Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: Cəbrayılın azad olunması Ordumuzun Xocavənd və Hadrut istiqamətində uğurlu əməliyyatlarına şərait yaratdı

Cəbrayılın azad olunması Vətən müharibəsinin ən şanlı səhifələrindən biridir.

Bunu Azərtac-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, Cəbrayılın azad edilməsi uzun illər erməni işğalı altında qalan torpaqlarımızın bir hissəsini düşmən tapdağından xilas etməklə yanaşı, növbəti əməliyyatlar üçün də əlverişli zəmin formalaşdırdı: “Cəbrayılın erməni işğalından azad edilməsi özlüyündə çox böyük hadisə, tarixi Qələbə idi. Çünki 30 ilə yaxın müddətdə bu torpaqlar erməni işğalı altında qalmış, düşmən bu torpaqlarda müxtəlif istehkamlar, müdafiə sədləri inşa etmişdi. Lakin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri düşmən qüvvələrini darmadağın edərək 2020-ci il oktyabrın 4-də Cəbrayılı azad etdi.

Cəbrayılın azad edilməsi düşmənin müdafiə xəttinin yarılması, onun zərbə qüvvəsinin müəyyən bir hissəsinin məhv edilməsi ilə paralel şəkildə baş verdi. Cəbrayılın azad edilməsi, Ordumuzun rayonun ətrafındakı strateji əhəmiyyətli nöqtələrə nəzarəti ələ keçirməsinə və sonrakı əməliyyatlara da müsbət təsirini göstərdi. Belə ki, Cəbrayılın azad edilməsi Xocavənd və Hadrutun azad edilməsi ilə bağlı uğurlu əməliyyatlar üçün də əlverişli şərait yaratdı. Başqa sözlə desək, Cəbrayılın azadlığı digər torpaqlarımızın azad edilməsi üçün də yol açdı”.

Təşkilatın sədr müavini vurğulayıb ki, bu, həm də xalqımızın böyük Qələbəyə olan inamını daha da artırdı, Ordunun özünün psixoloji əhval-ruhiyyəsinin daha da yüksəlməsinə səbəb oldu: “Şəhərin azad edilməsinin hərbi əhəmiyyəti ilə yanaşı, psixoloji-mənəvi əhəmiyyəti də böyük idi. Belə ki, Cəbrayılın azad edilməsi Azərbaycan xalqının böyük Qələbəyə olan ümidini, inamını daha da artırdı. Bu qələbə Silahlı Qüvvələrin özünün mənəvi-psixoloji durumuna da müsbət təsir göstərdi. Cəbrayılın azadlığı ordu daxilində ruh yüksəkliyinin artmasına səbəb oldu ki, bu da müharibədə uğur qazanmaq üçün başlıca şərtlərdən biri, bəlkə də birincidir. Bu baxımdan Cəbrayılın azad edilməsi mühüm hərbi-tarixi önəmə malikdir”.

Polkovnik bildirib ki, hazırda Azərbaycan dövləti işğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Cəbrayılda da böyük quruculuq işləri həyata keçirir: “Bu gün respublikamızın işğaldan azad edilən bütün bölgələrində, o cümlədən Cəbrayılda dövlətimiz tərəfindən genişmiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçirilir. Rayonun infrastrukturu, sosial obyektlər, kommunikasiya sistemləri – bir sözlə, hər şey yeni nəsil texnologiyalar əsasında müasir tələblər səviyyəsində inşa edilir. Görülən işlərin miqyas və sürəti onu söyləməyə imkan verir ki, vaxtı ilə Cəbrayıldan didərgin düşən insanlarımız qısa zamanda yenidən öz ata yurdlarına qayıda biləcək, doğma diyarlarının inkişafına öz töhfələrini verə biləcəklər”.

 

2022-10-04 17:29:00
1214 baxış

Digər xəbərlər

Xankəndi, Xocalı və Ağdərədən olan abituriyentlərin bu nailiyyəti sadəcə təhsil uğuru deyil...

Bu, keçmiş məcburi köçkünlərimizin sabaha inamının, mübarizə əzminin, yaradıcılıq eşqinin nümunəsidir... Ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə əsasən Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonundan ümumilikdə 20 abituriyent ali məktəbə qəbul olub. Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, ali məktəbə qəbul olunan abituriyentlərdən  9-u Xankəndi şəhərindən, 6-sı Xocalıdan, 5-i isə Ağdərə rayonundandır. Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonundan 20 abituriyentin ali məkəbə qəbul olunması sadəcə təhsil uğuru deyil. Bu, doğma yurd yerində yenidən məskunlaşan keçmiş məcburi köçkünlərimizin sabaha inamının, mübarizə əzminin, yaradıcılıq eşqinin nümunəsidir. Bu fakt sübut edir ki, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan xalqı işğal dönəmində ermənilər tərəfindən viran edilən torpaqlarımızı yenidən dirçəltməkdə, bu torpaqlara həyat gətirməkdə qərarlıdır və bunun üçün gərəkli olan istənilən fədakarlıqdan imtina etməyəcək.                           Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonundan ümumilikdə 20 abituriyentin ali məktəbə qəbulu həm də Azərbaycaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəhid qanı ilə sulanan bu torpaqlarda elm və təhsili inkişaf etdirmək əzminin, quruculuq səriştəsinin göstəricisidir. Bu, həm də dövlət başçısının tapşırıq və göstərişlərinin yerlərdə yüksək səviyyədə icra edildiyini sübut edir. Heç kimə sirr deyil ki, yüksək bilik yalnız mütaliə sevgisi tələb etmir. Yüksək bilik, həm də müasir təhsil müsəssisələri, gərəkli infrastruktur, sosial təminat tələb edir. Hansı ki, bütün bu faktorlar Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı altında Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəliyi tərəfindən yüksək səviyyədə təmin edilib və bu istiqamətdə lazımi işlər günümüzdə də mütəmadi şəkildə davam etdirilməkdədir. Yeni təhsil müsəssisələrinin inşası, müasir infrastrukturun genişləndirilməsi və beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi, yeni iş yerlərinin açılması və s. bütün digər sahələr kimi təhsil sahəsindəki gələcək nailiyyətlər üçün ciddi zəmindir. Görülən və görülməkdə olan işlərin miqyas və mahiyyəti onu deməyə əsas verir ki, qarşıdakı illərdə işğaldan azad edilən torpaqlarımızda məskunlaşan abituriyentlər arasında ali məktəbə daxil olanların sayı daha da artacaq və doğma Qarabağımız yalnız Azərbaycanda deyil, bütün regionda elm və təhsil mərkəzi kimi böyük şöhrət qazanacaq. Seymur ƏLİYEV  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilovun tələbəsi Nəzrin Abdullayeva ad günü münasibətilə Təşkilat sədrini təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun tələbəsi, gənc vətənpərvər, magistr Nəzrin Abdullayevə ad günü münasibətilə Təşkilat sədrini təbrik edib. Təbrikdə deyilir: “Çox hörmətli Cəlil müəllim, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, uzun ömür, fəaliyyətinizdə daim uğur və yeni nailiyyətlər arzulayıram. Uzun illər ərzində Vətənimiz və xalqımız üçün göstərdiyiniz xidmətlər, dövlətçilik dəyərlərinə olan sədaqətiniz, həyat və peşəkar fəaliyyətiniz, eləcə də gənc nəslin yetişdirilməsinə verdiyiniz töhfələr böyük hörmətə layiqdir. Sizin kimi öz bilik və təcrübəsini daim insanlara, xüsusilə də gənclərə ötürən bir insanın tələbəsi olmaq mənim üçün böyük qürurdur. Sizin tələbəniz olduğum dövrdə qazandığım biliklərlə yanaşı, bu günə qədər mənə göstərdiyiniz diqqət, inam və dəstək də mənim üçün xüsusi dəyər daşıyır. Heç bir zaman məsləhət və dəstəyinizi əsirgəmədiyinizə görə Sizə sonsuz təşəkkür edirəm. Arzu edirəm ki, bundan sonrakı fəaliyyətiniz də daim uğurlu və məhsuldar olsun, illər ərzində qazandığınız böyük təcrübə və biliklər bundan sonra da yeni nəsillərə yol göstərsin. Əməyiniz hər zaman yüksək qiymətləndirilsin, fəaliyyətinizin nəticələri Sizə qürur və sevinc gətirsin. Allah yolunuzu daim açıq, ömrünüzü uzun, canınızı sağlam, uğurlarınızı bol etsin. Hər zaman doğmalarınızın və sevdiklərinizin əhatəsində xoşbəxt olasınız. Doğum gününüz mübarək olsun! Həmişə var olun!” Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Prezident və Birinci vitse-prezident nekroloq imzaladılar

"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Səməd oğlu Heydərov 2020-ci il avqustun 4-də ömrünün 83-cü ilində vəfat etmişdir. Fəttah Heydərov 1938-ci il fevral ayının 23-də Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinə daxil olaraq, 1964-cü ildə Universitetin mexanika-riyaziyyat fakültəsində ali təhsilini başa vurmuş, 1975-ci ildə isə Bakı Ali Partiya Məktəbindən məzun olmuşdur. Fəttah Heydərov 1955–1958-ci illərdə Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Güznüt kənd klubunun müdiri, 1958–1966-cı illərdə isə rayonun Çeşməbasar kənd səkkizillik məktəbinin müəllimi işləmişdir. O, 1966–1970-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı və 1970–1976-cı illərdə Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi vəzifələrində çalışmışdır. Fəttah Heydərov 1976–1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının Əhaliyə Məişət Xidməti naziri vəzifəsini tutmuş, 1978–1983-cü illərdə Ordubad və Culfa rayon partiya komitələrinin birinci katibi, 1983–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri olmuşdur. 1970–1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin, 1990–1995-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı kimi fəaliyyət göstərən Fəttah Heydərov 1995-ci ildən etibarən altı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə təşkilatçılıq qabiliyyəti nümayiş etdirən Fəttah Heydərov yüksək məsuliyyət hissi və insanlara münasibətdə həssaslığı sayəsində həmkarlarının rəğbət və ehtiramını qazanmışdır. Dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi onun təqdirəlayiq xidmətləri vardır. Fəttah Heydərov böyük nüfuza malik el ağsaqqalı idi. O, Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq xüsusən yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli dövlətçiliyə sədaqət, mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə və adət-ənənələrə dərin hörmət ruhunda tərbiyəsi işinə mühüm diqqət yetirmişdir. Fəttah Heydərovun ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı daim layiqincə qiymətləndirilmiş və o, uzunmüddətli səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarına layiq görülərək, 2008-ci ildə “Şöhrət”, 2013-cü ildə “Şərəf” və 2018-ci ildə “İstiqlal” ordenləri ilə təltif edilmişdir. Tanınmış ictimai xadim və səmimi insan Fəttah Səməd oğlu Heydərovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin! İlham Əliyev Mehriban Əliyeva Əli Əsədov Sahibə Qafarova Samir Nuriyev Əli Əhmədov Eldar Əzizov Ziyad Səmədzadə Eldar İbrahimov Əhliman Əmiraslanov Teymur Bünyadov Sudeif İmamverdiyev".

Hamısını oxu
Vətənpərvərlik ölkə təhlükəsizliyinin qarantıdır

«Vətənpərvərlik hissi olmayan insanın mənəviyyatı yoxdur» Heydər Əliyev «Ölkəsini sevməyən insan, heç nəyi sevə bilməz» Corc Bayron                   Vətənpərvərlik insanı formalaşdıran, doğma yurduna, dilinə, mənəvi dəyərlərinə olan sevginin bir təzahürüdür. Məşhur amerikalı siyasətçi Edlay Stivensonun vətənpərvərlik «sadəcə emosiyaların partlayışı deyil, insanın bütün həyatı boyunca davam edən sakit və möhkəm sadiqlik hissidir» fikri ilə razılaşmamaq mümkün deyil. İnsana xas olan bu keyfiyyətlər məkan və zaman ölçülərinə sığmırlar, yaşlandıqca zəifləmir və taleyin hökmü ilə onun harada yaşamasından asılı olmurlar. Vətənpərvərin qəlbi Vətəninə məxsusdur və o daim doğma yurdu, insanları, təbiəti haqqında düşünür.     Vətənpərvərlik hissləri həm də mədəni arxetiplərə uyğundur, nəsildən nəslə ötürülür, milli şüurun səciyyəvi xüsusiyyətlərini özündə əks etdirir, yazarların, şairlərin, bəstəkarların və rəssamların yaratdıqları əsərlərə hopur və beləcə Vətən haqqında nəğmələr, əsərlər yaranır.          Ədəbiyyatda və incəsənətdə vətənpərvərlik hisslərinin ifadəsinin parlaq nümunələri mövcuddur. Məgər rus vətənpərvərliyini Sergey Yeseninin poeziyası olmadan təsəvvür etmək olar!?  Rus təbiətini, qışını, ağcaqayınını həm də onun şeirlərindən tanımaq və sevmək mümkündür. Keçən əsrin 20-ci illərində Bakıda olarkən, Şərq dünyasına heyranlığını gizlətməyən şair yazırdı: «Şiraz nə qədər gözəl olsa da, Ryazanın geniş çöllərindən yaxşı ola bilməz». S.Yesenin  «dünyanın altıda bir hissəsini təşkil edən, qısaca Rusiya adlanan vətənini bütün varlığı ilə tərənnüm etməyi» özünə borc bilirdi.          Vətənpərvərlik hissi bütün Azərbaycan ədəbiyyatına da nüfuz etmişdir. Bu həm mənəvi irsə, həm də doğma yurdumuzun heyranedici və cazibədar təbiətinə münasibətdə bu və ya digər şəkildə təzahür edir. İlk baxışda tar sadəcə musiqi aləti olsa da, Azərbaycan mənəviyyatının simvollarından biridir. Tara nə qədər gözəl şeirlər, misralar həsr edilmişdir. Mikayıl Müşfiqin keçən əsrin 30-cu illərində qələmə aldığı «Oxu tar» şerini hər bir azərbaycanlı bilir. O zaman dövlət ideologiyasını həyata keçirənlər «proletar mədəniyyəti»nin (proletkult) tələblərinə uyğun olaraq, tarı burjua mədəniyyətinin bir qalığı kimi qadağan etməyi təklif edirdilər. Buna baxmayaraq, Mikayıl Müşfiq yazırdı: Oхu, tar, oхu, tar!.. Səsindən ən lətif, şеirlər dinləyim. Oхu, tar, bir qadar!.. Nəğməni su кimi alışan ruhuma çiləyim. Oхu, tar! Səni кim unudar?          O illərdə bu şeirin yazılması və çap edilməsi əsl vətənpərvərlik və qəhrəmanlıq nümunəsi idi. Şair tarın melodiyasını tarixi boyunca həm sevinc, həm də kədər yaşamış xalqın səsi kimi təqdim etmişdir. Müşfiq milli ənənələrə xor baxan insanları anlaya bilmirdi. Elə bunun üçün də Stalin repressiyasının qurbanı oldu.          Dahi Səməd Vurğunun ölkənin xalq himninə çevrilən, son dərəcə tutumlu «Azərbaycan» şeri də qeyri-adi vətənpərvərliyi ilə seçilir:     Mən bir usaq, sən bir ana, Odur ki, baglıyam sana: Hankı səmtə, hankı yana Hey uçsam da yuvam sənsən, Elim, günüm, obam sənsən!          Azərbaycan şairləri indi də vətənpərvərlik mövzusunda parlaq sənət əsərləri yaradırlar. Çağdaş şairlərimizin baş mövzusu da Azərbaycan və onun təbiətidir, gözəllikləridir. Leyla Əliyevanın «Xocalı - ağrım mənim» şeirinə biganə qalan insan tapmaq mümkün deyil: «Sən bilirsən ağrı nədir? Bu- yıxılanda qışqırdığın «Oy!» deyil. Sevdiyinin xəyanəti də,  haqsız yerə itələnmək də deyil.  Ağrı - Xocalıdır. Bu-parçalanmış talelərdir.  Bu-gecə vaxtı qaçmaqdır, …Bu-öz körpəsinin nəfəsindən doymadan, ondan ayrılmaqdır,  Bu-əzabdır, möhnətdir, qırılmış inam, acı göz yaşlarıdır, Bu-bombalar altında haqsız ölümdür… Vətənpərvərlik fərdin sosiallaşmasında, şəxsiyyətin, onun insani keyfiyyətlərinin formalaşmasında əks olunur. Vətənpərvərlik dəyərlərinin bu baxımdan hərtərəfli dəstəklənməsi, onların inkişafına rəvac verilməsi milli mədəniyyətimizin, onun təkrarsızlığının qorunub saxlanmasının mühüm şərtidir. Qloballaşma proseslərinin minillik ənənələri sıxışdırıb, bəzən hətta sıradan çıxardığı, manqurtluq presedenti yaratdığı, öz tarixini bilməyən, «kütləvi mədəniyyət» okeanında üzən insanların meydana çıxdığı müasir dövrdə bu məsələ xüsusi aktuallıq kəsb edir. Vətənpərvərlik xalqın tarixi yaddaşının əks tərəfidir. Xalqın yaddaşını bu və ya digər vasitələrlə, məqsədyönlü ört-basdır etmək mümkün olduqda, tarixi istənilən şəkildə dəyişdirmək, ictimai şüurla manipulyasiya etmək, təhrif olunmuş geosiyasi transformasiyaları qəbul edən bütöv bir nəsil yetişdirmək olar.          Vətənpərvərliyin ölkənin təhlükəsizliyi ilə birbaşa əlaqəsi onu ideoloji mübarizənin ciddi diqqət obyektinə çevirmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan vətənpərvərliyinin oturuşmuş qayda və üsullarına qarşı yönəlmiş mümkün xarici diversiyaları daim nəzərə almaq çox böyük əhəmiyyət kəsb edir. Vətənpərvərliyin əsaslarının «yuyulması» zamanla dövlətin də əsaslarını dağıdan təhlükəli bir işdir. Bu fəaliyyət əksər hallarda hakimiyyətdən narazı olan daxili düşmənlərin, başqa sözlə, «beşinci kolonun» əli ilə həyata keçirilir. Bir qayda olaraq, bunlar milli maraqlara, dövlətin siyasətinə qarşı çıxan siyasi qruplaşmalardır. Tarixdə «beşinci kolonun» dağıdıcı fəaliyyətinə aid çoxsaylı misallar vardır. Təkcə Sovet İttifaqının dağıdılmasını misal çəkmək kifayət edər. Yenidənqurma ideoloqları öz «fəaliyyətlərinə» məhz sovet vətənpərvərliyinin nüfuzdan salmaqla, sovet insanlarının fəxr etdiyi, qürur duyduğu hər şeyə qarşı sistematik alçaldıcı ideoloji iş aparmaqla başladılar. Təsadüfi deyil ki, erməni qəsbkarları indi də hərbi təcavüzü, əzəli Azərbaycan torpaqlarının işğalını maddi dəyərlərimizin mənimsənilməsi və ya onların tarixi mahiyyətinin yanlış şərh olunması ilə əlaqələndirməyə çalışırlar. Şübhəsiz ki, biz erməni mədəniyyətini inkar etmək fikrində deyilik. Lakin özlərini «qədim xalq» hesab edən ermənilər heç bir vicdan əzabı çəkmədən, yaxşı məlum olan tarixi faktların əksinə, özlərini Zaqafqaziyanın aborigenləri kimi təqdim edir, regionun həm maddi, həm də qeyri-maddi mədəniyyət abidələrini özününküləşdirirlər.          Ermənilərin Rusiya imperiyası tərəfindən İran, Suriya və Türkiyə ərazilərindən ilk növbədə Azərbaycan xanlıqlarının ərazisinə köçürülməsi yaxşı məlumdur və bu barədə kifayət qədər tarixi sübutlar var. İranda səfir vəzifəsində çalışarkən Aleksandr Qriboyedovun çar I Nikolaya və başqa yüksək mənsəbli rus məmurlarına yazdığı məktublarını xatırlatmaq kifayətdir. Bu məktublar əslində on minlərlə erməni ailəsinin İrəvan və Qarabağ xanlıqlarının ərazisinə köçürülməsi barədə özünəməxsus bir hesabat idi.          Çar Rusiyası tərəfindən idarə olunan bu miqrasiyanın gözlənilməz nəticələrindən biri də yerli əhalinin tədricən sıxışdırılması ilə yanaşı, onun mədəni irsinin məhv edilməsi və ya mənimsənilməsi oldu.          Rusiyanın cənub istiqamətində ekspansiyası yenicə birləşdirilmiş torpaqlarda ermənilərin yerləşdirilməsi yolu ilə müsəlman mühitində «xristian» forpostlarının yaradılmasını nəzərdə tuturdu. Bu ideya ilk dəfə I Pyotr tərəfindən irəli sürülmüşdür. I Pyotrun 2 mart 1711-ci il tarixli məşhur Fərmanında deyilirdi: «Ermənilərə mümkün qədər mehriban münasibət göstərin və vəziyyətlərini yaxşılaşdırın ki, onların daha çox gəlmələri üçün həvəsləri olsun». Rusiya siyasətçiləri bu gün də həmin fərmana istinad edərək Ermənistianı özlərinin «həqiqi strateji tərəfdaşı» hesab edirlər. Lakin bu «strateji tərəfdaş» ilk növbədə, Zaqafqaziyanın, daha sonra isə Şimali Qafqazın əsrlərlə oturuşan etnik həyatına bir dissonans gətirdi. Hal-hazırda «erməni metastazı» artıq Rusiyanın cənub bölgələrinə də nüfuz etmişdir. Ermənilərin soxsaylı hiylələrini və sərsəmləmələrini bir kənara qoyaraq, XIX əsrin sonu - XX əsrin əvvəllərinin tanınmış rus tədqiqatçısı Vasili Veliçkonun Gürcüstanın qeyri-maddi mədəniyyət dəyərlərinin ermənilər tərəfindən mənimsənilməsi cəhdlərinə aid yazdıqlarını xatırlatmaq istərdim. O yazırdı: «Ermənilər gürcülərə məxsus məbədlərdə və monastırlarda onların izlərini silir və məhv edir, daşlarda olan gürcü yazılarını qazır və ya pozurlar, daşların özlərini tikililərdən çıxarır və erməni yazıları ilə əvəz edirlər». Görkəmli Azərbaycan alimi akademik Ziya Bünyadov özünün çoxsaylı əsərlərində göstərmişdir ki, qədim alban abidələrinə qarşı bu qəbildən olan diversiya xarakterli işləri ermənilər sistematik şəkildə Azərbaycan ərazisində də həyata keçirmişlər ki, sonradan bunların erməni mənşəli olduğunu sübuta yetirsinlər. XIX əsrin sonlarında məşhur gürcü mütəfəkkiri və yazıçısı İlya Çavçavadze Rusiya hakimiyyətini peyğəmbərcəsinə xəbərdar edirdi: «Zatı-aliləri, ermənilərin mərkəzi rus torpaqlarında məskunlaşmasına imkan verməyin. Onlar elə bir  tayfadır ki, bir neçə on il yaşadıqdan sonra bütün dünyaya bağırmağa başlayacaqlar ki, bura onların dədə-baba torpaqlarıdır». Tarixi gerçəklik budur və o təsdiq edir ki, mənəvi, qeyri-maddi mədəni dəyərlərin xalqın təhlükəsizliyi, dövlətçiliyi ilə ayrılmazdır. Mübaliğəsiz deyə bilərik ki, ermənilərin mənəvi sahədə bu günki hiylələri bizim mədəniyyətimizə, azərbaycanlıların vətənpərvərliyinin əsaslarına qarşı yönəlmişdir.          UNESKO-da Ermənistanı «Zaqafqaziyada qeyri-maddi dəyərlərin yeganə xəzinəsi» kimi təqdim etmək istəyənlərlə bu məsələ ətrafında ciddi mübahisələr gedir. Azərbaycan və Gürcüstan mədəniyyət xadimlərinə, bu ölkələrin UNESKO-da nümayəndələri ermənilərin hər cür təxribatlarına layiqli cavab verirlər. Azərbaycan Prezidenti və hökuməti, respublikanın vətəndaş cəmiyyəti institutları vətənpərvərliyin dəstəklənməsi, tərbiyə, təhsil, informasiya siyasəti sistemində, ictimai şüurun müxtəlif sahələrində vətənpərvərlik ideyalarının düşünülmüş şəkildə əks olunması istiqamətində yorulmadan, iri miqyaslı iş aparırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edir ki, «Azərbaycan cəmiyyəti vətənpərvər cəmiyyətdir… əxlaq, vətənpərvərlik, ləyaqət və milli qürur Azərbaycanın milli dəyərləridir… və biz onları qoruyacayıq». Vətənpərvərliyin dəstəklənməsi və formalaşdırılması üzrə Azərbaycanda aparılan işin gedişində respublikanın çoxmillətli və çoxkonfessiyalı olmasını daim nəzərə alınır. Metodoloji baxımdan belə bir fəaliyyət əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq konsepsiyası, tolerantlıq, etiqad azadlığı və multikulturalizm prinsipləri üzərində bərqərar olmuşdur.          Azərbaycanda mədəniyyət müxtəlifliyinin dəyərini, onun əhəmiyyətini və prioritetini çox yaxşı dərk edirlər. Hal-hazırda respublikamız multikulturalizmin dövlət siyasəti statusu aldığı az sayda dövlətlər sırasına daxildir. Bu həm humanist, həm də müdrik bir siyasətdir. Əvvəla, bu siyasət separatizmin, milli  ayrıseçkiliyin qarşısını almaqla, ölkənin təhlükəsizliyini möhkəmləndirir; ikincisi, müxtəlif mədəniyyətlərin nümayəndələrinin mənəvi və əqli potensialını inteqrasiya etməklə, əhalini yaratmağa, bütün cəmiyyətin maraqlarına cavab verən aktual sosial-iqtisadi problemlərin həllinə yönəldir. Çoxmillətli Azərbaycan şəraitində vahid vətənpərvərlik dəyərlərinin üstünlük təşkil etməsi burada əsrlərlə yaşayan xalqların tarixi bağlılığı ilə şərtlənir. Azərbaycan təcrübəsi əsl vətənpərvərlik nümayiş etdirir, xalqları ayırmır, birləşdirir. Azərbaycan multikulturalizmi vahid vətənpərvər cəmiyyətin təzahürüdür.          Bizim veteranlarımız vətənpərvərlik tərbiyəsinin ön xəttində yer          tuturlar. Onların məqsədyönlü və planlı fəaliyyəti Respublika Veteranlar Şurası tərəfindən təmin olunur. Veteranlar hər bir dövlətin qızıl fondunu, onun əsasını təşkil edir, xüsusi mənəvi iqlim formalaşdırır, yeni nəsillər üçün mənəvi oriyentirlər yaradırlar. Onların tarixi təcrübəsi, həyatın keşməkeşli yollarında sınaqdan çıxmış dəyər yanaşmaları və dünyagörüşləri siyasi və iqtisadi fəaliyyətin, mədəni inkişafın ölçü vahidinə çevrilir. Nəsillərin davamlılığı, varisliyi olmasa, dövlətin bütövlüyünü, milli mədəniyyət ənənələrini qoruyub saxlamaq olmaz. Veteranlar Şurası ən müxtəlif səviyyəli təhsil təsisatlarında, təşkilatlarda,  müəssisələrində mütəmadi olaraq vətənpərvərlik tərbiyəsi, qloballaşma şəraitində şəxsiyyətin formalaşması məsələlərinə həsr olunmuş toplantılar keçirirlər.          Biz öz fəaliyyətimizdə tərbiyəvi işin ən müxtəlif formalarından istifadə edirik. Tərəfimizdən müharibə dövrünün və müharibədən sonrakı illərin «Faşizmlə müharibə qəhrəmanları», «Xalqın arxa cəbhədə qəhrəman əməyi», «Sovet xalqının faşizm üzərində qələbəsinə Azərbaycanın töhfəsi» şüarları altında həyata keçirilən ən yaxşı inşa, şəkil və mahnılar üzrə qəhrəmanlıq və vətənpərvərlik müsabiqələri keçirilir. Bu müsabiqələrin qalibləri müxtəlif hədiyyələrlə və Fəxri fərmanlarla mükafatlandırılırlar. Təşkilatımızda çap materiallarının təbliğatı da yaxşı təşkil olunmuşdur. Öz qəzetimiz, jurnalımız nəşr olunur. Son illər Böyük Vətən Müharibəsinə həsr olunmuş 50-dən artıq kitab və toplu işıq üzü görmüşdür. Veteranlarımız mütəmadi olaraq Qarabağ cəbhəsinin ön mövqelərinə gedir, əsgərlər və komandirlər qarşısında çıxışlar edir, aparıcı artistlərin konsertlərini təşkil edir, kitablar, broşürlər və qəzetlər yayırlar. Veteranlarımız vacib sosial və siyasi məsələləri, Qarabağ münaqişəsinin mümkün həlli yollarını da müzakirə edirlər. Azərbaycanın Veteranlar təşkilatı respublikanın rus, ukrayna, belorus icmaları ilə fəal əlaqə saxlayır. Biz həm də MDB ölkələrinin səfirlikləri ilə əlaqə saxlayırıq. Xüsusilə, Rusiya səfirliyi ilə sıx əlaqələrimiz var. Rusiya səfirliyi daim Böyük Vətən müharibəsi veteranlarını dəstəkləyir, onlara sanatoriyalara putyovkalar verir, bayram qəbullarına və başqa tədbirlərə dəvət edir. Son illərdə Bakı və Xəzəryanı Patriarxı ilə əlaqələrimiz xeyli möhkəmlənmişdir və bu öz töhfəsini verməkdədir.          Azərbaycanda vətənpərvərlik tərbiyəsi müasir dövrdə bir sıra ölkələrdə çiçəklənən faşizm ideologiyasına müqabil aparılır. Biz insanlığa, bəşəriyyətə nifrət hissləri yayan irqçilik ideologiyalarına biganə qala bilmərik. Respublikamızın prinsipial antifaşist mövqeyini nəzərə almaqla, «Müstəqil dövlətlərin veteranlarının ictimai təşkilatları Birliyi» Beynəlxalq ittifaqının qərarı ilə oktyabr ayında bizim Veteranlar Şurası bazasında sözügedən məsələyə həsr olunmuş iri miqyaslı beynəlxalq konfrans keçiriləcək. Onlarla dövlətin nümayəndəsi bu məqsədlə Bakıda toplaşacaq və “faşizm niyə təkrar olunur?” və “bu dəhşətli bəlanın qarşısını necə almaq olar?” suallarına cavab tapmağa çalışacaq... Cəlil Xəlilov,  Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik,  siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent.

Hamısını oxu