Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Gözdən Əlillər Cəmiyyətinin XVIII qurultayı keçirilib

Son beş il ərzində 400-dən çox gözdən əlilliyi olan şəxslərin ailələri mənzillə təmin edilib. Bakı I saylı Tibb Kollecini bitirən görmə məhdudiyyəti olan masajçılar dövlət və özəl tibbi müəssisələrinə işlə təmin olunublar. Dillər Universitetində Korreksiyaedici təlim fakültəsi açılıb. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı internat məktəbdə və Görmə üzrə əlilliyi olan şəxslər üçün sosial bərpa mərkəzində korreksiyaedici təlim fakültəsinin tələbələrinin praktik dərslər keçməsi üçün bir sıra qurumlarla əməkdaşlıq edir. Bakı şəhəri üzrə səsli işıqforların quraşdırılması, piyada keçid xətlərinin qabarıq boya ilə verilməsi, ictimai nəqliyyat vasitələrini, dayanacaq və səkilərin, yaşayış və inzibati binaların, park və bağçaların müyəssərləşdirilməsi, görmə məhdudiyyətli şəxslər üçün güzəştli gediş kartlarının tətbiq edilməsi ilə əlaqədar dünya təcrübəsi öyrənilərək hazırlanan təkliflər paketi aidiyyəti dövlət qurumlarına təqdim edilib. Gözdən Əlillər Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzində Təhsil Nazirliyinin sifarişləri əsasında əvvəllər istifadə olunan keyfiyyətsiz dərsliklər qabarıq təsvirlərlə çap edilmiş dərsliklərlə əvəz olunub. Nəşriyyatda görmə üzrə əlilliyi olan 10 nəfər əmək fəaliyyətinə cəlb edilib.

Veteran.gov.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Gözdən Əlillər Cəmiyyətinin XVIII qurultayında məlumat verilib.

Qurultay Dövlət Himninin səslənməsi ilə başlayıb, Qarabağ uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Cəmiyyətin prezidenti Səmyar Abdullayev hesabat məruzəsində qeyd edib ki, görmə məhdudiyyətli uşaqlar üçün ətraf aləmin dərk edilməsinə dəstək məqsədilə “Daktil əylənək, daktil öyrənək” adlı layihələr çərçivəsində yumşaq materiallardan ibarət daktil kitablar hazırlanıb. Milli Xalça Muzeyi ilə əməkdaşlıq nəticəsində “İnklüziv incəsənət” layihəsi icra edilib. Layihə çərçivəsinə görmə məhdudiyyəti olan gənclərin istedad və bacarıqlarının inkişafı və nümayiş etdirilməsi məqsədilə konsert proqramı və əl işlərinin satış-sərgisi təşkil edilib. Xalça Muzeyinin və Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə həmin kateqoriyadan olan yeniyetmə və gənclər üçün “Gözdən əlillər üçün sosial bərpa mərkəzi”ndə xalçaçılıq və muncuqla toxuma kursları açılıb. Xalça Muzeyində həmin kateqoriyadan olanlar üçün müyəssərlik yaradılıb, əllə toxunma üçün xalça ornamentləri daktil üsulla xovlu və xovsuz saplarla toxunub, maketlər hazırlanıb. Gürcüstan Rəssamlar İttifaqı ilə birlikdə İncəsənət Muzeyində dünya işığından məhrum olan on nəfərə rəsm çəkilməsi öyrədilib və onların rəsmlərindən ibarət sərgi təşkil edilib.

Məruzədə həssas təbəqəyə məxsus olanların sosial adaptasiya, məşğulluq, problemlərinin həlli və sosial rifahının yaxşılaşdırılması sahəsində həlli vacib məsələlərdən bəhs olunub, bu sahədə qarşıda duran vəzifələr göstərilib.

Milli Məclisin deputatları Fazil Qəzənfəroğlu, Vüqar İskəndərov, Elman Nəsirov, İctimai Birliklərin rəhbərləri və Gözdən Əlillər Cəmiyyətinin üzvləri çıxış edərək gələcək fəaliyyətində ictimai təşkilata uğurlar arzulayıblar.

Səmyar Abdullayev növbəti beşillik dövr üçün cəmiyyətin prezidenti, yeni İdarə Heyəti və Məclis üzvləri seçilib.

 

2022-12-29 16:43:00
802 baxış

Digər xəbərlər

İkinci Dünya müharibəsi veteranı Bayraməli Bayramov vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Bayramov Bayraməli Səfər oğlu vəfat edib. Bayraməli Bayramov İkinci Dünya müharibəsi zamanı faşist istilasına qarşı qəhrəmancasına mübarizə aparmış, döyüşlərdə göstərdiyi igidliklərə görə hərbi komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Bayraməli Bayramovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Qərbi Azərbaycanın igid oğlu: Nəbi Nuriyev Balı oğlu

Elə anlar var ki, insanı sınağa çəkir, elə anlar da var ki, insan özü tarixə çevrilir. Nəbi Nuriyev Balı oğlu da elə bu tarixə çevrilən ömürlərdən biri idi. O, təkcə əsgər kimi yox, müəllim kimi, vətəndaş kimi, yurd həsrəti ilə yoğrulmuş bir xalqın siması kimi yaddaşlara həkk olunan bir şəxsiyyətdir. 1922-ci ildə Qərbi Azərbaycanın qədim, xatirələrlə dolu Örs kəndində dünyaya göz açmışdı. O kənd ki, onun hər daşında bir tarix, hər səsində bir nəğmə yaşayır. O torpaqlar təkcə bir coğrafi məkana deyil, minilliklərin daşıdığı türk ruhuna, Azərbaycan mədəniyyətinə şahidlik edən müqəddəs yurda çevrilmişdi. Ancaq bu torpaqlar eyni zamanda göz yaşı, sürgün, yurd nisgili ilə də yoğrulmuşdur. Nəbi müəllimin ömrü həmin ağrıların aynası idi. O, doğulduğu yurdun daşına, torpağına, havasına könül vermişdi. Amma tarix zalım olanda yurd da yarım qalır, yuxular da. O da minlərlə həmsoydaşı kimi köçkünlüyün acısını yaşadı. Doğma Örs kəndinə qayıtmaq ümidi ilə yaşasa da, bu arzu elə onunla birgə əbədiyyətə qarışdı. Amma Nəbi Nuriyev təkcə bir yurd həsrətlisi deyildi, o, həm də qəhrəman idi. 1940-cı ildə hərbi xidmətə çağrıldı. Böyük Vətən Müharibəsi başlayanda Vətənin səsinə ilk hay verənlərdən oldu. Səngərlərdə, cəbhə xəttində, qanın, barıtın, odun içində mərdliklə döyüşdü. 130-cu atıcı alayın tərkibində döyüşlərə qatıldı, bölmə komandiri rütbəsinə qədər yüksəldi. Təkcə Avropanın qanlı səhnələrində yox, uzaq Yaponiyada Vadlin şəhərinədək uzanan döyüş yolunda da qəhrəmanlıqlar göstərdi. Kvantun ordusunun təslim olmasında iştirak etdi.  Bu, bir ömrün yazdığı fəxarət səhifələrindən idi. Göstərdiyi igidliyə görə Nəbi müəllim bir çox orden və medallarla təltif olundu: II dərəcəli "Vətən Müharibəsi" ordeni, Qələbənin 20, 40, 50, 60, 65, 70, 75 illik yubiley medalları, SSRİ Silahlı Qüvvələrinin 70 illiyi ordeni və ən nəhayət, Heydər Əliyevin sərəncamı ilə təqdim edilən “1941–1945-ci illər müharibəsi veteranı” nişanı. Bütün bu təltiflər onu yalnız əsgər kimi yox, həm də milli yaddaşda yaşayan bir obraz kimi yerini təsdiqlədi. Müharibə bitdi, mədəni mübarizə isə davam edirdi. Nəbi müəllim 1993-cü ilə qədər Azərbaycan ordusunda çalışdı. Bu illərdə o, yalnız silahla yox, ağlı, biliklə, təcrübə ilə, vətən sevgisi ilə mübarizə apardı. Müəllim oldu, tərbiyəçi oldu, yol göstərən oldu. Çünki o bilirdi: əsl qələbə yalnız cəbhədə deyil, həm də ruhda, şüurda, gənc nəsildə qazanılır. O, heç vaxt boyun əymədi. Nə sürgünə, nə ağrıya, nə zamanın sərt üzünə. Daxilində daşıdığı yurd həsrətini susaraq deyil, yaşayaraq göstərdi. Nəbi Nuriyev həyatı bir xalqın dərdini, ləyaqətini, inadını və dirənişini daşıyan ömür idi. Bu gün onu yalnız bir müharibə iştirakçısı kimi deyil, həm də bir yurdun, bir millətin vicdanı kimi xatırlayırıq . Qərbi Azərbaycanın yetirdiyi minlərlə igiddən biri olaraq Nəbi müəllim bizə göstərdi ki, yurd itə bilər, amma yurd sevgisi ölməz. Çünki o sevgi bir ömür boyu içimizdə yaşayan məşəldir. Və bu məşəli bizə Nəbi Nuriyev kimi igidlər verib.

Hamısını oxu
Mehriban Əliyevanın Rusiya səfəri dövlətlərarası münasibətləri yeni mərhələyə yüksəldəcək

Müsahibimiz Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovdur - Cəlil müəllim, ölkəmizin I vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiyaya səfəri, burada keçirdiyi görüşlər Azərbaycanla yanaşı, Rusiya ictimaiyyətində və mediasında da böyük marağa səbəb oldu. Sizcə bu səfər iki dövlət arasındakı münasibətlərin inkişafı baxımından nə dərəcədə önəmlidir? -Öncə onu qeyd edək ki, Rusiya Azərbaycana qonşu olan bir dövlətdir. Təbii ki, əlaqələrimiz sıx, mehriban, qonşuluq, strateji əməkdaşlığa söykənir. Rusiya ilə siyasi, iqtisadi, mədəni, humanitar və hərbi sahədə əlaqələrimiz yüksələn xətt üzrə inkişaf etməkdədir. Birinci vitse-prezident Mehriban Əliyevadan öncə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya rəhbərliyi ilə faydalı görüşlər keçirdi. Bu görüşlərdə Qarabağ problemi də müzakirə olundu və hesab edirəm ki, bu məsələdə də irəliləyiş olacaq. Bu baxımdan Mehriban xanımın Rusiya səfərini, orada keçirdiyi yüksək səviyyəli görüşləri olduqca əhəmiyyətli hesab edirəm. Əminəm ki, bu görüş dövlətlərimiz arasındakı ikitərəfli münasibətlərin inkişafını genişləndirəcək və onu mahiyyət etibarı ilə yeni mərhələyə yüksəldəcək. Mehriban xanım Əliyevanın Rusiyada yüksək səviyyədə qarşılanması, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Mehriban xanımı “Dostluq”” ordeni ilə təltif etməsi təqdirəlayiqdir. Bütün bunlar göstərdi ki, Rusiya iki dövlət arasında dostluq və əməkdaşlığın inkişafına böyük töhfə verən Mehriban xanımın fəaliyyətini yüksək qiymətləndirir. - Qarabağ probleminin həllinə Rusiyanın təsir imkanının böyük olduğu Azərbaycan ictimai-siyasi məkanında hər zaman səslənən fikirlərdən biridir. Sizcə Qarabağ konfliktinin həllinə Kremlin təsir imkanı hansı səviyyədədir və Rusiyanın bu məsələdə Ermənistana göstərəcəyi təzyiq nəyi dəyişə bilər? - Rusiya qonşu dövlət, həm də Minsk qrupunun həmsədrlərindən biridir. Rusiya Ermənistanı məcbur edə bilər ki, Azərbaycan torpaqlarını işğaldan azad etsin. Buna Rusiyanın diplomatik, iqtisadi və hərbi gücü imkan verir. Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətdədir. Rusiya Ermənistandan əlini çəksə, Ermənistan bir dövlət kimi tamamilə çökər. Rusiya Ermənistanı düz yola dəvət etməli və onu başa salmalıdır ki, bir dövlət kimi onun inkişafı Qarabağ probleminin həllindən keçir. Rusiya da Ermənistanın təcavüzkarlığından xəbərdardır. Onu da qeyd edim ki, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı Ermənistanda böyük narahatlığa səbəb olmaqdadır. Bu səbəbdən də, Ermənistan zaman-zaman Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirməyə çalışıb. Bu məqsədlə bəzən Ermənistan ortaya yalan məlumatlar yayıb, bununla da bu münasibətlərə xələl gətirməyə çalışıblar. Amma heç nəyə nail ola bilməyiblər. Çünki Rusiyada yaxşı başa düşürlər ki, Azərbaycan qonşu dövlət olmaqla yanaşı həmdə etibarlı tərəfdaşdır, o cümlədən və Rusiya ilə mehriban qonşuluq siyasətinin qorunub saxlanılmasında maraqlıdır. Rusiya hərbi-iqtisadi və siyasi gücünə görə dünyanın aparıcı ölkələrindən biridir. Onun qlobal proseslərə, xüsusilə də MDB məkanındakı proseslərə təsir gücü çox böyükdür. Bizim Rusiya ilə 200 illik tarixi dostluq əlaqələrimiz var. Biz bu əlaqələri daha da inkişaf etdirməliyik. Rusiya xalqı və rəhbərliyi də Azərbaycan həqiqətlərini bilməli, haqqın-ədalətin öz yerini almasına dəstək verməlidir. Azərbaycanın məqsədi sadəcə, öz ərazi bütövlüyünü təmin etməkdir. Bizim heç bir dövlətin ərazisində gözümüz yoxdur və Ermənistandan fərqli olaraq qonşu dövlətlərin ərazisini işğal etmək niyyəti ilə yaşamırıq. - Rusiya ilə əlaqələrin inkişafı ölkəmizə iqtisadi-mədəni baxımdan nə vəd edir? -Rusiya ilə əlaqələrin inkişafı, ölkəmiz üçün iqtisadi-siyasi və hərbi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Rusiya Azərbaycan üçün həm də böyük bir bazardır. Azərbaycanda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsulları daha çox Rusiya bazarında satılır. Bizim orada 3 milyondan çox vətəndaşımız yaşayır. Dövlət rəhbərləri arasında münasibətlər nə qədər isti olsa, oradakı soydaşlarımızın vəziyyəti daha yaxşı olar. Azərbaycanda rus dili, rus ədəbiyyatı, rus mədəniyyətinə böyük maraq var. Ölkəmizdə rus dilində məktəblər fəaliyyət göstərir. Azərbaycanda Rusiyanın Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında həm rus, həm də azərbaycanlı tələbələr oxuyurlar. Eyni zamanda, azərbaycanlılar Rusiyanın ali təhsil müəssisələrində təhsil alırlar. Hansı ki, bu məqam hörmətli Mehriban xanımın Rusiya səfərində də vurğulandı və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən təqdir edildi. - Cəlil müəllim, aldığımız məlumata görə, siz özünüz də Moskvadan yeni qayıtmısınız. Mümkünsə, Moskva səfərinin məqsəd və mahiyyəti ilə bağlı məlumat almaq istərdik. -Moskvada bu günlərdə MDB Dövlətləri Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirildi. Tədbirlərdə mənim də çıxışım oldu. Qeyd etdim ki, MDB Veteranlar Təşkilatı ilə əlaqələrin daha da genişləndirilməsi, II Dünya Müharibəsində iştirak edən ölkələrdə döyüşən Azərbaycan döyüşçüləri haqqında məlumatların toplanması, altı döyüş diviziyamızın hansı ölkələrin ərazisindən keçdiyi, hansı dövlətlərdə döyüşməsinin bir daha dəqiqləşdirilməsi, itkin düşən, döyüşlərdə qəhrəmanlıqlar göstərən şəxslərin müəyyən edilməsi, qəhrəmanlarımızın abidəsinin döyüşdükləri şəhərlərdə ucaldılması və s. məsələləri diqqətə çatdırdım. Bundan əlavə “1941-1945-cı illərdə Böyük Vətən müharibəsində sovet xalqının faşizm üzərində Qələbənin dünyəvi-tarixi əhəmiyyəti, Qələbənin mənbələri, müasir zaman üçün dərslər və nəticələr”” mövzusunda konfrans da keçirildi. Konfransda faşizm ideologiyası, XXI əsrdə faşizmin təsiri, 1941-1945-ci illərdə antifaşist koalisiyasında iki siyasət və iki strategiya, II Dünya müharibəsində SSRİ-nin azadlıq missiyası, ordu və xalqın birliyi, sovet xalqının ön və arxa cəbhədəki mübarizəsi, müharibə illərində sovet xalqının dostluğu əsas müzakirə istiqamətləri oldu. Çıxışımda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Respublikamızda veteranlara göstərdikləri qayğı və diqqətin yüksək səviyyədə olmasını konfrans iştirakçılarının diqqətinə çatdırdım. Azərbaycanda İkinci Dünya müharibəsi ilə bağlı abidələrin qorunub saxlanılması, o cümlədən, tarixi saxtalaşdırmaq cəhdləri ilə bağlı mövqeyimizi də ortaya qoydum. Faşistlərlə əlbir olub sovet döyüşçülərinə qarşı vuruşan erməni satqını Nidjeyə abidə qoyulmasını pisləməklə yanaşı, bunun müharibə qurbanlarının əziz xatirəsinə təhqir kimi qiymətləndirdim. Biz müharibədə qəhrəmanlıq göstərən insanlarımızın xatirəsini hər zaman uca tutmuşuq, onları xalqımıza tanıtmağa çalışmışıq. Onların dünyaya tanıdılması, onların haqqında filmlərin çəkilməsi, kitabların yazılması, itkin düşənlər haqqında məlumatların əldə edilməsinə çalışırıq. Azərbaycanlıların döyüşdüyü ərazilərdə bununla bağlı tabloların, abidələrin yaradılmasında maraqlıyıq. Çalışırq ki, bu ölkələrin həm veteran təşkilatları, həm dövlət orqanları ilə daim əlaqə yaradaq və bu işləri həyata keçirək. Bunun çoxuna nail olmuşuq. Serbiyada, Sloveniyada, Ukraynada, Moldovada, Sevestopolda, Taqanroqda, Volqoqradda, Moskvada və Moskva ətrafındakı döyüşlərdə vuruşan döyüşçülərimizlə bağlı müxtəlif abidələr qoyulub və bu, bizim üçün qürurvericidir. - Konfransda Qarabağ problemi, onun həlli zərurəti ilə bağlı müzakirə aparıldımı? -Mən konfransda bir təkliflə çıxış etdim. Xatırlatdım ki, gələn il faşizm üzərində qələbənin 75 illiyini qeyd edəcəyik. Arzu edərdik ki, müharibə dövrünün dostluq mühitini qaytarmaq üçün MDB dövlətləri bir-birlərinə həmin dövrün dostluq münasibəti ilə yanaşsın. Azərbaycanla yanaşı, bəzi ölkələrdə də SSRİ-nin süqutundan sonra müharibə ocaqları yaranıb. İstərdik ki, MDB ölkələrinin başçıları bununla bağlı xüsusi tədbirlər keçirsinlər. Faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində bu konfliktlərə son qoysunlar. Mən MDB Veteranlar Təşkilatına bununla bağlı təklif vermişəm. İstəyirəm ki, MDB Veteranlar Təşkilatı adından MDB dövlətləri başçılarına müraciət edək. Ümid edirəm ki, belə bir müraciət baş tutacaq, işğalçı Ermənistanın təcavüzkar siyasəti bir daha ifşa olunacaq. Ümid edirəm ki, MDB dövlətləri qaldırdığımız problemə diqqət yetirəcək, onun həlli istiqamətində müvafiq addımlar atacaqlar. Hesab edirəm ki, bu, MDB məkanındakı konflikt və qarşıdurmaların həlli baxımından faydalı olar. Şəmsiyyə Əliqızı, “İki sahil”

Hamısını oxu
Polad Həşimov və İlqar Mirzəyevə Milli Qəhrəman adı verildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb. Publika.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib: Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra) Mirzəyev İlqar Anzor oğlu – polkovnik (ölümündən sonra) Hüseynov İbad Mövsüm oğlu – ehtiyatda olan baş çavuş.

Hamısını oxu