Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ölkəmizdə əlillərə dövlət qayğısı siyasəti Heydər Əliyevin adı ilə bağlıdır”

Səmyar Abdullayev: “İlk dəfə məhz Ulu öndərin təşəbbüsü ilə bu siyasət sistemləşdirilib, prioritet istiqamətlərdən biri elan olunub”

“Prezident İlham Əliyev Ümummilli liderin əlillərə dövlət qayğısı siyasətini uğurla davam etdirməkdədir”

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə Ulu öndərin əlillərlə bağlı siyasətini şərh etməyə çalışdıq:

-Səmyar müəllim, Ulu öndərin həssas kateqoriyadan olan bütün şəxslər kimi əlillərə də daim qayğı ilə yanaşdığı, onların sosial durumunu, mənzil-məişət şəraitini diqqət mərkəzində saxladığı hər kəsə məlumdur. Sizcə Heydər Əliyevin bu sahədəki çoxsaylı xidmətləri, bu xidmətlərin tarixi əhəmiyyəti qısaca necə xarakterizə edilə bilər?

-Hər şeydən öncə qeyd edim ki, ölkəmizdə əlillərə dövlət qayğısı siyasəti Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin həssas kateqoriyadan olan bütün şəxslər kimi, əlillərə olan münasibətində diqqət çəkən ən mühüm amil Ulu öndərin bu sahədə bütöv bir dəyərlər sistemi yaratmasıdır.

Ümummilli liderdən öncə də əlillərə dövlət qayğısı ilə bağlı bəzi nümunələr olsa da, bunlar pərakəndə xarakter daşıyır, nə hüquqi, nə də siyasi baxımından ciddi bir sistemə söykənmirdi. Məhz Heydər Əliyev bu sahədə aydın, qəti və mükəmməl bir sistem formalaşdırdı. Ulu öndər əlillərə dövlət qayğısını inkişaf etdirmək, bu qayğının miqyasını genişləndirmək üçün bir sıra addımlar atdı ki, bunlardan da biri bu sahədə hüquqi bazanın gücləndirilməsi oldu. Heydər Əliyevin təşəbbüsü və səyi ilə əlillərin hüquqlarının daha da genişləndirilməsi mümkün oldu.

Onu da qeyd edək ki, Beynəlxalq Əlillər Günü məhz Ulu Öndər Heydər Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən 1994-cü ildən etibarən dünyanın sivil ölkələri ilə yanaşı, Azərbaycanda da qeyd olunmağa başlamışdır.

Ümummilli lider həm dövlət, həm də cəmiyyət olaraq əlillərə sahiblənməyin, onların qayğısına qalmağın vacibliyini əməli fəaliyyəti ilə bütün xalqın diqqətinə çatdırdı, ictimai şüurda bu həqiqəti möhkəmləndirdi. Heydər Əliyev 1995-ci il yanvarın 17-də Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin kollektivi ilə görüşündə demişdir: “İnsanların, dövlətin, cəmiyyətin fiziki, ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı həmişə yüksək səviyyədə olmalıdır”.

Heydər Əliyev bu sahədə şəxsi nümunə göstərərək bütün toplumu bu ideya ətrafında səfərbər edə bilmiş, əlillərə olan qayğı və diqqətin əhəmiyyətli dərəcədə artırılmasına müvəffəq olmuşdur.

-Əlillərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün Ulu öndər tərəfindən görülən hansı işləri qeyd edə bilərsiniz?

-Heydər Əliyev siyasi hakimiyyəti dönəmində əlillərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün silsilə addımlar atmış, mühüm dövlət layihələrinin icrasına nail olmuşdur. Statistikaya nəzər salsaq, bu həqiqəti konkret faktların timsalında daha aydın görə bilərik.

1997-2003-cü illərdə Heydər Əliyevin qayğısı sayəsində 508 əlil ailəsi mənzil, 138 əlil ailəsi isə fərdi evlə təmin olunmuş, onların mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. 1998-2002-ci illərdə yenə də Ümummilli liderin təşəbbüsü ilə 1090 nəfər əlilə minik avtomobili verilmişdir. Bu, elə bir dönəm idi ki, Qarabağ və ətraf ərazilər işğal altında idi. Büdcədə lazımi vəsait yox idi. Ölkəmiz həm siyasi, həm də iqtisadi baxımdan ciddi təbəddülatlar içərisində idi. Lakin buna baxmayaraq Heydər Əliyev əlilləri dövlət qayğısından kənarda qoymur, əksinə, onlara qayğını artırırdı. Bu, Ulu öndərin əlillərə olan həssas, sevgi və humanistlik dolu münasibətini əks etdirir.

-Bu gün ölkəmizdə əlillərə dövlət qayğısı siyasəti hansı səviyyədədir?

-Sevindiricidir ki, Ulu öndərin əlillərlə bağlı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilmiş, miqyas və keyfiyyət etibarilə yeni mərhələyə yüksəlmişdir. Heydər Əliyevin bu sahədəki mirasına da bacarıqla sahiblənən Müzəffər Ali Baş Komandan, əlillərin sosial rifahını yaxşılaşdırılması üçün çoxsaylı təşəbbüslər irəli sürmüş, regional miqyasda böyük əks-səda doğuran sosial layihələr həyata keçirmişdir.

Prezident İlham Əliyev 25 fevral 2019-cu il tarixdə "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" müvafiq Sərəncam imzalamış, bununla da əlillərə verilən sosial müavinətlərin miqdarı əhəmiyyətli dərəcədə artmışdır. Sözügen Sərəncamla sosial müavinətin məbləğinin I qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 82 manatdan, müharibə əlilləri üçün 101 manatdan, "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 94 manatdan) 150 manata, II qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 61 manatdan, müharibə əlilləri, "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 81 manatdan) 130 manata, III qrup əlilliyə görə isə (ümumi səbəblərdən əlillər üçün 52 manatdan, müharibə əlilləri üçün 73 manatdan və "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 61 manatdan) 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata çatdırılmışdır.

2019-cu ildən sonrakı 5 il ərzində əlillərin sosial rifahının və mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən əlavə tədbirlər həyata keçirilmiş, mühüm uğurlara nail olunmuşdur.

Bu, əlillərin reabilitasiyası ilə bağlı məsələdə də özünü aydın göstərir. Məlumat üçün qeyd edim ki, ölkəmizdə son 5 ildə reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayı 3 dəfə artaraq  60 minə çatıb. Həmçinin, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı xeyli genişləndirilib.

Müharibə əlillərinin müasir protezləlrə təmin olunması da dövlətimizin diqqət mərkəzindədir. 44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan 448 şəxs 467 ədəd son nəsil müasir protezlə təmin olunub ki, bu da dövlətimizin əlil vətəndaşlara olan qayğısına bariz nümunədir.

-Səmyar müəllim, gözdən əlil vətəndaşlarımızla bağlı görülən işlər haqqında nə deyə bilərsiniz?

-Bütün əlillər kimi gözdən əlil vətəndaşlarımız da dövlətimizin diqqət və qayğıısnı daim öz üzərlərində hiss edib. Ölkəmizdə gözdən əlil vətəndaşlar üçün binalar inşa edilib, onların mənzillə təminatı istqiamətində mühüm addımlar atılıb.

Sevindiricidir ki, bu qəbildən olan binaların açılışında Prezident İlham Əliyevin özü şəxsən iştirak edir. Bu cür binalardan biri 2015-ci ildə istifadəyə verildi ki, bu binanın da açılışında dövlət başçısı şəxsən iştirak etdi. 132 mənzilli bu binanın açılışında Prezident İlham Əliyev əlillərə olan dövlət qayğısını qeyd etməklə yanaşı, onlarla bağlı istək və gözləntilərini də dilə gətirərək demişdir:

“Bilirsiniz ki, son illər ərzində müharibə əlilləri, şəhid ailələri üçün minlərlə evlər tikilib. 5200 şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən evlə təmin edilib. Eyni zamanda, onlara 5 mindən artıq minik avtomobil verilmişdir.

Deyə bilərəm ki, Azərbaycanda nümayiş etdirilən bu yanaşma heç bir başqa ölkədə yoxdur. Bu, bir daha bizim sosial siyasətimizi əks etdirir, eyni zamanda, onu göstərir ki, xalq üçün, dövlət üçün böyük xidmətlər göstərmiş insanlara, fiziki qüsurlu insanlara dövlət tərəfindən daim diqqət göstərilir və göstəriləcəkdir.

Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər. Onlar işlə təmin olunsunlar, onlar üçün yaxşı şərait yaradılsın, bax belə gözəl binalar tikilsin. Cəmiyyətdə də onlara daim hörmət, diqqət göstərilsin. Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Ancaq əlbəttə ki, bütün cəmiyyət də bu təşəbbüsə qoşulmalıdır”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2021-2024-cü illərdə500 nəfərə yaxın gözdən əlil mənzillə təmin edilib.

Bu gün gözdən əllllər üçün Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Tədris-Bərpa Mərkəzi fəaliyyət göstərir. Yüzlərlə gözdən əlil bu Mərkəzin imkanlarından istifadə edir. Bu Mərkəz Prezident İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayıb və onun açılışında dövlət başçısı şəxsən iştirak edib.

Mən əlillərə, eləcə də gözən əlil vətəndaşlarımıza göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fonduna, Fondun rəhbəri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür etməyi özümə borc bilirəm. Heydər Əliyev Fondu yarandığı ilk gündən etibarən əlillərin sosial rifahının yüksəldilməsi, müalicəsi istiqamətində böyük işlər görüb, mühüm layihələr həyata keçirib.

Fondun dəstəyi ilə 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Hər iki müəssisədə  5-18 yaşlarında 339 uşaq daimi dövlət təminatındadır.

Heydər Əliyev Fondu müharibədə yaralanan hərbçilərimizin müasir protezlərlə təminində də fəal rol oynayır. Heydər Əliyev Fondunun “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində sağlamlıq imkanı məhdud hərbçilərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin olunub. Görülən bütün bu işlər Ulu öndər Heydər Əliyev siyasətinin davamı və inkişafı çərçivəsində həyata keçirilib.

Əminəm ki, Azərbaycan dövləti bundan sonra da əlil vətəndaşlarımızın sosial rifahının, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maksimum səy göstərəcək, hər bir əlil vətəndaşın ümid və sevinc mənbəyi olaraq qalacaq.

Seymur ƏLİYEV 

 

2024-05-10 12:00:35
3377 baxış

Digər xəbərlər

Bu gün şəhid Axundov Mirzə Musa oğlunun doğum günüdür

Mirzə Axundov 1984-cü il martın 15-də Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. 1991-2000-ci illərdə Gəgiran kənd tam orta məktəbində təhsil alıb. Mirzə Axundov 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduğdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Mirzə Axundov, 2004-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Zığ qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində, 2016-2019-cu illərdə Ağdam  rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2019-cu ildən isə Tərtər rayonunda   yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb . Azərbaycan Ordusunun Hərbi Dəniz qüvvələrinin miçmanı olan Mirzə Axundov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri   tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi   zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirzə Axundov oktyabrın 2-də Talış istiqamətində şəhid olub, Xəzər rayonunun Türkan qəsəbəsində dəfn olunub. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzə Axundov ölümündən sonra”Vətən uğrunda “ medalı ilə təltif olunub. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzə Axundov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzə Axundov ölümündən sonra “Laçının azad olunmasına görə” medalı  ilə təltif edilib.  

Hamısını oxu
Xankəndidə təhlükəsizliyin ünvanı- Azərbaycan Polisi!

Uzun illər həsrətdən sonra dirçələn Xankəndidə bu gün sakitlik, etibar və güvən hökm sürür. Şəhərin küçələrində gəzən hər bir insan özünü tam təhlükəsiz hiss edir. Bu isə Azərbaycan polisinin fədakar və peşəkar xidmətinin bəhrəsidir. Xankəndidə ictimai asayişin qorunması təkcə bir vəzifə deyil, həm də vətənə və doğma yurda olan sevginin təzahürüdür. Əslən Xankəndidən olan Xankəndi şəhər polis şöbəsinin rəisi polkovnik Zaur Nəsirov doğma şəhərində qanunların qorunması üçün bütün gücünü səfərbər edib. Onun rəhbərliyi ilə polis əməkdaşları yalnız qanunların aliliyini təmin etmir, həm də insanlara arxayınlıq, sabaha inam bəxş edirlər. Bu fəaliyyətin arxasında isə Daxili İşlər Nazirliyinin böyük dəstəyi dayanır. Cənab Nazir Vilayət Eyvazovun rəhbərliyi ilə Azərbaycan polisi ölkəmizin hər bir bölgəsində olduğu kimi, Xankəndidə də ən yüksək peşəkarlıqla xidmət göstərir. Onun diqqət və qayğısı nəticəsində Xankəndidə təhlükəsizlik sistemi daha da möhkəmlənib, insanların öz doğma yurdlarında tam etibarlı şəraitdə yaşaması təmin olunub. Bu gün Xankəndidə həyat yenidən canlanır, tikinti-quruculuq işləri sürətlə davam edir. İnsanların üzündəki təbəssüm, uşaqların küçələrdə azadca oynaması bir daha göstərir ki, təhlükəsiz mühitin təmin olunması hər şeydən önəmlidir. Bu mühitin qoruyucusu isə Azərbaycan polisidir. Xankəndi sakinləri yaxşı bilirlər: onların hər addımında, hər günündə polis keşiyindədir. Bu keşiyin arxasında həm peşəkarlıq, həm də Vətən sevgisi dayanır. Azərbaycan polisi Xankəndidə sadəcə qayda-qanun yaratmır, həm də insanlara güvən, rahatlıq və ümid bəxş edir.  Müəllif: Şamxal Adıgözəlov

Hamısını oxu
“Lokal anti-terror tədbirləri “Dəmir yumruğ”un növbəti təzahürü idi”

Səmyar Abdullayev: “Cəmi 24 saat ərzində separatçıların tərk-silah edilməsi Azərbaycanın hərbi qüdrətindən xəbər verir” “Anti-terror tədbirləri bölgədə yeni reallıqlar, müsbət tendensiyalar formalaşdırıb” “19 sentyabr olayı göstərdi ki, Azərbaycanla ultimatum dilində danışmaq intihara bərabərdir” Ordumuzun 19 sentyabr tarixində Qarabağda başlatdığı lokal anti-terror tədbirləri cəmi 24 saatdan da az müddətdə uğurla başa çatıb, separatçıların ağ bayraq qaldırması ilə yekunlaşıb. Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə anti-terror tədbirləri və bu tədbirlərin nəticələrini şərh etməyə çalışdıq: -Səmyar bəy, öncə lokal anti-terror tədbirləri və bunun nəticələri ilə bağlı fikirlərinizi bilmək istərdik. 24 saatdan da az çəkən bu tədbirlərin hərbi-siyasi və tarixi əhəmiyyətini necə dəyərləndirirsiniz? -Mən ilk növbədə anti-terror tədbirlərində həlak olan şəhdilərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Bildiyiniz kimi, anti-terror tədbirlərinin reallaşması zərurətdən irəli gəlirdi. Ermənilərin mütəmadi şəkildə həyata keçirdiyi terror və təxribat siyasəti, Xankəndidə keçirilən qurama seçkilər və s. belə bir anti-terror tədbirlərini vacib edirdi. Ali Baş Komandanın rəhbərliyi altında gerçəkləşən anti-terror tədbirləri 24 saatdan da az müddətdə qəti qələbə ilə yekunlaşdı ki, bu da ordumuzun qüdrətindən, onun yüksək peşəkarlığından xəbər verir. 24 saat ərzində separatçıları ağ bayraq qaldırmağa məcbur edən Azərbaycan Ordusu, bununla sübut etdi ki, “Dəmir yumruq” yerindədir və kimsə dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə təhlükə yarada bilməz. Anti-terror tədbirlərinin hərbi-siyasi əhəmiyyətinə gəlincə, bu, Azərbaycan hərb tarixində xüsusi önəm kəsb edən bir hadisədir. Bu tədbirlər nəticəsində Azərbaycan Qarabağın hər yerində faktiki nəzarəti təmin etdi, separatizmə son qoydu. Azərbaycan post-müharibə dönəmindən sonra regionda öz mövcudluğunu qoruyub saxlayan separatizmi güc yolu ilə tərk-silah etdi ki, bu da yeni reallıqlar formalaşdırdı. Anti-terror tədbirlərinin tarixi önəminə gəlincə, bu tədbirlər eyniylə 44 günlük Vətən müharibəsi kimi hər zaman şərəflə, qürurla xatırlanacaq, təktrar-təkrar öyrəniləcək, təbliğ ediləcək. -Səmyar bəy, bu gün ölkə başçısı xalqa müraciət ünvanladı və bir sıra mühüm mesajlar verdi. Həmçinin qeyd etdi ki, sadə ermənilər yeni reallıqlardan yararlanmalı, Azərbaycana reinteqrasiya şansından istifadə etməlidir. -Prezident İlham Əliyevin xalqa müraciəti də ordumuzun anti-terrior tədbiri kimi tarixi bir hadisədir. Ölkə başçısı çıxışında Ermənistanın terrorçu siyasətini ifşa etdi, anti-terror tədbirlərinin hansı zərurətdən irəli gəldiyinə toxundu. Həmçinin, Ali Baş Komandan bildirdi ki, Qarabağdakı sadə ermənilər anti-terror tədbirlərindən sonra yaranan yeni reallıqdan istifadə etməli, Azərbaycana reinteqrasiya şansından yararlanmalıdır. Bu, sadə ermənilərin də maraqlarına cavab verən bir addımdır. Bildiyiniz kimi, Qarabağdakı ermənilər uzun illərdir ki, separatçı rejimin diktəsi altında – ağır şərtlə içində yaşayıblar. Bu gün ordumuzun separatçı rejimi tərk-silah etməsi ilə sadə ermənilər də faktiki azadlıq əldə edib. Onlar bu azadlığa görə Azərbaycana minnətdar olmalı, ölkəmizə reinteqrasiya istiqamətində əməli addımlar atmalıdırlar. -Dövlət başısı çıxşında bildirdi ki, heç kim Azərbaycanla ultimatum dilində danışa bilməz. Sizcə anti-terror tədbirləri və bunun mövcud nəticəsi Ali Baş Komandanın məlum açıqlamasının təsdiqi sayıla bilərmi? -Şübhəsiz. Anti-terror tədbirləri göstərdi ki, Azərbaycan regionun ən güclü dövlətidir və onunla ultimatum dilində danışmaq intihara bərabərdir. Prezident də çıxışında bu həqiqəti yada saldı və qeyd etdi ki, “heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz!”. Ali Baş Komandan xalqa müraciətində “Dəmir yumruğ”u da anti-Azərbaycan qüvvələrinin yadına saldı. Bir daha vurğuladı ki, “Dəmir yumruq” yerindədir və ölkəmizə xor baxanlar bu həqiqəti əsla unutmamalıdır. Bir faktı da qeyd edək ki, anti-terror tədbirləri zamanı Ali Baş Komandan həm də şəxsi cəsarət nümunəsi sərgilədi. Dövlətimizin başçısı ABŞ Dövlət katibi Antoni Blinkenlə söhbətində Azərbaycanın şərtlərini qətiyyətli şəkildə qarşı tərəfin diqqətinə çatdırdı və bildirdi ki, yalnız bu şərtlər daxilində Azərbaycan anti-terror tədbirlərini dayandıra bilər. Hər şey məhz dövlət başçsının dediyi kimi də oldu. Separatçılar ordumuzun həmləsi qarşısında 24 saat belə davam gətirə bilməyərək təslim oldular.  Bununla da Azərbaycan separatçılar üzərində növbəti və qəti qələbə əldə etdi. Biz 50 mindən çox üzvü olan Azərbaycan Gözdəm Əlillər Cəmiyyəti olaraq bu böyük zəfər münasibətilə xalqımızı, ordumuzu, Ali Baş Komandanımızı təbrik edirik. Bildiririk ki, hər zaman hər bir situasiyada ordumuzun, Prezidentimizin yanındayıq və bugünə qədər olduğu kimi bundan sonra da dövlətimizin inkişafı, rifahı və tərəqqisi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Seymur ƏLİYEV  

Hamısını oxu
Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin fəxri doktroru adı verilib

Veteran.gov.az xəbər verir ki, mayın 25-də “Baykar” şirkətinin texnoloji lideri, “Teknoloji Takımı Vakfı”nın (T3 Vakfı) Qəyyumlar Şurasının sədri, “Qarabağ”ordenli Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi mərasimi keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, hər iki ölkənin müxtəlif nazirliklərinin rəhbər şəxsləri, universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Selçuk Bayraktarı AzTU-da görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, şəxsin inkişafı onun mükəmməl elmə və təhsilə yiyələnməsi ilə birbaşa bağlıdır. Bu mənada  Bayraktarı bütün dünyaya tanıdan onun mükəmməl elmə, təhsilə yiyələnməsi olub. Azərbaycanda müdafiə sənayesinin inkişafına göstərilən diqqətdən danışan nazir müavini qeyd edib ki, bu istiqamətdə yüksəkixtisaslı kadr hazırlığının aparılması da mühüm şərtlərdəndir. O qeyd edib ki, hazırda AzTU regionda müdafiə sənayesi üzrə kadr hazırlayan yeganə universitetdir. Firudin Qurbanov son illər AzTU-nun Türkiyənin aparıcı universitetləri, tədqiqat və innovasiya mərkəzləri ilə əməkdaşlıq əlaqələrini yüksək səviyyədə inkişaf etdirdiyini də diqqətə çatdırıb. Sonra AzTU-nun fəxri qonağı Selçuk Bayraktar tələbələrlə görüşüb. Müdafiə sənayesinin inkişafının ölkə üçün əhmiyyətini vurğulayan Bayraktar müəllifi olduğu müasir texnologiyalar, eyni zamanda hazırda Türkiyənin ilk uçan avtomobili olan “CEZERİ”, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olacaq Bayraktar Kızılelma (MİUS) layihələri və üzərində çalışdığı yeni tədqiqat işləri barədə tələbələrə məlumat verib. Daha sonra Selçuk Bayraktara Azərbaycan Texniki Universitetin fəxri doktoru adının verilməsi mərasimi keçirilib. Fəxri doktor diplomunu qonağa AzTU-nun rektoru, professor Vilayət Vəliyev təqdim edib. Rektor qeyd edib ki, Selçuk Bayraktar AzTU-nun fəxri doktorları arasında ən gəncidir. Vilayət Vəliyev Selçuk Bayraktarın rəqəmsal platformada texnoloji gələcək üçün apardığı araşdırmalar, elm və texnologiyanın inkişafına verdiyi əvəzsiz töhfələri xüsusi qeyd edib və AzTU-nun tələbələri ilə görüşdüyü üçün ona təşəkkür edib. Qeyd edək ki, bu günə qədər 15 nəfərə AzTU-nun fəxri doktoru adı verilib, onlardan biri də Selçuk Bayraktardır.  Selçuk Bayraktara AzTU-nun fəxri doktoru adı onun rəqəmsal platformada texnoloji gələcək üçün apardığı araşdırmalar, verdiyi ideyalar və ağıllı həllər nəticəsində elm və texnologiyanın inkişafına əvəzsiz töhfələrinə, Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın ən yüksək səviyyəyə çatdırılmasındakı dəstəyinə, Azərbaycanda gənc mühəndis kadrların hazırlanmasına və texnoloji innovasiyaların öyrənilməsinin kütləviləşməsinə verdiyi müstəsna xidmətlərinə görə təqdim edilib.  Tədbirdən sonra Selçuk Bayraktar universitetin foyesində “TEKNOFEST Azərbaycanda”iştirak edəcək AzTU komandalarının əl işlərindən ibarət sərgiyə və rəsm sərgisinə baxıb. Sonda xatirə şəkli çəkdirilib.  

Hamısını oxu