Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Gələcək sərhədçilərin işğaldan azad edilmiş ərazilərə ekskrusiyası alqışlanmalıdır, çünki...”

Naqif Həmzəyev: “Belə ekskursiyalar kursantlarımızın milli-mənəvi dəyərlərə bağlılığının güclənməsi və qəhrəmanlıq ruhunda tərbiyəsi baxımından önəmlidir”

Bugünlərdə Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin 2023-2024-cü tədris ilində yüksək nəticə göstərərək təhsildə və hərbi intizamda fərqlənmiş kursantlarının işğaldan azad edilmiş ərazilərə ekskursiyası təşkil olunub. Kursantlara Xudafərin körpüsü ərazisində Cəbrayıl və Zəngilan rayonlarının azad olunmasında sərhədçilərimizin göstərdikləri qəhəmanlıqlardan danışılıb,  Vətən müharibəsi haqqında ətraflı məlumat verilib. Daha sonra onlar bəzi hərbi hissələrdə olub, atıcı silahlar, sərhəd xidmətinin təşkili və s. ilə tanış olublar.

Maraqlıdır, kursantların işğaldan azad edilən ərazilərə ekskursiyası, onlara Vətən müharibəsi, sərhədçilərimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlar haqqında ətraflı məlumat verilməsi, hərbi hissələrdə görüşlərin keçirilməsi, kursantların sərhəd zonasında sərhəd xidmətinin təşkili ilə əyani şəkildə tanış edilməsi gələcək sərhədçilərin milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişdirilməsinə, onların peşəkarlığının artırılmasına nə vəd edir?

Moderator.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bu kimi tədbirlərin böyük önəm kəsb etdiyini vurğulayıb:

“Uşaq, yeniyetmə və gənclərimizdə vətənpərvərlik tərbiyəsini gücləndirən, onları torpağa, bayrağa, tariximizə, milli-mənəvi dəyərlərimizə daha dərindən bağlayan addımların atılmasını daim diqqət mərkəzində saxlamalıyıq. Bu baxımdan Vətən müharibəsi təcrübəsinin onlara öyrədilməsi, bu müharibədə qəhrəmanlıq göstərən şəxslər haqqında onlara ətraflı məlumatların verilməsi, sərhədçi peşəsini seçən yeniyetmələrimizin vaxtiylə döyüşlərin getdiyi ərazilərə ekskursiyalarının təşkili olduqca əhəmiyyətlidir. Bu baxımdan Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin 2023-2024-cü tədris ilində yüksək nəticə göstərərək təhsildə və hərbi intizamda fərqlənmiş kursantlarının işğaldan azad edilmiş ərazilərə ekskursiyası təşkil olunması alqışlanmalıdır.

Qeyd edim ki, bu gün bütün sərhədlərimiz kimi, Azərbaycanla Ermənistan arasındakı şərti sərhədlər də sərhədçilərimiz tərəfindən yüksək səviyyədə qorunur. Torpaqlarımızın erməni faşizmindən azad edilməsində Silahlı Qüvvələrimizin bir hissəsi kimi sərhədçilər də yaxından iştirak edib, böyük qəhrəmanlıqlar göstərib. Bu baxımdan düşünürəm ki, peşəkar hərbçilərin yetişdirilməsi, gələcək sərhədçilərə sərhədlərin və vətən torpağının nə qədər müqəddəs olduğunu əyani şəkildə aşılamaq üçün onların işğaldan azad edilmiş ərazilərə ekskursiyasının təşkili son dərəcə önəmlidir. Bu cür ekskursiyalar, yay düşərgələri, görüşlər mütəmadi şəkildə həyata keçirilməlidir.

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin kursantlarının işğaldan azad edilən ərazilərə ekskursiyasının təşkil edilməsi, oradakı hərbi hissələrdə görüşlərin keçirilməsi, Vətən müharibəsi ilə bağlı onların ətraflı şəkildə məlumatlandırılması, kursantlarımızın milli-mənəvi dəyərlərə bağlılığının daha da güclənməsi, qəhrəmanlıq ruhunda tərbiyəsi baxımından həyati əhəmiyyətə malikdir. Odur ki, mən DSX-nın bu addımını alqışlayır, onlara uğurlar arzulayıram”.

Seymur ƏLİYEV

 

2024-07-18 11:23:19
3248 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatı və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda dəyirmi masa keçirilib

31 yanvar 2025-ci il saat11:00-da Bakı Slavyan Universitetinin konfrans zalında “2 fevral - Gənclər Günü”nə  həsr olunmuş “Nəsillərin Görüşü” silsiləsindən “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda dəyirmi masa keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Bakı Slavyan Universitetinin birgə təşkil etdiyi tədbirdə gənclər, veteranlar, ziyalıların iştirak edib.   Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Azərbaycan Respublikasının "Əməkdar Jurnalisti",  Yazıçılar Birliyinin üzvü, yazıçı Varis Yolçuyevin moderatorluğu ilə keçirilən tədbiri açıq elan edib. Daha sonra rektorun məsləhətçisi Ənvər Abbasov çıxış edərək dövlətimizin gənclər siyasəti ilə bağlı maraqkl fikirlər səsləndirib, Ulu öndər Heydər Əliyevin gənclər siyasətinin önəmindən bəhs edib . Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, Əfqanıstan, Qarabağ müharibələri və Silahlı Qüvvələr veteranı, polkovnik Cəlil Xəlilov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda geniş məruzə ilə çıxış edib. Polkovnik qeyd edib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti sonrakı dönəmdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, böyük töhfələr verib: “Gənclərimizin milli ruhda, mənəvi dəyərlərimizə sadiq şəkildə yetişdirilməsi hər zaman üçün aktual olan məsələlərdən biridir. Təsadüfi deyil ki, dövlət başçımız öz çıxış və müsahibələrində bu məqama xüsusi həssaslıqla toxunur,  Vətənə bağlı gəncliyin yetişdirilməsinin dövlətimizin bu günü və gələcəyi baxımdan həyati önəm kəsb etdiyinə diqqət çəkir. Bu məsələdə ailə ilə yanaşı, təhsil müəssisələri və QHT-lərin də üzərinə böyük məsuliyyət düşür ki, biz bu məsuliyyətdən irəli gələn vəzifələri layiqincə yerinə yetirməliyik”. I Qarabağ müharibəsi və əmək veteranı İmran Əbilov, Azərbaycan Respublikasının "Əməkdar Jurnalisti",  Yazıçılar Birliyinin üzvü, yazıçı Varis Yolçuyev “Müasir gənclərin hədəfləri, məqsəd və vəzifələri”, filologiya elmləri doktoru, professor, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmli “Heydər Əliyev – tərbiyənin mənəvi aspektləri” mövzusunda çıxış ediblər. Vətən Müharibəsi iştirakçısı, müharibə veteranı Əfəndi Axunəli və jurnalist Xəlil Qarəhmədov çıxışlarında Azərbaycan gəncliyinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara toxunub, gənclərin  bugünə qədər olduğu kimi, bundan sonra da milli maraqramızın, dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacağını vurğulayıblar. Tədbirin sonunda bir qrup gənc Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fərxi Fərmanla təltif edilib, xatirə şəkli çəkilib.  

Hamısını oxu
Fransanın Ermənistanı silahlandırmaq siyasəti sülhə xəyanətdir

Fransanın Ermənistanı silahlandırmaq siyasəti sülhə xəyanətdir. Makron rejiminin məqsədi Cənubi Qafqazda yeni gərginliyin meydana çıxmasına nail olmaqdır”. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik xatırladıb ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanı açıq şəkildə himayə etməyə başlayan Fransa son bir ildə İrəvana ağır artilleriya, zirehli maşınlar və raket sistemləri verməkdə davam edir: “Paris açıq şəkildə bildirir ki, Ermənistan ordusunun yenidən qurulmasına yardım göstərəcək, silahlandırma prosesini bundan sonra da davam etdirəcək. Ermənistanın müdafiə nazirinin Parisə son səfərində Ermənistanla Fransa arasında silah alqı-satqısı ilə bağlı yeni müqavilələrin imzalanması Makron hakimiyyətinin bölgə ilə bağlı məkirli niyyətlərinin əməli göstəricisidir. Ermənistan indiki həssas məqamda diqqətli olmalı, Fransanın təxribatlarına boyun əyməməlidir. Rəsmi İrəvan bilməlidir ki, Fransanın təxribatlarına uyacağı, ölkəmizə qarşı hansısa təhrikedici addım atacağı təqdirdə, bunun cəzasını ağır şəkildə ödəməli olacaq”. Polkovnik daha sonra deyib: “Bu gün Azərbaycan Ordusunun gücü, döyüş əzmi bütün dünyaya yaxşı məlumdur. Vətən müharibəsi günlərində öz gücünü əyani şəkildə ortaya qoyan Azərbaycan Silahlı Qüvvələri postmüharibə dövründə öz qüdrətini daha da artırıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında bu məsələyə dəfələrlə toxunub, ordumuzun artan gücündən iftixar hissi ilə bəhs edib. Ermənistan da bu həqiqəti unutmamalı, regional sülhü hansısa uzaq dövlətlərin mənafeyinə qurban verməməlidir. Əks təqdirdə, bu, Ermənistanın özü üçün fəlakətlə nəticələnəcək”.

Hamısını oxu
İlham Əliyev Qubadlıda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonuna səfər edib. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videoməlumat paylaşılıb. Qubadlıda hərbçilərlə görüşən dövlət başçısı Azərbaycana məxsus torpaqların müharibə yolu ilə qaytarıldığını xüsusi vurğulayıb. “Qarabağ danışıqlar yolu ilə yox, döyüş meydanında əldə edildi. Danışıqlar yoluna qalsaydı, hələ 30 il də davam edəcəkdi. Bizim başımızı aldadırdılar. Amma görün, 27 ildə ermənilər özləri üçün burada qəsəbə salıblar. Xaricdən ermənilər gətiriblər. Gördülər bizim gücümüzü. Hesab edirdilər ki, əbədi bizim torpaqlarımızda oturacaqlar, bizə meydan oxuyacaqlar. Səbrimiz tükəndi, dedik, irəli. Məğrur Azərbaycan əsgəri özü gücünü bütün dünyaya göstərdi. İndi mənə məlumat verilir ki, dünyanın aparıcı ölkələrinin ali məktəblərində bizim döyüş taktikamız öyrənilir. Bu bir yenilikdir. 21-ci əsrin müharibəsidir. Həm peşəkarlıq, həm iradə, həm milli ruh, həm də qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etmişik”.

Hamısını oxu
“Ağdam səfəri əsnasında erməni vəhşiliyi ilə yanaşı, nəhəng quruculuq prosesinə şahid olduq”

Cəlil Xəlilov: “Qarabağımızın bərpasını arzulayan hər kəsi Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dəstək verməyə səsləyirəm”   “Biz quruculuq prosesinin tamaşaçısı deyil, iştirakçısı qismində çıxış etməliyik”   Dünən  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə 70-dən artıq QHT nümayəndəsinin Ağdama səfəri təşkil olunub. Səfərdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlkilov da iştirak edib.   Saytımıza açıqlamasında səfərlə bağlı təəssüratını dilə gətirən polkovnik Cəlil Xəlilov, belə səfərlərin bir çox baxımdan mühüm əhəmiyyətə malik olduğunu vurğualyıb:   “30 ilə yaxın işğal altında qalan rayonlarımızda Ermənistanın böyük vəhşiliklər törətdiyi, hər şeyi məhv etdiyi, amansızcasına taladığı məlumdur. Ağdam şəhəri də uuzn illər ərzində erməni faşizminin talıanına məruz qalıb. Şəhər erməni işğalçıları tərəfindən tamamilə dağıdılıb, məhv edilib. Bu talanın, bu vəhşiliyin miqyası həddindən artıq böyükdür. Odur ki, Vətən müharibəsi başa çatsa da, erməni vəhşiliyinin büqtün dünyada ifşası prosesi davam etdirilməli, erməni faşizminin anti-insani mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.   Səfər əsnasında bizi  sevindirən məqmalar da oldu. Bu məqamlardan biri dövlətimizin qısa müddət ərzində işğaldan azad edilmiş torpaqlarımızda mühüm layihələrə start verməsi oldu.  Səfər əsnasında işğaldan azad edilmiş ərazilərdə yeni yolların çəkilməsinə, çoxşaxəli nəqliyyat infrastrukturunun yaradıldığına şahid olduq. Görülən işlərin miqyas və keyfiyyəti söyləməyə əsas verir ki, prezidentimizin rəhbərliyi altında qısa zamanda işğaldan azad edilmiş ərazilər daha müasir şəkildə bərpa ediləcək, Qarabağ və ətraf rayonlarımız öz əzəli gözəlliyinə qovuşacaq Təbii, bu işdə hər birimiz dövlətimizə, Ali Baş Komandan dəstək verməli, əlimizdən gələni əsirgəməməliyik.   Qarabağımızın bərpa olunmasında, dirçəlməsində iştirak etmək istəyən, bu müqəddəs işə töhfə verməyə çalışan hər bir vətəndaş Qarabağ Dirçəliş Fonduna ianə etməklə bu prosesdə çox asanlıqla iştirak edə bilər. Bunun üçün Qarabağ Dirçəliş Fondu tərəfindən hər cür imkan yaradılıb.  Biz hamımnız üçün doğma olan bu Fonda dəstək verməklə öz arzularımızı reallaşdıra bilərik.   Bunu da qeyd edim ki, Qarabağ Dirçəliş Fondu qarşısında duran əsas vəzifələrdən biri, həm də erməni faşizmi tərəfindən məhv edilən meşələrimizin bərpasıdır. Biz Qarabağımızın füsunkar təbiətini bərpa etmək, onun flora və fauna aləminin zənginliyini təmin etmək istəyiriksə, Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dəstək verməli, quruculuq prosesinin tamaşaçısı deyil, iştirakçısı qismində çıxış etməliyik”.   Seymur ƏLİYEV

Hamısını oxu