Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”ni dəstəkləyən təşkilatların sayı artmaqdadır

Dünyanın müxtəlif ölkələrindən olan təşkilatlar bəyannamə çərçivəsində KOB-ların “yaşıl iqtisadiyyat”a keçidi üzrə səylərin birləşdirilməsinə dəstəklərini ifadə edirlər. 

Veteran.gov.az xəbər verir ki, 2024-cü ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) irəli sürdüyü “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yə qoşulan təşkilatların sayı artmaqdadır. Artıq yerli və xarici ölkələrin 14 qurumu, beynəlxalq təşkilatlar və sahibkarlar şəbəkəsi müvafiq bəyannaməni dəstəkləyir. Belə ki, ötən ilin noyabr ayından etibarən bəyannaməyə İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC), Qazaxıstanın Sahibkarlığın İnkişafı Fondu (DAMU), Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəsi (INSME), Vyetnam Sahibkarlıq Milli Assosiasiyası (VINEN), KOBİA, Beynəlxalq Ticarət Mərkəzi (ITC), Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidməti (SEBRAE), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Azərsun Holdinq”, Asiya İnkişaf Bankı, Belarus Respublikasının İnvestisiya və Özəlləşdirmə üzrə Milli Agentliyi, Dünya İqlim Fondu və s. dəstəyini ifadə ediblər. 

Qeyd edək ki, KOBİA tərəfindən hazırlanmış “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə” qlobal səviyyədə KOB-ların yaşıl iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsi məqsədini daşıyır. Bəyannamə qlobal miqyasda istixana qazı emissiyalarının 50%-ni təşkil edən KOB-lar üçün ilk dəfə qlobal iqlim hərəkatının yaradılmasını təklif edir. Bəyannaməyə qoşulanlar kiçik bizneslərə “yaşıl iqtisadiyyat”a keçid üzrə təcrübələri mənimsəməkdə kömək etmək üçün məlumatlılığın və potensialın artırılması, yaşıl maliyyəyə çıxışın yaxşılaşdırılması və innovasiyaların təşviqi öhdəliyini götürür. Bəyannamə həmçinin, Azərbaycanın yaşıl keçid və qlobal iqlim dəyişikliyi ilə mübarizə prosesində ciddi tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Sözügedən bəyannamənin təşviqi və tərəfdaşlarının məlumatlandırılması məqsədilə sayt da (www.greensme.org) yaradılıb.

2025-02-06 21:31:06
2821 baxış

Digər xəbərlər

Millət vəkili Anım Günündə şəhid ailələri ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, 27 sentyabr-Anım Günündə Azərbaycan Respublikası Milli Məclisinin deputatı,Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli Yevlax və Mingəçevir şəhərlərində Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib, şəhid ailələri və yaxınları ilə görüşüb. Görüşdə şəhdilərimizin ölümsüz xatirəsi qürur hissi ilə yad edilib, onların qəhrəmanlığından iftixarla bəhs olunub.   Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin 2 dekabr 2020 tarixli sərəncamına əsasən,Vətən müharibəsində qəhrəmancasına döyüşmüş,ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, 27 Sentyabr Anım Günü kimi təsis edilib.   Seymur ƏLİYEV  

Hamısını oxu
“Prezidentin VIII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın haqq səsinin növbəti təntənəsidir”

Cəlil Xəlilov: “Bu çıxış bir daha dövlətimizin regional və qlobal tərəqqiyə böyüki töhfələr verdiyini sübut etdi”   “Prezidentin VIII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın haqq səsinin növbəti təntənəsidir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. İlk öncə dövlət başçısının pandemiyaya qarşı mübarizə məqsədi ilə atdığı addımlara diqqət çəkən Cəlil Xəlilov, Prezident İlham Əliyevin problemə yanaşma tərzinin digər dünya liderlərinə də örnək olduğunu vurğulayıb:   “Prezidentimizin VIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı istər siyasi və iqtisadi, istərsə də elmi-mədəni baxımdan mühüm əhəmiyyət kəsb edir. Çünki dövlət başçısı bu çıxışda bir sıra məsələlərə münasibət bildirdi, özünəməxsus yanaşma tərzi sərgilədi. Bu baxımdan prezident İlham Əliyevin koronaviris pandemiyasına qarşı qlobal mübarizəyə verdiyi töhfə xüsusilə qeyd edilməlidir.   Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan dövləti pandemiyanın ilk günlərindən bu bəlaya qarşı birgə mübarizə aparmağın zəruriliyini vurğuladı, bununla bağlı dünya dövlətlərinə çağırışlar ünvanladı. Koronavirusa qarşı vaksin yaradılanda isə Azərbaycanın dövlət başçısı bildirdi ki, bu vaksin iqtisadi gücündən, siyasi nüfuzundan asılı olmayaraq, dünya dövlətləri arasında ədalətli şəkildə bölünməlidir. Hansı ki, Asiya və Afrikanın əksər dövlətlrinin, o cümlədən bir sıra Latın Amerikası dövlətlərinin bu prosesdən əsaslı şəkildə kənarda qaldığı bir həqiqət idi. Məhz belə bir məqamda Prezident İlham Əliyev vaksinlərin ədalətli şəkildə bölüşdürülməsi təklifi ilə çıxış etdi, dünya liderlərini, beynəlxalq təşkilatları bu məsələdə vicdanla davranmağa səslədi.   Xatırladım ki, məhz Azərbaycanın dövlət başçısı Qoşulmama Hərəkatının Sammitində BMT-nin Baş Assambleyasının COVİD-ə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi. Bu çağırış əksər BMT dövlətləri tərəfindən dəstəkləndi və nəhayətdə 2020-ci ilin 3-4 dekabr tarixlərində bu sessiya reallaşdı.   Azərbaycan dövləti ölkə daxilində də pandemiyaya qarşı mübarizə istiqamətində böyük işlər həyata keçirdi. Qısa zamanda 13 yeni dövlət xəstəxanası açıldı ki, bu xəstəxanalar pandemiyadan əziyyət çəkən vətəndaşlarımızın müalicəində mühüm rol oynadı. Vətəndaşlar arasında kütləvi vaksinləmə prosesi həyata keçirildi. Bu və bu kimi addımlar sayəsində pandemiyaya qarşı mübarizədə böyük uğurlara nail olundu. Bununla yanaşı, Azərbaycan bri sıra dövlətlərə tibbi yardımlar göndərdi. Bununla da öz humanist mövqeyini nümayiş etdirdi”.   Cəlil Xəlilov ölkə başçısınınm Vətən müharibəsi və bunu doğuran səbəblər haqqında VIII Qlobal Bakı Forumunun açılışında səsləndirdiyi fikirlərə də münasibət bildirdi:   “Dövlət başçısı məlum Forumda Vətən müharibəsi və bunu doğuran səbəblər, habelə post-müharibə dönəmində dövlətimizin işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi geniş quruculuq layihələrinə də diqqət çəkdi. Prezidentimiz qeyd etdi ki, Ermənistan uzun müddət problemin sülh yolu ilə həllindən imtina etməklə yanaşı, 2020-ci ildən etibarən Azərbaycana qarşı hərbi müstəvidə ciddi təxribatlara əl atdı. Dövlət başçısı bidlirdi ki, sentyabrda Ermənistanın həyata keçirməyə cəhd etdiyi növbəti təxribat müharibəni tətiklədi və bu müharibə Ermənistan ordusunun məğlubiyyəti ilə başa çatdı. Azərbaycan ordusu cəmi 44 gün içində düşməni darmadağın edərək işğaldakı torpaqları azad etdi.   Müharibədən sonra Azərbaycanın bu torpaqlarda həyata keçridiyi qurucluq işləri bir daha dünyaya kimin-kim olduğunu göstərdi. Baş verənlər əməli surətdə göstərdi ki, Azərbaycan xalqı sülhpərvər və yaradıcı xalqdır. Baş verənlər göstərdi ki, Azərbaycan xalqı öz prezidentinin rəhbərliyi altında düşmənin daşı-daş üstündə qoymadığı Qarabağı cənnətə döndərməyə qadirdir və bu istiqamətdə böyük işlər həyata keçirir.   Bir sözlə, Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumundakı çıxışı bir daha dövlətimizin regional və qlobal tərəqqiyə böyük töhfələr verdiyini sübut etdi. Bu çıxış həm də onu göstərdi ki, Azərbaycan dövləti güclənməkdə, beynəlxalq aləmdəki nüfuzunu artırmaqda davam edir və heç bir qüvvə bu prosesin qarşısını ala bilməz”.      

Hamısını oxu
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Müharibə Veteranlarının Respublika Xəstəxanasını ziyarət edib

Zaur Əliyev veteranların müalicə və istirahət şəraiti ilə tanış olub, arzu və təklifləri ilə maraqlanıb Veteran.gov.az xəbər verir ki, iyulun 4-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Müharibə Veteranlarının Respublika Xəstəxanasını ziyarət edib, xəstəxananın tibbi heyəti və veteranlarla görüşüb. Görüşdə iştirak edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov xəstəxananın tarixi, onun veteranların istirahəti və müalicəsindəki rolu haqqında məlumat verib. Polkovnik qeyd edib ki, Müharibə Veteranlarının Respublika Xəstəxanası bu gün də respublika veteranlarının müalicəsində mühüm rol oynayır, il ərzində yüzlərlə veterana xidmət edir. Müharibə Veteranlarının Respublika Xəstəxanasının baş həkimi Gülşən Əliyeva xəstəxananın ötən il iki mindən çox veterana xidmət etdiyini, hazırda 150 nəfərdən çox veteranın müalicə aldığını bildirib. Gülşən Əliyeva vurğulayıb ki, müəyyən rekontruksiya işləri aparılarsa, o zaman xəstəxananın daha çox veterana xidmət göstərməsi mümkündür. Xəstəxananın korpus və şöbələrini gəzən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev xəstəxanadakı tibbi avadanlıqlar, müalicə otaqları, tibbi personalla tanış olub. Xəstəxanadakı veteranlarla da görüşən Zaur Əliyev onlarla söhbət edib, palatalarda veteranlara yaradılan şəraitlə tanış olub. Zaur Əliyev həmçinin, xəstəxana rəhbərliyinin və veteranların arzu və təklifləri ilə də maraqlanıb, xəstəxananın daha effektiv fəaliyyəti, veteranların müalicə və istirahət şəraitinin yaxşılaşdırılması üçün bütün imkanların dəyərləndiriləcəyini qeyd edib. Görüşdə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da iştirak edib. Seymur ƏLİYEV Fotolar müəllifə aiddir    

Hamısını oxu
Azərbaycan polisi təhlükəsizliyimizin qarantı, hüquqlarımızın təminatçısıdır!

Hər bir cəmiyyətdə ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təminində polisin müstəsna rol oynadığı birmənalıdır. Polisin “adi” hüquqpozmalardan tutmuş ağır və xüsusilə ağır cinayətlərə qədər ən müxtəlif qanun pozuntularına qarşı apardığı mübarizə vətəndaşların konstitusyon hüquqlarının qorunmasını təmin edir, fərdi təhlükəsizlikdən tutmuş ictimai təhlükəsizliyə qədər hər cür təhdid və təhlükəni zərərsizləşdirir. Bu mənada Azərbaycan polisinin qanunla ona həvalə edilən missiyanın üzərindən yüksək peşəkarlıqla gəldiyi şübhəsizdir. Bu gün daxili ilər orqanlarının əməkdaşları cinayətkarlığın bütün növ və üsullarına qarşı effektiv mübarizə aparır ki, bunlardan da biri narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədir.   Polis cəmiyyətin fiziki və mənəvi sağlamlığının keşiyində! Müasir dünyamızda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, bu problemin kəskinləşməsi baxımından ciddi aktuallıq kəsb etməkdədir. Cəmiyyəti fiziki və mənəvi baxımdan şikəst etmək hesabına milyonlar qazanmağa cəhd edən cinayətkar dəstələr, bəzi hallarda həm də ölkəmizdən narkotiklərin daşınmasında tranzit kimi istifadə etməyə çalışır. Bu baxımdan Azərbaycan polisinin ayıq-sayıqlığı, xidməti peşəkarlığı sadəcə vətəndaşlarımızın deyil, həm də digər xalqların təhlükəsizliyinin təmini baxımından həyati əhəmiyyət kəsb edir. Sevindiricidir ki, mövcud statistika hüquq-mühafizə orqanlarının əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı effektiv mübarizə apardığını, bu sahədə böyük uğurlara nail olduğunu göstərir. Bu mübarizənin miqyas və nəticələri haqqında daha aydın təsəvvürə malik olmaq üçün cari ilin may ayında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görülən işlərə nəzər salmaq kifayətdir. Xatırladaq ki, 2024-cü ilin may ayında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə ölkə ərazisində toplam 31 əməliyyat həyata keçirilib. Bu əməliyyatlar nəticəsində “qara bazar”dan dəyəri 13 milyon manat olan narkotik çıxarılıb, 4 mütəşəkkil dəstə zərərsizləşdirilib, 39 nəfər həbs edilib. Bütün bu rəqəmlər Azərbaycan polisinin narkotik alverçilərinə qarşı sistemli və səmərəli mübarizəsindən xəbər verir. Polis milli-mənəvi dəyərlərimizin müdafiəçisidir! Qeyd edək ki, ölkəmizdə polis həm də milli-mənəvi dəyərlərin müdafiəçisi rolunda çıxış edir. Hansı ki, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə milli-mənəvi dəyərlərin qorunmasının xalqımızın və dövlətimizin gələcəyi baxımından həyati əhəmiyyət kəsb etdiyini bildirib, xalqımızın 44 günlük Vətən müharibəsində məhz bu dəyərlər sayəsində qalib gəldiyini vurğulayıb. Bu isə o deməkdir ki, polisin xalqımızın mənəvi dəyərlərinin keşiyində dayanması, milli əxlaq və dəyərlərə zidd olan hallara qarşı ciddi mübarizə aparması daxili işlər orqanı əməkdaşlarının milli dövlətçiliyimiz qarşısındakı tarixi xidmətidir. Onu da qeyd edək ki, polis əməkdaşları milli-mənəvi dəyərləri nümayişkəranə şəkildə pozan, qeyri-etik addımlar atan, əxlaqa zidd çağırışlar edən bu cür şəxslərə qarşı həm real həyatda, həm də internet resurslarında  - müxtəlif sosial şəbəkələrdə aktiv mübarizə aparır. Bu mübarizədə məqsəd qeyri-etik danışıq və davranışları ilə ictimai əxlaqa zidd addımlar atan şəxsləri cəzalandırmaqla yanaşı, həm də gənc nəsli bu cür zərərli təsirlərdən qorumaq, xalqımızın sağlam gələcəyini təmin etməkdir.  Bir sözlə, bu gün Azərbaycan polisinin çoxşaxəli fəaliyyəti ölkəmizdə ictimai sabitlik və təhlükəsizliyin təmini ilə yanaşı, həm də sağlam cəmiyyət və gəncliyin formalaşmasına hesablanıb ki, bu da ikiqat uğur, ikiqat nailiyyətdir. 2 iyul – Polis Günü ilə əlaqədar olaraq bütün polis əməkdaşlarını təbrik edir, onların hər birinə xidməti fəaliyyətlərində uğurlar arzulayırıq.

Hamısını oxu