Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi Azərbaycan dövlətinin hərbi qüdrətini bir daha göstərdi

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 23-25–də Bakıda, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri keçirilib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında təlimlərin önəminə diqqət çəkərək deyib: “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi və bu qəbildən olan digər təlimlərin həm Azərbaycan, həm də Türkiyə ordusunun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, peşəkarlığının artırılması baxımından mühüm əhəmiyyəti var.

Məhz birgə təlimlər vasitəsi ilə ordunun döyüş hazırlığındakı bütün müsbət və mənfi nüanslar üzə çıxır. Təlimlər imkan verir ki, döyüş hazırlığındakı çatışmazlıqlar aşkarlansın və onların aradan qaldırılması istiqamətində konkret addımlar atılsın. Azərbaycan və Türkiyə hərbi-texniki təchizatına, habelə peşəkarlığına görə nəinki regionun, dünyanın ən güclü ordularındandır. İki türk dövlətinin birgə təlimləri hər iki ölkənin həm də siyasi-mənəvi baxımdan bir yerdə olduğunu göstərir. Bu baxımdan qardaş Türkiyənin 100 illiyinə həsr edilən təlimləri həm də Türkiyə və Azərbaycanın, bütövlükdə türk dünyasının dünyaya mesajı hesab etmək olar. Bu mesajın məğzi ondan ibarətdir ki, Azərbaycan və Türkiyə hər zaman olduğu kimi bu gün də bir yerdədir. Onların suverenliyinə, təhlükəsizliyinə təhdid təşkil edən bütün təhlükələrə birlikdə cavab verəcəklər”.

Polkovnik qeyd edib ki, təlimlərdə Azərbaycan Ordusunun Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Mühəndis Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və Türkiyə Silahlı Qüvvələrinin müvafiq qoşun növü mənsubları iştirak ediblər: “Təlimlərdə müxtəlif qoşun növləri iştirak edib ki, bu da onların geniş miqyasından xəbər verir. Bu kimi təlimlərin mütəmadi xarakter alması da təqdiredici haldır.

İstər Rusiya-Ukrayna müharibəsi, istərsə də Yaxın Şərqdə baş verən proseslər bir daha sübut edir ki, dünyada gücə, qüdrətli orduya daha çox ehtiyac var. Güclü ordusu olmayan dövlətlər öz haqlarını lazımınca müdafiə edə bilmirlər. Beynəlxalq hüquq belə onların pozulan haqlarını təmin etmir. Məhz buna görə güclü orduya malik olmaq ən əsas şərtlərdən biri, bəlkə də birincisidir. Azərbaycan və Türkiyənin müdafiə və təhlükəsizlik məsələlərinə diqqət yetirməsi, güclü ordu formalaşdırmaq istiqamətindəki davamlı addımları məhz bununla bağlıdır”.

Cəlil Xəlilovun sözlərinə görə, təlimin adı, habelə onun Türkiyənin 100-cü ildönümünə həsr edilməsi də qürur doğuran məqamlardandır: “Bu, hər şeydən əvvəl Türk dünyasının, eləcə də Azərbaycanın qardaş Türkiyəyə olan sevgi və ehtiramını əks etdirir. Azərbaycan Türkiyə üçün olduqca əlamətdar olan bir gündə və tarixdə, çətin günlərdə olduğu kimi xoş gündə də onunla birlikdədir.”.

2023-10-29 11:26:21
4031 baxış

Digər xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi  Hacıyev   7 may 2026-cü il tarixində Təşkilatın akt zalında  tədbir keçiriblər. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü ilə əlaqədar keçirilən tədbirdə  Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş leytenant Azad Hümbətovun atası Arif Hümbətov,sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilipar, Dəmir Yolu və Metropoliten  üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev,  tələbələr və digər gənclər iştirak ediblər. İlk öncə  Dövlət Himni səsləndirilib,  Ulu Öndər Heydər Əliyevin   və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dəmir Yolu və Metropoliten  üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev tədbiri açıq elan edib. Tədbirdə çıxış edən  polkovnik Adil Haqverdiyev qeyd edib ki, Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə sərf etmiş,öz fəaliyyətində həmişə xalqa arxalanmış,ən çətin anlarda ona müraciət etmişdir. Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Daha sonra söz Arif Hümbətova verilib: “Heydər Əliyev həmişə vurğulayırdı kı,hazırkı dövrdə əsas  dayağımız  və istinad nöqtəmiz gənclərdir. Mən sizə gənclərə elimli, vətənpərvər, dövlətimizə sədaqətli vətəndaşlar olmağınızı arzulayıram”. Tədbirdə  sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilipar və  digər qonaqlarda  çıxışlar ediblər. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.  

Hamısını oxu
”Elçin Babayevin tələbələr üçün çəkdiyi zəhmət göz önündədir və böyük ümidlər vəd edir”

Nizami Cəfərov: ”BDU rektorunun yataqxana problemini həll etməsi tələbələrə böyük töhfə olacaq”   Bugünlərdə Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev tələbələr üçün yeni, müasir yataqxanaların tikiləcəyini bildirib. Universitetin 225 nəfərlik yataqxanasının əsaslı şəkildə təmin edildiyini vurğulayan rektor, müasir səviyyədə yeni tələbə şəhərciyinin salınması layihəsi üzərində də çalışdıqlarını qeyd edib. Elçin Babayev bildirib ki, bu layihə gerçəkləşərsə, o zaman sadəcə BDU tələbləri deyil, yaxınlıqdakı digər universitetlərin tələbələri də həmin yataqxanalardan faydalana  biləcəklər.   Moderator.az-a açıqlama verən millət vəkili Nizami Cəfərov, tələbələrin yataqxana ilə təmin edilməsinin vacibliyinə diqqət çəkib və BDU rektorunun bu sahədəki fəaliyyətinin  təqdirəlayiq olduğunu qeyd edib:   “BDU-da təhsil alan tələbələrin yataqxanalara ehtiyacı olduğu məlumdur və universitet rektoru, hörmətli Elçin Babayevin bu istiqamətdə ciddi addımlar atdığı göz önündədir. Buna nümunə olaraq 250 nəfərlik yataqxana binasının əsaslı şəkildə təmin edildiyini göstərmək olar. Yeni yataqxanaların inşası məsələsi də günəmdədir ki, bunun gerçəkləşdirilməsi Elçin Babayev tərəfindən həyata keçirilən çox böyük qəhrəmanlıq olacaq. Çünki tələbələrin yataqxanalara ehtiyacı həqiqətən də böyükdür.   Mənim tələbəliyim BDU-nun yataqxanasında keçib. Hər dəfə bu yataqxanaların yanından keçəndə öz tələbəliyimi xatırlayıram.     BDU-nun ali təhsil müəssisəsi kimi böyük perspektivə malik olduğu bəllidir. Universitetdə xarici tələbələr də təhsil alır. Bu baxımdan tələbələr üçün yeni, müasir yataqxanaların inşasına ehtiyac var.   Elçin müəllimin bu yöndə müntəzəm şəkildə çalışdığından xəbərdaram. Bu səy, bu zəhmət heç şübhəsiz təqdir edilməlidir. Hamımız arzulayırıq ki, tələblərimiz müasir yataqxanalarla təmin edilsin. Elçin müəllimin bu məsələ ilə bağlı atdığı addımlar kifayət qədər ümidvericidir. Ümid edirəm ki, yaxın gələcəkdə müasir tələbə şəhərciyinin yaradılmasına şahid olacağıq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
“DTX onları həbs etməklə xalqımızın ən böyük arzularından birini reallığa çevirib”

Martın 28-i Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) peşə bayramıdır.  Veteran.gov.az xəbər verir ki, mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov, DTX-nın dövlət təhlükəsizliyinin təmininə böyük töhfələr verdiyini bildirib: “Hər bir dövlətin təhlükəsizliyinin qorunmasında, dövlətçilik ənənlərinin möhkəmlənməsində dövlət təhlükəsizlik orqanları müstəsna rol oynayır. Azərbaycan DTX-sı da müstəqilliyimizin qorunmasında, təhlükəsizliyimizin təminində mühüm addımlar atıb.   Ulu öndər hakimiyyətə gələndən sonra dövlət quruculuğu prosesinə başlanıldı. Təhlüksəziliyimzin təminatı üçün böyük işlər görüldü. O zaman Azərbaycan dövləti ciddi təhlüklərlə üz-üzə idi. Ümummili liderin uzaqgörənliyi və siyasi səriştəsi sayəsində bu təhlükələr ortadan qaldırıldı. Prezident İlham Əliyevin rəhbərliyi dövründə də dövlət təhlükəsizliyinin qorunması istiqamətində ardıcıl addımlar atıldı. DTX ərazi bütövlüyümüzün qorunmasında da mühüm rol oynayıb. Torpaqlarımızın azad edilməsində yaxından iştirak edib. 8 Noyabr zəfərinin əldə edilməsinə də böyük töhfələr verib. DTX-nın ən böyük xidmtlərindən biri də Azərbaycana qarşı cinayət törədən separatçıların həbsi ilə bağlıdır. DTX bu işdə də böyük əmək və fədakarlıq ortaya qoyub. Biz bu istiqamətdə bir sıra mühüm addımların atıldığına şahid olmuşuq. Uzun illər Azərbaycana qarşı terror aktları törədən, qətllər həyata keçirən, xalqımıza faciələr yaşadan separatçıların həbsi buna nümunədir. Bu insanların həbsi xalqımızın ən böyük arzularından biri idi. DTX bunu təmin etdi və bu gün həmin şəxslər Bakıdakı məhkəmədə ifadə verir, etdiyi əməllərlə bağlı etiraflar səsləndirirlər. Bütün bunlar onu göstərir ki, DTX öz fəaliyyətini uğurla həyata keçirir. Dövlət təhlükəsizliyimizin qorunmasını, xalqımıza, dövlətimizə qarşı ağır cinayətlər törədən şəxslərin həbs edilərək qanun qarşısına çıxarılmasını təmin edir. İnanıram ki, DTX gələcəkdə də bu istiqamətdə öz uğurlarını davam etdirəcək, dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanacaq. Peşə bayramı münasibətilə bütün DTX əməkdaşlarını təbrik edir, şərəfli fəaliyyətlərində onlara yeni-yeni uğurlar arzulayırıq”. Seymur ƏLİYEV

Hamısını oxu
“Akopyan müharibəni alovlandıracaq addımlar atır, Əliyeva isə…” - “Daily Sabah”

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan erməni ordusunun işğal altındakı Dağlıq Qarabağda keçirdiyi hərbi təlimlərə qatılıb. Üstəlik, “Kalaşnikov” avtomatı ilə poz da verib. Bu, Ermənistan-Azərbaycan münaqişənin gərginləşdiyi dövrə təsadüf edir.   “Yeni Sabah” xəbər verir ki, Türkiyənin ingilis dilli nəşrlərindən olan “Daily Sabah” “Anna Akopyan: sülh haqda danışan, lakin müharibəyə üstünlük verən birinci xanım” sərlövhəli məqaləsində belə yazıb. Portal xatırladır ki, Anna Akopyan cəmi 2 il əvvəl – 2018-ci ildə özünü regionda sülhün müdafiəçisi kimi təqdim edir, azərbaycanlı xanımları da “Sülh uğrunda qadınlar” kampaniyasına qoşulmağa çağırırdı. Cəmi 2 il sonra isə o, əlində avtomatla sülhü necə “dəstəklədiyini” göstərir. Bu ilin iyulunda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsilə bütün dünyanın diqqəti yenidən bu regiona yönəldib. Həmin vaxt Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumu iki ölkəni genişmiqyaslı müharibənin bir addımlığına gətirmişdi. Sözügedən qarşıdurma zamanı qarşılıqlı artilleriya atəşləri nəticəsində hər iki tərəfdən ümumilikdə 20 əsgər həyatını itirib. İnsidentə Ermənistan hərbi birləşmələri atəşkəsi pozaraq Azərbaycanın şimal-qərbindəki sərhəd bölgəsində yerləşən Tovuz rayonuna hücumu səbəb olmuşdu. Lakin sonda onlar Azərbaycan Ordusunun cavab həmləsi ilə çox sayda itki verərək, geri çəkilmək məcburiyyətində qalmışdılar. Beləliklə, Ermənistanın 42 yaşlı birinci xanımı regionda keçirilmiş hərbi təlimlərə iki ölkə arasında vəziyyətin bu qədər gərgin olduğu dövrdə qatılıb. Anna Akopyan hərbi geyimdə 10-15 erməni qadınla bərabər hədəflərə nişan alıb, silahla poz verib. Akopyanın fotolarından görünür ki, o, silahı Azərbaycan tərəfə istiqamətləndirib. Halbuki, Ermənistanın birinci xanımı cəmi 2 il əvvəl azərbaycanlı qadınlardan sülhə töhfə vermələrini istəyirdi. Təəccüblü deyilmi? Axı onun Ermənistanın işğalı altındakı Dağlıq Qarabağa səfəri gərginliyi daha da artırır. Bu isə onun sülh çağırışları ilə qətiyyən üst-üstə düşmür. Təəccüblüdür ki, Ermənistanın birinci xanımı son hərbi təlimlərdə… “Sülh uğrunda qadınlar” kampaniyası çərçivəsində iştirak edib. Başqa sözlə, o, dünyada hərbi forma geyərək “sülh kampaniyası” təşkil edən ilk şəxsdir. Halbuki, Akopyan iyulun 13-də “Facebook” səhifəsində fərqli fikirlər yazırdı: ““Sülh uğrunda qadınlar” kampaniyası qadınların müharibəyə qarşı birləşməsinə, münaqişə tərəflərinə problemin danışıqlar yolu ilə həlli yollarının tapılmasında kömək edilməsinə hesablanıb”. Hərbi təlimə qatılan Akopyan deyir ki, “müharibədən qaçmaq lazımdır, alternativ hər zaman mövcuddur”. O, bir tərəfdən erməni əsgərlərlə hərbi geyimdə poz verir, digər yandan azərbaycanlı qadınlardan, analardan sülh təşəbbüsü tələb edir. Onun son addımı isə əslində, “sülh uğrunda savaş” ismarıcıdır. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi baş verənləri sakit qarşılayır. Azərbaycanın birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyeva deyir ki, “gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Ən yüksək qələbələri əldə etmək, ən böyük zirvələrə qalxmaq üçün məhz bu mənəvi dəyərlər uca tutulmalıdır”. Dünyada Azərbaycanın təbliğatını aparan, siyasəti zənginləşdirən Mehriban Əliyeva vətəninin tərəqqisinə xidmət edir, ölkə mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanının inkişafına çalışır, sabahının qayğısına qalır. Azərbaycan mətbuatı yazır ki, Mehriban Əliyevanın 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri seçilməsi həm də Azərbaycan mədəniyyəti üçün tarixi nailiyyətdir. Bu, Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasına yeni üfüq açıb. UNESCO çərçivəsində müxtəlif layihələr həyata keçirən Azərbaycanın birinci xanımı eyni zamanda, sivil dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu istiqamətlərdə səylərin birləşdirilməsinə çalışır. Mehriban Əliyevanın bu günədək layiq görüldüyü çoxsaylı beynəlxalq mükafat və təltiflərin bir qismi onun UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi gördüyü işlərlə bağlıdır. Eyni zamanda, o, mədəniyyətin təbliği, mədəni sahədə beynəlxalq mübadilə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə də çox sayda beynəlxalq mükafatlara layiq görülüb. Odur ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın mövqeyi qeyd olunmalıdır. Anna Akopyanın müharibəni alovlandıracaq addımlar atdığı bir dövrdə Mehriban Əliyeva sülhə çalışır. Halbuki, Mehriban Əliyeva birinci xanım kimi, Akopyana cavab verə, işğalçı ölkənin birinci xanımı kimi instiktiv və refleksiv davranış nümayiş etdirə bilərdi. Lakin o, güclü dövlət xadimi mövqeyindən çıxış etməyi üstün tutub. Mehriban Əliyeva bu davranışı ilə güclü səbrə malik olduğunu göstərib, başqa sözlə, bu sınaqdan uğurla keçib. Bu, təkcə Azərbaycan xalqı deyil, bütün dünya tərəfindən sülh uğrunda addım kimi, yüksək qiymətləndirilməlidir. /Ovqat.com

Hamısını oxu