Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şamaxı Rayon Ağsaqqallar Şurasının Zəfər Gününə həsr olunmuş hesabat konfransı keçirilib

Noyabr ayının 7-də Şamaxı rayonunun Mədəniyyət Mərkəzində Rayon Ağsaqqallar Şurasının Zəfər Gününə həsr olunmuş hesabat konfransı keçirilib.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalıları, idarə və müəssisələrin rəhbərləri və digər  ictimaiyyət nümayəndələri iştirak ediblər.

 Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Konfransda Dövlət Himni səsləndirilib və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və digər konfrans iştirakçılarını salamlayaraq onları qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib. Ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlətçilik ənənələrinin milli dəyərlərimizə söykənərək keçdiyi inkişaf yolundan və bu prosesdəki ağsaqqallıq institunun rolundan, eyni zamanda müasir problem və çağırışlardan söz açıb. Ağsaqqalların Şamaxı rayonunun ictimai-mədəni həyatında da yaxından iştirak etdiklərini, Vətənimizin inkişafı naminə öz bilik və bacarıqlarını əsirgəmədiklərini bildirib və konfransın işinə uğurlar arzulayıb.

Konfransda hesabat məruzəsi ilə çıxış edən Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov ötən dövr ərzində görülmüş işlərdən və keçirilmiş tədbirlərdən bəhs edib.  Rayonun ictimai-siyasi və mədəni həyatında, xüsusilə gənc nəslin milli ruhda yetişməsində ağsaqqalların rolundan və nüfuzundan söhbət açıb. Vurğulayıb ki, 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərində əsl mütəşəkkillik nümayiş etdirən rayon ağsaqqalları təbliğat və təşviqat kampaniyasında, o cümlədən səsvermə prosesində fəal iştirak edərək qalib Azərbaycan xalqının qalib Lideri cənab İlham Əliyevi yüksək səviyyədə dəstəkləyiblər. Həmçinin Milli Məclisə keçirilən seçkilərdə də ağsaqqallar yaxından iştirak edərək ən layiqli namizədlərə səs veriblər. Çıxışının sonunda natiq üzərlərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaqlarını vurğulayıb.

Sonra tədbirdə çıxış edən professor İsaxan Vəliyev, Şamaxı Rayon Ağsaqqallar Şurasının üzvləri Mərəhmət Mustafayev, Xudaverdi Lazımov, Nəzakət Abdulrazaqova, Məzi Şikarov və başqaları Ulu Öndər Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqalların respublikanın, o cümlədən rayonun ictimai-siyasi və mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların dəyərli öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından danışaraq, bu gün ölkəmizdə ağsaqqallara göstərilən dövlət dəstəyinə görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər. Natiqlər Şamaxı Rayon Ağsaqqallar Şurasının hesabatını qənaətbəxş qiymətləndiriblər.

Daha sonra təşkilati məsələlər müzakirə olunub. Şamaxı Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə yeni üzv və Fəxri üzvlər seçilib.

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin, İdarə Heyətinin üzvlərinin və öz adından salamlayaraq, onları qarşıdan gələn əlamətdar Zəfər Günü münasibətilə təbrik edib. Vurğulayıb ki, bizə milli qürurumuzun təntənəsi olan bu möhtəşəm Zəfəri bəxş etdiyinə görə Azərbaycanın xilaskarı və memarı Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı,  möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və onun qətiyyətli rəhbərliyi ilə igidliklə vuruşan əsgər və zabitlərimizə, qəhrəman qazilərimizə bir daha dərin minnətdarlığımızı bildirir, unudulmaz şəhidlərimizi ehtiramla anırıq. Sonra natiq ağsaqqallıq institutunun tarixindən, o cümlədən ölkəmizdə ağsaqqalları təşkilatlandıraraq 35 ildir öz səmərəlı fəaliyyəti ilə xalqımıza və dövlətimizə uğurla xidmət edən Azərbaycan Ağsaqqallar Şurasının keçdiyi şərəfli yoldan söz açıb. Akademiklər İmam Mustafayev və Budaq Budaqovun, görkəmli ictimai-siyasi xadim Fəttah Heydərovun rəhbərliyi altında Şuranın gördüyü əhəmiyyətli işlərdən bəhs edib. Vurğulayıb ki, bu gün millət vəkili, professor Eldar Quliyevin sədrliyi ilə  Azərbaycan Ağsaqqallar Şurası özünün böyük inkişaf dövrünü yaşayır. Şuranın 79 şəhər və rayon təşkilatında birləşən 35 mindən çox üzvü ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə dəyərli töhfələr verir, yeniyetmə və gəncləri Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maarifləndirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. İşlərini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurası məhsuldar fəaliyyətini beynəlxalq səviyyədə, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində də uğurla davam etdirir.

Bayram Yusif, həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin imza atdığı uğurlardan, siyasi-iqtisadi, hərbi gücünün və nüfuzunun gündən-günə  artmasından, davamlı inkişaf prosesindən ətraflı bəhs edib. Bu günlərdə Azərbaycanda keçiriləcək möhtəşəm bir tədbirin - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətindən söz açıb. Vurğulayıb ki, bu tədbirin Bakıda keçirilməsi hər zaman olduğu kimi hazırda da bəzi antiazərbaycan qüvvələrin ölkəmizə qarşı davam edən qərəzli təzyiqlərinə baxmayaraq öz haqqını, hüququnu bərpa edən, ədalətli yolundan dönməyən Azərbaycanın və onun əvəzedilməz Lideri cənab İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradənin və danılmaz yüksək nüfuzun sübutudur.

Bayram Yusifov hesabat dövrü ərzində görülən işləri, ümumilikdə, qənaətbəxş hesab etsə də, öz irad və təkliflərini də bildirib. Azərbaycanda tarix boyu sayılan-seçilən, insanlığa xas olan bütün müsbət keyfiyyətləri özündə cəmləyən  ağsaqqallarımızdan cəmiyyətimizin daha təsirli və səmərəli fəaliyyət gözlədiyini vurğulayıb.  Onları daha fəal olmağa çağıraraq təəssüf hissi ilə qeyd edib ki, bu gün cəmiyyətimizdə boşanmaların sayı gündən-günə çoxalır, gənclərimizdə zərərli vərdişlərə, narkomaniyaya, siqaretə aludəçilik problemləri artır. Bu və digər mənfi hallara qarşı cəmiyyətimiz birlikdə mübarizə aparmalıdır və biz ağsaqqallar hər zaman öndə olmalıyıq. O, xüsusilə təhsil müəssisələrində tədbirlərin sayının və effektinin yüksəldilməsini zəruri hesab edərək bildirib ki, ağsaqqallarımız gənclərimzdən öz öyüd və nəsihətlərini, məsləhətlərini heç zaman əsirgəməməli, maarifləndirici işlərini davamlı surətdə həyata keçirməlidirlər. Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov ağsaqqalların hər birinə möhkəm cansağlığı diləyərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Şamaxı Rayon Ağsaqqallar Şurasının üzvləri  gözəl və məzmunlu çıxışa, əhəmiyyətli təklif və tövsiyələrə görə Bayram Yusifova öz təşəkkürlərini bildirərək, fəaliyyətlərini daha aktiv şəkildə davam etdirəcəklərini vurğulayıblar.

 

2024-11-08 18:00:47
3311 baxış

Digər xəbərlər

“Qondarma “erməni soyqırımı” iddiası sadəcə Türkiyəyə deyil, bütün türk dünyasına atılan iftiradır”

Cəlil Xəlilov: “Azərbaycan hər bir işdə olduğu kimi, erməni yalanlarına qarşı mübarizədə də qardaş Türkiyənin yanında olub və bundan sonra da yanında olacaq”   Məlum olduğu kimi, hər il 24 aprel tarixi ermənilər tərəfindən “soyqırım günü” kimi qeyd edilir.   Tamamilə absurd və  xəstə təfəkkür məhsulu olan “erməni soyqırım” iddiası ilə bağlı saytımıza açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, bu gülünc iddianı bütün türk dünyasına atılan iftira kimi dəyərləndirib:   “Şübhəsiz, “erməni soyqırımı” iddiasının heç bir fakta istinad etmədiyi, tarixi həqiqətlərə deyil, siyasi qərarlara söykəndiyi hər kəsə məlumdur. Lakin təəssüflər olsun ki, həm Ermənistan və erməni diaspor təşkilatları, həm də bəzi dövlətlər bundan Türkiyəyə qarşı siyasi təzyiq məqsədi ilə istifadə etməyə, onun imicinə, tarixdə oynadığı sülhpərvər missiyaya kölgə salmağa çalışır. Onların məqsədi tarixi saxtalaşdırmaq, Türkiyəyə qarşı yeni tələb və iddialar üçün zəmin formalaşdırmaqdır. Halbuki, 1915-ci ildə Türkiyədəki ermənilərin yaşadıqları ölkəyə xəyanət edərək qiyam qaldırdığı, minlərlə türkü – uşağı, qocanı, hamiə qadınları qətlə yetirdiyi ilə bağlı çoxsaylı və təkzibedilməz tarix faktlar mövcuddur. Yəni ermənilər 1915-ci ildəki olayların qurbanları deyil,  türk xalqına qarşı törədilən soyqırımın sifarişçiləri və icraçılarıdır. Belə olan halda ermənilərin öz etdikləri cinayətləri Türkiyənin boynuna qoymaq cəhdləri siyasi həyasızlıqdan və əxlaqsızlıqdan başqa bir şey deyil”.   Azərbaycan xalqının hər zaman hər bir məsələdə qardaş Türkiyənin yanında yer aldığına diqqət çəkən Cəlil Xəlilov, bu gerçəyin bundan sonra da dəyişməz olaraq qalacağını bildirib:   “Azərbaycan və Türkiyə tarixin ən keşməkeşli dönəmlərində belə bir-birlərinin yanında yer alıb, bir-birlərinə qardaş yardımı göstəriblər. Azərbaycan hər bir işdə olduğu kimi, erməni yalanlarına qarşı mübarizədə də qardaş Türkiyənin yanında olub və bundan sonra da yanında olacaq. Biz Türkiyə ilə birlikdə ermənilərin qondarma “soyqırım” iddialarını ifşa etməkdə davam edəcək və bütün dünyaya türk dünyasının haqq səsini çatdıracağıq.   Onu da qeyd edim ki, qondarma “erməni soyqırımı” iddiası sadəcə Türkiyəyə deyil, bütün türk dünyasına atılan iftiradır və bu iftiraya, bu tarixi yalana qarşı mübarizədə Türkiyəyə dəstək olmaq bizim hər birimizin milli, vicdani və insani borcumuzdur”.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Председателю Организации ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики генерал-полковнику Агагусейнову Т.Я

Hamısını oxu
Cəlil Xəlilov: “Azərbaycan hərbçilərinin beynəlxalq yarışlarda qazandıqları nəticələr ordumuzun yüksək peşəkarlığının göstəricisidir”

Sentyabrın 4-də Moskva ətrafında yerləşən “Patriot” parkında “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının təntənəli bağlanış mərasimi keçirilib. Azərbaycan hərbçiləri bu yarışlar çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu”, İranda “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edərək əsl peşəkarlıq sərgiləyiblər.   AZƏRTAC xəbər verir ki, bununla bağlı açıqlama verən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu təlimlərin ordumuzun peşəkarlığının artırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib. O qeyd edib ki, hərbi təlimlər ordumuzun döyüş hazırlığının daim yüksək səviyyədə qorunub saxlanılması və daha da təkmilləşdirilməsi baxımından önəmlidir. Bu baxımdan ordumuzun “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarında iştirakı olduqca vacibdir. Azərbaycan dünyanın müxtəlif yerlərində keçirilən hərbi yarışlarda, beynəlxalq ordu oyunlarında müntəzəm iştirak edir. İstər Rusiya, Qazaxıstan və digər post-sovet ölkələrində, istərsə də Türkiyə və digər NATO dövlətlərində keçirilən təlimlərdə Azərbaycan hərbçiləri iştirak edərək yüksək nəticələr qazanırlar. Bu təlimlərdə hərbçilərimizin əldə etdiyi nəticələr Azərbaycan Silahlı Qüvvələrinin gücündən, onun peşəkarlığından xəbər verir və bizdə haqlı olaraq ordumuzla qürur duyuruq. Polkovnik vurğulayıb ki, Azərbaycan Ordusu dəniz təlimlərində də mütəmadi iştirak edir, bu sahədəki hərbi yenilikləri sürətlə mənimsəyir. “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində hərbçilərimiz İranda “Dəniz kuboku” yarışlarında da yüksək peşəkarlıq nümayiş etdirib. Ordumuzun “Dəniz kuboku” yarışlarındakı qazandığı nəticə ölkəmizin dəniz sərhədləri təhlükəsizliyinin ciddi şəkildə qorunduğunu bir daha göstərdi. Azərbaycan Silahlı Qüvvələrinə daxil olan bütün qoşun növləri, hərbi birliklər yüksək döyüş hazırlığına malikdir və bu hazırlığın qorunub saxlanılmasına, daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.  Azərbaycan Ordusunun beynəlxalq müsabiqə və ordu oyunlarında əldə etdiyi yüksək nəticələrdən Ermənistan və onun havadarlarının da dərs çıxarmalı olduğunu bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini deyib: “44 günlük Vətən müharibəsində ordumuzun əldə etdiyi parlaq zəfər onun yüksək döyüş hazırlığına əyani sübut idi. Bu günlərdə keçirilən ordu oyunlarında qazanılan nəticələr də həmin döyüş hazırlığının uğurla qorunub saxlanıldığını göstərir. Hesab edirəm ki, ordumuzun beynəlxalq hərbi yarışlarda göstərdiyi nəticə bu gün də təxribatlardan əl çəkmək istəməyən Ermənistan və onun havadarlarına dərs olmalıdır. Ordumuzun bu təlimlərdəki nəticələri bir daha “Dəmir yumruğ”un yerində olduğunu, düşmənlərə hər zaman zərbə endirməyə hazır olduğunu göstərir. Əgər Ermənistan Azərbaycan tərəfinin xəbərdarlıqlarından nəticə çıxarmasa, 10 noyabr bəyanatının icrasına süni şəkildə problem yaratmaqda davam etsə, o zaman bu zərbə qaçılmaz ola bilər”.  Azertag.az (https://azertag.az/xeber/1870305 )  

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Ərəstun Mahmudov: Səmamızın şahini

Erməni millətçi-şovinistləri tarixi tоrpaqlarımız hesabına “Böyük Ermənistan” yaratmaq məqsədilə zaman-zaman azərbaycanlılara qarşı qanlı cinayətlər törədib, sоydaşlarımızı qətlə yetirib, etnik təmizləmə aparıb, ərazilərimizin bir hissəsini işğal ediblər. Nəticədə, dəfələrlə xalqımız ağır faciə və məşəqqətlərə məruz qalıb. Xalqın yaddaşında dərin iz buraxan, heç vaxt silinməsi mümkün olmayan, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələr törətmişlər. 1988-1994-cü illərdə təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində torpaqlarımızın 20 faizi zəbt edilmiş, 20 minədək azərbaycanlı şəhid olmuş, bir milyona yaxın həmvətənimiz doğma torpaqlarından qovulmuşlar. 28 il işğal altında qalan torpaqlarımızı 44 günlük Vətən müharibəsi zamanı böyük zəfərimizlə başa çatdı. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə   Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni qazanan  hər bir şəxs mərdliyin, cəsarətin zirvəsinə yüksəldikdə qəhrəmana çevrilir.  Onların qəhrəmanlığı gələcək nəsillərə örnək  olur. Hər birimizin bu örnək ömürlərə sonsuz ehtiramımız vardır. Azərbaycanın Milli Qəhrəmanı Ərəstun İsfəndi oğlu Mahmudov belə oğul , belə hərbçi olub, belə qəhrəman olub.O,səmamızın şahini qoruyucu mələyi xilaskarı olub. Vətənimizin başını  qara bulud alan zaman bir göz qıpımında Ərəstun Mahmudov Mİ-8 vertolyotunun heyəti ilə dəfələrlə döyüş bölgələrinə dinc əhalinin köçürülməsində, ərzaq və müəyyən ləvazimatlar çatdırıb.Mahmudov Ərəstun İsfəndi oğlu 23 fevral 1957-ci ildə İsmayıllı rayonunun Pirəbilqasım kəndində doğulmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Ərəstun 1974-cü ildə Bakının Nizami rayonundakı 220 saylı orta məktəbi bitirmişdir. 1975- ci ildə Leninqrad vilayətinin Vıborq şəhəri Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. 1978-ci ildə təhsilini başa vurub, Azərbaycan Hava Yollarının Zabrat Aviasiya Şirkətində texnik-mexanik kimi AN2 təyyarəsində əmək fəaliyyətinə başlamışdır. O, idmanın ağır atletika növü ilə məşğul olurdu. Azərbaycanda, keçmiş SSRİ məkanında və eləcə də bir sıra xarici ölkələrdə keçirilən mötəbər yarışların iştirakçısı olmuş, müxtəlif mükafatlara layiq görülmüşdür. 1989-cu ildə Omsk şəhərində ixtisasartırma kursu keçmiş, Mİ-2 vertolyotunun bortmexaniki olmuşdur. Ərəstun Mahmudov özünü işgüzar və aviasiya texnikasını yaxşı bilən mütəxəssis kimi tanıtmış və 1990-cı ildə Ukraynanın Kremençuq şəhərində növbəti ixtisasartırma kursuna göndərilmişdir. Bundan sonra o, Mİ-8 vertolyotunun bort-mexaniki təyin edilmişdir.Daha sonra o, Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd olan rayonlarda döyüş əməliyyatı keçirən ekipajın tərkibinə daxil edilmişdir. Ərəstun Mahmudov Mİ-8 vertolyotunun heyəti ilə dəfələrlə döyüş bölgələrinə ezam edilmiş, dinc əhalinin köçürülməsində, döyüş bölgələrinə ərzaq və müəyyən ləvazimatın çatdırılmasında yaxından iştirak etmişdir. 28 yanvar 1992-ci ildə Ağdam və Şuşa marşrutu üzrə yerli əhalini daşıyarkən Mİ-8 vertolyotu erməni yaraqlıları tərəfindən raketlə vurulur. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov qəhrəmancasına həlak olur. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi. Üç övladı var. Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Mahmudov Ərəstun İsfəndi oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Oxuduğu 220 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.Qəhrəmanlar ölümü gözə alaraq vuruşur, Şəhidlik məqamına ucalırlar.Buna görə də onların heç birini unutmaq olmaz. Onlar bizim qürur mənbəyimizdir.                                                                     Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları   Təşkilatının sədri,                                                                 polkovnik      Cəlil Xəlilov

Hamısını oxu