Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nəsib Məhəməliyev: “Azərbaycanla Litva arasında münasibətlər tarixi köklərə əsaslanır”

Veteran.gov.az xəbər verir ki, millət vəkili Nəsib Məhəməliyev Litvaya səfər edib, bir sıra görüşlər keçirib. Millət vəkili sosial şəbəkədəki hesabında bu barədə ətraflı məlumat verib. Məlumatda deyilir:

“Mayın 29-dan iyunun 2-dək hörmətli həmkarım Rasim Musabəyovla birlikdə Litva Respublikasında səfərdə olduq. Səfər çərçivəsində Litva seyminin iqtisadiyyat, energetika komitələrində, Azərbaycanla işçi qrupunun üzvləri, 1-ci və digər üç vitse-spikerlə, müxtəlif fraksiyaları təmsil edən deputatlarla görüşlər keçirdik. 28 May Müstəqillik Günü münasibətilə, ölkəmizin Litvadakı səfirliyinin təşkil etdiyi Bayram tədbirində iştirak etdik.

Görüşlərin yüksək səviyyədə keçdiyini, qaldırılan məsələlərlə bağlı tərəflərin mövqeyinə açıq şəkildə aydınlıq gətirildiyini, əksər məsələlərdə baxışlarımızın üst-üstə düşdüyünü xüsusi olaraq vurğulamaq istərdim.

Siyasi və təhlükəsizlik məsələlərinin müzakirəsində, Prezidentlər İlham Əliyevlə, Gitanas Nausedanın qarşılıqlı səfərləri, əldə olunmuş razılaşmaların, ölkələrimizin maraqlarına uyğun olduğu, xalqlarımızın bir-birinə yaxınlaşmasının əhəmiyyətinə toxunuldu.

Dövlətlərarası münasibətlərdə parlament diplomatiyasının əhəmiyyəti danılmazdır və görüş ərəfəsində, ötən il Milli Məclisin sədri Sahibə xanım Qafarovanın Litvaya, Seymin vitse-spikerinin başçılığı ilə, nümayəndə heyətlərinin ölkəmizə səfəri xatırlandı. Xüsusilə, litvalı deputatların Qarabağda erməni vəhşiliklərini öz gözləri ilə görmələri, ,,qədim,, ,,mədəni,, millətin apardığı təbliğatla tərs mütənasib olduğu qeyd olundu. Litvada kifayət qədər güclü, ifrat dərəcədə həyasız erməni diasporasının olmasına rəğmən, dostlarımızın sayının getdikcə artması, mövqeyimizi müdafiə etmələri təbii ki, bizi sevindirir. Təsəvvür edin; Litva vətəndaşı olan yazıçı soydaşımız ölkə başçısının sərəncamı ilə ordenlə təltif olunur. Diasporanın hay-küyü azmış kimi, Ermənistan səfiri bütün diplomatik normaları pozur və prezident administrasiyasına rəsmi etiraz məktubu göndərir. Təbii ki, administrasiya rəhbəri tərəfindən layiq olduğu cavabı alır. Nəzərinə çatdırılır ki, burnunu lazım olmayan yerlərə soxmasın və kimin mükafatlandırılması, yaxud digər məsələlərlə bağlı onun məsləhətlərinə qətiyyən ehtiyac yoxdur.

Görüşlərdə, Ermənistanla münasibətlər, sülh müqaviləsinin imzalanmasına mane olan amillər, mina problemləri, işğaldan azad olunmuş ərazilərdə aparılan geniş miqyaslı infrastruktur layihələri, tikinti-quruculuq, bərpa işləri, “Böyük Qayıdış” planı barədə litvalı həmkarlarımız məlumatlandırıldı.

GÜAM parlament assambleyasının işinin canlandırılması, Türkiyədə keçirilən seçkilər, Avropaya qaçqın köçünün qarşısının alınmasında, taxıl probleminin həllində Türkiyənin rolu, Ukrayna böhranı və bir çox regional məsələlərlə bağlı həmkarlarımızın sualları cavablandırıldı və maraqlandırılan məsələlərə münasibətimizi bildirdik. Avropa İttifaqında, Azərbaycan həqiqətlərinin, maraqlarının daha effektiv şəkildə təmin olunması üçün, Baltik Assambleyasının imkanlarından istifadə edilməsi təklif olundu.

Rusiya-Ukrayna müharibəsi fonunda, Avropa İttifaqının enerji təhlükəsizliyində, Orta Xətt marşrutunun əsas bəndi kimi nəqliyyat-logistika sahəsində, Pandemiya ilə mübarizədə, Qoşulmama Hərəkatının sədri olaraq, qlobal və regional təhlükəsizliyin qorunub saxlanılmasında ölkəmizin oynadığı rol qeyd olundu.

Azərbaycan enerji resurslarının Litvaya çatdırılması, nəqliyyat-logistika baxımından, texniki cəhətdən mürəkkəb olması faktdır. Lakin, Litvalılar, ÜmumAvropa məkanında enerji daşıyıcılarının qiymətinin sabit qalmasında ölkəmizin verdiyi töhfəni başa düşür və yüksək qiymətləndirirlər.

Litva, beynəlxalq miqyasda Ukraynanın həm siyasi, həm də hərbi cəhətdən dəstəklənməsini sərt və ardıcıllıqla təşkil edən dövlətlərdən biridir. Paytaxt Vilnüs daxil, ölkənin bütün regionlarında, inzibati binalarda, küçələrdə, meydanlarda Ukrayna bayraqları görünür. Ukraynanın müdafiəsini özü üçün müqəddəs, şərəfli vəzifə hesab edən Litvalılar hər görüşdə, Prezident İlham Əliyevə göstərdiyi humanitar yardımlara ğörə təşəkkürlərini bildirirdilər.

İqtisadi müzakirələrlə bağlı qeyd olundu ki, ölkələrimiz arasında illik ticarət dövriyyəsi 62 milyon ABŞ dolları təşkil edir. Müəyyən artımların olmasına rəğmən, göstərilən rəqəmlər, bəzi obyektiv səbəblər üzündən, real potensialı əks etdirmir. 2000-ci ildə Baltik Assambleyası tərəfindən irəli sürülmüş Şimal-Cənub nəqliyyat dəhlizi fəaliyyətə başlasaydı, tam fərqli nəticələr ola bilərdi. Hindistan, Pakistan kimi Asiya ölkələrini Azərbaycan, İran vasitəsilə Baltikyanı respublikalarla, daha sonra isə, Şimali Avropa ilə birləşdirəcək dəhliz, dövlətlərarası ticarət dövriyyəsini dəfələrlə artıra bilərdi. Lakin, cənub qonşumuzun anlaşılmaz, məntiqsiz, destruktiv siyasəti nəticəsində Astara-Rəşt dəmir yolu xətti birləşdirilmədi. Baxmayaraq ki, həmin yolun tikintisi qısa zaman ərzində başa çatdırılmaı idi və maliyyə məsələlərini Azərbaycan öz üzərinə götürmüşdü.

Litva biznesinin Azərbaycanda və yaxud əksinə, Azərbaycan sahibkarlarının Litvaya qarşılıqlı investisiya imkanları, iqtisadi perspektivlər müzakirə olundu. Litva rəqəmsal iqtisadiyyat, biotexnologiya, energetika, alternativ və bərpa olunan enerji, günəş panellərinin istehsalı, optika, müdafiə sənayesi, kənd təsərrüfatı və qida sənayesi, təhsil, səhiyyə sahəsində əhəmiyyətli inkişafa nail olmuşdur. Litva, ölkə daxilində yanacaq bazarının düzgün tənzimlənməsi üçün Azərbaycan Dövlət Neft Şirkəti,(SOKAR)-la əməkdaşlıqda, ətraf mühitin qorunması üçün ekoloji proqramların icrasında, kadr hazırlığında maraqlıdır.

Regionlara səfər çərçivəsində Kaunas tibb universitetində maraqlı görüşümüz oldu. Kaunas universiteti dünya miqyasında tanınmış, yüksək reytinqli, Avropa İttifaqından tutmuş, İsrailə, Amerika qitəsinə qədər bir çox ölkələrdən tələbələrin oxuduğu təhsil ocağıdır. Təqdimatdan bəlli oldu ki, Universitetin beynəlxalq əlaqələri kifayət qədər genişdir və dünyanın bir çox ölkələri ilə əməkdaşlıq edilir. Təəccüblü olsa da, ən çox tələbə İsraildən, İsveçdən, Norveç, Danimarka kimi inkişaf etmiş ölkələrdən təhsil alanlardır. Universitetdə genetika, farmasevtika, nevrologiya, neyrocərrahiyyə və digər sahələr üzrə ciddi elmi tədqiqatlar aparılır. Ən maraqlısı isə, Universitetin nəzdində Veterinar akademiyasının yaradılması, onların birgə fəaliyyətlərinin təşkilidir.

Ümumiyyətlə, Litvada təhsilin səviyyəsi yüksəkdir və 200-dən artıq azərbaycanlı gənc orada təhsil alır. Əsasən, müasir dünyanın ən aktual problemlərindən sayılan, kibertəhlükəsizlik üzrə təhsil alan gənclərlə, səfirliyimizin təşkil etdiyi tədbirdə görüşümüz oldu və razılıqlarını bildirdilər. Bir çoxları dövlət tərəfindən təqaüdlər alır.

Kaunas Universitetinin rektoru akademik Benetis, ötən il Litva prezidentinin səfəri zamanı Azərbaycana gəlmişdi. Onunla Litvada və Azərbaycanda bir neçə görüşümüz olmuş və hər dəfə ölkəmizlə əməkdaşlıq etmək istədiyini bildirmişdi. Universitet kadr hazırlığı üçün Avropa İttifaqının təşkil etdiyi proqramlarda iştirak edir və maliyyə imkanlarından yararlanır. Bu məsələ, Litva seyminin vitse-spikeri Yonas Yarutisin hörmətli Sahibə xanım Qafarova ilə görüşündə də qaldırılmış və nəzarətə götürülmüşdür. Hesab edirəm ki, səhiyyə nazirliyimiz bu məsələni diqqətdə saxlamalıdır.

Azərbaycanla Litva arasında münasibətlər tarixi köklərə əsaslanır və Prezident İlham Əliyevin apardığı çox vektorlu siyasət nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmışdır. Əməkdaşlığımız dövlətlərimizi, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, dostlarımızın sayını artıracaqdır. Hər kəsə məlumdur ki, Azərbaycanın tarixi qələbəsini həzm edə bilməyən, Ermənistanı yenidən təşkilatlandırmaqla müharibəyə sürükləyən bəzi dövlətlər, hələ də siyasətlərində dəyişiklik etmək istəmirlər. Bu baxımdan, aparıcı beynəlxalq təşkilatlarda dostlarımızın sayının çox olması, siyasi çəkilərinin ağırlığı ölkəmizə yönəlik neqativ güclərin neytrallaşdırılması, təhlükəsizlik sisteminin qurulması baxımından əhəmiyyət kəsb edir.

Yekun olaraq, Litva və Azərbaycanın müxtəlif qurumları arasında vasitəçilik missiyasını yerinə yetirən və peşəkar diplomat olaraq ölkəmizi layiqincə təmsil edən fövqəladə və səlahiyyətli səfir Tamerlan Qarayevə, Seymin İqtisadiyyat komitəsinin sədri, Azərbaycanla işçi qrupunun rəhbəri, əməkdaşlığımızı dostluğa çevirməyi bacaran Kazis Starkeviçə minnətdarlığımı bildirirəm”.

 Seymur ƏLİYEV

 

2023-06-04 13:53:27
3152 baxış

Digər xəbərlər

Nəsirov Cahangir Əmir oğlu

Azərbaycan veteran ictimaiyyətinə ağır itki üz vermişdir. Hüquq-mühafizə orqanları və əmək veteranı, baş ədliyyə müşaviri, prokurorluq orqanlarının fəxri işçisi Nəsirov Cahangir Əmir oğlu 12 noyabr 2018-ci ildə, 83 yaşında vəfat etmişdir. Cahangir Nəsirov 19 dekabr 1935-ci ildə Xaçmaz şəhərində anadan olmuşdur. 1957-ci ildə Xaçmaz şəhər orta məktəbini bitirmiş, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1963-cü ildə ali təhsilini başa vuraraq, elə həmin il Quba-Xaçmaz Birləşmiş rayonlararası Komsomol Komitəsinin katibi seçilmişdir. 1964-1967-ci illərdə Qazax rayon prokurorluğunun baş müstəntiqi, 1967-1975-ci illərdə Azərbaycan SSR Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq, 1975-1991-ci illərdə isə Yevlax, Qazax və Bakı şəhərinin indiki Səbail, Xəzər rayonlarında prokuror vəzifəsində işləmişdir. C.Nəsirovun xidmətləri nəzərə alınaraq, 1982-ci ildə Əmək veteranı medalı, 1983-cü ildə prokurorluq orqanlarının fəxri işçisi döş nişanı ilə təltif edilib. Təcrübəli əməkdaş olan C.Nəsirov 1992-1997-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaqa Nəzarət İdarəsində prokuror vəzifəsində işləmişdir. O, 10 aprel 1997-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü idi. Cahangir Nəsirovun ictimai-siyasi fəallığı, təşkilatçılıq qabilyyəti və peşəkarlığı yüksək qiymətləndirilərək 2015-ci il mart ayının 2-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Nəzarət-təftiş Komissiyasının sədri vəzifəsinə təyin edilmişdir. Ailəli idi, 5 övladı var. Nəsirov Cahangir Əmir oğlu Sumqayıt şəhərində dəfn olunmuşdur. Allah rəhmət eləsin.   Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti

Hamısını oxu
Cəlil Xəlilov: “Qazi adından qeyri-qanuni istifadə yolverilməzdir”

Hamısını oxu
Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyi polkovnik Cəlil Xəlilovu ad günü münsibətilə təbrik edib

Veteran.gov.az xəbər verir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert,  polkovnik Cəlil Xəlilovu ad günü münasibətilə təbrik edib.     

Hamısını oxu
Xalq Ali Baş Komandanı qızıl qəlbli rəhbər adlandırır

Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda, xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər. Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı hərbi əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur. Xalq bildirir ki, Ali Baş Komandan bütün dünyaya bizim xalqın, millətin gücünü və qüdrətini bir daha sübut etdi. Onlar Prezidenti qızıl qəlbli rəhbər adlandırıb.   Prezidentə müraciət edənlər qeyd edir ki, Ali Baş Komandan müdrik və uzaqgörən siyasəti ilə Azərbaycan xalqına şərəfli bir tarix yaşatdı. Azərbaycan xalqının bu günü və xoşbəxt gələcəyi naminə yorulmadan çalışdı. Bu yolda həmvətənlərimiz daim Prezidentimizi dəstəkləyir. Zəfərin Azərbaycan xalqının yanında olduğuna inanırlar.

Hamısını oxu