Digər xəbərlər
Bu gün Cəlilabad rayon Veteranlar Təşkilatı hərb tariximizə qızıl hərflərlə yazılmış Aprel döyüşlərinin 10 illiyi münasibəti ilə tədbir keçirib. Tədbir torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi yolunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi ehtiramla anıldıqdan sonra başlanılıb. Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman Azərbaycan ordusunun erməni işğalçılarına qarşı 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan Aprel döyüşlərinin tarixi əhəmiyyətindən danışıb və qeyd edib ki, Aprel döyüşləri bütün dünyaya qüdrətli ordumuzun gücünü, qələbə əzmini və ədalətin bərpa olunacağını göstərdi. Şanlı zəfərimizə gedən yolun təməlini qoydu. Aprel döyüşlərində iştirak etmiş igidlərimizdən Məftun İbrahimov və İsmət Əliyev keçdikləri şərəfli döyüş yolundan danışıblar və cinayətkar erməni rəhbərlərinin guya erməni səngərlərinin keçilməz olduğu haqqında uydurduqları mifi alt-üst etdiklərini bildiriblər. Aprel döyüşlərində şəhid olmuş Royal Nəsirovun atası İmran Nəsirov mərdliklə vuruşaraq şəhidlik zirvəsinə ucalmış oğullarımızla qürur duyduğunu dilə gətirib və şəhid ailələrinə və qazilərimizə göstərilən dövlət qayğısını məmnunluq hissi ilə qeyd edib. Cəlilabad rayon İcra Hakimiyyəti Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Füzuli Cəfərov, şəhid ataları Mehman Əliyev, Cahangir Qubadov, Füzuli Teymurov, Qarabağ qaziləri İctimai Birliyi Cəlilabad filialının sədri Maşalla Əliyev, rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Salamat Nəcəfov, DQİDK-nin Cənub bölgəsi üzrə nümayəndəsi Cavidan Rəşidov və başqaları çıxış edərək qeyd ediblər ki, biz torpaqlarımızın işğalı ilə barışa bilməzdik, ona görə də Ali Baş Komandanımız İlham Əliyevin əks-hücum əmri ilə 27 sentyabr 2020-ci ildə igid oğullarımızın şücaəti və sarsılmaz Dövlət-Ordu-Xalq birliyi sayəsində bütün torpaqlatımız erməni faşistlərindən birdəfəlik təmizləndi, Bayrağımız doğma Qarabağımızda yenidən əzəmətlə dalğalanmağa başladı. Tədbirdən sonra tədbir iştirakçıları rayon rəhbərliyi ilə birlikdə rayonun Məlikqasımlı kəndinə gedərək Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Royal Nəsirovun məzarını ziyarət edib, tər güllər düzüblər və ruhuna dualar oxuyublar. Xatırladaq ki, Nəsirov Röyal İmran oğlu 16 mart 1997-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olmuşdur. 2015-ci ilin iyul ayında Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2 aprel 2016-cı ildə Tərtər rayonunda yerləşən cəbhənin təmas xəttində gərgin döyüş zamanı xidməti borcunu yerinə yetirərkən igidlik göstərərək şəhid olmuşdur. Aprelin 9-da Röyal Nəsirovun nəşi doğulduğu Məlikqasımlı kənd qəbiristanlığında dəfn edilmişdir. Röyal Nəsirov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir.
Hamısını oxu
Aqil Şirinov: “Erməni vəhşiliklərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması milli maraqlarımız baxımından mühüm əhəmiyyət kəsb edir” Dekabrın 15-də Rusiya Federasiyasının Müsəlmanları Ruhani İdarəsi və Beynəlxalq Müsəlman Forumunun Katibliyinin birgə təşkilatçılığı ilə “Ekoloji təbliğatdan ekoloji düşüncəyədək: danışıq üslubunun optimal yolunun axtarışı” mövzusuna həsr olunmuş XVII Beynəlxalq Müsəlman Forumu keçirilib. Forumda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Ermənistanın ekoloji terror siyasətini ifşa edib, din xadimlərinin də ekologiyanın qorunmasında fəallıq göğstərməsinin zəruriliyini vurğulayıb. Ermənistanın ekoloji terror siyasətinin bu cür beynəlxalq forum və toplantılarda ifşa edilməsi nə dərəcədə önəmlidir? Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi ekoloji layihələr, təbiətin qorunması istiqamətində atdığı addımlar bütün dünyaya nümunə sayıla bilərmi? Moderator.az-a açıqlama verən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov məlum forum və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının həmin forumdakı çıxışının dövlətimizin maraqları baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı: “Bu cür beynəlxalq forum və toplantılarda ekosistemin qorunması istiqamətində Azərbaycanın gördüyü işlər haqqında məlumat vermək, ermənilərin Qarabağ bölgəsində təbiətə yönəlik vəhşiliklərini ifşa etmək, meşələrin məhvi, su hövzələrinin çirkləndirilməsi və s. kimi cinayətləri dünuya birliyinin diqqətinə çatdırmaq olduqca vacibdir. Bu forum mahiyyət və miqyasına görə olduqca mühüm və əhəmiyyətli forum idi. Sözügedən forumun mövzusu da birbaşa ekologiyaya aid idi ki, bu da müasir dünyamızın ən aktual məsələlərindən biridir. Bu foruma dünyanın böyük din xadimləri - Misirin baş müftisi, Türkiyənin Diyanət İşləri başqanı və s. kimi görkəmli simalar qatılmışdı. Rusiya Müsəlmanları İdarəsinin sədri də həmin forumda təşkilatçı qismində iştirak edirdi. Məhz belə bir mühüm forumda Mübariz müəllim Azərbaycan dövlətinin ekologiyaya verdiyi önəmə toxundu, habelə işğal dönəmində ermənilərin təbiətə yönəlik həyata keçirdiyi terrora diqqət çəkdi. Mübariz müəllim həmçinin bu gün dövlətimizin həmin ərazilərdə həyata keçirdiyi ekoloji layihələrin miqyasından, onun bütün region üçün əhəmiyyətindən danışdı. Ermənilərin ekoloji terror siyasəti XVII Beynəlxalq Müsəlman Forumu çərçivəsində uğurla ifşa edildi. Bildiyiniz kimi, cənab prezidentin tapşırğı ilə Qarabağın bərpası prosesində ekologiyaya mühüm diqqət yetirilir. Ekologiyaya ziyan vurmayan “yaşıl enerji”nin istehsalı və istehlakı hər şeydən öncə təbiətin qorunmasına yönələn layihələrdir. Meşə sahələrinin salınması, yaşıllıqların genişləndirilməsi də Azərbaycan dövlətinin diqqət mərkəzində saxladığı əsas məsələlərdən biridir. Məlum olduğu kimi, ermənilər 30 illik işğal dönəmində təbiətə qarşı əsl terror törədib. Nəticədə, bir çox meşələrimiz məhv edilib. Ermənilər Kəlbəcəri tərk edərkən belə meyvə ağaclarını kəsdilər, meşələri doğrayıb daşıdılar. Bu gün isə cənab prezidentin tapşırığı əsasında işğaldan azad edilən ərazilərdə geniş yaşıllıqlar salınır. Ağdamda böyük meşə massivinin salınması, digər rayonlarda yaşıllıqların genişləndirilməsi gündəmdədir. Ümumiyyətlə, işğaldan azad edilən ərazilərdə yaşıllıqların artıırlması planı mövcuddur. Bütün bunlar Azərbaycan dövlətinin təbiətə, ekologiyaya verdiyi önəmi göstərir və bu baxımdan görülən işlər digər dövlətlər üçün nümunə sayıla bilər”. Seymur ƏLİYEV
Hamısını oxu