Digər xəbərlər
Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Zəfər Günü ilə bağlı tədbir keçirilib. Veteranların iştirakı ilə keçirilən tədbir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı ilə Veteranlar Təşilatının birgə təşkilatçılığı ilə baş tutub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, şəhdilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Təşkilatın sədr müavini, polkvonik Cəlil Xəlilov 8 Noyabr tarixinin önəmindən söz açıb, qələbənin əldə edilməsini şərtləndirən amillərə toxunub: “8 Noyabr tarixi sadəcə Azərbaycan deyil, bütün türk dünyası tarixi baxımından mühüm hadisədir. Bu, türk dünyasının ən şanlı zəfərlərindən biridir. Hansı ki, bu zəfər Azərbaycan xalqı, türk dünyası ilə birlikdə sonsuza kimi yaşayacaqdır. Ordumuzun Vətən müharibəsindəki qalibiyyəti bütün regionun gələcək taleyini həll etdi. Şübhəsiz, Azərbaycan Ordusunun qalibiyyəti sadəcə ölkəmiz üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir mrəhələnin başlanması demək oldu. Çünki Azərbaycan erməni faşizmini məğlub etməklə, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verdi, habelə iqtisadi inkişaf üçün geniş perspektivlər açdı. Şübhəsiz, 44 günlük Vətən müharibəsi dönəmində qələbəni təmin edən ən mühüm faktorlardan biri, bəlkə də birincisi məhz bacarıqlı sərkərdə, təcrübəli Ali Baş Komandan faktoru olmuşdur. Məhz Prezident İlham Əliyevin Ali Baş Komandan kimi peşəkarlığı ermənilərin sadəcə hərbi müstəvidə deyil, bütün müstəvilərdə məğlub edilməsində mühüm rol oynamış, böyük, həlledici qələbəni təmin etmişdir. Hansı ki, Ali Baş Komandanımızın əzmkarlığı, müharibədəki həlledici rolu xarici ölkə ekspertləri tərəfindən də etiraf olunmaqda, təsdiqlənməkdədir. Bütün bunlar bir daha onu göstərir ki, biz bu qələbəyə görə hər şeydən öncə Ali Baş Komandanımıza, o cümlədən şəhidlərimiz, qazilərimizə minnətdarıq”. Polkovnik Cəlil Xəlilovun çıxışından sonra 44 günlük Vətən müharibəsindən bəhs edən film nümayiş olunub. Tədbridə çıxış edən “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi tarixi qəhrəmanlığa diqqət çəkib: “44 günlük Vətən müharibəsində Azərbaycan xalqı böyük əzm və fədakarlıq göstərdi. Ali Baş Komandanın ətrafında sıx birləşən xalq, onun hər bir fərdi qələbənin əldə edilməsi üçün əlindən gələni əsirgəmədi. Ancaq heç şübhəsiz, bu qələbədə ən böyük pay şəhidlərimizə və qazilərimizə məxsusdur. Çünki məhz onlar düşmənlə üz-üzə mübarizə apararaq işğaldakı torpaqlarımızı qanları və canları bahasına düşməndən azad etdi. Azərbaycan xalqı ona bu böyük zəfəri yaşadanları heç vaxt unutmayacaq, onları hər zaman sevgi və minnətdarlıq hissi ilə xatırlayacaqdır”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova isə çıxışında 8 Noyabr zəfərini xalqa bəxş edən qazilər və şəhidlərin ruhu qarşısında baş əydiyini bildirib: “8 Noyabr Azərbaycan xalqının qürur günü, milli özünütəsdiq günüdür. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu erməni faşizmini məhv etdi, düşməni işğaldakı torpaqlardan qovaraq dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Biz bu qələbəyə görə Prezidentimizə, Ordumuza, şəhidlərimizə və qazilərimizə borcluyuq. Mən bizə bu böyük zəfəri yaşadan şəhidlərimizin ruhu qarşısında, qazilərimiz qarşısında baş əyirəm. Azərbaycan xalqı sizin qəhrəmanlığınızı heç vaxt unutmayacaq”. Tədbirdə çıxış edən 44 günlük Vətən müharibəsi qazisi tankçı Ramin Şirinov ordumuzun müharibədəki qəhrəmanlığından danışıb, şəhid ailələri və qazilərə göstərdiyi dəstəyə görə dövlət başçısına təşəkkür edirb. Daha sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solostləri gizir Leyla Əliyeva və Mətləb Ağayev tərəfindən hərbi vətənpərvərlik mahnıları ifa edilib. Tədbirin sonunda veteranlara bayram sovqatı verilib, onlar üçün çay süfrəsi təşkil olunub.
Hamısını oxu
Dekabrın 21-də akademik Ziya Bünyadovun anadan olmasının 100 ili tamam olur Dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun doğum günüdür. AMEA-nın akademik Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın görkəmli alimə həsr etdiyi “Zaman anlamının fövqündə duran böyük alim” sərlövhəli məqaləsini təqdim edir. Elm aləmində elə dühalar var ki, müasirləri onları tam dolğunluğu ilə qiymətləndirməyə çətinlik çəkir. Onların həqiqi qiymətini zaman özü verir və bu qiymət tarix məsafəsindən daha dəqiq, hərtərəfli olur. Zaman və məkan anlamının fövqündə duran elə ulduzlar var ki, vaxt axarı onları daha aydın, daha parlaq və möhtəşəm göstərir. Belə nəhəng insanlardan biri bu il 100 illik yubileyini qeyd etdiyimiz Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elmi ictimaiyyətimiz tərəfindən böyük hadisə kimi qiymətləndirilən “Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 28 sentyabr tarixli Sərəncamına əsasən AMEA-da görkəmli alimin yubileyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Şərqşünaslıq İnstitutu da bu yubileyə öz töhfəsini alimin xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfrans və alimin əsərlərinin çap olunacaq külliyatı ilə verəcək. Dövlətimizin başçısının imzaladığı Sərəncam ölkəmizdə elmə və alimə verilən çox yüksək dəyər olaraq tarix və şərqşünaslıq elmimizin tədqiqində yeni üfüqlər açır, neçə-neçə tədqiqatçılara yeni imkanlar yaradır. Respublikada medievist – şərqşünas tarixçilər məktəbini yaradan və inkişaf etdirən akademik Ziya Bünyadov öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq orta əsrlər Şərqi və Ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb, geniş oxucu kütlələrinin rəğbətini və məhəbbətini qazanıb. Onun qələmindən çıxmış 300-dən artıq elmi əsərin hər biri müstəsna zəhmətin, dərin bilik və məharətin məhsuludur. Məhz Z.Bünyadov ilk dəfə dünyaya bir sıra orta əsrlər Azərbaycan alimi və ədibinin adını tanıtdırdı. Ziya müəllimin elmimizə töhfələri sırasında 1980-ci ildə Dövlət mükafatına layiq görüldüyü “Azərbaycan Atabəylər dövləti”, onun Urgənc şəhərinin birinci fəxri vətəndaşı adına layiq görülməsinə əsas olan “Xarəzmşahlar-Anuştəginlər dövləti. 1097-1231-ci illər”, eləcə də “Azərbaycan VII-IX əsrlərdə” kitabları, Şihabəddin Məhəmməd ən-Nəsəvinin “Sirat əs-sultan Cəlal əd-Din Mankburnı”, Əbülqasim əz-Zəhravinin “Cərrahiyyə və alətlər haqqında traktat”, ölməz Füzulinin “Mətləul-etiqad” kimi bir çox əsərin ərəbcədən şərhli tərcüməsi, tədqiqatı və tərtibi var. Ziya Bünyadov öz alim qələmi və çoxsaylı qədim mənbələrə əsaslanan çıxışları ilə bədnam qonşularımıza qarşı daim mübarizə aparıb, milli mənafelərimizi və ərazi bütövlüyümüzü müdafiə edib. Onun elmi axtarışları təkcə orta əsrlər dövrü ilə məhdudlaşmırdı. Alimi Vətənin yaxın keçmişi də maraqlandırırdı. O, ötən əsrin əvvəllərində Azərbaycanda baş verən hadisələr, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, Bakı kommunası və sair mövzulara bir sıra məqalələr həsr edib. 30-cu illərin repressiyaları isə alimin “Qırmızı terror” kitabında işıqlandırılıb. Kitab bilavasitə çoxsaylı arxiv sənədləri əsasında yazılıb. Ziya Bünyadovun Vasim Məmmədəliyevlə birgə müqəddəs “Qurani-Kərim”i ana dilimizə çevirməsi, bundan əlavə hazırladığı irihəcmli “Dinlər, təriqətlər, məzhəblər” adlı soraq kitabı xalqımızın islam dininin doğru-dürüst öyrənməsinə yönəlmiş mühüm addımlardır. Ziya Bünyadov dünya şərqşünaslığında mühüm yeri olan bir alimdir. O, bir çox beynəlxalq elmi məclislərdə Azərbaycan elmini ləyaqətlə təmsil edib. Türk Tarix Qurumunun VI-XII konqreslərində, Bağdadda tarixçilərin beynəlxalq konqresində, Tokioda şərqşünasların XXXI beynəlxalq konqresində, İranda Təbərinin 1100 illiyinə, Füzulinin 500 illiyinə həsr olunmuş beynəlxalq konfranslarda, Misirdə məşhur tarixçi əs-Süyutinin yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edərək maraqlı məruzələrlə çıxış edib. Türkiyə tarixinin tədqiqi sahəsindəki xidmətlərinə görə 1982-ci ildə Türk Tarixi Qurumunun müxbir üzvü, 1988-ci ildə isə həqiqi üzvü seçilib. Onun rəhbərliyi ilə Türkiyə, İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt vətəndaşları böyük elmə qədəm qoyublar. Təbiətin ona səxavətlə bəxş etdiyi keyfiyyətlər və uzun illər boyunca titanik zəhmətin bəhrəsi olan xüsusiyyətlər Ziya müəllimin simasında üzvi vəhdətdə birləşmişdi. Nəticədə onun şəxsiyyətində böyük alim və alovlu vətənpərvər obrazı yaranmışdı. Ən ülvi, ən yüksək keyfiyyətlər - səmimilik, xeyirxahlıq, ilk növbədə özünə, sonra ətrafdakılara qarşı yüksək tələbkarlıq, söz və əməl birliyi, xalqa, millətə, torpağa hədsiz məhəbbət elm Olimpinin ən yüksək zirvəsində duran Ziya müəllimin şəxsində cəmləşmişdi. Qarabağ məsələsini böyük yanğı və ürək ağrısı ilə yaşayırdı Ziya müəllim. Xatirimdədir, azərbaycanlılar qədim oğuz eli - indiki Ermənistandan kütləvi şəkildə qovulduqda, o hamıdan öncə onların Qarabağda yerləşdirilməsinin vacibliyini ovaxtkı respublika rəhbərliyinə çatdırdı. Əfsuslar olsun ki, böyük alimin bu təklifı qulaqardına vuruldu. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində dövlət imtahanları zamanı Ziya Bünyadovla ilk tanışlığım zamanı biz tələbələrə uca, əlçatmaz bir zirvə kimi görünən böyük alimin, Sovet İttifaqı Qəhrəmanının baxışları altında tir-tir əsirdik. Universiteti bitirəndən sonra Şərqşünaslıq İnstitutunda işləyərkən o vaxt Orta əsr Şərq tarixi şöbəsinin müdiri olan Ziya müəllimin institutun ümumi yığıncaqlarında olduqca prinsipial, tələbkar, hətta sərt çıxışları onun haqqında məndə yaranmış əvvəlki fikri bir daha təsdiqləyirdi. 1993-cü ildə Şərqşünaslıq İnstitutunun direktoru Ziya Bünyadovun müavini olduqdan sonra və onu yaxından müşahidə etdikdə anladım ki, Ziya müəllim haqqında əvvəlki qənaətim tamamilə yanlış imiş. Tədricən, günbəgün qarşımda yeni, indiyəcən tanımadığım bir insan xarakteri canlanırdı və bu insan böyüklüyü qədər də sadə və səmimi idi. Ziya müəllim mərdlik və cəsarət nümunəsi idi. Bu cəhətlər onun həyatının hər bir sahəsində özünü büruzə verirdi - elmdə də, şəxsi və ictimai həyatında da, həmkarları ilə münasibətlərində də. İnanırıq ki, Ziya Bünyadovun yaratdığı elmi məktəbinin işıqları heç vaxt sönməyəcək, əksinə, getdikcə gurlaşacaq və bu işıqlar yandıqca böyük ustadımız həmişə yad olunacaq. AzərTac
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin işçiləri, şöbə müdiri, e/o polkovnik Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev 22 aprel 2022-ci iltarixində Bakı şəhəri Nəsimi rayonunda yerləşən 111 saylı tam orta məktəbdə tədbirdə iştirak ediblər. Tədbir Böyük Vətən Müharibəsinin qələbə ilə başa çatmasında Azərbaycan xalqının rolu və Qarabağ torpaqlarının işğaldan azad olunmasında ordu-xalq birliyinə həsr edilmişdir. Tədbirdə BVM-si veteranı Ağababa İskəndərov, Nəsimi rayon VT –nın sədri Validə Vəliyeva, məktəbin direktoru Jalə Hacıyeva, şagird və müəllim kollektivi iştirak etdilər. Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açdı. O, qonaqları tədbir iştirakçılarına təqdim etdi. Vətən, torpaq ugrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad edildi. Daha sonra söz BVM-si veteranı Ağababa İskəndərova verilib. Ağababa İskəndərova keçdiyi şərəfli döyüş yolundan şakirdlərə bəhs edib. Vətənimizi, torpaqlarımızı, xalqımızı sevməyi onlara tövsiyə etdi. Sonra söz Adil Haqverdiyevə verildi.O, çıxış edərək bildirdi ki, BVM –nin qələbə ilə başa çatmasında xalqımızın misilsiz xidmətləri olmuşdur: “Alman faşistlərinin böyük hərbi planlarından biri Bakını işğal etmək və neft buruqlarını ələ keçirmək idi.Qəhrəman döyüşçülərimiz faşistlərin arzusunu gözlərində qoydular. Müharibənin sonuna qədər ordu neftlə təmin olundu. Qələbədən sonra mütəxəssislər dəfələrlə etiraf etmişdilər ki, Bakı nefti olmasaydı, bəlkə də qələbə çalmaq mümkün olmayacaqdı. Ön və arxa cəbhənin birgə fədakarlığı qələbəni təmin etdi. Şanlı tarixi olan bir xalqın torpağına göz tikmək sadəcə ağılsızlıqdır.Uzun illərin sülh danışıqlarına məhəl qoymayan düşmən, Müzəffər Ordumuzun gücü qarşısında 44 gün ərzində darmadağın olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Mən çıxışımın sonunda bir daha torpaq uğrunda həlak olanlara, şəhidlərə uca Allahdan rəhmət diləyirəm!” Tədbirin sonunda xatirə şəkli çəkildi.
Hamısını oxu
Oturub düşünsən bir az dərindən Bu torpaqda ulu hər yan, hər yerdi. Bu qədər dəyərsiz idisə Vətən, Mübariz nə üçün canını verdi?! Bu misraları yazanda əsgər Əlikram Xanışovun heç 20 yaşı yox idi. Qonşu rayondan olan əfsanəvi Milli Qəhrəman Mübariz İbrahimov haqqında düşüncələrini qələmə almağa çalışmışdı. Elə bu duyğularla da onun yolunu davam etdirmək üçün müddətli hərbi xidmətdən cəmi 20 gün sonra müqavilə əsasında işləyən kiçik komandir heyətinə qəbul olunmuşdu. Bir neçə ay keçməmiş Vətən müharibəsi başlananda həyatını hərb işinə həsr edən Əlikram sevinmişdi ki, nəhayət, işğalçılardan qisas almaq üçün fürsət yaranıb. Buna görə də ön cəbhədə mərdliklə döyüşür, azacıq sakitlik yaranan kimi isə qeyd dəftərçəsinə Vətənlə bağlı poetik duyğularını yazırdı: İnsan deyərəm mən sənə, haqqına can ver, Gəl, saxlama öz haqqını pünhan ürəyində. Bəli, Vətən uğrunda şərəflə vuruşaraq ölmək onun amalı idi. Odur ki, döyüşlər başlanandan bir həftə sonra şəhadətə ucalması ilə sanki arzusuna qovuşdu Əlikram. “Əgər ölsəm, eləyin cismimə bayrağı kəfən”, – deyən şəhid, arzuladığı kimi, üçrəngli Azərbaycan bayrağına bükülərək doğma Göytəpə şəhərinə gətirildi... Əlikram Xanışov ölümündən sonra Prezident sərəncamları ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. Cəlilabad Rayon Veteranlar Təşkilatının təşəbbüsü ilə çap olunan şeirlər kitabına isə onun müqəddəs məsləkinə uyğun ad qoyulub: “Vətən uğrunda ölərəm”. Cəlilabad şəhərindəki 3 nömrəli tam orta məktəbin geniş akt zalında şəhid şairin kitabının təqdimat mərasiminə toplaşanlar – hərbçi dostları, qazilər, əmək və müharibə veteranları, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər öncə onun ölməz xatirəsinə baş əyiblər. Rayon Veteranlar Təşkilatının sədri – kitabın redaktoru və ön sözünün müəllifi, şair Ədalət Salman Vətən müharibəsi şəhidi Əlikramın həyat və döyüş yolu haqqında danışıb, onun fitri istedad sahibi kimi erkən yaşlarından yaradıcılıqla məşğul oldugunu bildirib. Qeyd edib ki, kitabdakı şeirlərin böyük əksəriyyəti vətənpərvərlik ruhunda yazılan nümunələrdir. Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov, hərbçi mayor Elşən Abbasov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cavidan Rəşidov, şəhidin döyüş yoldaşı Mirnatiq Cabbarlı, AYB üzvləri Əfrahim Abbas, İman Abdulla, Sakit İsayev, xeyriyyəçi sahibkar Rafiq Abışov və başqaları çıxış edərək torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsinin həmişə əziz tutulduğunu, şəhid ailələrinə və qazilərə dövlətimizin daim diqqət və qayğı göstərdiyi xüsusi vurğulayıblar. Şəhid Əlikram Xanışovun məktəblilərin ifasında səslənən şeirləri tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Şəhidin anası Xoşqədəm Xanışova kitabın nəşrini və təqdimatını təşkil etdiyinə görə rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına minnətdarlığını bildirib. Sonda şəhid Əlikram Xanışovun "Vətən uğrunda ölərəm" adlı kitabı tədbir iştirakçılarına hədiyyə olunub. “Xalq” qəzeti Ə.ƏLİYEV
Hamısını oxu