Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edib.

Arxiyepiskop Paul Riçard Qallager Roma Papası Fransiskin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Roma Papasına çatdırmağı xahiş etdi.

Roma Papasının sonuncu dəfə 2016-cı ildə Azərbaycana səfər etdiyini deyən dövlətimizin başçısı həmin vaxt və özünün 2020-ci ildə Vatikana səfəri çərçivəsində Roma Papası ilə görüşlərini məmnunluqla xatırladı, Roma Papasını ölkəmizə səfərə dəvət etdi.

Səfərinin əsas məqsədinin Azərbaycanda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin təqdis edilməsi olduğunu deyən qonaq bu kilsənin inşası üçün ərazinin ayrılmasına və göstərilən dəstəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi, bunun tərəfdaşlığın nümunəsi olduğunu və ölkəmizdəki katolik icması tərəfindən çox böyük rəğbətlə qarşılandığını vurğuladı.

Dövlətimizin başçısı yeni kilsənin inşasına başlanmasından məmnunluğunu ifadə edərək, arxiyepiskop Paul Riçard Qallagerin ölkəmizə səfərinin və kilsənin tikiləcəyi ərazini təqdis etməsinin Müqəddəs Taxt-Tacın Azərbaycanın katolik icması ilə əlaqələrə verdiyi önəmi nümayiş etdirdiyini dedi. Prezident İlham Əliyev yeni tikiləcək kilsənin əlaqələrimizin yaxşı rəmzi olacağını vurğuladı.

Qonaq Azərbaycanda müxtəlif dini icmaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşamasında Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rolunu xüsusi olaraq qeyd etdi. Arxiyepiskop Paul Riçard Qallager vurğuladı ki, müxtəlif dinlərin və konfessiyaların nümayəndələrinə bu cür hörmət göstərilməsi, harmonik şəraitin yaradılması Azərbaycanın və xalqımızın fərqləndirici xüsusiyyətlərindən biridir.

Dövlətimizin başçısı Azərbaycanın multikulturalizm ənənələrini qeyd edərək, ölkəmizdə müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin daim sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşadığını vurğuladı.

Arxiyepiskop Paul Riçard Qallager ölkəmizdəki katolik icmasının nümayəndələrinin Azərbaycan rəsmiləri və cəmiyyəti ilə rahat şəraitdə münasibətlərinin olmasından məmnunluğunu bildirdi və qeyd etdi ki, bu da Azərbaycana nüfuz gətirən amillərdən biridir. Qonaq ölkəmizə səfəri çərçivəsində çox səmərəli görüşlər keçirdiyini dedi.

Prezident İlham Əliyev bütün bunların Azərbaycan üçün fəxr hissi doğurduğunu bildirdi, ölkəmizdə multikulturalizmin və çoxmillətliliyin daim təmin olunmasını məmnunluqla qeyd etdi, bunu dövlət siyasəti ilə xalqımızın ənənəvi yaşayış tərzinin vəhdəti olduğunu dedi. Dövlətimizin başçısı qeyd etdi ki, müxtəlif millətlərin, dinlərin nümayəndələrinin ölkəmizdə sülh, dostluq və mehriban şəraitdə yaşaması Azərbaycana əlavə güc verir, sabitliyin və cəmiyyətdə ahəngdarlığın təmin olunmasına xidmət edir.

Azərbaycanın, həmçinin beynəlxalq səviyyədə dinlər və mədəniyyətlərarası dialoq prosesinə və bu sahədə əməkdaşlığa böyük töhfə verdiyini deyən dövlətimizin başçısı ölkəmizdə mütəmadi olaraq mədəniyyətlər və konfessiyalararası dialoqa həsr edilən beynəlxalq tədbirlərin keçirildiyini məmnunluqla xatırladı.

Qonaq COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev bildirdi ki, COP29 ərəfəsində dünya dini liderlərinin sammiti də keçirilib və orada dünya dini liderləri tərəfindən də iqlim dəyişmələri ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət olunub. COP29 zamanı Azərbaycanın müxtəlif tərəflər arasında körpülərin yaradılmasına çalışdığını deyən dövlətimizin başçısı bu tədbir çərçivəsində aparılan danışıqlar prosesinin uğurlu nəticələr verdiyini xüsusilə qeyd etdi.

Söhbət zamanı regional məsələlər barədə fikir mübadiləsi aparıldı.

Azərbaycan Prezidenti Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini vurğuladı.

Görüşdə Yaxın Şərqdəki vəziyyətə toxunuldu. Prezident İlham Əliyev Əsəd rejiminin çökməsindən sonra qardaş Türkiyə ilə məsləhətləşərək Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olduğunu bir daha qeyd etdi.

Arxiyepiskop Paul Riçard Qallager dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

2024-12-16 18:39:33
3484 baxış

Digər xəbərlər

Topçu Qulam

Alman  faşizmi  üzərində  qələbənin  80  illiyi... Bu il mütərəqqi bəşəriyyət İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 80 illiyini təntənə ilə qeyd edir. 1418 gün davam edən İkinci Dünya müharibəsi 20 milyon Sovet adamının qanı bahasına qələbə ilə başa çatdı.  Bu qələbə bəşəriyyəti faşizm taunundan xilas etdi. 9 May günü dünyaya ağalıq etmək istəyən azğın Hitler başda olmaqla faşistlərin alçaq niyyətlərinin puç olduğu gündür. Sovet xalqının faşist Almaniyası üzərindəki qələbəsinin böyük ümumdünya tarixi əhəmiyyəti vardı. Bu qələbənin qazanılmasında  doğma Azərbaycanımız da böyük şücaət göstərmişdir. İkinci Dünya müharibəsində Vətənimizin xilası naminə, faşizmin darmadağın edilməsi naminə xalqımız böyük qurbanlar vermişdir. Vətənə sədaqətlə xidmət etmiş və öz həyatlarını qələbə naminə qurban vermiş adamların xatirəsini biz bu gün də ehtiramla yad edirik. İkinci Dünya müharibəsinin odlu-alovlu səngərlərində Cəlilabad rayonundan olan minlərlə  əsgər və zabitlərimiz də böyük əzmkarlıq göstərmiş, azğın faşistlərin yuvası olan qanlı Berlinədək şanlı döyüş yolu keçmişlər. Cəbhələrdən geri qayıtmayan, Vətən uğrunda fədakarlıqla həlak olan 3600 həmyerlimizin əziz xatirəsi bu gün də qəlbimizdə əbədi yaşayır. Cəlilabadın istirahət parkında ucaldılmış Ana abidəsi Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə xalqımızın ehtiramını bir daha nümayiş etdirir. Müharibə cəbhələrində həlak olan cəlilabadlıların  şərəfinə rayonumuzun mərkəzində  “Xatirə bulağı” kompleksi də ucaldılmışdır. İkinci Dünya müharibəsində hünər göstərmiş Fətulla Niftullayev, Gülağa Cəfərov, Rəşid Əhədov, Şirbala Mayılov, Səfəralı Məmmədov, Qulam Əliyev, Alim Əliyev, Ağapaşa Səfərov, Ağabağır Kazımov  kimi igid oğullarımızın keçdiyi şərəfli həyat yolu bu gün hamımız üçün örnəkdir. Bu yazımızda el-oba içərisində “Topçu Qulam” kimi tanınmış Qulam Əliyev haqqında söz açmaq istəyirik. Qulam Əliyev Cəlilabad rayonunun Məlikqasımlı kəndində 1902-ci ildə doğulub, boya-başa çatıb. Müharibə başlananda o,  kənddə kolxoz sədri işləyirdi. Vətənin bu ağır günündə Qulam arxa cəbhədə əlindən gələni edirdi ki, məhsulumuz bol olsun, əsgər ailələri korluq çəkməsinlər. İşçi qüvvəsi az idi. Kişilər cəbhəyə getdiyi üçün bütün işləri qadınlar görürdülər. Bir gün müharibəyə getmək üçün Qulama da çağırış vərəqi gəldi. 1942-ci ilin aprel ayında cəbhəyə yollanan Qulam ilk döyüşə Mozdak yaxınlığnda girir. Ağır döyüşdə o, düşmənin bir neçə tankını məhv edir və özü də bu döyüşdə yaralanır. Hospitalda müalicə alıb sağaldırdan sonra yenidən cəbhəyə yola düşür. 1943-cü ildə Kursk cəbhəsində gedən qanlı döyüşlərdə vuruşur. 151-ci divizi-yanın döyüşçülərilə birgə Belqorod şəhərinin, Kirov vilayətinin, Sumsk vilayətinin Luza qəsəbəsinin, Leninqradın Krasnoye kəndinin azğın faşistlərdən azad olunmasında iştirak edir. Odlu səngərlərdə göstərdiyi şücaətə görə həmyerlimiz Qulam Əliyev komandanlıq tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilir. Od-alov içindən çıxmış müharibə veteranı Qulam Əliyevin cəbhə xatirələrindən: “ Polkumuz 1943-cü ildə Kursk yaxınlığındakı döyüşlərdə fəal iştirak etdi. Tezliklə Orlov, Kursk, və Bryansk cəbhələri ilə birləşərək faşistləri mühasirəyə aldıq. Qanlı döyüşlərdən sonra Kursk vilayətini faşistlərdən azad etdik. Hər döyüşdən sonra ən yaxın dostumuzu, cəbhə yoldaşımızı görməyəndə adamın qəlbi ağrıyırdı. Lakin heç kim fikirləşmirdi ki, qarşıdakı döyüşdə düşmən gülləsinə hədəf ola bilər. Çünki insan qəzəbi, insan nifrəti ölümdən güclü idi. Hamını bir şey düşündürürdü;-daha çox faşist qırmaq, Vətəni azad etmək. Bu amal idi bizi yaşadan, döyüşlərə ruhlandıran. Qoşunlarımızın köməyi ilə Leninqrad şəhərinin ətrafını alman faşistlərindən təmizlədikdən sonra Belarusiyaya keçdik. Belarusiyanın keçilməz meşələrində almanlar bizim polku üç tərəfdən mühsirəyə aldılar. Bir tərəfimiz isə bataqlıq idi. Uzun müddətli vuruşmadan sonra mühasirəni yarıb əks hücuma keçdik. Biz mühasirədən çıxdıq. Tallin şəhərini də işğalçılardan təmizlədik.”  Sinəsini orden və medallar bəzəyən Qulam Əliyevin cəbhə xatirələri çoxdu. Yadımdadı, oxuduğum Cəlilabad şəhər 2 saylı məktəbdə  müharibə veteranları ilə şagird və müəllim heyətinin görüşündə də Topçu Qulamın maraqlı cəbhə xatirələrinə doyunca qulaq asmışıq. Onun barıt qoxulu xatirələrini dinlədikcə gözümüz önündə müharibənin odlu-alovlu günləri bir daha canlanırdı.  Biz o döyüşçünü  klublarda baxdığımız davalı kinoların qəhrəmanı kimi tanıyırdıq. Qulam Əliyevin ağsaqqal sözü, öyüd-nəsihəti, keçdiyi şərəfli həyat yolu biz gənclər üçün örnək idi. Qəhrəman döyüşçünün  barıt qoxulu xatirələrindən: “Mənim döyüşdüyüm 151-ci atıcı diviziyası Polşanın azad olunmasında da fəal iştirak edib. Kənd və şəhərləri azğın faşistlərdən təmizləyə-təmizləyə 1944-cü ildə Praqa şəhərinə gəlib çatdıq. Döyüşdəki hünərimə görə məni “Şöhrət” ordeni və “Praqanın azad olunması” medalı ilə təltif etdilər. Sonra biz Almaniyanın içərilərinə doğru irəlilədik. Hər şəhər, hər kənd uğrunda əlbəyaxa döyüşlər gedirdi. Bu döyüşlər zamanı 15-dən çox faşist öldürdüm, düşmənin bir neçə tankını yandırdım. Müharibənin qurtarması xəbərini də Almaniya torpağında eşitdik. Qələbə günü – 1945-ci il mayın 9-da hissəmizdə böyük bayram oldu. Əsgərlərimiz bir-birini təbrik edir, qucaqlaşıb öpüşürdülər. O vaxtdan neçə illər keçsə də müharibənin ürəklərə vurduğu yaralar hələ sağalmayıb...” Od-alov içindən çıxmış müharibə veteranı Qulam Əliyev müharibədən sonrakı illərdə bir müddət təsərrüfatla məşğul olub, sonra “Veteranlar” mağazasının müdiri kimi çalışıb. Özü kimi yaşlı nəslin nümayəndələrinə nümunəvi xidmət göstərib. Əmək fəaliyyətinə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə o vaxtlar qabaqcıl əmək adamlarına verilən “Rəşadətli əməyə görə”, “Lenin yubiley medalı”, “Kommunist əməyi zərbəçisi”, “Sosializm yarışının qalibi” nişanları ilə təltif olunub. İkinci Dünya müharibəsi veteranı Qulam Əliyev həm də gözəl ailə başçısı olub. 9 övlad böyüdüb boya-başa çatdırıb, nəvə-nəticə sahibi olub. Qəhrəman döyüşçü, hamının “Topçu Qulam” kimi tanıdığı Qulam Əliyev 2000-ci ildə Cəlilabad şəhərində dünyasını dəyişib. O, bu gün şəhər qəbirstanlığında əbədi uyusa da, qədirbilən xalqımızın qəlbində həmişə yaşayır. Necə deyərlər, heç kim unudulmur, heç nə yaddan çıxmır...          Ədalət Salman, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü        

Hamısını oxu
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətilə bağlı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.   Modern.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemində təhlükəsizlik, texniki və proqram vasitələri sahəsində əsaslı dəyişiklik məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 3,866 milyon (üç milyon səkkiz yüz altmış altı min) manat ayrılıb.

Hamısını oxu
Zaqatala rayonunda “İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

8 sentyabr 2025-ci il tarixində Zaqatala rayonunda “İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib. Zaqatala Rayon İcra Hakimiyyəti və Müharibə, Əmək və Silahlı Qüvvələr Veüteranları Təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən konfransdan öncə Ulu öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub, Ümummilli liderin xatirəsi ehtiramla yad edilib.  Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrundakı döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqətlik sükutla yad edilib. Konfransa çıxış edən Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov öncə konfrans iştirakçılarını icra başçısı Mübariz Əhmədzadənin adından salamlayaraq konfransın işinə uğurlar arzulayıb. Tofiq Əhmədov çıxışında Ümummilli liderin, eləcə də Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib: “Heç kimə sirr deyil ki, tarixdə ikinci dəfə müstəqillik qazanan Azərbaycan xalqının nicatı, Azərbaycan dövlətçiliyinin inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndərin yürütdüyü siyasət – Azərbaycanın iqtisadi inkişafına təkan verən “Əsrin müqaviləsi”nin imzalanması, nizami ordunun formalaşdırılması, diplomatik əlaqələrin genişləndirilməsi, ölkəmizin beynəlxalq təşkilatlara, dünya arenasına inteqrasiyası, eləcə də, milli həmrəyliyin təmini Azərbaycanı tarixin bütün sınaqlarından üzüağ çıxardı. Heydər Əliyev həssas kateqoriyadan olan bütün şəxslər kimi veteranlara da daim qayğı və diqqət göstərmiş, onların sosial problemlərinin həllini, cəmiyyətin ictimai həyatında aktiv iştirakının təmin olunmasını daim diqqət mərkəzində saxlamışdır. Qürurvericidir ki, Ulu öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilmiş, nəticədə Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində erməni faşizmini darmadağın edərək işğaldakı torpaqlarımızı azad etmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən böyük zəfər – “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə qızıl hərflə həkk edilmişdir. Əminəm ki, ordumuzun bu şanlı qələbəsi illər, əsrlər sonra da daim ehtiram hissi ilə xatırlanacaq, tədqiq ediləcək,  öyrəniləcək və təbliğ olunacaq”. Konfransada çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsi və 8 Noyabr zəfərinin hərbi-siyasi önəmindən bəhs edib: “44 günük Vətən müharibəsi və bu müharibə nəticəsində əldə edilən şanlı zəfəri əhəmiyyətli edən çoxsaylı amillərdən biri qələbə nəticəsində erməni faşizminin darmadağın edilməsi, 30 illik işğal probleminə son qoyması oldu. Lakin 8 Noyabr zəfərinin əhəmiyyəti bununla yekunlaşmır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyi ilə əldə edilən 8 Noyabr zəfərinin ən mühüm nəticələrindən biri də bu qələbənin milli özünütəsdiqimizi təmin etməsi oldu. Azərbaycan bu tarixi zəfərlə özünü beynəlxalq aləmdə, dünya xalqları içərisində bir daha təsdiq etdi. Xalqımız sübut etdi ki, heç kim, heç bir qüvvə onun iradəsini qıra, onu məğlubiyyətlə barışmağa vadar edə bilməz. Bu gün Azərbaycan Ordusu dünya orduları arasında ilk yerlərdən birini tutur. Bütün bunlar Müzəffər Ali Baş Komandanın uğuru olmaqla yanaşı, onun xalqımızın, dövlətimizin müdafiə və təhülkəsizliyinə verdiyi önəmi göstərir. Azərbaycan bu gün dünyada sülh və təhlükəsizlik ölkəsi kimi tanınmaqdadır. Prezident İlham Əliyevin 8 avqust Vaşinqton görüşü, eləcə də Çinə səfəri əsnasında keçirdiyi görüşlər, verdiyi bəyanatlar dövlətimizin diplomatik səfəri, siyasi qələbəsi kimi dəyərləndirilməlidir.   İnanıram ki, xalqımız bugünə qədər olduğu kimi bundan sonra da Prezidentimizi dəstəkləməkdə, onun ətrafında sıx birləşməkdə davam edəcək, həmrəyliyimiz gələcək uğurlarımız üçün zəmin formalaşdıracaq”. Konfransda çıxış edən Zaqatala Rayon Ağsaqqallar Şurasının sədr müavini Tahir Məmmədov, Gənclər və idman sektorunun müdiri Araz Əliyev, Vətən müharibəsi əlili Nurlan Mazanov çıxış edərə Azərbaycan dövlətinin inkişaf tarixi və Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsindəki qəhrəmanlığından danışıblar. Konfransımn sonunda rayon ziyalısı İbrahim İbrahimovun Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zaqatala Rayon Təşkilatına namizədliyi irəli sürülüb və bu təklif yekdilliklə dəstəklənib. Seymur ƏLİYEV

Hamısını oxu
Belarus prezidenti polkovnik Cəlil Xəlilovu təltif edib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Belarus prezidenti Aleksandr Lukaşenko adından təltif edilib.  Təntənəli təltifetmə mərasimində Belarusun faşizm işğalından azad edilməsinin 80 illik yubiley medalı Belarusun  ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Ravkov Andrey Alekseyeviç tərəfindən polkovnik Cəlil Xəlilova təqdim edilib. Polkovnik Belarus və Azərbaycan arasındakı tarixi dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə, o cümlədən faşizmə qarşı mübarizə aparan qəhrəmanların təbliğindəki çoxillik və səmərəli xidmətlərinə görə bu medala layiq görülüb. Onu da qeyd edək ki, polkovnik Cəlil Xəlilov cari ilin 3 iyul tarixində Belarusda  keçiriləcək beynəlxalq konfransda iştirak edəcək, İkinci Dünya müahribəsində Belarusun faist işğalından azad edilməsində azərbaycanlıların rolu haqqında bu ölkədə silsilə görüşlər keçirəcək, Belarus ictimaiyyətinə ətraflı məlumat verəcək. Seymur ƏLİYEV   

Hamısını oxu