Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib

Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının 15-ci ildönümü ilə bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, “Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib. AZƏRTAC xəbər verir ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən tədbirin iştirakçıları və qonaqlar “Heydər Əliyev muzey-lektoriyası”nı ziyarət edərək, Ümummilli Liderimizin Vətənə və xalqa həsr olunmuş mənalı ömrünün müxtəlif anlarını əks etdirən ekspozisiya ilə tanış olublar. Sonra Ulu Öndərin və şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himnimiz oxunub. Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşduğu vaxtdan 15 il ötür. Lakin Azərbaycan xalqının tarixində və taleyində müstəsna rolu və xidmətləri olmuş bu böyük siyasi və dövlət xadimi, hələ sağlığında canlı əfsanəyə çevrilmiş əbədiyaşar Ali Baş Komandanımız canından əziz bildiyi, uğrunda fədakarlıqlar göstərdiyi Azərbaycanı və qədirbilən xalqımızı cismən tərk etsə də, bu dahi şəxsiyyət xatirələrdə, ürəklərdə yaşayır. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca Heydər Əliyevin xatirəsi də əbədi yaşayacaq. Qeyd olunub ki, ötən 15 il ərzində xalqımız, eləcə də onun ayrılmaz hissəsi olan Ordumuzun şəxsi heyəti Heydər Əliyev ideyalarına həmişə sadiq olub, onun yolu ilə daha parlaq gələcəyə doğru inamlı addımlar atıb. Ümummilli Liderimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanımızın daha da inkişafına, tərəqqisinə, regionun ən güclü dövlətlərindən birinə çevrilməsinə nail olub. Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev Ulu Öndər ilə görüşlərini yada salıb, xatirə tədbirləri aylığının əhəmiyyətindən danışıb. R.Əliyev birlik, birləşmə, hərbi hissələrdə və xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək silsilə tədbirlər barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, aylıq çərçivəsində Heydər Əliyevin adı ilə bağlı ünvanlara şəxsi heyətin ekskursiyaları təşkil olunacaq, dahi rəhbərin silahdaşları ilə görüşlər keçiriləcək, əbədiyaşar liderimizin Fəxri xiyabandakı məzarı, Heydər Əliyev muzey və mərkəzləri ziyarət olunacaq. Həmçinin “Heydər Əliyev irsini öyrənirik” mövzusunda silsilə məşğələlər çərçivəsində məruzə və mühazirələr oxunacaq, filmlərin kütləvi nümayişi və Ulu Öndərə həsr olunmuş əsərlərdən ibarət proqramlar təşkil ediləcək. Ümumiyyətlə, “Heydər Əliyev ideyalarına sadiqik” devizi altında keçirilən xatirə tədbirləri aylığı Ulu Öndərə əsgəri ehtiramın və Heydər Əliyev ideyalarının əbədiyaşarlığının nümayişinə çevriləcək. Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Ulu Öndərimizin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərini minnətdarlıq hissi ilə xatırlayıb. A.Rəhimzadə Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrünün Heydər Əliyevin möhtəşəm fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb. O, bütün ömrünü Azərbaycan dövlətinin qorunmasına, möhkəmləndirilməsinə və inkişafına həsr etmiş, tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqı qazanmış Heydər Əliyevin XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin ilhamvericisi və təşkilatçısı olduğunu deyib. A.Rəhimzadə diqqətə çatdırıb ki, Heydər Əliyevin dünya siyasət xəzinəsinə daxil olmuş altmış illik titanik fəaliyyəti Azərbaycan xalqının əsrlər boyu ürəyində yaşatdığı müstəqil dövlətçilik arzusunun gerçəkliyə çevrilməsində müstəsna rol oynayıb. Heydər Əliyev bu gün də yaşayır, gələcəkdə də yaşayacaq. Dahi rəhbərin ideyalarına həmişə sadiq olan xalqımız, eləcə də Ordumuzun şəxsi heyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə daha xoşbəxt, firavan gələcəyə doğru inamla irəliləyəcək. Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Rəşad Kərimov Ulu Öndərimizin əbədiyyətə qovuşduğu 15 il ərzində Ümummilli Liderimizin xatirəsinin həmişə əziz tutulduğunu, həm ölkəmizdə, həm də Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda adının əbədiləşdirildiyini qeyd edib. O bildirib ki, Prezident İlham Əliyevin 2006-cı il 29 dekabr tarixli Sərəncamı əsasında yaradılan Heydər Əliyev Mərkəzi memarlıq üslubuna görə nadir mədəniyyət ocağıdır. Mərkəzdə xalqımızın böyük oğlu Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli iş aparılır. Burada fəaliyyət göstərən “Azərbaycan inciləri”, “Mini Azərbaycan”, “Azərbaycana xoş gəlmisiniz” və digər sərgi zallarını, xüsusən də zəngin Heydər Əliyev muzeyini hər il yüz minlərlə yerli və əcnəbi vətəndaş ziyarət edir. Burada həm respublika, həm də beynəlxalq əhəmiyyətli mötəbər tədbirlər həyata keçirilir. Dizayn və tətbiq olunan yeni texnologiyaları ilə fərqlənən Heydər Əliyev muzeyində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrləri əks etdirilir. Burada Heydər Əliyevin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik dövründə həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilir, Ümummilli Liderin şəxsi əşyaları tamaşaçıların böyük marağına səbəb olur. Rəşad Kərimov diqqətə çatdırıb ki, Müdafiə Nazirliyinin təşkil etdiyi xatirə tədbirləri aylığı çərçivəsində Heydər Əliyev Mərkəzinin də qapıları Azərbaycan Ordusunun şəxsi heyətinin üzünə həmişəki kimi açıq olacaq və hərbi qulluqçular burada Ümummilli Liderimizin zəngin irsini daha yaxından mənimsəmək imkanı əldə edəcəklər. Ulu Öndərimizin hələ ötən əsrin 70-ci illərində Azərbaycanın gələcəkdə müstəqilliyini bərpa edəcəyini öncədən duyaraq uzaqgörənliklə yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk kursantlarından və məktəbin ilk bayraqdarı olmuş ehtiyatda olan polkovnik, Azərbaycanın Vətən müharibəsi veteranı Şair Ramaldanov Ulu Öndərlə ilk görüşlərini xatırlayıb və Ordumuzun tarixinə şanlı səhifə kimi yazılmış Horadiz əməliyyatından danışıb. O deyib ki, 1993-cü il noyabrın 2-də Ulu Öndərimizin televiziya və radio vasitəsilə xalqa müraciəti ordu quruculuğunda yeni mərhələnin başlanğıcını qoydu. Əsl Azərbaycan Ordusu məhz bu müraciətdən sonra yaranmağa, formalaşmağa, qüdrətlənməyə başladı. Azərbaycan Silahlı Qüvvələri Füzuli, Tərtər, Ağdam istiqamətlərində bu vaxtadək görünməmiş qəhrəmanlıqlar nümayiş etdirdi. Ali Baş Komandanın ön səngərlərə səfərləri, döyüşçülərlə görüşləri, onların problem və qayğıları ilə yerindəcə tanış olması öz bəhrəsini verdi. Ulu Öndərin xeyir-duası ilə işğal edilmiş əraziləri düşmən tapdağından azad etmək üçün üzərində “Heydər Əliyev uğrunda irəli!” sözləri yazılmış zirehli texnikalarla hücuma keçdik. 1993-cü il dekabrın sonu və 1994-cü ilin ilk yanvar günlərində Ali Baş Komandan Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən Horadiz əməliyyatı uğurla nəticələndi. Horadizdə və işğaldan azad edilən digər yaşayış məntəqələrində həyat yenidən canlanmağa başladı, infrastruktur yaradıldı, qaçqınlar, köçkünlər yurd-yuvalarına qayıtdılar. Son 15 il ərzində isə Prezident İlham Əliyevin Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirməsi 22 ildən sonra Aprel zəfərinin qazanılmasına zəmin yaratdı. Aprel döyüşləri Horadiz zəfərinin davamıdır və əminik ki, işğal altında olan digər torpaqlarımız da tezliklə azad olunacaq, Azərbaycanımızın ərazi bütövlüyü təmin ediləcək. Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə bir qrup veteran çıxışlarında Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, dahi rəhbərin veteran hərəkatına göstərdiyi diqqət və qayğını minnətdarlıqla yada salıblar. Onlar veteranları “Azərbaycanın qızıl fondu” adlandıran Heydər Əliyevin Vətənimizin, xalqımızın, dövlətimizin xilaskarı olduğunu diqqətə çatdırıblar. Xalq artistləri Niyaməddin Musayev, Zaur Rzayev, Samir Cəfərov və başqaları Ulu Öndərə həsr olunan, eləcə də dahi şəxsiyyətin sevdiyi mahnıları böyük coşqu ilə ifa ediblər. “Heydər Əliyev ideyalarına sadiqik” xatirə tədbirləri aylığının açılışına həsr olunmuş təntənəli mərasim xalqımızın haqlı olaraq “Heydər Əliyev məktəbi” adlandırdığı Cəmşid Naxcıvanski adına Hərbi Liseyin kursantlarının 2003-cü il aprelin 19-da Ulu Öndərin qarşısında ilk dəfə ifa etdikləri “Naxçıvanskilər marşı”nın (sözləri A.Qurbaninin, musiqisi H.Mirməmmədlinindir) oxunması ilə başa çatıb.

2018-12-06 00:00:00
3829 baxış

Digər xəbərlər

Hədəf İlham Əliyev deyil: Hədəf Azərbaycandır!

Məlum olduğu kimi, Vaşinqtonda bir qrup radikal şəxs təxribat xarakterli hərəkətlərə yol verib. Anti-milli radikal qrupun nümayəndələri  təxribat törətməyə cəhd edərək Azərbaycan dövlətinin rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirib, həmçinin, mühafizə olunan əraziyə daxil olmağa çalışıblar. Radikal qrupun təxibatlarının qarşısı Prezidentin təhlükəsizlik xidməti və ABŞ polisi tərəfindən uğurla alınıb, radikal şəxslər ərazidən uzaqlaşdırılıb. Dostunu mənə göstər, kim olduğunu deyim! Vaşinqtondakı təxribatın qarşısnın alınmasından dərhal sonra ermənipərəst qüvvələr radikalların müdafiəsinə qalxıblar. İlk reaksuya isə ermənilərin ANCA təşkilatından gəlib. Mühafizə olunan əraziyə daxil olmağa çalışan, qeyri-etik ifadələr səsləndirən radikalların məhz ermənilər tərəfindən müdafiə edilməsi məlum olaylarda kimin maraqlı olduğunu göstərir. ANCA-nın radikallarla bağlı verdiyi bəyanat sübut edir ki, anti-milli qüvvələrin bu davranışı yalnız və yalnız ermənilərin dəyirmanına su tökür. Elə bu səbəbdən də məhz onlar ABŞ qanunlarına meydan oxuyan, mənəviyyat tanımayan dağıdıcı davranışları müdafiə edir, bu təxribatda maraqlı olduqlarını əsla gizlətmirlər. ANCA-nın ardınca Xocalı soyqırımını inkar edən, ölkəmizə qarşı 907-ci düzəlişin müəlifi olan Frenk Pallone də radikalların müdafiəsinə qalxıb ki, bu da məlum təxribatlarla ermənipərəst cəbhə arasındakı əlaqədən xəbər verir. “Dostunu mənə göstər, kim olduğunu deyim” məsəlində olduğu kimi, təxribatçıların ermənilər tərəfindən müdafiə edilməsi, onların xalqımızın tarixi düşmənləri ilə eyni maraqlara xidmət etdiyini göstərir. Bu, yalnız Prezidentə deyil, bütün Azərbaycana edilən hücumdur! Qeyd edək ki, təxribatçıların Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq istəmələri, habelə, dövlət rəhbərliyinin ünvanına səsləndirilən təhqirlər yalnız Müzəffər Ali baş Komandana edilən hücum deyil. Bu, bütün Azərbaycana, onun hər bir vətəndaşına edilən hücumdur. Çünki İlham Əliyevi prezident edən Azərbaycan xalqının verdiyi səs olub. O, bütün Azərbaycan xalqını, onun hər bir fərdini təmsil edir. Belə olan halda dövlət rəhbərliyinin ünvanına səsləndirilən hər bir həqarət, həm də xalqın ünvanına səsləndirilən təhqir deməkdir. Nə qanun, nə də əxlaq xalqı təhqir etməyə icazə vermir. Çünki xalq müqəddəsdir və o, hər zaman hər cür təhqirin, hər cür həqarətin fövqündədir. Vaşinqton təxribatı ayıq və güclü olmağımızın zəruriliyinə sübutdur Vaşinqtonda yaşanan təxribat və bu təxribatın qarşısının Prezidentin təhlükəsizlik xidməti tərəfindən qətiyyətlə alınması, ayıq və güclü olmağımızn nə qədər vacib, nə qədər həyati əhəmiyyət kəsb etdiyini sübut edir. Baş verən olay göstərir ki, anti-Azərbaycan qüvvələri hələ də öz məkirli niyyətlərində qərarlı, hələ də fəaldırlar. Buna görə də xalqımız hər zamankı kimi bu gün də təxribatçı qüvvələrdən özünü, dövlətini və Prezidentini qorumaq üçün həmrəy olmalı, birlik və bərabərlik sərgiləməlidir. Dövlət və xalq olaraq tərəqqi və təhlükəsizliyimizin başqa yolu yoxdur. Seymur ƏLİYEV  

Hamısını oxu
Veteran və qazilərin məzuniyyət müddəti artırılır

Bakı. Trend: Qarabağ döyüşlərində iştirak etmiş və müharibə veteranı statusu olan işçiyə əmək məzuniyyəti artıq standart 21-30 gün deyil, minimum 46 gün veriləcək. Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir müavinin sözlərinə görə, bu dəyişiklik dövlətin vətənə xidmət etmiş bütün kateqoriyalara sistemli, ədalətli və inklüziv sosial dəstək yanaşmasını nümayiş etdirir və onların rifahının təmin olunmasına yönəlmiş mühüm sosial addımdır. “Layihədə 46 təqvim günündən az olmayaraq məzuniyyət hüququna dair norma əhəmiyyətli şəkildə genişləndirilib və dəqiqləşdirilib. Əvvəlki redaksiyada bu hüquq əsasən Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda xəsarət almış, Milli və Sovet İttifaqı Qəhrəmanları, Vətən Müharibəsi Qəhrəmanları və digər dövlət təltifləri ilə təltif olunmuş şəxsləri əhatə edirdisə, yeni redaksiya bu hüququ daha geniş sosial müdafiə qruplarına şamil edir”, - deyə R.Mustafayev əlavə edib.

Hamısını oxu
“Dağıstan və Azərbaycan veteranlarının birgə Forumu xalqlarımızın tarixi qardaşlıq əlaqələrinin təntənəsidir”

 Aprelin 16-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasına səfər edib,  səfər əsnasında bir sıra görüşlər keçirib. Polkovnik Cəlil Xəlilovla söhbətimizdə səfər əsnasında keçirilən tədbirlər və bu tədbirlərin önəmindən bəhs etdik: -Cəlil müəllim, öncə Dağıstan səfəri ilə bağlı fikir və təəssüratlarınızı bilmək istərdik. Bu səfəri hansı aspektlərdən daha faydalı hesab edirsiniz? -Mən Dağıstan səfərini, bu səfər əsnasında keçirdiyimiz görüşləri həm Azərbaycan-Dağıstan veteranları arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, həm xalqlarımızım tarixi-mədəni birliyinin inkişafı, həm də tarixi həqiqətlərimizin təbliği baxımından olduqca faydalı hesab edirəm. Məlumat üçün qeyd edək ki, biz Dağıstana Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və  Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsinin sədri Alicanov Maharam Ramaldanoviçin dəvəti əsasında səfər etmişdik. 17 aprel tarixində Dərbənd şəhərində faşizm üzərində qələbənin 80 illiyinə həsr olunan Dağıstan və Azərbaycan veteranlarının birgə forumunda iştirak etdik. Forum olduqca yüksək səviyyədə təşkil edilmişdi. Biz Forumda xalqlarımızın birgə mübarizəsi nəticəsində faşizm üzərində əldə edilən tarixi zəfərə diqqət çəkdik, bu zəfərin necə böyük qurbanlar və qəhrəmanlıqlar bahasına əldə edildiyindən danışdıq. Həmçinin, Forumda Azərbaycan və Dağıstan xalqının igid övladlarının müharibədə göstərdiyi qəhrəmanlıq salnamələrini qürur və iftixar hissi ilə xatırladıq. Bakı nefti, bu faktorun faşizm üzərindəki qələbədəki rolu da dönə-dönə qeyd edildi. Forumun bədii hissələrində Dağıstan və Azərbaycan  xalqlarının dilində mahnılar səsləndirildi, milli mədəniyyətlərimizə məxsus rəqs nümunələri təqdim edildi. Bu Forum bir daha göstərdi ki, Dağıstan və Azərbaycan xalqları arasındakı tarixi dostluq əlaqələri əzəli olduğu qədər əbədi və qırılmazdır. Forumda Dağıstan Respublikasının tanınmış dövlət xadimləri, ictimai-siyasi xadimlər, eləcə də çoxsaylı veteranlar iştirak edirdi. Dağıstan Respublikasının Milli Siyasət və Dini İşlər üzrə naziri Müslümov Enrik Selimoviç, “Dərbənd Şəhər” Şəhər Dairəsinin başçısı Əhməd Quliyev, Maxaçqala Şəhər Veteranlar Şurasının sədri Qahrimanov Ferezulla Aqakerimoviç, Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və  Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsinin sədrinin I müavini Barkuyev Barku Maqomedoviç, Dərbənd Şəhər Veteranlar Şurasının sədri Hacımurad Yacımurad İbramoviç, hüquq-mühafizə orqanlarının veteranı Ağagülov Əmirbəy Xıdıroviç, əmək veteranı Hüseynov Hüseynbala Yəhyayeviç və digərləri iştirak edirdi. Mən bütün bu şəxslərə, xüsusilə də Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimova, Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəsi general-mayor Əliyar Abdullayevə təşəkkür edirəm. Eyni zamanda, səfərdə iştirakımıza verdiyi dəstəyə, göstərdiyi köməkliyə görə Azərbaycan Respublikasının Prezident Administrasiyasına, bütün əlaqədar dövlət qurumlarımıza minnətdaram. -Səfər çərçivəsində daha hansı görüşlər keçirdiniz? -Biz Forumdan sonra Dərbənd şəhərində Mirzə Kazım bəy adına olan mərkəzi kitabxanaya da səfər etdik, kitabxana rəhbərliyinə mərhum dövlət xadimləri Əziz Əliyev, Ümummilli lider Heydər Əliyevlə bağlı kitablar hədiyyə etdik. Bizim üçün olduqca xoş oldu ki, Dərbənddəki mərkəzi kitabxanada Azərbaycan tarixinə aid qiymətli kitablar mövcuddur və bu kitablar böyük qayğı ilə qorunmaqdadır. Mərkəzi kitabxanada yaradılan şərait, xalqlarımızın minillik keçmişinə aid məlumatların böyük qayğı və sevgi ilə qorunması dost Dağıstan xalqının özünün və Azərbaycanın tarixinə, mədəniyyətinə, keçdiyi tarixi yola verdiyi yüksək qiyməti göstərir. 18 aprel tarixində biz Mahaçqala şəhərinə də səfər etdik, mərhum dövlət xadimi Əziz Əliyevin heykəl-kompleksini ziyarət etdik, gül dəstələri qoyduq. Həm mən, həm də Alicanov Maharam Ramaldanoviç veteranlar, məktəblilər, ictimai-siyasi fəallar qarşısında çıxış edərək Əziz Əliyevin Dağıstan və Azərbaycan xalqları arasındakı dostluq əlaqələrinin inkişafındakı tarixi rolundan danışdıq. Mahaçqala səfəri zamanı biz bu şəhərdəki gimnaziyada da olduq. Burada təhsil alan şagirdlərin bilik səviyyəsi ilə yanaşı, yüksək vətənprəvərlik ruhu bizi sözün əsl mənasında heyran qoydu. Bir sözlə, bu səfər Dağıstan haqqında bizi yeni məlumatlar və dostlar qazandırdı, yeni əməkdaşlıqlar üçün geniş perspektivlər açdı. -Cəlil müəllim, Dağıstan-Azərbaycan veteranları arasındakı əməkdaşlığın inkişafı üçün yaxın gələcəkdə hansı addımlar atmağı planlaşdırırsınız? -Hesab edirəm ki, Dağıstan-Azərbaycan veteranları arasındakı əməkdaşlığın genişlənməsi sadəcə veteran təşkilatlarının deyil, ümumilikdə xalqlarımızın mənafeyi baxımından mühüm əhəmiyyətə malikdir. Heç kimə sirr deyil ki, zaman-zaman iki dost xalq arasında etimadsızlıq toxumları səpməyə çalışan, bu xalqları üz-üzə qoymağa çalışan məkirli qüvvələr olub. Lakin həm Dağıstan, həm də Azərbaycan xalqı bu qüvvələrə qətiyətlə “yox” deyib, onları ifşa edib. Xalqlarımız öz sayıqlığını, həmrəyliyini, birliyini qoruyub saxlayıb. Bu cür səfərlər xalqın bir hissəsi olan veteranlar arasında birliyin daha da güclənməsinə səbəb olur ki, bu da təxribatçı qüvvələr, kənar müdaxiləlr üçün meydanı daraldır. Bundan başqa, bu səfər əsnasında səsləndirilən faktlar, müzakirə edilən tarixi həqiqətlər gənc nəsillərə də göstərir ki, Dağıstan və Azərbaycan xalqlarının dostluğu, qardaşlığı uzun əsrlərə, mən deyərdim ki, minilliklərə söykənir. Bizim borcumuz bu dostluq, qardaşlıq əlaqələrini qorumaq, inkişaf və təbliğ etməkdir. Bu mənada yaxın gələcəkdə Dağıstanla Azərbaycan veteranları arasında qarşılıqlı əlaqələrin daha da inkişafı üçün bir sıra addımların atılması nəzərdə tutulub. Ümid edirəm ki, biz cari ildə Dağıstanlı veteranların ölkəmizə səfərinə nail olacaq, Dərbənd və Mahaçqala müzakirələrini Bakı və respublikalarımızın digər bölgələrində davam etdirəcəyik. Nümayəndə heyətinin işğaldan azad edilən ərazilərə səfərinin təşkili, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın bu ərzilərdə həyata keçirdiyi böyük abadlıq işlərinin dostlarımıza təqdim etmək də əsas istəklərimiz sırasındadır. Dağıstan və Azərbaycan veteranları arasındakı əlaqələrin inkiaşfı üçün daha bir sıra addımlar nəzərdə tutulur ki, bu haqda mütəmadi şəkildə ictimaiyyətə məlumatlar verəcəyik. Əminəm ki, atdığımız addımlar Azərbaycan-Dağıstan dostluğunu daha da möhkəmkəndirəcək, gələcək nəsillərə bu dostluğu inkiaşf etdirmək üçün daha böyük imkanlar yaradacaq. Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayevlə görüş keçirilib

23 fevral 2021-cı ildə Respublika Veteranlar Təşkilatında Gənclər və İdman nazininin müavini ilə təşkilatın rəhbərliyinin görüşü keçirilib. Görüşdə Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova rəhbərlik etdiyi təşkilatın ölkəmizin ictimai həyatında xüsusi yeri və rolu olduğunu bildirdi. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, eləcə də, veteranların sosial təminatının yaxşılaşdırılması, onlara hüquqi yardımların edilməsi istiqamətində və bu kimi məsələlərdə təşkilatın gördüyü işlər haqqında məlumat verdi. Sədr II Dünya müharibəsi, Qarabağ və 44 günlük müqəddəs Vətən müharibəsində tarix yazan qəhrəmanların, Silahlı Qüvvələr, əmək veteranlarının həyat və fəaliyyətlərinin gənclərə daim örnək olduqlarını, vətən və millət yolunda canından, sağlamlığından keçən şəxslərin tanıdılması yönündə Respublika Veteranlar Təşkilatının uğurlu fəaliyyəti haqqında danışdı. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov yaşadığımız mürəkkəb zamanda erməni separatçılarının timsalında faşizm kimi mənfur ideologiyanının məğlub edilməsini regionda və dünyada sülhün, əmin-amanlığın qorunmasına verdiyimiz tövhə kimi qiymətlədirdi. O, gənclər və veteranlarıa göstərilən diqqət və qayğını Prezident İlham Əliyevin bu sahələrdə uğurla həyata keçirdiyi siyasi kursun göstəricisi kimi vurğuladı. Gənclər və İdaman nazirliyi ilə Respublika Veteranlar Təşkilatının qarşılıqlı əməkdaşlığının ölkəmizdə gənclər siyasətinə və veteran hərəkatına tövhələr verəcəyini bildirdi. Gənclər və idman nazirinin müavini İntiqam Babayev göstərilən qonaqpərvərliyə görə təşəkkür etdi. Ölkəmizdə gənclər siyasətinin dünyaya nümunə olacaq səviyyədə təşkil edildiyini bildirdi. Ölkə rəhbərliyinin bu sahəyə ayırdığı diqqət və qayğısının günü–gündən daha da artığını qeyd etdi. İ.Babayev “44 günlük Vətən müharibəsində gənclərin və veternaların həm ön, həm də, arxa cəbhədə göstərdikləri fədakarlıqları sözlə ifadə etmək mümkünsüzdür. Hər bir Azərbaycan gənci Ali Baş Konamdan ətrafında sıx birləşərək dəmir yumruğun gücünə güc qatdı. Vətənpərvərliyi, həmrəyliyi, qəhrəmanlığı veteranlardan əmanət alan gənclərimiz hər zaman vətənimiz Azərbaycan və onun xalqının təssübkeşi, dayağı olacaqdır. Respublika Veternalar Təşkilatı ilə Gənclər və İdman nazirliyinin səmərəli əməkdaşlığı hər zaman davam edəkdir. Bu əməkdaşlıq respublikamızın çiçəklənməsinə öz tövhəsini gələcəkdə də verəcəkdir”. Görüşdə gənclər və veteranların bir sıra lahiyələrdə birlikdə çıxış etmələri, qarşılıqlı əməkdaşlığın daha da artırılması və prespektivləri müzakirə edildi. Dünyada və ölkəmizdə məlum pandemiya şəraiti nəzərə alınmaqla bəzi gündəlikdə duran məsələlərin icrasının vacibliyi vurğulandı. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu