Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İngilis və fransız əsirlərə azadlıq bəxş edən məşhur azərbaycanlı vəfat edib

Veteran.gov.az xəbər verir ki, dünən İkinci Dünya müharibəsi əlili, məşhur kəşfiyyatçı Məlikov Bağır İbrahim oğlu vəfat edib. 

1924-cü ilin oktyabr ayının 1-də Bakının Nardaran qəsəbəsində anadan olan Bağır Məlikov, peşə məktəbində çilingərlik peşəsinə yiyələndikdən sonra gəmiqayırma zavodunda işə başlayıb. İkinci Dünya müharibəsinin başlanması ilə qardaşları kimi Bağır Məlikov da cəbhəyə yollanıb. 1942-ci ildə ön xəttə göndərilən Bağır Məlikov 353-cü diviziyanın 1147-ci alayında əvvəlcə sıravi əsgər, sonra isə yefreytor kimi döyüşlərdə iştirak edib. Rostovdan başlayaraq Ukrayna, Krım, Moldova, Rumıniya, Macarıstan, Budapeşt, Sofiya, Belqrad, Avstriya və Berlinə kimi döyüşən Məlik Bağırov, döyüşlrədə göstərdiyi qəhrəmanlıqlara görə 30-dan çox orden və medalla təltif olunub.

Kəşfiyyatçı kimi də bir çox mühüm əməliyyatlara qatılan Məlik Bağırov, xeyli sayda ingilis və fransızı da faşist əsirliyindən azad edib.

Müharibə dövründə 5 dəfə yaralanan Məlik Bağırov hər dəfə müalicə aldıqdan sonra döyüşlərə qatılıb, faşizmə qarşı mübarizəsini davam etdirib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, eləcə də Respublika Veteranlar Təşkilatının Nərimanov Rayon Təşkilatı Bağır Məlikovun ölümündən kədərləndiyini bildirir, bu münasibətlə mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Seymur ƏLİYEV

 

 

2023-08-31 11:37:25
2670 baxış

Digər xəbərlər

Ərəstun Mehdiyev: Tarixi yenidən yazmaq cəhdlərini qəti şəkildə pisləməliyik

Sankt-Peterburqdakı B.Yeltsin adına Prezident Kitabxanasında Böyük Vətən müharibəsində Leninqradın blokadadan tam azad edilməsinin 75-ci ildönümünə həsr olunmuş “Birlikdə qazanılan böyük qələbə” mövzusunda beynəlxalq forum keçirilib. AZƏRTAC xəbər verir ki, Avrasiya Tədqiqatları Fondu, “Şimal-Cənub” Politologiya Mərkəzinin MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) dəstəyi ilə təşkil etdikləri foruma 250-dən çox iştirakçı, o cümlədən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevin rəhbərliyi ilə ölkəmizdən geniş tərkibli nümayəndə heyəti qatılıb. Tədbirin açılışında Rusiya Prezidenti Vladimir Putinin forum iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Forumun plenar iclasında Sankt-Peterburqun qubernatoru vəzifəsini icra edən Aleksandr Beqlov, Rusiya Prezidentinin beynəlxalq humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları çıxış edərək keçmiş sovet respublikaları xalqlarının Böyük Vətən müharibəsində nümayiş etdirdikləri birlik və şücaətdən danışıblar. Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında qeyd edib ki, Leninqradın müdafiəsi Böyük Vətən müharibəsinin qəhrəmanlıq səhifələrindən biridir. Leninqradın müdafiəçiləri dünyaya görünməmiş yenilməzlik və fədakarlıq nümayiş etdiriblər. Ərəstun Mehdiyev Azərbaycanın alman faşizminin darmadağın edilməsinə layiqli töhfə verdiyini, 700 minə yaxın azərbaycanlının düşmənə qarşı mərdliklə vuruşduğunu, cəbhə üçün lazım olan yanacağın 80 faizinin Bakı neftçiləri tərəfindən təmin edildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, azərbaycanlı əsgər və zabitlər bütün cəbhələrdə, o cümlədən Leninqrad cəbhəsində rəşadətlə vuruşublar. “Həlak olmuş həmvətənlərimizin xatirəsi əbədiləşdirilib, Piskaryov məzarlığında onların xatirə lövhəsi qoyulub. Leninqradın blokadası dövründə baş vermiş bir hadisəni də xatırlamaya bilmirəm. Müharibənin ən qızğın dövründə, 1941-ci ildə Leninqradda, Ermitajda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi qeyd olunmuşdu. Bu, peterburqluların zəngin daxili aləminin və nəcibliyinin daha bir nümunəsidir”, - deyə Ərəstun Mehdiyev bildirib. O xatırladıb ki, bu gün Leninqrad blokadasının şahidləri dünyanın müxtəlif ölkələrində yaşayırlar. Onların arasında taleyini Azərbaycana bağlayanlar da var. Lakin zaman durmadan irəliləyir və təəssüf ki, indi Azərbaycanda blokadanın cəmi 9 şahidi qalıb. Ölkəmizdə müharibə veteranlarına daim xüsusi qayğı ilə yanaşılır. Qələbə bayramı ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə müharibə veteranlarına, blokada dövrünü yaşamış Leninqradın müdafiəçilərinə birdəfəlik müavinətlər ödənilir, “Əbədi alay” aksiyası və digər tədbirlər keçirilir. Ərəstun Mehdiyev təəssüflə qeyd edib ki, son illər müxtəlif ölkələrdə Böyük Vətən müharibəsində sovet xalqının fədakarlığı haqqında həqiqətləri təhrif etmək, nasizmə, faşist cəlladlarının havadarlarına bəraət qazandırmaq meyilləri ilə üzləşirik. O deyib: “Bu, yolverilməzdir. Biz səylərimizi birləşdirib, tarixin saxtalaşdırılması halları ilə mübarizə aparmalı, Qələbənin əhəmiyyətini kiçiltmək, tarixi yenidən yazmaq cəhdlərini qəti şəkildə pisləməliyik”.   Fəridə Abdullayeva

Hamısını oxu
Millət vəkili şəhid bulağının açılışında iştirak edib

Veteran.gov.az xəbər verir ki, sentyabrın 29-da Şəki şəhərində Vətən müharibəsinin şəhidi Qənimətov Ətraf Oktay oğlunun xatirəsinə həsr olunmuş şəhid bulağının açılışı olub.   Açılış mərasimində Laçın və Şəki icra hakimiyyətlərinin nümayəndələri, millət vəkili Mahir Abbaszadə, şəhidin ailə üzvləri və yaxınları, qazilər iştirak edib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Şəhid və qazilərimizin bu günlərdə göstərdiyi qəhrəmanlıq gənc nəsillər üçün örnəkdir.   Şəhid Ətraf Qənimətovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür edib.   Ətraf Qənimətov Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda", “Hərbi xidmətdə fərqlənməyə görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.  

Hamısını oxu
Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunur.

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Gəncə və  Şirvan şəhər, Hacıqabul rayon Veteranlar Təşkilatı sədrlərini Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 13 iyun 2019-cu il tarixli Sərəncamı ilə "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edib. General-polkovnik Tofiq Ağahüseynov qeyd edib ki, müharibə illərində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 75 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir. General-polkovnik bildirib ki, gün gələcək qəhrəman Azərbaycan xalqı Qarabağın və işğalda olan rayonlarımızın düşmən tapdağından azad edildiyi günü Qələbə bayramı kimi qeyd edəcək. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü ordumuzun qələbə qazanacağı o gün isə elə də uzaqda deyil. "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunub. Rayon Veteranlar Təşkilatı sədrləri "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüklərinə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlıqlarını bildiriblər. Səmimi keçən görüşdə qonaqlar xatirə şəkli çəkdiriblər.

Hamısını oxu
Hərbi-siyasi ekspert: “Hər bir vətəndaşımızın seçkilərdə fəal iştirak etməsini arzulayıram”

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov secki-2024.az saytına müsahibəsində fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri barədə fikrini bildirib.      - Sizcə, prezident seçkiləri bir ölkə üçün hansı əhəmiyyəti daşıyır? Xüsusilə Azərbaycan üçün, ölkənin gələcəyi və iqtisadi inkişafı üçün bu seçkilərin əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik.      -Təbii ki, prezident seçkiləri hər bir demokratik dövlət üçün həyati əhəmiyyətə malikdir. Çünki dövlətin gələcək inkişafı, bu inkişafın əsas istiqamətləri məhz seçkilərin nəticəsində müəyyənləşir. Xalq bu seçkilərdə onun maraqlarını, arzu və istəklərini ifadə edən namizədə səs verərək, dövlətin gələcək inkişafında bilavasitə iştirak edir. Bu baxımdan, prezident seçkiləri Azərbaycan üçün də mühüm əhəmiyyətə malikdir. Biz bu seçkilərə qatılmaq və öz namizədimizə səs verməklə öz taleyimizə sahib çıxır, gələcəyimizi inşa edirik. Ölkəmizin gələcək siyasi nüfuzu, hərbi qüdrəti, eləcə də iqtisadi inkişafı ciddi şəkildə bu seçkilərdən, seçkilərin nəticəsindən asılıdır. Çünki prezident dövləti təmsil edən, onun inkişafına yön verən əsas simadır.      -Azərbaycan ilk dəfədir ki, prezident seçkilərinə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi gedir. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir. Məhz bu cəhətdən sizə görə, Azərbaycan üçün bu seçkilər hansı vacib mənanı daşıya bilər?      -Bəli, bu seçkilərin ən böyük özünəməxsusluğu və unikallığı prosesin Azərbaycanın ərazi bütövlüyü və tam suverenliyi çərçivəsində baş tutacağı ilə bağlıdır. Bu, Azərbaycanın müstəqillik tarixində bir ilkdir. Şübhəsiz ki, 7 fevral prezident seçkilərinin ərazi bütövlüyümüz çərçivəsində reallaşması dövlətimizin qüdrətini əks etdirir. Bu tarixi fakt sübut edir ki, Azərbaycan xalqı 30 illik işğal faktoru fonunda öz mənəvi gücünü, qələbəyə olan inamını, tarixi torpaqlarına sahiblik əzmini itirmədi və öz gücü ilə işğal faktorunu aradan qaldırdı. Şuşa, Laçın, Kəlbəcər, Xankəndi, Əsgəran və yüzlərlə yaşayış məntəqəsini işğaldan azad etməklə öz ərazi bütövlüyünü təmin etdi. Fevralın 7-də işğaldan azad edilən torpaqlarda veriləcək hər bir səs dövlətimizin, xalqımızın böyüklüyünün, qüdrətinin və yenilməzliyinin təcəssümü olacaq.      -Növbədənkənar prezident seçkiləri keçirəcək Azərbaycana, Azərbaycan xalqına hansı arzularınızı ünvanlamaq istərdiniz?      -Mənim seçkilərlə bağlı ən böyük arzum bu seçkilərin bundan əvvəlki analoji proseslər kimi xalqın yüksək fəallığı şəraitində keçməsi, yenə öncəki illərdə olduğu kimi seçkilərdə demokratik və şəffaflığın yüksək səviyyədə təmin olunmasıdır. Xatırladım ki, Azərbaycan bundan öncə keçirilən prezident seçkilərində də seçki prosesinin şəffaf və demokratik şəkildə təşkilinə mühüm diqqət verib, bu amil xarici ekspertlər, müşahidəçilər və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məhz ona görə arzum budur ki, Azərbaycan xalqı bu seçkilərdə fəal iştirak edərək, ölkəmizin inkişafı və tərəqqisinə, nəticədə xoşbəxt gələcəyinə səs vermiş olsun və qalib xalq kimi yaxın gələcəkdə yeni-yeni tarixi uğurlara imza atsın.

Hamısını oxu