Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ziyalılığın təcəssümü

MÖHÜBBƏT NURULLAYEV - 85 ONLAR MASALLIDANDIR           

Müəllim ömrü. Bu ömür tuş qələmlə səliqə-sahmanla, aldığı Fəxri fərmanlar, təşəkkürlər, fəxri adların, medalların vəsiqəsində yazılıb. Ali təhsil diplomunda qeyd olunub, əmək kitabçasında bir-birinin ardınca düzülüb. Bir ziyalı ömrünü bəzəyən, bir şəxsiyyətə başucalığı gətirən ömür! Möhübbət müəllimin mənəviyyatını oxucu üçün açır, onu oxucuya tanıdır.

İnsan şəxsiyyətinin qiyməti, onun əməyə, təhsilə münasibəti, zəhmətsevərliyi, peşəsinə vurğunluğu ilə ölçülür. Belə insanlar ümidimizi sönməyə qoymurlar, həyat yollarında köməyiniz, dayağımız olurlar. Cəmiyyətdə nə qədər şəxsiyyətli adamlar çoxdursa, cəmiyyət də bir o qədər zəngin görünür. 

Bu yazıda söz açdığım Möhübbət müəllim də öz xarakteri ilə Azərbaycan torpağında ucalan ziyalılarımızdandır. 

Ziyalılığa, elm, bilik nuru saçan insanları şəxsiyyət kimi formalaşdıran peşə sahiblərinə borcumuz çoxdur. Müəllimlər insanın şəxsiyyət kimi yetişməsində ən böyük zəhməti olan insanlardır. Bu peşə sahiblərinin adı onlar üçün ən böyük şan-şöhrət, əvəzedilməz zirvədir. 

Müəllimin fəaliyyəti, zəhməti cəmiyyətlə bağlıdır. Cəmiyyətə nüfuz edir. Gənc nəslin gələcəkdə bizi əvəz edənlərin ziyasından elm, təhsil vərdişi yaradır. Cəmiyyətin əvəzedicini hazırlayır. Ona görə də insanların belə adamlara təmənnasız xidmətkarlarına - müəllimlərə borcu çoxdur. Bu borcu Möhübbət müəllimi tanıyanlar hiss edir. 

Yüzlərlə şagirdləri bu gün vəzifələrdə çalışır, elm adamlarıdır. Onlar həmişə ustadlarının hörmətini saxlayırlar. 

Möhübbət müəllimin dərs dediyi məktəblərin coğrafiyası genişdir. Onun keçdiyi mənalı və şərəfli yolunu vərəqləyək.

   

 TƏRCÜMEYİ - HALINDAN SƏTİRLƏR:

  

NURULLAYEV MÖHÜBBƏT AYAZ OĞLU

10 aprel 1938-ci ildə Masallı rayonunun Lürən kəndində anadan olmuşdur. 

İkinci Dünya müharibəsi başlananda 3 yaşı vardı. Atası Ayaz kişi cəbhəyə yola düşəndə balaca Möhübbəti öpüb qucaqlamaq istəyəndə o tez qaçaraq Fati anasının qucağına sarıldı və ağladı. Bu onun atası ilə son görüşü oldu. Ayaz kişi müharibədən qayıtmadı və itkin düşdü. Fati ana 3 yaşlı Möhübbəti və körpəsini - Cənnəti atasız böyütdü, onlara həm ata oldu, həm də ana...

   

 MÖHÜBBƏT MÜƏLLİMİN DEDİKLƏRİNDƏN:

  

  - Atam Ayaz Nurullayev 1941-ci ilin dekabr ayında cəbhəyə gedib və müharibədə itkin düşüb. Atamın simasını çox çətinliklə xatırlayıram. Atam haqqında düşünərkən gördüklərim, bildiklərim və eşitdiklərim gözlərim önündə canlanır. Bu zaman uşaq kimi kövrəlirəm, müharibəni törədənləri dönə-dönə lənətləyirəm. Biz zamanın burulğanında məhv olmadıq, böyüdük, yaşa dolduq, təhsil aldıq və ailə sahibi olduq. 

Anam Nurullayeva Fati Niftulla qızı 1913-cü ildə Masallı rayonunun Lürən kəndində anadan olub. 2000-ci ilin iyun ayının 27-də vəfat edib. 

İki qardaş olmuşuq - mən və Cənnət. Oxuduq, işlədik, çox əziyyətlə böyüdük. Qardaşım - Nurullayev Cənnət Ayaz oğlu 25 avqust 1942-ci ildə anadan olub. Türkmənistan Respublikasının Türkmənbaşı şəhərində Tibb kollecində feldşerliyi oxuyub. Sankt-Peterburq, Kaluqa və Moskva şəhərində "Sokolnik" sanatoriyasında baş həkimin müavini olub. Yüksək ixtisaslı həkim kimi 44 il işləyib..."

Gənc Möhübbət ilk təhsilini Ərkivan qəsəbəsində "Ağ Məktəb"də alıb. Sonrakı 1958-1960-cı illərdə kənddə o vaxtkı "Çapayev" adına kolxozda təsərrüfatın müxtəlif sahələrində çalışıb. Gəncliyi müharibədən sonrakı illərə təsadüf edib. Kəndin, təsərrüfatın dirçəlişində arxa cəbhədə çalışanlar da döyüşçü idilər. Gənc Möhübbət də qolunu çırmayıb istehsalatda canı-dildə işlədi.

İnsan harada işləyərsə, öz işini dəqiq, təmiz görməli və özünə hörmət qazanmalıdır. Onun zəhmətkeşliyindən çox danışmaq, yazmaq da olar. Bu yolun çətin anları da olub, sevinc anları da... İstehsalatdan sonra ali məktəbə qədəm qoydu. 

1960-1965-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil aldı, fizika-riyaziyyat müəllimi diplomu ilə ali təhsillilər sırasında kəndə qayıtdı. Həmin ildən taleyini məktəbə bağladı.

   

 1965-1970-ci illərdə Masallı rayonunun Mollaoba kənd 8 illik məktəbində fizika-riyaziyyat müəllimi, 1970-1976-cı illərdə Masallı rayonunun Bədəlan kənd orta məktəbində fizika-riyaziyyat müəllimi, 1976-2011-ci illərdə Masallı rayonunun Lürən kənd Faiq Şükürov adına orta məktəbində fizika-riyaziyyat müəllimi işləmişdir. Təqaüdə çıxana qədər doğma Lürən kəndində zəhmətkeş balalarına dərs demişdir. Təkcə elm, bilik öyrətməmiş, onları həyatın qədrini bilməyə, düz yola çağırmışdır. 

 Böyük Məhəmməd Füzulinin şeirlərinin birində deyildiyi kimi:

         Ömrün əziz ikən təbin təzələr,

         Dünya zəncirinə bağlama hədər.

         Allaha xoş gedən xeyirli iş gör,

         Qoyma ki, həyatın keçə bisəmər.

Müəllim adı ona verilən bütün təşbehlərdən üstündür. Həyatımızı müəyyən məcraya yönəldən, bizi elm, bilik yoluna çıxaran müəllimlərimizin əli əlimizdə olanda güclü, qüvvətli oluruq. Möhübbət müəllim də belə ziyalılarımızdandır. O da elmi, savadı ilə neçə şagirdin ömrünə çıraq tutub. 

Möhübbət müəllim ictimai işlərdə daha çox fəallığı ilə tanınıb. 1960-cı ildən Respublika Həmkarlar İttifaqının üzvü və Masallı rayon Təhsil İşçiləri Həmkarlar İttifaqının Lürən kənd məktəb həmkarlar təşkilatının sədri olmuşdur. 

1990-cı ilin mart ayına qədər 28 saylı seçki Dairəsindən Masallı rayonu Musaküçə kənd Xalq Deputatları Sovetinə deputat seçilmişdir. 

11 noyabr 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 

19 sentyabr 2013-cü il tarixdə təqaüdə çıxıb. 

    1 iyul 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Əmək veteranı" adına layiq görülmüşdür. 

 Masallıda Möhübbət Nurullayevi təcrübəli fizika-riyaziyyat müəllimi, təhsil işini yaxşı bilən mütəxəssis, gözəl insan, səmimi ailə başçısı kimi tanıyırlar. Həmişə xoş təbəssümlü, gözlərində parlaqlıq, həyat eşqi gördüyümüz bu insana 85 yaşı olmasına ilk baxışdan şübhə edirsən. Ölçülü-biçili hərəkətlərinə fikir verəndə, məşvərət - məsləhətlərinə qulaq asanda, müsahib olanda isə bu həqiqətə inanırsan.

Möhübbət müəllim 1978-ci ildə Gülməxmər Şəküllə qızı ilə ailə həyatı qurub.1959-cu il təvəllüdlü Gülməxmər ana Lürən kənd məktəbində işləyib. 2016-cı ildə 4 sentyabrda vaxtsız dünyasını dəyişib, Lürən kənd qəbristanlığında dəfn olunub. Allah rəhmət eləsin!

Möhübbət müəllim bir valideyn kimi övlad yolunda çox əziyyətlər çəkib. Həyat yoldaşı Gülməxmər xanımla cəmiyyət üçün layiqli, yararlı övladlar böyüdüblər. Dəyərli məsləhətləri, gözəl tərbiyəsi ilə balalarının yoluna işıq saçıb Möhübbət müəllim! Onlara tələbkar olduğundan hər birini xasiyyətcə gözəl formalaşdırıb. 

Altı övlad - 5 oğul, 1 qız tərbiyə edən Möhübbət müəllimə bu işdə ömür yoldaşı Gülməxmər ana həmişə dayaq olub. Övladları - Tariyel, Maqsud, Fidan, Qoşqar, Əlisəfa, Ayaz. Onlar da bu günümüzün yaradıcılarıdırlar. Ataya, anaya öz hərəkətləri ilə şöhrət, hörmət gətirmişlər. Atalarını "ATA", analarını "ANA" adı ilə çağıran övladlar bu müraciətin şirinliyini həmişə qoruyub saxlamışlar.

Möhübbət baba ilə Gülməxmər nənənin 11 nəvəsi vardır. Mənzər, Nihat, Fatimə, Fayaz, Firuzə, Fariz, Ariz, Nurgül, Aygül, Gülməxmər, Miray adlı şirin-şəkər nəvələri baba ilə nənənin ömür bağçasının çiçəkləyən arzuları və davamçılarıdırlar.

 

2023-04-08 20:15:02
1075 baxış

Digər xəbərlər

Səngərdə doğulan günəş - Fatma Səttarova

Bəzən bir insan bir əsrin yükünü çiyinlərində daşıyır. Sanki tarix onun nəfəsində danışır, zaman isə onun gözlərində qərar tutur. Belə insanlar nadir doğulur. Onlar yalnız bir dövrün deyil, bütöv bir xalqın yaddaşına çevrilirlər. Onlardan biri də şəfqətin səngərində, mübarizənin meydanında, ön cəbhədə sübuta yetirən, ləyaqətin cəmiyyətdə rəmzinə çevrilən Fatma Hüseyn qızı Səttarovadır.  Fatma Səttarova 1922-ci ildə Bakı şəhərində anadan olmuşdu. Ailənin tək övladı idi. 1940-cı ildə Bakı Tibb Texnikumunu bitirmişdi. Cəmi bir il sonra 1941-ci ilin yanvarında ailə həyatı qurmuş, lakin bu xoşbəxtliyin ömrü cəmi beş ay sürmüşdü. İyun ayında İkinci Dünya müharibəsi başlandı. Fatma xanım 18 yaşında olmasına baxmayaraq könüllü olaraq cəbhəyə yollandı. Faşizm üzərində qələbə üçün ölümə çarpışmaqdan belə çəkinmədi. Bu gənc qadın ön xəttdə şəfqət bacısı kimi xidmət göstərməyə başladı. Moskova uğrunda gedən mübarizə ilə qəhrəmanlıq tarixi yaradan Fatma xanım Səngərlərdə yaralı əsgərləri ölümün pəncəsindən xilas edir, həyatla ölüm arasındakı sərhəddə ümid paylayırdı. Leninqradın mühasirəsi zamanı Ladoqa gölünün üzərində salınmış məşhur “Həyat yolu”ndan keçərək döyüş bölgələrinə ərzaq və dərman daşıyır, yaralıları təhlükədən uzaqlaşdırırdı. Göydən bombaların yağdığı anlarda belə insanlıq və mərhəmət hissini itirmədi. Müharibə onu əymədi əksinə, daha da möhkəmləndirdi. O, Berlinə qədər döyüş yolu keçdi. Lakin 1945-ci ilin əvvəllərində Macarıstanda xəstələndi və ordudan tərxis olundu. Yaralı əsgərlərlə dolu eşalonu müşayiət edərək Bakıya döndü. Üç ay sonra isə böyük Qələbə elan olundu. Fatma Səttarovanın həyatında müharibədən sonra yeni səhifə açıldı. Tibb sahəsini tərk edərək Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsində təhsil aldı. Sonrakı illərdə müxtəlif dövlət qurumlarında çalışdı. Amma onun ən böyük vəzifəsi xalqa və Vətənə xidmət idi. İctimai fəaliyyətə qoşulan Fatma xanım Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında çalışmağa başlamış və 2021-ci ildə bu qurumun sədri təyin olunmuşdu. Bu vəzifədə o, bütün veteranlar üçün çalışırdı. Onların sosial rifahı, mənzil və tibbi təminatı kimi məsələlərin həllində fəal mövqe tutdu. Məktəblərdə və hərbi hissələrdə gənclərlə görüşlər keçirərək vətənpərvərlik ruhunun formalaşmasına mühüm töhfə verdi. Fatma xanımın rəhbərliyi dövründə təşkilat nəfəs alan bir ailəyə çevrilmişdi. Bu ailənin hər bir üzvü bu gün Fatma xanımı dərin minnətdarlıqla xatırlayır. Onun adı çəkiləndə yalnız keçmiş yada düşümür, həm də gələcəyin yol xəritəsi göz önündə canlanır. Fatma Səttarovanın həyat yolu dövlət rəhbərləri tərəfindən də yüksək qiymətləndirilmişdir. Ümummilli Lider Heydər Əliyev onunla bir neçə dəfə görüşmüş, xatirələrini dinləmiş, onu “Azərbaycanın qəhrəman qızı” adlandırmışdı. Daha sonra Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ilə bir çox tədbirlərdə fəxri qonaq kimi iştirak etmiş, onların təşəbbüsü ilə keçirilən layihələrdə fəallıq göstərmişdir. Prezident İlham Əliyev onun haqqında belə demişdi: “Fatma Səttarova kimi insanlar bizim milli sərvətimizdir.” 2021-ci ilin 9 may tarixində onun şərəfinə Silahlı Qüvvələrin Fəxri Qaraulu düzülmüş, 2022-ci ildə isə "İstiqlal" ordeni ilə təltif olunmuşdu. Eyni zamanda, “Qələbənin 75 illiyi”, “Vətənin fəxri” və “Veteran Həmrəyliyi” medallarına layiq görülmüşdü. Fatma xanım 14 sentyabr 2024-cü ildə vəfat etdi və II Fəxri Xiyabanda dəfn olundu. Ömür yolu ilə nəsillərə örnək olan Fatma xanımın yoxluğu Təşkilatımızın üzvləri üçün ağır bir itki oldu. Onun məzarı bu gün veteranların əziz xatirəsinin yaşadılacağı bir and yerinə çevrilib. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva dəfn mərasiminə əklil göndərərək ona olan yüksək ehtiramlarını ifadə etmişdilər. İndi isə Təşkilat olaraq deyirik: “Nur içində yat, Fatma xanım. Allah sənə rəhmət eləsin. Biz səni heç zaman unutmayacağıq. Sən bizim yaddaşımızda, dualarımızda yaşayacaqsan. Vətənə və xalqa etdiyin xidmətlər daim xatırlanacaq, adın nəsillərdən nəsillərə ötürüləcək. Ruhun şad olsun! Polkovnik Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri  

Hamısını oxu
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı polkovnik Cəlil Xəlilovu qəbul edib

19 mart 2026-cı il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovu qəbul edib.  Görüşdə dövlətimizin şəhid ailələri və veteranlara olan diqqət və qayğısına diqqət çəkən Müharibə, Əməlk və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Xaçmaz Rayon İcra Hakimiyyətinin də həssas kateqoriyadan olan vətəndaşlara hər zaman xüsusi həssaslıqla yanaşdığını bildirib və buna görə icra başçısına öz təşəkkürünü bildirib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri və veteranlara qayğı ilə yanaşmağın hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib, bu münasibətin bundan sonra da eyni həssaslıqla davam etdiriləcəyini vurğulayıb. Görüşdə Xaçmaz Rayon İcra Hakimiyyəti ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları arasında əməkdaşlığın genişləndirilməsi, birgə tədbirlərin keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Qeyd edək ki, görüşdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Ərazi-təşkilat və ictimai-siyasi  məsələlər şöbəsinin müdiri Günel Nurəddinova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyev, Xaçmaz Rayon Veteranlar Təşkilatının sədri Abasyar Heydərov da iştirak edib. Seymur ƏLİYEV

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı anım tədbiri keçirib

Cəlilabad rayon Veteralar Təşkilatı  Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı tədbir keçirib. Anım tədbirində  Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə  rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman Xocalı  faciəsi ilə bağlı ətraflı məlumat verib, bu soyqırımın öz ağlasığmaz qəddarlığı  ilə xalqımızın yaddaşında heç zaman unudulmayan bir tarix səhifəsi olduğunu bildirib. O, həmçinin  Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü fəaliyyətləri xüsusi vurğulayıb. Anım mərasimində Əmək və Müharibə veteranlarından Əsədulla Əliyev, Zaman Qarayev, Araz Əhmədov, Maşalla Əliyev, şəhid ataları Arif Abdullayev, Fazil Ağayev, şəhid qardaşı Sakit Üçtəpəli, yazıçılardan Əfrahim Abbas, Əlövsət Tahirli, İman Abdulla, Mikayıl İnçəçaylı, ictimai fəal Famil Səlimov və başqaları çıxış edərək   qeyd  ediblər ki,   Vətən müharibəsində igidlik nümunələri göstərən qəhrəman ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Çıxış edənlər qürur hissi ilə bildiriblər ki, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu gün artıq Xocalı sakinləri işğaldan azad edilmiş doğma yurd-yuvalarına  geri qayıdırlar.

Hamısını oxu
Türk dünyasının hərbi gücü artır

Hamısını oxu