Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

BAŞSAĞLIĞI

Azərbaycan ictimaiyyətinə və ölkəmizin veteranlarına ağır itki üz vermişdir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı, görkəmli ictimai xadim Fatma Səttarova 2024-cü il sentyabr ayının 14-də 102 yaşında vəfat etmişdir.
1922-ci ildə Bakı şəhərində anadan olan Fatma Hüseyn qızı Səttarova həyatı boyunca hər zaman Azərbaycan xalqına və dövlətinə dəyərli xidmətlər göstərmişdir. İkinci Dünya müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanaraq faşizmə qarşı ağır döyüşlərdə iştirak etmiş, böyük şücaət və fədakarlıqlar göstərərək bir çox yaralı insanların həyatını xilas etmişdir. Müharibədən sonra ali təhsil alan Fatma xanım bir sıra məsul vəzifələrdə çalışaraq öz səmərəli fəaliyyəti ilə ölkəmizin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Respublikamızın ictimai həyatında da yaxından iştirak edən Fatma Səttarova Azərbaycanın tərəqqisi naminə yorulmadan səylər göstərmiş, veteranlar hərakatının inkişafında böyük rol oynamış, ölkəmizin müstəqilliyi və tərəqqisi uğrunda mübariz, vətənpərvər gənclərin yetişməsində yaxından iştirak etmişdir. 44 günlük Vətən müharibəsi dövründə başçılıq etdiyi Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı daim dövlətimizin və ordumuzun yanında olmuş, qazilərimizə, şəhid ailələrinə mənəvi dəstək vermiş, qayğı göstərmişdir.
Azərbaycan Ağsaqqallar Şurası ilə birlikdə mütəmadi tədbirlər, görüşlər keçirərək, cəmiyyətimizə, xüsusilə gənclərimizə vətənpərvərlik, dövlətçilik, milli-mənəvi dəyərlərə sadiqlik kimi prinsipləri geniş şəkildə təbliğ edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Şura arasında birgə fəaliyyət barədə Əməkdaşlıq Müqaviləsinin imzalanmasında və tərtib olunan Tədbirlər planı əsasında faydalı əməkdaşlığın həyata keçirilməsində Fatma Səttarovanın böyük əməyi olmuşdur.
Onun dəyərli xidmətləri bir çox mükafatlarla, o cümlədən “1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 75 İlliyi”, “Vətənin Fəxri”, “Veteran Həmrəyliyi” medalları və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilmişdir.
Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Azərbaycan xalqına, müharibə, əmək və Silahlı Qüvvələr veteranlarına, mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Tanınmış ictimai xadim, müharibə və əmək veteranı, dəyərli ziyalı, gözəl insan Fatma Səttarovanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!

Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor                                                                                             Eldar QULİYEV

2024-09-14 18:37:43
1094 baxış

Digər xəbərlər

“Hərbi Prokurorluq tərəfindən Heydər Əliyev ideyalarının Azərbaycan Silahlı Qüvvələrində təbliği təqdirəlayiqdir”

Asim Mollazadə: “Bu, Azərbaycana sevgi, Azərbaycan naminə fədakarlıq ideyasının təbliği deməkdir” Artıq uzun müddətdir ki, Hərbi Prokurorluq Azərbaycan Silahlı Qüvvələrində qanunçuluğun, nizam-intizamın möhkəmlənməsi ilə yanaşı, həm də Ümummilli lider Heydər Əliyev ideyalarının təbliği ilə bağlı ardıcıl iş aparmaqdadır.  Ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Silahlı Qüvvələrin yüksəkrütbəli hərbi qulluqçularının Azərbaycanın müxtəlif bölgələrində keçirdiyi birgə tədbirlər buna nümunədir. Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən millət vəkili Asim Mollazadə orduda Heydər Əliyev ideyalarının təbliğinin mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Azərbaycan Silahlı Qüvvələrində Ulu öndər Heydər Əliyevin ideyalarının təbliği olduqca mühüm önəm kəsb edir. Bu, gənclərimizin milli-mənəvi dəyərlərə, tariximizə, soykökümüzə, azərbaycançılıq ideyasına daha dərindən bağlanması, gənclərimizin vətənpərvərlik tərbiyəsinin güclənməsi baxımından olduqca əhəmiyyətlidir. Unutmaq olmaz ki, Heydər Əliyev ideyaları Azərbaycana sevgi, Azərbaycana məhəbbət, Azərbaycan naminə fədakarlıq deməkdir. Bu ideyaların nüvəsini təşkil edən ən müqəddəs, ən ali dəyər doğma Azərbaycanımız, onun təhlükəsizliyi və çiçəklənməsidir. Bu baxımdan Hərbi Prokurorluğun Silahlı Qüvvələrdə Heydər Əliyev ideyalarının təbliği istiqamətində atdığı hər bir addımı dəstəkləyir, bunu milli maraqlarımız, dövlətçilik mənafeyimiz və sağlam gələcəyimiz baxımından son dərəcə zəruri hesab edir, alqışlayıram”. Seymur ƏLİYEV    

Hamısını oxu
Zaqatala rayonunda “İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

8 sentyabr 2025-ci il tarixində Zaqatala rayonunda “İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib. Zaqatala Rayon İcra Hakimiyyəti və Müharibə, Əmək və Silahlı Qüvvələr Veüteranları Təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən konfransdan öncə Ulu öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub, Ümummilli liderin xatirəsi ehtiramla yad edilib.  Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrundakı döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqətlik sükutla yad edilib. Konfransa çıxış edən Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov öncə konfrans iştirakçılarını icra başçısı Mübariz Əhmədzadənin adından salamlayaraq konfransın işinə uğurlar arzulayıb. Tofiq Əhmədov çıxışında Ümummilli liderin, eləcə də Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib: “Heç kimə sirr deyil ki, tarixdə ikinci dəfə müstəqillik qazanan Azərbaycan xalqının nicatı, Azərbaycan dövlətçiliyinin inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndərin yürütdüyü siyasət – Azərbaycanın iqtisadi inkişafına təkan verən “Əsrin müqaviləsi”nin imzalanması, nizami ordunun formalaşdırılması, diplomatik əlaqələrin genişləndirilməsi, ölkəmizin beynəlxalq təşkilatlara, dünya arenasına inteqrasiyası, eləcə də, milli həmrəyliyin təmini Azərbaycanı tarixin bütün sınaqlarından üzüağ çıxardı. Heydər Əliyev həssas kateqoriyadan olan bütün şəxslər kimi veteranlara da daim qayğı və diqqət göstərmiş, onların sosial problemlərinin həllini, cəmiyyətin ictimai həyatında aktiv iştirakının təmin olunmasını daim diqqət mərkəzində saxlamışdır. Qürurvericidir ki, Ulu öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilmiş, nəticədə Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində erməni faşizmini darmadağın edərək işğaldakı torpaqlarımızı azad etmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən böyük zəfər – “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə qızıl hərflə həkk edilmişdir. Əminəm ki, ordumuzun bu şanlı qələbəsi illər, əsrlər sonra da daim ehtiram hissi ilə xatırlanacaq, tədqiq ediləcək,  öyrəniləcək və təbliğ olunacaq”. Konfransada çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsi və 8 Noyabr zəfərinin hərbi-siyasi önəmindən bəhs edib: “44 günük Vətən müharibəsi və bu müharibə nəticəsində əldə edilən şanlı zəfəri əhəmiyyətli edən çoxsaylı amillərdən biri qələbə nəticəsində erməni faşizminin darmadağın edilməsi, 30 illik işğal probleminə son qoyması oldu. Lakin 8 Noyabr zəfərinin əhəmiyyəti bununla yekunlaşmır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyi ilə əldə edilən 8 Noyabr zəfərinin ən mühüm nəticələrindən biri də bu qələbənin milli özünütəsdiqimizi təmin etməsi oldu. Azərbaycan bu tarixi zəfərlə özünü beynəlxalq aləmdə, dünya xalqları içərisində bir daha təsdiq etdi. Xalqımız sübut etdi ki, heç kim, heç bir qüvvə onun iradəsini qıra, onu məğlubiyyətlə barışmağa vadar edə bilməz. Bu gün Azərbaycan Ordusu dünya orduları arasında ilk yerlərdən birini tutur. Bütün bunlar Müzəffər Ali Baş Komandanın uğuru olmaqla yanaşı, onun xalqımızın, dövlətimizin müdafiə və təhülkəsizliyinə verdiyi önəmi göstərir. Azərbaycan bu gün dünyada sülh və təhlükəsizlik ölkəsi kimi tanınmaqdadır. Prezident İlham Əliyevin 8 avqust Vaşinqton görüşü, eləcə də Çinə səfəri əsnasında keçirdiyi görüşlər, verdiyi bəyanatlar dövlətimizin diplomatik səfəri, siyasi qələbəsi kimi dəyərləndirilməlidir.   İnanıram ki, xalqımız bugünə qədər olduğu kimi bundan sonra da Prezidentimizi dəstəkləməkdə, onun ətrafında sıx birləşməkdə davam edəcək, həmrəyliyimiz gələcək uğurlarımız üçün zəmin formalaşdıracaq”. Konfransda çıxış edən Zaqatala Rayon Ağsaqqallar Şurasının sədr müavini Tahir Məmmədov, Gənclər və idman sektorunun müdiri Araz Əliyev, Vətən müharibəsi əlili Nurlan Mazanov çıxış edərə Azərbaycan dövlətinin inkişaf tarixi və Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsindəki qəhrəmanlığından danışıblar. Konfransımn sonunda rayon ziyalısı İbrahim İbrahimovun Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zaqatala Rayon Təşkilatına namizədliyi irəli sürülüb və bu təklif yekdilliklə dəstəklənib. Seymur ƏLİYEV

Hamısını oxu
Mehriban Əliyeva Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib

Bakı, 20 oktyabr, AZƏRTAC  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlı rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir: “Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm. Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.

Hamısını oxu
CƏLİL XƏLİLOV: “Qusar əməliyyatı xüsusi xidmət orqanlarımızın peşəkarlığından xəbər verir”

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri portalımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, terror qrupu ilə bağlı informasiyanın əldə edilməsi, əməliyyatın yüksək  məxfiçilik şəraitində peşəkarlıqla yerinə yetirilməsi DTX-nın yüksək hazırlıq səviyyəsindən xəbər verir:  “Qusar ərazisində məskunlaşan və burada gələcək terror fəaliyyətləri üçün hazırlıq işləri həyata keçirən terror qrupu ilə bağlı informasiyaların əldə edilməsi, bu informasiyalar əsasında qısa zamanda effektli əməliyyatın təşkili dövlətimizin, güc orqanlarımızın adına böyük uğurdur. Bu fakt bir daha sübut edir ki, ölkəmizin xüsusi xidmət orqanlarının peşəkarlığı yüksək səviyyədədir və onlar istənilən təhdidin qarşısını vaxtında almağa, onu elə hazırlıq mərhələsindəcə ifşa etməyə qadirdir. Mən buna görə DTX və DİN-ə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Bununla yanaşı, qeyd etmək lazımdır ki, baş verən bu hal beynəlxalq anti-Azərbaycan qüvvələrinin ölkəmizlə bağlı məkirli planlarından xəbər verir. Bu fakt sübut edir ki, bu gün də bəzi düşmən qüvvələr ölkəmizdə dincliyi, sabitliyi pozmağa, ölkə daxilində gərginlik yaratmağa çalışır. Doğrudur, güc orqanlarımız bütün bu təhdid və təhlükələrin qarşısını böyük peşəkarlıqla almaqdadır, lakin dövlətimizi, dövlətçiliyimizi, konstitusion quruluşumuzu hədəf alan bu təhlükələrə qarşı mübarizə aparmaq yalnız hüquq-mühafizə orqanlarımızın deyil, hər birimizin borcudur. Bu məsələdə hər bir qurum, hər bir vətəndaş ayıq-sayıq olmalı, dövlətimizə, aidiyyati qurumlara dəstək verməlidir. Yalnız belə olduğu halda biz hər cür kənar təhlükələrdən sığortalana, özümüzü tam təhlükəsizlikdə hiss edə bilərik.” Cəlil Xəlilov daha sonra əminliklə bildirib ki, heç bir xarici qüvvə Azərbaycanımızın inkişaf yoluna mane ola bilməyəcəkdir: “Dövlətimizə qarşı düşmən mövqedə dayanan bədxahlar bilməlidir ki, Azərbaycan sözün həqiqi və bütün mənalarında güclü dövlətdir. Dövlətimizin və xalqımızın təhlükəsizliyinə zərrə qədər də olsun təhdid yaradan hər bir məkirli əməlin qarşısı xüsusi xidmət orqanlarımız tərəfindən qətiyyətlə alınacaq və heç bir qüvvə respublikamızın tərəqqisinə, rifahına mane ola bilməyəcək”.   “Ədəbiyyat və incəsənət” (06.02.2025)  

Hamısını oxu