Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

AŞPA siyasi riyakarlığını sübut etdi

Beynəlxalq riyakarlığın təzahürünə şahidlik edirik. 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasına üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.

Təşkilatı təzyiq etmə alətinə çevirən Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir desək, yanılmarıq.

AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır. İllərdir ki, AŞPA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etmədi. Qərbdəki antiazərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.

Avropanı narahat edən Zəfər Qələbəmiz, ardınca, lokal antiterror əməliyyat aparıb suverenliyimizi bərqərar etməyimizdir. Son hadisələr göstərdi ki, AŞPA Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanı məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir.

Avropanın əsl niyyətlərini ifşa edən həqiqətlərə qısa nəzər salsaq görərik ki, 2023-cü il aprelin 23-də Azərbaycan tərəfindən  suveren ərazimizdə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsinə çağırış etdi. Bu çağırışlar dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasının tələb edilməsi idi.

 Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə, planlarının fiaskoya uğradığlna əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verdi. 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirdi. Bu dəfə də plan baş tutmadı.

Ermənilərin “blokadada yaşadıqları”nı göstərmək və uydurma faktlar əsasında saxta hesabatların hazırlanmasına xidmət edəcək sözügedən absurd niyyətlərin reallaşmasına Azərbaycan imkan vermədi.

2023-cü ildə AŞPA nümayəndələrinin Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib. AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul edib.

Avropa səmərəsiz cəhdləri ilə heç nəyə nail ola bilməyəcək. Qloballaşan dünyada Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. Son aylardakı fəaliyyətlərini izlədikdə aydın görünür ki, AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Qəbul olunmuş qərar öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir.      

 Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu. Artıq bu problem Azərbaycanın daxili gücü ilə həll olunub və hazırda nəinki dünya səviyyəsində, heç Avropada da  nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. 2020-ci il Vətən müharibəsindən və 2023-cü il antiterror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Sözügedən hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi. Azərbaycan bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyünü bərpa etdi.

Suverenliyimiz bərqərar olub. Hazırda Azərbaycan sülh istəyir. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim etdik. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bu cür addımlarımızın nəzərə alınmaması isə AŞPA-nın siyasi riyakarlığını bir daha təsdiq etmiş olur.

Məşhur Məmmədov

Milli Məclisin deputatı

 

2024-01-27 12:32:02
3280 baxış

Digər xəbərlər

Niyazi Bayramov 100 yaşlı qəhrəman veteranımızı təbrik edib

Böyük Vətən Müharibəsi zamanı alman faşistlərinə qarşı döyüşə Azərbaycandan 350 mindən artıq insan yola salınıb və böyük əksəriyyəti müharibədən qayıtmayıb. Lakin onların sırasında ağır döyüş yolu keçərək Vətənə qayıtmağı bacaran gəncəli Tofiq Hüseynov bu gün (fevralın19-u-red) 100 yaşını qeyd edir. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 100 yaşlı veteranı ziyarət edib. Gəncə şəhər Veteranlar təşkilatının sədri Yusif Məmmədovun da iştirak etdiyi görüş zamanı Tofiq Hüseynovun keçdiyi döyüş yolundan və bir əsrə bərabər olan həyatından bəhs olunub. Niyazi Bayramov bildirib ki, 100 yaşı olmasına baxmayaraq o, yenə ictimai fəallıqla məşğuldur. Belə ki, Tofiq Hüseynov hazırda Gəncə şəhər Nizami rayon Veteranlar Təşkilatının sədri vəzifəsində çalışır. Şəhər rəhbəri qocaman qəhrəmanı 100 illik münasibətilə təbrik edərək, ona cansağlığı arzulayıb. Tofiq Hüseynov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə edib. O bildirib ki, həyatında ən böyük arzusu Zəfər bayramında iştirak etmək olub. 2020-ci il 8 Noyabr tarixində bu arzusuna çatdığı üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Rəşadətli Ordumuza dərin təşəkkürünü bildirib. Daha sonra Niyazi Bayramov Tofiq Hüseynovu Gəncə şəhərinin ictima-siyasi həyatında səmərəli fəaliyyəti və 100 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edib. Bununla yanaşı, veterana Ad günü münasibətilə şəhər rəhbərliyi tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Qeyd edək ki, Hüseynov Tofiq Paşa oğlu 24 fevral 1922-ci il tarixində Gəncə şəhərində anadan olub. 1941-ci ildə 18 yaşı olanda Qori şəhərində hərbi təlimlərə qatılıb, Kazak polkunun 45-ci qvardiyasında süvari kimi xidmətə başlayıb. At belində Avropanın 4 ölkəsində onlarla şəhərin alman işğalçılarından azad olunmasında xüsusi igidlik göstərib. Tofiq Hüseynov xidməti dövründə 20 medalla təltif olunub. Uzun müddət Gəncə Şəhər Mərkəzi Mədəniyyət Evinin direktoru, Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.  

Hamısını oxu
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri Fatma Səttarovanı ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 10 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri İlqar Orucov, İsrayıl İsgəndərov və Zaur İbrahimov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Təşkilat sədri Fatma Səttarovanı faşizm üzərində qələbənin 78-ci ildönümü münasibətilə təbrik edən Müşahidə Şurasının üzvləri Respublika Veteranlar Təşkilatına fəaliyyətlərində uğurlar arzulayıblar.  Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da iştirak edib. Qonaqlara Təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verən polkovnik Cəlil Xəlilov, diqqətlərinə görə onlara öz təşəkkürünü bildirib. Görüşdə həmçinin gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.   

Hamısını oxu
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş "Milli birliyimiz qələbəmizin təməlidir" tədbiri keçirilib. Tədbirdə AHİK-in kollektivi, üzv və tabe təşkilatların rəhbərləri, şəhid ailələri və müharibə veteranları iştirak ediblər. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan oğullarının Vətən müharibəsindəki qəhrəmanlığından, şərəfli döyüş yolundan bəhs edən film nümayiş etdirilib. Tədbirdə Konfederasiya sədri Sahib Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən, əsgər və zabitlərimizin rəşadətindən, xalqımızın nümayiş etdirdiyi həmrəylikdən danışıb, Qələbənin Azərbaycan tarixinə ən parlaq səhifə kimi yazıldığını vurğulayıb. Qeyd edilib ki, 27 sentyabrın Anım Günü kimi təsis olunması dövlətimizin şəhidlərimizin əziz xatirəsinə ehtiramının ifadəsidir. Çıxışda həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərindən, "Böyük Qayıdış" Proqramının uğurlu icrasından, dövlətimizin Vətən naminə canından keçənlərin ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan bəhs edilib. Vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən şəhid ailələrini, müharibə iştirakçılarını qayğı ilə əhatə edən çoxsaylı layihələr reallaşdırılır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən şəhid ailələrinə dəstək məqsədilə həyata keçirilən müxtəlif tədbirlər də iştirakçıların nəzərinə çatdırılıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında əks-hücum əməliyyatlarının əhəmiyyətini, Azərbaycan Ordusunun qəhrəmanlığını və hərbçilərimizin şücaətini, onların tarixi Zəfərin əldə olunmasında xüsusi rolunu qeyd edib. Vətən müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Sahil Xəlilov keçdiyi döyüş yolundan və cəbhə xatirələrindən danışaraq qəhrəmanlarımızın gələcək nəsillər üçün əsl örnək olduğunu bildirib. Vəfa Abdullayeva şəhid həyat yoldaşı Nurid Abdullayevlə bağlı xatirələrini bölüşüb, şəhid ailələrinə göstərilən dövlət qayğısından söz açıb. Tədbir bədii hissə ilə davam edib. Şəhid gizir Telman Kəlbiyevin oğlu Elcan Kəlbiyevin səsləndirdiyi Vətənə həsr olunan şeir və qazi polkovnik Əhməd Şərifovun oğlu Əli Şərifzadənin ifasında "Ey Vətən" mahnısı iştirakçılara duyğulu anlar yaşadıb və alqışlarla qarşılanıb.

Hamısını oxu
Bosniya və Herseqovinanın QHT nümayəndələri Veteranlar Təşkilatında olublar

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanının QHT nümayəndələri və Agentliyin İcraçı direktoru Aygün Əliyevanın iştirakı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ofisində görüş keçirilib. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, adıçəkilən qurumun Təşkilati və Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı polkovnik Samir Musayev də iştirak edib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qonaqları təşkilatın ofisi ilə tanış edib. Qonaqlar ofisdə Ulu öndər Heydər Əliyevin guşəsi, xatirə lövhələri ilə tanış olublar. Prezident İlham Əliyevin veteranlarla görüşündən stendləri izləyiblər.   Sonra qonaqlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı, bu yaxınlarda 100 yaşını qeyd edən Fatma Səttarova ilə görüşüblər.   Qonaqları Bakıda görməyindən məmnun olduğunu bildirən Fatma Səttarova Srebrenitsa soyqırımı haqqında məlumatlı olduğunu, bu cinayəti törədənləri qınadığını deyib və bu soyqırımı aktının hüquqi qiymət almasını onların mübarizəsinin nəticəsi kimi dəyərləndirib.   Fatma Səttarova qonaqlara keçdiyi həyat yolundan, İkinci Dünya müharibəsində tibb bacısı kimi fəaliyyətindən danışıb. Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilməsini dövlətçiliklə bağlı işlərinə verilən yüksək dəyər kimi qiymətləndirdiyini qeyd edib.   Srebnitsa Analar Cəmiyyətinin sədri Munira Subasic Fatma Səttarovanın keçdiyi həyat yolunu böyük maraqla dinlədiyini, onun zəhmətsevərliyinin və pozitivliyinin hər kəsə örnək olduğunu deyib.   Görüş qarşılıqlı fəaliyyətin prioritetləri və zəngin təcrübə mübadiləsinin aparılması ilə yekunlaşıb.  

Hamısını oxu