Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İqtisadi inkişaf modelimiz dünyada təsdiqlənib

Azərbaycan son illərdə öz iqtisadi inkişaf modeli ilə beynəlxalq arenada diqqət çəkərək nümunəvi bir ölkəyə çevrilib. Ölkənin dayanıqlı inkişaf strategiyası, zəngin təbii resursları və uğurlu islahatlar prosesi onun iqtisadi modelinin dünyada özünü təsdiqləməsinə gətirib çıxardı. Bu model həm resurslara əsaslanan iqtisadiyyatı şaxələndirməyi, həm də regional və qlobal iqtisadi əlaqələri gücləndirməyi hədəfləyir.
Prezident İlham Əliyev cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışı zamanı qeyd etdiyi kimi, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir.
Bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmuşdur. Bu da çox müsbət göstəricidir.
Ölkə başçısı vətəndaşlara xoş müjdənin anonsunu da verdi. Gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq. Baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı çox vəsait tələb edən layihələr var, bütün bunlara baxmayaraq, dövlət başçısı həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlindən gələni edir.
Azərbaycanın iqtisadi inkişaf modeli təbii resurslara əsaslansa da, son illərdə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atılıb. Rəqəmsal iqtisadiyyat, infrastruktur layihələri və beynəlxalq əməkdaşlıqlar bu modelin əsas dayaqlarıdır. Bu inkişaf strategiyası Azərbaycanı regionda güclü iqtisadi aktor kimi möhkəmləndirərək, beynəlxalq səviyyədə nümunəvi bir iqtisadi model kimi tanıdır.
Azərbaycanın iqtisadi inkişafının əsasını təşkil edən amillərdən biri zəngin enerji resurslarıdır. Xəzər dənizi hövzəsində yerləşən geniş neft və qaz yataqları Azərbaycanı enerji ixracatçısı ölkələr sırasına daxil edib. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkəyə xarici sərmayələri cəlb edərək, neft sektorunun inkişafında mühüm rol oynadı. Bu müqavilə Azərbaycanı qlobal enerji bazarında mühüm oyunçuya çevirdi.
Bununla yanaşı, enerji layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri və Cənub Qaz Dəhlizi kimi iri infrastruktur layihələri ölkənin beynəlxalq mövqeyini daha da gücləndirdi və iqtisadi inkişafın təməlini qoydu. Danılmaz faktdır ki, bu sektor uzun müddət iqtisadiyyatın aparıcı sahəsi olub və ölkənin gəlirlərinin böyük hissəsini təmin edib.
Son illərdə Azərbaycan iqtisadiyyatının əsas prioritetlərindən biri neftdən kənar sektorlara investisiya qoyuluşu ilə iqtisadiyyatı şaxələndirmək oldu. Neft qiymətlərinin dəyişkənliyi ölkəni qeyri-neft sektorunu inkişaf etdirməyə təşviq etdi. İqtisadi şaxələndirmə strategiyası çərçivəsində kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, nəqliyyat, logistika və sənaye sahələri inkişaf etdirildi.
Kənd təsərrüfatı sektoru, xüsusən də ənənəvi məhsulların (pambıq, üzüm, taxıl və meyvə) ixracı və yerli bazara çıxarılması ölkənin iqtisadi inkişafına mühüm töhfələr verdi. Azərbaycanın əlverişli coğrafi mövqeyi isə onu nəqliyyat və logistika mərkəzinə çevirərək, regionda mühüm tranzit qovşağına çevirdi.
Azərbaycanın iqtisadi inkişafında infrastruktur layihələri xüsusi rol oynayır. Ölkə geniş miqyaslı yol, dəmir yolu və hava limanı layihələrini həyata keçirməklə nəqliyyat sahəsində böyük nailiyyətlər əldə etdi. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr regionda Azərbaycanı strateji nəqliyyat qovşağına çevirdi.
Eyni zamanda, Azərbaycanda tikinti və şəhərsalma sahəsində genişmiqyaslı layihələr həyata keçirildi. Bakı şəhərində, eləcə də regionlarda infrastrukturun inkişaf etdirilməsi, yeni sənaye parklarının və texnoparkların yaradılması iqtisadi potensialın artmasına və iş yerlərinin açılmasına imkan verdi.
Azərbaycan son illərdə rəqəmsal iqtisadiyyat və innovasiya sahəsində də ciddi addımlar atmağa başladı. İnformasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafı ölkədə rəqəmsal infrastrukturun genişlənməsinə, rəqəmsal xidmətlərin yaradılmasına və innovativ layihələrin həyata keçirilməsinə şərait yaratdı.
Rəqəmsal iqtisadiyyat sahəsində əldə edilən nailiyyətlər Azərbaycanı texnologiyaya əsaslanan gələcək inkişaf modeli ilə təmin edir. Bu sahədə aparılan islahatlar Azərbaycanın iqtisadiyyatını yeni texnoloji çağırışlara uyğunlaşdırmağa yönəlib və rəqəmsal transformasiyanın təməlini qoyub.
Azərbaycanın iqtisadi inkişaf modelinin mühüm aspektlərindən biri xarici əlaqələrin genişləndirilməsi və beynəlxalq investisiyaların cəlb edilməsidir. Ölkənin sabit siyasi mühiti və investisiya üçün əlverişli şəraiti beynəlxalq sərmayədarları cəlb etməkdə mühüm rol oynayır. Azərbaycan Avropa, Asiya və Yaxın Şərq arasında yerləşərək, qlobal iqtisadi əlaqələrin inkişafında körpü rolunu oynayır.
Beynəlxalq təşkilatlarla və müxtəlif ölkələrlə iqtisadi əməkdaşlıqlar, o cümlədən ticarət müqavilələri, enerji layihələri və nəqliyyat layihələri ölkənin qlobal iqtisadiyyatda mövqeyini daha da gücləndirir. Bu, Azərbaycanın iqtisadi inkişaf modelinin davamlı və açıq xarakterini sübut edir.
Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Büdcə dövlətimizin imkanlarını əks etdirir. Heç bir yerdən heç bir yardım almırıq, əksinə, xarici borcu azaldırıq. Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Bu, cəmi 7,5 faizdir və bu, bizə imkan verir ki, gələcəkdə daha az vəsaiti xarici borcun qaytarılmasına sərf edək.
Biz öz resurslarımıza arxalanaraq güclü və müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin.

Məşhur Məmmədov,
Millət vəkili

2024-09-29 21:25:40
3395 baxış

Digər xəbərlər

“Zəfərimizin sülhə aparan yolu” adlı konfrans keçirilib

15 avqust saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşü və bu görüşün tarixi əhəmiyyəti ilə bağlı “Zəfərimizin sülhə aparan yolu” adlı konfrans keçirilib. Konfransda müxtəlif kateqoriyadan olan veteranlar, şəhid ailələri, millət vəkilləri, tanınmış ziyalılar, zabit və kursantlar iştirak edib. Konfransdan öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 avqust razılaşmasının tarixi, eləcə də, iqtisadi-siyasi əhəmiyyətindən bəhs edib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində hərb meydanında qazandığı qələbəni diplomatik müstəvidə uğurla başa çatdırdı, yeni bir dönəmin başlanğıcını qoydu: “Avqustun 8-də Ağ Evdə, ABŞ-ın təşəbbüsü və vasitəçiliyi ilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması, eləcə də Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması sülhə gedən yolda mühüm tarixi hadisədir. Sülhü qorumaq, bəzən qələbə qazanmaqdan daha çətindir. Prezidentimizin ABŞ-na səfəri yalnız iki ölkə arasında münasibətlərin yeni səhifəsinin açılması baxımından deyil, eyni zamanda, uzun illərdən bəri dövlətimizi zəiflətməyə çalışan, onu müəyyən güzəştlərə vadar etməklə öz milli maraqlarından əl çəkməsini istəyən və beləliklə sülh prosesini pozaraq bölgəni yenidən gərginliyə sürükləmək niyyətində olan beynəlxalq güclərin çirkin təzyiq siyasətini açıq şəkildə məğlubiyyətə düçar etdi. Müzəffər  Ali Baş Komandanımız Azərbaycan əsgərinin döyüş meydanında qazandığı parlaq Zəfəri diplomatik sferaya - danışıqlar masasına daşıyaraq rəsmiləşdirdi. Bununla, qlobal güclərə qələbədən sülhə keçidin yeni reallığını qəbul etdirməyi bacardı, beynəlxalq münasibətlərdə ölkəmizin mövqeyi möhkəmləndi. Birgə Bəyannamədə region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin (yeni adı ilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP)) yaradılması kimi mühüm müddəalar da öz əksini tapıb. Xatırladaq ki, bu tələb də Sülh Sazişinin imzalanması üçün Ermənistan qarşısında Azərbaycan tərəfinin prinsipial şərtlərindən biri idi. Belə ki, Prezident İlham Əliyev daim çıxışlarında da Zəngəzur dəhlizinin mütləq şəkildə reallaşacağını, yalnız bunun zaman məsələsi olduğunu vurğulayıb. Dövlətimizin başçısının müdrik siyasəti nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması haqqında razılaşmanın tələbləri də sənəddə öz təsdiqini tapıb. Bu həm də dəhlizin reallaşmasında gələcəkdə yarana biləcək istənilən situasiyaya qarşı ABŞ-ın əsas qarant olduğunun göstəricisidir”. Polkovnik Cəlil Xəlilovdan sonra söz alan natiqlər - Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasının müdiri, tarix elmləri doktoru, professor Ağalar Abbasbəyli, Milli Məclisin deputatı, "İki sahil" qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Bakı Slavyan Universitetinin "Jurnalistika" kafedrasının müdiri, Siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə,  Azərbaycan Respublikası “Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru hüquq elmləri doktoru, professor, İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyinin sədri Əmir Əliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı - publisist Şərəf Cəlilli 8 avqust razılaşmasının tarixi-regional əhəmiyyəti ilə bağlı bir-birindən maraqlı fikirlər səsləndiriblər. Çıxışçılar qeyd ediblər ki, məhz Müzəffər Ali Baş Komandanın uzunmüddətli səmrəli və prinsipial siyasəti nəticəsində Cənubi Qafqazda etibarlı sülhü bərqərar etmək, kənar güclərin regionla bağlı təxribatlarının qarşısını almaq mümkün oldu. Konfransda Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutun kafedra rəisi polkovnik Rasim Qədiməliyev, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev, Sumqayıt  şəhər  Veteranları Təşkilatının sədri, əmək veteranı  Sovet Şükürov da iştirak edib. Konfransın sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyini 27-ci ildönümləri münasibətilə təbrik edib

  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov Təşkilatın Rəyasət Heyəti adından Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyini 27-ci ildönümləri münasibətilə təbrik edib. Birliyin sədri Füzuli Rzaquliyevə ünvanlanan təbrik mətnində deyilir:   “Hörmətli Füzuli müəllim.    AVMVİB-nin yaradılmasının 27-ci il dönümü münasibətilə təşkilatınızın çoxminli üzvlərini səmimi qəlbdən təbrik edir, vətənimizin müdafiəsi naminə gördüyünüz işlərdə Sizə yeni-yeni uğurlar arzulayırıq.Təşkilatınız yarandığı  günlərdən dövlətimizin və Ali Baş Komandanımızın siyasi kursunu daim  dəstəkləmiş, etibar  və   sədaqət  nümayiş etdirmişdir. 44 günlük müharibə dövründə də veteran həmrəyliyinin şahidi olduq. Respublika Prezidenti ətrafında yumruq kimi birləşmiş veteranların öncülləri sırasında   AVMVİB üzvlərini də qeyd edə bilərik. Sizə bir daha bundan sonrakı fəaliyyətinizdə uğur və müvəffəqqiyyətlər  arzulayırıq”.  

Hamısını oxu
Cəlil Xəlilov: “Komando qüvvələrinin yaradılması Azərbaycan Ordusunun hərbi qüdrətini daha da artıracaq”

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində son illər Azərbaycan Ordusunun inkişafı istiqamətində atılan mühüm addımlara diqqət çəkdi, gələcəklə bağlı planlardan danışdı. Prezident qeyd etdi ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünü bütün dünyaya göstərdi. 2021-ci ildə Ermənistan-Azərbaycan sərhədində baş vermiş bəzi təxribatlar da Azərbaycanın üstünlüyü tamamilə öz əlində saxladığını sübut etdi. Komando qüvvələrinin yaradılmasına da toxunan dövlətimizin başçısı yeni hərbi qüvvələrin sayının yaxın gələcəkdə daha da artırılacağını bildirdi.   Prezident İlham Əliyevin bu fikirlərini Azərtac-a şərh edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov komanda qüvvələrinin yaradılmasının mühüm önəm kəsb etdiyini vurğulayaraq deyib: “Komando qüvvələrinin yaradılması Azərbaycanın hərbi gücünün artırılmasından, ordumuzun döyüş hazırlığının yüksəldilməsindən xəbər verir. Ali Baş Komandanın da qeyd etdiyi kimi, bu qüvvələr istənilən tapşırığı yüksək səviyyədə icra etməyə hazırdırlar. Biz İkinci Qarabağ müharibəsində xüsusi təyinatlılarımızın şücaətinə şahid olduq və onlar bütün dünyaya əsl qəhrəmanlıq nümunəsi göstərdi. İndi isə komanda qüvvələrinin timsalında Azərbaycanda yeni hərbi qüvvələr yaradılıb. Bu qüvvələrin gələcəkdə daha da artırılması nəzərdə tutulur. Hesab edirəm ki, komando qüvvələrinin yaradılması Azərbaycan Ordusunun hərbi qüdrətinin, zərbə gücünün daha da artırılmasına mühüm töhfə verəcək”.   Cəlil Xəlilov Azərbaycan Ordusunun hərbi qüdrətinin artırılması, dövlətimizin təhlükəsizliyi və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün yeni hərbi texnikaların alınmasının, bu məsələdə qardaş Türkiyə dövləti ilə hərbi əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirərək deyib: “Azərbaycan dövləti ordumuzun ehtiyaclarına uyğun olaraq dünyanın ən qabaqcıl ölkələrindən bir sıra hərbi texnikalar, silah-sursat alır. Bu proses gələcəkdə də davam etdiriləcək. Bununla bağlı Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı xüsusilə faydalı və səmərəlidir. Müharibə dövründə Türkiyədən alınan müşahidə və zərbə dronları Qələbənin qazanılmasına mühüm töhfə verdi. Azərbaycanlı mütəxəssislərin peşəkarlıqda idarə etdikləri bu dronlar düşmənin canlı qüvvəsinin, o cümlədən raket sistemlərinin, artilleriya qurğularının yerinin dəqiq müəyyənləşdirilməsində və məhv edilməsində mühüm rol oynadı. Türkiyə istehsalı olan bu dronların məhv etdiyi raketlər həm də Gəncə, Bərdə, Tərtər və digər şəhərləri, mülki insanları atəşə tutur, günahsız insanların qətlinə yol açırdı. Məhz bu dronlar həmin raketlərin məhvinə imkan verdi. Bununla da yüzlərlə mülki şəxsin təhlükəsizliyi təmin edildi”.   Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, real döyüş əməliyyatlarında bu texnikaların, hərbi sistemlərin özünü yüksək səviyyədə doğrultması qardaş Türkiyənin, onun hərbi sənayesinin uğuru idi. Bütün bunlar göstərdi ki, Türkiyənin hərbi sənayesi dünyanın ən qabaqcıl hərbi sənayeləri ilə uğurla rəqabət aparmağa qadirdir və imkanlarını, nüfuz və təsir dairəsini sürətlə genişləndirməkdədir. Bu baxımdan istər “Aselsan”, istərsə də Türkiyənin digər hərbi təyinatlı şirkətləri ilə əməkdaşlıq Azərbaycan üçün olduqca önəmlidir. Bu, yalnız Ordumuzun müasir hərbi texnikalarla təminatı baxımından deyil, həm də Azərbaycanın hərbi sənayesinin inkişafı üçün böyük əhəmiyyətə malikdir.   “İnanıram ki, yaxın gələcəkdə Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyacaq. Bu əməkdaşlıq yeni və müasir hərbi məhsulların istehsalında özünü göstərəcək. Əməkdaşlığın bu şəkildə inkişafı həm Azərbaycanın, həm də qardaş Türkiyənin maraqlarına uyğundur. Bu, həm də bütövlükdə türk dünyasının gücünün artmasına, onun təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir”, - deyə C.Xəlilov əlavə edib.  

Hamısını oxu
Azərbaycan ziyalıları UNESCO-nun Baş direktoruna müraciət edib

Azərbaycanın bir qrup ziyalısı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib. APA-nın məlumatına görə, müraciətdə deyilir: “Hörmətli Baş direktor, Biz Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixi olan mədəni irsin tamamilə yox olması təhlükəsi ilə bağlı ciddi narahatlığımızı bölüşmək üçün sizə müraciət edirik. Ermənistanda yaşamış və bu yerlərin köklü sakinləri olan azərbaycanlılara qarşı XX əsrin əvvəllərindən etibarən aparılmış etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar öz dədə-baba torpaqlarından kütləvi deportasiyaya məruz qalmışlar. Sonuncu deportasiya 1988-ci ildə həyata keçirildi və 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi. Bununla da, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və sistematik deportasiya siyasəti nəticəsində azərbaycanlıların Ermənistandan qovulması prosesi sona çatdı. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan məqsədli şəkildə bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirir. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib. İrəvan quberniyasında yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününküləşdirilib, və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib.    Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox qəbiristanlıq məhv edilib. Bu il Azərbaycan xalqının 200 illik yubileyini qeyd etdiyi, qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Aşıq Ələsgərin də qəbri dağıdılıb. Bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri siyahısına salınan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi olan Aşıq Ələsgərin qəbirüstü büstünün dağıdılması bir daha Ermənistanın heç bir ümumbəşəri dəyər tanımadığını nümayiş etdirir. Bu, bütün dinlər tərəfindən qəbuledilməzdir və heç bir mənəviyyata sığmır. On illərlə davam edən vandallıq əməllərinə görə bir nəfərin belə cəzalandırılmaması Ermənistanda bu işlərin dövlət siyasəti olmasının növbəti sübutudur. Azərbaycan xalqının mədəni irsinin qəsdən dağıdılması, bir hissəsinin mənimsənilməsi, başqa xalqların irsi kimi qələmə verilməsi onu göstərir ki, Ermənistan hətta azərbaycanlıların bu torpaqlarda tarix boyu yaşaması və zəngin mədəniyyət yaratması faktını belə inkar edir. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsidir.  Mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir.  Hörmətli Baş direktor, Yuxarıdakıları qeyd etməklə, biz sizi Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsin hazırkı vəziyyəti barədə ətraflı hesabat təqdim etmək məqsədilə Ermənistan hökumətinə rəsmi sorğu göndərməyə çağırırıq. Biz həmçinin sizdən Azərbaycan xalqının əsrlərlə tarixi olan mədəni və tarixi irsinin hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini xahiş edirik.  UNESCO-nun öz konstitusiyası ilə ona verilmiş vasitəçilik mandatına güvənir və sizdən bu təşəbbüsün reallaşdırılması ilə bağlı UNESCO-nun rəsmi mövqeyinə dair bizi məlumatlandırmağınızı xahiş edirik. İmza edənlər:                                                                                   Kamal Abdulla - Azərbaycan Yaradıcılıq Fondunun rəhbəri, Xalq yazıçısı, akademik, Fərhad Bədəlbəyli - pianoçu, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Elbay Qasımzadə - Azərbaycan Memarlar İttifaqının sədri Əziz Ələkbərli - Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Hikmət Məmmədov - “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Aqil Abbas - “Ədalət” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Mənsum İbrahimov - Xalq artisti, professor Fatma Səttarova - Respublika Veteranlar Təşkilatının sədri, II Dünya Müharibəsi veteranı Bəyimxanım Verdiyeva - Xan Şuşinski Fondunun rəhbəri Elçin Mirzəbəyli - “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Nurəddin Mehdiyev - "Virtual Qarabağ" İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Aybəniz İsmayılova - “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Zeyni - Milli QHT Forumunun prezidenti Anastasiya Lavrina - “Azərbaycanın Rus İcması"nın sədr müavini Faiq İsmayılov - “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Davud Rəhimli - Əlil Təşkilatları İttifaqının sədri Günel Səfərova - "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Əvəz Həsənov - "Humanitar Tədqiqatlar" İctimai Birliyinin sədri İlqar Orucov - "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri Azər Qərib – Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri Nüşabə Məmmədova - Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri”.  

Hamısını oxu