Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Təşkilatımız Vətən müharibəsi veteranları ilə öz sıralarını sürətlə genişləndirməkdədir”

Cəlil Xəlilov: “Bu, veteranlarımızın ictimai aktivliyi ilə yanaşı, Təşkilatımıza olan münasibətini əks etdirir”

“Təşkilatımız Vətən müharibəsi veteranları ilə öz sıralarını sürətlə genişləndirməkdədir”. Bu, veteranlarımızın ictimai aktivliyi ilə yanaşı, Təşkilatımıza olan münasibətini əks etdirir”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əsas vəzifələrindən biri ən çox diqqət və qayğıya ehtiyacı olan, Azərbaycan dövlətinin daim diqqət mərkəzində olan müharibə veteranlarının   əlaqədar aidiyyəti dövlət orqanları ilə əlaqələndirmək, onları düşündürən məsələləri müvafiq qurumalr qarşısında qaldırmaqdır:

“Bütün kateqoriyadan olan veteranların sosial durumunun diqqətdə saxlanılması təşkilatımızın əsas vəzifələrindən biri olaraq qalır. Bildiyiniz kimi, dövlətimiz şəhid ailələri, müharibə əlilləri, qazi və müharibə veteranlarının sosial vəziyyətinin mütəmadi olaraq yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır, bu yöndə miqdarı milyard manatlarla hesablanan nəhəng layihələr həyata keçirir. Məhz dövlətimizin məlum qayğısının nəticəsidir ki, bu gün Azərbaycan həssas kateqoriyadan olan vətəndaşlara göstərilən diqət və qayğıya görə dünyanın bəlkə də ən qabaqcıl dövlətidir. Təbii, bu məsələdə dövlətlə yanaşı, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları da aktiv rol oynamalı, dövlətin şəhid ailələri, veteranlarla bağlı siyasətinə dəstək verməli, hansısa məmurun laqeyd münasibəti ilə üzləşən veteranların səsinin dövlətə çatdırılmasında yaxından iştirak etməlidir. Unutmamalıyıq ki, həssas kateqoriyadan olan vətəndaşlarımıza yardım etmək, onların arzu və istəklərinə ikiqat diqqətlə yanaşmaq hər birimizin mənəvi borcudur və hər bir azərbaycanlı bu borca sədaqətlə yanaşmalıdır”.

Vətəndaşın dövlətlə, onun əlaqədar qurumları ilə əlaqələndirilməsi, problemin qarşılıqlı anlaşma əsasında həlli, vətəndaş hüquqlarının təmin edilməsi, dövlət siyasətinin dəstəklənməsi baxımından olduqca önəmldir. Bu, həm də anti-milli qüvvələrin dövlətimizlə bağlı çirkin məqsədlərinin qarşısını almaq baxımından vacibdir.

Bildiyiniz kimi, bəzi qüvvələr var ki, onlar xalqla-dövlət, vətəndaşla-hökumət arasında süni gərginlik yaratmağa, bu gərginlik fonunda öz məkrli niyyətlərinə nail olmağa çalışır. Bunun üçün isə onlar çox vaxt gənclərdən, eləcə də veteranlardan istifadə etməyə səy göstərirlər. Buna görə də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı paytaxt və bölgələrdə keçridiyi çoxsaylı görüşlərdə, konfrans və forumlarda geniş maarifləndirmə işləri həyata keçirir. Bildiririk ki, hər bir vətəndaş onda narazılıq doğuran məsələ ilə bağlı əlaqədar dövlət qurumuna müraciət etməli, problemin hüquqi müstəvidə həllinə nail olmalıdır. Bu baxımdan onlar bizim Təşkilatımız vasitəsi ilə də öz səslərini istənilən dövlət qurumuna çatdıra bilərlər. Biz bugünə qədər olduğu kimi, bundan sonra da veteranlarımıza bu və digər məsələlərdə dəstək olmağa, onlara əlimizdən gələn köməkliyi göstərməyə hazırıq”.

Polkovnik bildirib ki, son vaxtlar 44 günlük Vətən müharibəsi iştirakçılarının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına kütləvi şəkildə üzv olması gənclərin, veteranların bu Təşkilata olan münasibətini əks etdirir:

Bizim üçün qürurvericidir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı olan gənclərimiz kütləvi şəkildə Təşkilatımıza üzv olur, onun fəaliyyətində yaxından iştirak edirlər. Bu, gənclərimizin aktivliyinin göstəricisi olmaqla yanaşı, həm də onların Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına olan münasibətini əks etdirir.

 Təbii, üzləşdiyimiz bu mənzərə bizi çox sevindirir, eyni zamanda bizim çiynimzidəki məsuliyyət hissini artırır. Mən inanıram ki, Müzəffər Ali baş Komandan İlham Əliyevin diqqət və qayğısı, dövlətimizin dəstəyi ilə bundan sonra da veteranlarımızı düşündürən bütün məsələlərin həllinə nail olacaq, dövlət və xalq olaraq bütün hədəflərimizi gerçəkləşdirəcəyik. Unutmayaq ki, bütün uğurlarımızın, qələbələrimizin açarı birliyimizdədir və bu birliyi daim qorumaq bizim hər birimizin mənəvi borcumuzdur”.

 

2023-07-03 19:23:47
3361 baxış

Digər xəbərlər

"Ordumuzun qələbə təcrübəsini xarici ölkələr mənimsəməyə çalışır"

"Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Həm texniki imkanlarına görə, həm də əsgər, zabitlərin döyüş hazırlığına, mənəvi-psixoloji, fiziki durumuna görə. Ordumuz üçün müxtəlif şəraitlər yaradılıb və bu imkanlardan maksimum şəkildə istifadə olunur". Bu sözləri SİA-ya verdiyi açıqlamada Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib Onun sözlərinə görə, bizim ordu sıralarımızda sağlam gənclərimiz var. Müxtəlif rayonlarda idman mərkəzləri yaradılıb, əsgərlər orduya hazırlaşarkən bu distansiyalardan keçib gəlirlər. Orta məktəblərdə hərbi hazırlıq dərsləri keçilir: "Müharibə dönəmində Azərbaycanın hər bir vətəndaşı əsgər oldu. Xalqımız həm dövlətimizə, həm də ordumuza öz dəstəyini göstərdi. Əsgərlərimizin yanında oldular. Mənəvi-psixoloji cəhətdən Azərbaycan cəmiyyətinin orduya rəğbəti, qələbədən sonra ordunun aftoriteti, əsgərlərə, zabitlərə diqqət və qayğı həm dövlət tərəfindən, həm də ictimaiyyət tərəfindən çox artdı. Ona görə də gənclərimiz bu gün fəxrlə orduda, cəbhə zonalarında xidmət etmək istəyirlər. Respublikamızın Prezidentinin də qeyd etdiyi kimi, son 30 ildə yetişən gənclərimiz xüsusi hərbi hazırlıq və xüsusi vətənpərvərlik ruhuna malikdirlər. Ordunun təminatı hazırda yüksək səviyyədədir. Hazırda Amerika, Çexiya, Rusiya, Çin, Pakistan, Türkiyə kimi ölkələrin ordularında istifadə olunan texnikaların öyrənilməsi prosesi sürətlə davam etdirilir. NATO ölkələrində keçirilən təlimlərdə Azərbaycanın iştirakı çox yüksək səviyyədədir. Bunlar hamısı ordunun güclənməsində, proffesionallaşmasında böyük rol oynayır. İkinci Qarabağ müharibəsində ordumuzun qələbə təcrübəsini xarici ölkələr mənimsəməyə çalışır. Günü-gündən ordumuz güclənir və bizim bölgələrdə düşmən hər nə qədər təxribata əl atsa da əsgər və zabitlərimiz vətənin keşiyində möhkəm dayanır. Ərazilərimizdə Ermənistanın terror qruplarının qalması, tez-tez törədilən təxribatlar ordudan daha yüksək hazırlıq, peşəkarlıq tələb edir. Ona görə də, Ali Baş Komandan bu tapşırıqları ordu qarşısına qoyub və ordumuz günü-gündən Prezidentin etimadını, inamını doğruldur". Fazil Mehdixanlı  

Hamısını oxu
“Lokal anti-terror tədbirləri “Dəmir yumruğ”un növbəti təzahürü idi”

Səmyar Abdullayev: “Cəmi 24 saat ərzində separatçıların tərk-silah edilməsi Azərbaycanın hərbi qüdrətindən xəbər verir” “Anti-terror tədbirləri bölgədə yeni reallıqlar, müsbət tendensiyalar formalaşdırıb” “19 sentyabr olayı göstərdi ki, Azərbaycanla ultimatum dilində danışmaq intihara bərabərdir” Ordumuzun 19 sentyabr tarixində Qarabağda başlatdığı lokal anti-terror tədbirləri cəmi 24 saatdan da az müddətdə uğurla başa çatıb, separatçıların ağ bayraq qaldırması ilə yekunlaşıb. Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə anti-terror tədbirləri və bu tədbirlərin nəticələrini şərh etməyə çalışdıq: -Səmyar bəy, öncə lokal anti-terror tədbirləri və bunun nəticələri ilə bağlı fikirlərinizi bilmək istərdik. 24 saatdan da az çəkən bu tədbirlərin hərbi-siyasi və tarixi əhəmiyyətini necə dəyərləndirirsiniz? -Mən ilk növbədə anti-terror tədbirlərində həlak olan şəhdilərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Bildiyiniz kimi, anti-terror tədbirlərinin reallaşması zərurətdən irəli gəlirdi. Ermənilərin mütəmadi şəkildə həyata keçirdiyi terror və təxribat siyasəti, Xankəndidə keçirilən qurama seçkilər və s. belə bir anti-terror tədbirlərini vacib edirdi. Ali Baş Komandanın rəhbərliyi altında gerçəkləşən anti-terror tədbirləri 24 saatdan da az müddətdə qəti qələbə ilə yekunlaşdı ki, bu da ordumuzun qüdrətindən, onun yüksək peşəkarlığından xəbər verir. 24 saat ərzində separatçıları ağ bayraq qaldırmağa məcbur edən Azərbaycan Ordusu, bununla sübut etdi ki, “Dəmir yumruq” yerindədir və kimsə dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə təhlükə yarada bilməz. Anti-terror tədbirlərinin hərbi-siyasi əhəmiyyətinə gəlincə, bu, Azərbaycan hərb tarixində xüsusi önəm kəsb edən bir hadisədir. Bu tədbirlər nəticəsində Azərbaycan Qarabağın hər yerində faktiki nəzarəti təmin etdi, separatizmə son qoydu. Azərbaycan post-müharibə dönəmindən sonra regionda öz mövcudluğunu qoruyub saxlayan separatizmi güc yolu ilə tərk-silah etdi ki, bu da yeni reallıqlar formalaşdırdı. Anti-terror tədbirlərinin tarixi önəminə gəlincə, bu tədbirlər eyniylə 44 günlük Vətən müharibəsi kimi hər zaman şərəflə, qürurla xatırlanacaq, təktrar-təkrar öyrəniləcək, təbliğ ediləcək. -Səmyar bəy, bu gün ölkə başçısı xalqa müraciət ünvanladı və bir sıra mühüm mesajlar verdi. Həmçinin qeyd etdi ki, sadə ermənilər yeni reallıqlardan yararlanmalı, Azərbaycana reinteqrasiya şansından istifadə etməlidir. -Prezident İlham Əliyevin xalqa müraciəti də ordumuzun anti-terrior tədbiri kimi tarixi bir hadisədir. Ölkə başçısı çıxışında Ermənistanın terrorçu siyasətini ifşa etdi, anti-terror tədbirlərinin hansı zərurətdən irəli gəldiyinə toxundu. Həmçinin, Ali Baş Komandan bildirdi ki, Qarabağdakı sadə ermənilər anti-terror tədbirlərindən sonra yaranan yeni reallıqdan istifadə etməli, Azərbaycana reinteqrasiya şansından yararlanmalıdır. Bu, sadə ermənilərin də maraqlarına cavab verən bir addımdır. Bildiyiniz kimi, Qarabağdakı ermənilər uzun illərdir ki, separatçı rejimin diktəsi altında – ağır şərtlə içində yaşayıblar. Bu gün ordumuzun separatçı rejimi tərk-silah etməsi ilə sadə ermənilər də faktiki azadlıq əldə edib. Onlar bu azadlığa görə Azərbaycana minnətdar olmalı, ölkəmizə reinteqrasiya istiqamətində əməli addımlar atmalıdırlar. -Dövlət başısı çıxşında bildirdi ki, heç kim Azərbaycanla ultimatum dilində danışa bilməz. Sizcə anti-terror tədbirləri və bunun mövcud nəticəsi Ali Baş Komandanın məlum açıqlamasının təsdiqi sayıla bilərmi? -Şübhəsiz. Anti-terror tədbirləri göstərdi ki, Azərbaycan regionun ən güclü dövlətidir və onunla ultimatum dilində danışmaq intihara bərabərdir. Prezident də çıxışında bu həqiqəti yada saldı və qeyd etdi ki, “heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz!”. Ali Baş Komandan xalqa müraciətində “Dəmir yumruğ”u da anti-Azərbaycan qüvvələrinin yadına saldı. Bir daha vurğuladı ki, “Dəmir yumruq” yerindədir və ölkəmizə xor baxanlar bu həqiqəti əsla unutmamalıdır. Bir faktı da qeyd edək ki, anti-terror tədbirləri zamanı Ali Baş Komandan həm də şəxsi cəsarət nümunəsi sərgilədi. Dövlətimizin başçısı ABŞ Dövlət katibi Antoni Blinkenlə söhbətində Azərbaycanın şərtlərini qətiyyətli şəkildə qarşı tərəfin diqqətinə çatdırdı və bildirdi ki, yalnız bu şərtlər daxilində Azərbaycan anti-terror tədbirlərini dayandıra bilər. Hər şey məhz dövlət başçsının dediyi kimi də oldu. Separatçılar ordumuzun həmləsi qarşısında 24 saat belə davam gətirə bilməyərək təslim oldular.  Bununla da Azərbaycan separatçılar üzərində növbəti və qəti qələbə əldə etdi. Biz 50 mindən çox üzvü olan Azərbaycan Gözdəm Əlillər Cəmiyyəti olaraq bu böyük zəfər münasibətilə xalqımızı, ordumuzu, Ali Baş Komandanımızı təbrik edirik. Bildiririk ki, hər zaman hər bir situasiyada ordumuzun, Prezidentimizin yanındayıq və bugünə qədər olduğu kimi bundan sonra da dövlətimizin inkişafı, rifahı və tərəqqisi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Seymur ƏLİYEV  

Hamısını oxu
Türkiyənin Antalya bölgəsində Azərbaycan mədəniyyətinə həsr olunmuş layihələr reallaşdırılacaq...

Veteran.gov.az xəbər verir ki, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin Antalya bölgəsi Böyük Şəhər Bələdiyyəsinin müavini, Mədəniyyət və Turizm məsələləri üzrə müşaviri Durmuş Ali Arslanla görüşmüş, Azərbaycan-Türkiyə qardaşlığı, mədəni əlaqələrin genişləndirilməsi, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb.  Görüşdə Antalya bölgəsi Böyük Şəhər Bələdiyyəsinin xarici əlaqələr dairə rəhbəri Zeyneb Tuğçe Çiftçibaşı, yerli azərbaycan icmasının təmsilçisi, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Azər İsmayıl da iştirak ediblər. Keçirilən görüşdə dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər, dövlət başçılarımız İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış strateji Şuşa bəyannaməsi, mədəniyyət sahəsində imzalanmış saziş əsas götürülərək iki tərəf arasında mədəni əməkdaşlığın genişləndirilməsi, Türkiyənin vacib tarixi, mədəniyyət və turizm bölgəsi olan Antalya ilə Azərbaycan şəhərləri arasında “qardaşlaşmış şəhərlər” layihəsinin icrası, Azərbaycan tarixi və mədəniyyətinin tanınmış simalarının adlarının gələcəkdə əbədiləşdirilməsi, onların adlarının  Universitetlərdə yaradılacaq Azərbaycan ocaqları və küçələrə verilməsi, bölgədə keçirilən böyük mədəniyyət festivallarında Azərbaycanın geniş təmsil olunması müzakirə olunub. Görüş nəticəsində regionun ən böyük mədəni hadisəsi olan Antalyada keçirilən məşhur Beynəlxalq Yörük Türkmen Festivalı və Kitab Sərgi Yarmarkasında Azərbaycanın təmsil olunması, eyni zamanda Azərbaycanda keçiriləcək Beynəlxalq Kitab Sərgisində də Antalya yayım evlərinin iştirakı, məşhur Akdeniz Universitetində Azərbaycanşünaslıq Mərkəzinin yaradılması, il ərzində bölgədə “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi”nin keçirilməsi, Antalya şəhəri və bölgənin şəhərləri ilə Azərbaycanın şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin reallaşdırılması, Azərbaycanın müstəqilliyinin memarı,  Ümummilli lider Heydər Əliyevin, habelə Azərbaycan ədəbiyyatının dahi şairi Nizami Gəncəvinin adlarının  əbədiləşdirilməsi istiqamətində birgə işlərin aparılması razılaşdırılıb. Qeyd edək ki, Akdeniz Universitetində yaradılacaq Azərbaycanşünaslıq Mərkəzində ölkəmizə dair mini kitabxana fəaliyyət göstərəcək, mühazirə və açıq dərslərin aparılması məqsədi ilə Azərbaycan tarixi, milli mədəniyyətimizə dair guşələr, portretlər, rəsmlər, suvenirlər, xalçalar və daimi sərgilərin yer aldığı auditoriya təşkil olunacaqdır. Mərkəz texniki avadanlıqlarla təmin olunacaq, ana dilimiz geniş təbliğ ediləcəkdir. Azərbaycanşünaslıq Mərkəzində dövlət rəmzlərimiz, ölkələrimizin qardaşlıq münasibətləri, tariximiz, mədəniyyətimiz və dahi şəxsiyyətlərimizə dair guşələr yer alacaqdır. Bundan başqa, Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin Antalya bölgəsi üzrə Mədəniyyət və Turizm müdirinin müavini İlknur Kökenlə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlıq, mədəniyyət sahəsində Antalyada keçirilən Kültür Yolu Festivalı, bölgədə keçiriləcək Azərbaycan mədəniyyəti və ədəbiyyatına həsr olunmuş tədbirlər, yerli Azərbaycan icması - Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin bu istiqamətdə təşəbbüslərinə dəstək və əlaqələrin genişləndirilməsinə dair müzakirələr olub və əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunub. Görüşlərdə Anatalyada inşası yaxın aylarda yekunlaşdırılacaq Türküstan Mədəniyyətləri Muzeyində Azərbaycan mədəniyyətinin də yer alması və milli stendimizin təşkili ilə əlaqədar danışıqlar aparılıb, sözügedən işlərin Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə aparılması qərarı verilib.  

Hamısını oxu
Laçın yolunun şimalında: nəzarət tədbirləri zəruri addım kimi

Hamısını oxu