Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Fatma Səttarova İkinci Fəxri Xiyabanda dəfn olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın vəfatı ilə əlaqədar ailəsinə başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir: “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi iştirakçısı, ölkəmizin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilmiş Fatma Səttarovanın vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi. 

Fatma Səttarova Vətənə sədaqətlə xidmət edərək, gənclərə və gələcək nəsillərə örnək olan nümunəvi həyat yolu keçmişdir.

Bu ağır anlarda dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə öz adımdan və Mehriban xanımın adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”.

Fatma Səttarova 2024-cü il sentyabrın 14-də İkinci Fəxri Xiyabanda dəfn edilib.

Dəfn mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər qurumların məsul şəxsləri, veteranlar, ictimaiyyət nümayəndələri iştirak edib.

Dəfn mərasimində çıxış edənlər bildirib ki, Fatma Səttarova nümunəvi həyat yolu keçib, daim istiqlal ideallarını tərənnüm edib.

Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş müstəqil Azərbaycan Respublikasında yaşamaq və yaratmaq onun ən böyük arzusu və qisməti olub.

Dəfn mərasimində Fatma Səttarovanın ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya göstərilən yüksək diqqətə və qayğıya görə dərin təşəkkür edib.

Allah rəhmət eləsin!

2024-09-14 17:16:13
3338 baxış

Digər xəbərlər

Şəkidə ümumşəhər iməciliyi keçirilib

İməclikdə minə yaxın insan iştirak edib Yazın gəlişi ilə əlaqədar aprelin 16-da Şəki Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə ümumşəhər iməciliyi keçirilib. Veteran.gov.az Azərtac-a istinadən məlumat verir ki, aksiyanın keçirilməsində məqsəd ölkəmizin turizm mərkəzlərindən olan qədim Şəki şəhərini təmiz saxlamaq və şəhər sakinlərini buna təşviq etməkdir. İməcilik zamanı şəhərin küçə və prospektlərində, meydanlarda, parkların ərazisində abadlıq və təmizlik işləri aparılıb. Yol kənarları səliqəyə salınıb, yaşıllıqlara, ağaclara aqrotexniki qaydada qulluq olunub. İməcilikdə şəhərdə fəaliyyət göstərən idarə və təşkilatların əmək kollektivləri yaxından iştirak ediblər. Ümumilikdə, aksiyaya minə yaxın insan cəlb olunub. Bu cür aksiyaların davamlı olaraq keçirilməsi nəzərdə tutulur.  

Hamısını oxu
“Sovet İttifaqı Qəhrəmanlarını gənc nəslə daha yaxından tanıdaq” adlı tədbir keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri, şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 6 may 2022-ci il tarixində MMQ-nin Biləcəri qəsəbəsində yerləşən “N” saylı  hərbi hissəsində keçirilən tədbirdə iştirak ediblər. “Sovet İttifaqı Qəhrəmanlarını  gənc nəslə daha yaxından tanıdaq” adlı tədbirdə əsgərlərlə birgə MMQ-nın  şəxsi heyətlə iş üzrə şöbəsinin rəisi polkovnik Ayaz Əliyev, hərbi hissə komandirinin psxoloji təminat üzrə müavini polkovnik-leytenant Zabil Əliyev, hərbi hissənin qərargah rəisi –hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini mayor Ramil Nurəliyev, Şəxsi heyətlə iş üzrə şöbə rəisinin müavini polkovnik– leytenant Bəhruz Əsədov, ictimayyətlə əlaqələr bölməsinin rəisi İrşad Məmmədli, şəxsi heyətlə iş üzrə şöbənin baş zabiti mayor Şahlar Həsənov iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev tədbir iştirakçılarına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovun salamlarını çatdırıb, Azərbaycan xalqının faşizm üzərindəki qələbədəki roluna diqqət çəkib: “Azəbaycan vətəndaşları İkinci Dümnya müharibəsinin qələbə ilə başa çatmasında  ön və arxa cəbhədə böyük fədakarlıqlar göstərmişlər. Ön cəbhədə vuruşan qəhrəman oğul və qızlarımızın göstərdiyi qəhrəmanlıqlar haqında kitablar yazılmış, filimlər çəkilmiş, mahnılar bəstələnmişdir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov, ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov, bu ali ada layiq görülmüş qəhrəmanlardan Gəray Əsədov, Qafur Məmmədov, əfsanəvi partizan Mehti Hüseynzadə və digər qəhrəmanların  şərəfli döyüş yolu gənc nəslə hər zaman örnək olmalıdır. Uzun illər torpaqlarımızın işğal altında olmasına baxmayaraq, ulu babalarımızdan  miras  qalmış torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  müzəffər ordumuz azad etdi. Mən çıxışımın sonunda  bir daha torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərə uca Allahdan rəhmət, qazilərə cansağlığı  diləyirəm!” Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə münasibətilə məktəbliləri və tələbələri təbrik edib Milli.Az Trend-ə istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" hesabında paylaşılan təbrikdə deyilir: "Əziz məktəblilər və tələbələr!⠀Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm! Ümid edirəm ki, yüksək nəticə əldə etmək və əla qiymətlər almaq, bilikli, savadlı şəxs və Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, zehin açıqlığı, əzmkarlıq və öyrənmək həvəsi arzulayıram! Bilik Gününüz mübarək!" Milli.Az

Hamısını oxu
İlham Əliyev Vətən müharibəsinin qazilərinə və şəhid ailələrinə dəstək fondu yaratdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalayıb. AZƏRTAC xəbər verir ki, Fond aşağıdakı şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılır: • Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə;   • İşğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə; Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir. Fərmana əsasən Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası təsdiq edilir. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır. Dövlət başçısının imzaladığı Sərəncama əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun Himayəçilik Şurasının tərkibi təsdiq edilir.

Hamısını oxu