Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Bakı, 18 may, AZƏRTAC

Azərbaycanda xalq-ordu birliyi əzəli və əbədidir və heç bir qüvvə bu birliyi poza, bu birliyə xələl gətirə bilməz.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bütün çətin, həlledici anlarda ordu xalqın, xalq isə ordunun yanında olub, bir-birlərinə dəstək verib: “Azərbaycan tarixinə nəzər salsaq görərik ki, ölkəmizdə hər zaman ordu ilə xalq arasında çox mühüm birlik, həmrəylik mövcud olub. Bu həmrəylik taleyüklü məsələlərdə özünü bütün əzəməti ilə büruzə verib. Müstəqillik tariximizin bütün mərhələlərində - istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində biz bu birliyə şahid olmuşuq”.

Polkovnik qeyd edib ki, 44 günlük Vətən müharibəsində xalqın ordu ilə sərgilədiyi həmrəylik bütün dünyada böyük marağa səbəb oldu, heyrətlə qarşılandı: “Nəinki gənc nəslin nümayəndələri, yeniyetmələrimiz, ahıllarımız belə orduya dəstək vermək, həmin vaxt işğal altındakı torpaqlarımızın azadlığına töhfə vermək üçün orduya yazılmağa çalışır, bunun üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə kütləvi müraciətlər ünvanlayırdı. İnsanlar maddi vəsaitlərini, əmlaklarını orduya bağışlayır, ön və arxadakı hərbi birliklərə fasiləsiz yardımlar göndərirdi. Məhz bütün bu dəstəyin sayəsində ordu müharibənin hər bir anında xalqı öz yanında hiss etdi, xalqın sevgisindən qüvvət aldı”.

Cəlil Xəlilov bildirib ki, heç bir qüvvə xalq-ordu arasındakı bu birliyi poza bilməyəcək: “Bu gün bəzi antimilli qüvvələr, təxribatçı ünsürlər ölkəmizdə xalq-ordu birliyini pozmağa, bu birliyə kölgə salmağa çalışır. Lakin hər kəs bilməlidir ki, Azərbaycanda xalq-ordu birliyi möhkəm və əbədidir. Heç kim bu birliyi poza, buna xələl gətirə bilməz. İstər Ulu öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev tərəfindən xalq-ordu birliyinin güclənməsi, bu birliyin daha da möhkəmlənməsi istiqamətində çox mühüm işlər görülüb. Məhz bu siyasətin nəticəsidir ki, bu gün xalq-ordu birliyi “Dəmir yumruq” qədər güclü və sarsılmazdır. Hər bir Azərbaycan vətəndaşı bu birliyin keşiyində durmalı, onu qoruyub saxlamaq, daha da möhkəmləndirmək üçün əlindən gələni əsirgəməməlidir.

Biz də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq xalq-ordu birliyini daim diqqət mərkəzində saxlamaqda, gənclər, yeniyetmələr arasında bu istiqamətdə mühüm təbliğati işlər həyata keçiririk. İnanıram ki, biz yaxın gələcəkdə dövlət və cəmiyyət olaraq xalq-ordu birliyinin daha da güclənməsinə, mahiyyət etibarı ilə yeni mərhələyə yüksəlməsinə nail olacağıq”.

2024-05-18 19:51:21
3493 baxış

Digər xəbərlər

Fatma Səttarova Bakı Sağlamlıq Mərkəzində yaradılan seçki məntəqəsində səs verib

Bakı, 7 fevral, AZƏRTAC Bu gün Azərbaycan Respublikasında prezident seçkiləri keçirilir. Qocaman seçicilərdən biri olan İkinci Dünya müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri 102 yaşlı Fatma Hüseyn qızı Səttarova da seçkilərdə iştirak edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, o, müalicə aldığı Bakı Sağlamlıq Mərkəzində yaradılan seçki məntəqəsində səs verib. İkinci Dünya müharibəsinin unudulmaz, hər zaman böyük qayğı və sevgi ilə yad edilən veteranlarından olan Fatma Səttarovanın ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətləri var. Həmçinin Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edilib.

Hamısını oxu
Mehriban Əliyevadan Dünya azərbaycanlılarına MÜRACİƏT

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə müraciət edib. Publika.az xəbər verir ki, müraciətdə deyilir: Əziz həmvətənlər! Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi, məni də dərindən hiddətləndirib. Azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib. Yaxşı hazırlıq və təlim keçmiş təhrikçilər sayca xeyli üstün olmalarından istifadə edib dinc nümayişçilərə hücum çəkərək onlara xəsarət yetiriblər. Bir sıra hallarda aqressiv əhval-ruhiyyəli erməni qrupları həmin vaxt azlıqda qaldığına görə azğınlaşmış kütləyə müqavimət göstərə bilməyən azərbaycanlılara hücum ediblər. Onilliklər boyu aşılanan nifrət və azərbaycanofobiya ideologiyası öz “eybəcər bəhrəsini” verir – ermənilərin bir qismi dinc azərbaycanlı nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleriya silahlarından atəş açırlar. Tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər törədilməsi nümunələri çox olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə məhv edilməsini xatırlamaq kifayətdir. Bu faciəli hadisələr 10-dan çox dövlət tərəfindən soyqırımı kimi tanınıb və beynəlxalq təşkilatlar səviyyəsində pislənib. O qanlı gecədə təpədən dırnağa qədər silahlanmış erməni döyüşçülər xüsusi qəddarlıqla 613 nəfəri qətlə yetirib, 421 dinc sakin işgəncələrə və təhqirlərə məruz qalıb, 1275 nəfər itkin düşüb və ya girov götürülüb, şəhər özü isə tamamilə yandırılıb. Mindən çox dinc vətəndaş odlu silah yaraları nəticəsində şikəst olub. Öldürülənlər arasında 106 qadın, 63 uşaq, 70 ahıl şəxs olub. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 56 nəfər diri-diri yandırılıb. İki yaşlı Zəhra Quliyevanın erməni təcavüzkarlar tərəfindən qətlə yetirilməsini də qeyd etməmək olmaz. Zəhra 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində nənəsi ilə birlikdə həlak olub. Başqa bir misal. 2020-ci il iyulun 14-də Tovuz rayonunun 76 yaşlı dinc sakini Əziz Əzizov erməni silahlı qüvvələri tərəfindən mülki obyektlərin artilleriya atəşinə tutulması nəticəsində həlak olub. Erməni təbliğat-təşviqat şəbəkəsi 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı aparır. Sirr deyil ki, ölkəmizə qarşı böhtan kampaniyalarının mütləq əksəriyyəti də məhz erməni diasporu tərəfindən inspirasiya edilir və maliyyələşdirilir. Nifrət və aqressiya dərəcəsi o qədər artıb ki, bu diasporun bəzi nümayəndələri özlərini demokratiyanın beşiyi hesab edən Qərb ölkələrinin paytaxtlarında qanunsuzluq və hərc-mərclik törədirlər. Avropa siyasətinin mərkəzi sayılan Brüsseldə Azərbaycan Respublikası səfirliyinin daşa basılmasını, dinc nümayişçilərə xəsarət yetirilməsini başqa necə izah etmək olar? Los-Ancelesdən, Brüsseldən və digər şəhərlərdən çəkilmiş, düşmənlərimizin həqiqi simasını göstərən zorakılıq və vandalizm kadrları həm haqlı olaraq hiddət, həm də əsaslı suallar doğurur. Həmin ölkələrin hüquq-mühafizə orqanları azğınlaşmış bandit qruplaşmalarının bu cür hərc-mərclik törətməsinə nə üçün imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar? Mən bütün dünyada yaşayan milyonlarla azərbaycanlı adından ABŞ-ın, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etməyə, onlara müvafiq hüquqi qiymət verməyə və bütün təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıram, çünki qanunsuz əməllər cəzalandırılmalıdır. Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram. Lakin nədənsə biz hələ onların səslərini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər. Əziz qardaşlar və bacılar! Baş verənlər Ermənistanın işğalçı siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər təhlükəli olmasını dünya birliyinə əyani şəkildə nümayiş etdirir. Belə hallarda bizim borcumuz bu həqiqəti dünya birliyinə çatdırmaqdır. Bizim vəzifəmiz birləşmək və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını bütün tribunalardan təkidlə tələb etməkdir. Hər bir səsin əhəmiyyəti var! Mən bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağırıram. Bununla belə, unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır. Bu günlərdə bütün dünya şəhərlərində öz səsini ucaltmış və Azərbaycan bayrağını qaldırmış hər kəsə təşəkkür edirəm. Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var – Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək. Ona görə ki, Qarabağ Azərbaycandır və nida işarəsi!

Hamısını oxu
Onlar Zəhra üçün geri dönəcək

Üç il əvvəl erməni hərbi aqressoru yenidən özünün şiddət tanrısına qanlı qurban apardı. 4 iyul 2017-ci ildə təxminən 20:40 radələrində Azərbaycanın işğal olunmuş ərazilərinə dislokasiya olunan erməni hərbi birləşmələri 82 və 120 millimetrlik minaatanlar və qumbaraatanlardan Füzuli rayonunun Alxanlı kəndini atəşə məruz qoydular. Erməni tərəfinin provokasiyası nəticəsində kənd sakinləri Sahibə İdris qızı Quliyeva (1967-ci il) və onun iki yaşlı nəvəsi Zəhra Elnur qızı Quliyeva (2015-ci il) həlak oldular. Əsgər ölmədi, hansı ki, döyüş meydanında öz ölkəsinin azadlığı üçün ölmək mümkün mükafatlardan ən yüksəyidir. Hətta həyatını yaşamış və həzz almış yaşlı insan belə ölmədi. Ölən yenicə yaşamağa başlayan körpə idi. Hələ yenicə kiçik ayaqları ilə bu torpaqda gəzməyə başlayırdı. Bəlkə də yenicə dil açaraq, sözləri gülməli və uşaqcasına qarmaqarışıq formada deməyə başlayırdı. Beləliklə, o, erməninin qaniçən tanırısının qurbangahına gətirildi, erməni minasının qəlpəsi isə bu kiçik ürəyin döyüntüsünü dayandırdı. Hansı ki, o ürək sevə bilərdi, bu amansız dünyaya nəsə əbədi, ölümsüz və möhtəşəm şey gətirə bilərdi. Lakin erməni keşişlər artıq minlərlə qurbanın qanında boğulan bütlərini onun qanıyla suladılar. Alman faşist işğalçıları uşaqları və qadınları öldürməyə başlayanda onlar insan simasına bürünən düşmən olmaqdan çıxdılar. Onlar pislik oldular və hər bir insanın borcu onları məhv etmək oldu. Ukrayna və Belarusda yandırılan kəndlərdən insan ətinin qoxusunu verən duman çıxanda müharibə artıq iki ordunun mübarizəsi formasını dayandırdı və xalq savaşına çevrildi. Hər kəs – kişilər, qadınlar, uşaqlar nasist cəhənnəminin bədheybətləriylə mübarizə aparırdı. Azərbaycan kəndlərindən çıxan yanğın dumanı da yandırılmış insan əti qoxusu verirdi. Xocalı yaxınlığındakı qarla örtülü sahələr boz səmaya baxan boş, donmuş uşaq gözlərini xatırlayırlar. Erməni quldurları tərəfindən işğal edilmiş Azərbaycan evlərinin divarları təcavüz edilmiş Azərbaycan qızlarının göz yaşlarını, eləcə də ermənilərin qırışmış yanaqlarına çırpdıqları və murdar paltarlarını yumağa məcbur etdikləri yaşlı azərbaycanlı qadınların depressiyalı, gücsüz fəryadını xatırlayır. Canilər tərəfindən işğal edilən hər daş, hər qarış torpaq öz doğma yurdlarından vəhşicəsinə qovulan azərbaycanlı kəndlilərin əməksevər əllərini xatırlayır. Hər yaşlı ağac isti günlərdən onun kölgəsində oturan azərbaycanlı ağsaqqalların uzun söhbətlərini xatırlayır. Xatırlayır ki, oğlan və qız dəstələri şirin tut və turş alçadan dadmaq üçün onun budaqlarına necə çıxırdılar. Xatırlayır və onların evlərinə nə zaman dönəcəyini gözləyir. Onlar isə dönəcəklər. 45-ci ildə Simonovun nasizmi öldürüb, öz yuvasında boğmaq əmrini sona qədər yerinə yetirənlərin qürurlu və güclü varisləri qayıdacaqlar. Onlar dönəcəklər. Qəhrəmanlar, qəhrəmanların nəvələri və nəticələri, Berlində məhv olan, amma gözlənilmədən, 40 ildən sonra Böyük Vətən müharibəsində iştirak edən ölkədə baş qaldıran nasizmin son yuvasını məhv etmək əmrini icra etmək üçün gələcəklər. Onlar geri dönəcəklər. Məhz 9 mayda Şuşa üzərində Azərbaycan bayrağı dalğalansa, 8 mayda işğal edilən ərazilərdə məhz 9 mayda Azərbaycan himni oxunsa, xilaskar Azərbaycan əsgəri tərini silib, torpaqlarına toxunsa, bu, çox simvolik olacaq. Məhz bu an Avropada nasist zibilini əzənlər və Qafqazda onların son davamçılarını məhv edənlər vahid bir sistemdə birləşəcəklər. Onlar Zəhranın döyünən ürəyinin dayanmasının, Xocalıda döyünən oğlan və qızların ürəklərinin döyüntüsünün kəsilməsinin qisasını almaq üçün geri dönəcəklər. Onlar geri dönəcəklər. Bizim işimiz haqq işidir - düşmən məhv ediləcək, qələbə bizimlə olacaq.

Hamısını oxu
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”

2020-ci ili Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə ölkəmizdə xüsusi təyinatlı qüvvələrin sayı artırılmış, habelə yeni Komando Qüvvələri yaradılmışdı. Prezident İlham Əliyev hələ o zaman bunun zərurətdən irəli gəldiyini vurğulamışdı. Prezident bildirmişdir ki, Vətən müharibəsi təcrübəsi, habelə müasir dünyamızdakı gerçəkliklər bu yenilikləri zəruri edir. İlham Əliyev 23 iyun 2023-cü il tarixində Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinin açılış mərasimindəki çıxışında demişdir: “İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi. Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir”. Maraqlıdır ki, Prezident İlham Əliyevin Vətən müharibəsindən dərhal sonra xüsusi təyinatlıların sayının artırılması və Komando Qüvvələrinin yaradılması istiqamətində atdığı addımları ABŞ bugünlərdə - 4 il sonra həyata keçirməyə başlayıb. Veteran.gov.az xəbər verir ki, Ukraynadakı müharibənin təcrübəsini diqqətlə öyrənən ABŞ hərbi mütəxəssisləri müharibənin taleyinə hər kəsdən daha çox məhz xüsusi təyinatlı qüvvələrin təsir göstərdiyini bildiriblər. Ekspertlər qeyd edib ki, müasir müharibələr orduda say çoxluğunu deyil, çətin və mürəkkəb tapşırıqları uğurla yerinə yetirə bilən, yeni texnologiya ilə işləməyi bacaran xüsusi təyinatlı hərbçilər tələb edir. Məhz Ukrayna müharibəsinin müşahidəsi və təhlilindən sonra ABŞ hərbi komandanlığı orduda xüsusi təyinatlı qüvvələrin sayını artırmağa qərar verib. Məlumata görə onların sırasına həm də pilotsuz aparatları və digər texniki avadanlıqları qısa zaman ərzində proqramlaşdıra bilən mütəxəssislər əlavə ediləcək. Görünən odur ki, Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ yalnız indi həyata keçirməyə başlayıb. Başqa sözlə desək, bu məsələdə rəsmi Bakı Vaşinqtonu nə az, nə çox -  düz dörd il qabaqlayıb ki, bu  da dövlətimizin, onun Prezidentinin uzaqgörənliyindən xəbər verir. Seymur ƏLİYEV  

Hamısını oxu