi və həyata keçirilən başqa tədbirlər bunun parlaq sübutlarıdır. İlham Əliyev görkəmli dövlət adamı, ictimai xadimdir. Prezidentin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən yüksək kürsülərdən Azərbaycanın ədalətli və obyektiv mövqeyini qətiyyətlə səsləndirməsi biz veteranları, Vətənin azadlığı uğrunda həlak olmuş əsgər və zabitlərin ailələrini hədsiz fərəhləndirir və torpaqlarımızın tezliklə işğaldan azad olunacağına inamımızı daha da artırır. Veteranların layiqli namizədi olan Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti və mühüm xidmətləri ilə bütün xalqımızın səsini qazanmağa haqqı çatdığını vurğulayan C.Xəlilov səsvermə günü veteranların yenidən öz seçimlərinə sadiq qalacaqlarına əminliyini bildirib. O, əmin olduğunu bildirib ki, veteranlar aprelin 11-də layiqli namizəd İlham Əliyevə səs verəcəklər. Tədbirdə “Azərbaycan Qarabağ Əlilləri və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü, professor Bəhram Zahidov, Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri Fərhad Süleymanov, ehtiyatda olan polkovnik Sücəddin Abdullayev və digər çıxış edənlər də veteranlara göstərilən diqqət və qayğıdan danışıb, onların aprelin 11-də hamılıqla İlham Əliyevə - davamlı inkişafa, sabitliyə və Azərbaycanın xoşbəxt gələcəyinə səs verəcəklərini qeyd edib və hamını səsvermə günü fəal olmağa çağırıblar. Sonda Azərbaycan müharibə veteranları təşkilatlarının ümumi yığıncağının iştirakçıları aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanat qəbul ediblər. Bəyanatda deyilir ki, Prezident İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan veteranlara dövlət qayğısı siyasətinin Azərbaycanda müasir mərhələdə daha da inkişaf etdirilməsinə nail olub. Belə ki, Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə qəbul edilən “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapmış diqqət və qayğı İlham Əliyevin prezidentliyi dövründə daha da genişləndirilib. Müntəzəm olaraq imzalanan dövlət proqramları və sərəncamlar əsasında müharibə veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara prezident təqaüdünün verilməsi, hər il 9 May – Qələbə Günü ərəfəsində MDB məkanında ən yüksək birdəfəlik yardım edilməsi, veteran fəallarının orden və medallara layiq görülməsi və başqa xeyirxah işlər bunun parlaq sübutlarıdır. Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli istiqamətində göstərdiyi səylərin yüksək qiymətləndirildiyi bəyanatda deyilir: “Prezidentimiz münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli üçün bütün zəruri siyasi və diplomatik addımları atır. Respublika veteranları dövlətimizin qarşısında duran taleyüklü məsələlərin həlli üçün özünü doğrultmuş, xalqımız tərəfindən dəstəklənən siyasətin davam etdirilməsini vacib bilirlər. Məhz buna görə biz, respublikamızın bütün bölgələrindəki veteran təşkilatlarını təmsil edən təşkilat olaraq veteranları hamılıqla yerlərdə seçkiqabağı tədbirlərdə fəal iştirak və düzgün seçim edib aprelin 11-də İlham Əliyevə - davamlı inkişafa, sabitliyə və Azərbaycanın xoşbəxt gələcəyinə səs verməyə çağırırıq. İnkişaf edən, güclənən, dünyanın qabaqcıl ölkələri sırasında layiqli yer tutan Azərbaycanın sınaqlardan çıxmış lideri İlham Əliyev ölkə veteranlarının layiqli namizədidir. Buna görə bütün veteranları İlham Əliyevə səs verməyə çağırırıq”. Bəyanatı ümumi yığıncaqda iştirak edən veteran təşkilatlarının rəhbərləri imzalayıblar.

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Züleyxa Seyidməmmədova: Şərqin ilk paraşütçü və pilot qadını

İlk Azərbaycanlı qadın hərbi pilot, Azərbaycan SSR dövlət xadimi, İkinci Dünya müharibəsi iştirakçısı Züleyxa Mir Həbib qızı Seyidməmmədova 22 mart 1919 – cu ildə Bakı şəhərində anadan olub. Züleyxa Seyidməmmədova Jukovski adına Hərbi Hava Akademiyasına qəbul olan ilk azərbaycanlı idi. O, İkinci Dünya müharibəsində iştirak etmiş və Marina Raskova tərəfindən yaradılmış 586-cı qırıcı aviasiya alayının şturmanı olmuşdur. Stalinqrad, Kursk, Korsun-Sevçenkovski döyüşlərində iştirak edən Züleyxa Seyidməmmədova, 500 döyüş uçuşu keçirmiş və bir neçə alman təyyarəsini vurmuşdu. Züleyxa Seyidməmmədova, Azərbaycan SSR Ali Sovetinin dörd çağırış deputatı olub. 1946–1951-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komtitəsinin katibi, 1952–1974-cü illərdə Azərbaycan SSR ictimati təminat naziri, 1975-ci ildən etibarən isə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Rəyasət Heyəti sədrinin müavini vəzifəsində çalışıb. O, "Lenin", II dərəcəli "Vətən müharibəsi", iki dəfə "Qırmızı Əmək Bayrağı" və iki dəfə "Şərəf nişanı" ordeni ilə təltif olunub. Züleyxa Seyidməmmədovanın atası Mir Həbib ağa ilk təhsilini dini məktəbdə almış, daha sonra isə Bakı realnı məktəbində oxumuşdu. Mir Həbib ağa mühasib idi və Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin maliyyə məsələlərinə baxsa da, uşaqlıqdan onunla dostluq edürdi. Mir Həbib ağa Hacıya çox sədaqətli olduğu üçün Hacının ona böyük hörməti var idi. Mərdəkandakı əzəmətli mülkü də ona Hacı tərəfindən hədiyyə olumuşdu. Züleyxa Seyidməmmədovanın anası Mina xanım AMEA-nın ilk prezidenti akademik Mirəsədulla Mirqasımovun  bacısı idi. Züleyxa Mir Həbib ağa ilə Mina xanımın ikinci qız övladı idi. Züleyxa 7-ci sinifdə oxuyarkən fizika müəllimi Cümşüd Əfəndiyev onları Bakı təyyarə meydançasına ekskursiyaya aparır. Züleyxa sinifdəki oğlanlarla birlikdə bir neçə dəfə təyyarəyə qalxır, hər şeyə diqqətlə baxır, saysız-hesabsız suallar verir. O, axşam evə qayıdanda bu ekskursiya haqqında anası Mina xanıma həvəslə danışaraq: "Mən təyyarəçi olacam!" - deyir. 1934-cü ildə orta məktəbi əla qiymətlərlə bitirən Züleyxa Seyidməmmədova, M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun mədən fakültəsinə daxil olub. 1934-cü ilin əvvəllərində tələbə yoldaşları ilə Bakı təyyarə meydanına gedən Züleyxa ilk dəfə "U-2" təyyarəsi ilə səmaya qalxır. Bu səyahətdən sonra o, tələbə yoldaşları ilə birlikdə institutda aeroklub yaratmağa qərara verir. Tələbələr öz təqaüdləri hesabına klub üçün bir "U-2" təyyarəsi, həmçinin üç planer və iki paraşüt almağa müyəssər olurlar. 1934-cü il yanvarın 6-da klubun açılışı olur. 1934-cü ilin yazında isə bu aviasiya klubu üçün hökümət tərəfindən Zabrat qəsəbəsinə yer ayrılır və ərazinin təşkilində tələbələr yaxından kömək edirlər. Uzunmüddətli məşqlərdən sonra 1934-cü ilin oktyabrında Züleyxa Seyidməmmədova "U-2" təyyarəsi ilə ilk dəfə təkbaşına havaya qalxır. O, 1934-cü ilin sonlarında aeroklubu əla qiymətlərlə bitirərək sertifikat alır və bununla da pilot adını qazanır. 1935-ci ilin mayında bir neçə tələbə paraşütlə tullanmağı sınaqdan keçirir. Arıq, çəlimsiz, qarayanız qız olan Züleyxa paraşütlə təyyarədən tullanır və külək onu dənizə atır. Deyilənlərə görə, onun tullanışını izləyənlər arasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırov da olmuş və Züleyxanın cəsarətinə heyrətini bildirmişdir.1935-ci ilin avqustunda Moskvada Paraşütçülərin Birinci Ümumittifaq toplantısı keçirilir və toplantıda Zaqafqaziyanı təmsil edən nümayəndələr arasında yeganə qız Züleyxa olur. Toplantıda eniş dəqiqliyinə görə Zaqafqaziya komandası birinci yeri tutur. Təyyarədən paraşütlə 50 dəfə tullandığına görə Seyidməmmədova paraşüt idmanı üzrə təlimatçı vəzifəsinə təyin edilir. O, Zaqafqaziyadan, eləcə də, müsəlman şərqindən ilk qadın paraşütçü kimi qatıldığı iclasdan fəxri fərmanla geri dönür. Şərq, müsəlman qadınının cəsarətlə paraşütlə tullanması hamıda heyrət doğurur və Seyidməmmədovanın fəaliyyəti sovet quruluşunun nailiyyəti kimi qeyd olunaraq mətbuatda geniş şərh edilir. 1936-cı il yanvarın 21-də Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının on beş illiyi ilə əlaqədar Kremldə təntənəli qəbul keçirilir və komsomolçu Züleyxa Seyidməmmədova "Şərəf nişanı" ordeni və qızıl saatla təltif edilir. Bakıya dönən Züleyxa uçuş klubundakı xüsusi kursları bitirir və pilot təlimatçısı adını alır. Ona təlim keçmək üçün bir qrup müsahib tapşırılır. Həmin qrupdakı səkkiz nəfərdən biri də onun keçmiş fizika müəllimi Cümşüd Əfəndiyev olur. Azərbaycan Sənaye İnstitutunun son kursunda oxuyarkən Seyidməmmədova artıq yüz saatadək uçuş keçirmiş, təlimatçı kimi üç il ərzində 75 təyyarəçi, 80 paraşütçü hazırlamışdı. O, 1938-ci ildə institutu mühəndis-geoloq kimi bitirdikdən sonra pilot kimi peşəkarlaşmaq üçün Jukovski adına Hərbi Hava Akademiyasına müraciət etsə də, yalnız kişiləri qəbul edən akademiya ona rədd cavabı verir. O, atasının məsləhəti ilə Mir Cəfər Bağırovun qəbuluna gedir. Bağırovun yaddaşında "küləyin dənizə atdığı qız" kimi qalan Züleyxanın müraciəti əsasında Mərkəzi Komitə onun akademiyaya qəbul olunması üçün rəsmi şəkildə Moskvaya məktub göndərir. 1938-ci ilin avqustunda sınaq imtahanları verərək akademiyanın şturman fakültəsinə qəbul olunanlar içərisində yeganə qız Züleyxa Seyidməmmədova olur. Seyidməmmədova həm də Jukovski Hərbi Hava Akademiyasına qəbul olan ilk azərbaycanlı idi. Akademiyada təhsil alan Züleyxa bir gün qəfil xəbərlə sarsılır. Fakültə dekanı onu yanına çağıraraq ona atasının kulaq kimi həbs edildiyini, əgər Bakıdan bu məlumatı təsdiqləsələr, akademiyadan uzaqlaşdırılacağını bildirir. Züleyxa bu xəbər qarşısında son ümid kimi yenə Bağırova üz tutur. O, Bağırova teleqram ünvanlayır: "Azərbaycan Kommunist Partiyasının birinci katibi yoldaş Bağırova! Xalq düşmənləri mənim atamın saf adını ləkələmək istəyirlər. Təhsil aldığım Hərbi-Hava Akademiyasına yanlış məlumatlar veriblər. Mən respublikanın göndərişi ilə burada oxuyuram. Tələbələr arasında yeganə qızam. Bakıdan məlumat alandan sonra mənim burada oxuyub-oxumamaq məsələmə baxacaqlar. Xahiş edirəm, haqqı, ədaləti qoruyun ki, yanlış məlumat gəlməsin". Bağırov tezliklə ölkənin adına xələl gəlməməsi naminə onun atasını həbsdən azad edir və ondan bu barədə heç yerdə danışmaması üçün iltizam alınır. Beləliklə Moskvaya Züleyxaya lazım olan məzmunda məktub gedir: "Yalandır, Mir Həbib Seyidməmmədov evindədir. Hər şey qaydasındadır." Seyidməmmədova akademiyada oxuduğu dövrdə əvvəl "Duqlas"larla, daha sonra isə orta bombardmançılar, həmçinin uzağa və sürətlə uçan təyyarələrlə səfərə çıxmaq üzrə təlimlər almağa başlayır. O, ölkənin ən güclü şturmanları, Sovet İttifaqı qəhrəmanları Spirin və Belyakovdan hava gəmilərinin bütün sirlərini öyrənir. Birinci kurs müdavimi olan Seyidməmmədovanın şəkli Qureviçin komandirlik etdiyi fakültənin komsomol təşkilatı tərəfindən Akademiyanın "Şərəf lövhəsi"nə vurulur. 1940-cı il fevralın 23-də – Qırmızı Ordu günündə Seyidməmmədovaya kiçik leytenant rütbəsi verilir. Akademiyanın şturman fakültəsində yeganə qadın olan Züleyxa təhsilini bitirdikdən sonra təlim təyyarə alayında qırıcı təyyarənin şturmanı təyin edilir. Züleyxa Seyidməmmədova əsasən akademiya işçilərindən və müdavimlərindən təşkil edilən mayor Qridnevin qırıcı təyyarəçi alayına göndərilir və qırıcı eskadrilyasının şturmanı təyin olunur. Alay müharibənin ilk günündən hərbi qaydaya uyğun olaraq Moskvanın müdafiəsinə göndərilir. 1941-ci ilin oktyabrında SSRİ lideri İosif Stalin Sovet İttifaqı Qəhrəmanı Marina Raskovaya qadınlardan ibarət hərbi hissələrin yaradılması ilə bağlı rəsmi əmr göndərir. Əmrə görə, tərkibi sırf qadın pliotlardan ibarət olan üç aviasiya alayı yaradılmalı idi. Bu dövrdə Seyidməmmədovaya Raskovanın onu axtardığını xəbər verirlər. Raskova ona qadın polku yaratmaq ideyasından bəhs edir. İdeya tezliklə real həllini tapmağa başlayır. Hərb tarixinin misli görünməmiş ideyası gerçəyə çevrilir: qadın hərbi təyyarə alayları yaradılır. 1941-ci ilin dekabrında qırıcı alayın komandiri Tamara Kazarinova, onun müavini və alayın şturmanı isə Züleyxa Seyidməmmədova təyin olunur. O dövr üçün müasir və sürətli "YAK" təyyarələrinin alaya gətirilməsi ilə hərbçi qızlar bu təyyarələrdə uçmağı öyrənməyə başlayır. Onlar ciddi hərbi təlim keçdikdən sonra 1942-ci ilin axırlarında ilk olaraq Volqa çayının sol sahilinə göndərilirlər. 1942-ci ilin sonlarında xüsusi əhəmiyyətli təyyarəni qarşılayıb Stalinqradadək müşayiət etmək üçün dörd qırıcı təyyarə göndərilir və bunlardan biri də Seyidməmmədovaya məxsus olur. Sonralar bu xüsusi təyyarənin ölkənin baş katibi Stalini dağılmış Stalinqrada apardığı məlum olur. 1943-cü ilin yazının əvvəlində qırıcı alay Voronejə göndərilir, iyulun 12-də isə Kurskun şimalında və cənubunda əks hücuma keçir. Avqustun 5-də, Kursk döyüşünün başlamasından düz bir ay sonra 586-cı alay Orel və Belqrada daxil olur. Burada gedən döyüşlərə görə Züleyxa Seyidməmmədova 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif olunur. Payızın sonunda qırıcı polk Kiyevə uçur. 586-cı alay sonuncu olaraq Korsun-Şevçenkovski döyüşündə iştirak edir və oradan Buxarestə uçaraq öz döyüş yolunu Rumıniyada başa vurur. 586-cı qırıcı alay Volqadan Vyanayadək döyüş yolu keçmiş, 4 min 419 döyüş uçuşu keçirmiş, 125 döyüş aparmış və 38 alman təyyarəsi vurmuşdu. Alayın qoruduğu heç bir obyekt Hitler aviasiyasından zərər çəkməmişdi. Şəxsən 500 döyüş uçuşu keçirən Seyidməmmodova bir neçə alman təyyarəsini vurmuşdu. Qələbədən sonra qadınlardan ibarət aviasiya hissələri ləğv edildi. O da 1945-ci ilin dekabrında kapitan rütbəsində istefaya çıxdı və Azərbaycana qayıtdı. Əvvəlcə Bakı şəhər Partiya Komitəsinin təlimatçısı kimi işləyən Züleyxa Seyidməmmədova, 1946-cı ilin sentyabrından 1951-ci ilə kimi Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin katibi vəzifəsində çalışmışdır. Elə bu vəzifədə ikən Seyidməmmədova 1947-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı, Rəyasət heyətinin üzvü seçilmişdir. O, 1948-ci ildə Ümumdünya Demokratik Gənclər Federasiyası Şurasının qərarına əsasən fevralın 19-dan 26-dək Hindistanın Kəlküttə şəhərində keçirilən Cənub-Şərqi Asiya ölkələri gənclərinin konfransının iştirakçısı olur və "Sovet İttifaqı qadınları" mövzusunda məruzə ilə çıxış edir. 1952-ci ildə Azərbaycan SSR-in sosial təminat naziri seçilən Züleyxa Seyidməmmədova, 1974-cü ilə qədər bu vəzifəni icra etmişdir. O, sosial təminat naziri vəzifəsində çalışan ilk qadın idi. Seyidməmmədova qiyabi olaraq 17 aprel 1953-cü ildə Moskva Ali partiya məktəbini, 28 noyabr 1957-ci ildə isə Leninqrad Hərbi Mühəndislik Akademiyasını bitirmişdir. Züleyxa Seyidməmmədova 1967 və 1971-ci illərdə "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif olunmuş, 1969-cu il dekabrın 19-da Moskva şəhər sovetinə deputat seçilmiş və Sov. İKP sıralarına daxil olmuşdur. Seyidmməmədova səhhətində yaranan problemlər səbəbi ilə 1975-ci ildə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Rəyasət Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Seyidməmmədova ölkənin ictimai işlərində fəal iştirak etmiş, xüsusilə ömrünün sonlarına yaxın dünyanın müxtəlif yerlərində yaşayan 50 milyonluq Azərbaycan türkünün yenidən bir araya gəlməsinə çalışmış və işğal dövründə itirilmiş əlaqələrin barpası ilə ciddi şəkildə məşğul olmuşdur. Buna baxmayaraq o, pilot kimliyini həmişə qorumuş, 1967-ci ilin sentyabrında Leninqradda Beynəlxalq ictimai təminat assosiasiyasının Baş assambleyasında jurnalistin verdiyi "Siz əmək həyatınızı nə ilə başlamısınız?" sualına "Bakı aeroklubunda təyyarəçi olmuşam. Bu mənim birinci və ən çox sevdiyim vəzifədir" cavabını vermişdi. Züleyxa Seyidməmmədova dünyaya Şərqin ilk paraşütçü və pilot qadını olaraq gəldi. İkinci Dünya müharibəsinin qəhrəmanı, samamızın ilk qadın Şahini ömrünü başa vurdu. Məğrurluğu, Cəsurluğu ilə tarix yaratdı. Şərəfli ömür yolu, kitab və monoqrafiyaları, xoş xatirələri ilə insanların qəlbinə yazıldı. Dünyaşöhrətli pilotumuzun 150-dən artıq sənəd, əşya və mükafatları Milli Azərbaycan Tarixi Muzeyində mühafizə olunur. Onların içərisində şəxsən özünün istifadə etdiyi əşyalar ─ Jukovski adına Hərbi Hava Akademiyasında oxuyarkən işlətdiyi loqarifmik xətkeş, 1939, 1941-ci illərə aid iki ədəd transportir və təyyarəçi eynəyi, müxtəlif ölkələrdə ona hədiyyə olunan əşyaları və geyim nümunələri qorunur.  İmzasını göy üzünə atan varlığı və fəaliyyəti ilə milli-mənəvi dəyərlər tariximizi zənginləşdirən Züleyxa Seyidməmmədovanın ömür yolu ilə bağlı çoxsaylı sənəd əsərləri, inciləri yaranıb. Tofiq Quliyev Rəşid Behbudovun təklifi ilə "Züleyxa" adlı mahnı bəstələyib. Rəşid Behbudovun Moskvaya səfəri ərəfəsində hazır olan "Züleyxa" mahnısı, elə sənətkarın öz istəyi ilə rus dilində Tofiq Quliyevin müşayiətilə lentə alınmış, sonradan vala yazılan bu mahnı yüksək tirajla satılmışdır. Səma döyüşlərində “Şahin” kod adı ilə uçuşlar edən Züleyxa Seyidməmmədova ilə bu gün də hər bir Azərbaycanlı qürur duyur. O, bu dünyaya ilklərə imza atmaq, yer üzündən göy üzünə körpü salmaq, Şahin kimi qanad çalmaq üçün gəlmişdi. Gəldi, Qəhrəmanlıq dastanını yazdı, varlığı və cəsarətli döyüş yolu ilə xalqını dövlətini şərəfləndirdi. 1990-cı ildə dünyaya gəldiyi şəhərdə - Bakıda torpaq müqəddəsliyinə qovuşdu.     Müharibə,  Əmək  və  Silahlı  Qüvvələr Veteranları             Təşkilatının sədri,   polkovnik  Cəlil Xəlilov                                              

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı Qarabağ qazisi Asəf İsmayılovun yubiley tədbirini keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyinin rayon şöbəsinin sədri, Qarabağ müharibəsi qazisi Asəf İsmayılovun 50 illiyi münasibəti ilə tədbir keçirib. Tədbirdə şəhid ataları, qazilər, Əmək və Müharibə  veteranları, yaradıcı ziyalılar, bələdiyyə sədrləri və ictimayyət nümayəndələri iştirak ediblər. Tədbirdən öncə torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla hörmət və ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək Qarabağ qazisi Asəf İsmayılovun keçdiyi həyat və döyüş yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, Asəf İsmayılov doğulduğu Kövüzbulaq kəndində orta məktəbi bitirdikdən sonra 1992-ci ildə hərbi xidmətə yollanıb. Bir ay hərbi təlim keçdikdən sonra ön cəbhədə mənfur düşmənlərə qaşı igidliklə vuruşub. O, 1994-cü il yanvar ayının 31-də Füzuli rayonunun Aşağı Veysəlli kəndində gedən hərbi əməliyyatlar zamanı minaya düşüb, sol qıçını itirib. Vətənpərvərliyi ilə gənc nəslə örnək olan Asəf bu gün də rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. O, həm də 11 kəndi əhatə edən Ağdaş bələdiyyəsinin sədridir.  Ədalət müəllim çıxışının sonunda yubilyara rayon Veteranlar Təşkilatının Fəxri Fərmanını təqdim edib. Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, Cəlilabad Bələdiyyələri Əlaqələndirmə Şurasının sədri Əmrah Quliyev, "Əməkdar Mədəniyyət işçisi" Cahangir Muradov,  şəhid atası Nazim Paşayev, "Qarabağ qaziləri" ictimai birliyinin rayon filialının sədri Maşalla Əliyev, Göytəpə şəhər bələdiyyəsinin sədri İlqar Həsənov,  Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas,  İman Abdulla, Qurban Əhməd, Masallı Regional Meşə Təsərrüfatı idarəsinin direktor müavini, müharibə iştirakçısı Emin Əhmədov, Cəlilabad şəhər bələdiyyəsinin sədri Özüxan Niftiyev və başqaları çıxış edərək yubileyinə yığışdıqları Qarabağ qazisi Asəf İsmayılov haqqında səmimi ürək sözlərini söyləyib, onu yubileyi münasibəti ilə təbrik ediblər. Sonda yubilyar, "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyinin rayon şöbəsinin sədri Asəf İsmayılov tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına təşəlkür edib. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı möhtərəm İlham Əliyevə minnətdarlığını bildirib.

Hamısını oxu
Azərbaycan Ağsaqqallar Şurasının təbriki

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın çoxsaylı üzvləri və İdarə Heyəti adından polkovnik Cəlil Xəlilovu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri seçilməyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:“Hörmətli Cəlil müəllim!Sizi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI plenumunda yekdilliklə Təşkilatın sədri seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə xalqımızın və dövlətimizin rifahı və inkişafı naminə dəyərli fəaliyyətinizdə uğurlar və möhkəm cansağlığı diləyirik!Uzunmüddətli səmərəli xidmətlərinizlə Azərbaycanın hərb tarixində və ictimai-siyasi həyatında özünə layiqli yer tutan nüfuzlu bir şəxsiyyət kimi Siz bir sıra məsul hərbi vəzifələrdə çalışaraq bu sahənin inkişafında, Azərbaycan Ordusunda nizam-intizamın möhkəmləndirilməsində və formalaşmasında əhəmiyyətli işlər həyata keçirmisiniz. İctimai xadim olaraq vətənpərvər fəaliyyətinizlə xalqımıza dəyərli xidmətlər göstərmiş, Qarabağ uğrunda gedən döyüşlərdə igid əsgər və zabitlərimizlə birgə düşmənə qarşı qəhrəmancasına mübarizə aparmısınız. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyində uzun müddət təmsil olunan peşəkar zabit, müdrik bir ziyalı kimi ölkəmizin tərəqqisi üçün yorulmadan səylər göstərmiş, veteranlar hərakatının inkişafına böyük töhfələr vermiş, ölkəmizin müstəqilliyi uğrunda mübariz gənclərin yetişməsində mühüm rol oynamısınız.Əminik ki, Azərbaycan Ağsaqqallar Şurası ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasında davam edən səmərəli əməkdaşlıq Sizin rəhbərliyiniz dövründə daha da dərinləşəcək və inkişaf edəcəkdir. Təşkilatın sədri olaraq Siz bundan sonra da böyük işlər həyata keçirərək dəyərli veteranlarımızla birgə Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin daxili və xarici siyasətini daim dəstəkləyəcək, Vətənimizin xoşbəxt gələcəyi naminə var qüvvənizlə çalışacaqsınız.Hörmətli Cəlil müəllim!Bir daha Sizi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri seçilməyiniz münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri və İdarə Heyəti adından səmimi-qəlbdən təbrik edir, Sizə ölkəmizin tərəqqisi istiqamətində həyata keçirdiyiniz bütün işlərdə davamlı nailiyyətlər arzulayırıq! Dərin hörmət və səmimiyyətlə,Azərbaycan Ağsaqqallar Şurasınınsədri, millət vəkili, professor                                                                                Eldar QULİYEV”       

Hamısını oxu