Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“35 illik yubileyimizi qalib Azərbaycanın veteranları olaraq qarşılamaqdan şərəf duyuruq”

Cəlil Xəlilov: “Təşkilatımız yaradıcısı olduğu Heydər Əliyevin ideyalarına sadiqdir və hər zaman dövlətinin, Prezidentinin yanındadır”

“Veteranlarımız bundan sonra da dövlətimizin inkişafı, respublikamızın çiçəklənməsi üçün əlindən gələni əsirgəməyəcək”

Bu il Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyidir. Təşkilatın sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilovla söhbətimizdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının keçdiyi 35 illik yola nəzər salmağa çalışdıq.

-Cəlil müəllim, bu il  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyidir. Rəhbərliyində təmsil olunduğunuz təşkilatın 35 illik fəaliyyətini necə dəyərləndirirsiniz?

-Təbii ki, 35 il bir təşkilat üçün heç də az müddət hesab edilə bilməz. Bizim üçün qürurvericidir ki,  Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılan bu təşkilat 35 ildir ki, əsl veteran evi, veteran ocağı kimi fəaliyyət göstərə, veteranların, o cümlədən xalqımızın, dövlətimizin ona olan ümidlərini doğrulda bilib. Bu müddət ərzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq sadəcə ölkə daxilində deyil, respublikamızın hüdudlarından kənarda onlarla böyük layihələr həyata keçirmiş, Azərbaycan veteranlarının dünya veteranlar hərəkatında öz dəsti-xətti ilə seçilməsini təmin etmişik. Təbii ki, bütün bunlar Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dəstəyi və qayğısı sayəsində olub. Bir sözlə, hesab edirəm ki,  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik fəaliyyəti qənaətbəxşdir və tarixi uğurlarla yadda qalıb.

-Bu gün ölkəmizdə veteranlarla, müharibə əlilləri və şəhid ailələri ilə bağlı çoxlu sayda təşkilat fəaliyyət göstərir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını onlardan fərqləndirən, ona özünəməxsusluq və təkrarsızlıq qazandıran nədir?

- Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının özünəməxsus xüsusiyyətlərindən biri onun özündə sadəcə müharibə veteranlarını deyil, həm də əmək və və Silahlı Qüvvələr veteranlarını əhatə etməsidir. Yəni təşkilatımızda demək olar ki, bütün kateqoriyadan olan veteranlar cəmləşib. Müharibə veteranlarımız arasında isə İkinci Dünya müharibəsində, Əfqanıstan müharibəsində, Birinci və İkinci Qarabağ müharibəsində, eyni zamanda 2016-cı ilin aprel döyüşlərində, habelə, müxtəlif məhəlli müharibələrdə iştirak edən çoxsaylı veteranlar mövcuddur.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını digər təşkilatlardan fərqləndirən digər mühüm xüsusiyyət onun fəaliyyətinin bütün respublikanı – onun hər bir bölgəsini əhatə etməsi ilə bağlıdır. Bu gün respublikamızın demək olar ki, bütün rayonlarında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yerli təşkilatları fəaliyyət göstərir. Onların hər biri ofislə təmin edilib və yerlərdəki veteranlarla aktiv iş aparırlar. Yerlərdəki veteranların qayğı və problemlərinin öyrənilməsi, onların təşkilatlanması, gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi prosesində veteranların yaxından iştirakının təmin edilməsi, dövlət siyasətinin dəstəklənməsi, milli maraqlarımızın müdafiəsi və s. kimi məsələlərdə veteranların avanqard qüvvə kimi aparıcı mövqeyinin təmin edilməsi yerli təşkilatalrımız tərəfindən uğurla həyata keçirilməkdədir.

Təşkilatımız üçün xarakterik olan mühüm özəlliklərdən biri də onun beynəlxalq müstəvidə uğurla fəaliyyət göstərməsi, geniş beynəlxalq əməkdaşlıq əlaqələri qurmasıdır. Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını dünyanın bir sıra ölkələrinin veteranları, o cümlədən beynəlxalq veteran təşkilatları ilə geniş əlaqələr qurub ki, bu da dünya veteranlar hərəkatında uğurla təmsil olunmağımızı, o cümlədən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmağımızı təmin edir.

-Cəlil müəllim, bütün cəmiyyətlərdə nəsillər arasında bağlılığın, mənəvi birliyin güclü, sarsılmaz olması həm cəmiyyətin birliyi, bütövlüyü, həm də milli tarixi yaddaşın yaşadılması baxımından vacib hesab edilir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən yaşlı nəsillə gənc nəsil arasınna bu birlik və harmoniyanın güclənməsi istiqamətində hansı addımlar atılıb?

-Yaşlı nəsil, o cümlədən yaşlı veteranlarla gənclər arasında əlaqələrin güclənməsi, nəsillər arasında mənəvi bağların möhkəmlənməsi hər zaman təşkilatımızın diqqət mərkəzində saxladığı mühüm məsələlərdən biri olub. Təkcə bir faktı qeyd edim ki, 2021-ci il oktyabrın 1-də Bakı Konqres Mərkəzində Təşkilatımız tərəfindən “Nəsillərin görüşü” adlı böyük konfrans təşkil edildi. Hansı ki, bu konfransda həm gənclər, həm də bütün kateqoriyadan olan veteranlar iştirak edirdi. Bundan başqa, 2021-2022-ci illərdə respublikamızın bir sıra bölgəsində təşkilatımız tərəfindən “Nəsillərin görüşü” adlı silsilə konfranslar həyata keçirilib ki, bu konfranslar böyük maraqla qarşılanıb. 9 mart 2022-ci ildə Şirvanda, 15 aprel 2022-ci ildə Şəkidə, 22 aprel 2022-ci il tarixində Qubada və digər rayonlarda “Nəsillərin görüşü” adlı zona konfranslar təşkil olunub, bu konfranslarda veteranların, gənclərin, şəhər ziyalılarının onlarla nümayəndəsi çıxış edib, aktual məsələlər ətrafında açıq diskussiyalar keçirilib. Bütün bu görüş və konfranslarda səslənən fikirlərin ümumiləşdirilməsi bir daha göstərib ki, yaşlı və gənc nəslin bir-biri ilə qırılmaz tellərlə bağlanması olduqca vacibdir.  Gənclik o zaman güclü, o zaman yenilməz olur ki, öz keçmişindən güc alır, öz tarixini, babasının, atasının keçdiyi mübarizə yolunu bilir, onun qəhrəmanlıqlarından dərs alır, öyrənir... Bu baxımdan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman gənclərlə yaşlı nəsil arasında mənəvi bağların güclənməsinə xüsusi önəm verib, bu bağların möhkəmlənməsi üçün əlindən gələni edib.

Bu arada onu da qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqalalr Şurası arasında sıx əməkdaşlıq mövcuddur ki, bu əməkdaşlıqda da məqsəd daha dolğun, daha vətənpərvər, mənəvi dəyərlərə daha dərindən bağlı olan gəncliyin formalaşmasına töhfə verməkdir. Məhz bu məqsədlə 2022-ci ilin 8 iyul tarixində Beynəlxalq Muğam Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə əməkdaşlıq forumu keçirilmişdir. Həmçinin, 12 avqust 2022-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurası arasında 2022-2024-cü illərdə birgə fəaliyyət barədə əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Gənc və yaşıl nəsil arasında təmasların artırılması, gənclərin ağsaqqallarımızın, veteranlarımızın təcrübəsindən, bilik və bacarığından yararlanmasının təmin olunması bundan sonra da təşkilatımız tərəfindən diqqətdə saxlanılacaq, bu istiqamətdə bütün gərəkli addımlar atılacaqdır.

- Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 44 günlük Vətən müharibəsi və post-müharibə dönəmindəki fəaliyyətini necə xarakterizə edərdiniz? Bu fəaliyyət nə ilə yaddaqalan oldu?

-2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın müstəqillik tarixində, o cümlədən hərb tarixmizdə yeni səhifə açdı. Təbii ki, müharibə bütün qurumlar və təşkilatlar, eləcə də fərdlər qarşısında yeni vəzifələr qoydu. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq həmin vaxt qarşımızda duran ən başlıca vəzifə Ali Baş Komandanın ətrafında veteranların sıx birləşməsinə təkan vermək, dövlətimizə, ordumuza dəstək nümayiş etdirmək, düşmənin dezinformasiyalarını ifşa etmək, daxildəki birlik və həmrəyliyin möhkəmlənməsinə təkan vermək idi. Bu məqsədlə də 44 günlük Vətən müharibəsi dönəmində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri haqqında daha dolğun məlumat əldə etməsinə nail olmaq üçün informasiya müstəvisində geniş fəaliyyət göstərmiş, cəmiyyətdə geniş təbliğat işi aparmış, döyüşən orduya, o cümlədən şəhid və qazi ailələrinə dəstək kampaniyalarında yaxından iştirak etmişdir.

Müharibədən sonra 44 günlük Vətən müharibəsinin yüzlərlə iştirakçısı təşkilatımıza üzv olmuş, təşkilatımız tərəfindən keçirilən tədbirlərdə fəal iştirak etmişdir.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq post-müharibə dönəmində də Ermənistanın terror və təxribatçılıq siyasətinə qarşı fəali müabrizə aparmış, bununla bağlı beynəlxalq təşkilatlara, dünya veteranlarına, qabaqcıl dövlətlərə tərəfimizdən müraciətlər ünvanlanmışdı. Nümunə olaraq qeyd edim ki,   2021-ci ilin 4 iyun tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Ermənistanın mina terroru, 13 sentyabr 2022-ci il tarixində isə 12 sentyabr erməni təxribatı ilə bağlı müvafiq bəyanatlarla çıxış etmiş, bütün dünyanın, eləcə də dünya veteranlarının, beynəlxalq təşkilatların diqqətini erməni vəhşiliklərinə cəlb etmişik. Həmin bəyanat təşkilatımız tərəfindən müxtəlif xarici dillərə tərcümə edilərək veteran.gov.az saytında yerləşdirilmiş, həm də müxtəlif beynəlxalq təşkilatlara, diplomatik korpuslara göndərilmişdir.

Təşkilatımız bu gün də erməni yalanlarına, dezinformasiyalarına qarşı mübarizə aparır və bu bu mübarizədə veteranların bilik və bacarığından, təcrübəsindən uğurla istifadə edir.

35 illik yubileyimizi qalib Azərbaycanın veteranları olaraq keçirməkdən şərəf duyuruq.

 -Yaxın gələcəklə bağlı planlarınız nədən ibarətdir? Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq hansı layihələr və yeniliklər haqqında düşünürsünüz?

-Bu il Prezident İlham Əliyevin 5 yanvar 2022-ci il Sərəncamı ilə “Şuşa İli” elan edilmişdi və biz də veteranlarla bilrikdə mədəniyyət paytaxtımıza səfər etdik, Şuşa, onun tarixi, mədəniyyəti, ermənilərin 30 illiik işğal dönəmində bu şəhərdə törətdiyi vəhşiliklər haqqında həm yerli, həm də xarici mediaya açıqlamalar verdik. Təşkilatımızın mətbuat xidmətinin Şuşa ilə bağlı hazırladığı reportajlar bir sıra media orqanlarında geniş şəkildə işıqlandırıldı. İlin sonuna kimi Şuşamızın təbliği, onun zəngin mədəniyyətinin dünyaya tanıdılması istiqamətindəki səylərimizi davam etdirəcəyik.

Gələn il isə xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd ediləcək. Bu müstəvidə də bir sıra layihələr həyata keçirməyi düşünürük ki, məqsəd Heydər Əliyev ideyalarını gənclərə çatdırmaq, onların Ulu öndərin işıqlı ideyaları, xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətləri haqqında daha dolğun təsəvvür əldə etməsinə nail olmaqdır.

Veteranları düşündürən, onları narahat edən problemlərin müəyyən edilərək əlaqədar dövlət orqanlarının diqqətinə çatdırılması, onlarla müvafiq qurumlar arasında əlaqənin təmin edilməsi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük şanlı Vətən müharibəsində qəhrəmanlıq göstərən hərbçilərimizin, həlak olan şəhidlərimizin döyüş yolunun təbliğ edilməsi, onların cəmiyyətə tanıdılması və s. istiqamətində səylərimizi də davam etdirəcəyik. Ümid edirəm ki, bu il olduğu kimi 2023-cü ildə də veteranlarımız cəmiyyətin ictimai həyatında yaxından iştirak edəcək, dövlətimizin inkişafı, respublikamızın çiçəklənməsi üçün əllərindən gələni əsirgəməyəcəkdir.  

Seymur ƏLİYEV

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi

2022-10-11 08:28:00
1217 baxış

Digər xəbərlər

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 97 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz  atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir. Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Hamısını oxu
“Prezidentin VIII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın haqq səsinin növbəti təntənəsidir”

Cəlil Xəlilov: “Bu çıxış bir daha dövlətimizin regional və qlobal tərəqqiyə böyüki töhfələr verdiyini sübut etdi”   “Prezidentin VIII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın haqq səsinin növbəti təntənəsidir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. İlk öncə dövlət başçısının pandemiyaya qarşı mübarizə məqsədi ilə atdığı addımlara diqqət çəkən Cəlil Xəlilov, Prezident İlham Əliyevin problemə yanaşma tərzinin digər dünya liderlərinə də örnək olduğunu vurğulayıb:   “Prezidentimizin VIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı istər siyasi və iqtisadi, istərsə də elmi-mədəni baxımdan mühüm əhəmiyyət kəsb edir. Çünki dövlət başçısı bu çıxışda bir sıra məsələlərə münasibət bildirdi, özünəməxsus yanaşma tərzi sərgilədi. Bu baxımdan prezident İlham Əliyevin koronaviris pandemiyasına qarşı qlobal mübarizəyə verdiyi töhfə xüsusilə qeyd edilməlidir.   Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan dövləti pandemiyanın ilk günlərindən bu bəlaya qarşı birgə mübarizə aparmağın zəruriliyini vurğuladı, bununla bağlı dünya dövlətlərinə çağırışlar ünvanladı. Koronavirusa qarşı vaksin yaradılanda isə Azərbaycanın dövlət başçısı bildirdi ki, bu vaksin iqtisadi gücündən, siyasi nüfuzundan asılı olmayaraq, dünya dövlətləri arasında ədalətli şəkildə bölünməlidir. Hansı ki, Asiya və Afrikanın əksər dövlətlrinin, o cümlədən bir sıra Latın Amerikası dövlətlərinin bu prosesdən əsaslı şəkildə kənarda qaldığı bir həqiqət idi. Məhz belə bir məqamda Prezident İlham Əliyev vaksinlərin ədalətli şəkildə bölüşdürülməsi təklifi ilə çıxış etdi, dünya liderlərini, beynəlxalq təşkilatları bu məsələdə vicdanla davranmağa səslədi.   Xatırladım ki, məhz Azərbaycanın dövlət başçısı Qoşulmama Hərəkatının Sammitində BMT-nin Baş Assambleyasının COVİD-ə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi. Bu çağırış əksər BMT dövlətləri tərəfindən dəstəkləndi və nəhayətdə 2020-ci ilin 3-4 dekabr tarixlərində bu sessiya reallaşdı.   Azərbaycan dövləti ölkə daxilində də pandemiyaya qarşı mübarizə istiqamətində böyük işlər həyata keçirdi. Qısa zamanda 13 yeni dövlət xəstəxanası açıldı ki, bu xəstəxanalar pandemiyadan əziyyət çəkən vətəndaşlarımızın müalicəində mühüm rol oynadı. Vətəndaşlar arasında kütləvi vaksinləmə prosesi həyata keçirildi. Bu və bu kimi addımlar sayəsində pandemiyaya qarşı mübarizədə böyük uğurlara nail olundu. Bununla yanaşı, Azərbaycan bri sıra dövlətlərə tibbi yardımlar göndərdi. Bununla da öz humanist mövqeyini nümayiş etdirdi”.   Cəlil Xəlilov ölkə başçısınınm Vətən müharibəsi və bunu doğuran səbəblər haqqında VIII Qlobal Bakı Forumunun açılışında səsləndirdiyi fikirlərə də münasibət bildirdi:   “Dövlət başçısı məlum Forumda Vətən müharibəsi və bunu doğuran səbəblər, habelə post-müharibə dönəmində dövlətimizin işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi geniş quruculuq layihələrinə də diqqət çəkdi. Prezidentimiz qeyd etdi ki, Ermənistan uzun müddət problemin sülh yolu ilə həllindən imtina etməklə yanaşı, 2020-ci ildən etibarən Azərbaycana qarşı hərbi müstəvidə ciddi təxribatlara əl atdı. Dövlət başçısı bidlirdi ki, sentyabrda Ermənistanın həyata keçirməyə cəhd etdiyi növbəti təxribat müharibəni tətiklədi və bu müharibə Ermənistan ordusunun məğlubiyyəti ilə başa çatdı. Azərbaycan ordusu cəmi 44 gün içində düşməni darmadağın edərək işğaldakı torpaqları azad etdi.   Müharibədən sonra Azərbaycanın bu torpaqlarda həyata keçridiyi qurucluq işləri bir daha dünyaya kimin-kim olduğunu göstərdi. Baş verənlər əməli surətdə göstərdi ki, Azərbaycan xalqı sülhpərvər və yaradıcı xalqdır. Baş verənlər göstərdi ki, Azərbaycan xalqı öz prezidentinin rəhbərliyi altında düşmənin daşı-daş üstündə qoymadığı Qarabağı cənnətə döndərməyə qadirdir və bu istiqamətdə böyük işlər həyata keçirir.   Bir sözlə, Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumundakı çıxışı bir daha dövlətimizin regional və qlobal tərəqqiyə böyük töhfələr verdiyini sübut etdi. Bu çıxış həm də onu göstərdi ki, Azərbaycan dövləti güclənməkdə, beynəlxalq aləmdəki nüfuzunu artırmaqda davam edir və heç bir qüvvə bu prosesin qarşısını ala bilməz”.      

Hamısını oxu
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar hər bir vətəndaşı əhatə edir

Azərbaycanda bütün sahələrdə davamlı inkişaf bir-birini əvəzləyir. Dünyaya nümunə təşkil edən Azərbaycanın iqtisadi-sosial modeli vətəndaşların sosial rifahına və cəmiyyətin inkişafına istiqamətlənib. Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər əsaslı təməllər üzərində dayanır. Dövlətin bu sahədə siyasi xətti gündən-genə nailiyyətlərin daha da artacağından xəbər verir. Bu fikirləri Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində söyləyib. C.Xəlilov bildirib ki, 2019-cu ili respublikamız üçün əlamətdar illərdən hesab etmək olar. Cari ilin birinci yarısının hələ başa çatmamasına baxmayaraq, həyata keçirilən islahatlar əvvəlki illərə nisbətdə daha çoxdur. İmzalanan sonuncu sərəncamlar əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaq. Əmək haqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi fəallığa töhfə verəcək. Bu ilin birinci yarısında Prezident İlham Əliyevin imzaladığı sərəncamlar hər bir vətəndaşın maddi rifah halının yaxşlaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə və onlara dövlət qayğısının daha da artırılmasına xidmət edir. Sosial sahədə islahatların növbəti mərhələsində hazırlanan inqilabi addımlar Prezident İlham Əliyevin “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq etdi. “Sonuncu sərəncamlarda qeyd edilən şəxslərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması nəzərdə tutulur. Sərəncamlara əsasən, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin də əmək haqlarının artırılması vətənin keşiyində dayanan insanlara göstərilən etimadı bir daha təsdiqlədi. Bundan əlavə, minimum əmək haqqının artırılması Azəbaycanda aztəminatlı ailələrin maddi rifah halına müsbət təsirini göstərəcək. İqtisadi sahədə əldə edilmiş mötəbər uğurların sosial sferaya transformasiyası dövlətimizin başçısının bəyan etdiyi sosial iqtisadi kursun başlıca prinsipi olmaqla, cari ilin əvvəlindən etibarən ölkə vətəndaşlarının sosial təminatını əhəmiyyətli dərəcədə artırıb”, - deyə Cəlil Xəlilov vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, ümumilikdə 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı qanunvericilik aktları üç milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu. Bütün bunlar ilk növbədə Azərbaycanda xalqın dövlətinə inamından, vətəndaşın hakimiyyətə göstərmiş olduğu etimaddan, inkaf etmiş, rəqabətə davamlı iqtisadiyyatından xəbər verir. Azərbaycançılıq məfkurəsinə əsaslanaraq həyata keçirilən daxili və xarici siyasi xətt dövlətin doğru əllərdə olmasının və xalq-lider birliyinin təzahürüdür. “Veteranlar da hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyir, xüsusən sonuncu sərəncamların sosial sahədə əhəmiyyətli irəliləyişlərlə nəticələnəcəyinə dərin inam ifadə edirlər. Veteranlar xalqın birliyi və gənclərin vətənpərvər ruhda tərbiyə edilməsində üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər”, - deyə polkovnik C.Xəlilov bildirib.

Hamısını oxu
“Erməni işğalı sadəcə ölkəmizə deyil, həm də sivilizasiya və ümumbəşəri dəyərlərə yönəlik təcavüz idi”

Tamam Cəfərova: “Beynəlxalq təşkilatlar heç olmasa post-müharibə dönəmindən sonra ədalətli və qətiyyətli davranış ortaya qoymalıdır”   Sentyabrın 27-də 44 günlük Vətən müharibəsinin başlanmasının bir ili tamam olur. Xatırladaq ki, bu tarix həm də ölkəmizdə Anım Günü kimi qeyd olunacaq.   Moderator.az olaraq millət vəkili Tamam Cəfərova ilə söhbətimizdə bu tarixi günlə yanaşı, erməni işğalının acı nəticələri, beynəlxalq təşkilatların regiondakı rolu və s. kimi məsələləri müzakirə etməyə çalışdıq.   -Tamam xanım, qarşıdan 27 sentyabr – Anım Günü gəlir. Ilk öncə ölkə başçısının Anım Günü ilə bağlı məlum sərəncamı ilə bağlı fikirlərinizi bilmək istərdik.   -27 sentyabr – Anım Günü ilə bağlı Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı çox mühüm əhəmiyyətə malikdir. Bu, hər şeydən öncə qəhrəmanlarımızın, şəhidlərimizin ölmsüz xatirəsinə sonsuz hörmət və ehtiram nümunəsidir.   Bildiyiniz kimi, ölkə başçısı bütün çıxışlarında Vətən müharibəsindəki tarixi zəfərimizə görə şəhid və qazilərimizə borclu olduğumuzu bildirib, məhz onların qəhrəmanlığı sayəsində 30 ilə qədər işğal altında qalan torpaqlarımızın azadlığa qovuşduğunu vurğualyıb. 27 sentyabr tarixinin Anım Günü kimi qeyd edilməsi torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda həyatını qurban verən şəhidlərimizin əziz xatirəsinin rəsmi səviyyədə əbədiləşdirilməsi, sonsuza qədər yaşadılması deməkdir. Bu baxımdan 27 sentyabrın Anım Günü elan edilməsi xalqımızın sadəcə bugünü deyil, həm də gələcəyi, tarixi yaddaşı, milli şüuru baxımından mühüm əhəmiyyətə malikdir.   -Tamam xanım, Ermənistanın ötən əsrin 90-cı illərində Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq müharibəsi zəminində xaqlqımıza qarşı çoxsaylı hərbi cinayətlər, soyqırımları törətdiyi, minlərlə soydaşımızı amansızcasına qətlə yetirdiyi məlumdur. Bütün insani, mədəni və mənəvi dəyərlərin tapdandığı, gözardı edildiyi bu işğalı sadəcə Azərbaycana qarşı deyil, dolayısı ilə bütün bəşəriyyətə, ümumbəşəri dəyərlərə, sivilizasiya qarşı gerçəkləşdirilən müharibə kimi xarakterizə etmək mümkündürmü?   -Əlbəttə. 30 illik erməni işğalı ilə bağlı aparılan araşdırmalar, ortaya çıxan çoxsaylı faktlar Ermənistanın sadəcə torpaqlarımızı işğal etmədiyini, həm də bəşər hərb tarixində misli görünməyən vəhşiliklərə imza atdığını göstərdi. Birinci Qarabağ müharibəsi və işğal müddətində ələ keçirdikləri ərazilərdə bütün din və mədəniyyətlərə məxsus tarixi, dini, mədəni abidələri məhv edən ermənilər məktəbləri, muzeyləri, kitabxanaları, mədəniyyət evlərini məhv edib, onları yandırıb, daşı daş üstdə qoymayıb. Statistikaya nəzər salsaq görərik ki, Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olmuşdur. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitafon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 dəst səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal olunmuş ərazilərdə qalmışdır. Bu göstəricilər Ermənistanın cinayətlərinin sadəcə miqyasını əks etdirmir. Həm də bu cinayətlərin ümumbəşəri dəyərlərə, ümumilikdə sivilizasiyalı dünyaya qarşı həyata keçirildiyini göstərir. Bu isə o deməkdir ki, Ermənistanın etdiyi cinayətlərə görə beynəlxalq hüquq müstəvisində cəzalandırılmasında bütün dünya maraqlı olmalı, bu məsələdə Azərbaycanın səylərini, haqq işini dəstəkləməlidir.   -Torpaqlarımız işğaldan azad ediləndən sonra Azərbaycanın bu torpaqlarda həyata keçirdiyi ilk işlərdən biri işğal dönəmində ermənilər tərəfindən dağıdılan mədəni-tarixi və dini abidələri bərpa etmək oldu. Hansı ki, məlum proses bu gün də davam etdirilir. Sizcə Azərbaycanın işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi bərpa prosesi işğal dönəmindən qalma yaraları sarımaqla yanaşı,  xalqımızın, dövlətimizin beynəlxalq imicinə necə təsir göstərir?   -Azərbaycan müharibədən sonra ermənilər tərəfindən dağıdılan, məhv edilən tarixi, dini, mədəni abidələrin hamısını bərpa edəcəyini bəyan edib. Həm ölkə başçısı, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə bildirib ki, Qarabağ və ətraf rayonlarda erməni faşistləri təərfindən dağıdılan abidələr hansı dinə, hansı mədəniyyətə mənsub olmasından asılı olmayaraq bərpa ediləcək və qorunub saxlanılacaqdır. Artıq işğaldan azad edilmiş ərazilərimizdə bir sıra abidələrin bərpası prosesi həyata keçirilməkdədir. Bu yanaşmanın özü dölətimizin, dövlət başçımızın və Azərbaycan xalqının humanistliyindən, nəcibliyindən, milli mədəniyyətimizlə yanaşı, həm də digər xalqların mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan xəbər verir. Bu baxımdan Qarabağda həyata keçirilən bərpa prosesinin erməni işğalının ağır nəticələrini ortadan qaldırmaqla yanaşı, həm də dövlətimizin beynəlxalq aləmdəki imicinin daha da güclənməsinə xidmət edir. Hesab edirəm ki, erməni vandalizminin barbarlığı fonunda Azərbaycanın bölgədə həyata keçirdiyi mədəni quruculuq siyasəti dünya xalqlarına kimin-kim olduğunu anlamaqda kömək edəcək, Azərbaycanın sülhpərvər, qurucu siyasətinin daha geniş çevrələr tərəfindən dəstəklənməsini təmin edəcəkdir.   -Tamam xanım, Qarabağ problemi öz həllini tapsa da, bu gün də beynəlxalq təşkilatlardan, beynəlxalq qurumlardan gözləntilərimiz çoxdur. Azərbaycanın apardığı nəhəng quruculuq siaysətinin dəstəklənməsi, müharibədən sonra yenə də müxtəlif təxribatlara əl atan Ermənistana lazımi təzyiqlərin göstərilməsi, rəsmi İrəvanın müharibə və işğal dönəmində xalqımıza qarşı həyata keçirdiyi cinayətlərə görə beynəlxalq məhkəməyə cəlb edilməsi və s. bu gözləntilər sırasındadır. Sizcə Qarabağ probleminin həllinə dəstək verməyən, bəzi hallarda ikili siaysət yürüdən beynəlxalq təşkilatların heç deyilsə bu məsələlərdə ölkəmizə dəstək verməsi ehtimalı nə dərəcədə böyükdür?   -Beynəlxalq təşkilatların, o cümlədən aparıcı dövlətlərin Qarabağ probleminin həllində ölkəmizə dəstək vermədiyi, erməni işğalının ortadan qaldırlması istiqamətində əməli baxımdan ciddi addımlar atmadığı, hətta bəzi hallarda ikili standartlardan çıxış etdiyi yaxın tariximizin acı həqiqətlərindəndir.   Azərbaycan uzun illər Qarabağı probleminin sülh yolu ilə həlli istiqamətində böyük səylər ortaya qoydu. Minsk qrupu vasitəsi ilə işğalçı Ermənistanla uzun sürən danışıqlar aparıldı. Hansı ki, Ermənistanın siyasi riyakarlığı səbəbi ilə bu danışıqlar heç bir nəticə vermədi. BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilsə də, bu qətnamələrin heç birinə praktiki baxımdan əməl edilmədi. Beynəlxalq təşkilatlar qəbul etdikləri qərarların icrasına maraq göstərmədi. Işğalçı Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının, konvensiyaların açıq-aşkar pozulması ilə bağlı minlərlə fakt ortada olsa da, buna görə rəsmi İrəvana heç bir təzyiq göstərilmədi. Məhz bu səbəbdən də Azərbaycan Qarabağ probleminin hərb yolu ilə həll etmək, öz ərazi bütövlüyünü müharibə vasitəsi ilə təmin etmək məcburiyyəti ilə üzləşdi. Ali Baş Komanda İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu cəmi 44 gün içində Ermənistan ordusunu darmadağın edərək düşməni kapitulyasiya sənədinə imza atmağa vadar etdi.   Bir sözlə, beynəlxalq təşkilatların müharibəyə qədərki fəaliyyətləri əsla qənaətbəxş sayıla bilməz.   Post-müharibədən sonra regionda yeni bir dönəmin başlanğıcı qoyulub. Beynəlxalq təşkilatlar post-müharibə dönəminin yaratdığı yeni situasiyadan istifadə edərək daha aktiv və  səmərəli fəaliyyət orataya qoya, öz funksional vəzifələrini praktiki baxımdan reallaşdıra, bu fəaliyyəti tam şəkildə yerinə yetirə bilərlər. Bunun üçün beynəlxalq təşkilatlar Ermənistanın 30 ilə qədər işğal altında saxladığı torpaqlarda törətdiyi vəhşilikləri ifşa etməli, bu dağıntıların miqyas və nəticəsini görməli, tanımalı, aktlaşdırmalıdır. Ermənistanın buna görə beynəlxalaq məhkəmələr vasitəsi ilə məsuliyyətə cəlb edilməsi, vurduğu ziyana görə təzminat ödəməyə məcbur olunması mühüm amillərdən biridir. Erməni faşizminin sadəcə region üçün deyil, bütün dünya üçün kəsb etdiyi təhlükəni dərk etrmək, bu faşizmin yenidən dirçəlməsinə imkan verməmək, Azərbaycan dövlətinin bu yöndəki səylərini dəstəkləmək beynəlxalq təşkilatların öz nüfuzlarının, imiclərinin güclənməsi baxımından da faydalı olar.   Ümid edirəm ki, beynəlxalq təşkilatlar post-müharibə dönəminin yaratdığı bu imkanlardan istifadə edəcək, heç deyilsə bundan sonra Azərbaycana münasibətdə ədalətli yanaşma ortaya qoyacaqlar.   Seymur ƏLİYEV    

Hamısını oxu