Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Elvinin adına çox abidələr ucaldılacaq,özünün ucaltdığı Abidədən olmayacaq!

Şəhidlik hər kəsə qismət olmur, o zirvəyə hər kəs ucala bilmir. Həmin zirvəyə yüksəlmək, sadəcə fiziki güc və cəsarətlə deyil, həm də dərin mənəvi zənginlik, yüksək ideallar və vətənə sevgi ilə mümkündür. Elvinin və ona bənzər şəhidlərin həyatları, bu zirvənin hansı mübarizə və əzmlə qazandığının ən gözəl nümunəsidir.Onlar yalnız döyüş meydanında deyil, eyni zamanda ruhən də bu yolda irəliləyərək bizlərə örnək olurlar. Şəhidlik bir fəxarət, bir şərəfdir. Vətənə sevginin, cəsarətin nümunəsidir, bu bir tək cümlə. Ölümü gözə almaq, vətən, torpaq uğrunda şəhidliyə hazır olmaq hər kişinin işi deyil, ər igidin işidir. Şəhid Elvin İslamovdan qalan tək və yeganə səs yazısıdır. Savaşdan az əvvəl dostuna göndərib: “Şəhid olmağa gedirəm, qardaş!” deyib. O, bir Qazi övladı idi. Atası Elçin İslamov birinci Qarabağ savaşında tarix yazanların sırasında olmuşdu. Atasının vətənpərvərlik yolunu Şəhadəti ilə tamamladı Elvin. Ölümü ilə ölümsüzliyə qovuşdu. Elvinin şəhidliyi, onun vətənə olan sonsuz sevgisinin və vətənpərvərliyinin ən yüksək təcəssümü oludu. Atasının ardınca, bir daha göstərdi ki, bu müqəddəs torpaq uğrunda canını fəda etmək, hər bir vətəndaşın ən böyük şərəfidir. 30 il ərzində aparılan mübarizə yalnız bir döyüşün və ya bir hadisənin nəticəsi deyildi. Hər bir şəhidin və qazinin həyatı, özündə bir roman qədər dərin və mənalı hekayələr daşıyır. Onların hər biri, hər bir addımı ilə bir qəhrəmanlıq yolunu yazdı, ailələrini, yaxınlarını və bütövlükdə xalqını, millətini daha yaxşı bir gələcəyə aparmaq üçün canını fəda etdi. 2020-ci ilin 27 sentyabrından başlayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsində yüksək vətəndaşlıq və fədakarlıq nümunəsi göstərmiş mübariz oğullar qanları, canları bahasına xalqımızın qəhrəmanlıq tarixinə parlaq, şərəfli səhifə yazdılar. Bu mübarizənin, bu zəfərin arxasında təkcə döyüşçülər deyil, həm də onların ailələri, bütün xalq dayanırdı. Hər bir şəhidin və qazinin, həm də onların yaxınlarının göstərdiyi vətəndaşlıq və fədakarlıq nümunəsi, ölkəmizin azadlıq və haqq yolunda mübarizliyini bir daha dünyaya nümayiş etdirdi.Vətən müharibəsi bizə yalnız ərazi bütövlüyünün önəmini göstərmədi, eyni zamanda millətimizin birliyinin, öz gücünə olan inamının və öz hüquqlarını müdafiə etmə əzminin nə qədər böyük olduğunu bir daha təsdiqlədi. Belə mübariz oğullardan biri də Elvin Elçin oğlu İslamovdur.O, 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 158 saylı orta məktəbi bitirmişdir. Əslən Xızıdan olan İslamov 2013–2014-cü illərdə Xocavənd rayonunda hərbi xidmətdə olmuşdur. O, əsgərliyini başa vurduqdan sonra Dövlət Bayrağı Meydanında mühafizəçi işləmişdir.Elvin İslamov 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır.

O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Elvin İslamov 9 oktyabr 2020-ci ildə Füzuli rayonu Qorqan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Oktyabrın 29-da onu və yoldaşlarını döyüş zonasından götürə biliblər. Elvin İslamov Bakıda II Şəhidlər Xiyabanda vətən torağına qovulmuşdur. 2020-ci ilin dekabrında Bakının Yasamal rayonunda onun adına şəhid bulağı tikilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İslamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Elvin İslamov Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə",  24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" və  29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları  ilə təltif edilmişdir. Həmçinin Elvin İslamov ölümündən sonra Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir. Hər bir şəhidin adı, yalnız onun şəxsi mübarizəsinin deyil, həm də bütün bir xalqın müstəqilliyi uğrunda verdiyi mücadilənin xarakteridir. Bu mübarizə, keçmişdən bu günə və gələcəyə qədər böyük bir əlaqə qurur. Elvinin adının, onun qəhrəmanlığının yaşadığı torpaqlarda və qəlblərdə əbədi qalması, həm də millətimizin bu yolu necə yüksək əzmlə davam etdirdiyini göstərir.Onların adlarını və qəhrəmanlıqlarını yaşatmaq, gələcək nəsillərə daşımaq, həm də böyük bir vəzifədir. Elvinin və onun kimi şəhidlərin adları, bizim hər birimizin qəlbində, düşüncələrində və gələcəyimizdə daim yaşamalıdır. Elvin Elçin oğlu İslamovun adına çox abidələr ucaldılacaq, amma özünün ucaltdığı abidədən olmayacaq: Şəhid Elvin İslamov!

                        Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-02-20 17:35:14
3389 baxış

Digər xəbərlər

İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib. Müxbir: Cənab Prezident, Sizi Davosda yenidən görmək çox xoşdur. Prezident İlham Əliyev: Təşəkkür edirəm. Sizi də bir daha görməyimə çox şadam. Burada sonuncu görüşümüz xatirimdədir və bu imkana görə sizə təşəkkür edirəm. Müxbir: Azərbaycanla Çin arasında dostluq, Sizin Çin xalqına münasibətiniz tərəfimizdən çox yüksək dəyərləndirilir. Prezident İlham Əliyev: Bəli, siz haqlısınız. Bizim çox yaxşı münasibətlərimiz var. Çin və Azərbaycan yaxşı dostlardır. Mənim Sədr Si Cinpinlə dəfələrlə görüşmək imkanım olub. Sonuncu dəfə bir neçə ay bundan öncə bizim çox yaxşı görüşümüz olub. Müxbir: Bu, Sizin doğum gününüzə təsadüf edirdi? O, Sizi doğum gününüz münasibətilə təbrik etdi. Prezident İlham Əliyev: Hətta ondan öncə, biz keçən ilin payızında beynəlxalq tədbirlərin birində görüşdük. Bizim gələcək əməkdaşlığımız haqqında çox məhsuldar müzakirələrimiz oldu. “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Sədr Si Cinpinlə görüşüm zamanı o məni Çinin böyük dostu adlandırdı. Müxbir: Çinin böyük dostu? Prezident İlham Əliyev: Bu mənim üçün böyük şərəf idi. Müxbir: Cənab Prezident, bu məlumatı paylaşdığınız üçün çox sağ olun. Azərbaycan və Çin haqqında danışarkən söhbət təkcə müzakirələrdən yox, praktiki fəaliyyətdən də gedir. Bu da yüksək qiymətləndirilir və hətta deyərdim ki, bizi heyran edir. Azərbaycanı və Çini bir-birinə daha uzun müddətə dayanıqlı şəkildə yaxınlaşdıracaq əməkdaşlıq fəaliyyətini necə görürsünüz? Prezident İlham Əliyev: Əməkdaşlığımız üçün tərəfimizdən çox möhkəm platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik. Onlardan bəziləri müxtəlif sahələrdə artıq kifayət qədər fəaldır. Biz Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəkləyirik. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq. Həmçinin biz enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edirik. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Beləliklə bizim həqiqətən də çoxşaxəli münasibətlərimiz var. Müxbir: Başa düşürəm ki, infrastruktur, enerji və tikinti sahələrində investisiyalarla bağlı çoxlu müzakirələr və praktiki addımlar olub. Məsələn, Azərbaycanda fəaliyyət göstərən Çin şirkətləri tərəfindən. Bəs onlar və ölkənizə gələn digər investorlar üçün hansı siyasəti təmin edirsiniz? Prezident İlham Əliyev: Ümumiyyətlə, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Bu da təbiidir və biz bunu anlayırıq. Lakin indi bizim şaxələnmə barədə düşünmək, düşünmək yox, hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpa olunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Biz indi Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Biz, sadəcə, müvafiq şəkildə siyasətimizi planlaşdıraraq strukturlaşdırmalıyıq və xarici investorlar üçün hətta bundan da yaxşı şərait yaratmalıyıq. Lakin, biz investorları gəlməyə məcbur edə bilmərik. Biz yalnız... Müxbir: Dəvət edə bilərsiniz? Prezident İlham Əliyev: Dəvət edə bilərik. Müxbir: Onları yaxşı qarşılayaraq və yaxşı siyasətlərlə...Bu barədə söhbət edərkən mən “Bir kəmər, bir yol” layihəsi haqqında danışmaq istəyirəm. Çünki bu il, cənab Prezident, “Bir kəmər, bir yol” təşəbbüsünün 10-cu ildönümüdür. Azərbaycan indi artıq “Bir kəmər, bir yol” layihəsinə çevrilmiş təşəbbüslərdə çox konstruktiv rol oynayır. Çinlə “Bir kəmər, bir yol” təşəbbüsü ilə bağlı nailiyyətlər, koordinasiya və əməkdaşlıqla bağlı düşüncələriniz nədir? Gələcəyi necə görürsünüz? Çünki dünya çox sürətlə dəyişir. Beləliklə, strateji nöqteyi-nəzərdən hansı istiqamətdə irəliləyirsiniz? Prezident İlham Əliyev: Əvvəla, “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Beləliklə, bu illər ərzində, daha dəqiq desək son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik. Biz əsasən dəmir yolu infrastrukturuna investisiya yatırdıq və bunu təkcə Azərbaycanda yox, regionda da etdik. İndi isə biz bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırırıq. Biz bütün digər layihələri - avtomagistrallar, hava limanları kimi layihələri də həyata keçirmişik. Beləliklə, açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi. Həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. İndi isə biz Şimal-Qərb marşrutu haqqında da danışırıq. Bu, uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər. Əlbəttə ki, nəqliyyat layihələrinə necə münasibət göstərməsi ölkələrin strategiyasından asılıdır. Bizim üçün bu, iqtisadiyyatımızı şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığımızı azaltmaq üçün əsas amillərdən biri idi. Deyə bilərəm ki, ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. Həmçinin tarif siyasəti də mühüm məsələdir. Çünki burada bir çox ölkələrin səylərinin birləşdirilməsi lazımdır ki, bizim razılaşdırılmış tarif siyasətimiz mövcud olsun və heç bir ölkə süni şəkildə öz mənfəətini artırmağa çalışmasın. Biz müştərək faydanı görməyi öyrənməliyik. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar. Çinin artıq yeni bir dəmir yolu layihəsinin təşəbbüsü ilə çıxış etdiyini və onu artıq başladığını bilirəm - Çin-Qırğızıstan-Özbəkistan. Bu layihə də bizə, Xəzər dənizinə istiqamətlənib. Bu, çox vacib əlavə təchizat marşrutudur. Orta Dəhlizin parlaq gələcəyi var. Müxbir: Əlbəttə ki. Prezident İlham Əliyev: Mən buna tamamilə əminəm. Müxbir: Orta Dəhliz bu baxımdan getdikcə çox vacib rol oynayır. Cənab Prezident, “Bir kəmər, bir yol” layihəsində çoxlu yeniliklər olub. Layihə indi daha çox yaşıl, ekoloji cəhətdən təmiz və daha yüksək keyfiyyətə malikdir. Bu, sizin Çinlə və bəzi başqa ölkələrlə əməkdaşlığınızda özünü necə göstərir? Prezident İlham Əliyev: Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək istəyirik. Çünki Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Beləliklə, biz bu səyləri birləşdirməliyik. Bizim prioritetlərə gəldikdə, bərpaolunan enerji mənbələri bizim üçün indi əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində biz 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalamışıq. Söhbət həm dənizdən, həm də qurudan gedir. Bu isə regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək. Çünki Avropada baş verən yaşıl enerjiyə keçiddən xəbərimiz var. Eyni zamanda, Azərbaycan neft və təbii qazın təchizatçısıdır. İndi biz yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırırıq. Dediyim kimi, biz ilkin sənədləri imzalamışıq. Əlbəttə ki, müqavilələr gələcəkdə imzalanacaq. Lakin bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı var. Biz ixrac etmək imkanına malik olmaq üçün həm də ötürücü xətlərə də sərmayə yatırmalıyıq, çünki bizim özümüzə bu qədər enerji lazım deyil. Müxbir: Cənab Prezident, mən 10 dəqiqədir Sizi dinləyirəm. Mən çox işin görüldüyünü, çox şeyə artıq nail olunduğunu eşitdim və bu, olduqca böyük təəssürat yaradır. Çünki son vaxtlar çox söz danışılır, ancaq əməllər daha çox qiymətləndirilir. Mən ötən illərdə iştirak etdiyim bir neçə Dünya İqtisadi Forumunu xatırlayıram, biz bir səhnədə idik, Siz mənim moderatorluq etdiyim paneldə iştirak edirdiniz. Prezident İlham Əliyev: Bəli, xatırlayıram. Müxbir: Bizim bir neçə ətraflı müsahibəmiz oldu, Sizin çox konstruktiv olduğunuzu xatırlayıram. Siz öndə olmaq istəyirsiniz ki, insanlara ölkənizin necə hazır olduğunu deyəsiniz. Məni hər zaman bir məsələ maraqlandırır ki, vəd vermək üçün kifayət qədər cəsur və mərd olmaq, ən mühümü isə sonra bu vədləri yerinə yetirmək cəsarətinə sahib olmaq üçün nə lazımdır? Prezident İlham Əliyev: İlk növbədə, demək istərdim ki, yerinə yetirə bilmədiyim sözü heç vaxt vermirəm. Müxbir: Deməli, demək istəyirsiniz ki, mən doğru sual verirəm? Prezident İlham Əliyev: Bəli, tamamilə doğrudur. Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam. Siz tamamilə haqlısınız ki, çoxlu sözlər danışılır, çoxlu bəyanatlar, açıqlamalar verilir, sonra isə onlar tamamilə yoxa çıxır və bu açıqlamaları, vədləri verənlər, onları ya unudur, ya da özlərini elə aparırlar... Müxbir: Onlar da yoxa çıxır. Prezident İlham Əliyev: Onlar da yoxa çıxır, tamamilə doğrudur. Biz yalan vədlərə əsaslanan çox sayda siyasi və ya seçki kampaniyaları görmüşük. Lakin bu, uğura gətirib çıxarmayıb, uğur yalnız müvəqqəti olub. Çünki insanlar hər şeyi çox yaxşı başa düşürlər. Onlar yadda saxlayırlar. Əgər siz vəd verib yerinə yetirməmisinizsə onlar sizi dəstəkləməyəcəklər. Mən hər zaman görülmüş işi nümayiş etdirməyi üstün tuturam və hər zaman planlarımızla bağlı insanlarla məsləhətləşirəm. Mənim Azərbaycan cəmiyyəti ilə çox açıq kommunikasiya kanalım var. Müxbir: Sirr nədən ibarətdir. Bölüşə bilərsinizmi? Prezident İlham Əliyev: Mən hər il regionlara təxminən 30-40 səfər edirəm və insanları hansı problemlərin narahat etdiyi, nələrin həll edilməli olması ilə, nə etməli olduğumuzla maraqlanıram. Bu, enerji təhlükəsizliyi, nəqliyyat kimi qlobal layihələrin bir hissəsidir, insanların gündəlik həyatıdır. Onların daha yaxşı yaşamaları üçün nəyə ehtiyacları var və bu daha yaxşı həyatı necə təmin etmək olar? Müxtəlif alətlər var. İlk növbədə, siz xalqınızla dürüst davranmalısınız və onda onlar sizi dəstəkləyəcəklər, sizə etibar edəcəklər. Başladığımız bütün proqramlarımıza gəlincə, onların hamısı icra olunub. Azərbaycanda heç kim deyə və sonra da sübut edə bilməz ki, nə vaxtsa proqram qəbul olunub, sonra isə icra olunmayıb. Müxbir: Demək asandır, sübut etmək isə çətindir. Prezident İlham Əliyev: Bəli. Mən demək olar ki, 20 illik prezidentliyim dövründə söylədiyim hər bir sözə görə məsuliyyət daşıya bilərəm. Millətimizin əldə etdiyi ən böyük nəticələrdən biri işğal altındakı ərazilərin 2 il əvvəl azad edilməsi oldu. Bu, həm də tarixi nailiyyət idi, bəlkə də ən mühüm tarixi nailiyyət. Müxbir: Cənab Prezident, Sizdən enerji böhranı haqqında danışmağı xahiş edirəm. Bu, həm də bu il Dünya İqtisadi Forumunda müzakirə olunan ən mühüm mövzulardan biridir. Enerji böhranı başlayandan Sizin ölkəniz strateji cəhətdən başqaları ilə əməkdaşlıq edir ki, Azərbaycanın qlobal problemlərin həllində mühüm rol oynamasını təmin etsin. Cənab Prezident, ətraflı danışa bilərsinizmi, bu ideyaları strateji cəhətdən irəli sürməyi, Dünya İqtisadi Forumunda deyildiyi kimi, maraqlı tərəfləri bir araya gətirməyi və bunu belə aktual vaxtda etməyi necə bacardınız? Mən, həmçinin bu enerji böhranının gedişatını Sizin necə gördüyünüzü eşitmək istərdim. Prezident İlham Əliyev: Bizim bu sahədəki təşəbbüslərimizə və nailiyyətlərimizə gəlincə, ilk növbədə, biz enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaratmışıq və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olmuşuq. Biz ilkin sərmayələri cəlb edərkən kəmərlərimiz yox idi. Kəmərlər sonra inşa olundu. Bu kəmərləri inşa etmək üçün biz tranzitorlarla, qonşularımızla razılaşmalı idik. Biz hər kəs üçün uduşlu bir vəziyyət yaratmalı idik, ədalətli olmalı idik, əməkdaşlığa və dəstəyə hazır olmalı idik. Mən enerji siyasətimizdə hər zaman demişəm ki, Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq. Enerji prosesinin hər bir hissəsinin sözsüz ki, töhfədən asılı olaraq öz mənfəət payı olmalıdır, bu, ədalətli olmalıdır. Biz hər zaman ədalətli olmuşuq. Ona görə də, biz 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisini tamamladıq. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir, bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir. Beş aparıcı maliyyə institutunun hamısı buna öz töhfəsini verib. Biz komanda işini qurmağa nail olduq. Biz bu işi məhz belə qura bildik. İndi - bütün bu infrastruktur layihələrinin hazır olduğu bir vaxtda belə alındı ki, bizim qazımıza indiyədək olduğundan daha çox ehtiyac var. Çünki Avropada qaz çatışmazlığı var və bizim Avropaya kəmərimiz enerji təhlükəsizliyinə töhfənin elementlərindən biridir. Ötən il biz Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzaladıq. Biz 5 il ərzində bu hədəfə nail olacağıq, bu, mümkündür, baxmayaraq ki, asan olmayacaq. Azərbaycan sözsüz ki, təbii qazın çox böyük təchizatçısı deyil, lakin bizim Şərqi və Cənubi Avropada bazarımız var və gələcəkdə daha çox qaz hasil etdikcə, coğrafiyamızı genişləndirəcəyik. Müxbir: Siz deyirsiniz ki, hazırsınız. Şans sizin tərəfinizdə olacaq. Prezident İlham Əliyev: Bəli. Müxbir: Siz bunu nəzərdə tutursunuz? Prezident İlham Əliyev: Tamamilə doğrudur. Müxbir: İndi dünyaya nəzər salın. Dünya İqtisadi Forumunun mövzusu “Parçalanmış dünyada əməkdaşlıq”dır. Bu mövzunun seçilməsinin səbəbi ondan ibarətdir ki, əməkdaşlıq etmək çətindir. Bu mənada ölkənizin lideri olaraq və hazırda dünyanın çağırışlarına qarşı konstruktiv rol oynayarkən Siz əməkdaşlığın mənasını nədə görürsünüz? Əməkdaşlığı çətinləşdirən nədir? Prezident İlham Əliyev: Düşünürəm ki, bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, potensialın, öz potensialının düzgün hesablanmaması, qarşınızdakının, opponentinizin olduğundan aşağı qiymətləndirilməsi. Bu, etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır. Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərsiniz. Nə qədər çox versəniz, nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub. Müxbir: Bu, həyat kimidir. Prezident İlham Əliyev: Bu, həyat kimidir, tamamilə doğrudur. Siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yürüdülür. Bu suala cavab verərkən sizin diqqətinizə çatdıra biləcəyim daha bir misal bizim Qoşulmama Hərəkatının sədri kimi səylərimizdir. Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Biz yekdilliklə seçilmişik və bizim sədrliyimiz yekdilliklə daha bir il müddətinə, bu ilin sonuna kimi uzadılıb. Bu müddət ərzində biz həqiqətən də nümayiş etdirdik ki, bu hərəkatın səsinin eşidilməyini istəyirik, biz bu hərəkatın dünya arenasında öz yerini tutmağını istəyirik. Çünki böyük güclər arasında qütbləşmə açıq-aşkardır. Böyük güclərin maraqları arasındakı uçurum ola bilsin ki, kiçilməyəcək. Ona görə də faktiki olaraq alternativ kimi yaradılmış, lakin sonradan müəyyən mənada potensialını itirmiş Qoşulmama Hərəkatının böyük potensialı var, çünki ölkələrin bu və ya digər dərəcədə eyni keçmişləri var, eyni problemləri var. Onların əksəriyyəti müstəmləkə olub və onlar başqalarının əsarəti altında yaşamağın nə demək olduğunu bilirlər. Biz pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərmişik. Biz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən etdik. Biz, sadəcə, hesab etdik ki, bizim belə imkanımız varsa, bunu etməliyik. 1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Yəni, biz kasıblığın nə olduğunu yaxşı bildiyimiz üçün kömək əlimizi uzatdıq. Bu ideologiya üstünlük təşkil etsə, dünya daha təhlükəsiz olar. Bir daha qeyd etmək istəyirəm ki, bu gün dünyanın üzləşdiyi əsas problemin legitim mənbəyi yoxdur. Bunlar, sadəcə, baxışlar, ambisiyalar və virtual liderlik uğrunda mübarizə ilə bağlıdır. Müxbir: Məsələnin tərəfinizdən bu cür qoyuluşu xoşuma gəldi. Prezident İlham Əliyev: Bilirsiniz, bu liderliyi ölçmək mümkünsüzdür. O, virtualdır və ixtiyarınızda olan media tərəfindən yaradıla bilər. O, nəzarətinizdə olan QHT-lər tərəfindən yaradıla bilər. Ancaq, necə deyərlər, rəqabət mühitində siz bunu sübut edə bilməzsiniz. Bu səbəbdən onlar gərək silahları yerə qoysunlar və bəşəriyyətin üzləşdiyi problemlərə diqqətlərini yönəltsinlər – yoxsulluq, aclıq və bir çox ölkələr üçün içməli suyun və elektrik enerjisinin əlçatan olmaması. Budur fundamental problemlər. Müxbir: Cənab Prezident, dedikləriniz Çin tərəfindən təklif edilmiş “Vahid Gələcək Birliyi” ideyasını xatırladır. İnsan olaraq bizim eyni elementar ehtiyaclarımız var. Biz kimin bizə xoş münasibət bəslədiyini, dostlarımızı tanıyırıq və uzunmüddətli perspektivdə kiminlə irəli gedə biləcəyimizi bilirik. Prezident İlham Əliyev: Əlbəttə. Sizə səmimi deyə bilərəm ki, dəstək və əməkdaşlıqla bağlı qlobal arenada Çinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir. Siz bunu qlobal miqyasda edirsiniz. Biz isə bunu daha çox regional miqyasda edirik. Ancaq bizim fəlsəfəmiz eynidir və uğurludur. Baxın, Çin dünyada ən çox uğur qazanmış ölkələrdəndir və dünyanın aparıcı iqtisadiyyatlarındandır. Siz buna öz əməyiniz, xalqınızın və ölkə rəhbərliyinin müdrikliyi və nəticəyönümlü səyləriniz sayəsində nail olmusunuz. Müxbir: Cənab Prezident, mənim sonuncu sualım var. Bu gün Davos İqtisadi Forumunun açılışında çıxış edən Çinin Baş nazirinin müavini Liu He bizim ölkənin iqtisadi inkişafa və islahatlara sadiqliyini, dünyaya daha da açıq olmasına dair sarsılmaz əzmini bəyan etdi. Bilirəm ki, Sizin Çin rəsmiləri ilə tez-tez təmaslarınız olur. Siz Çinin bu məsələlərə sadiqliyini necə qiymətləndirirsiniz və bunlar ölkəniz üçün nə deməkdir? Prezident İlham Əliyev: Dedikləriniz çox vacib məsələlərdir. Siz bunu daha yaxşı bilərsiniz. Çin iqtisadiyyatı təkcə ölkənizlə məhdudlaşmır. Onun qlobal iqtisadiyyata təsiri var və bir çox analitik təsisatların proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır – artım nə qədər olacaq, faiz dərəcəsi hansı səviyyədə olacaq və sair. Bu, bir məsuliyyətdir və hökumətiniz bu qlobal məsuliyyəti dərk edir. Ölkənizin yüksəkrütbəli rəsmisi Davosda belə bəyanatla çıxış edirsə, bu, dünya iqtisadiyyatı, bütün ölkələr, o cümlədən bizim ölkə üçün də çox yaxşı siqnaldır. Azərbaycan kimi ölkə üçün Çində iqtisadi artım olduqca vacibdir. Siz onilliklər ərzində müəyyən edilmiş hədəflərə müntəzəm surətdə nail olmusunuz. Biz sizə uğurlar diləyirik. Çünki həm qlobal iqtisadiyyatın bir parçası, həm də dost olaraq biz bütün planlarınızın həyata keçməsini arzulayırıq. Sizin iqtisadi göstəriciləriniz qlobal iqtisadiyyata və bir çox ölkələrə ciddi dərəcədə təsir edir. Müxbir: Cənab Prezident, Siz çox təvazökarsınız. Rəhbərliyinizlə ölkənizin nailiyyətləri münasibətilə Sizi təbrik edirəm. Cənab Prezident, Çin təqviminə görə bu il dovşan ilidir və bir neçə gün sonra biz onun gəlişini qeyd edəcəyik. Sizdən Çində bizim tamaşaçılarımızı salamlamağı xahiş etmək istərdim. Biz Yeni ili bir neçə gün sonra qeyd edəcəyik və bu da Davos İqtisadi Forumunun sonuna təsadüf edir. Prezident İlham Əliyev: Mən çinli dostlarımızı Çin təqvimi üzrə Yeni il münasibətilə təbrik etmək istəyirəm. Bütün Çin xalqına sülh, firavanlıq və uğur diləyirəm. Azərbaycan olaraq biz sizin dostunuz və tərəfdaşınızıq. Bizim uzun illərdir ki, çox yaxşı münasibətlərimiz var. Biz sizin ölkənizi sevirik və şadıq ki, getdikcə daha çox azərbaycanlı Çinə səfər edir. Bununla yanaşı, Çindən gələnlərin də sayı artır. İnsanlar arasında təmaslar daha sıx siyasi münasibətlərin qurulmasında vacib rol oynayır. Əminəm ki, Çin özünün iqtisadi və sosial inkişafında uğurlar əldə etməyə davam edəcək və bizi birləşdirəcək Orta Dəhliz layihəsi uğurla həyata keçiriləcək. Yeni iliniz mübarək! Müxbir: Cənab Prezident, çox səmimi təbrikinizə görə sağ olun. Prezident İlham Əliyev: Təşəkkür edirəm, məmnun oldum. Müxbir: Ümidvaram ki, Siz tezliklə Çinə səfər edəcəksiniz, çünki dovşan ilində hər kəs sürətlə hərəkət edir.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə görüşüb

Bu gün Respublika Veteranlar Təşkilatının sədri  Fatma Səttarova Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə görüşüb. Görüşdə Azərbaycan xalqının İkinci Dünya müharibəsində faşizmə qarşı apardığı mübarizəyə diqqət çəkən Fatma Səttarova, 44 günlük Vətən müharibəsində bu qəhrəmanlığın gənclər tərəfindən təkrarlandığını, Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun işğaldakı torpaqları azad etdiyini bildirib.   Faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə Fatma Səttarovanı təbrik edən Səmyar Abdullayev, Respublika Veteranlar Təşkilatının sədrinə gül dəstəsi təqdim edib, veteranlarla qürur duyduğunu, onların qəhrəmanlıq tariximizin bir hissəsi olduğunu vurğulayıb.   Görüşdə Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da iştirak edib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Respublika Veteranları Təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər

Respublikası Veteranları Təşkilatının üzvləri Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarının məzarlarını ziyarət ediblər. AZƏRTAC xəbər verir ki, veteranlar şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Qeyd edək ki, bu günlərdə Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anma mərasimləri keçirilir.    

Hamısını oxu
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşüblər

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər. AZƏRTAC xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı görüşdə çıxış etdi. Prezident İlham Əliyevin çıxışı -Allah şəfa versin. Əziz uşaqlar, siz Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər almısınız, yaralanmısınız. Həkimlər sizə yaxşı baxırlar. Əminəm, həkimlər əllərindən gələni edəcəklər ki, siz tezliklə sağalıb normal həyata qayıdasınız. Mənə verilən məlumata görə, bizim bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar. Bildiyiniz kimi, şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Deyə bilərəm ki, Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Bilirsiniz ki, mənim göstərişimlə bütün şəhid ailələri dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilir. Təkcə bu il 1500 şəhid ailəsi dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Yaxın 2-3 il ərzində birinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Biz bu gün də şəhidlər veririk, Vətən uğrunda gedən döyüşlərdə şəhidlərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah onların ailələrinə, yaxınlarına səbir versin. Onların qanı yerdə qalmır və qalmayacaqdır. Düşmənə layiqli cavab verilir. Eyni zamanda, Qarabağ qazilərinə də dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Siz də əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq və sizin tezliklə burada sağalıb normal həyata qayıtmağınız üçün həkimlər əllərindən gələni edirlər və edəcəklər. Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür. Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik. Artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Ona görə erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəri azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik. Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin. Çünki erməni xalqının bədbəxtliyi ondan ibarətdir ki, uzun illər ərzində ona quldur kriminal rejim rəhbərlik edib. O rejim ki, ancaq öz şəxsi maraqlarını güdmək üçün azərbaycanlılara qarşı soyqırımı törədib və bizim torpaqlarımızı işğal altında saxlayır. Mən əminəm ki, erməni xalqı mənim bu sözlərimi düzgün başa düşəcək, düzgün anlayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Azərbaycan çoxmillətli dövlətdir və burada bir çox millətlər sülh, əmin-amanlıq şəraitində yaşayır, o cümlədən erməni xalqı. Minlərlə erməni Azərbaycan ərazisində yaşayır. Onlara söz deyən yoxdur, onlar bizim vətəndaşlarımızdır. Ona görə bizim davamız haqq davasıdır. Biz tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən, ədalət nöqteyi-nəzərdən haqlıyıq. Azərbaycan əsgəri, zabiti öz doğma torpağı uğrunda vuruşur. Bu gün Füzulidə, Cəbrayılda, işğal edilmiş digər ərazilərdə şiddətli döyüşlər gedir və biz itkilər veririk, bizim qazilərimiz, hərbçilərimiz yaralanır. Amma bu dava haqq davasıdır. Ona görə mən bir daha demək istəyirəm ki, bizim işimiz haqq işidir, tarixi həqiqət, beynəlxalq hüquq, haqq-ədalət 100 faiz bizim tərəfimizdədir. Sentyabrın 27-də erməni silahlı birləşmələri bizə qarşı növbəti hərbi təxribat törədib. Mən onları xəbərdar etmişdim. Onlara BMT kürsüsündən sözlərimi demişdim. Bütün beynəlxalq ictimaiyyətə sözlərimi demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir edə bilməmişlər. Əgər onlar işğalçını dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaqdır. Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaracaq və haqq-ədaləti bərpa edəcək. Mən demişdim ki, əgər iyul və avqust aylarında bizə qarşı törədilmiş həbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir. Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır. Bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Bizə qarşı yeddi şərt qoyubdur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək. Biz sülh istəyirik, biz məsələnin həllini istəyirik, əks təqdirdə 30 ilə yaxın danışıqlara ümid bəsləməzdik. Danışıqlara bizim sadiq qalmağımızın yeganə səbəbi o idi ki, ümid var idi. Bizə ümidlər verilirdi, bizə siqnallar göndərilirdi ki, bir qədər səbir edin, məsələ həll olunacaq. Amma mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib. Dünyanın ali beynəlxalq qurumu olan BMT-nin nizamnaməsində göstərilir ki, hər bir dövlətin özünümüdafiə haqqı var və biz bundan istifadə edirik, özümüzü müdafiə edib, əks-hücum əməliyyatına keçib bu gün düşmənə sarsıdıcı zərbələr endiririk. Hələ ki gec deyil. Mən bir daha sözümü demək istəyirəm ki, Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalıdır. Bilirsiniz ki, indi müxtəlif beynəlxalq təşkilatların, müxtəlif ölkələrin rəhbərləri mənə zəng edirlər, məsələ ilə bağlı maraqlanırlar, öz fikirlərini söyləyirlər. Mənim sözüm birdir, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində ki, biz haqq yolundayıq, döyüşlər Azərbaycan torpağında gedir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və bizim buna tam haqqımız çatır. Çünki dünyanın heç bir dövləti qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır. Bu, bizim tarixi torpağımızdır. Beynəlxalq hüquq baxımından da bu, bizim torpağımızdır. Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Orduda ruh yüksəkliyi var. Siz də bunu yaxşı bilirsiniz. Cəmiyyətdə ruh yüksəkliyi var. Mənə artıq bu son 3-4 gündə hər gün çoxlu məktublar gəlir, həm ölkə vətəndaşlarından, həm də digər ölkələrin vətəndaşlarından. Xaricdən ən çox məktublar qardaş Türkiyədən gəlir. Türk qardaşlarımız o məktublarda bizimlə bərabər bu haqlı davada vuruşmaq barədə öz istəklərini ifadə edirlər. Mən onlara təşəkkür edirəm. Amma bir daha demək istəyirəm ki, buna ehtiyac yoxdur. Azərbaycan Ordusu kifayət qədər güclü ordudur, təchiz edilmiş ordudur. Biz bu işi elə həll etməliyik ki, tarixi ədalət bərpa olunsun. Eyni zamanda, qardaş Türkiyəyə, onun Prezidentinə, mənim qardaşım Rəcəb Tayyib Ərdoğana qətiyyətli mövqeyinə, qardaşlıq mövqeyinə görə bu gün sizin yanınızda sizin adınızdan, bütün Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Çünki əziz qardaşımın çox açıq açıqlamaları və sərt bəyanatları bir daha göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər. Bilirsiniz, danışıqlarla məşğul olan beynəlxalq format var. Əfsuslar olsun ki, bu format, heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış hesab edirəm ki, yersizdir. Bunu beynəlxalq təşkilatlar edir, bunu BMT edir. Biz bunu təbii ki, qəbul edirik. Bunu ATƏT edir, biz bunu qəbul edirik. Çünki ATƏT-in mandatı var. Yoxsa ki, kimsə deyir gəlin belə dialoqu başlayaq, biz də kömək edək, bunlara ehtiyac yoxdur. İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin? Həqiqət anıdır-mənim üçün, xalqımız üçün, hamımız üçün. Əlbəttə ki, bu günlərdə bizə dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq. Bilirsiniz ki, Azərbaycan dünyada güclü mövqelərə malikdir. Son illər ərzində biz beynəlxalq təşkilatlarda kifayət qədər səmərəli fəaliyyət göstərmişik və haqlı olduğumuzu sübut edə bilmişik. Biz bunu sübut etməli idik ki, biz haqlıyıq. Artıq demək olar ki, bütün əsas beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, ATƏT – bütün bu təşkilatlar bizim mövqeyimizi dəstəkləyən bəyanatlar veriblər. Biz buna görə minnətdarıq. Bu, məsələnin hüquqi tərəfidir. Tarixi tərəfinə gəldikdə isə, tarixi həqiqət bizim tərəfimizdədir. Hər kəs internetə girib oxuya bilər. Qarabağ xanlığının tarixi ilə əlaqədar materiallar var. Qarabağ xanlığının Rusiya imperiyasına daxil edilməsi ilə əlaqədar məlumatlar var. Kürəkçay sülh müqaviləsi haqqında məlumatlar var. Kürəkçay sülh müqaviləsini bir tərəfdən bağlayan İbrahim Xəlil Xan şuşalı və qarabağlı, - müqavilədə belə də yazılmışdır, - şuşalı və qarabağlı İbrahim Xəlil Xan. Digər tərəfdən çar Rusiyasının generalı imzalamışdır. Kürəkçay sülh müqaviləsində erməni xalqı haqqında bir kəlimə də yoxdur. Bu, nəyi göstərir? Onu göstərir ki, o vaxt orada erməni əhalisi olmayıb, ondan sonra köçürülüb. Ondan sonra onlar artıq orada yerləşiblər və sonra bizə qarşı ərazi iddiaları qaldırıblar. Ona görə biz tamamilə haqlıyıq. Bizim davamız haqq davasıdır. Biz öz prinsipial mövqeyimizdən dönməyəcəyik. Mən bunu bütün beynəlxalq kürsülərdən dəfələrlə demişəm, bu gün də deyirəm ki, biz haqq yolundayıq. Ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Mənə gələn məlumatlar onu göstərir ki, bu son üç-dörd günün hadisələri Ermənistan rəhbərliyi üçün dərs olmur. Onlar yeni təxribatlar hazırlayır, bizim yaşayış məntəqələrimizi yenə də atəşə tutmaq istəyirlər və bunu davam edirlər. Hər gün mülki əhali arasında itkilərimiz artır. Dünən səhərə olan məlumata görə bizim 10 mülki vətəndaşımız həlak olmuşdur. Bu gün səhər mənə verilən məlumata görə isə həlak olan mülki vətəndaşların sayı 13-ə çatıb. Bu, nə deməkdir? Bu, erməni faşizminin eybəcər sifətini göstərir. Biz mülki əhaliyə qarşı heç vaxt vuruşmamışıq. Əks-hücum əməliyyatı başlanan kimi mən bizim bütün komandanlara və Müdafiə Nazirliyinə göstəriş verdim ki, mülki əhaliyə qarşı heç bir addım atılmamalıdır. Bizim hədəflərimiz erməni silahlı birləşmələrinin mövqeləri, texnikası, canlı qüvvəsidir. Amma onlar bizim kəndlərimizi, şəhərlərimizi atəşə tuturlar, 13 dinc insan həlak olub, 40-dan çox mülki şəxs yaralanıb, 168 ev dağıdılıb. Budur erməni faşizminin sifəti. Onlar döyüş meydanında bizim qarşımızda dura bilmirlər, kəndlərimizi, şəhərlərimizi vururlar. Amma orada yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyirlər. Bir santimetr geri addım atmayıblar və əminəm ki, atmayacaqlar. Onlar əmindirlər ki, Azərbaycan Ordusu onları müdafiə edəcək. Onlar səbirsizliklə o anı gözləyirlər ki, işğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılsın və işğala son qoyulsun. Mən sizi təbrik etmək istəyirəm. Çünki siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda, sizi belə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz onu da edəcəyik. Bizim bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün həkimlər, nəinki həkimlər, bizim bütün xalqımız sizə dəstək olmalıdır. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq. Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata qayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib. Mən fürsətdən istifadə edib, sizin və bu gün bütün digər yaralı hərbçilərimizin, eyni zamanda, şəhid olmuş hərbçilərimizin valideynləri qarşısında baş əyirəm. Onlara öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Qəhrəman övladlar yetişdiriblər. Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə qürur duyur. Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Mayor Etibar Camalov: Cənab Ali Baş Komandan, cənab Prezident, çox sağ olun. Həqiqətən də Azərbaycan əsgəri düşmənin qarşısını aldı, düşmənə layiqli cavablar verdi. Bu gün də, hər bir insan yenə ön xəttə qayıtmağa hazırdır. Sizin bu qüdrətli sözlərinizdən biz qürur duyuruq. Hər zaman torpağımız, dövlətimiz üçün şam kimi yanmağa hazırıq. Çox sağ olsun həkim kollektivi, bizə çox böyük diqqət göstərir. Çox yaxın bir zamanda bütün döyüşçü yoldaşlarımızla cəbhə bölgəsinə qayıtmağa hazırıq. Çox sağ olun. X X X Sonda xatirə şəkli çəkdirildi.

Hamısını oxu