Azərbaycan Respublikasının I Vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyəti Fondunun Prezidenti, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya


Veteran.gov.az xəbər verir ki,Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 29 mart 2024-cü il tarixində Yasamal rayonunda tədbir keçiriblər. Tədbir 31 mart soyqırımına həsr olunub. Tədbir Yasamal rayonu Heydər Əliyev Mərkəzində baş tutub. ”31 Mart - Azərbaycanlıların Soyqırım Günüdür” adlı tədbirdə Yasamal rayon VT-nın sədri Vaqif Məmmədov, RVT-nın üzvü Esmira Orucova, Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva, Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kollecinin birinci kurs kursantları iştirak ediblər. Tədbiri Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva açıb, 1onaqları tədbir iştirakçılarına təqdim edib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, ərazi bütövlüyümüzü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev ilk öncə Təşkilatın sədri, Böyük Vətən Müharibəsi iştirakçısı Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev çıxışında bildirib ki, ermənilər 1905-ci və 1907-ci illərdən başlayaraq zaman-zaman xalqımıza qarşı cinayətlər törədib: “1918-ci ildə törətdilmiş qırğınların coğrafiyası daha geniş olub. Belə ki, 25000 min Bakıda, 8000 min Zəngəzurda, 8000 min Göyçayda,7000 min Şamaxıda, 3000 min Naxçıvanda, 2000 min Qubada və digər ərazilərdə soydaşlarımızı qətlə yetiriliblər. 1988-ci ildən başlayaraq Azərbaycanın sərhədlərində və Qarabağda törədilən cinayətlər bir dahaha sübut etdi ki, düşmən hər zaman öz məkirli siyasətini həyata keçirmək üçün fürsət gözləyir. Biz buraxılan səhvlərimizdən nəticə çıxarmalı və Ali Baş Komandanımız İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşməliyik. Düşmən hər zaman öz başı üzərində Prezidentin göstərdiyi “Dəmir Yumruğu” hiss etməlidir”. Daha sonra Vaqif Məmmədov və Nəbi Hacıyev çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
Fransa və Hindistanın hərbi dəstəyi erməni toplumunun sabahına nə vəd edir? Fransanın Ermənistandakı səfiri Olivye Dekottini sosial mediada Ermənistan və onun “qədim dostları” ilə bağlı paylaşım edib. Səfir qeyd edib ki, “Fransa və Hindistan iki böyük demokratiya, iki hərbi və texnoloji güc və Ermənistanın iki köhnə dostudur”. Olivye Dekottininin dediyi kimi, Fransa və Hindistanı həqiqətən də Ermənistanla qədim təmaslara malik dövlətlər adlandrımaq olar. Çünki hər iki dövlət uzun müddət Ermənistanla sıx münasibətdə olub, ona siyasi-diplomatik, mənəvi-psixloji, bəzi hallarda isə hərbi baxımdan yardımlar edib. Və nə qədər qəribə görünsə də, Ermənistanın başına gələn bütün müsibətlərdə, üzləşdiyi bütün məğlubiyyət və uğursuzluqlarda hər iki dövlətin böyük rolu mövcuddur. Çünki məhz Fransa və Hindistanın İrəvana verdiyi hərbi-siyasi dəstək Ermənistanın anti-Azərbaycan siyasətinin geniş vüsət almasına səbəb olmuş, onu ölkəmizə qarşı yeni terror aktları və qarşıdurmalara həvəsləndirmişdir. 44 günlük Vətən müharibəsi tarixinə nəzər salsaq görərik ki, Ermənistan bu müharibə zamanı da öz ordusundan daha çox Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Rusiya, Fransa və s. kimi dövlətlərin dəstəyinə ümid etmiş, məhz bu səhvi onun faciəsinə çevrilmişdir. Xatırladaq ki, Vətən müharibəsi zamanı Ermənistana siyasi baxımdan dəstək ifadə edən Fransa və bəzi ölkələr proseslərə əməli baxımdan müdaxilə etməyə cəsarət etməmiş, nəticədə Ermənistan “qədim dostlarının” – Fransa və Hindistanın gözü önündə rüsvayçı məğlubiyyətə uğramışdır. Bu fakt bir daha sübut edir ki, Fransa və Hindistan tarixən Ermənistanı yeni avantüralara qızışdırmaqla onun ağır məğlubiyyətlərə düçar olmasına bais olmuşdur. Bu mənada, Fransanın Ermənistandakı səfiri Olivye Dekottininin Fransa və Hindistanı Ermənistanın “qədim dostları” adlandırması, hər iki ölkənin İrəvanı dəstəklədiyini gündəmə gətirməsi Ermənistan üçün yaxşı heç nə vəd etmir. Bu açıqlama onu göstərir ki, hər iki dövlət Cənubi Qafqazda öz maraqlarını müdafiə etmək üçün Ermənistandan alət kimi istifadə etmək siyasətinə sadiqdirlər və bu kimi açıqlamalarda məqsəd erməni toplumunu “qədim dost” nağılına inadırmaq, onlara cəsarət verərək yeni oyunlara daxil olmasını təmin etməkdir. Odur ki, erməni toplumu əsrlədir boyu davam edən bu nağıla inanmamalı, sabahlarına qan və göz yaşı vəd edən “dostların” onların ən böyük düşmənləri olduğunu anlamalıdır. Ermənistan anlamalıdır ki, Fransa və Hindistan kimi dostu olan ölkəyə düşmən lazım deyil. Nə indi, nə də heç vaxt... Seymur ƏLİYEV
Hamısını oxu19 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Xaçmazda şəhid Qafarov Fuad Fərhad oğlunun ailəsini ziyarət edib, şəhid ailəsini bayram münasibətilə təbrik edib. Görüş əsnasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun erməni faşizminə qarşı apardığı şanlı mübarizəyə toxunan Cəlil Xəlilov, məhz şəhidlərimizin və veteranlarımızın qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu bildirib. Bütün şəhidlər kimi Fuad Qafarovun da öz həyatını vətənin, xalqın təhlükəsizliyi, respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına fəda etdiyini bildirən təşkilat sədri, onların xatirəsinin heç zaman unudulmayacağını, daim ehtiramla yad ediləcəyini vurğulayıb. Şəhidin atası Fərhad Qafarov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edib, Xaçmaz Rayon İcra Hakimiyyətinin də daim onlarla maraqlandığını, problemlərinin həllinə dəstək verdiyini bildirib. Şəhidin həyat yoldaşı Gülnarə Qafarova gəlişinə görə polkovnik Cəlil Xəlilova təşəkkür edib. Polkovnik Cəlil Xəlilov şəhid övladlarına hədiyyələr təqdim edib, şəhid ailəsinə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına maddi yardım göstərilib. Qeyd edək ki, 2017-ci il fevralın 11-də Talış kənd uğrunda gedən döyülərdə həlak olan şəhid Fuad Qafarovun iki azyaşlı övladı var. Hazırda 3-cü sinifdə təhsil alan Gülay Qafarova atasının şəhid olmasından 35 gün sonra – 16 mart 2017-ci il tarixində anadan olub. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər. Prezident İlham Əliyev Zəfər abidəsinin önünə əklil qoydu, şəhidlərin xatirəsini ehtiramla andı. Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstələri düzdü. Sonra dövlətimizin başçısı və birinci xanım Zəfər muzeyinin açılışında iştirak etdilər. Zəfər muzeyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin dekabrında “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Sərəncamından irəli gələrək Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı şanlı Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb. Muzeyin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, həmçinin ən son texnologiyalar tətbiq edilməklə işlənilib. Burada 8 ekspozisiya zalı yaradılıb: “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi”, “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış”, “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı”, “Şanlı Zəfər. Şuşanın azad olunması”, “Qəhrəmanlar yolu”, “Qarabağ Azərbaycandır!”, “Dövlət suverenliyinin bərpası. 20.09.2023”, “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş”. Təqdim olunan faktlar, foto və videomateriallar, interaktiv nümayişlər və xüsusi olaraq bu muzey üçün hazırlanmış eksponatlar, maketlər münaqişə haqqında həqiqətləri, 44 günlük Vətən müharibəsinin gedişi, şanlı Zəfər nəticəsində dövlət suverenliyinin bərpa olunması barədə məlumatları ziyarətçiyə dolğun çatdırmaqla yanaşı, həm də bu hadisələri hər bir kəsə yenidən yaşadır. Muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş “Dəmir yumruq” instalyasiyası və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunur. Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib. Divarboyu axan su daimi həyat mənbəyi kimi şəhidlərimizin qəhrəmanlıqları ilə ölümsüzlüyə qovuşduqlarını, hər zaman qəlbimizdə yaşadıqlarını simvolizə edir. Muzeyin ekspozisiya zallarında isə Qarabağda Vətən müharibəsinədək və Zəfər Günündən sonra həlak olmuş şəhidlərimizin adları var. Muzeyin “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi” adlı birinci zalında Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağın təbii gözəlliyi, tarixi memarlıq baxımından zənginliyi təqdim edilir. Zalın divarındakı kitab instalyasiyalarında Ümummilli Lider Heydər Əliyevin bölgənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə dair geniş məlumatlar var. Zalın mərkəzində yerləşən interaktiv kitablar isə Qarabağın təbiəti, ədəbi irsi, musiqisi və xalq sənəti ilə yaxından tanış olmağa imkan yaradır. Eyni zamanda, ziyarətçilərə Qarabağın dövlətçilik, hərb, ədəbiyyat və incəsənət sahələrində iz qoymuş görkəmli şəxsiyyətlərinə dair məlumatlar çatdırılır. Zəfər muzeyinin “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış” zalı Qarabağ münaqişəsinin ağrılı və unudulmaz səhifələrini əks etdirir. Burada münaqişənin xronologiyası, Ulu Öndərin və dövlətimizin başçısının apardıqları ardıcıl siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması, sülh prosesi barədə məlumatlar yer alıb. Zalda qaçqınlar və məcburi köçkünlər, münaqişə qurbanları, eləcə də işğal dövründə ermənilər tərəfindən dağıdılmış abidələr, məscidlər və milli irsə vurulan ziyan haqqında geniş məlumat təqdim olunur. Qarabağda işğal dövründə dağıdılmış binaların, yerlə-yeksan edilmiş yaşayış yerlərinin taleyinə həsr olunan instalyasiya – viran qalmış ev və bu evin qalıqları altından baş qaldıran ağac isə həyatın yenidən dirçəlişinin rəmzidir. “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı” adlı üçüncü zal Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan qəhrəmanlıq mübarizəsini əks etdirir. Zalın mərkəzindəki LED monitorlar süni intellektlə hazırlanmış videomateriallarla ziyarətçini 44 günlük döyüşlərin mərkəzinə aparır. Monitorlarda döyüş əməliyyatları, hərbi nailiyyətlər və Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı hərbi hücumları ilə bağlı materiallar təqdim olunur. Holoqrafik ekranlar isə müasir hərbi texnikanı 3D formatda nümayiş etdirir. İnteraktiv xəritələr işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən hərbi əməliyyatların mərhələlərini ardıcıllıqla göstərir. Bu zalda tarixi Qələbənin qazanılmasında müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qoşun növlərinin bayraqları, eyni zamanda, Silahlı Qüvvələrin xüsusi təyinatlılarının maketləri var. Həmçinin burada Azərbaycan Prezidentinin Vətən müharibəsi və Zəfərlə bağlı bir sıra fərman və sərəncamları nümayiş olunur. “Şanlı Zəfər. Şuşanın azad olunması” adlı dördüncü zalda Azərbaycanın hərb tarixində xüsusi yer tutan, misilsiz taktiki bacarıqla həyata keçirilmiş əməliyyatı təqdim olunur. Vətən müharibəsi zamanı xüsusi təyinatlı döyüşçülər ağır artilleriyasız Şuşanı azad edərək böyük qəhrəmanlıq göstəriblər. Zalın mərkəzindəki Şuşa maketi döyüş meydanını əks etdirir, interaktiv monitorlar isə əməliyyatın gedişini və əsas taktiki məqamları ardıcıl izləməyə imkan yaradır. Digər monitorda şəhərin müharibə dövründə dağıdılmış abidələri təqdim edilir. Ekranda şanlı Zəfər yolunun emosional gedişi nümayiş olunur. Bu zal Şuşanın azadlığını, Azərbaycan əsgərlərinin rəşadətini və qəhrəmanlığını əks etdirir. Azərbaycan əsgər və zabitlərinin igidliyinə, fədakarlığına və yenilməz iradəsinə həsr olunan “Qəhrəmanlar yolu” zalı isə ziyarətçilərə torpaqların azadlığı uğrunda aparılan mübarizənin ruhunu hiss etdirir. Burada Vətən müharibəsində iştirak etmiş qəhrəmanlara təqdim olunan orden və medalların nümunələri sərgilənir. Dəhlizi xatırladan “Qəhrəmanlar yolu” ziyarətçiləri xalqın birliyi və qələbə sevincini simvolizə edən növbəti zala aparır. Növbəti zal isə “Qarabağ Azərbaycandır!” adlanır və xalqımız üçün milli bayrama çevrilən Zəfər Gününü, ümumxalq sevincini əks etdirir. Zalın mərkəzində Vətən müharibəsində şanlı Zəfərin və Qarabağın dirçəlişinin rəmzinə çevrilmiş Xarıbülbülün Murano şüşəsindən hazırlanmış instalyasiyası yerləşir. Parlaq işıqlar və rənglər zala bayram ab-havası bəxş edir, vizual effektlər sevinc və qürur hissini gücləndirir. Böyük ekranlarda 30 illik həsrətə son qoyan Zəfərin yaşatdığı qürurverici və sevinc dolu anlar nümayiş olunur. “Dövlət suverenliyinin bərpası. 20.09.2023” adlı yeddinci zal Azərbaycanın suverenliyinin bərpasına həsr olunub. Xəritə instalyasiyasında Qarabağın və Şərqi Zəngəzurun tam azad edildiyi, Azərbaycan tarixində yeni bir dövrün başlandığı nümayiş olunur. Muzeyin sonuncu “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş” adlı zalı isə Qarabağın bərpasına və gələcək inkişafına həsr olunub. Zalın mərkəzindəki instalyasiyada qəhrəman şəhidlərimizin övladlarının səsi ilə Qarabağın parlaq gələcəyinə dair mesajlar verilir. İşıqlı üç keçid - bərpa, ekoturizm və inkişaf mövzularını əks etdirərək bölgənin yenidən qurulmasına yönəlmiş fəaliyyəti göstərir. Hər keçiddə mədəniyyət, təhsil və infrastruktur layihələrinin maketləri təqdim olunur. İnteraktiv ekranlar Qarabağın təbii gözəlliyini və davam edən bərpa prosesini canlandırır. Bu məkan Qarabağın dirçəlişini, dayanıqlı inkişafını və gələcəyinə olan inamı ifadə edir. Ekspozisiya zalının çıxışındakı “Danışan fotolar” adlı bölmədə isə Zəfərin hekayəsini və ruhunu əks etdirən fotolar yer alıb. Burada qonaqlar üçün xatirə kitabı da yerləşdirilib. Muzeydə, eyni zamanda, Auditorium zalı, kitabxana və kafe yaradılıb. Auditorium zalında seminar və konfransların, müxtəlif ictimai tədbirlərin təşkili nəzərdə tutulur. Muzeyin kitabxanasında Azərbaycan tarixinə, mədəni irsinə, artıq keçmişdə qalan Ermənistan-Azərbaycan münaqişəsinə, eləcə də Qarabağın bərpasına və inkişafına dair kitablar, araşdırma materialları təqdim olunur. Gələcəkdə hər bir şəhidimiz barədə toplanmış materialların, eləcə də Vətən müharibəsi qəhrəmanları haqqında sənədli filmlərin muzeyin bazasına yerləşdirilməsi nəzərdə tutulur. Zəfər muzeyi, muzeyi əhatə edən Zəfər parkı, parkın girişindəki Zəfər tağı Azərbaycan tarixinə həkk olunmuş 44 günlük Vətən müharibəsini, şanlı Qələbəmizi, qəhrəman şəhidlərimizin əziz xatirəsini yaşadır, buraya gələn hər bir ziyarətçinin yaddaşında qürurverici bu tarix yenidən canlanır. Zəfər muzeyi noyabrın 9-dan ziyarətçilər üçün açıq olacaq.
Hamısını oxu